09:43 10 Mart 2015
8687 dəfə oxunub
Çap versiyası

  Hər dəfə qanvermə kampaniyalarıyla bağlı elanları, çağırışları oxuyanda məndə müxtəlif xatirələr oyanır. Düzünü desəm həyatımda çox donorluq etsəm də, bu çağırışlardan yalnız ikisində iştirak etmişəm. Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının təşəbbüsü ilə keçirilən qanvermə kampaniyası isə həyatımda hələ ki, üçüncü olacaq. Qarabağ müharibəsinin getdiyi dövrdə, Bakı Süd Kombinatında kadrlar şöbəsində işlədiyim vaxt ilk dəfə qanvermə aksiyasının iştirakçısına çevrildim.

 

SÜRÜCÜLÜK VƏSİQƏSİ VƏ QAN

 

Ona qədər  qan verməyə qarşı bir ikrah hissi vardı məndə. Və bu hiss elə-belə yaranmamışdı. Çox gülməli də olsa deyim. Sovet dövründə sürücülük vəsiqəsi almaq üçün tibbi müayinədən hamı keçirdi. Amma orda belə bir tələb də vardı. Bilmirəm qanuni idi, ya qanundan kənar, amma qan verməsəydin sənə tibbi arayış vermirdilər. Qan vermək istəməsəydin gərək 25 rublundan olaydın. Amma onu da bilmirdim ki, pul qanuni tələbdir, yoxsa rüşvət. Mənə də bu tələbi irəli sürəndə tibb komissiyasını yaman pərt elədim. Yox, yazmaqla, atamla hədələmədim. Onda heç qələmim də yox idi. Sadəcə sarılıq xəstəliyi keçirməyimlə bağlı kağızı onlara göstərdim. Vəssalam.

 

YENİDƏN DOĞULDUM

 

İlk dəfə qan verməyim elə bil ki, məni yenidən həyata qaytardı. İştahım açıldı. Gecəni daş kimi yatmağa başladım. Səhər saat 9-da işə gəlməli olan adam 12-də güclə yuxudan dururdum. Və o vaxtdan qanvermək, donor olmaq həvəsi yarandı məndə. AzTV-də işləyərkən  Nəsimi bazarının yanındakı qanvermə institutunda keçirilən aksiyaları işıqlandırmaqla yanaşı, həm də iştirakçıya çevrilirdim. Özüm könüllü qan verməyə gedəndə isə sənədimi  təqdim etmirdim. Adımı isə Məhəmmədov Məhəmməd Məhəmməd oğlu deyirdim.

 

İLK QAN

 

Donor, qanvermək sözünü ilk dəfə atamdan eşitmişəm. Atam ömründə qan verməmişdi. Onda donorluğa qarşı bir nifrət hissi yaranmışdı uşaqlıqda. Bu haqda danışır, amma qələmə almırdı. Nəhayət 2000-ci ildə 74 yaşında bu hisslərini əks etdirən “Anamın qanı” şeirini yazdı. Müharibə vaxtı – 1942-ci ildə 16 yaşlı Qabil evə gəlir və görür ki, stolun üstündə nələr yoxdur.

 

Bir gün dərsdən evə gəldim:

Bu nə deməkdir?

Bu nə süfrə, bu nə dəsgah, bu nə yeməkdir?

Lap ağ çörək... qolbas... süzmə... holland pendiri,

Hələm-hələm ələ düşməz dənəvər kürü...

Kərə yağı... şəkər tozu... mürəbbə, filan...

 

Qara çörəyin talonla verildiyi bir dövrdə gənc Qabil dul qalmış anasına heç nə demir. Amma bu yeməkləri də nuşcanlıqla yemir. İkinci dəfə bu süfrəni görəndə etiraz edir. Ürəyində qövr edən şübhələri anasının üzünə vurur. Ortaya qoyduğu nemətlərə “zəhrimar” deyir. Cavabında isə anası:

 

-Zəhrimar demə, bu zəhrimara, oğlum,

Gedirəm qan verirəm, yaralılara, oğlum.

Tapılmayan bu şeylər taqətimçün verilir.

Yenə də qan verməyə növbətimçün verilir.

Bu süfrə, bu naz-nemət qanıma əvəz, oğlum!

Get, ay anası ölmüş, get arxayın gəz, oğlum!

 

Qabil də bu cavabdan sonra:

 

Düşdüm ayaqlarına məsum anamın bu dəm:

-Ay anam, belə çıxır mən qanını yeyirəm?

Qan bahası süfrəni bir də açsan əgər sən,

Axtarma, baş götürüb qaçacağam bu evdən.

