12:39 23 Yanvar 2015
4353 dəfə oxunub
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Respublikası yarandığı gündən mürəkkəb bir ictimai-iqtisadi, beynəlxalq siyasi, mədəni-ideoloji mühitdə mövcud olmuş, belə bir mürəkkəb şəraitdə yeni bir demokratik dövlət, müsəlman ölkəsi olaraq özünü təsdiq etmək zərurəti ilə üz-üzə qalmışdır. Onun müstəqilliyə qədəm qoyması tarixi inkişafın qanunauyğun nəticəsi olmasına baxmayaraq, bu proses dünyada birmənalı qarşılanmamış, bu yolda çoxsaylı problemlər üzə çıxmışdır.
Ölkənin məruz qaldığı təzyiqlər həmişə yenicə yaranmış müstəqil dövlətin imkanlarından və müqavimət gücündən qat-qat artıq olduğundan, əlac prosesin
obyektiv gedişinə və beynəlxalq durumun norma və prinsiplərinə söykənməkdə və onun standartlarına əsasən öz varlığını təmin etməyə qalırdı.
Mövcud beynəlxalq durum qısa bir tarixin
məhsulu olmayıb, bəşəriyyətin inkişafının əzablı prosesində doğulmuş, formalaşmışdır. Durumun bütün komponentləri ümumi vəziyyətin dayanaqlılığını təmin etməklə norma və prinsiplərin təmin edilməsinə, dünya dövlətlərinin hər birinin haqqının təmin edilməsinə bu və ya digər mənada təminat verirdi.
Lakin bu durumun
daimiliyindən və mütləqliyindən, mövcud norma və prinsiplərin mütləq təminatından söhbət gedə bilməz. Dövlətlərin hər biri öz sanbalından asılı olaraq vaxtaşırı çalxalanmalar və yenidənqurmalarda bu və ya digər dərəcədə proseslərə təsir edə, situasiyanı öz maraqlarına uyğun istiqamətləndirə bilirlər. İkili, çoxüzlü yanaşma reallıqları da həmin məqamların təzahürü kimi vaxtaşırı ortaya çıxır. Lakin, onu da nəzərə almaq lazımdır ki, bu təsirlər heç də həmişə o qüvvələrin istədiyi nəticələri vermir. Bu hadisə və proseslərdə obyektiv amilin payı və təsiri kifayət qədər böyükdür. Beynəlxalq ictimaiyyətin təsir gücünü də artıran və özbaşınalıqların qarşısını alan da məhz həmin obyektiv amilin olmasıdır ki, o, çox hallarda hətta ən nəhəng beynəlxalq gücü də onunla hesablaşmağa məcbur edir. Mütərəqqi bəşəriyyətin söykəndiyi dayaq da məhz odur. Dünyanın xilası, çoxsaylı problemlərin həllinə ümid həmin amillərin gücləndirilməsinədir. Bu məsələ də özü özlüyündə
hasil olmur. Bunun üçün çox iş, düzgün qurulmuş platforma, ardıcıl, məqsədyönlü prinsipial mövqenin qoyulması və yeridilməsi tələb olunur.
Taix səhnəsinə yeni qədəm qoymuş kiçik dövlətlərin öz istəklərini reallaşdırmaq imkanları çoxdurmu? Bu imkan ilk növbədə həmin dövlətin özündən asılı olmayan müsbət və ya mənfi amillərdən, habelə onun imkanları çərçivəsində uğurlu siyasət yeridə bilmək bacarığından asılıdır.
Yeni dünya nizamının formalaşması prosesi davam edir. Ümumilikdə bu proses daim cərəyan edən bir prosesdir. Sadəcə olaraq onun tempində azalmalar və sürətlənmələr mövcuddur ki, sonuncu haqqında danışılan mərhələ prosesin kulminasiya məqamına təsadüf edir. Belə bir mərhələni XX əsr ərzində baş vermiş Birinci və İkinci dünya müharibələri ilə müqayisə etmək mümkündür. Həmin dövrdə də dünyanın köhnə durumu dağılmış, yeni nizam formalaşmışdır ki, burada da köhnə imperiyaların dağılması, yeni dövlətlərin meydana gəlməsi, yeni dövrün liderlərinin (hegemonlarının) təsdiqi, yeni qüvvələr nisbətinin bərqərar olması baş verir. Hər dəfə ortaya çıxan vacib məqamlardan biri də tarix səhnəsinə çıxmış yeni dövlətlərin yeri, onların taleyi, oturuşması, yeni qüvvələr nisbətində yerini tutması məsələsidir.
