08:16 13 Dekabr 2014
5204 dəfə oxunub
Çap versiyası
Vüqar Rəhimzadə
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Möhtərəm Prezidentimiz İlham Əliyev çıxışlarında daim diqqəti  Azərbaycanın müstəqillik tarixinə yönəldərək, bu fikri bəyan edir ki, möhkəm təmələ əsaslanan siyasət  gələcəyin aydın mənzərəsini yaradır. Dövlət başçısının müstəqilliyimizin yenidən bərpasının 20-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: «İyirmi il həm böyük, həm də çox da böyük olmayan müddətdir. İyirmi il ərzində çox iş görmək olar, heç nə görməmək də olar. Azərbaycanda son 17 ildə, müstəqilliyimizin birinci iki ilini çıxmaq şərti ilə, doğrudan da tarixi nailiyyətlər əldə edilmişdir. Bu gün danışdığımız bütün uğurlar bu müstəqilliyin nəticəsidir.» Bu fikirlər bir daha belə bir  reallığın təsdiqidir ki,  dövlət qurmaq, müstəqil, azad yaşamaq, gələcəyə böyük inamla irəliləmək  heç də bütün xalqlara  nəsib olmur. Hər bir dövlətin inkişafı, uğurları  siyasi lider amili ilə sıx bağlı olur.  Heydər Əliyev-Azərbaycan, eyni zamanda Azərbaycan-Heydər Əliyev ifadələri əbəs yerə qeyd olunmur. Çünki  istər Azərbaycanın tarixində, istərsə də xalqımızın yaddaşında  ümummilli lider Heydər Əliyev müstəqil, azad, suveren dövlətin simvolu kimi qalıb və qalacaqdır.  Dahi şəxsiyyət Heydər Əliyev bildirmişdir: «Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.» Məhz bu fonda aparılan təhlillər bir daha bu fikrin reallığa söykəndiyini təsdiqləyir ki, müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Müstəqilliyimizin ilk illərində yaşanan duruma diqqət yetirən hər kəs Azərbaycanın bu gün  iqtisadi möcüzələr ölkəsi kimi tanınmasından, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan seçilməsindən, dünya birliyinin fəal üzvünə çevrilməsindən, demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsindən ancaq və ancaq təəccüb hissi keçirir. Çünki Azərbaycan o illərdə «olum, ya ölüm» dilemması qarşısında qalmışdı.  Həmin illərdə ölkəmizə rəhbərlik edənlərin  savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlətin maraqlarından üstün tutmaları ucbatından Azərbaycan öz dövlət müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı.  Xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran, torpaqlarımızın bir-birinin ardınca işğalı və s. kimi  problemlər həmin dövrün səciyyəvi xüsusiyyətləri idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı hər zaman qeyd olunduğu kimi,  bu gün də  təkrarına böyük ehtiyac duyulan bu fikrin yaranmasına səbəb oldu- Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı azərbaycanlılara, azərbaycanlıları isə özünə qaytardı. Təbii ki, bu fikirdə böyük məna, bu günümüz və gələcəyimiz üçün xüsusi əhəmiyyət kəsb edən bir hikmət var.  Məhz ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində  Azərbaycanda dövlət müstəqilliyinin  əsasları gücləndirildi. Siyasi xəritədə  nüfuzu, önəmi bütün dünyada etiraf edilən  Azərbaycan adlı bir dövlət müstəqilliyini, varlığını  bərpa etdi. Ümummilli lider Heydər Əliyev bəyan etmişdir: « Azərbaycanın dövlət müstəqilliyi  əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır.»

Dövlətçilik tariximizdə  ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə, 1969-1982-ci illərdə də gördüyü işlər, atdığı biri-birindən əhəmiyyətli addımlar tarixi əhəmiyyət daşıyır.  Ulu Öndər inanırdı ki, Azərbaycan öz  müstəqilliyini bərpa edəcək,  azadlığına qovuşacaq. İnsanların daim arzusunda olduğu müstəqilliyin əldə olunacağına inandığı üçün o dövr üçün zəmin də hazırlayırdı. Gənclərin keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi,  C.Naxçıvanski adına  hərbi məktəbi yaratmaqla azərbaycanlı gənclərdən ibarət milli  zabit kadrların  yaradılması da bu məqsədə  xidmət edirdi. Ulu öndər Heydər Əliyev həmin illərdə  Bakıda və respublikanın bir çox rayonlarında  sənaye müəssisələrinin, zavod və fabriklərin açılmasını təmin etdi. Təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına nail oldu.  Lakin ölkəmizin belə təkamül yolu ilə qüdrətlənməsini istəməyən qüvvələrin mənfur siyasəti nəticəsində  görülən işləri tam başa çatdıra bilməyən Ulu Öndər Heydər Əliyev  istəklərini 1993-cü ildən sonra həyata keçirdi. Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı istədiyi səviyyəyə yüksəltdi. Dahi şəxsiyyət Heydər Əliyevin proqram xarakterli  «Biz öz daxili siyasətimizdə çalışırıq ki,  Azərbaycanın dövlət quruculuğu, cəmiyyətin  təşkil edilməsi və iqtisadiyyatın inkişafı dünya dövlətlərinin təcrübəsi əsasında olsun və beləliklə də, Azərbaycan Respublikası dünya miqyasında öz layiqli yerini tuta bilsin» fikri  görüləcək işlərin, müəyyənləşdirilən inkişaf konsepsiyasının   aydın mənzərəsini yaratdı.

