10:13 17 Noyabr 2014
7203 dəfə oxunub
Çap versiyası

Dostum İbrahim Nizami oğlu  Ömərovun əziz xatirəsinə

 

            Saray. Padşah öz taxtında oturub. Ətrafında fərraşlar. Baş vəzir, vəzir, vəkil, əyanlar da başlarını aşağı salıb, durublar. Heç kim dinmir. Padşah da dərin xəyala gedib. Birdən:

-         Adı nədir onun?

-         İbrahim.

-         Silahlıdır?

-         Xeyr, şah sağ olsun.

-         Ətrafına, başına qoşun yığır?

-         Xeyr, şah sağ olsun.

-         Bəlkə, məmləkətimin, taxt-tacımın əleyhinə nəsə hədyanlar danışır?

-         Xeyr, şah sağ olsun.

-         Cadugərdir onda.

-         O da yox.

-         Bəs nə? Nədir axı sizi qorxudan ki, üstümə qaçmısınız.

-         Bilmirik, şah sağ olsun. Qonşu məmləkətdən məktub gəlib. Yazırlar ki, “İbrahimdən axır ki, canımızı qurtardıq. Hüdudlarımızacan təqib elədik. O da keçdi sizin tərəfə. Bizdən deməkdir – ehtiyatlı olun. Çox təhlükəli adamdır”.

-         Nədir axı, bunun təhlükəsi?

-         Başqa heç nə yazmırlar.

-         Bəs təhlükəliydisə, niyə  edam eləməyiblər?

-         Təhlükə də, deyəsən, bundadır, şah sağ olsun. İbrahimə toxunmaq mümkün deyil.

-         Heç nə anlamıram. Eybi yox - qoy gəlsin. Mən onunçün qonşu məmləkətin padşahı deyiləm. Mənim qorxumdan göydə uçan quş da qanad salar. Bu məmləkətdə nə dedim, o da olmalıdır. Yoxsa ki, durub bir İbrahimdən qorxsam, day mənə niyə padşah desinlər ki? Hardadır indi o məlun?

-         Torpağımızı kənd-kənd, şəhər-şəhər gəzərək gəlir. Hamısında da yəqin öz küfrünü yayır.

-         Bəs qazilər, valilər nəylə məşğuldurlar? Bir əncam çəkmirlər. Gərək hökmən paytaxta gəlib çıxsın, sonra? Hər şeyə mən qərar verməliyəm?

-         Hamısına məktub göndərmişik. Cavab gəlib ki, heç nə edə bilmirik İbrahimə. Nə həbs etmək mümkündür, nə də boynun vurdurmaq.

-         Qəribə işə düşdük də... Dövlət işləri qalıb bir yanda, bu boyda padşah işini-gücünü buraxıb hansısa İbrahim haqqında düşünməlidir.

Ortaya sükut çökür. Padşah da fikrə dalır. Saray əyanları da başlarını aşağı salıb guya ki, vəziyyətdən çıxış yolunu arayırlar. Bu an carçılardan biri çaparaq sarayın həyətinə daxil olur. Tezcə padşahın hüzuruna gələrək təzim edir.

-         Şahım!

-         Hə, nə olub? Tez de. Belə çaparaq gəlməyindən başa düşülür ki, vacib məsələdir.

-         Bəli, qibleyi-aləm. İbrahim paytaxta daxil oldu.

-         Nə?! Vacib xəbər budur? Yox. Ya siz məndən nəsə gizlədirsiniz, ya da ki, bu İbrahim doğurdan da təhlükəli adamdır.

-         Şah sağ olsun, tutub gətirəkmi saraya?

-         Nə edib?

-         Heç nə.

-         Bəs onda nə səbəb göstərəcəksiniz həbsinə. Siz məni rəiyyət arasında biabırmı etmək istəyirsiniz? Bu məmləkətdə qanunlar var. Bu qanunlara da hamı tabedir. O cümlədən mən də, şahzadələr də, vəzir-əyanlar da. Məni el içində xarmı etmək istəyirsiniz? Xalq  nə deyər? Deməzmi ki, taqsırı olmayan bir adamı tutub apardılar. Qoy yaşasın. Özünü pis aparsa, qazi var, divan var. Cəzasını da onlar verər.

-         Başüstə, qibleyi-aləm.

Padşah yenidən fikrə gedir. Yox, bəlkə düz deyirlər. Xatalı adamdır bu İbrahim. Vaxtında tədbir görülməsə sonra gec olar. Dərviş paltarı geyinib gecə çıxaram şəhərə. Gözümlə görsəm yaxşıdır.

-         Hamınız azadsınız. Vəzir, sən qal.

-         Başüstə, qibleyi-aləm.

Hamı çıxdıqdan sonra:

-         Vəzir, öyrən o İbrahimin qaldığı evi. Gecə dərviş paltarı geyib  ziyarətinə gedəcəyik. Görək bu necə adamdır.

Gecə düşür. Padşah vəziriylə dərviş paltarında şəhərə çıxır. İbrahimin gecələdiyi komanın yanına gəlib qapısını döyürlər.

-         Qapı açıqdır. Gəlin.

-         Salam.

-         Buyurun, xoş gəlmisiniz. Deyəsən, uzaq yoldan gəlirsiniz.

-         Hardan bildiniz?

-         Geyiminizdən. Özü də elmli adama oxşayırsınız. Səhv etmirəmsə dərvişsiniz.

-         Düz tapdız. Kənd-kənd gəzib öz təriqətimizi yayırıq, təbliğ edirik. Siz bu şəhərdə çoxdan yaşayırsınız?

-         Yox, elə mən də bir növ sizin kimi dərvişəm. Amma heç bir dini, elmi yaymaq fikrim yoxdur. Hamı kimi yaşamaq, ev-eşik sahibi olmaq, ailə qurmaq istəyirəm. Amma hara gedirəmsə bir aydan artıq qalmağa qoymurlar. Sürgün edirlər. Bilmirəm nə etmişəm bu insanlara. İndi də bu məmləkətə gəlmişəm. Deyirlər padşahı çox adil bir insandır. Görüm bəxtim gətirsə, bu şəhərdə qalıb yaşayacağam. Ta ömrümün axırınacan.

-         Kimə nə etmisən ki, elə hey sürgün edirlər səni.

-         Heç nə. Amma hara gedirəmsə şahzadələrin, saray əyanlarının gözü götürmür məni. Mən kim, onlar kim. Mən adi, səfil, dilənçi bir adamam. Amma nədənsə onların qəzəbinə tuş gəlirəm.

Padşah mat-mat vəzirinə baxır. Axı bu İbrahim nə danışır? Bir şey başa düşdünmü? Vəzir də başını bulayır. Yəni ki, heç nə.

-         Axı bir şey eləməsən sənə kimin haqqıdır ki, nəsə deyə. Yəqin nəsə var ki, qəzəbə tuş gəlirsən.

-         Yox, bir şey etsəm zindana salarlar,  edam edərlər. Amma heç kim mənə heç nə etmir. Sadəcə qovurlar. Bir şəhərdən  o biri şəhərə, bir məmləkətdən o biri məmləkətə. Beləcə sərgərdan həyatı keçirirəm. Yəqin ac olarsınız.

İbrahim ayağa durur. Boxçasını gətirib açır. Süfrə salır. Lavaş, pendir, göy soğanı ortaya qoyur. Lavaşdan qoparır. Arasına pendirlə soğan qoyaraq dürmək düzəldir. Birini şaha, o birini vəzirə verir. Dolçada su gətirib bardaqlara tökür.

-         Nuş edin. Kasıbın olanından. Görüm sabah nə iş tapıram. Gələn dəfə gələndə yəqin sizi başqa cürə qonaq edərəm.

-         Əlindən nə gəlir ki?

-         Heç nə. Bir yerdə dura bilirəm ki, bir sənət də öyrənim?

-         Bəs nəylə dolanırsan?

-         Xalq sağ olsun, onlar dolandırırlar. Biri çörək gətirir, biri su. Hərənin gücü çatdığından. Bu daxmanı da birisi verib mənə ki, yaşa.  Hara gedirəmsə çox istəyir sadə camaat məni.

