14:10 02 Dekabr 2014
17876 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

Həsən bəy, Allah sənə rəhmət eləsin!

   "Dəbistan" Azərbaycan uşaq mətbuatının ilkidir. "Dəbistan" fars sözüdür, "ibtidai məktəb, mədrəsə" deməkdir.

   "Dəbistan"ın ilk  nömrəsi 1906-cı ilin aprel ayının 16-da çıxmışdır. 1906-cı ildə "Dəbistan" 17 dəfə yeni nömrələri ilə oxucuları mütaliəsinə təqdim olunmuşdur. 1907-ci il yanvarın 14-də 18-ci nömrəsi çıxandan sonra ""Dəbistan" yanvarın 26-dan yeni nömrə ilə  çıxmışdır:
    26 yanvar  1908 -ci il,N 1
   07 fevral    1908 -ci il, N 2
   21 fevral    1908- ci il, N 3
   06 mart      1908- ci il, N 4
   26 mart      1908 -ci il, N 5
   06 aprel     1908- ci il, N 6
   26 aprel     1908- ci il, N 7
    04 iyun       1908-ci il, N 8
    
  İyunun 4-də -8-ci (24)  nömrəsi çıxandan sonra "Dəbistan" öz  fəaliyyətini dayandırmışdır. 28 noyabr 1907-ci ildə Həsən bəy Məlikzadənin (Zərdabinin-N.N.) vəfatından sonra "Dəbistan"nın ehyası (yenidən bərpası-N.N.) üçün müəllimlərdən  15  nəfərlik bir heyət təşkil olunmuş, onların xitabnaməsi "İrşad" qəzeti vasitəsilə (N5,1908-ci il) oxuculara ünvanlanmışdır. Bu xitabnamənin altıncı fəslinə görə 1908-ci il martın 10-dan toplanacaq paylar əsasında "Dəbistan”ının nəşrini bərpa etmək arzu olunurdu.

15 nəfərlik müəllim heyətinin xitabnaməsi “İrşad” qəzetində çap olunandan iki ay sonra - 1908-ci il martın 10-da "Dəbistan"ın məxsusi bir nömrəsi ilə oxuculara çatdırılmışdır. Bu nömrə bütövlükdə Həsən bəy Məlikzadəyə həsr olunmuşdur.
 8 aylıq fasilədən sonra "Dəbistan"nın bu nömrəsinin meydana gəlməsinin səbəbi jurnalın sonuncu nömrəsinin sonuncu-16-cı səhifəsindəki bir yazıdan məlum olur.

Mətləbdən xali olmadığı üçün oxucuları “Dəbistan” jurnalının yaradıcı heyəti ilə tanış etmək istəyirəm.

  "Dəbistan"ın  naşiri və redaktoru Əlisgəndər  Cəfərzadə (14 otyabr 1875-ci il- 28 yanvar 1941-ci il) idi. O, 1887-1890-cı illərdə Bakıda rus-tatar məktəbində oxumuş, 1897-ci ildə mötəbər müəllimlərindən təşkil olunmuş xüsusi komissiya qarşısında imtahan verərək, türk dili ( Azərbaycan dili-N.N.) müəllimiyinə əsas verən şəhadətnamə almış, Bakının bir sıra məktəblərində ibtidai məktəb müəllimi işləmişdir.Müəllim işləyə-işləyə "Nəşri-maarif  cəmiyyəti"ndə katib( 1906-1918), Azərbaycan Xalq Maarif Komissarlığında nəşriyyat şöbəsinin müdiri (1920-1924)vəzifəsində çalışmışdır. Təəssüf ki, Ə.Cəfərzadənin Azərbaycan  Xalq Maarif Komissarlığındakı böyük maarifçilik  fəaliyyəti hələ   öz elmi təddiqini tapmamışdır. Təkcə bu faktları yada salaq ki,Ə.Cəfərzadə  komissarlıqda işləyərkən "Maarif" adlı uşaq  jurnalın yaradıcılarından biri kimi təhsil tariximizdə bu gün belə əhəmiyyətini itirməyən əzəmətli  işlər görmüşdür."Maarif" jurnalı əslində  1923-cü ildə nəşrə başlayan "Maarif və mədəniyyət" jurnalının sələfidir. Cəmi iki nömrəsi çıxmışdır. "Maarif" jurnalının  bu  iki nömrəsində qaldırılan  önəmli elmi,pedaqoli və ədəbi məsələlər  o vaxtlar Xalq Maarif Komissarlığının təklifi ilə Türkiyədən  Bakıya maarif sahəsində işləməyə dəvət edilmiş Mühiddin Birgin, Halıl  (Xəlil) Fikrət,İsmayıl Hikmət, Mühibbə Hikmət, Fuad Köprülüzadə , eləcə də onlardan dərs alan milli ziyalılarımız tərəfindən uğurla davam etdirilmışdir. 1925-ci ildə cəmi bir nömrəsi çıxan "Məktəb məcmüəsi" məcmuəsində (dərgi və jurnalında -N.N.) Əlisgəndər Cəfərzadə və   onun  yaxın əqidə və məslək dostları- S.M.Qənizadə,Q.P.Mirzəzadə,A.İsrafilbəyli,C.Cəbrayılbəyli, Abdulla Şaiq, K.İsmayılzadə  və  başqaları   uşaqların elmi və bədii  zövqünün formalaşmasında  dövrün tələblərinə cavab verən səmərəli işlər görmüşlər. 

