20:48 21 Noyabr 2014
5848 dəfə oxunub
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

     Strategiya.az saytı "Geostrategiya" jurnalına istinadən Tarix üzrə fəlsəfə doktoru İbrahİm Əlİyevin "MÜASİR AZƏRBAYCAN BEYNƏLXALQ NORMA VƏ PRİNSİPLƏR KONTEKSTİNDƏ" məqaləsini diqqətinizə çatdırır

Ötən əsrin son onilliklərində dünya durumunda baş vermiş köklü dəyişikliklər dövlətlərarası münasibətlər sistemində, o cümlədən beynəlxalq aləmin mövcud norma və prinsiplərini yeni sınaqlar qarşısında qoydu. İkinci dünya müharibəsindən sonra formalaşmış və həmin dövrdəki durumun xarakterinə uyğun olan bu norma və prinsiplər nüfuz-lu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə təsbit olunmuş, zaman-zaman təkmilləşdirilərək konkret forma və məzmun kəsb etmişdir. Onların sırasına Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi,(1) Beynəlxalq hüquq prinsipləri haqqında 1970-ci il Bəyannaməsi, 1975-ci ildə qəbul edilmiş Avropada təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Helsinki yekun aktı və bir sıra digər sənədlər daxildir.(2, 3,4) Həmin beynəlxalq təşkilatlar və onların qəbul etdikləri normativ hüquqi sənədlər müharibədən sonra formalaşmış durumu özündə təcəssüm etdirməklə özü də bu reallıqlara söykənirdi. 40-cı illərin II yarısından dünyanın iki düşmən ictimai-iqtisadi, siyasi-ideoloji sistemi arasında başlayan “soyuq müharibə” dövrün xarakterini müəyyənləşdirirdi. Bu reallıqlar zəminində formalaşmış beynəlxalq hüquq norma və prinsipləri də bu zaman kəsiyində bərqərar olmuş ümumdünya nizamının tarazlığını təmin edirdi. Hər bir qəbul edilmiş prinsipin bu və ya digər dövlətin və ya dövlətlər qrupunun maraqlarına necə təsir edəcəyi əsas meyar idi. Bir sözlə, XX əsrin II yarısında hazırlanmış, qəbul edilmiş və mövcud durumun təməlində durmuş beynəlxalq hüquq normaları və prinsipləri elə həmin dövrün ab-havasına uyğun idi.
XX əsrin 80-90-cı illərində dünya durumunda intensivləşmiş qlobal proseslər yeni reallıqlar yaratmaqla yanaşı beynəlxalq hüquq normalarının və prinsiplərinin yeni şəraitdə təkmilləşməsini və dəqiqləşdirilməsini tələb edirdi. “Soyuq müharibənin” başa çatması nəticəsində qarşıduran tərəflərdən birinin aradan qalxması, Sovet və sosialist imperiyalarının dağılması nəticəsində çoxsaylı müstəqil dövlətlərin tarix səhnəsinə çıxması mövcud prinsiplərin yenidən nəzərdən keçirilməsini zəruri edirdi. Baş vermiş proseslər və hadisələr dünyanın yeni nizamının konturlarını müəyyənləşdirirdi.
Lakin bu dəyişiklik - bir tərəfdən sosializm dünyasının dağılması, imperiyalardan qopub ayrılmış çoxsaylı müstəqil dövlətlərin yaranması, iki düşmən düşərgənin qarşıdurmasının başa çatması kimi pozitiv hal kimi qəbul edilirdisə, digər tərəfdən yeni dünyada hegemonluq, yeni təsir dairələrini ələ keçirmək uğrunda mübarizənin güclənməsi fəlakətli nəticələri ilə xarakterik idi. Eyni hadisə və proseslərə müxtəlif maraq bucağından yanaşıldıqda onların heç biri birmənalı qarşılanmır. Həmin vaxtda dünyanın müxtəlif yerlərində, xüsusən postsovet və postsosialist məkanlarında saya-hesaba gəlməyən separatçı münaqişələrin alovlandırılması milli-etnik qarşıdurma kimi qələmə verilsə də, dünyada gedən qlobal proseslərin tərkib hissəsi idi. Onlar yalnız bu qlobal proseslərin tərkib hissəsi kimi dərk oluna bilərdi.
