11:49 29 Mart 2015
5006 dəfə oxunub
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

Müasir dünyanın həyatında çox hallanan məsələlərindən biri son yüzillik dövrdə ayrı-ayrı xalqlara və millətlərə münasibətdə kütləvi qırğınların törədilməsi və bu hərəkətlərin “soyqırımı” adı altında tanınmasıdır. Tarixdə belə qırğınlar saysız- hesabsız miqdarda müxtəlif dövrlərdə baş vermiş, dövlətlərin və cəmiyyətlərin tarixində qanlı izlər kimi qalmaqdadır. Lakin son yüzillik dövrdə bəşəriyyətin gəlib çıxdığı inkişaf səviyyəsi və beynəlxalq hüququn norma və prinsiplərinin bu səviyyəyə uyğun olaraq standartlaşması bir çox başqa məsələlərdə olduğu kimi milli, dini, irqi zəmində törədilmiş kütləvi qırğın barədə “soyqırım” anlayışının da ortaya çıxmasına, insanlığa zidd olan bir reallıq kimi dəyərləndirilməsinə və pislənməsinə gətirib çıxarmışdır. İlk dəfə bu anlayış beynəlxalq hüquqi müstəvidə alman faşistlərinin yəhudi xalqının nümayədələrinə qarşı törətdiyi cinayətə münasibətdə işlənmiş, bütün dünyanın qəbul etdiyi qınaq kimi qəbul edilmişdir.
Dünyada bu və ya digər xalqa və millətə qarşı törədilmiş cinayətə ədalətli qiymət verilməsi, soyqırımı hərəkətini törədənlərin ictimai mühakiməsi və lənətlənməsi dünyada ədalətin bərqərar olması üçün nə qədər vacib olsa da, ondan məkrli məqsədlər üçün istifadə edilməsi zərərli bir tendensiya kimi diqqəti cəlb edir. . Belə cəhdlərdən biri də “erməni soyqırımı” adı altında geniş təbliğ edilən, onun vasitəsi ilə bu və ya digər dövlətə təzyiq vasitəsi kimi istifadə olunan cəhdlər ədalətin bərqərar olmasına deyil, mürtəce qüvvələrin məqsədlərinə xidmət edir.
Məlumdur ki, Ermənbistan dövləti böyük canfəşanlıqla guya 1915-ci ildə I dünya müharibəsinin gedişində baş vermiş “erməni soyqırımı” -nın100 illiyini qeyd etməyə hazırlaşır. Bununla onlar bütün dünyanın diqqətinin bu hadisəyə cəlb etməyə, “əzabkeş erməni” obrazını insanların təsəvvüründə əbədiləşdirməyə, öz məqsədlərinə bu yolla çatmağa çalışırlar. Artıq necə illərdir ki, ermənilər bunun haqqında dünyanın hər yerində geniş kampaniya aparır, dünya dövlətlərində “erməni soyqırımı”nın rəsmi tanınmasına və dəstəklənməsinə nail olmaq istəyirlər. Dünyanın bir sıra dövlətlərində onlar öz məqsədlərinə qismən çatsalar da, bütövlükdə həmin məsələ həmişə tərəddüdlərlə qarşılanır, onun həqiqətə uyğun olub-olmaması məsələsi ortaya çıxır. Ermənilərin hay-küylü təbliğat kampaniyası vasitəsilə lazım olan formada və məzmunda dünya ictimaiyyətinə sırınan “erməni soyqırımı”nın mahiyyətini, ortaya çıxma səbəblərini və məqsədlərini düzgün təsəvvür etmək üçün onun bir sıra məsələlərinə aydınlıq gətirilməlidir.