 “Dəbistan “ jurnalında Məhəmmədhəsən Əfəndizadənin  (1886-1918) xidmətləri də yaddan çıxmamalıdır.
  Əli bəy Hüseynzadə 1906-cı il aprelin 27-də "Həyat" qəzetinin 91-ci nömrəsində dərc etdirdiyi "Molla Nəsrəddin" və "Dəbistan"  adlı  məqaləsində millətin tərəqqisi yolunda  məktəb təhsilinin vacibliyindən söz açırdı.
  Əli bəy Hüseynzadə    Azərbaycanın və bütövlükdə Şərqin türk-müsəlman əhlini qoz ağacının möhkəm kötüyünə,  mərmər daşına, qranit qayasına bənzədərək deyirdi ki, qoz ağacının kötüyündən qəşəng mebel, qapı-pəncərə, bəzək əşyaları, mərmərdən əzəmətli binalar, yaraşıqlı abidələr, qranitdən fundamental heykəllər düzəltmək olur, lakin bu incə, zərif, zövqoxşayan sənət əsərlərini yaratmaq üçün bacarıqlı, bütün ömrünü bu işə həsr edə bilən ustalar, yəni ziyalılar gərəkdir.
  Əli bəy Hüseynzadə belə "sənət abidələri" yaradılmasına uşaqların təlim-tərbiyəsindən başlamaq lazım gəldiyini bildirirdi. Onun sözlərinə görə, uşaq vaxtı kəsb olunan elm daşa nəqş olunmuş şəkil kimi əbədidir. Uşaqlıq dövrü keçəndən sonra cəhalət və qəflətin qarşısını almaq mümkün olmur. Körpə, yaş ağacı hər cür formaya salmaq, əymək, düzəltmək, istiqamətləndirmək asandır, qurumuş ağacı isə yalnız yandırmaqla düzəltmək mümkündür. Bu baxımdan uşaqlar üçün nəzərdə tutulmuş "Dəbistan" jurnalı yaş ağacları, yəni uşaqları düzgün yola istiqamətləndirməklə, "Molla Nəsrəddin" məcmuəsi isə quru ağacı - böyükləri "yandırmaqla" məşğul idi. Dövlət idarələrində çoxlu sözü keçən dostlarının olmasına baxmayaraq,  Əlisgəndər Cəfərzadə "Dəbistan"  jurnalını  nəşrinə razılıq almaq  üçün  bir sıra çətinliklərlə qarşılaşır.  O, Bakı şəhər rəisinə yazdığı  ərizəsində müsəlman məktəblərində təhsil  alanlar üçün   vaxtaşırı nəşr olunan mətbu orqanın olmadığını xatırladır və  müsəlman uşaqları üçün  Azərbaycan dilində "Dəbistan" adlı  müsəvvər(şəkilli) bir jurnalın nəşrini  faydalı   hesab edirdi. 

  Nəhayət,"Dəbistan"ın nəşrinə icazə verilir.

   "Dəbistan" başlığı altında - onun iki həftədə bir dəfə nəşr olunan, millətin tərəqqi və təkamülünə xidmət edən müsəvvər (şəkilli-N.N ) jurnal idi. Jurnalın idarəxanəsi Hacı Zeynalabdin Tağıyevin Bakıda Nikolayev küçəsindəki binasında yerləşirdi. Jurnalın oxuculara ünvanlanan, ön söz sayıla bilən sütununda "göndərilən yazıların sadə türkcə olmaları təmənna olunurdu". Bu xahiş və göstərişə "Dəbistan"ın, demək olar ki, bütün yazarları əməl etmişdilər.