-         Axı nəyə görə?

-         Heç özüm də bilmirəm. Yaxşı, səhər açılır. Siz dincəlin, uzun yol gəlmisiniz. Mənim isə işim var, getməliyəm. Hə, yadımdan çıxdı. Adım İbrahimdir – Gözəl İbrahim. Gözəl ləqəbini də xalq verib mənə. Xudahafiz.

İbrahim evdən çıxır. Padşah vəzirə:

-         Bu, hara getdi səhər erkən. Bu yandan da deyir ki, iş-güc sahibi deyiləm. Bəlkə arxasınca gedək.

-         Yox, şahım, dan yeri sökülür. Saraya qayıtmağımız məsləhətdir. Bu İbrahim axmaq adama oxşayır. Bəlkə də başdanxarabdır. Əgər çox maraqlısınızsa nəzarət təyin edərik. Nə olsa gəlib çatdırarlar. Biz də hali olarıq. Bundan daha vacib dövlət işləri var.

 Saray. Günortaya yaxın carçılar bir-birinin dalıyca saraya axışırlar:

-         Şah sağ olsun, İbrahim bütün şəhəri başına alıb. Hamını səhər tezdən, dan yeri qızarmamış Əmircan dağına çağırır.

-         Niyə?

-         Bilmirik. Hamıya deyir ki, vacib sözüm var sizlərə.

-         Nə söz?

-         Bilmirik.

-         Nəzarət eləyin. Görün nə hoqqa çıxarır bu İbrahim.

-         Şahım, İbrahim yox, Gözəl İbrahim. Xalq onu Gözəl İbrahim çağırır.

-         Yaxşı, hamınız gedin. Vəzir sən isə qal.

-         Başüstə, qibleyi-aləm.

Hamı otaqdan çıxır.

-         Vəzir, bəlkə  dərviş paltarı geyinib biz də gedək ora.

-         Qətiyyən, şahım, şərəfləndirmiş olarsınız o axmağı. Yəqin nəsə sarsaqlayacaq. Buna görə dəyməz ora getmək. Tapşırmışam. Nə olsa gəlib çatdıracaqlar.

Ertəsi gün. Yenidən saray. Sakitlik hökm sürür. Padşah fikrə gedib. Əyanların cınqırı da çıxmır. Birdən sarayın darvazası önündə hay-küy qopur, qışqırıq sədaları gəlməyə başlayır. Vəzir tez eyvana çıxır.

-         Üsyan, padşahım. Camaat saraya hücuma keçib. Əsgərlər qabaqlarını güclə alırlar. Çoxdurlar, padşahım. Ordunu köməyə çağırmaq lazımdır. Tez zirzəmiyə enin. Bura sizinçün təhlükəli ola bilər.

-         Axı niyə üsyan edirlər ki? Tələbləri nədir? Düşüb bəlkə öyrənəsən?

-         Yox, şahım, qorxuludur. Gözləri qızıb. Yox, şahım, eyvana çıxmayın qorxuludur.

-         Əllərində silahmı var?

-         Yox.

-         Daş atırlarmı?

-         Yox.

-         Bəs əllərində nə var?

-         Gül. Hərəsi əlində bir dənə gül tutub.

-         Nə?

-         Gül.

-         Çəkilin.

Padşah sarayın eyvanına çıxır. Və saraya hücum çəkən əhaliyə səslənir.

-         Ay camaat, nə olub?

-         Sən kimsən? Bizə padşah lazımdır. Onu görmək istəyirik.

Şah qəzəbini boğaraq:

-         Mənəm - padşahınızam.

-         Əgər padşah sənsənsə, əmr ver bizi saraya buraxsınlar. Sənə vacib sözümüz var.

-         Buraxın onları. Hamısını buraxın.

Saray əyanları etiraz etsələr də, bunun təhlükəli olduğunu bildirsələr də,  şahı fikrindən döndərə bilmirlər. Camaat saraya doluşaraq gəlib padşahın hüzurunda dayanır. Baş əymirlər. Gözlərini heyranlıqla şahın gözlərinə dikib dururlar.

-         Buyurun, nə sözünüz var? Kim sizə haqsızlıq edib ki, belə qeyzlənmisiniz. Deyin cəzasını verim.

-         Heç kim, qibleyi-aləm.

-         Bəs bu nə hücumdur çəkirsiz saraya? Qorxmursunuz ki, qanunu, asayişi pozduğunuza görə kəlləniz gedər?

-         Yox, şahım, biz gəlmişik ki, sizə ürək sözümüzü deyək.

-         Deyin, qorxmayın. Xalqımın xatirinə dəyəni gözünüzün önündə edam elətdirərəm. Deyin.

Camaatın içindən ən yaşlısı irəli çıxaraq şaha yaxınlaşır. Əlindəki gülü ona verərək:

-         Şahım, mən səni çox sevirəm. - deyir və saraydan çıxır.

Onun arxasınca bir başqası da şaha yaxınlaşır. Gülü təqdim edərək o da:

-         Şahım, mən səni çox sevirəm. - deyir.

Şah və bütün saray əhli bir-birinə mat-məəttəl baxaraq nə baş verdiyini anlamaq istəyir. Amma heyrətdən donub bu mənzərəni seyr edirlər. Beləcə, saraya hücum edən yüzlərlə insan bir-bir padşaha yaxınlaşır, ona gül təqdim edir, “şahım, mən səni çox sevirəm” deyib, çıxır gedir. Beləcə, saray boşalır. Padşah isə bu mənzərədən xoşhal olsa da, heyrətindən gül-çiçək selinin içində  donub yerindən tərpənmir. Handan-hana:

-         Vəzir, bu nə idi?

-         Baş açmadım, şahım. Vaxt verin araşdırım. Əvvəl-axır hər şey aydın olacaq.

Bir müddətdən sonra Gözəl İbrahimə göz qoyanlardan biri çaparaq saraya yaxınlaşır. Şahın önünə gəlir:

-         Anlat görüm, nə baş verir şəhərdə? Gözəl İbrahim nə edir?

-         Şahım, səhər tezdən Gözəl İbrahim Əmircan dağının ətəyinə çıxdı. Əhali də ora axışmağa  başladı. Üç yüz nəfər olardı. Gözəl İbrahim üzünü onlara tutub belə dedi: “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”. Vəssalam.

-         Elə bu?

-         Bu.

-         Bəs camaat onu daşa basmadı? “Bizi işimizdən-gücümüzdən edib buna görəmi  bura çağırmısan?” demədi.

-         Demədilər. Əksinə, soruşdular ki, bəs biz padşahımızı çox sevirik. Adil bir hökmdardır. Bugünəcən  görməmişik onu. Heç üzdən də tanımırıq. Onu nə qədər çox sevdiyimizi necə çatdıraq? Nə edək?

-         Gözəl İbrahim nə cavab verdi?

-         Gözəl İbrahim də cavab verdi ki, bəs bilmirsiniz ki, padşah harda yaşayır? Sarayı tanımırsınız? Gedin ora. Özünə deyin. Camaat da ordan bir baş axışdı saraya.

-         Nə gözəl. Bu İbrahim nə müdrik adammış. Xalqımın gözündə bir qədər də qaldırdı məni. Bircə cümləsiylə. Necə dedi?

-         “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”.

-         Vəzir, yaz bu kəlmələri. Qiymətli sözlərdir. Siz də deyirdiniz ki, xatalı adamdır. Burda xatalı nə var ki? “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”. Görəsən hardan öyrənib bu sözləri. Mən ilk dəfədir ki, eşidirəm. Vəzir, sən necə?

-         Mən də, qibleyi-aləm.

-         İşiniz olmasın Gözəl İbrahimlə. Qoy necə istəyir, öz həyatını yaşasın. Əlbəttə ki, qanunlarımıza riayət etmək şərtiylə.