Demokratikləşmə  dövlət siyasətinin  strateji  prioritetinə  çevrildi

 

1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan Milli Konstitusiyamız  insan hüquqlarının, fikir plüralizminin,  söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması  və inkişafına etibarlı  zəmin yaratdı. Sənəddə əksini tapan maddələrin üçdə iki hissəsinin insan hüquq və azadlıqlarının qorunmasına xidmət etməsi də bu diqqət və qayğıdan irəli gəlir. Ulu öndər Heydər Əliyevin  1998-ci ildə imzaladığı «İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» fərmanda,  «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı»nda ölkədə insan hüquqlarının qorunması, beynəlxalq standartlara uyğunlaşdırılması üçün  çox mühüm  icra mexanizmləri nəzərdə tutulmuşdur. Ümummilli lider Heydər Əliyev bildirmişdir: «Azərbaycan Respublikası öz həyatını demokratik prinsiplər əsasında  quraraq daim çalışacaqdır ki, insan hüquqlarının qorunmasına əməl edilsin.»

Hüquqi, demokratik cəmiyyəti azad mətbuatsız təsəvvür etməyin mümkünsüzlüyünü önə çəkən ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biri də məhz müstəqil mətbuatın inkişafı idi. Ümummilli lider  Heydər Əliyev müstəqil mətbuatın  inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Belə ki,  milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı bütün dövrlərdə demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. 1998-ci ildə mətbuata  dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə  azad, müstəqil mətbuatın  inkişafı üçün geniş  imkanlar açan ümummilli lider Heydər Əliyev   imzaladığı  sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin,  elektron KİV-lərin, jurnalist qurum və birliklərinin,  bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. Məhz bu diqqət və qayğının  bariz nümunəsi olaraq ulu öndər   2002-ci ildə «RUH»  Azərbaycan Jurnalistləri  Müdafiə Komitəsi tərəfindən «Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür. Ulu öndər Heydər Əliyev bildirirdi ki, bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir.  Açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı,  mətbuat azadlığının qarantı olduğunu bəyan edən ümummilli bildirirdi ki,  KİV-lərə qayğı davamlı və sistemlidir.

Dövlətin siyasətində  vətəndaş amilinin öndə dayanması atılan hər bir addımda özünü qabarıq şəkildə büruzə verir. Ulu öndərin «Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur» fikri də insan hüquq və azadlıqlarının qorunmasına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Seçkilərdə vətəndaşlara sərbəst seçim hüququnun verilməsi də bu qayğıdan  irəli gəlir. Ulu öndər Heydər Əliyev ölkədə keçirilən seçkilərin beynəlxalq standartlara uyğunluğunu  təmin etmək üçün ciddi səylər göstərdi, dünya təcrübəsinin tətbiqinin vacibliyini bəyan etdi. 2003-cü ilin mayında Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, həmçinin Avropa Şurası Venesiya Komissiyası ilə  birgə əməkdaşlığı sayəsində Seçki Məcəlləsinin qəbulu da buna əyani sübutdur. Sənəd ölkədə  prezident, parlament və bələdiyyə seçkilərinin beynəlxalq standartlara  uyğun keçirilməsini təmin edir. Bu fikir beynəlxalq ekspertlərin rəylərində də öz əksini tapır. Lakin  siyasətində daim yeniliyə, müasirliyə  önəm verən dövlətimiz  Seçki Məcəlləsinə də zaman-zaman dəyişikliklər edərək,  bu və ya digər yeniliklərin bu sənəddə  öz əksini tapmasına səy göstərir.

Bütün bunlar Azərbaycanın demokratiya yolunda inamla irəlilədiyinin təsdiqidir. Demokratiyanın qanunun aliliyinin, ictimai-siyasi sabitliyin mövcudluğu şəraitində inkişaf etdiyini önə çəkən dövlətimiz daim bu istiqamətdə təkmil qanunların qəbuluna və icrasına çalışır.  Bir faktı da böyük inam və qətiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycanın bugünkü inkişafına, demokratiya yolunun  işıqlı olmasına səbəb uğurlu daxili siyasət nəticəsində ölkəmizin   sabitlik diyarına çevrilməsidir. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, sabitlik olmasa, heç bir  inkişafdan, sosial-iqtisadi  proqramların icrasından söhbət gedə bilməz. Sabitlik bütün inkişafın təməlidir. Azərbaycanın demokratik  dəyərlərə sadiqliyinin bariz nümunəsi 2001-ci ilin yanvarında dünyanın nüfuzlu təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması oldu. Ulu öndər Heydər Əliyevin səyləri və qətiyyəti sayəsində  bu yolda  olan maneələr  aradan qaldırıldı, istər daxili, istərsə də xarici bədxahlarımızın  cəhdlərinin qarşısı alındı,  ölkəmiz bu quruma tamhüquqlu üzv qəbul olunmaqla  demokratik  prinsiplərə  sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini dünyaya nümayiş etdirdi. Ümummilli lider Heydər Əliyev AŞPA-nın ilk sessiyasında çıxışı zamanı bir daha bəyan etmişdir ki, Avropa Şurası Azərbaycana nə qədər gərəkdirsə, Azərbaycan da Avropa Şurasına bir o qədər lazımdır.  Azərbaycan kimi sabit, demokratik, dayanıqlı iqtisadi inkişafa malik  ölkə təbii ki, dünya üçün önəmlidir.