Jurnalın üz qabığında üç rəsm əsəri kollaj edilmişdi. Rəsmlərin ikisində rəsm müəllifilərinin adına işarə vardır. Adını hələ aça bilmədiyimiz P.M. və V.S kriptoqramları şəkillərdə (burada ad və soyadlarının baş hərfi) aydın görünür. Bu rəssamlardan birinin çəkdiyi şəkillərin birində məscidin önündən keçərək nəvəsini məktəbə aparan nurani bir qoca ilə qoltuğunda dəftəri olan nəvə təsvir edilib. İkinci şəkildə yeni məktəbə aid atributlar göstərilir. İki rəsmin ortasında üfüqdən boylanan günəş və onun ərtafa saçdığı şüalar, bu şüaları örtməyə, qarşısını kəsməyə qüdrəti çatmayan buludların təəssüratı yaratmağa xidmət edən görüntüləri verilib.
Jurnalın nömrələrindəki səhifələrin sayı fərqlidir.
Hər səhifə iki sütuna bölünüb, hər sütunda isə 30 sətirlik material yerləşdirilib. "Dəbistan" jurnalında klassik ədəbiyyatın öyrənilməsinə aid bir çox materialların işıqlandırılması bu mətbu orqanın dərs vəsaiti rolunu oynamasını göstərir. Bu silsilə məqalələrin bir neçəsinin müəllifi Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər İnstitutunda müəllim işləyən F.Köçərli idi. İmzası imzalar içində yavaş-yavaş tanınmağa başlayan M.Hadi də "Dəbistan"nı öz şeir və tərcümələri ilə rövnəqləndirirdi.
  Həsən bəy Zərdabinin jurnalda çap olunmuş yazılarından, təbiət mövzusunda yazdığı elmi-populyar oçerklərindən bu günün biologiya və zoologiya müəllimləri çəkinmədən istifadə edə bilərlər. "Tarixi-təbii" başlıqlı bu yazılar məktəb yaşlı uşaqların dünyagörüşünün daha mükəmməl şəkildə formalaşdırılmasında mühüm rol oynaya bilər.
Jurnalın nəşri çox da uzun sürmür və son nömrə 1908-ci il mart ayının 10-da nəşr edilir. Jurnalın çap olunmasında əsas məqsəd uşaqları maarifləndirmək, onlarda biliyə maraq oyatmaq, elmin müxtəlif sahələri, o cümlədən Azərbaycan və dünya ədəbiyyatı nümunələri ilə tanış etmək idi. Jurnal təlim-tərbiyə işində ailəyə kömək məqsədi ilə "Valideynə məxsus vərəqə" adlı əlavə ilə nəşr olunurdu. Burada uşaqların tərbiyə olunması haqqında valideynlərə tövsiyələr verilirdi. Jurnalın ilk sayının baş məqaləsində valideynlərə müraciətdə bildirilirdi ki, sinifdənxaric oxu və elmi cəhətdən faydalı olan məqalələrin, hekayələrin, tapmaca və bilməcələrin oxunması uşaqlar üçün çox faydalıdır.
"Dəbistan" jurnalında dövrün tanınmış ziyalıları və yazıçılarının imzalarını görmək mümkün idi. Jurnalda təhsil məsələləri ilə yanaşı, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, görkəmli şəxsiyyətlər, yazıçılar haqqında, elm və texnika aləmində baş verən ən son yeniliklər, coğrafiya, fizika, heyvanat aləmi və s. haqqında yazılar dərc olunurdu.
Redaksiya heyəti jurnal dilinin sadə, xalqa yaxın olmasına çalışır, dil haqqında məqalələr dərc edir, çap olunan əsərlərdəki əcnəbi sözlərə aid lüğət və hər nömrəyə dair mündəricat verirdi. Məşhur yazarlar da uşaqlar üçün yazdıqları əsərləri nəşr olunmaq üçün jurnala göndərirdilər. Ə.İ.Cəfərov böyük satirik şair Sabirlə görüşlərin birində ona müraciət edir ki, "Dəbistan"a töhfə kimi məktəbə dair bir şeir yazsın. Sabir dərhal stolun üstündən kağızlardan birini götürüb, cibindən karandaşını çıxarır. Əlüstü "Məktəb şərqisi" şeirini yazır və bu şeir "Dəbistan"ın növbəti nömrəsində dərc olunur. Bundan başqa, jurnalda S.M.Qənizadənin, H.Zərdabinin və bir çox başqa ədib və yazarların uşaqlar üçün əsərləri, rus ədiblərindən İ.Krılovun, A.Puşkinin, L.Tolstoyun əsərlərindən tərcümələr dərc olunurdu.
"Dəbistan"ın naşir və redaktorları Azərbaycanın məktəb tarixində özünəməxsus yeri olan ibtidai sinif müəllimləri Əliisgəndər Cəfərzadə (1875-1941) və Məhəmmədhəsən Əfəndizadə (1886-1918) idi. Bir müddətdən sonra naşir və redaktorluq işini Ə.Cəfərzadə təkbaşına görür. "Dəbistan"ın ətrafına bir çox ziyalı adamların, məktəb müəllimlərinin toplanması bu mətbu orqanı aydınların tribunasına çevrilir.
H.Zərdabi, S.M.Qənizadə, S.S.Axundov, A.Səhhət, M.Hadi kimi görkəmli işıqlı fikir adamlarının "Dəbistan"dakkı çıxışları dərginin əhəmiyyətini xeyli artırmışdı.
 M.Ə.Rəsulzadənin “Dəhnamə”yə münasibəti  də diqqəti cəlb edir.  O,"İrşad" qəzetinin 7 dekabr 1906-cı il sayında yazırdı: "Məlum olduğu üzrə şəhərimizdə uşaqlara məxsus ayda iki dəfə nəşr olunan "Dəbistan" jurnalı 7 aydır ki, nəşr olunur. Demək olar ki, "Dəbistan" Rusiyada, bəlkə də aləmi-islamda əvvəlinci jurnaldır. Doğrudur, Türkiyədə "Cocuqlara məxsus qəzetə" çıxır, lakin Sultan Həmid tərzi idarəsinin senzurundan keçən bu jurnal boş müqəvvadan ibarət qalmışdır...
Biçarə müdir həmi yazıçılıq ediyor, həmi təshih qılır, həmi poçta gediyor, həmi abunəçilərin adreslərini yazıyor, həmi də öz cibindən əlavə olaraq zərər qoyur. İştə baxın qardaşlar, insaf eləyin, bu rəvamıdır? Rəvamıdır ki, biçarə müəllim bu qədər cəfa və bəla çəksin, bu qədər əziyyətlərə qatlaşsın, nəhayətdə də kamali-yəs və ələm ilə güc-bəla düzələn, surətə düşən gözəl bir işi bağlasın getsin?!
Nədir bu ey müsəlman qardaşlar!! Bu nə bətalətdir, bu nə kəsalətdir, bu qədər himmətsizlik olarmı ki, bizdə var...
Siz də ey atalar! Həmiyyətə gəliniz, nahaq yerə xərclədiyiniz pulların bir cüzisindən cüzisi də öz övladınız tərbiyəsində məsrəf edib bu jurnalı bağlanmağa qoymayınız! Kömək ediniz, 3-4 manata qızırqanıb daldasında yatmayınız".
İki illik fəaliyyəti  dövründə "Dəbistan" jurnalı maddi problemlərlə üzləşir.  Ə.İ.Cəfərov artıq bağlanmaq ərəfəsində olan jurnalın axırıncı sayında yazırdı: "Oxucular, bəllidir ki, jurnalın axırıncı nömrəsi artıq gecikir. Mən işimi lazımi səviyyədə aparıram, bütün müsəlman əhalisi mənim işimə deyil, "Dəbistan"ın artıq qaçılmaz olan ölümünə, vəfatına acıyırlar. Bütün müsəlman cəmiyyəti dərin yuxudadır, hərəkətsizdir və çox baha da olmayan qəzeti almağa qadir deyildi. Və mən məcburiyyət qarşısındayam ki, öz həmvətənlərimin yuxudan oyanmasını gözləyim. Mən dərin təəssüflə öz istəkli balamın - "Dəbistan"ın həyatını bağlayıram. Tərəqqiyə gedən yolu dəstəkləmək asandır, ancaq onu yenidən bərqərar etmək çətindir".
  Sabir "Dəbistan" jurnalının fəaliyyətini dayandırması ilə bağlı acı təəssüf hissi ilə bu şeiri yazmışdı:

