08:53 29 Mart 2015
8438 dəfə oxunub
Çap versiyası

Müəllim. Deyirlər ki,  bu ad müqəddəsdir. Deyirlər ki, bu peşə müqəddəs peşədir. Ən böyük dahini də müəllimlər yetişdirir. Deyirlər. Deyirik. Sadəcə “deyirlər”, sadəcə “deyirik”. Günlər bizi sovet dövründən uzaqlaşdırdıqca, müstəqilliyimizin dərinliklərinə irəlilədikcə bunu lap tez-tez deyirik. Maraqlısı budur ki, deməklə yanaşı dediyimizə inanırıqmı? Əməl edirikmi?

Mən elə bir məktəbi bitirmişəm ki, o, Zaqafqaziyada yeganə ordenli məktəb olub. Sona Tağıyeva, Sosialist Əməyi Qəhrəmanı Zərbəli Səmədov, Sadıq Məmmədzadə, Ramizə İsmayılova, Şəfiqə Əliyevanı, 190 nəmrəli məktəbi bütün Azərbaycan tanıyırdı. Anam Hacıbəyim Rəhimova 1943-ci ildə kişi müəllimlər müharibəyə çağrıldığından 13 yaşından kiçik siniflərə müəllimlik etməyə başlayıb.  11 illik təhsil sistemindən 10 illik təhsil sisteminə keçid üçün təşkil olunan eksperimental sinfin rəhbəri olub. Atam da müəllim olub. Cəmi iki il. Özüm də müəlliməm. Daha doğrusu diplomumda filoloq ixtisasıyla yanaşı, Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası da əlavə yazılıb. Niyə? Çünki o vaxt Azərbaycan Dövlət Universitetinə tələbə qəbulu elmi işçi ştatına təlabatdan qat-qat yuxarı idi. İşsiz qalmayaq deyə müəllimliyi DƏ ora əlavə etmişdilər. “Də”ni təsadüfən böyük yazmadım. Çünki bu gün bu hal müəllimli ixtisasına aiddir. Bu gün  müəllim yetişdirən ali məktəblər,  məzunların iş tapması üçün diplomda müəllim ixtisasının yanına hansı ixtisası əlavə yazırlar görəsən? Görəsən Azərbaycanda Müəllimlər institutunun və özəl məktəblərin buraxdığı müəllimlər ordusuna ehtiyac, təlabat varmı?

Nə isə. Vaxt keçdi sovet dağılmağa, pis, qarmaqarışıq dövrlər başladı. Soveti dağıtmaq üçünsə ilk növbədə qara əllər onun təhsilinə uzandı. Yox, uzanmadı. Özümüz əl uzatmağa başladıq. Hər şeyə  xərcləməyə pul tapdıq. Amma acından ölən məktəbə, müəllimə süpürgə pulu qədər əl uzatmağa pul tapmadıq. Bir şirvanı, hansısa 5 məmmədi verəndə, bunu bütün aləm bildi. Müəllimdən xalq da, boş büdcəmiz də üz döndərdi. Amma ən dəhşətlisi isə müəllimin xalqdan üz döndərməsiydi. Bu da baş verdi. Müəllim ilk növbədə aldığı müəllimlik peşəsinə hörmətlə yanaşmadı. Ən ucqar dağ kəndində, rayonda ona ehtiyac duyulduğu halda ora can atmadı. Arqumentləri isə tutarlı və güclü oldu. Haqq etmədiyi və aylarla gecikdirilən müəllim maaşına acından ölmək istəmirdi. Başladı xarici ölkələrə gedib defisit mallar gətirib alver etməyə. Kommersiya dükanları açıb satıcılıq eləməyə. Taksi sürməyə. Hansı yollara getmədi müəllimlər və gələcəyin müəllimləri. Acıdıqmı onlara? Fikirləşdikmi ki, xırda maaşa necə dolanır, nə yeyir, nə içir? Balalarına nə yedizdirir? Əyninə təzə paltar alıb, səliqəli geyimiylə şagirdlərinə nümunə ola bilirmi? Sonu isə acınacaqlı oldu. Məhz müəllimlər süpürgə pulunun əvəzini artıqlamasıyla çıxdılar sizlərdən, bizlərdən. Uşaqlarınıza lazımınca dərs keçmədilər. İmkanı olanlar ciblərinin ağzını açıb, imkanı olmayanlar isə uşaqlarının, özlərinin boğazlarından kəsib əlavə müəllimlər tutdular. Yenə də həmin  müəllimləri. Əvvəl-əvvəl ali məktəbə hazırlaşmaq üçün 10-11-ci siniflərdə uşaqlarımızı əlavə müəllim yanına göndərdik. İndi isə 1-ci sinifdən müəllim tutmaq artıq dəb halını alıb. Yox düz demədim, sadəcə məcburuq buna. Çünki biliyə, savada diqqətli olsaq da, müəllimə, müəllim sənətinə hörmətimiz yoxdur. Bu azmış kimi, müəllimləri borclu da çıxarırıq. Deyirik  ki, “maaş azdır? Kim onları məcbur edir ki, müəllim işləsinlər.  Bu yolu seçiblərsə, canları çıxsın təmiz işləsinlər”. Düz də deyirik. Amma dediyimizə inanmaya-inanmaya düz danışırıq. Kənarda isə “Bu sənət sahibləri qəribə insanlardı e... adam da 200 manata görə müəllimlik edər? Bunların əsəbləri dəmirdəndir vallah” söyləyirik.