 

 «Əsrin müqaviləsi»: İqtisadi tərəqqinin əsası   

 

Azərbaycan daim yerləşdiyi çografi məkana, mailk olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Lakin bu diqqət və maraq ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra daha da artmağa başladı. Bunun da səbəbləri məlumdur. Müstəqilliyimizin ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi  Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Ümummilli lider  Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində ölkədə sabitliyin və normal biznes mühitinin yaradılması bu tərəddüdlərin aradan qaldırılmasına stimul verdi.  Ölkəmizə artan inamın göstəricisi kimi 1994-cü il sentyabrın 20-də tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft müqaviləsinin imzalanmasını qeyd etmək kifayətdir. «Əsrin müqaviləsi» Azərbaycanın bugünkü iqtisadi inkişafının təməli oldu. Ölkəmizin malik olduğu təbii resurslarından səmərəli istifadənin vacibliyini bəyan edən ulu öndər Heydər Əliyev eyni zamanda dünya təcrübəsinə istinadən bu fikri də bildirirdi ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına  iqtisadi tərəqqiyə nail ola bilməz.

Bir əsas məqamı da qeyd edək ki, «Əsrin müqaviləsi»nin imzalanmasından öncə  ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində  1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişi imzalandı. Bu saziş Azərbaycanın hər  bir sahədə inkişafını sürətləndirdi. Dövlətimiz bu addımı ilə eyni zamanda dünyaya sülh siyasətinə sadiq olduğunu bəyan etdi. Dövlət müstəqilliyimizin, suverenliyimizin qarantı olan  ordunun formalaşdırılması, möhkəmləndirilməsi üçün mühüm addımlar atıldı. Atılan addımlar ulu öndər Heydər Əliyevin bu fikirləri böyük qətiyyətlə  söyləməsinə əsas yaratdı: «Biz bu gün böyük iftixar hissi ilə deyirik ki,  Azərbaycan Respublikasının milli ordusu- respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin  etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi  üçün  Silahlı Qüvvələri vardır.»

İqtisadi tərəqqi hər bir sahədə uğurlu addımların atılmasını təmin etdi. «Əsrin müqaviləsi» Azərbaycana investisiya axınını sürətləndirdi. Ölkəmiz qısa müddətdə böyük investisiyalar məkanına çevrildi.  Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayı günbəgün artdı və bu imzalanan sazişlərdə aydın ifadəsini tapdı. Neftin Azərbaycan xalqının böyük sərvəti olduğunu bildirən ulu öndər Heydər Əliyev əldə olunan gəlirlərin  səmərəli, düzgün istifadə edilməsini təmin etmək məqsədilə 1999-cu ildə Dövlət Neft Fondunun yaradılmasının zərurət olduğunu bildirdi. Hazırda aktivlərinin həcmi 36 milyard dollardan artıq olan Dövlət Neft Fondu dövlət siyasətinin prioritetlərini müəyyənləşdirir. Fondun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafını təmin edir.

 

Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətənidir!  

 

Ulu Öndər Heydər Əliyev bildirmişdir: «Müstəqil Azərbaycanın  əsas ideyası azərbaycançılıqdır.  Hər bir azərbaycanlı  öz milli mənsubiyyəti ilə  fəxr etməlidir, biz azərbaycançılığı- Azərbaycanın dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik.»

Dünya azərbaycanlılarının həmrəyliyinin təmin edilməsi ulu öndər Heydər Əliyevi daim düşündürən məsələ olmuşdur. Qeyd edək ki,  31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə  qərar da ümummilli lider  Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisinin 16 dekabr  1991-ci ildə keçirilən sessiyasında qəbul olunmuşdur.

Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən ölkəmizin  bu gün əldə etdiyi siyasi və iqtisadi uğurlarla  yanaşı, özünəməxsus vətəndaşlıq həmrəyliyi fəlsəfəsi olan azərbaycançılıq konsepsiyası, bütün türk dünyasının birliyi ideyası,  Azərbaycan dili və ədəbiyyatı, milli-mənəvi, dini dəyərlərimiz, hüquqi dövlətin yaradılması, vətəndaş cəmiyyətinin formalaşması, dünya azərbaycanlılarının təşkilatlanması və s. bu kimi məsələlər göz önünə gəlir. Onun siyasətinin, fəaliyyətinin fəlsəfı kökündə  milli təfəkkür, milli şüur, milli düşüncə,   azərbaycançılıq məfkurəsi dayanırdı. Ulu Öndər Heydər Əliyev «Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, dinimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir» deyərək milli dəyərlərimizə, düşüncə və ideologiyamıza yeni çalarlar əlavə etmişdir. O, dünya azərbaycanlılarını bir ideya-azərbaycançılıq  ətrafında sıx birləşməyə çağırdı. Dahi şəxsiyyət xaricdə yaşayan azərbaycanlıların birliyi və təşklatlanması məsələsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi, müxtəlif xarici ölkələrə çoxsaylı səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirdi, onların problem və qayğılarına daim böyük həssaslıqla yanaşdı. Azərbaycanın diaspor təşkilatlarına öz tövsiyələrini verən Ulu Öndər xarici ölkələrdəki səfirliklərimizi də diaspor quruculuğu prosesinə cəlb etdi, həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında real iştiraka istiqamətləndirdi. Dahi şəxsiyyət  Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirə edilməsini nəzərə alaraq, 2001-ci ilin may ayının 23-də xüsusi sərəncam imzaladı, həmin sərəncama uyğun olaraq 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş dünya azərbaycanlılarının I qurultayı xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ərtafında sıx birləşməklə təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etdi. Bu addım diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcı oldu.  Heydər Əliyevin qurultayda proqram xarakterli nitqi Azərbaycan diasporu qarşısındakı vəzifələri, gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Qurultaydan bir neçə ay sonra Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 iyul tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı.