Əlminnətü-lillah ki, "Dəbistan"da qapandı!
Bir badi-xəzan əsdi, gülüstan da qapandı!

"Dəbistan"ın maddi vəsait ucbatından bağlanması  bütün maarifçi təbəqəni məyus edir. Bu münasibətlə "Molla Nəsrəddin" jurnalında Cəlil Məmmədquluzadənin "Qızdırmalı" imzası ilə   də bir yazısı çap olunmuşdu: "Bir il bundan qabaq sən başlayırdın "Dəbistan" jurnalı çıxartmağa və məndən məsləhət soruşdun. Yadındadır, mən sənə nə dedim? Yoxsa yadından çıxıb? Həyə  (əgər-N.N.) yadından çıxıb, qoy yadına salım: Mən sənə dedim: "dəli olma". Sən dedin: "yox, "Dəbistan" çığardacağam". Mən sənə dedim: "Başına soyuq dəyib?". Sən dedin: "yox, çıxardacağam". Mən sənə dedim: "Görükür ki, çox pulun var". Sən dedin: "Yox, çıxardacağam.
 Sonra sən mənə dedin "pəs nə qayırım?".
 Mən sənə cavab verdim ki, dedim ki,  "həyə istəyirsən müsəlman içində bir qazanclı iş başlayasan, bir qədərpul götür, özünü ver Zəngəzur  və  Qarabağ aclarının içinə,adını qoyHacı Əli İsgəndər və ac kəndlilərə  beş manat ver,on beş manatlıq rüccət   (“rüxsət”kimi də oxumaq olur-N.N.)  al və bir il çəkməsin ki, Qaracadağın anbar sahibi  mollasından da dövlətli ol".
  Sən dedin "yox "Dəbistan" çıardacağam ki, məktəb uşaqları oxusunlar, və qabağa gəlsinlər".
  Mən sənə dedim "sən sərsəmləyibsən"...
  İndi, dadaş, keyfin necədi? Gətir görüm neçə müştərin var? De görüm, neçə müsəlman şagirdi sənin "Dəbistan"ını oxuyur? Gətir görüm, hanı "Dəbistan"ının qədrini bilənlər?
Mən sənə demədimmi "biz müsəlmanlara "Dəbistan"-zad lazım deyil? Və bir də indi hələ xalqdan nə istəyirsən? Hələ- indi ki yaydı: qovun-qarpız vaxtıdı, nə "Dəbistan"bazlıqdı?.." ( "Molla Nəsrəddin" jurnalı,N 25, 8 iyul 1907-ci il).