Əvvəla onu demək lazımdır ki, “erməni soyqırımı” məsələsi yalnız ermənilərə məxsus bir hadisə olmayıb, dünyanın nəhəng güclərinin hegemonluq uğrunda apardığı mübarizənin gedişində ortaya çıxmış məsələlərdən biridir. Hələ XVIII əsrdə müsəlman dünyası içərisində böyük xristian dövlətlərinin
ekspansionist siyasətlərində “gərəkli” bir funksiyanı – işğalçı-müstəmləkəçi rejimlərin yerlərdə dayağı olmaq funksiyasını yerinə yetirə biləcək amil kimi ermənilər artıq diqqəti cəlb edirdilər. XVIII əsrin I yarısında Rusiya imperatoru I Pyotrun ermənilərə maraq göstərməsi təsadüfi deyildi. Xristian ermənilərin müsəlman dünyası içərisində daimi yaşaması və tarixən ənənəvi olaraq kənardan gələn işğalçılara yerli əhali əleyhinə “xidmət” göstərməsi onları əvəzedilməz edirdi.(1,2)XVI-XVII əsrlərdən etibarən müsəlman dünyasına məxsus ərazilərə can atan və orada öz müstəmləkə mülklərini yaratmağa çalışan Rusiya, İngiltərə, Fransa və digər kolonialistlər öz işğalçı planlarlnda bu sahədə böyük təcrübəsi olan ermənilərə xüsusi yer ayırırdılar. Həmin dövlətləri müsəlman dünyasında ara qarışdırmaq, lazımi informasiyanı ötürmək, şeytanlıqla, xəyanətkarlıqla məşğul olmaq kimi ənənəvi funksiyaları yerinə yetirən ermənilər bundan bəhrələnir, gördükləri işlərin müqabilində öz mükafatlarını – var-dövlət, geniş mülklər, münbit torpaqlar, böyük mənsəblər alır, özgə torpaqlarında kök salmağa çalışırdılar.
Uzun illər Osmanlı dövlətinin güclənməsi və Qərbə doğru irəliləməsi ilə barışa bilməyən Avropa dövlətləri həmişə türk amilini məhv etmək, onu Balkanlardan sıxışdırıb çıxarmaq üçün yollar axtarmışdır. Belə planlardan biri də XVIII əsrdə təşəkkül tapmış “Şərq məsələsi” idi ki, onun da başlıca hədəfi Osmanlı dövləti olmuşdur. XVII əsrin II yarısından etibarən tədricən zəifləyən, bir-birinin ardınca geniş mülklərini itirməyə başlayan Osmanlı imperiyasını parçalamaq, onun mülklərini ələ keçirmək, onu Avropadan tamamilə sıxışdırıb çıxarmaq üçün böyük Avropa dövlətləri
koalisiyalar yaradır, gizli
planlar qurur, yerlərdə özlərinə dayaq nöqtələri formalaşdırırdılar. Əslində bu siyasət xeyli əvvəl müsəlman-Şərq dünyasına yönəlmiş Səlib yürüşlərinin yeni dövrdə davamı idi. Onlarrın təbliğatları, ideologiyaları, fəaliyyət üsulları da elə bir ciddi dəyişikliyə məruz qalmamışdı. Ən başlıcası isə məqsədlər həmin məqsədlər idi. Dəyişilməyən məsələlərdən biri də türk-müsəlman əhalisinə qarşı böhtan xarakterli əfsanələrin uydurulması və onun hərtərəfli dəstəklənməsi idi. “Erməni soyqırımı” müasir dövrümüzdə həmin qondarma əfsanələrin tipik nümunəsi idi.
Tarixdə “erməni məsələsi” kimi tanınan problem hələ ondan yüzilliklər öncə olmuş “Şərq məsələsinin” tərkib hissəsi kimi XIX əsrin II yarısında formalaşdırılaraq irəli sürülmüşdür. Həmin “erməni məsələsi” mahiyyətini saxlayaraq cüzi dəyişikliklərlə müasir dövrə qədər gəlib çıxmışdır. Yeridilən məqsədyönlü antimüsəlman, antitürk siyasətinin adı zaman-zaman dəyişdirilsə də, məsələnin mahiyyəti dəyişməmişdir.