Bu gün  tam əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı nəticəsində  dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın həmrəyliyi yüksək səviyyədədir. Harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ölkəmizin daha da qüdrətlənməsinə öz töhfəsini verməyə çalışır.

 

Ulu Öndərin irsinin təbliğində Heydər Əliyev Fondunun xidmətləri böyükdür

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönumu və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə Mehriban xanım Əliyeva «Azərbaycanın taleyi Heydər Əliyevin taleyi ilə əbədi olaraq bağlandı» sərlövhəli nitqində dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərini belə dəyərləndirir: «Ölkəmizin hər bir vətəndaşı ömrünün böyük bir hissəsini, mənalı və yetkin çağlarını bu insanın rəhbərliyi altında yaşamışdır. Bu rəhbərlik təkcə yüksək vəzifə borcu kimi qalmadı, özünü insani mənada daha geniş əks etdirdi. Bu rəhbərlik vətənsevərliyə, iradəyə, qüdrətə köklənmiş mərd ata və müdrik ağsaqqal qayğısı idi. Söhbət XX əsr Azərbaycan tarixinin baş qəhrəmanı, müasir, müstəqil Azərbaycan Respublikasının banisi və qurucusu unudulmaz Prezident Heydər Əliyevdən gedir. Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücünə mümkündür. Səksən il sürən bu şərəfli ömür sübut etdi ki, böyük və nadir insanlar doğulduqları andan ömürünün sonuna qədər yüksək və ali missiyanın daşıyıcıları olurlar. Onlar millətlərinin və ümumiyyətlə, bəşər tarixinin inkişafında və tərəqqisində müstəsna və əvəzolunmaz rol oynamış olurlar. Yəqin ki, belə insanların ömrü elə bu səbəbdən alov parçası kimi sönmədən, yorulmadan, dayanmadan, son nəfəsə qədər böyük bir məqsədə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Belə insanlar tarixin mürəkkəb anlarında bütün çətinlikləri dəf edərək həmişə zəfər çalır, qalib gəlirlər. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir.» 

Ulu Öndər  Heydər Əliyevin adını daşıyan Fond ilk gündən  humanist və xeyirxahlıq aksiyalarının keçirilməsində böyük təcrübə toplayıb. Fondun xarici ölkələrdə keçirdiyi tədbirlər Azərbaycanın beynəlxalq miqyasda tanıdılmasında əhəmiyyətli rol oynayır. Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması üçün  Heydər Əliyev Fondunun  təşəbbüsü ilə keçirilən «Xocalıya ədalət» kampaniyasına dünyada  dəstək verənlərin sayı artmaqdadır. 2015-ci ildə keçiriləcək ilk Avropa oyunlarının  müxtəlif ölkələrdə təşkil olunan təqdimat mərasimləri Azərbaycanın iqtisadi, siyasi və diplomatik uğurlarının göstəricisidir. Fondun xətti ilə keçirilən müxtəlif beynəlxalq konfranslarda dünya gənclərini, qadınlarını düşündürən problemlərin müzakirəsində iştirak edənlər Azərbaycanın uğurlarına  heyran olduqlarını bildirirlər. Azərbaycanın tarixi abidələrinin  YUNESKO-nun qeyri-maddi irs siyahısına salınması Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın  xidməti, təşəbbüsüdür. Fondun ayrı-ayrı sahələri əhatə edən tədbirləri, layihələri davamlılığı ilə diqqət çəkir. 

 

Azərbaycanın uğurlu inkişafında Yeni Azərbaycan Partiyasının rolu böyükdür

 

«YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır.» Ulu öndər Heydər Əliyevin bu fikri ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan, illər keçdikcə sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənən, ən başlıcası milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının dünəninə, bu gününə və gələcəyinə bələdçilik edir. 1992-ci ildə xalqın istəyi, zamanın tələbi ilə yaradılan Yeni Azərbaycan Partiyası bütün dövrlərdə öz siyasi xəttinə sadiq olmuş, dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul etmişdir.  Arxada qalan hər gün, hər ay, hər il baş verən hadisələri daha  düzgün təhlil etmək, dəyərləndirmək üçün əlavə imkanlar yaradır. Bu baxımdan ki, bu günümüzü dünənimizlə müqayisə etdikdə  böyük dəyişikliyin, yeniliyin şahidi oluruqsa, təbii ki, bu  inkişafa yol açan əsas amili dəyərləndirməyə böyük zərurət yaradır. Yeni Azərbaycan Partiyasının yaradıldığı dövrdə ölkənin hansı durumda olduğu yaddaşlardadır. Dövlət başçısı İlham Əliyevin partiyanın V qurultayında səsləndirdiyi bu fikri bir daha xatırlatmaqla Yeni Azərbaycan Partiyasının  yaradılmasının məqsəd və məramına aydın işıq salmış olarıq: «1992-ci ilin noyabrında  Yeni Azərbaycan Partiyasının  yaradılması  xalqda  böyük ümidlər yaratdı ki,  nəhayət, xoşagəlməz hallara  son qoyulacaq, nəhayət, Azərbaycanda  çox ciddi siyasi qüvvə  yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır.  Çünki Yeni Azərbaycan Partiyasının  yaradılması, eyni zamanda, müasir  siyasi sistemin  yaranması deməkdir.  Çünki o vaxta qədər ölkədə fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmalar  siyasi mübarizəni faktiki olaraq  çox primitiv səviyyədə aparmağa cəhd etmişlər. Siyasi sistem yox idi.  Yeni Azərbaycan Partiyasının yaradılması siyasi sistemin  yaradılması  deməkdir.  Yeni Azərbaycan Partiyasının müxalifət  partiyası kimi yaradılması, eyni zamanda, müxalifət necə fəaliyyət göstərməlidir, onu da çox açıq-aydın ortaya qoymuşdur. Yeni Azərbaycan Partiyası  o vaxtkı antimilli  xəyanətkar iqtidara müxalifətdə idi.  Yeni Azərbaycan Partiyasının  əsas amalı  dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlik idi.  Partiyamız iqtidara gələndən sonra  bu ideyalar, bu amillər Azərbaycanda reallığa çevrilmişdir.» 

Tarixi  Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası ölkəmizin uğurlarının bələdçisi və iştirakçısıdır. Dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu YAP möhtərəm İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi, möhkəmlənməsi  istiqamətində ciddi səylər göstərir. Bu günümüzün reallıqları  ulu öndər Heydər Əliyevin partiyanın yaradılması ilə bağlı xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən «91-lər»in müraciətinə «Yeni, müstəqil Azərbaycan uğrunda»  cavabında ifadə etdiyi inamın təsdiqidir: «Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin  gələcək həyatının  və fəaliyyətinin əsasını təşkil edən  demokratiya və  siyasi plüralizm şəraitində  Sizin müraciətinizdə  göstərilən Yeni  Azərbaycan siyasi  partiyasının yaradılması obyektiv  zərurətdən  doğur.  Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin  möhkəmləndirilməsində  və inkişafında  tarixi rol oynaya bilər.»  Yeni Azərbaycan Partiyası 22 illik fəaliyyəti dövründə  bu inam və etimadı doğrultmağa çalışmış və ölkəmizin uğurlarına töhfəsi ilə qürur duymuş, gələcəyə daha böyük vəzifələrlə irəliləmişdir.  Sıralarında 640 mindən artıq üzvü birləşdirən  partiyanın cəmiyyətdə artan nüfuzu ölkədə keçirilən seçki proseslərində qələbəsini də şərtləndirir. Vaxtilə yeni, müstəqil Azərbaycan uğrunda  mübarizə aparan Yeni Azərbaycan Partiyasının bugünkü hədəfi yüksək rifah, davamlı inkişaf və quruculuqdur.  «Ona görə iqtidar partiyasıyıq ki, bizim siyasətimiz xalq siyasətidir. Deyə bilərəm ki, biz ümumxalq partiyasıyıq. Çünki Azərbaycanın qarşısında duran bütün məsələlərdə biz fəal iştirak edirik. Biz öz əməyimizlə bu siyasəti aparırıq» söyləyən  Prezident İlham Əliyev bildirir ki,  siyasət ilk növbədə, praktik işlərdir: «Bizim əməlimiz, bizim işlərimiz, verilən sözlərə sadiqliyimiz - bütün bunlar, əlbəttə, Yeni Azərbaycan Partiyasının nüfuzunu da qaldırır və deyə bilərəm ki, onu Azərbaycanın siyasi səhnəsində yeganə ciddi siyasi qüvvəyə çeviribdir.»

2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir

 

«Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə  Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.»  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə ölkə Prezidenti İlham Əliyevin söylədiyi bu fikirlər möhtərəm Prezidentin 2003-cü ildə keçirilən andiçmə mərasimində bəyan etdiyi «Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən  layiqincə gələcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm» fikrinin davamı olmaqla yanaşı,  verilən vədin konkret əməli işdə təsdiqini tapması üçün göstərilən səylərin aydın ifadəsidir. Həmin andiçmə mərasimində Azərbaycanın xoşbəxt gələcəyinə böyük inamını ifadə edən möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir ki,  qarşıya qoyulan vəzifələri həyata keçirmək  və  Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir.  Bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm.» 

Prezident İlham Əliyevin hər bir vədini konkret əməli işdə təsdiq etməsi onun 2008 və 2013-cü il prezident seçkilərində növbəti qələbələrini təmin etmişdir. Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadiyyatın şaxələndirilməsini prioritet vəzifə kimi qarşıya qoyan cənab İlham Əliyev regionların potensialından səmərəli istifadə etmək məqsədilə   Dövlət Proqramlarını təsdiqlədi. Artıq regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı icra edilir. Təkcə cari ilin doqquz ayının sosial-iqtisadi göstəricilərinə diqqət yetirək.  Ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru 6 faiz artıb.  Ölkə iqtisadiyyatına  19 milyard dollar sərmayə qoyulub ki,  bunun da 11 milyard dolları  daxili sərmayədir.  Valyuta ehtiyatlarımız 53 milyard dollardır. Adambaşına düşən valyuta ehtiyatlarımız dünya miqyasında  ən yüksək səviyyədədir.  Son on ildə regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində  bir milyon 300 min yeni iş yeri açılıb. Cari ilin ötən dövründə  yüz mindən çox yeni iş yeri açılıb ki, bunun 80 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi 5 faizdir. Yoxsulluğun azaldılmasına xidmət edən Dövlət Proqramlarının  icrası nəticəsində  yoxsulluq həddi son on ildə 49 faizdən 5,3 faizə enib. 