                           ***

  Mövzuya aydınlıq  gətirməkdən ötrü  söylədiyimiz bu qeydlərdən sonra   oxuculara “Dəbistan”ın 1908-ci ildəki birinci, xronoloji baxımdan 25-ci  nömrəsinin  biblioqrafiyasını təqdim edirik.

Birinci səhifədə jurnalın adı rus və ərəb əlifbası ilə yazılmış,nömrəsi(9-cu nömrə) ərəb rəqəmi ilə göstərilmişdir. Jurnalın bu nömrəsi 1326-cı il səfərül müzəffər ayının 20-də( miladi təqvimlə 10 mart 1908-ci il-N.N,) çıxmışdır.

  Jurnalın adının altında Həsən bəy Məlizadənin qoca vaxtlarının şəkillərindən biri verilmidir. Şəklin müəllifi  inisialı  P.M.  olan rəssamdır. Onun kimliyini müəyyənləşdirmək üçün apardığımız araşdırmalar heç bir nəticə vermədi. Hər halda axtarışlar davam etdirilməli,  Həsən bəyin fotodan fərqlənməyən bu şəklinə layiqli qiymət verilməlidir.Belə ki, ömrünün son illərində H.Zərdabinin  səhhətində  müəyyən problemlər yaranmış, lakin o, çətinliklərlə mübarizə aparmaq iqtidarında olmuşdur. Rəssam  oxucuların diqqətini  yayındıraraq,H.Zərdabini vüqarlı və qürurlu ziyalı kimi yaddaşlarda saxlaya bilmişdir.Şəklin altındakı “Mərhum  möhtərəm Həsən bəy Məlikzadənin təsviridir” yazısı da  dil və tanıtma baxımından maraqlı görünür. Jurnalın üz qabığındakı “ikinci sənə” (ikinci il-N.N.) sözləri  müsəlman təqviminə əsaslanır. Miladi təqvimlə “Dəbistan” öz nəşrini 3 il-1906,1907,1908-ci illərdə davam etdirmişdir.Jurnalın nüsxəsi 15 qəpikdir.

  II səhifədə  mərhum Həsən bəyin   son mənzilə yola salınma mərasiminin bir anı foto şəkli  vasitəsilə tarixə düşmüşdür. Şəklin altında bu sözlər yazəlmışdır:”Daş körpü tərəfdən  alınan  mərhum  Həsən bəyin təşiyyeyi-cənazəsinin mənzərəsidir”. Şəklin sağ tərəfindəki yazıdan məlum olur ki, bu şəkil “Dəbistan” məcmuəsinin  9-cu nömrəsinə əlavədir”.

 III səhifə məcmuənin ənənəvi səhifəsidir.Üç şəkil kollaj edilmiş, baba və nəvə (rəssam P.M.)üzlərini yeni üsullu məktəbin atributlarına –dəftər,qələm,qlobusa (rəssam V.S)  tutaraq, məscid tərəfdəki evlərindən məktəbə gedirlər. Bu səhifədəki ”uşaqlara məxsus iki həftədə nəşr olunan,əbnayi-millətimizin tərəqqi və təkamülünə xidmət edən müsəvvər türk jurnalıdır” sözləri də çox mətləbləri yada salır. Bu səhifədəki ilk yazı Ə.İsgəndərin qələmə aldığı  “Təracümül-əhval”dır.İkinci yazı Həsən bəyin  təşiyeyi-cənazəsi haqqındadır.Müəllifi ”S” imzası ilə göstərilib. Sonrakı yazı “Həsən bəyin türk millətinə xidmətləri”adlandırılmışdır. Müəllifi F.Ağazadədir. Sonuncu yazı “Dil  millətin həyatına  vasitədir”. Müəllifi S.Əbdürrəmanbəyzadədir. Dörd yazının hər biri  Həsən bəy Məlikzadənin mənalı və şərəfli həyatını müxtəlif cəhətlərdən əks etdirən  yarımbaşlıqlara bölünmüşdür.

 Jurnalın naşir və redaktoru Ə.Cəfərzadə yazısını “Məşahir” yarımbaşlığı ilə başlayır:”Həsən bəy Məlikzadə Zərdabi  keçən il noyabr ayının 28-də pəncşənbə günü  vəfat etdi.Bunun vəfatı bizim üçün  böyük bir müsibətdir.Çünki mərhum təmam  ömrünü millətinə  xidmət etməklə  və onun tərəqqisinə  çalışmaqla keçirib və köçürür idi. Əlbəttə, böylə bir zati- ali qədrin ölməgi  türk milləti üçün  böyük bir müsibət və yas  olacağı  şübhəsizdir. Mərhum çalışur idi.Fəqət nə yolda,nə üçün? Bu barədə digər mühərrirlərimiz  tərəfindən həmin  nömrədə  ayrı-ayrı məqalələrdə  müfəssələn zikr olunur.Burada isə mərhumun  tərcümeyi-halını yazmaqla  xətm-kəlam  edəcəyiz.