Dünya nizamının sonuncu qlobal dəyişməsi prosesində Azərbaycan da XX əsr ərzində ikinci dəfə olaraq müstəqilliyini bərpa etmək şansı qazanıb. Dünya durumunda Sovet-sosialist məkanının dağılmasından sonra bu məkanda təşəkkül tapmış yeni dövlətlərə münasibətdə fərqli strategiya və taktika nümayiş etdirilmişdir. Əgər Şərqi Avropanın keçmiş sosialist dövlətləri Qərb dövlətləri məkanına nisbətən daha asan qəbul edilmişdilərsə, Sovetlər İttifaqından qopub ayrılmış dövlətlərə münasibət bir qədər fərqli olmuşdur. Onların sırasında Baltikyanı dövlətlərin müstəqilləşməsi və Qərbə inteqrasiyası nisbətən yüngül keçmişdisə, digər dövlətlər haqqında bunu demək çətindir. SSRİ məkanından ayrılaraq müstəqillik qazanmış dövlətlərə Qərbin yanaşması daha ehtiyatlı xarakter daşıyırdı. Həmin dövlətlərin milli və dini mənsubiyyətindən, geosiyasi mövqeyindən, iqtisadi imkanlarından və digər cəhətlərindən asılı olaraq, onların müstəqilləşməsinə fərqli münasibət olmuş, fərqli yanaşmalar və planlar müşahidə edilmişdir.
Qeyd olunduğu kimi, yeni şəraitdə bir müsəlman-türk dövləti kimi tarix səhnəsinə çıxmış Azərbaycanın müstəqilliyi yolunda çoxsaylı maneələr yaradılmışdır. Onların sırasına birbaşa hərbi təcavüzdən, separatçı münaqişə ocaqlarının yaradılmasından tutmuş daxili ixtilafların törədilməsi, terror aktları, iqtisadi sanksiyalar, müxtəlif xarakterli blokadaların tətbiqi və sairə daxildir.
Müstəqil Azərbaycana münasibətdə yeridilən qərəzli siyasətin sırasında onun problemlərinə, maraqlarına münasibətdə nümayiş etdirilən ikili standartlar reallığın və demokratiyanın müdafiəsi, insan haqlarının qorunması bəhanəsi ilə edilən təzyiqləri xüsusi qeyd etmək lazımdır.
Burada hər bir dovlətin mövqeyi üzərində xüsusi dayanmağa ehtiyac vardır. Azərbaycan sivil, demokratik quruluşa malik, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində fəaliyyət göstərən bir sistem olmaqla münasibətlərini butun qonşuları ilə dinc yanaşı yaşamaq, onların suveren hüquqlarına hörmət və qarşılıqlı əməkdaşlıq əsasında qurur. Lakin, görünür, onun müstəqil dövlət kimi özünü təsdiq etməsi, müstəqil siyasət yeritməsi, dünyanın təhlükəsizlik məqamlarında əhəmiyyətli rol oynaya bilməsi heç də dünya nəhənglərinin planlarına və prinsiplərinə uyğun gəlmir. Üzdə bərabərhüquqluluğu, demokratiyanı, insan haqlarını özünə şüar etmiş bu güclər həmin məsələlərə yanaşmada fərqli münasibət nümayiş etdirirlər.
Dünyanın müxtəlif ölkələrinə münasibətdə təzahür edən ikili standartın mahiyyəti nədir və o hansı əsas üzərində təşəkkül tapır. Hər şeydən öncə qeyd etmək lazımdır ki, ikili standart həmin mövqeyə malik olan tərəfin maraqları ilə beynəlxalq norma və prinsiplərin ziddiyyət təşkil etməsindən irəli gəlir. Üzdə özünü ümumbəşəri dəyərlərə və beynəlxalq hüququn norma və prinsiplərinə sadiq kimi qələmə verən bəzi dövlətlər və beynəlxalq təşkilatlar reallıqda öz gizli maraqlarından və konkret məqsədlərindən çıxış edir. Bu iki amilin hansının üstələməsi isə bir çox amillərdən asılıdır ki, onların hər birinə konkret situasiyalarda baxmaq lazımdır. Taleyi ortada olan isə bu halda fəaliyyətini ona yönəltməlidir ki, ikili standart nümayiş etdirən tərəfi beynəlxalq normalara əməl edilməsinə məcbur edə bilsin. Hələ ən qədim zamanlardan tarixi inkişafın gedişində tədricən formalaşaraq beynəlxalq münasibətlərin standartlarına çevrilmiş norma və prinsiplərə bu və ya digər dövlətin əməl etməsi həmişə problemli olmuşdur. Zaman-zaman bu pozuntular iri münaqişələrə gətirib çıxarmış, müqyaslı müharibələrin baş verməsinə səbəb olmuşdur. Tarazlığın bərpa edilməsi üçün yenidən ümumi razılığa gəlinsə də, vaxtaşırı bu pozuntular təkrar edilmişdir. Müasir dövrdə də döyük dövlətlərin, hazırkı dövrdə isə, konkret olaraq, Qərbin demokratiyanı müdafiə etmək, insan haqlarının bu və ya digər dövlətdə qarşısının alınması bəhanəsi ilə ikibaşlı siyasət yeritməsi bu günün reallığıdır və dünyanın təhlükəsizliyinə ciddi problemlər yaradır.