Səhəri gün padşah “Şah sağ olsun!”, “Şahımıza uzun ömür” sədalarına yuxudan oyandı. Eyvana çıxanda sarayın qabağına əllərində gül tutmuş yüzlərlə insanın toplaşdığını gördü. Onlara əl elədi. “Şahımız, sizə sözümüz var. Bizi qəbul elə” deyə kütlə dilləndi. Şah da tezcə taxtına oturub camaatı saraya buraxmağı əmr etdi. İnsanlar taxtın qarşısına gəlib heyranlıqla ona tamaşa eləməyə başladılar. Qəfildən biri irəli çıxıb əlindəki gülü şaha təqdim edərək  “şahım, mən səni çox sevirəm” deyib, sarayı tərk etdi. Digərləri də bir-bir şaha yaxınlaşaraq, gül verərək eyni sözləri təkrar edib, bir-bir saraydan uzaqlaşmağa başladılar. Taxt gül-çiçəyin içində görünməz oldu. Şahın sevinci isə yerə-göyə sığmırdı. Xoşbəxtlikdən uçmağa qanadı yox idi. Bir azdan Gözəl İbrahimə qoşduqları nəzarətçilərdən biri də gəlib çıxdı:

-         Bu gün İbrahim nə edib?

-         Heç nə, şahım. Dünənki kimi, Əmircan dağının ətəyinə çıxdı. Gələnlərin sayı da dünənkindən çox idi. Beş yüz nəfər olardı.  Yenə də eyni sözləri təkrar etdi: “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”.

-         Vəssalam?

-         Vəssalam. Sonra da camaat dağılışıb getdi işinə-gücünə.

-         Eybi yox. Qoy yaşasın mənim məmləkətimdə. Bəs özü nə iş görür?

-         Heç nə, şahım. Hara gedirsə, ayağa dururlar. Xurcununa pay qoyurlar. Pay deyəndə ki, çörək, yağ-pendir, tərəvəz.  O da şəhəri məhlə-məhlə dolaşır. İnsanlarla xoş söhbət edir. İnsanlar da ona ürəyini açır, məsləhət istəyirlər.

-         Nə məsləhət?

-         Biri deyir ki, arvadıyla yola getmir. O biri deyir ki, qonşum pisdir. Xırda məişət problemləri.

-         Bəs o, nə məsləhət verir?

-         Bircə bunu deyir: “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”. Bir də sizin ədalətli hökmdar olmağınız dilindən düşmür. Kimə yaxınlaşırsa, birinci bunu deyir. Deyir ki, ay camaat, mən çox ölkələr gəzmişəm, çox padşahlar görmüşəm. Beləsini görməmişəm. Siz çox xoşbəxt adamsınız ki, belə gözəl, adil hökmdarı olan  məmləkətdə yaşayırsınız.

-         Lap yaxşı, lap əla. Qoy gəzib-dolansın. Pis iş görmür ki? Yox. Onda nə deyə bilərik ki, ona? Heç nə. Düz deyirəmmi, vəzir?

-         Siz bilən məsləhətdir, qibleyi-aləm. Amma burda nəsə başqa bir əmma var.

-         Nə əmma?

-         Bilmirəm, yəqin yavaş-yavaş hər şey açılar.

Ertəsi gün erkən yenə əhali sarayın önünə yığışır. Bu dəfə dünənkindən də çox. Padşah da böyük həvəslə onları qəbul etmək üçün taxtına əyləşir. Əmr verir ki, insanları saraya buraxsınlar. Əhali də böyük heyranlıqla şahlarına baxır, heç bir təzim qaydalarına əməl etmədən bir-bir ona yaxınlaşır, gətirdikləri gülü verərək “şahım, mən səni çox sevirəm” söyləyərək sarayı tərk edirlər.

-         Vəzir, görürsən də, xalqım məni nə çox sevir?

-         Sevir, şahım. Amma...

-         Nə amma. Bunun nə əmması var ki?

-         Şahım, artıq üçüncü gündür ki, sarayda bütün dövlət işləri dayanıb. Yalnız insanları qəbul edib, gül almaqla məşğulsunuz. Bəlkə təxirə salaq bu işləri.

-         Necə? Xalq gəlib mənə öz məhəbbətini izhar etmək istəyəcək, mən də onları qapımdan qovum? Bunumu istəyirsən?

-         Xeyr, qibleyi-aləm. Sadəcə belə davam edə bilməz. Məmləkətimiz böyük. Hər gün də Gözəl İbrahimin çağırışına qoşulanların sayı artmaqda. Belə getsə saraya gələnləri qəbul etmək üçün gərək gecəni də yatmayasınız.

-         Qoy belə davam etsin. Görək axırı nə olur. Lazım olsa bir əncam çəkərik. Yaxşı hansı dövlət işləri var? De bir-bir gəlsinlər.

Qazı taxta yaxınlaşır. Təzim edir.

-         Qazı əfəndi, nə işin var. De.

-         Heç bir işim yoxdur, şahım. Sadəcə hər həftənin bu günü sizin hüzurunuza gəlməliyəm. Verdiyim qərarlar barədə sizə məlumat vermək, ölüm hökmlərini təsdiq edilməsi üçün. Odur ki, burdayam.

-         Hər dəfə əlində qalın qovluq olardı. İndi görmürəm.

-         Əhalidən bir xeyli şikayət vardı. Amma son üç gündə hamısı gəlib geri götürdülər.

-         Aydın danış.

-         Biri qonşusundan şikayət vermişdi ki, bəs məni bütün günü təhqir edir. Araşdırdıq gördük ki, düz deyir. Saldıq qonşusunu  zindana. Srağa gün gəlib ki, bəs mən qonşumu bağışlayıram. Daha şikayətçi deyiləm. Şikayət etdiyi adama da bir dənə gül bağışlayaraq, “bütün insanlar bir-birini sevməlidir və bunu bir-birinə deməkdən çəkinməməlidir” deyib, gözümün qabağında qucaqlayıb öpdü. Mən də məcbur olub buraxdım onu.

-         Lap yaxşı. Burda pis nə var ki? Sonra.

-         Biri şikayətə gəldi ki, bəs çörək dükanından oğurluq olub. Fərraşları göndərib yaxaladıq oğrunu. Bircə dənə lavaş oğurlamışdı.  Saldıq zindana. Dünən isə gəlib ki, bəs “buraxın onu, taqsır məndədir. Yaxınlaşdı ki, bəs acından ölürəm, mənə bir tikə çörək ver yeyim. Mən də söyüb qovdum onu. Amma indi bilmişəm ki, bütün insanlar bir-birini sevməlidir. Bir insan digərinin ac qalmasını istəməməlidir”. Bu gün istəyirdim ki, oğurluq etdiyi sağ əlini camaatın gözü qabağında – meydanda vurdurum. Ki, hamıya dərs olsun. Amma şikayət geri götürüldüyündən məcbur olub azad etdim.

-         Ədalətli qərar vermisən.  Sonra. Davam et.

-         Amma iki nəfər var. Dünəndən bəri qərar verə bilmirəm. Zina edib. Qonşunun nişanlı qızına sataşıb. Onu da yoldan çıxarıb. Yaxşı ki, vaxtında xəbər tutub şikayət ediblər. İkisini də tutub zindana saldırdım. Qanuna görə edam edilməlidirlər. Əlbəttə ki, siz padşahımızın hökmündən sonra.

-         Gətirin onları bura.

Cavan oğlanla qızı əli-qolu bağlı  şahın hüzuruna gətirirlər. Oğlan diz çökərək yalvarmağa başlayır:

-         Qibleyi-aləm, mənim taqsırım yoxdur. Uşaqlıqdan sevirdim o qızı. Amma, varı-dövləti olan bir qoca kişiyə nişanladılar. Mən də artıq dözə bilmədim. Onu sevdiyimi gizlətməyib özünə dedim. Demə, o da məni sevirmiş. O da mənim məhəbbətimə sevgiylə cavab verdi. Nişanlısı da hardansa xəbər tutub qaziyə şikayət etdi. Əgər bir günah etmişiksə, bağışlayın bizi.

-         Şah sağ olsun, edam olunmalıdırlar. Allah qarşısında böyük günah ediblər.

-         Bu qızın o yaşlı adamla kəbini varmı?

-         Yox. Amma ata-anası razılıq verib. Üzük taxılıb. El-oba bilir. Oğlanın da ata-anası  xəcalətlərindən el arasına çıxa bilmirlər. Onlar edam yox, daş-qalaq edilməsini  tələb edirlər.

