11:25 10 Yanvar 2015
13168 dəfə oxunub
Çap versiyası

(hekayə)

 

Deyirlər ki, pulumuz yoxdur. Siz dediz, mən də inandım. Qapılarında qoşa-qoşa dayanan xarici maşınlara bax. İmarətlərinə tamaşa elə. Sonra da bunların “pulumuz yoxdur” sözlərinə inan. Heç qohumun üzünə qapını da özləri açmırlar. Qulluqçu gəlir qapıya. Qudurasan qurbağa. Elə bil ki, süpürgəçi Tərgülün qızı deyil. Nə olsun baxtınız üzünüzə gülüb. Mən də sizin nəsildənəm də... Güc-bəla bir uşaq tapmışam. O da xəstə. Müalicəsinə də pul lazımdır. Özümçün pul lazım deyil a... Uşağıma görə düşmüşəm də qapı-qapı. Ağır günümdür. Ağır günümdə qohuma ağız açmayım, bəs kimə açım?

Bəlkə doğurdan yoxlarıdır? Yox, ola bilməz. Varlarıdır. Sadəcə imtina etdilər. Heç çay da təklif eləmədilər. Yaraşdırmadılar onlarla bir süfrədə çay içməyi özlərinə. Axı nə idi ki, istədiyim. 600 dollar. Yəni, doğurdan yoxlarıdır?! Axı, altı aylıq körpəmə müalicə, dərman lazım idi. Ərim də yoxdur ki, onun qohumlarına ağız açım. Uşağın beş ayının tamamında itkin düşdü. Son ümidgahım doğma xalam qızı isə məni naümid yola saldı. Desəydi ki, sabah gəl, heç olmasa ümidim qırılmazdı. O isə dedi ki, yoxumuzdur. Heç uşağı qucağına da götürmədi. Öpməyi, qundağına pul basmağı  qalsın o yana, yalandan “qudi-qudi” də demədi. Uşaq da ağlamağını kəsmirdi deyən, xalaqızının əri o biri otaqdan başladı çımxırmağa. O da məni tez evdən  uzaqlaşdırdı. İkinci mərtəbəyə, öz otağına da qaldıra bilərdi. Heç olmasa yalandan “gecəni hara gedirsən, qal. Səhər tezdən yola salarıq” deyəydi. Amma demədi. Ərində təqsir görmürəm. Könlündə olsaydı edərdi. Heç olmasa taksi pulu verərdi. Amma vermədi. Eybi yox, Allah görür. Hamının cəzasını vaxt gələndə verəcək. Tutaq ki, lap verdi. Mənə nə? Mənə olan oldu. Allah bunların cəzasını verəndə yanlarında olacağammı ki, baxıb kam alım. İnanmıram. Fani dünyadamı verəcək cəzalarını, yoxsa Haqq dünyasına saxlayacaq? Bəlkə Allah elə məni gözləyir ki, mənim əlimlə onların cəzasını versin. Bəlkə də...

Hə. Çatdım.  Yenə də qısa ətək geyinən açacaq qapını. Bəs bu boyda villada bir kişi tapmırlar ki, qaroulçu saxlasınlar? Mən bandit, oğru olsam bu nərmə-nazik qız nə edəcək mənə?

          Yanar öz aləmindən ayrılaraq zəngin düyməsini basır.

-         Salam. -  deyə xadimə onu gülərüzlə qarşılayır.

-         Salam, bacı. Xalam qızı evdədir?

-         Bəli.

-         Görə bilərəmmi onu.

-         Bəli. Buyurun.

Bu xalamqızından mərifətlidir vallah. Ode... yenə sərələnib divana. Birdən yenə ayaqüstə saxladı məni. Heç yer göstərmədi oturmağa. Onda nə edəcəyəm?

-         Salam, xalaqızı.

-         Salam. Tək gəlmisən?

-         Hə.

-         Bəs uşaq hanı?

-         Qonşunun yanında qoydum.

-         Düzəldi?

-         Hə.

-         Sən isə deyirdin ki, öləcək. 600 dollar pul lazımdır. Gördün ki, heç nə olmadı. Bizim 600 dollarımız nə gəzir?