XX əsrin axırları – XXI əsrin əvvəllərində söhbət beynəlxalq hüquqi norma və prinsiplərinin yeni qeosiyasi vəziyyətə sadəcə olaraq uyğunlaşdırılmasından, onların yeni müstəqil dövlətlərə tətbiq edilməsindən, onların hüquqlarının bu əsasda təmin edilməsindən daha çox, bu reallığın hegemon dövlətlərin müasir statusuna və maraqlarına uyğunlaşdırılmasından gedirdi. Lazım olan yerlərdə, lazım olan məqamda lazımi situasiyanın yaradılması da məhz həmin məntiqdən qaynaqlanırdı. Bu və ya digər regionda törədilmiş etnik münaqişələr həmin rıçaqlardan idi. Ortada olan milli maraqların münaqişə obyektinə çevrilməsi, düşmənçiliyin qızışdırılması öz məqsədlərinə çatmaq vasitəsindən başqa bir şey deyildi. Təbii olaraq bu münaqişələrin nəticəsi də münaqişə tərəflərinin istəklərindən daha çox konfliktlərin əsl səbəbləri olan maraqlar çəkişmələrində real nəticələrə malik idi.
Əsası II dünya müharibəsindən sonra qoyulmuş təşkilatların, konkret olaraq isə BMT, ATƏT və digər beynəlxalq qurumların qəbul etdiyi normativ sənədlərdə təsbit olunmuş hüquq və normaların müasir dövrdə konkret məsələlərə tətbiqində kifayət qədər problemlərin olması reallıqdır. Bu və ya digər məsələyə münasibətdə praktikanın ikili standartla yanaşma praktikası həmin məntiqin təzahürü idi. Əgər XX əsrin 70-ci illərində hər bir beynəlxalq əhəmiyyətli hadisəyə münasibətdə iki fərqli siyasi düşərgənin qarşıduran iki fərqli mövqeyi müşahidə edilirdisə, müasir dövrün yeni durumunda köhnə prinsiplər maraqların çoxşaxəliliyinə uyğun olaraq çoxsaylı variantlarda şərh edilir. Vaxtilə birmənalı şəkildə qəbul edilən prinsiplər indi situasiyadan asılı olaraq təftişlərə və fərqli şərhlərə məruz qalır. Dünyanın bir yerində baş verən münaqişəyə dərhal reaksiya verildiyi və prinsiplərin birbaşa tətbiq edildiyi halda digər konfliktlərə münasibətdə bu prinsiplərin pozulmasına göz yumulur.
Deyilənlərin bariz nümunələrindən biri Azərbaycanın müstəqilliyə istiqamətləndiyi gündən üzləşdiyi separatçı münaqişəyə münasibətdə nüfuzlu dünya dövlətləri və beynəlxalq təşkilatların elementar məntiqə uyğun olmayan sülhyaratma missiyalarıdır. Bəzi prinsiplər – məsələn, “dövlət sərhədlərinin toxunulmazlığı”, “dövlətlərin ərazi bütövlüyü”, “xalqların öz müqəddəratını təyin etməsi” prinsipləri qəsdən qarşı-qarşıya qoyulur. (1,4,5,6,)
Məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk Qrupu yaradılmışdı. Bu qurum ATƏT-in Nazirlər Şurasının 1992-ci il martın 24-də Helsinkidə keçirilmiş yığıncağında yaradılmışdır. Xeyli sayda ATƏT üzvü olan dövlətlərin daxil olduğu bu qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etmək olsa da, bu günə kimi ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməmişdir. Yarandığı gündən bu qurumun aldığı ictimai sifariş bundan ibarətdir. Lakin həm bu qrupun özünün, həm ona daxil olan üzvlərin və xüsusən də həmsədrlərinin missiyasında, məqsədlərində, vəzifələrində, oynadığı rollarında, xidmət etdikləri qüvvələrin sifarişlərinin yerinə yetirilməsində kifayət qədər ziddiyyətli, müəmmalı, qərəzli məqamlar mövcuddur ki, onların araşdırılması, hər bir şeyin adının öz üzərinə qoyulması onların məşğul olduqları problemlərin həlli üçün müstəsna əhəmiyyətə malikdir.