Bu illər ərzində müəllimlərə çox zərbə vurdular. Onları qeyri-obyektivlikdə, rüşvətxorluqda, tərəfkeşlikdə ittiham edib, qəbul imtahanlarından uzaqlaşdırdılar. Sonra isə ümumiyyətlə imtahan üzünə həsrət qoydular. Uşaqlarımıza dərs deməyi onlara həvalə etdilər, amma imtahan götürməyi yox. Tam məntiqsizlik. Son illər isə orta məktəblərdə buraxılış imtahanlarına da onlar buraxılmadı. 11 il ağaca qulluq elədilər, barını isə TQDK saf-çürük etdi. Əksəriyyət məzunlar isə çürük çıxdı. Səbəbkar isə təbii ki, müəllimlər idi. Biz müəllimə son 25 ildə necə zərbə vurmuşduqsa, bumeranq kimi qayıdıb dəydi özümüzə. Ən dəhşətlisi isə - gələcəyimizə.

Bu qədər, hörmətli həmvətənlərim. Siz də öz misallarınızı mənim yazdıqlarımın yanına düzüb bir suala cavab tapın:

Hadı Rəcəblinin “müəllimi” nə edir? Bu həmin kənd müəllimidir ki, elə indi də sovet vaxtındakı qədər maaş alır. O elə həmin müəllimdir ki, külfət sarıdan maşşalla həmişə varlı olub. Bu elə həmin müəllimdir ki, öz sənətini sevir, uşaqlara bilik verir, kəndin tozlu küçələriylə addımlayanda yenə də kiçikdən böyüyəcən ayağa qalxıb “salam, müəllim” sözlərini eşidir. Dərsdən sonra saxladığı təsərrüfatla məşğul olur, arıçılıq edir, bal satır, mal-qara bəsləyir, ailəsinin ehtiyaclarını ödəyəndən sonra əlavə qatıq, süd, yumurta, nehrə yağını gizlincə satışa çıxarır. Müəllimliyi oxumamışdan qabaq babasından öyrəndiyi bənnalıq, xarratlıq, dülgərlik, arıçılıq, dərzilik sənətini də unudulmağa qoymur. Bu ona əlavə çörək qazandırır. Müəllimlik onun beyninin, dərsdən sonra etdikləri isə əlinin, qabarlı əlinin məhsuludur. Biri o birinə mane olurmu? Əsla!!! Əksinə, tamamlayır desəm yanılmaram. Bu, təkcə deputat Hadı Rəcəblinin misal çəkdiyi müəllimdirmi? Çox yaxın təmasda olduğum Şamaxı və Yardımlıda belə zəhmətleş müəllimlər azdırmı? Yaxud da digər rayonlarda. Yaxud sualı başqa cür qoyum: Kimsə bu müəllimləri şagirdlərindən pul və ya nəsə tələb etdiyini görübmü? Hadı Rəcəblinin dediyi kənd müəllimi həmişə belə olub. Həmişə də müəllim səviyyəsini, qürurunu qoruyub,  saxlayıb. Gizli-gizli tövlədə inək sağsa belə.

Hadı Rəcəbli nə edir? Sadəcə müəllimin dərsdən sonra məşğuliyyətini, halal zəhmətini bir daha qeyd edir. Şair Famil Mehdi kimi

Dilən, professor, utanma, dilən,

Dillən, professor, utanma, dillən,
Qoy sənin yerinə zaman utansın,
Səni bu günlərə salan utansın.
Qırılan ağac yox, tufan utansın,
Vurulan turac yox, vuran utansın.

deyə xəcalət çəkib, bunu nəzmə çəkmir. Zəhmət, əmək isə utanclıq yox, insana həmişə başucalığı gətirir.

İndi hansı yaxşıdır? Müəllimlik diplomunu sandığa atıb, bu sənətə nifrətlə baxıb alverçilik etmək, taksi sürmək. Yaxud da şagirdlərə bilə-bilə təhsil verməyib, dərsdən sonra onlara onsuz da öyrətməli olduğu fənni canla-başla başa salmaq, öyrətmək, bunun müqabilində pul qazanmaq, ya da ümumiyyətlə heç bir iş bacarmayıb,  şagirdinin əlindəki dörd aylıq məvacibi həcmində bahalı telefonlara baxaraq, təmiz müəllim adına qısınıb “budumu bizə verilən qiymət?” deyə sual etmək,  yoxsa Hadı Rəcəblinin müəllimi kimi müəllimliyindən əlavə bənnalıq, dərzilik, çobanlıq, arıçılıqla məşğul olmaq? Hadı Rəcəbli deməsəydi də onlar belə yaşayıblar, belə yaşayırlar, belə də yaşayacaqlar. Sadəcə millət vəkilimiz bunu birbaşa dedi. Ad çəkdi. Kənd müəllimi nümunəsini fərdiləşdirdi.  