-         Düz deyirsən, bacı.

-         İndi nə əcəb gəlmisən?

-         İş axtarıram. Dedim bəlkə qulluqçu işi ola səndə.

     Birdən xalaqızını əri səsləyir. O da o biri otağa keçir. Bundan istifadə edən Yanar cibindən  klizma qabını çıxarır. İçindəkini divanın, kreslonun örtüyünün qıraqlarını  qaldırıb hər yerinə, xalçanın da üstünə püskürtməyə başlayır. İşini bitirib klizma balonunu sellofan kulyoka bürüyüb  cibinə qoyur. Bir az keçmiş xalasıqızı qayıdır.

-         Ərimlə danışdım. Deyir ki, bizdə iş yoxdur. Bu 20 manatı da verdi sənə. Dedi ki, bir də buralara gəlməsin.

-         Allah ərinin canını sağ eləsin. O iki uşağınızı min budaq eləsin. Xoşbəxt olsunlar.

-         Yaxşı. Çıx get. Gecdir daha. Mən dincəlmək istəyirəm.

     Yanar Janarla sağollaşıb qapıdan çıxmaq istəyirdi ki, qarşısını iri cüssəli, sinəsində nəsə xarici söz yazılmış biri saxladı. Yanarın əlindən tutub qapıdan çıxmağa mane oldu. Qız müqavimət göstərsə də, “buraxın əlimi!” desə də xeyri olmadı. Səsə xalaqızı, əri, evdə nə qulluqçu vardısa hamısı tökülüşüb gəldi.

-         Nə olub, Cüssəli.

-         Akif müəllim, bu qız xanımınız  o biri otağa keçəndə  özünü nəsə şübhəli apardı.

-         Necə yəni şübhəli? Nə etdi ki? – deyə evin sahibi səsini qaldırdı.

-         Divanın və kresloların örrtüyünü qaldırıb altına nəsə qoydu.

-         Nə? – deyə xalaqızının əri qışqırdı.- Nə qoydu?

-         Bilmirəm. Ona görə də qabağını kəsib getməyə qoymadım ki, yoxlayaq görək nədir.

-         Düz eləmisən, –  deyə Akif müəllim səsləndi. –  Əlini də bərk tut onun. Qaçar. Gedək baxaq görək nə qoyub ora.

Akif müəllim tez birinci kreslonun örtüyünü qaldırdı. Barmaqlarını oturacaq hissəsinin qıraqlarında gəzdirdi. Əlinə heç nə dəymədi. Bu minvalla divanı, kreslonu da yoxladı.  Heç nə tapmadı. Sonra xadiməyə əmr etdi ki, tozsoranın torbasını tərtəmiz eləyib gətirsin. Elə də etdilər.  Akif müəllim tozsoranı işə salıb özü şəxsən divan-kresloları tozsoranın ağzına verdi. Sonra çöp torbasını yoxladı. Heç nə tapmadı.

-         Heç nə yoxdur, – deyə rahat nəfəs aldı. Amma yenə narahatçılığı yox olmadı. – Qız, kreslonun, divanın örtüyünün altında nə axtarırdın?

-         Heç nə. Sadəcə qıraqları büzüşmüşdü. Səliqəyə saldım. -  deyə Yanar soyuqqanlı şəkildə, heç nə olmamış kimi cavab verdi.

-         Yox, burda nəsə var. Gedək videoyaya mən  də baxım.

Seküritiylə Akif müəllim qaroulçunun otağına getdilər. Xidmətçilər isə qapının ağzını kəsdirdilər.  Janar xanım heç nə olmamış kimi yenidən divanda yerini rahatladı. Jurnal stolunun üstündəki nimçədən bir dilim alma götürüb ağzına qoydu. Yaxşı ki, ev isti idi. Bir az da vaxt keçdiyindən klizma balonundan püskürdüyü maye yaxşı ki, qurumuşdu. Amma Yanar gözəl  bilirdi ki, bir az sonra yeri hökmən bilinməlidir. Ona görə də tez çıxıb getmək istəyirdi. Birdən üst-başını axtarsalar, klizma balonunu tapsalar nə deyəcəkdi? Axı kameraya cibindən nəsə çıxartdığı da düşüb. Nə olsun. Deyər ki, uşaqçun alıb aptekdən. Cibindən isə cib dəsmalını çıxarıbmış asqıranda.