  Cümlə Qafqaz cəmaətinə və  Rusiya müsəlmanlarına  məşhur və məlum olan  Həsən bəy Məlikov  1841-ci ildə (Bu ili yadınızda saxlayın-N.N.) Zərdab kəndində təvəllüd ermişdir.(Bu tərkibi feli də yadda saxlayın.Mənə elə gəlir ki,”anadan olmuşdur” əvəzinə ,bu feili işlətmək daha münasib görünür-N.N.). Mühüm (çox güman ki, “mərhum” yazılmalı idi-N.N.) on beş yaşında  ikən atası onu 1852-ci tarixdə Qafqaz canişini  Varansov (Vorantsov-N.N.) tərəfindən  Şamaxıda açılan  məktəbə  qoymuşdur.O məktəbdə mərhum   təhsilə məşğul olub, ikmali-təhsil  etdigi  il, yəni 1859 sənədə  Qafqaz məkatib  müdiri baron Nikolay  Şamaxıya gəlib, haman məktəbin imtahanında  bulunmuşdur. Mərhum Həsən bəyməkatib müdirinin  hüzurunda fövqəladə  surətdə imtahan  verdigindən  müdir müşarileyh ( yuxarıda haqqında danışılan-N.N,) onu öz xərci ilə  Tiflis gimnaziyasında  oxutmağı istəmişsə də,mərhum Həsən bəyin böyük qardaşları  bu işə mane olmuşlar.Amma bir az sonra  mərhum Həsən bəyin  anasının anasının dayısı(əslində atasının dayisı olmalıdır-N.N.) ceneral( general—N.N.) Fərəc bəy Ağayev Tiflisdə sükunət etdiginə görə  böyük qardaşları  bunun Tiflisə getməginə razı olmuşlar. Mərhum Tiflisə gedərkən  orada gimnaziyanın  beşinci sinfinə  imtahan verib, qəbul olunmuşdur. Gimnaziyada ikmali-təhsil edib,(medal) nişan  ilə şəhadətnamə  alıb qurtarandan sonra  padşahlıq xərcilə Moskva Darülfünununa  qəbul olunmuşdur.Məzkur darülfünunda  dəxi 1869 sənədə ekmali təhsil  edüb, vətəni olan Qafqaza qayıtmışdır”.

“Dəbistan”da  Həsən bəyin  tərcümeyi-halının təqdimatında bir sıra anlaşılmazlıqlar var. Həsən bəy Məlikzadə Moskva Universitetində 1861-1865-ci illərdə oxumuşdur. O ki qaldı Həsən bəyin Vətənə qayıtmasına, burada bir məsələ diqqət mərkəzində saxlanılmalıdır. O vaxtlar belə bir qayda var idi ki,başqa yerə ali məktəblərə  oxumağa gedənlər mütləq təhsil aldıqları gimnaziyanın  yerləşdiyi şəhərə qayıtmalı idilər.H.Məlikzadə də Moskvadan Tiflisə gəlmişdi.

  Həsən bəyin Qafqaza qayıdandan sonra altı ay  yersiz qalması, bundan sonra  Bakı  Real  Məktəbinə  tarixi –təbiyyə müəllimi  təyin olunması faktında da bir sıra uyğunsuzluqlar var. Bəzi mənbələrə görə H.Məlikzadə Moskvadan Tiflisə qayıdandan sonra əvvəlcə  buradakı dövlət idarələrinin birində-mübahisəli torpaq məsələlərinə baxan”Mejovaya palata”da, sonra isə Qubada işləmişdir.

  Həsən bəyin tərcümeyi-halını öyrənmək üçün ən tutarlı mənbə faktlara əsaslanan arxiv materiallarıdır. H.Məlikzadənin həyat səhifələri Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində saxlanılan bir sıra materiallar  doğru-düzgün əks etdirir.(Bax: Fond 309,siyahı 1,saxlama vahidi 403).  Burada Həsən bəyin jurnalistik fəaliyyətini əks etdirən onlarla arxiv sənədi vardır.

  Əlisgəndər Cəfərzadənin  yazısında əminliklə  “H.Məlikzadə 1875-1876-cı tarixində  ... dövlətdən izn alıb, Rusiyada əvvəlinci müsəlman qəzetəsi olan  “Əkinçi” adlı bir qəzetə  nəşr etməgə başlamışdır “ yazsa da,materialların təqdimatında  xronoloji ardıcıllıq pozulmuşdur.  H.Zərdabi “Əkinçi” adlı qəzetin çapı üçün icazə ərizəsini 1873-cü il mayın 1-də yazmışdır.  (ARDTA,fond 309,siyahı 1,saxlama vahidi 584, vərəq 1,3.).

  Ə.Cəfərzadə yazısının sonunda “Əkinçi” qəzetində çap olunmuş bir neçə material haqqında məlumat verməklə H.Məlikzadənin jurnalistik fəaliyyətini “Dəbistan”ın oxucularına  çatdırır.