-         Oğlan qıza nə deyib?

-         Deyib ki, “mən səni sevirəm”. Qız da yoldan çıxıb, cavab verib ki, “mən də səni sevirəm”.

-         Elə bu? Gündə yüzlərlə insan saraya gəlib mənə “şahım, mən səni çox sevirəm” deyir. Onda mən də gərək onların hamısını edam elətdirim, hə?

-         Bu sevmək  o sevməkdən deyil, şahım. - qazı dillənir.

-         Xalqım məni sevir, mən də onu. Bizi bir-birimizdən ayıra bilərsənmi?

-         Kimin haqqı nədir ki, şahım! Amma qanunlar var. Biz bunları cəzalandırmasaq, digərləri də...

-         Bəs onda mən niyə bu iki sevən gənci bir-birindən ayırmalıyam? Qətllərinə fərman verməliyəm. Bir də ki, Gözəl İbrahimin də bu barədə kəlamı var. Vəzir, necədir o?

-          “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”.

-         Qazı, gözəl sözlərdir, elə deyilmi?

-         Düz buyurursunuz, şahım. Amma...

-         Amması-zadı yoxdur. Bu iki gənci bağışlayıram. Böyük sevginin xatirinə.

Fərraşlar oğlanla qızın qandallarını açıb buraxırlar.

-         Düz etdimmi, vəzir?

-         Bəli, hökmdarım. Amma, özünüz verdiyiniz qanunları pozdunuz.

-         Qanunları dəyişirəm. Bu gündən mənim məmləkətimdə sevgi azaddır. Qızı kiminsə var-dövlətinə satmaq cinayətdir.

-         Bəs onda gərək birinci saraydan başlayaq, hərəmxananı bağlayaq.

-         Düz deyirsən, vəzir. Hərəmxanada 50 qadın var. Hamısına da təhsil, yüksək mədəniyyət dərsləri keçilib. Hərəsini də bir kənddən, obadan ailəsindən ayırıb gətirib bura salmışıq. Qoy qayıtsınlar öz el-obalarına. Ordakılara da yazıb-oxumağı öyrətsinlər.

-         Bəs onda rəiyyətdən nə fərqimiz oldu ki, şahım!

-         Mənim əmrimə qarşımı gedirsən?

-         Başüstə, hökmdarım.

Bu an Gözəl İbrahimə qoyulan nəzarətçilərdən biri çaparaq saraya yaxınlaşır. İçəri girir. Taxta yaxınlaşıb, təzim edir.

-         Hə, bu gün nə olub?

-         Gözəl İbrahim yenə də tezdən dağın ətəyinə getdi. Ziyarətinə gələnlər də dünənkindən daha çox idi. Yenə də eyni sözləri dedi. “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”. Sonra da camaat dağılışıb getdi işinə-gücünə. Gözəl İbrahim də şəhəri gəzib yenidən qayıtdı komasına.

-         Komasında daha kimlər var?

-         Heç kim. Təkcə özüdür.

-         Bəs yanına gələn yoxdur?

-         Xeyr, hökmdarım.

-         Yaxşı. Nəzarəti davam etdirin. Nə olsa xəbər verin. Görürsən də, vəzir, Gözəl İbrahim sən deyən qədər də təhlükəli deyil.

-         Hələ bilmək olmaz. Cəmi dörd gündür ki, şəhərdədir.

Ertəsi gün padşah yenidən səs-küyə yerindən oyanır. Vəzir özünü hövllü yataq otağına salaraq:

-         Şahım, üsyandır. Əhali əsgərlərə hücum edib nizə-qalxanlarını əllərindən alırlar. Tez zirzəmiyə düşün. Şahzadələr də artıq ordadır.

-         Yaxşı, əsgərləri tərksilah ediblərsə, üsyandırsa, bəs onda hardadırlar? Niyə otağıma gəlmirlər? Məni öldürmürlər.

-         Doğurdan e... Heç bunu fikirləşməmişdim. Səs-küy də azalır. Eyvana çıxım, bir vəziyyətə baxım.

-         Çəkil.

Padşah vəziri kənara itələyib özü eyvana çıxır. Görür ki, bir kəndli yapışıb əsgərin nizəsindən. Əlindən almaq istəyir. O da müqavimət göstərir. O biri əsgərlər isə gözə görünmür.

-         Ay bala, nə edirsən?

-         Şahım,  dünəndən paytaxtda izdivaca girənlərin sayı çoxalıb. Yığışıb elliklə onlara yurd salırıq, ev tikirik. Alətlərimiz isə çatışmır. Gəldik əsgərlərə dedik ki, biz sizi çox sevirik. Siz də bizi sevin. Müvəqqəti olaraq silahlarınızı bizə verin, lazımdır. Onlar isə imtina elədilər. Sonra isə başa düşəndə özləri də əhaliyə qoşulub getdilər. Bircə bu qalıb. Nə qədər başa salıram, qanmır ki, qanmır.

-         Neyləyirsiniz ki, silahı. Silah düşmənə qarşıdır, siz isə mənim sevimli rəiyyətimsiniz.

-         Hökmdarım, dedim axı, alətlərimiz çatmır. Torpaq da bərkdir. Nizənin iti ucuyla döyüb-döyüb yumşaldacağıq. Sonra torpağı qalxanın içinə doldurub daşıyacağıq. Palçıq tutmağa da yarıyır. Həmişəlik aparmırıq ki... işi qurtaran kimi qaytaracağıq da...

Heyrətindən nə deyəcəyini bilməyən padşah üzünü vəzirə tərəf çevirir. O da çiyinlərini çəkir.

-         Yaxşı, Allah xeyir versin. Tikin, yaradın. Nə köməklik olsa, mən də hazıram.

-         Allah ömrünüzü uzun eləsin, şahım. Nəzərinizi üstümüzdən əskik eləməsin. Bir də ki, sizin zəhminizdən bir düşmən də üstümüzə gələ bilməz. Odur ki, əsgərlər bizə yardım göstərsələr, minnətdar olarıq.

-         Vəzir, əmrimi çatdır bütün əsgərlərə. Əhaliyə tikinti işlərində köməklik etsinlər. Bəs tikintiyçün lazım olan daşı-kəsəyi, taxtanı hardan götürürsünüz?

-         Allaha şükür, torpağımız zəngindir. Daş-kəsəyi dağdan çapıb, arabalarla gətiririk. Qalan şeyləri isə tacirlərlə danışmışıq. Götürürük, əvəzinə isə  onlara lazım olan malları veririk. Bu ay toy-düyünümüz çox olacaq, şahım.

-         Allah xoşbəxt eləsin. Allah mübarək eləsin.

-         Sağ ol, şahım. Allah səni üstümüzdən əskik eləməsin.

Şahın keyfi bir az da yüksəlir. Çöhrəsində gülüş sarayın həyətində gəzməyə başlayır. Bu vaxt çaparlardan biri saraya gəlir.

-         Nə xəbər gətirmisən, çapar?

-         Gözəl İbrahimdən.

-         Nəsə hoqqa çıxarıb?

-         Xeyir, şahım. Pis bir iş tutmayıb. O biri gün olduğu kimi, yenə dağın ətəyinə getdi. Ziyarətə gələnləri də çox idi. Yenə də eyni sözləri dedi: “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”. Sonda camaatdan  soruşdu ki, bəs niyə toy-düyün səsləri gəlmir evlərdən. Onlar da dedi ki, nə evimiz var, nə torpağımız, nə də tikməyə  pulumuz. Gözəl İbrahim də onlara öz məsləhətlərini verdi.

-         Nə dedi?

-         Dedi ki, elliklə yığışın bir-birinizə ev tikin. Biri su daşısın, biri dağı çapıb daş gətirsin, biri palçığa qatmaq üçün yumurta. Bir də görəcəksiniz ki, ev hazırdır. Kim bu işə qoşulmaq istəməsə mənim sözlərimi təkrar edin: “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”.

-         Ay Gözəl İbrahim, axı bizim torpağımız da yoxdur.

-         Bəs bura nədir? Çölü-biyaban. Burda tikin, abadlaşdırın, ağac əkin, evlənin, uşaq səsi aləmi götürsün.