Bir az keçmiş Akif müəllimlə, Cüssəli yenidən qayıtdılar. Yanara baxaraq.

-         Çevir  ciblərini stola.

-         Niyə?

-         Cibindən nəsə çıxarmısan. Kameralar göstərir.

-         Cib dəsmalıdır da, - deyə Yanar əlini cibinə salıb dəsmalını çıxartdı.- bu evdə asqırmaq da olmaz?

-         Olmaz. Çünki bizə özgənin  səbir gətirməyi düşmür. Gördün, arvad. Sən də deyirdin ki, evdə kamera niyə quraşdırırsan. Elə bilirdin ki, səni izlətdirirəm. Sonra da elə başa düşdün ki, xadimələrdən şübhələnirəm. İndi gördünmü ki, qohumlardır bizi zəlil günə salmaq istəyən? Mənimkilərin ayağını kəsdim, indi də səninkilər başladı.

-         Nəyi başladı? Nə özündən çıxmısan? Nə tapdın ki, Heç sap da tapmadın. Öz qohumların gedəndən sonra hər küncdən-bucaqdan bir meşok metallom, maklatura, güzgü qırığı toplayırsan. Mənim yanıma gələn isə bircə xalamqızıdır. Ona da stulda oturub, bir stəkan çay içməyi də qadağan eləmisən. Nədir-nədir birdən evə nəsə atar. O gün də 600 dollar pul istədi uşağıyçın, vermədin. “Yoxumuzdur” deyəndə xəcalətimdən yerə girdim. Sən xəstəsən vallah. Cadu xəstəliyinə tutulmusan. Mən görmüşəm təhlükəsizlik kameralarını oğruya görə quraşdırarlar. Sən isə qohumlarının evdəki künc-bucağa, mebellərə dürtdüyü üçkünc kağızları, dəmir-dümürü, güzgü parçalarını  tapmaq üçün bu boyda sistem quraşdırmısan.

-         Arvad, sən bilmirsən. Oğrudan adama heç bir ziyan gəlməz. Cadudur bizi içərimizdən yeyən. Gülsüm qarı düz deyirmiş. Belə getsə onu gətirib otuzduracam evin ortasında. Qoy kruqlı sutka qorusun evimi. Görürsən ki, o dediyi kimi elədim, gözdəymənin qabağını aldım. Qara pişik bizi həm qara gözəgörünməz qüvvələrdən qoruyur, həm də gözdəymədən.

-         Ay Akif, sən Allah, yazıqdır bu heyvanlar. Gündə yüz kərə qışqırdırsan bunların qara tükünü çəkib çıxaranda. Sonra da tükü duzla qarışdırıb özünün, mənim, uşaqların başına çevirtdirib ocaq üstündə yandırırsan. Bəsdir də. Axırda bu qara pişiklərin qarğışı tutacaq səni.

-         Arvad, kiri, sən belə şeyləri bilmərsən. Bütün varlıların evlərində var kamera. Hamısı da caduya inanır. Arvadları həftədə iki dəfə cadugərin qapısına getməsə rahat olmurlar. İndi sən inanmırsan deyə, məcburam özüm gedəm. Allah bizi bircə o yağdan qorusun. Tək onun əlacı yoxdur. Bircə evi yandırmaqdan başqa.

-         Akif qardaş, olar mən gedim? Gecdir. Uşağı qonşuda qoyub gəlmişəm.

-         Get, amma bir də bu tərəflərə ayağını basma. Xalanqızıyla da hal-əhval tutmaq istəsən, zəng elə.