 

Məhz bu hadisəyə görə Atam qanverməkdən nəinki xoşu gəlmirdi, hətta nifrət edirdi. Çünki müharibə vaxtı “anasının qanı”nı yemişdi.

 

20 YANVAR VƏ QAN

 

Hər dəfə 20 Yanvar gələndə, “bu bizim qan yaddaşımızdır” kimi pafoslu sözlər eşidəndə əsəbləşirəm. 20 yanvar bizim qan yaddaşımız yox, gözümüz qorxudulan gündür. Qan gördük, qorxduq. Hər tində, küçədə, məhlədə dayanan, indi cəllad adlandırdığımız sovet ordusunun əsgərlərinə, tanklara, BMP-lərə nəinki hücum edib, qanımızı almadıq, heç yerdən balaca bir daş da götürüb atmadıq. Çünki qan görmüşdük. Qandan artıq qorxurduq. Ona görə də mən “20 Yanvar şəhidləri” yox, 20 Yanvar günahsız qurbanları deyirəm. Heç bir maneçilik törədilmədən salınan Şəhidlər xiyabanı isə bizə verilən qan bahası idi. “Ağlayın, sakitləşin, bir də belə dikbaşlıq etməyin. Yoxsa...” Bu mənim subyektiv fikrimdir.

Amma mən bundan danışmaq istəmirəm. O müdhiş gecədə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin tələbə və müəllim heyətinin və həkimlərin qəhrəmanlığını qeyd etmək istəyirəm. O gecə saysız-hesabsız yaralılara qulluq edən, qan verən məhz onlar idi. Mütəşəkkil şəkildə, heç bir çağırış olmadan.  Amma nədənsə bunları yadımızdan çıxarmışıq.

 

İKİNCİ QANVERMƏ AKSİYASI

 

İkinci dəfə qanvermə aksiyasına işlədiyim təşkilatdan qoşuldum. Özü də çox həvəslə. Kollektivdən cəmi 10-15 faiz işçi  gəlmişdi. Qan verdik. Bir stəkan çayla şəkərbura, paxlava yedik. Sonra da getdik işimizə-gücümüzə. Səhəri işə gələndə divara asılan bir əmr gördüm. “Aksiyada iştirak edənlərə pul mükafatı verilsin”.  Özü də maaşın yarısı qədər. Kampaniyada iştirak etməyənlərin üzündə bir peşmançılıq oxunurdu:  “Bilsəydik mükafat olacaq, gələrdik”.

 

QAN NƏDİR

 

Qan qırmızı rəngdə olur. Hər insanın bədənində cəmi-cümlətanı 5 litr olur. Amma mənim aləmimdə qan insandır. O da insan kimi qruplara bölünür. Qan da (rezusu) insan kimi mənfi-müsbət olur. Qana qırmızı rəng vermişik. Əslində onun eritrositləri sarı və yaşıl rəngdədir. Onlar bir-birinə qarışanda qırmızı rəngə çalır. Eynən insanlarda da mənfi çalarlar – xəyanət, daha nələr sarı rəng, yeni həyat, canlanma  yaşıl rəng anlamını verir. Deməli mənfi-müsbət cəhətlərimiz də elə qanla ötürülür. Cövhərimizdə olur. 1-ci qrup qanı olanlar bütün qruplara donorluq edə bilir. Lap birinci sort insanlar kimi. Hər şeyi var, bütün nəslini saxlayır. Hətta qonşularına, qapısına gələnlərə də kömək edir. 4-cü qrup qanı olanlar isə donorluq edə bilmir, ancaq bütün qruplardan qan ona düşür. Lap kasıblar kimi. Verməyə heç nəyi yox, ancaq almağı, istəməyi bacarır. Əsla, elə başa düşməyin ki, həm də həmkarlarıma söz atıram. “4-cü hakimiyyət” ifadəsinin, 4-cü qrup qana heç bir aidiyyatı yoxdur.

Qan simsiz teleqrafdır. Həkim hansısa orqana təcili teleqram, xəbərdarlıq, yəni dərman göndərib sağaltmaq istəyirsə, onu qanla göndərir. Damarına iynə vurmaqla. Müharibə elan etmək istəyəndə isə sistem qoşur. Qalib də gəlir, məğlub da olur.  Qan təkcə qırmızı rəngdə olmur. Qanın qara rəngə çalan vaxtı da olur. Bir keyfimiz olmayanda, qüssə-kədər içində olanda, bir də öləndə.

 

BAYRAQ VƏ QAN

 

Sovet dövrü atamın və ziyalı dostlarının dilindən bu iki misranı tez-tez eşidirdim:

 

Bayrakları bayrak yapan üstündeki kandır,

Torpak, eger  uğrunda ölən varsa Vatandır.

