12:05 04 Fevral 2015
16912 dəfə oxunub
Çap versiyası
Vüqar Rəhimzadə
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Vüqar Rəhimzadə,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent,
Azərbaycan Milli Elmlər Akademiyası
Naxçıvan Bölməsinin doktorantı

Media kütləvi informasiya vasitələri və kommunikasiya anlayışının analoqudur. Şübhəsiz ki, medianın həyatın bütün sahələrinə təsir miqyası günbəgün artır və bu təhsil sisteminin qarşısında yeni məqsədlər qoyur. Çünki, İKT-nin sürətli inkişafı insandan yalnız müasir texniki vasitələrdən xəbərdar olmağı deyil, həmçinin onlardan istifadə etmək bacarığını, aşkar tənqidi təfəkkürün səviyyəsini, sərbəst yaradıcılıq işləri axtarışı bacarığını, informasiyanın işlənib hazırlanmasını, təqdimatını və s. tələb edir. Bu, eyni zamanda cəmiyyətin sosial transformasiyasının göstəricisinə çevrilir.
XXI əsrin əvvəlindən başlayaraq bəşəriyyət transformasiya erasına, praktiki olaraq hər bir dövlətdə sosiumun müxtəlif sektorları arasında qarşılıqlı əlaqələrə əsaslanan sosial münasibətlərin inkişafının yeni mərhələsinə qədəm qoyub. Gündəlik həyatımıza daxil olan internet cəmiyyətin hər bir üzvünü həm informasiya istehlakçısına, həm də informasiya daşıyıcısına çevirib.(1)
Müasir dünyanın inkişaf tendensiyasını şərtləndirən qloballaşma və inteqrasiya proseslərinin əsasında bir çox amillərlə yanaşı həm də KİV və onların yaradılmasını, eləcə də yayılmasını təmin edən texnologiyalar və müvafiq infrastrukturlar durur. İnsanların işdə və ya istirahətdə olmasından asılı olmayaraq fasiləsiz olaraq müraciət və istifadə etdikləri qəzetlər, jurnallar, kitablar, radio, televiziya, İnternet və s. kimi informasiya mənbələri və kommunikasiya vasitələri – başqa sözlə mediasistem müasir cəmiyyətin ən aparıcı və mühüm sahəsindən birinə çevrilmişdir.
Cəmiyyətin mühüm fəaliyyət sahələrindən biri olan hazırkı media sistemi İnformasiya cəmiyyəti şəraitində xüsusi rola malikdir. Belə ki, biliklərin rolunun, informasiya sektorunda çalışanların sayının, ümumi daxili məhsulun tərkibində informasiya sektorunun payının artması cəmiyyətin informasiyalaşdırılması ilə xarakterizə olunur. Bu baxımdan, kütləvi media müasir cəmiyyətdə ilkin informasiya istehsalçısı kimi mühüm yer tutmaqla, informasiya cəmiyyətinin formalaşmasında xüsusi rol oynayır.
Müasir mediasistemin strukturuna və əsas tərkib elementlərinə həm ənənəvi periodik və qeyri-periodik nəşrləri, elektron nəşrləri, audio-video xidmətləri və məhsulları, radio-televiziya verilişlərini hazırlayan müəssisələr, həmin xidmətləri təqdim edən infrastruktur, həm də İKT-in, İnternetin geniş yayılması ilə əlaqədar olaraq digər elektron vasitələr, texniki sistemlər, şəbəkələr və texnologiyalar daxildir. Ona görə də hesab etmək olar ki, müasir mediasistem və ona müvafiq olan mediaiqtisadiyyat formalaşmaqda olan informasiya cəmiyyətinin mühüm sektorudur.
Müasir media cəmiyyətdəki struktur dəyişmələrinə müəyyən təsirə malikdir. Ona görə də media təhlilçiləri ictimai struktur dəyişikliklərinin və mediasistemin qarşılıqlı təsirini həmişə təhlil edir və izləyirlər. ABŞ analitiki C.Braman informasiya cəmiyyətinin formalaşmasını 4 mərhələyə bölməklə hər bir bölmənin xüsusiyyətlərini ayrıca təhlil edir və media sisitemin vəzifələrini araşdırırdı. (2)
Mediasistem inkişaf edərək müstəqil bazar iştirakçısına çevrildikcə informasiya bolluğu şəraitində zəruri informasiya mallarının və xidmətlərinin axtarılması, tapılması, yeni texnologiyaların işlənilməsinin zəruri edir.