Sağollaşıb tez küçəyə çıxdım. Qorxumdan soyuq tər basmışdı məni. Amma yaxşı ki, başa düşmədilər. Bəs xalaqızı? Mən də elə bilirdim ki, təqsir ondadır. Demə günahsız imiş? Mən isə pislik elədim. Amma Allah görür. Ona xətər yetirməz. Bəs axı Allah cadudur-filandır, bunları da günah sayır. Neyləyim e... mənə elədiyini onsuz da eləyib. Əzrayılı göndərib, altı aylıq körpəmin canını alıb. Bundan artıq nə edəcək ki, mənə. Mənim körpəmi xəstəlikdən öldürməkdənsə milyoner Akifin ürəyinə rəhm salaydı da... O da çıxarıb dava-dərman, müalicə üçün 600 dollarından keçəydi. Cəhənnəmə, nə olur-olsun. Eləmişəm peşman deyiləm. Qoy Akifin evi yansın-dağılsın. Balaları xəstəlikdən ölsün. Xalamqızı da elə onların içində. Onda bəlkə başa düşsünlər ki, mənə bala dağı çəkdirmək necə olar. Kamera quraşdırmağa, oxranaya, xadimələrə, daha nəyə-nələrə pul tapırlar, amma mənim balamın xilası üçün pul vermədilər. Onlardır taqsırkar balamın ölümündə.

Bəs indi nə edim? Hara gedim? Ev yox, eşik yox. Yaxşı... qurd yağını səpdim xalaqızının evinə. O da bilmirəm doğurdan təsir edəcək, ya yox. Bəs mən? Mənim heç evim də yoxdur. Yataqxanadan da qovdular. Bəlkə polisə gedim. Etdiklərimi boynuma alım. Yox, belə alınmayacaq.  Adımı dəli qoyub ciddiyə almayacaqlar. Yaxşısı budur bir az gözləyim. Görüm nə olacaq. Doğurdanmı qurd yağı belə təsiredici qüvvəyə malikdir? Uşaqlıqda eşitmişəm, amma gözümlə  görməmişəm. Bəs indi nəticəsini necə görəcəyəm. Akif dedi ki, bir də bu evə gəlmə. Yox gedəcəm. Pul dilənmək bəhanəsiylə. Bəs gecəni harda keçirim?  Yer problem deyil e, necə edim ki, soyuqdan ölməyim.Binalardan birinin zirzəmisinə girərəm. İstilik borularınını üstündə yataram. Televizorda görmüşəm, bomjlar qışı belə çıxarır.

Görəsən xalaqızıgildə vəziyyət necədir? İndi sərələniblər qurd yağı çəkilmiş divan-kresloya. Televizora baxa-baxa pürrəngi çay içirlər. Ləbləbi, meyvə yeyirlər. Qurd yağı da onların bədənlərinin istiliyindən buxarlanır, buxarlanır, yavaş-yavaş canlarına, ruhlarına, beyinlərinə daxil olur. Evin bütün otaqlarına yayılır, daş-divarına hopur.  Görəsən doğurdanmı, qurd yağının belə gücü var? Bəlkə cadugər qarı məni aldadıb. Amma yox, yalan olsaydı yağın çoxunu zəhmət haqqı olaraq özünə götürməzdi. Deməli bu qurd yağında nəsə bir güc var ki, hətta xalaqızının əri də ondan qorxur. Təsiri bir yana qalsın, deyilənə görə yağ qarasını kimyəvi təmizləmə də heç aparmır. Necə çökürsə səpdiyin yerə, elə də qalır.

Mən isə nə avam olmuşam e... Elə bilmişəm ki, qurd yağını canavarı öldürüb, onun piyli yerindən çəkirlərmiş.  Bu yaşımda yaxşı ki, başa düşdüm. İyirmi manat da yerinə düşdü lap. Dönərlə beş-altı gün bir təhər dolanaram.   

          Yanar birdən plaşına baxdı. Ləkəli idi. Əlini cibinə atdı. Sellofan açıldığından klizma balonundakı qurd yağı damcılayaraq plaşına hopmuşdu. Bir an qorxdu. Öz-özünə: Deməli belə çıxır ki, mənə da qurd yağı sürtülüb? Mənə niyə? Qurd yağını varlı-hallı, vəzifəli adamlara sürtərlər ki, xoşbəxtlikləri bədbəxt günə düşsün. Qurd yağı ona nə edəcək ki, hələ qorxsun da. Eybi yox. Kimdir e mənə baxan. Onsuz da cındırımdan cin hürkür. Əsas gecələməyə yer tapım.