İndi deyəcəksiniz ki, kənddə, rayon yerində bu işlər məqbul sayıla bilər. Bəs Bakıda, digər şəhərlərdə necə olsun? Əgər millət vəkilinin bu sözü sizə pis təsir edirsə, haydı sabahdan uşaqlarınızı özəl məktəblərdən çıxarın. Əlavə müəllim yanına göndərməyin. Və ora xərclədiyiniz pulları yanınızdakı məktəblərin büdcəsinə köçürün. Müəllimin dərsdən sonrakı asudə vaxtının səmərəli keçməsi üçün məktəblərdə kurslar, dərnəklər açın. O kurslarda həm müəllimlər əlavə qazanc yeri tapsınlar, həm də  nəinki sizin, qoy imkanszın, kasıbın da balaları nəsə öyrənsin. Amma bir şərtlə. Sağ əlin verdiyini, sol əl bilməsin. Bir də ki, dilinizdən bir misal əskik olmasın: “Ay müəllim, uşağımı öyrət. Əti sənin, sümüyü mənim”.

Özəl məktəblərə böyük pullar köçürüb deməyin ki, “yüksək bilik verir”. O məbləğə məktəb yox, onun yüksək maaş verdiyi müəllim canla-başla işləyir.  Ən çox qazanan isə özəl məktəb açıb müəllimlərin biliyindən qazanan biznesmen olur. Müəllim evinə yenə də çörəkpulu aparır, biznesmen isə maşın, mənzil, villa pulu.

Bir də ilk növbədə öz uşağınızı qiymətləndirməyi bacarın. Oxumaq istəmirsə, buna gücü çatmırsa çıxarın 9-cu sinifdən uşağınızı. Qoyun sənət öyrənsin. İmtahanı verə bilmirsə, hazırlaşıb bir də cəhd etsin. Bacarmırsa qoy xaric etsinlər onu məktəbdən. Rüşvətlə, pul gücünə uşaq oxutdurub nə özünüzə əziyyət verin, nə də müəllimin adını ləkələyin. Bir şeyi anlayın. Müəllim heç vaxt rüşvət tələb etmir. Bizlər uşağımızın qayıblarını, paxırlarını örtmək üçün onların qapısına gedib yalvarırıq. İndi isə yalvarmağımzın da bir əhəmiyyəti yoxdur. Müəllimin quru adı qalıb, səlahiyyətləri isə əlindən alınıb.

Bir dostum var. Ali məktəb müəllimidir. Günlərin bir günü semestr imtahanında bir qohumumu ona tapşırdım. Açdı jurnalı. Baxandan sonra dedi ki, “Mahir, axı nə istəyirsən? Gül kimi tələbədir. Zərbəçidir”. Nə desəm yaxşıdır? “Müəllim, qohum dörd-beşlə oxuyur. Amma atası istəyir ki, bütün qiymətləri “5” olsun. Qızı əlaçı olsun”. Dostum heç nə demədi. Apardı məni imtahan otağına. Dayandı bir kompüterin qabağında və ona xitabən – “Kompüter, bu mənim dostumdur. Mahir Qabiloğlu. Qohumunu tapşırmağa gəlib. Deyir ki, dördə də cavab versə, “5”yaz. Kompüter, xahiş edirəm, sözünü yerə salma”.

Bu qədər. Müqəddəs müəllim adını qoruyub saxlayan Hadı Rəcəblinin müəllimindəsə işiniz olmasın. Hadı müəllim, heç sən də danışıb yada salma. Nümunə də göstərmə. Bu cür müəllimlər, istər kənddə, istərsə də şəhərdə, nümunə yox, müqəddəs sayılırlar.

Ayağında qaloş, yağışda, boranda, səhərin alaqaranlığında kəndin palçıqlı yollarıyla yavaş-yavaş addımlayan, əlindəki çomaqla həyətlərdən üstünə şığıyan kənd itlərini qova-qova şagirdlərinə bilik verməyə gedən, hədiyyəyə, pula görə yox, dərsini oxumadığına görə şagirdini söyən, döyən  Hadı Rəcəblinin müəlliminə eşq olsun!


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Göyçayda müəmma - VİDEO
19:05 21.05/2018
 
Xəbər başlıqları
22-05-2018
22.05.2018 La Liqada yeni klub
22.05.2018 Neftin qiyməti
21-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.0414 san