İKT ilə əlaqəli yeni media məhsul və xidmətlər köhnələrlə müqayisədə müəyyən kommersiyalaşma xüsusiyyətlərinə malikdir. Eləcə də İKT-yə müxtəlif səviyyəli çıxış imkanlarının olmasımediaməhsulların reallaşdırılmasında yeniliklər yaranmasına səbəb olur. Nəticə etibarı ilə mediasistem yeni cəmiyyətin inkişaf faktoru kimi çıxış edir.
İnformasiya cəmiyyətində informasiya, bilik, kommunikasiya, bacarıq, səriştəlik yüksək qiymətləndirilir. Onun əsas potensialı insan və onun intellektidir. Belə cəmiyyətdə insanların yeni bilik yaratmaq və ondan səmərəli istifadə etmək qabiliyyəti xüsusi dəyər daşıyır.
Qlobal informasiya cəmiyyətində informasiya və bilik əmtəəyə çevrilir. Onların yaradılması və yayılmasından asılı olaraq iqtisadiyyatın şəbəkə iqtisadiyyatı, İnternet iqtisadiyyatı, media iqtisadiyyatı, kontent iqtisadiyyatı, proqram məhsullarının iqtisadiyyatı və s. kimi real sektorları yaranır.
Biliyin yaranmasında informasiya aparıcı yer tutur. İnformasiya bilik iqtisadiyyatının bazası kimi çıxış edir. İnformasiya iqtisadiyyatı ilə bilik iqtisadiyyatını fərqləndirən əsas cəhət də informasiyanın xammal xarakterli olmasıdır. Hazırki dövrdə cəmiyyətdə informasiya və biliklərin rolu sürətlə dəyişməkdədir.
Bu mənada, İKT-nin, o cümlədən İnternetin təsiri nəticəsində KİV-in bir neçə istiqamətdə transformasiyası baş verir. Birinci istiqamət – rəqəmsallaşmadır. Yəni informasiyanın bütün formaları – mətn, qrafik, audio, video rəqəmsal formaya keçir. KİV-in transformasiyasının ikinci istiqaməti konvergensiyadır, başqa sözlə, texnologiyaların media vasitələrinin və KİV bazarlarının qovuşması prosesidir.
KİV-in transformasiyasının üçüncü istiqaməti qloballaşmadır. Bu istiqamətdə baş verən transformasiya prosesinin əsas mahiyyəti KİV sahəsində ümumdünya miqyasında qarşılıqlı əlaqələrin genişlənməsi, istənilən media orqanının dünyanın hər bir nöqtəsində əlyetərli olmasıdır.
Qlobal dəyişikliklərin milli məkanlara təsir imkanlarının artdığı bir şəraitdə informasiyanın mötəbərliyi xüsusi önəm daşıyır. Bu konteksdə cəmiyyətin maarifləndirilməsində birbaşa məsul olan sahələrin üzərinə məxsusi vəzifələr düşür. Ayrı-ayrı ölkələrdə baş vermiş və bütün dünyaya öz təsirini göstərən iqtisadi dəyişikliklər və informasiya “partlayışı”, ənənəvi olaraq yaranmış mürəkkəb sistemə, məzmuna, üsullara və müxtəlif media vasitələrinin istifadəsi kontekstinə, təhsil texnologiyasına yenidən baxış keçirməyi zərurətə çevirir.
Medianın rolunun obyektiv inkişafı onun təlim-tərbiyə prosesində istifadə olunan təcrübəsindən irəli gəlir. Pedaqoji elmdə və təcrübədə müasir medianın təhsilə təsir imkanları, bir çox anlayışların lazımi səviyyədə işlənib hazırlanmaması, bu mühitdə müəllim səriştəliliyinin aşağı səviyyədə olması, təhsil müəssisələrində texniki avadanlıqların çatışmazlığı onların yüksək qiymətləndirilməməsinin səbəblərindəndir.