Bu ev yaxşı evə oxşayır. Yəqin istilik verərlər bu binaya. Zirzəmisi isti olar. Gecəni yola verim. Sabah görüm nə  edərəm. Yox. Bəlkə gedim xalaqızının pencərələrinin qabağında keşik çəkim? Hansı əzablara düçar olacaqlarını gözümlə görüm. Yox bu mümkün deyil. Kameralar var. Həmən görəcəklər. Bəs nə edim? Səhəri açım, sonrasına baxarıq.

      Yanar zirzəmiyə girib istilik xətti olan isti boruya qısılır. Bir təhər yuxuya gedir. Birdən hövllü yuxudan oyanır. Ayağa durur. Plaşını çıxarır. Qundaq kimi bürmələyib sinəsinə sıxır. Yağ ləkəsi olan yerini qoxulayır, üzünə sürtür. Yenidən özünü istilik turbasına qısıb, yuxuya gedir.

Bir də görür ki, kimsə onun çiynini tərpədir. Hövllü yuxudan oyanır. Gözünü qamaşdıran işıqdan heç nə görə bilmir. Qəribə səslər eşidir. Bəlkə ölüb. Gözünü qamaşdıran da İnkir-Minkirin məşəlidir. - deyə düşünür. Axı o yox, xalasıqızı, ailəsi ölməliydi. Ölməliydi yox e, zülmlərə, xəstəliklərə düçar olmalıydı. Amma əvəzində özü ölüb. Bəlkəm nənəsinin dediyi düz çıxıb. Həmişə nəvələrinə deyirdi ki, balalarım, başqasına qarğış yağdırmayın, özünüzü tuta bilər. Bəlkə plaşına hopan qurd yağı elə birinci özünə təsir edib.

-         Ay, vətəndaş. Qalxın ayağa. Burda nə edirsiniz?

-         Siz kimsiz? -  deyə Yanar həyəcanla soruşdu.

-         Post patrul xidmətiyik. Burda neyləyirsiniz?

-         Yatmışam. Yerim yoxdu gecələməyə.

-         Olmaz burda yatmaq. Ocaqçı da elə bilib ki, oğrusunuz, bizi çağırıb. Gedək şöbəyə.

-         Niyə? Nə etmişəm ki?

-         Orda araşdırarıq. Sonra da sizə bir sığınacaq taparıq.

-         Eybi yox. Əliuşaqlıdır. Qoy gecə qalsın “kotelni”də. Hər şərait var. Onsuz da səhərəcən ayıq qalıram.Yatar mənim çarpayımda. Əsası isə istidir bura.  Səhər bir şey fikirləşər. O qədər adam mənə belə müraciət edir ki... Bu da olsun onlardan biri. Şöbədə bu gecə vaxtı nə ona , nə də körpəsinə qayğı göstərmək mümkün olmayacaq. – deyə bürmələnmiş plaşı uşaq qundağı zənn edən qoca ocaqçı polislərə dilləndi.

-         Nə deyirik, qalsın. Birdən lazım olsaq yaxındayıq. Naryadımız səhərəcəndir. Soyuq olsa biz də arada qaçacağıq yanına qızışmağa.

-         Gəlin, gəlin. “Kotelni”miz böyükdür. Hamıya çatar. Çayım da həmişə dəmdədir.

 

Ocaqçı Yanarı ocaqxanadakı balaca otağına gətirdi.

-         Özünü rahat hiss elə, qızım. Burda çay da var, kasıbın olanından da. Nə lazım olsa götür, utanma.  Özün də uzan yat. Uşağı əmizdirmək istəsən, de otaqdan çıxım.  Üzünü nə yaman bağlamısan. Aç. Boğular uşaq. Bura istidir.

Yanar ocaqçının bu sözündən sonra qundağı bir az da özünə bərk sıxdı. Qoca da onun hürkdüyünü zənn edib daha heç nə demədi. Yanar çarpayıya uzanmadı, sadəcə oturub divarın küncünə qısıldı.  Plaşından düzəltdiyi qundağı sinəsinə bərk-bərk sıxaraq gözlərini qoca ocaqçıya dikdi.