-         Bura şahımızın torpağıdır, axı.

-         Heç bir padşah ölkəsində gedən abadlığa etiraz etməz. Siz başlayın, görəcəksiniz, hətta özü də köməklik edəcək. Sizin şahınız çox müdrik və ədalətli hökmdardır.   Bu qədər, şahım. Başqa heç nə demədi.

-         Görürsən də, vəzir. Bu Gözəl İbrahim məni xalqımın içində necə göylərə qaldırır. İnsanlara düzgün yol göstərir.

-         Bəs qanunlar? Axı ora sizin torpaqlardır. Bu insanlar da qanunlarınızı pozmuş sayılır.

-         Neyləyirəm torpaqları. Qoy tiksinlər, əkib-becərsinlər, abadlaşdırsınlar. Əyanlara da denən ki, işləri olmasın camaatla.

-         Qazı gəlib, şah sağ olsun.

-         Gəlsin.

-         Qibleyi-aləm, bir iş var. Lap çətinə düşmüşəm. Sizin müdrikliyiniz lazımdır. Cəza verən də sizsiniz, əfv edən də.

-         De. Nə işdir?

-         Şahım, biri qonşusunun inəyini oğrayıb. Aparıb başqa şəhərdə satıb. Sonra da qayıdıb. Bir neçə gündən sonra aydın olub ki, bəs oğru bu imiş. Qonşusunun şikayəti əsasında tutub salmışıq zindana. Dünən də şikayətçiylə təbib gəliblər ki, bəs burax onu, günahsızdır.

-         Təbib niyə gəlib ki?

-         Demə, bu tutulanın uşağı xəstəymiş. Aparıb təbibə. O da müalicəyə, dava-dərmana görə pul istəyib. Bu kasıb da  gəlib varlı qonşusundan kömək diləyib. O da bunu qapısından qovub. Naəlac qalıb qonşunun inəyini oğurlayıb, satıb. Pulu da təbibə verib,  uşağını ölümdən qurtarıb. İndi bunlar da gəlib ki, bəs biz onda başa düşməmişik ki, insanlar bir-birini sevməlidir. İndi isə  bunu anlayırıq. Taqsır onda yox, bizdədir. Təbib də hamıya car çəkib ki, bu gündən müalicəni pulsuz edəcək, dava-dərmanı da pulsuz paylayacaq. İndi mən nə edim, padşahım. Qanunda bu haqda heç nə yazılmayıb. Əfvə isə ancaq sizin ixtiyarınız çatar. 

-         Əfv edirəm. Hamıya da mənim qərarımı yayın. Mənim məmləkətimdə bütün insanlar bir-birlərini sevməli, ağır günündə əl tutmalıdırlar. Təbibin bu addımını isə yüksək qiymətləndirirəm. Sağ olsun.

-         Siz sağ olun, hökmdarım. Adil qərar verdiniz.

Qazi gedir. Hökmdar məmnun halda:

-         Hə, vəzir, düz etdimmi?

-         Bəli hökmdarım. Amma...

-         Nə amma?

-         Hökmdarım, məmləkət böyük, kəndlər, şəhərlər, insanlar çox. Qanunu pozanlar da bir o qədər. Hamısı da sizin əfvinizi umacaqlar. Hisslər yox, qanunlar işləməlidir ki, ən kiçik kəndi də idarə edə bilək. Yoxsa hərc-mərclik başlayacaq.

-         Heç vaxt. Əvvəllər ola bilərdi. Amma Gözəl İbrahimin o sehrli sözlərindən sonra heç nə olmayacaq. Əksinə, insanlar daha salim olacaqlar. Çünki onları qanunlar yox, sevgi idarə edir.

Günlər bir-birini əvəz etdikcə saraya insan axını daha da artırdı. Rəiyyət padşahlarıyla görüşür, ona gül təqdim edir, ürək sözlərini deyirdilər. Vəzir, saray əyanları, hətta vəliəhd şahzadə də şahı bu təmasdan çəkindirməyə çalışsalar da, həyatı əvvəlki məcraya qaytarmaq alınmırdı. Əksinə, hər gün yeni bir şey ortaya çıxırdı.

-         Şahım, axund hüzurunuza gəlmək istəyir.

-         Gəlsin.

-         Şah sağ olsun, məmləkətdə qəribə işlər baş verir.

-         Nə işlər?

-         İnsanlar sübh namazına gəlmirlər. Gələnlər də mənimlə söz güləşdirirlər. Mollaların da hörməti azalıb. Mollaxanalar bağlanmaq üzrədir. Vergi yığa bilmirik. Abır-həya əldən gedir. Düz-əməlli yas mərasimi də keçirə bilmirik.

-         Niyə? Kim cürət edir Allahın yazdığı qanunları pozmağa?

-         Gözəl İbrahim, şahım.

-         Nə edir ki, o qərib?

-         Heç nə.

-         Bəs onda niyə onu günahlandırırsan? Əgər qanunları pozubsa, özü də Allah tərəfindən göndərilən qanunları, dərhal edam edilməlidir.

-         Xeyr, şahım. Sadəcə əhalimiz arasında küfür yayır.

-         Nə deyir, axı?

-         Deyir ki, “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”.

-         Burda bir günahmı var?

-         Yox. Sadəcə hər səhər onun bu sözünü eşitmək üçün camaat Əmircan dağına  axışır, sübh namazına isə gəlmirlər. Məni, din xadimlərini saymırlar.

-         Deməli, sənin sözündən belə çıxır ki, İbrahim onları məscidə getməkdən çəkindirir.

-         Əsla, şahım. Heç məscidin adını da çəkmir. Dinimizə qarşı hörmət-ehtiramını da bildirir.

-         Bəs onda nədir bu məlunun günahı? De, edam elətdirim. Özü də xalqın gözünün qarşısında.

-         Şahım, o gün hörmətli ağsaqqalımız Hüseyn Ağa rəhmətə gedib. Bütün şəhər camaatı bu xəbəri sevinclə qarşılayıb, gülüb, sevinirlər. Hətta bir-birlərinə gözaydınlığı da verirlər.

-         Başa düşmədim. Hüseyn Ağa yaxşı insan olub axı. Bildiyimə görə, hamıya da əl tutan olub.

-         Şahım, dəfn mərasimini özüm aparırdım. Hamı da qəmgin şəkildə dayanıb ağlayırdı. Mərhumu məzara qoyandan sonra dedim ki, “ay camaat, Hüseyn Ağa gözəl insan idi, yaxşı adam idi. Burda olanların hamısına yaxşılığı keçib. Qapısına gələni əliboş yola salmazdı. Yəqin ki, onun bu xidmətləri də yüksək qiymətləndiriləcək. O dünyada yeri Behişt olacaq, cənnətməkan olacaq”. Bu sözləri dedikcə camaat bir az da bərkdən ağlamağa başladı. Birdən bu Gözəl İbrahim qabağa çıxaraq nə desə yaxşıdır?

-         Nə?

-         Ay insanlar, niyə ağlayırsınız? Axund dedi ki, çox hörmətli Hüseyn Ağa cənnətməkan olacaq. Buna sevinmək lazımdır. Ömrü boyu yaşayıb buna çalışmırıqmı ki, haqq dünyasında  qiymətimizi alaq, cənnətə düşək. İndi axund belə deyirsə, buna sevinmək lazımdır, ağlamaq yox. Bunu deməyini gördüm. Hamı başladı qucaqlaşmağa, öpüşməyə, “çox şükür ki, Hüseyn Ağa Cənnətə düşdü” deyərək  bir-birinə gözaydınlığı verməyə.

-         Axund, öləndən sonra cənnətə getmək yaxşıdır, cəhənnəmə.

-         Cənnətə, şahım.

-         Bəs onda Gözəl İbrahim nə küfr yayır ki? Hüseyn Ağanın cənnətməkan olması sizi qüssələndirir, yoxsa sevindirir?

-         Allahın hamıya rəhmi gəlib belə bir gün qismət eləsin inşallah.

-         Amin. Bunu başa düşdük. Sonra nə deyir bu Gözəl İbrahim.