İqtisadi tərəqqi Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna da öz müsbət təsirini göstərir.  «Bu gün  Azərbaycan dünyada  böyük rəğbətə, hörmətə malik olan bir ölkədir. Biz iqtisadi islahatları davam etdiririk. Əlbəttə ki, həyat yerində durmur, yeni vəzifələr, yeni çağırışlar  ortaya çıxır. Amma biz bu çağırışlara hazırıq.» Dövlət başçısı İlham Əliyevin böyük qətiyyətlə söylədiyi bu fikir Heydər Əliyev siyasətinin  bu gün uğurla davam etdirilməsinə əsaslanır. Dövlət başçısının bildirdiyi kimi, dahi şəxsiyyətin  qoyduğu təməl üzərində  qüdrətli dövlət qurulur. O dövlət ki, onunla hesablaşırlar, məsləhətləşirlər.  Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də artan nüfuzunun, çəkisinin təsdiqidir. Ən əsası bu gün  Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınmaqla yanaşı, əhəmiyyətli tədbirlərin keçirilməsində   ideal məkan kimi qəbul olunur və dəyərləndirilir.  Bir sözlə, bu gün Azərbaycan, sözün əsil mənasında, öz inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev 2013-cü il andiçmə mərasimində  bir daha bu reallığı diqqətə çatdırmışdır: « Son on ilin  təcrübəsi onu göstərir ki, «xalq», «millət» anlayışları  ön planda olanda istənilən problem  öz həllini tapa bilər.  Bizim siyasətimiz milli maraqlar üzərində  qurulub.  Bizim siyasətimiz  müstəqilliyin möhkəmləndirilməsinə  istiqamətləndirilibdir.   Bu gün Azərbaycan müstəqil dövlət kimi  dünya miqyasında  özünə layiq  yerini tuta bilibdir.  Azərbaycan daha da güclü ölkə olmalıdır.  Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki,  quracağıq.  Bütün hədəflərə çatmaq üçün  bizim müstəqil siyasətimiz davam  etməlidir.  Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə  öz səsini vermişdir.  Xalqın inamı  və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin  irəli sürülməsi üçün mənə bir siqnal  verir.»

Andiçmə mərasimində dövlət başçısı İlham Əliyev ölkəmizin son on ildə qazandığı uğurları bir daha diqqətə çatdıraraq bildirmişdir ki,  bugünkü reallıqlar  Azərbaycan xalqının istedadı, zəhməti, Heydər Əliyev siyasəti hesabına qazanılıb. Biz bu siyasətə bundan sonra da sadiq olacağıq və sadiq olmalıyıq.

Azərbaycan son on ildə uğurlu sosial-iqtisadi göstəriciləri ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyi ələ alıb. Dünya Bankı Azərbaycanı ən islahatçı ölkə elan edib.  Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb.  Həyata keçirilən iqtisadi islahatların zamanın tələbinə uyğunlaşdırılması uğurların davamlılığını təmin etməklə yanaşı, ölkənin hərtərəfli inkişafında mühüm rol oynayır.  Dövlət başçısı İlham Əliyevin iqtisadiyyatı hər bir ölkənin təməl daşı kimi dəyərləndirməsi ulu öndər Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisinin davamı kimi qəbul olunur. Prezident İlham Əliyev çıxışlarında bu reallığı da  xüsusi vurğulayır ki, «Əsrin müqaviləsi» ölkə iqtisadiyyatı və bütövlükdə  ölkənin gələcəyi üçün  həlledici amil oldu. Bu müqavilə imzalanmasaydı, Azərbaycanın vəziyyəti tam başqa ola bilərdi. «Əsrin müqaviləsi» Azərbaycanı dünyada tanıtdı, dünya iqtisadiyyatının bir parçası kimi  təqdim etdi, ölkəyə böyük həcmdə investisiyalar gətirdi.  Azərbaycan bu gün nəinki öz, eyni zamanda  tərəfdaşlarının maraqlarını təmin edir. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir, yeri və rolunu daha da möhkəmləndirir. Daim vurğulandığı kimi, uğurlu başlanğıc yeni-yeni vəzifələrin, hədəflərin müəyyənləşdirilməsi üçün açardır. 

Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrin həyata keçirilməsi iqtisadi və siyasi mövqeyini möhkəmləndirməklə yanaşı maliyyə imkanlarını da genişləndirdi.  Beynəlxalq əhəmiyyətli BTC neft kəmərinin 2006-cı ildə,  BTƏ qaz kəmərinin 2007-ci ildə istifadəyə verilməsi ölkəmizin uzunmüddətli iqtisadi inkişafının əsasını qoydu. BTC  Azərbaycanın milli  maraqlarına cavab verən, respublikamızın iqtisadi qüdrətinin yüksəlməsinə, təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş çox mühüm bir layihə olduğunu sonrakı illərdə  təsdiqlədi.  Regional əhəmiyyətli bu layihə həm də ölkələrarası dostluğun, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.   «Neft siyasəti təkcə iqtisadi amil və enerji amili deyil, bu geniş, geosiyasi gündəliyin böyük tərkib hissəsidir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji təhlükəsizliyi məsələləri  nəinki enerji resurslarını istehlak edən, o cümlədən onları hasil edən ölkələrdə ciddi müzakirə olunur. Buna görə də istehlakçıların, tranzit ölkələrin və hasilatçıların maraqları  arasında tarazlıq və bu maraqların üst-üstə düşməsi birgə səylərin əsasını təşkil edir. Azərbaycan Hasilat Sənayesi üzrə Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkə kimi tanınır. Neftdən əldə olunan gəlirin  ədalətli bölünməsi və  əhalinin sosial müdafiəsinin təminatı,  qeyri-neft sektorunun inkişafı naminə sərf olunması  üçün yaradılan Dövlət Neft Fondunun aktivlərinin artması   neft strategiyasının  uğurlu icrasının nəticəsidir.

Tarixən neft ölkəsi kimi tanınan  Azərbaycan bu gün həm də qaz ixracatçısıdır. Bu gün  Azərbaycan şirkətləri başqa ölkələrə böyük həcmdə investisiyalar qoyurlar. Ölkə iqtisadiyyatının flaqmanı olan  ARDNŞ son illər  10-dan artıq ölkədə fəaliyyət göstərən nümayəndəlikləri, İsveçrə, Türkiyə, Gürcüstan, Ukrayna və Sinqapurdakı müəssisələri vasitəsilə dünya enerji bazarına inamla daxil olmuşdur. Xaricdəki investisiya layihələri özünü doğruldur.    Ölkəmizin neft-qaz  sahəsində əməkdaşlıq təcrübəsi nümunə göstərilir. Yeni yataqların aşkarlanması neft-qaz ehtiyatlarının həcminin artmasına geniş imkanlar açır ki, bu da yeni layihələrin gündəmə gətirilməsini zərurətə çevirir. «Bizim çox böyük qaz yataqlarımız, kəmərlərimiz, şaxələndirilmiş ixrac yollarımız vardır. Biz bu imkanlardan istifadə etməliyik. Nə qədər çox ixrac imkanlarımız olsa, bizim üçün o qədər yaxşıdır» söyləyən  dövlət başçısı İlham Əliyev bildirir ki, bu gün enerji inkişafımızın  yeni bir mərhələsindəyik və Avropa təsisatları ilə münasibətlərimiz  bizim üçün çox əhəmiyyətlidir. Bu il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanmasının 20 illiyində «Cənub» qaz dəhlizinin təməlinin qoyulması da Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolunun artdığını təsdiqləyir.  

İqtisadi tərəqqi əhalinin sosial müdafiəsinin gücləndirilməsində də özünü qabarıq şəkildə büruzə verir. Əmək haqlarının, pensiyaların artması, aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi, yoxsulluğun aşağı salınmasına xidmət edən Dövlət Proqramlarının uğurlu icrası və s deyilənlərin təsdiqidir. Beynəlxalq Valyuta Fondunun təmsilçiləri bildirirlər ki, inkişaf tempi bu şəkildə davam edərsə, yaxın zamanlarda ölkədə yoxsul olmayacaq. Dövlət başçısı İlham Əliyev bildirir ki,  siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: «Gəlirlərin ədalətli şəkildə bölünməsi də  əsas prioritet kimi elan edilmişdir və bu gün biz bunun nəticələrini əyani şəkildə görürük.»  

Ölkəmizin  iqtisadi qüdrətinin artması  siyasi mövqeyinin möhkəmlənməsinə öz müsbət təsirini göstərir. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dövlətin xarici siyasətinin zirvəsidir. Bu uğurlar sözsüz ki, ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də yol açır.  Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin və təşkilatların sayının artması   Prezident İlham Əliyevin qətiyyət və səyinin nəticəsidir.  Cənab İlham Əliyev  ən yüksək tribunalardan  Azərbaycanın dəyişməz mövqeyini bəyan edir.  Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır. Diplomatik mübarizədə qələbə qazanan ölkəmizin münaqişənin həllində hərb yolunu seçdiyi təqdirdə  qələbəsi şəksizdir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın çox güclü, qüdrətli, dünya standartlarına cavab verən  ordusu var.