-         Ay qızım, rahatlan. Uşağı da nə yaman bərk sıxmısan özünə. Deyəsən çox istəyirsən balanı. Qoy yanına, uzan yat. Ya da qoy çarpayıya, gəl çay süzüm səninçün iç. Təzə dəmləmişəm.

Qoca iki fincan çay süzdü. Qəndqabıya təzə qənd, konfet tökdü.

-         Adın nədir, qızım?

-         Yanar.

-         Harda yaşayırsan?

-         Heç yanda.

-         Yaxınlarınızdan, qohum-əqrabadan kimin var? Burda telefon var. Səhər zəng elə gəlib səni aparsınlar.

-         Heç kimim yoxdur.

-         Deməli bomjsan?

Yanar stola yaxın gəldi. Amma yenə qundağı qucağından qoymadı. Bir əliylə fincanı götürüb çaydan bir qurtum içdi.

-         A bala, axı sən kimsən, nəçisən, nə işlə məşğulsan?

-         Mən? Mən ölü uşağımı öldürmüşəm.

-         Necə yəni? Başa düşmədim.

-         Burda başa düşülməyən nə var ki? Mən ölü uşağımı öldürmüşəm.

Qoca dinmədi. Bu yaşında ilk dəfəydi ki, belə söz eşidirdi.

-         Ay qızım, məni lağa qoyma. Necə yəni ölü uşağımı öldürmüşəm. Bir aydın danış görək. Belə çıxır ki, qundaqdakı uşaq ölüdür?

Yanar birdən ayağa durub yenidən çarpayıya oturub divara qısıldı. Qundağı sinəsinə bərk-bərk sıxaraq:

-         Qorxuram.

-         Nədən, a bala?

-         Birinci siz mənə deyin. Ölünü öldürmək cinayət sayılırmı?

-         Bilmirəm. Rast gəlməmişəm belə şeyə. Bir də ki mən polis-zad deyiləm a....

-         Onda polisləri çağırmarsınız, eləmi?

-         Çağırmaram. Söz....

-         Onda sizə danışaram ki, ölünü necə öldürmüşəm.

Birdən Yanar yerindən sıçrayıb yenidən qocanın yanında əyləşdi. Qundaqdakı ləkəni ona göstərib.

-          Bilirsinizmi bu nədir?

-         Nədir ki?

-         Qurd yağı.

-         Nə üçündür ki, bu?

-         Kim sənə pislik edibsə onların evini yıxmaq üçün. Xətrinə dəyən varsa klizma balonunda bir az qalıb verim sənə apar sürt üstünə. Ya ağzı bağlanacaq, ya da ümumiyyətlə məhv olacaq.

-         Doğurdan? – deyə ocaqçı gülümsədi. Fikirləşdi ki, qız ruhi xəstədir. Yəqin dəlixanadan qaçıb. Amma bu mövzu maraqlı gəldi ona.

-         Hə. Deməli, qoca,  inanmırsan?

-         Yox. Hardan tapmısan ki, bu yağı. Canavar öldürmüsən?

-         Yox.

-         Doğurdan, belə təsirlidir?

-         Hə.

-         Elə olsaydı day hamı yağlı-qara gəzərdi ki?! Azərbaycanda da canavarların kökü çoxdan kəsilmişdi.

-         Yox,  bu sən başa düşdüyün yağdan deyil.- deyə Yanar klizma balonunu  stolun üstünə qoydu.  – Vaxtın varsa danışım.

-         Danış, qızım, danış. Bu yaşa çatmışam ilk dəfədir ki, qurd yağı görürəm. – deyib, fincanına çay süzdü. İçə-içə Yanarı dinləməyə başladı.