Təhsil mədəniyyətin bir hissəsi kimi informasiyalaşmanın qlobal proseslərini öz üzərinə götürür. V.P.Demkinin sözlərinə görə cəmiyyətin informasiya inkişafı yeni təhsil paradiqmasının intensiv yaranması ilə əlaqədardır. [3, 23] Onun təməlində insan və şəxsiyyətin təhsil üzərindən inkişafının fundamental dəyişikliklərin təqdimatı durur. Təhsil paradiqmasında təhsil prosesinin yeni təşkilat formalarının köməyi ilə müəllimlə dialoq, aktiv yaradıcılıq fəaliyyəti, sadə reproduktivlikdən uzaq tələbə-pedaqoji təsirdə obyekt deyil, idrak fəaliyyətinin aktiv subyektidir. Müasir insan ali savada malik olmaqla yanaşı, həmçinin öyrənməyi də bacarmalıdır: lazım olan informasiyanın axtarılıb tapılması, bunun üçün müxtəlif mənbələrdən istifadə edilməsi, fasiləsiz inkişaf və s.
V.M.Loskutnikov bildirib ki, müasir təhsil sistemində yaşanan böhran təhsilin informasiyalaşdırılması anlayışının həddindən artıq aşağı səviyyədə olması ilə əlaqədardır. Bir çox ölkələrin təhsil müəssisələrində o, digər fənlərdən təcrid olunaraq informatika fənninə və tədris üsuluna daxil edilir. [4, 64]
Əlbəttə ki, təhsil müəssisəsini bitirən tələbələr təkcə elmi bazaya (kompyuterlə işləmək, verilənlər bazası, əməliyyat sistemi, internet və s.) deyil, həmçinin cəmiyyət haqqında təsəvvürdə (cəmiyyətdə informasiyalaşma proseslərinə), dil mədəniyyətində baş verən dəyişikliklərlə əlaqədar biliklərə malik olmalıdırlar. Tələbələr bu cür hazırlığa müstəqil şəkildə yönlənməli və informasiya axını ilə işləməyi bacarmalıdır. Digər tərəfdən, cəmiyyətin problemləri müstəqil şəkildə həll edə bilən, öz fəaliyyətini davamlı öyrənmə yolu ilə inkişaf etdirən, informasiya texnologiyaları və kütləvi kommunikasiya vasitələri haqqında yüksək səviyyədə biliyə malik olan mütəxəssislərə ehtiyacı var.
İnformasiyalaşdırma probleminə elmi baxımdan hərtərəfli və kompleks şəkildə yanaşılmalıdır. Çünki, pedaqoji aspekt informasiya cəmiyyətində fasiləsiz təhsilin formalaşması, açıq pedaqoji sistemlərin qurulması, əlavə təhsildə informasiya və kommunikasiya texnologiyaları, distant təhsil, informasiya cəmiyyəti şərtlərində təhsilin psixoloji və pedaqoji problemləri, multimedia texnologiyalarının təhsildə istifadəsi, təhsil xidmətlərinin qloballaşdırılması və inteqrasiyası, informasiya cəmiyyətində təhsilin məzmunu və funksiyaları, informasiya texnologiyaları və s. didaktik əhəmiyyəti və tərbiyəvi təsiri kimi məsələləri müzakirə platformasına çıxarır. Məhz, sadalanan problemlərin müzakirəsi yeni bir sahəyə - elektron media vasitələrinə nəzər salmağı vacib faktora çevirir. Yəni, müasir medianın növləri və funksiyaları, elektron medianın əsas xarakteristikası araşdırıldıqca, onun didaktik və tərbiyələndirici imkanları üzə çıxmış olur.(5)
Qeyd edilməsi vacibdir ki, “media” termini adı altında informasiyanın yaradılması, tirajlanması, saxlanılması, paylanılması, qavranılması və xəbər müəllifi ilə kütləvi auditoriya arasında mübadiləsi üçün nəzərdə tutulmuş texniki cihazlar başa düşülür. Buna görə də media dünyanın insan tərəfindən dərk edilməsi üçün kompleks vasitə hesab olunur.
Əsaslarına daxil edilmiş parametrlərdən asılı olaraq, medianın təsnifatına müxtəlif yanaşmalar mövcuddur. Ənənəvi olaraq, kütləvi informasiya və kommunikasiya vasitələri informasiyanın ötürülməsi üsullarına görə (çap, radio, kino, televizor, video, kompyuter şəbəkəsi və s.) və qavranılması üsullarına görə (görmə, eşitmə və audiovizual) təsnif edilir.