  Məcmuənin  ikinci məqaləsi mərhum Həsən bəy Məlikovun  noyabrın 29-da son mənzilə yola salınması haqqındadır:təşyi cənazəsi. Məqalə “S” imzası ilə yazılmışdır. Bu imza, çox güman ki, Həsən bəyi yaxından tanıyan, hələ 1890-cı illərdən onunla əqidə və məslək dostu olan Sultan Məcid Qənizadənindir.

Bu yazı Həsən bəy Məlikzadəyə göstərilən xalq məhəbbətinin əyani sübutudur. Cənazənin qabağında təqdim olunan şu şeylər əllərdə tutulmuşdu:

 1)Gimnaziya müəllimləri tərəfindən  mərhumun əl ilə çəkilmiş böyük şəkli

2)Bakı müsəlman müəllimləri tərəfindən gümüş cildli albom üzərində  qııl çərçubə içində mərhumun təsviri

3)”İrşad” qəzetəsi tərəfindən gözəl çiçəklər ilə bəzənmiş çarçubə1875-ci ildə  nəşr olunan “Əkinçi” qəzetəsinin bir nömrəsi

4)”Dəbistan”məcmuəsi tərəfindən cəmaətə paylanmaq üçün əlahiddə vərəqlərdə  mərhumun rəsmi

5)Bakı müsəlman dram dəstəsi tərəfindən  məxmər üstündə  gümüşdən qayrılmış  sənayei-nəfisənin  əlaməti olan lira.

  ...Cənazə müsəlman arasında görünməmiş  təntənə və dəbdəbə ilə  Qasım bəy məscidinə aparıldı. Orada iramayi-giram  mərhumun namazını əda etdilər.Namazdan sonra cənazəni məscidə aparıb, orada xətmi-Quran olununca  həyətdə natiqlər nitq söyləməyə başladılar...Mərhumi –möhtərəmi dəfn etmək üçün  Bakının yavuqluğunda olan  Bibiheybətə arardılar. Böylə   vücudun türbəsi  ziyarətgahi-irfan olacağı şübrəsizdir”.

  Bu yazıdakı faktların ən maraqlısı odur ki,Həsən bəyin yazıdakı portreti Bakı Gimnaziya müəllimləri tərəfindən çəkilmişdir. Deməli,  Həsən bəy Məlikzadənin şəklinin  əsas müəllifi kimi göstərilən  P.M-i  Gimnaziya müəllimlərinin arasında axtarmaq  lazımdır.

“Dəbistan”ın 9-cu nömrəsindəki  üçüncü məqalənin müəllifi müəllim Fərhad Ağazadədir.  Məqalədə Həsən bəyin türk millətinə etdiyi xidmətlərindən, müəllimlik fəaliyyətindən,müsəlman teatrının ,”Cəmiyyəti-xeyriyyə”nin banisi olmasından,mühərrir və qəzet sahibi olmasından ətraflı söz açılır. Yazıda ən maraqlı cəhətlərdən biri  Həsən bəy Məlikzadənin bütün səhifələrində  soyadsız, “Həsən bəy” kimi  təqdimatıdır.”Əkinçi” qəzetinin nəşr tarixini öyrənmək yolunda bu yazı tutarlı mənbə kimi diqqəti cəlb edir.

 “Dəbistan”ın 9-cu (10.03.1908-ci il) nömrəsindəki”Dil millətin həyatına bir vasitədir” məqaləsinin müəllifi  Süleyman bəy Əbdürrəhmanbəyzadədir. Cəmi 7 abzasdır. Yazı H.Məlikzadənin dilçilik görüşlərini öyrənmək baxımından  çox maraqlı görünür. Müəllifin  Həsən bəydən gətidriyi sitat ana dilinə qayğının ən bariz nümunələrindəndir:”İstiyorsunuzmu türk milləti yaşasın? Mədəniyyətli olsun? - Ona dil verin;türklər öz dillərini itiriblər.Sizin sözünüzü onlar anlamıyorlar.Onların dilini tapın, verin-onlar yaşasın,qabağa getsin!...”

  Jurnalın sonundakı  “Dəbistan” şirkətinə  dair” yazıda “Dəbistan” məcmuəsinin düşdüyü çətinliklərdən, onun  nəşrini davam etdirmək yolunda aparılan böyük işlərdən söz açılır.   Yazıdan məlum olur ki,”bir-iki ay bundan əqdəm( 1908-ci ilin yanvar –fevral aylarında  -N.N.)  “Dəbistan “əhyası üçün müəllimlərdən bir heyət  təşkil olunub möhtərəm “İrşad vasitəsilə cəmaətə, bir xitabnamə yazılmışdı. Xitabnamədəki   şəraitin altıncı fəslinə görə bu ilin mart ayınadək yüz pay satılsa idi,

 ” Dəbistan “ həman aydan çıxacaq idi. Məəttəəssüf bu vəqtədək ancaq qırx altı adam şirkətə daxil olmağa riza göstərdiyindən  böylə bir mühüm işə qədəm qoymaq  qeyri-mümkün olduğu  məlum oldu. Lakin “Dəbistan”ın əhyasına himmət edən heyət bu günlərdə bir ümumi məclis tərtib edib, bu barədə  müzakirə edəcəkdir”.