-          Əmi, mən bir oğlanla sevişirdim. Vurulmuşdum ona. O qədər sevirdim ki, axırda qoşulub qaçdım. Geriyə, evə yolum bağlandı. Yataqxanada qalırdım onunla. Kasıb olsaq da xoşbəxt idim. Hamilə qaldım. Uşaq anadan oldu. Hər şey qaydasında gedirdi. Uşaq beş aylıq olanda yoxa çıxdı ərim. Sevgi gözümü o qədər bağlamışdı ki, heç rəsmi kəbin də kəsdirməmişdik. Heç sənədlərini də görməmişdim. Özümün də pasportum kənddə qalmışdı. Polisə də xəbər verə bilmədim. Çünki nə şəkli vardı, nə də sənədini görmüşdüm. Bəlkə adını da səhv deyibmiş mənə. Bəlkə də yox. Bəlkə də vaxt keçirirmiş mənimlə. Nə çox avara-uvara. İlk günlər yataqxana qonşuları qahmar çıxdı mənə. Amma uşaq xəstələnəndə, səhərəcən ağlayıb hamını yatmağa qoymayanda, onlar da yavaş-yavaş üz döndərməyə başladılar. Həkimə aparsam da əlacın tapa bilmirdilər. Ümid qaldı diaqnostik aparatlara. Onlar da ki, pulludur.

Şəhərdə yaşayan xalamqızı yadıma düşdü. Yanına getdim. Yalvardım, yaxardım. Milyoner adamdırlar. Onlar üçün 600 dollar nə idi ki? Vermədilər. Uşaq da eləcə tələf oldu. Yataqxananın yanında, bir ağacın dibində qəbir kimi çala qazıb basdırdım uşağı. Qəbir yeri almağa nə imkanım vardı, nə də sənədim. Pasportum olmadığından “roddom”dan da kağız verməmişdilər. Beləcə, kimsəsiz kimi  dəfn etdim balamı. Amma heç kimdə təqsir görmürdüm. Nə adını, familiyasını bilmədiyim birinə qoşulub qaçan özümdə, nə ər adlandırdığım ərimdə, nə də uşağımın atasında. Sanırdım ki, təqsirkar xalamqızıdır. Mənə pul vermədi. Ona görə də körpəm öldü. Bircə məqsədim vardı - əvəz çıxmaq. Öldürmək istəmirdim. Əsla. İstəyirdim ki, əzabla, yavaş-yavaş məhv olsun. Təkcə özü yox, harınlamış əri milyoner Akif, iki balaca oğlu, evi-eşiyi.

Yataqxanada cadu-pitiklə məşğul olan biri vardı. Ciddiyə almırdım onu. Amma bu dəfə özümə ən yaxın adam saydım. Ən qatı, geriyə yolu olmayan cadu növüylə xalamqızını, ailəsini  bədbəxt etməkdə köməklik istədim ondan. O da yalnız Qurd yağının adını çəkdi. Onun da çox çətin tapıldığını söylədi. Amma əl çəkmədim. Dedim ki, gedib ovçular cəmiyyətinə yalvararam, iyirmi qram da olsa tapıb gətirərəm. Amma söyləyəndə ki, bu qurd o qurddan deyil... qollarım yanıma düşdü. Demə bu yağı altı aylıq körpənin beynindən düzəldirlərmiş. Cadugər hazırlanma qaydasını da başa saldı. Çox sadə bir üsul idi. Bəs beyni hardan tapacaqdım ki?

Amma qisas hissi məni rahat buraxmırdı. Beynimə girmişdi ki, uşağımın ölümünə səbəb məhz xalamqızıdır. Balamın qisasını almayanacan rahat olmayacağam. Sonda çıxış yolunu tapdım.

Gecənin qaranlığında balamı basdırdığım yerə gəldim. Qəbri yavaş-yavaş qazmağa başladım. Tez-tez ətrafa boylanırdım ki, birdən görən olar. Uşağı qəbirdən çıxartdım. Gətirdiyim bıçaqla boğazını kəsdim. Başını sellofan torbaya qoyub, üstündən qəzetlə bürmələdim ki görünməsin. Təzədən cəsədi çuxura yuvarladaraq üstünü torpaqladım. Yataqxanaya gəldim. Otağa su, təknə gətirdim. Qapını da bərk-bərk bağladım. Uşağın başını sellofan qabdan çıxarıb torpağını yudum. Sonra ülgüclə saçlarını dibindən qırxdım. Dəsmalla quruladım. Sığalladım, əzizlədim. Sonra başını ət taxtasının üstünə qoyub qaşlarının yanından kəsərək iki yerə bölməyə başladım. Bıçaq küt olduğundan çətin kəsilirdi. Baltanı götürüb iki dəfə vurmuşdum ki, baş iki yerə bölündü. Ağ beynini qaşıyıb çıxartdım. Əvvəlcədən hazırladığım balona tökdüm. Ağzını da bərk-bərk bağladım. Təzədən iki yerə bölünmüş başı  sapla tikərək gətirib cəsəd olan yerdəcə basdırdım.