Bu təsnifatlar hər şeydən öncə işarə komplekslərində, media kodlarındakı fərqliliklərə əsaslanır. Dövri dərclərdə ikili işarə sistemi təqdim edilir: çap formada təbii dil və təsvir işarələri (fotolar, rəsmlər, karikaturalar), həmçinin müxtəlif növ şrift seçimləri, mətnin yerləşdirilmə üsulları və s. Radioya aid isə triada mövcuddur: şifahi nitq+təbii səslər (küy)+musiqi. Audiovizual KİV-də (televiziya, sənədli film) triada informasiyanın “canlı” təsvir kimi çatdırılması və auditoriyaya təsiri nəticəsində yaranır.
Müasir mediaya informasiyanın qəbul kanalının təsnifatı baxımından nəzər salsaq, dar mənada müxtəlif medianın bir neçə kompyuter təsvirinə inteqrasiyası – hipermətn strukturları, qarışıq mətn, interaktivlik və modelləşdirmə multimedialılığını mümkün edən rəqəmsal-elektron media anlaşılır. Bu konteksdə elektron mediaya radio, efir, kabel, peyk televiziyası, video, kompyuter şəbəkəsi, oyunlar və s. aid edilir.
Sosial-pedaqoji planda isə medianı işlənmə yerinə (fərdi, qrup, kütləvi şəkildə, ev, iş və. s), informasiya məzmununa (ideoloji, siyasi, əxlaqi-tərbiyəvi, dərketmə-öyrədici, estetik, ekoloji, iqtisadi), funksiya və bütöv istifadəyə (informasiyanın alınması, təhsil, ünsiyyət, məişət problemlərinin həlli, əyləncə, sosial idarəetmə), şəxsiyyətə təsir nəticəsinə (bilik səviyyəsinin inkişafı, özünüdərketmə, özünütərbiyə, özünüinkişaf, özgüvən, özünüidarə, vəziyyətin nizamlanması, ictimailəşdirilmə) kimi cəhətlərə görə təsnif etmək mümkündür.
Təhsil prosesindəki istifadə imkanlarına nəzər yetirsək, elektron media funksional çərçivədə universallıq dərəcəsinə (yerinə yetirilmiş funksiyaların miqdarı), informasiyanın hazırlanması və təqdim edilməsi, audio və video materiallarla, statistik və dinamik video sənədlərlə, makro və ya mikro obyektlərlə işləmə imkanına görə digər sahələrdə də qruplaşır.
Texniki vasitələrin təsnifatına əsasən isə informasiyanın hazırlanması və təqdimatı əlamətlərinə görə artıq hazır olan məlumatın hazırlanma vasitəsi (cd və dvd disklər üçün videopleyer, slayd proyeksiya, cd səsləndirmək üçün cihaz və s.), tapşırılanların hazırlanması üçün vasitə (fotoaparat, rəqəmsal fotokamera, analoqlu və rəqəmsal videokamera, səsyazma cihazı) və əldə olunan materialın hazırlanıb və təqdim olunmasına imkan verən vasitə (kompyuter, videomaqnitafon və musiqi mərkəzi) kimi üç qrupa bölünür. Bu gün texniki vasitələrin təsnifatının ən əhəmiyyətli əlamətlərindən biri də verilən informasiyanın təqdimatına dairdir. Burada isə əsasən məlumatın analoqla və rəqəmsal ötürülməsi xüsusi fərqlənir.(6)
Bütün bunlarla yanaşı, müasir medianın sosial funksiyalarının bir neçə anlayışı mövcuddur və bunlar tez-tez dəyişir. Çünki obyekt özü də dəyişkəndir. Təsnifatın bütünlüklə təhlilinə əsasən Y.N.Zasursk, E.P.Proxorov, A.V.Fyodorova, L.N.Fedotov, İ.D.Fomiçev, İ.Xmari medianın funksiyalarını bir neçə əsas qruplara bölürlər:
- İnformasiyalı: iş, müxtəlif növ faktlar və hadisələr haqqında məlumatlar;
- Analitik: faktların şərhi, onların izahı, təhlili və qiymətləndirilməsi;
- İdraki-maarifləndirmə: mədəni və tarixi-elmi informasiyanın oxuculara, dinləyicilərə və izləyicilərə ötürülməsilə onların biliklərinin artırılması;
- Ədəbi-tərbiyəvi: ilk növbədə mediada cəmiyyətin davranış tərzinə əsasən əxlaqi estetik dəyərlərin, ədəbi prinsiplərin, estetik maraqlar haqqında təsəvvürün əks etdirilməsi;
- Təsir funksiyası: (ideoloji, sosial idarəetmə, nizamlama) media insanların davranışlarına və baxışlarına təsir edir, əsasən cəmiyyətin inversiya dəyişiklikləri və kütləvi sosial-siyasi aksiyaların keçirilməsi zamanı öz təsirini göstərir.