Minsk Qrupunun fəaliyyət göstərdiyi bütün dövrün nəzərdən keçirilməsi, faktların analizi belə bir nəticəyə gəlməyə əsas verir ki, onun yaradılması münaqişənin həlli üçün deyil, nəhəng güclərin regionda maraqlarının balansını təmin etmək üçün yaranmışdı. Tarix sübut edir ki, Minsk Qrupu regionda dünya nəhənglərinin apardığı qlobal siyasətdə daha geniş funksiyaları və vəzifələri həyata keçirir. Buna görə də Qarabağ münaqişəsinin tam mahiyyətini həmin dövrdə onun ətrafında gedən prosesləri dünya miqyasında gedən proseslər fonunda nəzərdən keçirmədən dərindən dərk etmək mümkün deyildir. Bu münaqişə XX əsrin son onilliklərində dünyada baş verən hadisələrin və gedən proseslərin mühüm məqamlarından biri olmaqla ümumdünya əhəmiyyət daşıyırdı. Milli münasibətlər zəminində törədilmiş, milli don geydirilmiş bu qarşıdurma əslində dünyada başlamış nəhəng bir prosesin gözə görünən tərəflərindən biri idi. Təbiidir ki, bu münaqişənin səbəblərinin milli münasibətlər sferasında axtarılması diqqəti onun başlıca maraq və hədəflərindən uzaq salırdı.
Minsk Qrupunun fəaliyyətinə münasibətdə fərqli baxışları müşahidə etmək mümkündür. Onun fəaliyyətində mövcud olan qeyri-adi gedişlər, onun aktiv pozisiyada olmasına baxmayaraq, süstlük, köməksizlik təsiri bağışlaması ona olan baxış bucağının düzgün olmadığından xəbər verir. Minsk Qrupu bəyan edilmiş prinsiplər çərçivəsində və normal məntiqə uyğun fəaliyyət göstərsəydi, onun az və ya çox miqdarda əldə etdiyi nəticələr ondan olan gözləntilərə uyğun olmalı idi. Bu nəticənin mənfi və ya müsbət olmasından asılı olmayaraq, görülən işi müşahidə etmək və dəyərləndirmək mümkün olardı. Lakin reallıqda tamamilə fərqli bir mənzərənin şahidi oluruq.
Məsələ ondadır ki, əslində Minsk Qrupunun görünən və görünməyən, rəsmi şəkildə bəyan edilən və gizli saxlanılan real məqsədləri atılan hər bir addımda fərqli nəticələrə malikdir. Münaqişə tərəflərinin birbaşa gözləntiləri baxımından hay- küylə təlqin edilən, sabun qovuğu kimi boş nəticələr birinci hal üçün xarakterikdir. İkinci tərəf üçün əldə olunan nəticələr və təmin olunan maraqlar arxa planda olsa da, realdır və münaqişənin tərəflərinin qayğı və problemlərindən, başlıcası isə, maraqlarından çox-çox uzaqdır.
1988-ci ildə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başlayan Ermənistan Qarabağ münaqişəsinə təkan verərkən əsas gətirdikləri səbəblərdən tutmuş real tarix kimi təqdim edilən faktlara qədər bütün məqamların qondarma olması hər kəsə bəlli idi. Məsələ ilə daha yaxından məşğul olan siyasətçilər və elmi ictimaiyyət onun gətirilən dəlillərlə heç bir əlaqəsi olmadığını çox gözəl bilirdilər. Dağılmaqda olan SSRİ-nin və digər sosialist dövlətlərinin ərazilərində demək olar ki eyni ssenari ilə və eyni səbəb üzündən qızışdırılmış münaqişələr dünyanın taleyini həll edən və hegemonluq uğrunda mübarizənin ən qızğın mərhələsinə daxil olan dövlətlər tərəfindən birmənalı şəkildə qəbul edilir-di. Başlanmış bu nəhəng oyunun iştirakçıları həmin münaqişələrin səbəbləri, spesifik xüsusiyyətləri, kimin haqlı, kimin haqsız olması haqqında kifayət qədər məlumatlı idilər.