  Sonda şirkətə daxil olanların siyahısı verilmişdir.

  Göründüyü kimi, “Dəbistan”ın  sonuncu nömrəsi  bir qrup milli ziyalılarımızın maddi vəsaiti ilə çıxmış, onlar öz müəllimlərinə -  Həsən bəy Zərdabiyə öz  ləyaqət və ehtiramlarını bildirmişlər. 

 Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi,

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən

 ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi.

              İstifadə edilmiş ədəbiyyat siyahısı
 1.Axundov Nazim.Azərbaycanda dövri mətbuat.Bakı,1965.
 2.Əzizov Əbdül.Uşaqların sevimliləri. Bakı,1978.

3.Rüstəmov İzzət.Həsən bəy Zərdabi. Bakı,2012.

 4.Sadıqova Sevda Muradxan qızı."Dəbistan" uşaq  jurnalının dili.  Bakı, 1998. (f.e.n.almaq üçün yazılmış namizədlik dissertasiyası).
 5.Nəsrəddinov Nazim. Azerbaycan çocuk dergisi: "Debistan". Ankara,Haldun Cezayirlioğlu Koleksiyonu. 08 Ekim 2012-ci il. 
 6.Nəsrəddinov Nazim. Azərbaycan uşaq mətbuatının daşlı-kəsəkli yolu 
                                 və yaxud ucalan mərtəbələr. "Olaylar" saytı,08.10.2012-ci il.
 7.Nəsrəddinov Nazim. Azərbaycan uşaq mətbuatının "Dəbistan"dan başlanan daşlı-kəsəkli yolu və yaxud dərslik səviyyəli  jurnal.  "Strategiya.az" saytı
                                 

8.Tahir Aydınoğlu. Tarixi qədirbilənlik nümunəsi. “Dəbistan” (1908,N9) toplusunun  ərəb əlifbasından transfoneliterasiya edilmiş nəşrinə  yazılmış ön söz. Bakı,2012,səh.4-6.

9. ARDTA. Fond  309.siyahı 1,saxlama vahidi 584;

                      fond 309,siyahı 1,saxlama vahidi 403.

22.12.2012-ci il.


Müəllifin digər yazıları

  1. Testdən qəsdən danışmırıq
  2. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  3. Dərsliklərimizin halı və vəziyyəti
  4. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  5. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  6. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  7. Hırsızın gözü əlyazmalara düşdü
  8. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  9. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  10. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  11. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  12. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  13. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  14. Hacı Səid Əfəndi Ünsizadə-191
  15. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  16. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  17. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  18. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  19. Bir daha Ünsizadələr haqqında
  20. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  21. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  22. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  23. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  24. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  25. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  26. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  27. Bizə hansı elmlər lazımdır və yaxud ...
  28. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  29. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  30. Soyqırımı günündə dostumu itirmişəm
  31. Bu yaz bir başqa yazdır
  32. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  33. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  34. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  35. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  36. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  37. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  38. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  39. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  40. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  41. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  42. Dərgahdan başlanan yol
  43. Fikrin ifadə formalarından biri
  44. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  45. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  46. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  47. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  48. Təhsil tariximizin maraqlı səhifələri
  49. Təhsil tariximizdən maraqlı səhifələri
  50. Akademiklərin cərgəsindəki müəllim
  51. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  52. Mübarizə bu gün də var,sabah da...
  53. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  54. "Əkinçi" qəzeti-140
  55. Mustafanın Çanakkala məktubu
  56. Məktəbdə elm və texnologiya həftəsi
  57. Mübarizə bu gün də var, yarın da....
  58. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  59. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  60. Yazımızın tarixi-özümüzün tarixi
  61. Fikrət Sadıq -Dədə Qorqud
  62. Tədqiqatçı öz fikrində israrlıdır
  63. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  64. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  65. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  66. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  67. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  68. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  69. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  70. "Bağçasaraydan göndərilən məktub"
  71. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  72. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  73. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  74. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  75. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  76. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  77. Abdulla Şaiqin uşaq bağçası
  78. "Ziya"nın biblioqrafiyası
  79. Kasıblığın üzü qara olsun
  80. Bu gün M.Ə.Sabirin ad günüdür
  81. Keçən günə gün çatarmı ... - Fotolar
  82. Elmə yönələn yolun başlanğıcı - FOTO
  83. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  84. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  85. Ucundadır dilimin həqiqətin böyüyü ...
  86. İlk hesab dərsliyimiz
  87. Yusif Vəzirovun kölgədə qalan yazıları
  88. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  89. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  90. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  91. Dərslik, dərslik, yenə də dərslik...
  92. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  93. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  94. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  95. "ZİYA"lı ziyalı - Foto
  96. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Код информера готов: SELECTORNEWS - покупка, обмен и продажа трафика
Şərh yaz




Enter Code*:

Son xəbərlər
PARLAQ MƏFKURƏLİ İNSAN
14:24 20.12/2016
Tələsin insanlar...
11:06 23.11/2016
 
Xəbər başlıqları
20-01-2017
19-01-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.1179 san