- Gedonistik (estetik, rekreativ): auditoriyanın xoş vaxt keçirməsinə, istirahətinə, enerjisinin bərpasına, estetik tələbatdan həzz almaq kimi dəyərlərə yönəldilir.(7)
Müasir mərhələdə KİV-lərin və təhsilin üst- üstə düşən məramları yeni məzmun kəsb etməkdədir. Bunun nəticəsidir ki, davamlı inkişafın ümumbəşəri hədəf olduğu indiki mərhələdə KİV və təhsilin partnyorluğundan bir humanitar missiya kimi daha mütəmadi bəhs edilir. (8)
Beləliklə, medianın strukturu, funksiyaları informasiyalaşdırma prosesində əhəmiyyətli rola malikdir. İnformasiyanın istehsalını və ötürülməsini təşkil edən subyektin maraqlarından asılı olaraq, onun təlim-tədris sistemində də əhəmiyyətini üzə çıxarmış olur.


ƏDƏBİYYAT

1.http://azertag.az/xeber/Anenevi_mediadan_dunya_informasiya_sebekesine_transformasiya_labuddur-802561
2. www.ict.az/uploads/files/media_ve_iqtisadiyyat.doc
3. Демкин В. и др. “Познавательное интернет-телевидение: принципы и технологии // Открытое и дистанционное образование”. 2012. № 4. стр. 11-16
4. Лоскутникова В.М. Антропологические аспекты информатизации образования // Открытое и дистанционное образование. 2003. №1. стр. 66-72
5. Дзюбенко А. А. Новые информационные технологии в образовании. – Москва, ВНТИЦ, 2000. стр.104
6.Трайнев В.А., Трайнев И.В. Информационные коммуникационные педагогические технологии (обобщение и рекомендации): Учебное пособие. Москва, Дашков и К, 2005.
7. Федоров А. В. Развитие медиаобразования на современном этапе // Инновации в образовании. 2007. №3. стр. 40-51
8.Элeaнор Бёрд,Ричард Лутц,Кристин Уорвик. Средства массовой информации как партнеры в сфере образования для устойчивого развития. Учебно-ресурсныйкомплект. - Б: 2008. - 82c.

 


Müəllifin digər yazıları

  1. Azərbaycan mətbuatında varislik prinsipi cümhuriyyət dövrünün mediasının milli təfəkkürün inkişafındakı rolu kontekstində
  2. Vüqar Rəhimzadə: “Qoca qitə”nin İslam dünyasına baxışı ədalətsiz və qərəzlidir
  3. Forum sivilizasiyalararası dialoqa mühüm töhfələr verəcək
  4. Azərbaycanın KİV və İKT sahəsindəki uğurları ABŞ-da nəşr olunan beynəlxalq jurnalda
  5. Xalq öz Prezidentinə, Prezident isə öz xalqına arxalanır
  6. Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik tarixi milli sərvətimizdir
  7. Sürətlə inkişaf edən, dəyişən dünyada xalqlar və dövlətlər yaxınlaşır, insanlar və talelər birləşir
  8. Müasir Azərbaycan mətbuatının inkişafı Heydər Əliyevin adı ilə bağlıdır
  9. Sosial transformasiya prosesində KİV-in funksiyaları
  10. YENİ ƏSRİN LİDERİ
  11. Əbədiyaşar lider
  12. KİV-İn İNFORMASİYA CƏMİYYƏTİNDƏ YERİ VƏ ROLU
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5793 san