-         Mollaxanalar yavaş-yavaş bağlanır, şahım. Hamı uşağını təhsildən uzaqlaşdırır.

-         Bu niyə? Gözəl İbrahim nə haqla insanları cəhalətə sürükləyir?

-         Xeyr, şahım. Sadəcə sizin hərəmxanadan azad etdiyiniz xatunlar evlərində dərsxanələr açıblar. Özü də pulsuz. Camaat da uşaqlarını onların yanına aparır.

-         Elə niyə? Mollaların savadı onlarınkından aşağıdırmı?

-         Əsla. İş bunda deyil. Sadəcə bizdə dərsini bilməyəndə falaqqa  işə düşürdü, cəza verirdik. Amma bu xatunlar uşaqların başlarını sığallayırlar. Səbrlə bir də başa salırlar. Sarayda öyrəndikləri dünyəvi elmlərdən bəhs edirlər. Sizin də adilliyiniz dillərindən düşmür.

-         Əla, əla. Bəs Gözəl İbrahimin burda nə günahı?

-         Günahı  bircə kəlməsindədir- “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”.

-         Lap yaxşı. Burda pis nə var ki? Bunu da anladıq. Sonra nə edir bu Gözəl İbrahim?

-         Məsciddə moizə oxuya bilmirəm. Dindarlar mənə cavab qaytarır.

-         Anlamadım.

-         Deyirəm ki, ey insanlar, Allah böyükdür, o hər birimizin günahlarını da görür, yaxşı işlərini də. Allahdan qorxun. Pis əməllərdən çəkinin. Qayıdıb mənə desələr yaxşıdır?

-         Nə?

-         Allah böyükdür. Biz bunu qəbul edirik.  O müqəddəsdir, o adildir, o bizi yaradandır, bizə ruzi, işıq, su, od verəndir. Ondan niyə qorxmalıyıq ki? Biz Allahımızı sevirik. Çox sevirik. Belə bir Allahın bəndələri olmaqdan məmnunuq.

-         Hə... Bu bir az qəliz məsələ oldu. Deyirsən ki, bunu Gözəl İbrahim aşılayıb onlara?

-         Bəli, şahım. Amma gözəl sözlərdir. “Biz Allahımızı sevirik. Çox sevirik. Belə bir Allahın bəndələri olmaqdan məmnunuq”.

-         Yox. Bu Gözəl İbrahim səfil, ağılsız adama oxşamır. Başqa sözün varmı?

-         Var, şahım. Paytaxtda dövlət idarələri bağlanır, məmurlar işlərini atıb gedirlər. Əhali vergi vermir. İşçilər məvaciblərini almaqdan imtina edirlər.

-         Təfsilatıyla izah elə.

-         Şahım, şəhərdə heç kim pula nəsə satmır. Kimə çörək lazımdırsa, tələbatına görə çörəkçidən götürür. Çörəkçiyə paltar lazımdırsa, dərzi  havayı tikir. Loğman hamını havayı müalicə edir. Əczaçı dərmanı pula satmır. Bir sözlə, öz aralarında mal, ərzaq mübadiləsi edirlər. Pul verirsən, götürmürlər. Əgər bir iş bacarmırsansa, bir işə yaramırsansa, lap bir küp qızılın olsun ac qalırsan. Gərək hökmən bir işin qulpundan yapışmalısan, insanlara, məmləkətinə  xeyir verməlisən. Ən azı fəhləlik etməlisən ki, insan olan kəs sən insanı sevsin. Əyanlar da yaxınlaşıb çörək almaq istəyəndə çörəkçi pullarını qəbul etmir, çörək də vermir. Onlar ”bütün insanlar bir-birini sevməlidir” deyəndə soruşur ki, sən insanları sevib nə etmisən ki? “Əyanam” cavabını verən kimi qapıdan qovurlar. Ona görə də  varlıların bir çoxu ac qalmaqdan qorxub gediblər ev tikməyə, su daşımağa, ağac əkməyə, bir sözlə, insanlara faydalı olmağa. Çox şükür ki, çörək yiyəsi olublar.

-         Sonra?

-         Deyəndə ki, vergi ver, o saat cavab qaytarırlar ki, qazancımız var ki, vergi verək? Malın üstünə pul qoyub satırıq ki, hələ bir nəsə də ödəyək? Əlavə pul qazanıb nə edirdik? Ev tikirdik, ya paltar tikdirirdik. İndi bunların hamısı havayıdır. Pul keçmir. İnsanlar bir-birini insanlıqlarına görə sevməlidir, qazanc əldə etməyə görə yox. Dünya malı bu dünyada qalır, o dünyaya bir-iki metr kəfən aparırsan. İnsan gərək nəfsini boğsun. Aza qane olsun. Haram yeməsin.

-          Axund, düz demirlər?

-         Şahım, düz demək nədir? Cümə namazında camaata  dediklərimi özümə qaytarırlar.

-         Yaxşı, Gözəl İbrahimin bunda nə günahı?

-         Heç nə, şahım. Özüm də məəttəl qalmışam. Bütün bunlar onun “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”  küfründən sonra başlayıb. İnsanlarda nə qorxu qalıb, nə də bizə qarşı bir hörmət-izzət.

-         Axund, sözündən belə çıxır ki,  bir sözə görə Gözəl İbrahimi  edam etdirməliyəm, eləmi?

Axund fikrə gedir. Dinmir. Başını aşağı salır.

-         Cavabını gözləyirəm.

-         Xeyr, şahım.

-         Onda gedə bilərsən.

Ortaya yenə sükut çökür.

-         Vəzir, sənin bütün bu baş verənlərə münasibətin necədir?

-         Şahım, əlbəttə ki, yaxşısını siz bilirsiniz. Amma nə qədər gec deyil Gözəl İbrahimi biz də sürgün etməliyik.

-         Günahı nədir?

-         Bilmirəm.

-         İnsanlara sevgi aşıladığı üçünmü?

-         Bilmirəm.

Beləcə,  günlər bir-birini əvəz edir. Məmləkətdə əmin-amanlıq hökm sürür.

Saray. Şah taxtına oturub. Vəzir, vəkil, əyanlar ətrafında ayaq üstə dayanıb. Hökmdar fikrə gedib. Heç kim dinib-danışmır.

-         Vəzir, hüzuruma kimsə gəlibmi?

-         Xeyr, şahım.

-         Qazı, axund da çoxdandır görsənmirlər.

-         Sizi narahat edəsi bir işləri yoxdur. Əhalidən şikayət yox, cinayət törədən yox. Zindanlar da bomboşdur.

-         Gözəl. Gör necə adil hökmdaram ki,  məmləkətimdə əmin-amanlıqdır.

Bu an bir kəndli saraya daxil olur. Gəlib taxtın qabağında dayanır.

-         Şahım, sənə sözüm var.

-         Sən kimsən? Vəzir, kim icazə verib bunun saraya girməsinə?

-         Şahım, mən sənin rəiyyətinəm. Mən səni  çox sevirəm. – deyib əlindəki gülü ona təqdim edərək sarayı tərk edir.

-         Vəzir, bu nə özbaşınalıqdır. Əsgərlər, eşik ağası hara baxır?

-         Şahım, sarayda bizdən, şahzadələrdən başqa heç kim yoxdur. Əsgərlər tikintidə işləyirlər. O vaxtdan geri qayıtmayıblar.

-         Əla. Əgər mənim düşmənim yoxdursa, xalq məni sevirsə, onda keşikçiyə, əsgərə nə ehtiyac? Vəzir, son günlər insanlar da saraya axışmır, mənə gül vermir, sevgilərini ifadə etmirlər. Bircə bugünkü kəndlidən başqa.

-         Mən də məəttəl qalmışam. Əvvəllər ehtiyat edirdim ki, gecəmiz-gündüzümüz olmayacaq bunların əlindən. Amma indi heç kim gözə dəymir.

-         Gözəl İbrahimdən nə xəbər?

-         Təzə bir şey yoxdur. Yenə əvvəlki kimi Əmircan dağının ətəyinə çıxır, həmişə dediyi sözləri də təkrar edir: “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin” 

-         Başqa təzə nə xəbər var?