Son vaxtlar Azərbaycana da həmin bəhanələrlə təzyiqlərin artması eyni istəklərdən qaynaqlanır. Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzə, onun əraziləri işğal etməsinə göz yumması, bunlar azmış kimi, onlara yardımların edilməsi demokratiyadan, insan haqlarından ağız dolusu danışan dünya nəhənglərinin beynəlxalq norma və prinsiplərə barmaqarası baxmaların, onlardan yalnız öz qərəzli siyasətlərini ört-basdır etmək üçün istifadə etdiklərini göstərir. Bütün bunlar sübut edir ki, hegemonluq iddiasında olan qüvvələr heç də məqsədlərindən əl çəkmək fikrində deyillər. Onlar demokratik dəyərlər, insan haqları öz məkrli məqsədlərinə çatmaq vasitəsindən başqa bir şey deyildir. Akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” məqaləsində haqlı olaraq qeyd olunur: “Bu praktikanın məqsədi insan azadlıqlarının və hüquqlarının müdafiəsi deyil, konkret siyasi və iqtisadi səmərə əldə etmək üçün bu və ya digər dövləti arzu olunan güzəştlərə məcbur etməkdir. XXI əsrdə beynəlxalq münasibətlərdə güc siyasətinin yeni formasının reallaşması məhz bundan ibarətdir.”
Buna sübut kimi demokratiyanın müdafiəsi adı altlnda Yaxın Şərq olkələrində aparılmış hərbi əməliyyatların və ya reallaşdırılan “rəngli inqilabların” nəticələrinə baxmaq kifayətdir. Hadisə və proseslərin əvvəlində onları əsaslandırmaq üçün irəli sürülən bəhanələr sonda tamamilə unudulur. Bütün bu hərbi əməliyyatlardan və inqilablardan sonra demokratik məqsədlərə çatıldımı? Tarix tamamilə bunun tərsini sübut edir.
Azərbaycanı müasir dövrdə özlərinin strateji tərəfdaşı elan edən Avropa dövlətləri və ABŞ konkret məsələlərə gələndə qərəzli mövqelərini də nümayiş etdirməkdən çəkinmirlər. Azərbaycanın bir milyondan artıq qaçqın və köçkününün olmasına ciddi əhəmiyyət verməyən, beynəlxalq təşkilatların qəbul edilmiş qərarlarının uzun illərdir yerinə yetirilməməsinə göz yuman bu dövlətlərin özlərinə lazım olanda ən kiçik məsələlərə kəskin reaksiya vermələri, özlərini haqq və ədalətin müdafiəçisi kimi qələmə vermələri bu gün heç də təəccüb doğurmur, uzun illərdən bəri nümayiş etdirdikləri qərəzli mövqelərini təkrar-təkrar göstərir. Belə bir vəziyyət qanunauyğun bir sual doğurur: Azərbaycanın üzləşdiyi problemlərin həllində onlardan pozitiv bir şey gözləməyə dəyərmi? Onların, misal üçün, Qarabağ münaqişəsini həll etmək üçün real məqama gəldikləri və onu başa çatdırmaq imkanı yaranarsa onlardan ədalətli qıərar gözləmək olarmı? Düşünürük ki, bu suallar həmin mürəkkəb məsələlər üzərində düşünməyin vacibliyini bir daha təsdiq edir.
Bu düşüncədən çıxış edərək, o həqiqəti bir daha vürğulamaq istərdik ki, hər bir şeyin uğuru ilk növbədə mövcud reallığın və acı həqiqətlərin olduğu kimi qəbul olunmasından keçir. Onun qəbul edilməsi dostu – düşməni düzgün tanımağa, münasibətin subyektlərinə münasibətdə taktikanı düzgün seçməyə imkan verir. Azərbaycan bu gün öz fəaliyyətində möhkəm iradə, prinsipial mövqe nümayiş etdirir ki, bu da son məqamda uğurun qazanılmasına əminlik yaradır.


Müəllifin digər yazıları

  1. YENİDƏNQURMA DÖVRÜNDƏ SSRİ-də ALKOQOLİZMƏ QARŞI MÜBARİZƏ VƏ ONUN NƏTİCƏLƏRİ HAQQINDA
  2. Qarabağ münaqişəsinin nizamlanmasının başlıca maneələrindən biri mövcud status-kvodur
  3. AZƏRBAYCANLI “ZİYALININ” ERMƏNİSAYAĞI GEDİŞLƏRİ
  4. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik tarixində
  5. Ermənistanda dəyişikliklər nə vəd edir?
  6. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən
  7. 2017-ci il: gözləntilər və nəticələr
  8. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  9. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  10. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  11. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  12. AZƏRBAYCAN RESPUBLİKASI 25
  13. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  14. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  15. Qarabağ problemi son hadisələr işığında
  16. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  17. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  18. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  19. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  20. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  21. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  22. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  23. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  24. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  25. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  26. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  27. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  28. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  29. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  30. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  31. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  32. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9305 san