Bütün hallarda torpaqları təcavüzə məruz qalmış Azərbaycanın vəziyyəti, onun can atdığı məqsədləri dəyişməzdir. Problem isə onu bu münaqişəyə sürükləmiş qüvvələrin məqsədlərinin müxtəlifliyindədir. Bu halda Ermənistan sifariş yerinə yetirən və bunun müqabilində mükafat gözləyən mövqeyində çıxış edirdi. Ermənistanın öz xalqının mənafeyini öz şəxsi maraqlarına qurban verən, bu xalqı avantürist bir siyasətin girovuna çevirən siyasi elitası onu iflasa aparır. Qəribə isə budur ki, bunu günbəgün daha əyani şəkildə hiss edərək dərk edən Ermənistan əhalisi də qon-darma ideyalarından imtina edə bilmirlər. Bu isə onların uzun zaman şovinist-millətçi ideyaları ilə zəhərlənməsi ilə bağlıdır. Digər tərəfdən, görünür yolunda hər şeylərini itirdikləri məqsəddən imtina çox çətindir.
İqtisadiyyatı iflasa uğramış, əhalisinin böyük hissəsi xaricə emiqrasiya etmiş Ermənistanın öz inadından əl çəkməməsi, atəşkəsi pozmaqda davam etməsi, danışıqlar prosesində inadkarlıq göstərərək Qarabağda yaranmış status-kvonu saxlamağa çalışması və buna hələ ki nail ola bilməsi xeyli mətləblərdən xəbər verir. Belə bir avantürist dövlətin şıltaqlıqlarına demokratik dünyada göz yumulması artıq təəccüb doğurmur, bu vaxta qədər formalaşmış inamı təsdiq edir.
Məsələnin maraqlı cəhəti Ermənistanın təcavüzkar siyasəti deyildir. Bu artıq hər kəs üçün daşa düşülən həqiqətdir. Gec də olsa, demək olar ki, bütün dövlətlər bu faktı qəbul edir. Əsas problem təcavüzkarın açıq və ya gizli şəkildə dəstəklənməsi onun özbaşınalıqlarına beynəlxalq təşkilatlar tərəfindən göz yumulmasıdır. Məlum olduğu kimi bu münaqişədə Ermənistan beynəlxalq hüquq norma və prinsipləri kobud şəkildə pozur. Birləşmiş Millətlər Təşkilatı, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatların normativ hüquqi sənədlərində təsbit olunmuş dövlətlərin sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, dövlətlərin daxili işlərinə qarışmamaq, münaqişəli məsələlərin həllində güc tətbiq etməmək və güclə hədələməmək və s. kimi mühüm prinsipləri ko-bud şəkildə pozulmasına baxmayaraq hələ də təcavüzkar öz adı ilə adlanmır. Münaqişə tərəflərinin hər birinin öz mahiyyətinə görə adlandırılmaması, kimin təcavüz edən, kimin təcavüzə məruz qalması məsələsinin diqqətdən yayındırılması, onların münaqişə tərəfləri kimi eyniləşdirilərək, qarşılıqlı güzəşt etməyə dəvət olunması Minsk qrupunun məsələni həll etməkdən daha çox onun uzadılmasına çalışması anlamına gətirir. Onların irəli sürdükləri sülh planları və barışıq prinsipləri bu mövqe üzərində qurulduğundan reallıqdan çox-çox uzaqdır və son məqamda arzuolunan sülhə aparmır.
Münaqişə tərəflərinə zaman-zaman təklif olunan kompromisə getmək təkliflərinin istinad anlamı da təəssüf doğurur. Təcavüzə məruz qalmış, ərazisinin 20 faizi işğal olunmuş Azərbaycana təkcə Qarabağın dağlıq hissəsini deyil, bütün Qarabağın əksər ərazilərini işğal edərək əsarət rejimi yaratmış Ermənistanla kompromisə getmək təklif edilir. Kimin nəyi güzəştə getməsi bu anda gülüncdür və heç bir beynəlxalq normaya sığmır. Məsələnin qoyuluşu kökündən səhvdir. Qoşunu Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan beynəlxalq danışıqlarda münaqişə tərəfi kimi iştirak etsə də, onun təcavüzkar olması sənədlərə daxil
edilmir. Əgər Minsk Qrupu və onun həmsədrləri münaqişənin başlıca faktlarını birmənalı şəkildə müəyyənləşdirmirsə, konstruktiv sülhdoğurucu fəaliyyətdən söhbət gedə bilməz.