Yenidən otağa qayıtdım. Balonu stolun üstünə qoyub gözləməyə başladım. Beyin yavaş-yavaş rəngini dəyişir, çürüyürdü. Mən isə gözlərimi qırpmırdım. Gözləyirdim. İntiqam “silahımın” nə vaxt hazır olacağını gözləyirdim. Evdən heç yana çıxmırdım. Yadıma yemək də düşmürdü. Eləcə gözümü balona zilləyib stolun arxasında oturmuşdum. Beyin isə yavaş-yavaş çürüyürdü. Üstündə balaca-balaca qurdlar əmələ gəlməyə başlayanda sevincimin həddi-hüdudu yox idi. Sanki dünyaya övlad gətirib onun sevincini yaşayırdım. Balaca qurdlar isə beyindən yeyib yavaş-yavaş böyüyürdülər. Doyanda bir-biriləriylə oynayırdılar da. O yana-bu yana diyirlənirdilər. Mən də bu mənzərəyə baxıb gülürdüm, həzz alırdım. Sanki öz balalarım idi oynayan. Nəhayət qurdlar böyüdülər. Beyini də yeyib-yeyib qurtardılar. Bir müddət sakit dayandılar. Heç nə etmirdilər. Amma günlərin bir günü aclıq güc gəldi. Qurdlar yığışıb içərilərindən birini parçalayıb yedilər. Kefləri yenidən kökəldi. Səhəri gün isə o birisini. Beləcə hər gün bir qurd o biri qurdların yeməyinə çevrildi. Mən isə oturub tamaşa edirdim. Sonda nə olacağını gözləyirdim. Axıra isə ikisi qaldı. Şişman idilər. Onlardan da biri güclü çıxdı. Parçalayıb o birisini yedi. Qarnı şişib dağa dönmüşdü. Tərpənə bilmirdi. Arxası üstdə balonun dibində uzanıb tərpənmirdi. Bir az keçmişdi ki, partladı. Yağı balonun divarlarına sıçradı, sonra da süzülüb dibinə töküldü. Sevincək balonu götürüb caduçunun yanına qaçdım. Balonu ona verdim. Başqa nə elədisə mən görmədim. Balaca bir klizma qabı tapıb yağdan ora çəkdi. Sellofan kulyoka bərk-bərk bürmələyib verdi mənə. Dedi ki, aparıb xalaqızının evlərində divan-kreslonun, xalçanın üzərinə püskürdərsən. Mən də elə etdim. Sonra da oradan çıxıb gecələməyə yer axtarıb tapdım. Sonda da siz məni aşkar elədiniz. Elə bildiniz ki, oğruyam. Amma mən oğru deyiləm. Mən ölünü öldürmüşəm. Ölü balamın ölüsünü öldürmüşəm ki,  onun qisasını alım. Mən Yanaram - bu həyatın bir-birini yeyən qurdlarından biri, lap balacası, gücsüzü.

 

Yanar sözünü qurtardı. Qundağı özünə sıxıb, yenidən divarın küncünə qısıldı. Yağ ləkəsini qoxuluyub üzünə sıxdı. Bayırda isə quşbaşı qar yağırdı. Qoca küçəyə baxsa da fikri başqa yerdəydi. Yanarın bu müdhiş, tükürpədici hekayətindən yerindəcə donub qalmışdı.Yanar isə  plaşdan düzəltdiyi qundağı yellədərək yanıqlı-yanıqlı oxuyurdu:

                                                   Laylay dedim yatasan,

                                                     Qızıl gülə batasan,

                                                     Qızılgülün içində

                                                      Şirin yuxu tapasan.


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1 san