-         Şahım, sarayda yeməyə də, içməyə də bir şey yoxdur. Anbarlar boşalıb.

-         Xəzinədən qızıl götürüb, gedib alsınlar. Bununla da mən məşğul olmalıyam? Bu nə cürət.

-         Şahım, bazarda pul-para işləmir. Hətta deyəndə ki, saray üçün, şah üçün alırıq, yenə heç nə satmırlar. Nə pula satırlar, nə havayı.

-         Niyə?

-         Bilmirik.

-         Fərraşları götür get. Pulla satmasalar məcburi al əllərindən.

-         Şahım, dedim axı, sarayda heç kim qalmayıb. Bir bizik.

-         Onda özüm gedəcəyəm. Dur gedək. Burda nə isə bir müəmma var. Amma yenə demə ki, taqsır Gözəl İbrahimdədir.

-         Şahım, bəlkə dərviş paltarı geyinəsiniz.

-         Lüzum yox. Onsuz da hamı məni üzdən tanıyır. Gedək görək şahlarına qarşı bu nə hörmətsizlikdir?  “Şahım, səni sevirəm” deməkləri nədir, bu etdikləri nə...

Şah,  vəzir və əyanlar  bazar meydanına gəlirlər. Əhali  şahı görcək, üzük qaşı kimi dövrəyə almağa başlayır. “Adil, Adil” sədaları, alqış sədaları aləmi bürüyür. Şah üzünü vəzirə tutaraq:

-         Vəzir, Adil kimdir?

-         Bilmirəm, şahım. Bir az səbr elə aydın olar.

Alqış sədaları səngidikdən sonra şah hündür bir yerə qalxıb üzünü xalqa tutur.

-         Ey mənim rəiyyətim, necəsiz, necə dolanırsınız?

-         Hər şey yaxşıdır. Sayənizdə dolanırıq. Allaha çox şükür, hər şeyimiz var.- deyə yerbəyerdən səslənirlər.

-         Eşitdim pulu, qızılı yaxına buraxmırsınız. Məmləkətdə hər şey havayıdır.  Bunu necə izah edirsiniz?

Kütlədən bir ağsaqqal qabağa çıxıb:

-         Adil hökmdar, Gözəl İbrahim məmləkətimizə gələndən, bizim ürəyimizə sevgi salandan sonra məlum oldu ki, bütün bədbəxtçiliklərimizə səbəb pul-para imiş. Qızımızı ərə pula görə verirmişik, qonşumuzun inəyini pula görə oğurlayırmışıq, loğman xəstəni pula görə müalicə edirmiş, pulu olmayanlar xəstəlikdən tələf olurlarmış, pulu olmayan dərman ala bilmirmiş, ac adam pulu olmadığına görə ac qalırmış və sonda çörək oğurlayıb zindana düşürmüş, fərraşlar pul qazanmaq üçün insanları incidirlərmiş, cəllad xəzinədən məvacib almaq üçün boyun vururmuş. Adil hökmdar, sözü uzadıb  nə başınızı ağrıdım. Buna görə də pulu-qızılı həyatımızdan sildik. Hətta cəlladınız da indi boyun vurmur, şum vurur, insanların canını almır, torpağın canını alır, əkir, becərir, bolluq yaradır. Siz də sağ olun ki, nəzərlərinizi bizim üzərimizdən əksik etmirsiniz. Dəstək verirsiniz.

-         Bəs onda saraya niyə ərzaq satmaqdan imtina edirsiniz? Bu yaxşılığıma görəmi?

-         Əsla, adil hökmdar. Sizdən incimişdik, ona görə.

-         Anlamadım!

-         Adil hökmdar, hər səhər əlimizdə gül saraya axışdıq, bir-bir sizə sevgimizi bildirdik. Amma bunun müqabilində bircə dəfə də sizin bir kəlmənizi eşitmədik.

-         Bundan artıq nə sevgi. Torpağımı əkib-becərirsiniz, istədiyiniz qanunları tətbiq edirsiniz. Bu vaxtacan bir söz də deməmişəm. Bundan artıq nə sevgi?

-         Adil hökmdar, Gözəl İbrahim deyir ki, “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin” . Biz bunu deməkdən çəkinmədik, indi növbə Sizindir.

Kütlədən “Adil, Adil” sədaları, alqış səsləri yenidən ətrafı bürüyür. Şah:

-         Ey insanlar, mən də sizi sevirəm və bunu sizə deməkdən çəkinmirəm.

Yenidən alqış sədaları zilə qalxır.

-         Adil hökmdar, əyanlarına de ki, bir də bizə pul təklif etməsinlər. Sarayın tələbatı nə qədərdirsə, götürüb aparsınlar. Bu məmləkətdə hər şey sizindir. Siz ki, hər şeyinizi bizimlə bölürsünüz, sizə malımız nədir, canımız da qurban.

-         Başqa bir şeyə ehtiyacınız varmı?

-         Var, şahım.

-         Nəyə?

-         Sizə. Sizin xeyir-duanıza. Alqışınıza. İstəyirik hər gün bizim  aramızda olasınız. Bizə dayaq olasınız. Xeyrimizdə-şərimizdə iştirak edəsiniz. Sizin sevginizə ehtiyacımız var.

Şah qocanın bu sözlərindən məmnun qalır. Camaatla sağollaşıb başının ətrafıyla yenidən saraya qayıdır.

-         Vəzir, araşdırdınmı bu “Adil, Adil” deyirdilər e... nə deməkdir?

-         Bəli, şahım. Əmircan dağında Gözəl İbrahim əhaliyə sual verib ki, bəs şahınızın adı nədir? Onlar da çiyinlərini çəkib cavab verə bilməyiblər. O da “əsas şaha atasının verdiyi ad deyil, xalqın ona verdiyi addır. Əgər ki, dilinizdən “adil hökmdar” kəlməsi düşmürsə, onda şahınızın da adını Adil çağırın” deyib.

-         Müdrik adammış bu Gözəl İbrahim. Siz də deyirdiniz ki, axmağın biridir, xatalıdır, sürgün etmək lazımdır.

Həmin gündən şah hər gün əyanlarıyla şəhərə çıxır, camaatla birlikdə namaz qılır. Qayğılarıyla maraqlanır. Əhali dünyaya gələn oğlan uşaqlarına Adil, qızlara isə Adilə adı verməyə başlayır. Məmləkətin şöhrəti hüdudlarından kənara da yayılır. Digər xalqlar da öz şahlarından üz döndərib bu məmləkətə axışmağa başlayırlar. Şahın hökmranlığı gündən-günə möhkəmlənir. Həyat belə davam etdikcə  vəzir-vüzəranın, əyanların da nüfuzları azalır. Şah bütün günü xalqın arasında olur. Hətta naharını, şamını da onlarla yeyir. Süfrədə yanında vəzirini yox, Gözəl İbrahimi əyləşdirir. Buna görə də sarayda qısqanclıq artır. Hətta şahzadələr, gələcəyin taxt-tac sahibləri də təlaşa düşürlər. Bir müddət sonra şah  Gözəl İbrahimi saraya gətirir. Vəzir təyin edir. Baş vəzir daha da narahat olmağa başlayır. Üzünü vəliəhd şahzadəyə tutur:

-         Şahzadəm, şahımız Gözəl İbrahimi vəzir təyin elədi.

-         Hökmdarın hökmünə qarşısanmı?

-         Əsla. Sadəcə bir xüsusu nəzərinizə çatdırmaq istəyirəm. Yəqin ki, bir azdan məni də saraydan uzaqlaşdırıb Gözəl İbrahimi baş vəzir qoyacaq. Sonra isə növbə sizə çatacaq.

-         Aydın danış.

-         Şahzadəm, xalq Gözəl İbrahimi sevir. Allah eləməsin, sabah şahımızın başına bir iş gəlsə kimin taxta çıxmasına tərəfdar olarlar? Sizin, yoxsa İbrahimin?

-         Xalqın buna nə həddi çatar ki? Dövlətin ordusu var, topu, silahı var. Otuzduraram onları yerində.