Türk və müsəlman dövlətlərinə qarşı aparılan təcavüzkar siyasətin ideoloji bazasında dayanması nəzərdə tutulan erməni amilinin daim formada qalması və lazımi anda çevik şəkildə istifadə olunması üçün onlara zərərli düşmənçilik əhvali-ruhiyyəsi təlqin edilir, bu əhvali ruhiyyəni dəstəkləmək üçün əfsanələr və miflər uydurulur. Ermənilərin şərəfli tarixə malik dahiyanə bir xalq, haqqı tapdanmış millət, dünyada hegemon dövlətlərilə bir səviyyədə durmağa haqqı olan bir sivilizasiya olduqları haqqında təsəvvürlə beyinləri doldurulur. Ərazidə hegemonluq eşqinə düşən bütün beynəlxalq güclər mütləq ermənilərin bu xüsusiyyətlərinə diqqət yetirir, bu hazır amildən istifadə etməyə çalışırlar. Təsadüfi deyildir ki, Ermənistanı və erməniləri tarixin müxtəlif dövrlərində dəstəkləyən böyük dövlətlər öz aralarında çox hallarda rəqib olsalar da, Ermənistana və ermənilərə münasibətdə onların mövqeyi çox hallarda üst-üstə düşmüşdür.
Son yüzilliklər ərzində erməni amilindən daha çox istifadə edən dövlət Rusiya imperiyası və onun davamçısı olan Sovetlər dövləti olmuşdur. Rusiyanın Qafqazda möhkəmlənməsi, onun burada özünə dayaq yaratmaq üçün yeritdiyi siyasət erməni amilini onlar üçün aktuallaşdırmış, türk-Azərbaycan ərazilərində erməni dövlətini yaratmaq, onu regionda təzyiq aləti kimi istifadə etmək ənənəsini formalaşdırmışdır. Rusiya dövləti erməni amilindən Qafqazda, xüsusən də Cənubi Qafqazda imperiyanın tərkibinə qatılmış müsəlman-türk ərazilərində rus müstəmləkə hakimiyyətinin təhlükəsizliyinin təminatı üçün istifadə edirdisə, Osmanlı dövlətinə münasibətdə onun maraqları hegemon dünya dövlətləri olan İngiltərə, Fransa, Almaniya, ABŞ kimi dövlətlərin maraqları ilə kəsişirdi. Buna görə də ermənilər təkcə Rusiyadan deyil, həm də Qərb dövlətlərindən dəstək alır və regionda həmin dövlətlərin sifarişlərini həyata keçirməklə məşğul olurdular.(3, 4)
Osmanlı torpaqlarında erməni dövlətinin yaradılması ideyası ermənilərin istəkləri ilə üst-üstə düşsə də, əsasən böyük dünya dövlətlərinin maraqlarına xidmət etməsi dünyada siyasətdən az-çox başı çıxan bütün insanlar üçün sirr deyildir. Təsadüfi deyil-dir ki,”məzlum ermənilər”, “əzabkeş xalq”, “erməni soyqırımı” haqqında dünya ictimaiyyətinə təlqin edilən qondarma fikirlər dünyanın hər yerində birmənalı qarşılanmır. Xüsusən, bir xeyli tədqiqatçıların araşdırmalarında həmin ideyaların saxta dəlillərə əsaslanması dəfələrlə qeyd olunmuş, məsələnin əsl mahiyyəti və real məqsədləri işıqlandırılır.
Tarixin müxtəlif dövrlərində ermənilərin xəyanətkar mövqeyi haqqında kifayət qədər yazılmışdır. “Erməni soyqırımının” uydurma olması, dünyada türklərə və onların dövlətçiliyinə qarşı məkrli məqsədlərə qulluq etməsi barədə xeyli tədqiqat əsərləri yazılmışdır.(5)
Türk tədqiqatçısı K.Gürün, amerikan alimləri Castin və Korolin Makkartilər geniş arxiv materialları əsasında yazdıqları əsərlərində “erməni soyqırımının”uydurma olduğunu sübut etmişlər. Onlar göstərmişlər ki, ermənilərin istinad etdikləri 1915-ci il hadisələrində türklərin itkiləri ermənilərinkindən çox olduğu halda, soyqırımından danışmaq əsassızdır. Bu ideyanın uzun illər boyu yaşamasının və zaman zaman qabardılmasının səbəbi isə onun “həqiqi məqsədlərinin” regionda türk dövlətinə və türk dünyasına qarşı dəstəklənən siyasətin yeridilməsidir. Bu ideya-dan vasitə kimi istifadə edən beynəlxalq güclər elə bir məsələni vasitə kimi seçmişdilər ki, o erməni tamahında və avantürasında kök sala bilmişdir. Ermənilər belə bir “xidməti” göstərərək onun haqqı kimi türk dövlətləri hesabına ərazilərini genişləndirmək, soyqırıma görə kompensasiya almağa ümid edirlər. Lakin yaşanan tarix sübut edir ki, ermənilərin arzularına çatması da xülya-dan başqa bir şey deyildir. Bunu son onilliklər dövründə regionda gedən proseslər və baş verən hadisələr sübut edir. Ermənilərin hakim elitası “dünya” güclərinə “xidmət” müqabilində şəxsən özləri mükafatlar alır, əvəzində isə öz xalqını bu siyasətə qurban verir, onları böyük dövlətlərin regionda yeritdiyi siyasətin girovuna çevirirlər. Buna görə də “erməni soyqırımı” ideyası bütövlükdə böyük dövlətlərin Türkiyəyə, digər türk dövlətlərinə və müsəlman dünyasına qarşı yeritdiyi siyasətə xidmət edirsə, Ermənistanın özündə erməni əhalisinin başını aldatmaq, onları “Böyük Ermənistan” xülyasından ayılmasına imkan verməmək, onların alət kimi istifadə edilməsini təmin etmək məqsədinə xidmət edir.