 

O vaxt bilmirdim ki, bu misralar Mithat Cemal Kuntay adlı birinin  “On beş ili qarşılarkən” şeirindən iki misradır. Amma o vaxtlar çox məşhur idi. Türkiyə, SSRİ bayrağındakı qırmızı rəngləri də məhz qanın rəngiylə əlaqələndirirdilər. Azərbaycan bayrağında da qırmızı rəng var. Düzdür mənası başqadır. Amma mən həmişə onu qanla əlaqələndirmişəm. Uşaqlıqdan yaddaşıma həkk olunan məhz bu iki misraya görə.

 

QANVERMƏ KAMPANİYALARI

 

Hər dəfə qanvermə kampaniyalarına baxanda, insanların bu aksiyalara fəal qoşulmasını görəndə sevinirəm. Uşaqlıqdan yaddaşıma zəncirvurmaq,  baş yarmaq, sinə döymək kimi həkk olunan Məhərrəmlik ayı da bu humanitar aksiya sayəaində mənə  doğmalaşıb. Amma bir məsələ məni daha çox narahat edir. Verilən bu qanlar sonradan yoxlanıldıqda, neçə faizi yararlı sayılır? Yoluxucu, qepatit xəstəliklərinin yayıldığı bir vaxtda alınan qanların hamısı işə yarıyırmı?

 

İLK DƏFƏ GÖRDÜYÜM QANVERMƏ PROSESİ

 

Uşaq idim. 4 yaşım vardı. Yaxın bir qohumumuz xəstə idi. Demək olar ki, ölürdü. Artıq çadır, stol-stul, stəkan, samavar tədarükünü də başlamışdılar. Bu anda bir savadlı həkim bütün gözləntiləri alt-üst etdi. Dedi ki, cərrahiyyə müdaxiləylə xəstəni sağaldacağam. Birdən qan lazım oldu. Xəstənin qan qrupu da, rezusu da  nadir qan qruplarından çıxdı. Nə qədər axtrdılar tapa bilmədilər. Əlac ona qaldı ki, Lənkəranda yerləşən hərbi hissələrdən birinə müraciət etsinlər. Əlbəttə ki, hay verən tapıldı. Beş sovet əsgərinin sifəti indi də yadımdadır. Gəldilər qan verdilər. Ölümünə hazırlaşdığımız o qohumun o vaxt 32, mənimsə 4 yaşım vardı. İndi isə onun 77, mənimsə 49 yaşım var. İkimiz də sağ-salamatıq.

 

 

 

 

ERMƏNİ VƏ QAN

 

Bu mövzuda yazmışam. Amma qısa xatırlatmaya ehtiyac var. Yəhudilərdə və ermənilərdə qan əsas anlayışlardandır. Özü də ki, ana qanı. Anası yəhudi olana avtomatik olaraq vətəndaşlıq verilir. Ermənilər isə dünyanı öz qadınlarını müxtəlif millətlərə ərə vermək hesabına erməniləşdirə-erməniləşdirə, özünküləşdirə-özünküləşdirə  gedirlər. Çünki qan, həm də koddur. Millətin kodu.

 

 

TƏSƏLLİ QANI

 

Bu gün Azərbaycan müharibə şəraitində olsa da, yaralılarımız yoxdur. Yəni ki, qana bu sarıdan ehtiyacımız yoxdur. Heç olmasın da...  Amma çox heyf ki, qan bu gün dərmana çevrilib. Özü də zəruri bir tibbi preparat kimi.

Atam Qabili yüksək təzyiqlə 2005-ci il noyabrın 30-da  Mərkəzi Klinik Xəstəxanaya çatdırdıq. Elə oldu ki, yeddi gün mən gecə-gündüz yanında qalmalı oldum. Kardioloji şöbədə ayrıca palata olmadığından, ora bitişik qan xəstəlikləri şöbəsində palata ayırdılar. Amma bu cür xəstələr gözə dəymirdi.

Mən əvvəllər burda çəkilişdə olmuşdum. Azərbaycanda ilk dəfə ilik köçürülməsi əməliyyatı keçirilmişdi. Bu əməliyyatı qan xərçəngi xəstələrini həyata qaytarmaq üçün edirlər. Düzdür köməyi olmuşdu, amma cəmi 6 ay. Daha doğrusu ömrünü uzatmışdılar.