Təbii ki, bu uğurların təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu hər bir istiqamətdə uğurla davam etdirir. Azad mətbuatın inkişafına dövlət dəstəyi də davamlı xarakter daşıyır. Möhtərəm Prezidentimiz İlham Əliyevin iki dəfə «Jurnalistlərin dostu» mükafatına layiq görülməsi onun  azad mətbuatın inkişafına diqqət və qayğısının göstəricisidir. Cənab İlham Əliyevin sərəncamı ilə KİV-lərin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu, sənədə uyğun olaraq KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması  və s. kimi addımlar  da mətbuat nümayəndələrini  daha səylə çalışmağa,  qarşıya qoyulan  vəzifələri yüksək səviyyədə həyata keçirməyə stimul verir.   İnformasiya mübarizəsində qələbə uğura yol açan əsas amillərdəndir. Bu baxımdan  yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini, Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyini, erməni təbliğatının əsassızlığını faktlar əsasında dünya ictimaiyyətinə çatdırmalıyıq.   Azərbaycanın uğurlarını qəbul etməyən, daha dəqiq desək, həzm etməkdə çətinlik  çəkən dairələr daim ölkəmizə qarşı  qaralama kampaniyası aparırlar. Bu gün mətbuat  belə qərəzli yanaşmalara cavab olaraq Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurları əsaslı şəkildə  ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev ötən il  jurnalistlər üçün tikilmiş binada  mənzillərin paylanması mərasimində diqqəti bu məsələyə yönəldərək qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xarici mətbuatda  işıqlandırılması ilə bağlı  daha da böyük işlər görülməlidir.    Möhtərəm Prezidentimiz  İlham Əliyev  mətbuatın  qarşısında dayanan vəzifələrdən bəhs edərkən bu fikri xüsusi qeyd edir ki, müstəqilliklə bağlı  mövzulara daha  geniş yer verilməlidir. Azərbaycan gənc, müstəqil dövlət olsa da  öz maraqlarını müdafiə etməyə qadirdir, dünya miqyasında özünə layiqli yer tuta bilib.  «Müstəqillik mövzusu  daim gündəlikdə olmalıdır və tarixi paralellər aparılmalıdır.  Buna da böyük ehtiyac vardır» söyləyən möhtərəm Prezidentimiz onu da bildirir ki, müstəqillik  sadəcə  dövlət atributları deyildir. Müstəqillik  müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır.  Tarixi paralellər aparıldıqda Azərbaycanın müstəqillik tarixində hansı çətinliklərlə üzləşdiyinin və onların necə dəf olunduğunun şahidi olarıq.  Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə bu günü müqayisə etdikdə müstəqilliyin saxlanılmasının, qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu görürük. Bu gün Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə  yeri və rolunu möhkəmləndirmiş, ikitərəfli və çoxtərəfli çərçivələrdə əlaqələri inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə çevrilmişdir.

Gələcəyə nikbinliklə baxmaq üçün  kifayət qədər amil vardır

 

Uğurların davamlılığını təmin etmək məqsədilə dövlət başçısı İlham Əliyevin fərmanı əsasında təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası beynəlxalq səviyyədə təqdir olunur. Bu sənəd davamlı inkişaf çağırışları üçün bir yol xəritəsi kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyevin Azərbaycanı yaxın on ildə inkişaf etmiş ölkələr sırasında görmək istəyi təbii ki, bugünkü reallıqlara əsaslanır. Bu gerçəkliklər dövlət başçısı İlham Əliyevin çıxışlarında daim vurğulanır:  «Azərbaycan bir sabitlik adasıdır.  Azərbaycanda daxili sabitlik, xalqla iqtidar arasında birlik, vəhdət vardır. Azərbaycanda iqtisadi siyasət möhkəm sosial siyasətlə tamamlanır.  Bizim xarici siyasətimiz də  birmənalıdır, açıqdır, aydındır və müstəqildir.» Azərbaycan bu inamla irəliləyir. 23 illik müstəqillik tarixinə malik olan ölkəmizin  1993-cü ildən bu günə qədər əldə etdiyi uğurlar  bunu deməyə əsas verir ki, Azərbaycan bundan sonra da inamla addımlayacaq, inkişaf edəcək. Möhtərəm Prezidentimiz İlham Əliyev 2013-cü il andiçmə mərasimində  gələcəyə nikbinliklə baxmaq üçün  kifayət qədər amil olduğunu bildirmişdir. Təbii ki, bu amillər bugünkü reallıqlarımızdır.

Heydər Əliyev siyasətinin müstəqil Azərbaycana qazandırdığı uğurları bir yazıda qeyd etmək qeyri- mümkündür. Reallıq budur ki, Azərbaycan  ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ən yüksək zirvələri fəth edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bəyan etdiyi kimi, ulu öndər Heydər Əliyevin əsəri olan müasir  Azərbaycan dövləti daha da qüdrətli, zəngin olacaq. Yeni-yeni hədəflər bu inamın, əminliyin təsdiqidir. 

 


Müəllifin digər yazıları

  1. Azərbaycan mətbuatında varislik prinsipi cümhuriyyət dövrünün mediasının milli təfəkkürün inkişafındakı rolu kontekstində
  2. Vüqar Rəhimzadə: “Qoca qitə”nin İslam dünyasına baxışı ədalətsiz və qərəzlidir
  3. Forum sivilizasiyalararası dialoqa mühüm töhfələr verəcək
  4. Azərbaycanın KİV və İKT sahəsindəki uğurları ABŞ-da nəşr olunan beynəlxalq jurnalda
  5. Xalq öz Prezidentinə, Prezident isə öz xalqına arxalanır
  6. Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik tarixi milli sərvətimizdir
  7. Sürətlə inkişaf edən, dəyişən dünyada xalqlar və dövlətlər yaxınlaşır, insanlar və talelər birləşir
  8. Müasir Azərbaycan mətbuatının inkişafı Heydər Əliyevin adı ilə bağlıdır
  9. Sosial transformasiya prosesində KİV-in funksiyaları
  10. YENİ ƏSRİN LİDERİ
  11. Əbədiyaşar lider
  12. KİV-İn İNFORMASİYA CƏMİYYƏTİNDƏ YERİ VƏ ROLU
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7401 san