Minsk Qrupunun və onun həmsədrlərinin Qarabağ münaqişəsinin mahiyyətinə, onun tərəflərinə münasibətdə nümayiş etdirilən ikili standart mövqeyi ən xırda detallardan tutmuş qlobal məqamlara qədər hər bir məsələdə daim müşahidə edilir. Faktların təhrif olunaraq dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın fasiləsiz törətdiyi özbaşınalıqlara göz yumulması, Qarabağdakı işğalçı qondarma rejimə dəstək verilməsi, konkret təkzibedilməz özbaşınalıqlarına qeyri-ciddi yanaşılması və sair çoxsaylı məqamlar onların fəaliyyəti haqqında haqlı olaraq mənfi fikrin yaranmasına, ona edilən ümidlərin əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb olur. Şübhəsiz, həmsədrlər nə etdiklərini və hansı nəticələrə və necə can atdıqlarını özləri çox gözəl bilirlər. Lakin unutmaq olmaz ki, onların həll etməli olduqları problem təkcə regionun deyil, bütün dünyanın təhlükəsizliyində əhəmiyyət kəsb edən bir məsələdir. Münaqişədə təcavüzkarın cilovlanmaması, onun beynəlxalq hüquq norma və prinsiplərini pozmasının qarşısının alınmaması bu gün dünyanın hər yerində baş qaldıran terrorizmin genişlənməsinə zəmin yaradır, beynəlxalq norma və prinsiplərinə ağır zərbə vurur.
Dünyanın hegemon dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatlarının region ölkələrinə, onların bu və ya digər məsələlərinə münasibətdə tutduqları ikili standart mövqeyi təkcə Qarabağ münaqişəsinə və onun həlli problemlərinə münasibətdə nümayiş etdirilmir. Azərbaycan gücləndikcə, dünyada öz mövqeyini möhkəmləndirdikcə zaman- zaman haqsız ittihamlarla üzləşməli olur. Lakin onun ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi konstruktiv xətt, onun dünyanın qlobal problemlərində iştirakını və əhəmiyyətli rolunu gücləndirməsi dünya dövlətlərinin və beynəlxalq təşkilatlarının mövqeyində pozitiv irəliləyişə şərait yaradır. Belə bir tendensiya onu deməyə əsas verir ki, Azərbaycanın mövcud problemlərinin həllinin və dünyada mövqeyinin güclənməsi onun mövqeyinin günbəgün möhkəmlənməsi ilə bağlıdır.


Qeydlər:

1. http://www.un-az.org/doc/bmtnizam.pdf
2. Независимая газета 23 11 1999
3. http://www.osce.org/ru/mc/39520
4. http://www.osce.org/ru/mc/39505?download=true
5. http://evolutio.info/content/view/156/38/
6. http://www.osce.org/ru/mc/39543?download=true
7. http://www.azhumanrights.az/az/analytics/440-beyn399lxalq-h220quq.html


Müəllifin digər yazıları

  1. YENİDƏNQURMA DÖVRÜNDƏ SSRİ-də ALKOQOLİZMƏ QARŞI MÜBARİZƏ VƏ ONUN NƏTİCƏLƏRİ HAQQINDA
  2. Qarabağ münaqişəsinin nizamlanmasının başlıca maneələrindən biri mövcud status-kvodur
  3. AZƏRBAYCANLI “ZİYALININ” ERMƏNİSAYAĞI GEDİŞLƏRİ
  4. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik tarixində
  5. Ermənistanda dəyişikliklər nə vəd edir?
  6. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən
  7. 2017-ci il: gözləntilər və nəticələr
  8. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  9. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  10. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  11. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  12. AZƏRBAYCAN RESPUBLİKASI 25
  13. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  14. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  15. Qarabağ problemi son hadisələr işığında
  16. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  17. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  18. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  19. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  20. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  21. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  22. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  23. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  24. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  25. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  26. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  27. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  28. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  29. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  30. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  31. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  32. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.985 san