Nə isə. Gecə 11-də bir də gördüm ki, səs-küy qalxdı. Axşam 8-dən sonra kimsənin daxil ola bilmədiyi bir xəstəxanada 5-6 nəfər dəhlizdə bir-birinə dəymişdi. Dedim yəqin ağır xəstə gətiriblər. Ona görə. Palataya keçdim. Atamın venasına gecə-gündüz sistem qoymuşdular. Mən də nəzarət edirdim. Bir də gördüm ki, mühərrik səsi gəlir. Sanki hardasa işıqlar sönüb, generatoru işə salıblar. Qapını açıb dəhlizə çıxdım. Həmişə bağlı olan üzbəüz qapı açıq idi. Bir böyük aparat vardı orda. Onun səsi idi. Bir nəfər də aparatın yanındakı yarıoturaq çarpayıya uzanmışdı.  Yumruğunu açıb-yumurdu. Xəstəyə heç oxşamırdı. Rəngi-ruhu yerindəydi. Dəhlizdə daha 4-5 adam əyləşmişdi. Biri isə əlində telefon kiminləsə  danışırdı. “Gəlirsən? Tez elə. Qurban olum,  tez çatdır özünü”.

Palataya keçdim. Baş verənləri anlamırdım. Bu vaxt sistemə qoşulan dərmanın azaldığını gördüm. Dəhlizə çıxıb şəfqət bacısını səslədim. Hay vermədi. Palataları gəzməyə başladım. Birini açıb içəri girəndə sadəcə qorxdum. Çarpayıda sanki kinolarda, multfilmlərdə gördüyüm xortdan uzanmışdı. Gözləri açıq idi.  Skletə bənzəyən  başı, sifəti sapsarı idi, sanki həyat əlamətləri yox idi. Gözlərini mənə zilləmişdi. Birdən dodaqları qaçdı. Gülümsədi. Anlamadım ki, niyə. Şəfqət bacısına sözümü deyib otaqdan çıxdım. Sistemi dəyişməyə gələndə izah elədi ki, bəs palatadakı  qan xəstəsidir, xərçəngdir. Bu aparat isə qandan onlar üçün xüsusi dərman hazırlayır. Bir müddət vəziyyətini düzəldir. Ağırlaşan kimi yenidən xəstəxanaya qaçırdırlar yiyələri. Ta canını tapşıranacan xəstə yiyələrinin donor tapmaq əziyyəti, əzabı davam edir.

İki gündən sonra həmin xəstəni evə yazdılar. Kolyaskada şöbədən çıxaranda mən də dəhlizdəydim. Keçəndə üzümə  baxdı. Elə gülümsəyirdi. Yenidən həyata qayıtdığı üçün. Onda anladım ki, palataya qəfil girəndə, o da məni görəndə niyə sevinirmiş. Elə bilibmiş ki, mən də donoram. Ona dərman – qan verməyə gəlmişəm. Bununla razılığını bildiririmiş.  O bir həftədə üç elə xəstə gördüm. Sadəcə qıraqdan baxıb müşahidə edirdim. Xəstəni yox, 8 yaşlı qızın ata-anasının, 30 yaşlı qadının dul olmağa namizəd ərinin çəkdiyi əzab və iztirablarını. Onlara sadəcə qan lazım idi. Onu da çətinliklə də olsa əldə edirdilər. Bu sadəcə dərdə əlac edəcək dərman-qan  deyildi, bu təsəlli qanı idi.

 

ELŞAD  EYVAZLININ ÇAĞIRIŞI

 

Mən buna çağırış deyirəm. Amma o,  “Xahiş edirik” yazıb və həmkarlarını, dostlarını  martın 2-də qanvermə aksiyasına dəvət edib. Mən də gedəcəyəm. Və bu təşəbbüsü alqışlayıram. Amma feysbuk səhifəsində bir nəfərin bu çağırışa “Qan veririk, amma şərəfsizlər onu 85 manata satır” deyə reaksiya verməsi, şərh yazması məni yaman əsəbləşdirdi. Əlində paçkayla pulu ola-ola, xəstəsinə qan, donor tapa bilməyən şəxsləri göz önümdən keçirtdim. Ona cavab vermək fikrim yoxdur. (Sözündə hardasa həqiqət də var. Amma bu təşəbbüsün mahiyyətinə dəxli yoxdur)  Sadəcə bu məqalədə xatirələrimi, müşahidələrimi yazdım. Yazdım ki, anlamayanlar da anlasın. Qanın qiyməti yoxdur. Qan qiymətsizdir. İstər bayraqda, istər genofondda, istər müharibə vaxtı, istərsə də sülh şəraitində belə xəstələrə şəfa vermək üçn hazırlanan dərmanlara işlənən  xammal kimi. Hələ “qan bahası”nı demirəm.


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Göyçayda müəmma - VİDEO
19:05 21.05/2018
 
Xəbər başlıqları
22-05-2018
22.05.2018 La Liqada yeni klub
22.05.2018 Neftin qiyməti
21-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8823 san