-         Şahzadəm, nə ordumuz var, nə də silahımız. Heç fərraşlarımız, cəlladımız da yoxdur. Hamısı Gözəl İbrahimin yanındadır. Qanunlar da işləmir. Şahımız isə bunlara göz yumur. Elə hey “xalqım, səni sevirəm” deyə-deyə gəzir.

-         Məsləhətin nədir?

-         Məsləhət sizindir, şahzadəm. Nə qədər gec deyil, bir əncam çəkməlisiniz.

-         Nə etməliyəm? Atamı zəhərləyib, öldürüb taxta keçməliyəmmi?

-         Allah eləməsin, şahzadəm.

-         Bəs  məsləhətin nədir?

-         Məsləhət sizindir, şahzadəm.

 

                                                                 ***

 

Günlər isə, beləcə, davam edirdi.  Günlərin bir günü baş vəzir təlaş içində şaha yaxınlaşır. Xəbər verir ki, bəs qonşu dövlətin padşahı hüdudlarımızı aşıb. Qoşunuyla paytaxta doğru irəliləyir. Yolunda nə görürsə darmadağın edir. İnsanları qılıncdan keçirir. Padşah xalqı bir yerə yığıb silahlanmağı əmr edir:

-         Ey xalqım, düşmən  qoşunla-ləşkərlə üstümüzə gəlir. Vuruşub öz torpaqlarımızı yağı düşməndən qorumalıyıq. Qurub-yaratdıqlarımızı müdafiə etmək üçün silaha sarılmalıyıq. Torpaqlarımızı müdafiə etməliyik.

-         Adil hökmdar, üstümüzə gələnlər insandırlarmı? -  deyə kütlədən biri səslənir.

-         Bəli.

-         Daha niyə silaha sarılaq ki... Gözəl İbrahimlə gedib çıxarıq qarşılarına və müdrik kəlamdan onları da xali edərik. Deyərik ki, “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin” 

-         Onlar düşməndirlər, sizi öldürməyə, qan tökməyə gəlirlər. Başa düşürsünüzmü?

-         Xeyr, Adil hökmdar. Onlar da bizim kimi insandırlar. Sadəcə ürəklərində sevgi yoxdur. Qoy silahla gəlsinlər, amma biz onların qabağına gül ilə çıxarıq. Ürəklərinə sevgi toxumu səpərik, başa salarıq.

-         Ey nadanlar, onlar düşməndirlər. Gözlərini qan örtüb. Başa düşün. Gözəl İbrahim də sizə bunu deyir.

-         Ay camaat, əsla. – deyə Gözəl İbrahim yerindən səslənir. - Mən belə demirəm. İnsanlar, siz düz deyirsiniz. Hər hansı bir qəddar insanı da sevgi düz yola gətirər. Siz özünüz əvvəllər necəydiniz, indi necəsiniz?

Bu zaman carçı çaparaq şaha yaxınlaşır.

-         Şahım, düşmən artıq sərhədimizi keçib. Kəndlərimizi, şəhərlərimizi viran qoya-qoya, insanları qılıncdan keçirə-keçirə irəliləyir. Artıq paytaxta yaxınlaşmaq üzrədirlər - əlli min silahlıyla, toplarla.  Bir tədbir görmək lazımdır.

-         Baş vəzir, şahzadələrim, əyanlar, silahlanın! Düşmənin qabağına özümüz çıxacağıq.

Beləcə, şah iyirmi nəfərlik  ətrafıyla silahlanıb, paytaxt darvazalarından çıxırlar. Gözəl İbrahim də vəzir kimi qucağına bir dəstə gül alıb onlara qoşulur. Silah götürməkdən imtina edir. Paytaxtdan bir qədər uzaqlaşırlar. Amma düşmən gözə dəymir. Bir qədər də gedirlər. Yenə ordu gözə dəymir. Bir kəndə çatırlar. Görürlər ki, insanlar öz işində- gücündədirlər. Qan iyi yox, gül ətri gəlir. Əhali də onları alqışlarla qarşılayır. Bir qədər də irəli gedirlər. Amma düşmən qarşılarına çıxmır ki, çıxmır. Beləcə, gəlib çıxırlar məmləkətin hüdudlarına. Şah dodağını dişləyir. Burda başqa bir oyunun olduğunu anlayır. Ona görə də  üzünü baş vəzirə tutub:

-         Bəs carçı çaparaq gəldi ki, qoşun yaxınlaşır, rəiyyətimi qılıncdan keçirir. Hanı bəs düşmən?

-         Şahım, düşmən olsaydı, nə edəcəkdik ki?

-         Bu nə axmaq sualdır? Vuruşacaqdıq.

-         Əlli minlik düşmən qoşununa biz iyirmi nəfər nə edə biləcəkdik ki?

-         Əsas bu deyil. Əsl şah, şahzadə, əsilzadələr əgər məğlub olacağını bilsə belə, döyüş meydanında vuruşub birinci həlak olmalıdır. Ki, rəiyyətinin necə qılıncdan keçirildiyini, məmləkətinin, torpağının necə viran olduğunu görməsin.

-         Şahım, deməli, siz də əminsiniz ki, Gözəl İbrahimin bir dəstə gülü və müdrik kəlamıyla düşməni durdurmaq, ona  qalib gəlmək mümkün deyil.

-         Əlbəttə ki.

-         Şahım, mən də, şahzadələr də, əyanlar da başa düşürdük ki, sevgi gözəl bir şeydir. Amma Vətənə sevgi bütün sevgilərdən üstündür. Gözəl İbrahim yaydığı sevgiylə bu müqəddəs sevgini insanların ürəyindən sildi. Və biz meydanda tək qaldıq. Xalq insan sevgisinin dalıyca gedib, Vətənə, torpağa, dövlətə, qanuna  sevgisini də unudaraq hətta düşmənə gül bağışlamaq istədi. Vətənə olan sevgisini qurban verdi. Silaha sarılmaqdan da imtina etdi. Hətta əsgərlərimiz də... Bunun isə bir adı var – xəyanət.

Şah başını aşağı salır. Baş vəzirinin düşündüyü oyunu anlayır. Atından yerə enir.

-         Kim fikirləşib bu oyunu. Sənin işinə oxşayır, baş vəzir.

-         Xeyr, şahım. Şahzadəmizin müdrikliyidir bu.

-         Yaxın gəl, oğlum.

Şah tacını çıxarıb oğlunun başına qoyur.

-         Ay oğul, gözəl dərs verdin mənə. Amma Gözəl İbrahimin yaydığı sevgidən ovsunlanan mən bundan sonra məmləkətə başçılıq edə bilmərəm. Nə “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin” deyən məndən şah olar, nə də Gözəl İbrahimdən vəzir. Mən də  İbrahimə qoşulub onunla gedirəm. İnsanların ürəyinə sevgi salmaq üçün. Çünki artıq bundan başqa bir iş bacarmıram. Heç sənətim də yoxdur. Lap bu Gözəl İbrahim kimi. Gözəl İbrahim, bəri gəl. Gül dəstəsini mənə ver.

Gözəl İbrahim şaha yaxınlaşıb gül dəstəsini ona verir. Şah qılıncını çıxarıb oğluna uzadır. Şahzadə sağ əliylə qılıncı alıb öpür. Bu dəfə şah gül dəstəsini oğluna uzadır. Şahzadə gülü sol əliylə alıb qoxulayır.

-          Get, ay oğul, bu xalq, bu torpaq sənə əmanət. Qoru xalqını, idarə et. Xalqına xidmət elə. Bir əlində ata-babandan yadigar qalan qılınc - qanun olsun, bir əlində isə Gözəl İbrahimin sevgi çiçəkləri. Heç vaxt mənim kimi  bunların tarazlığını pozma. Gəl, Gözəl  İbrahim, getdik.

Beləcə, Adil Şah və Gözəl İbrahim dəstədən uzaqlaşıb, sərhədi keçirlər. Şahzadə, baş vəzir, əyanlar onları ta gözdən itənəcən gözləriylə yola salırlar. Özləri gözdən itsələr də, uzaqlardan yenə də səsləri gəlir:

“Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”.

 

 

 

 


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-05-2018
22.05.2018 La Liqada yeni klub
22.05.2018 Neftin qiyməti
21-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.7318 san