“Erməni soyqırımı” ideyasının dəstəklənməsinə dünyada böyük vəsaitlər xərclənir. Bunun üçün külli miqdarda kitablar çap olunur, təbliğat kampaniyaları həyata keçirilir. Bir sıra dövlətlərdə “Erməni soyqırımı” bir fakt kimi təsdiq edilir. Lakin o prosesin yekunlaşmasından söhbət gedə bilməz. Çünki bu faktın qəti olaraq təsdiqi erməni amilindən bir alət kimi istifadənin sonu demək olardı, Digər tərəfdən bu məsələ qondarma faktlara əsaslandığından və uydurma olduğundan onu sübut etmək mümkün deyildir. (6) Təsadüfi deyildir ki, bu səbəbdən həmin hadisələrin tədqiq edilməsi üçün arxivlərin açılması, əsaslı araşdırmaların aparılması üçün Türkiyə rəsmi dairələrinin davamlı təklifləri qəbul olunmur. Bunun əvəzinə isə “erməni soyqırımının” tanınmasına, onun ilbəil qeyd olunmasına xüsusi diqqət verilir.
Haqqında danışılan məsələdə maraqlı məqamlardan biri də xalqlar dostluğunu özünə bayraq etmiş, beynəlmiləlçilik mövqeyindən çıxış edən So-vet dövlətinin həmin məsələyə münasibətdə yeritdiyi siyasət, atdığı praktik addımlardır. Qeyd etmək lazımdır ki, “erməni soyqırımı” ideyasının formalaşdırılması və təbliğində Sovet dövlətinin və onun hakim elitası olan Kommunist partiyasının rolu böyükdür.
Tarixdən məlum olduğu kimi, erməni amilinin regionda gücləndirilməsində Rusiya imperiyasının müstəsna xidmətləri vardır. Rusiyanın öz dövlət adamları, tədqiqatçıları ermənilərin məkrli cəhətlərini dəfələrlə qeyd etmələrinə, bundan dövləti xəbərdar etmələri fonunda onlara münasibətdə imperiyanın siyasəti daim dərinləşmiş və genişlənmişdir. (7, 8, 9) Lazım olan anlarda onların “xidmətlərindən” geniş istifadə olunmuşdur. Qafqazın idarə edilməsi və itaətdə saxlanmasında erməni amilinin rolu danılmazdır. Onların”xidmətindən” kütləvi istifadənin nümunələri isə lazımi məqamlarda erməni müsəlman davalarının qızışdırılması, erməni özbaşınalıqlarına və terroruna rəvac verilməsi idi. 1905-ci ildə Azərbaycanda milli-azadlıq mübarizəsinin qarşısını almaq üçün erməni-müsəlman davasının törədilməsi buna parlaq misaldır. Ondan sonra belə fitnəkar çıxışlar dəfələrlə təkrar edilmiş, həlledici anlarda Azərbaycanda milli hərəkata arxadan zərbələr vurulmuşdur. 1915-ci ildə baş vermiş hadisələrin də səbəbi ermənilərin içərisində yaşadıqları dövlətə, onun dinc əhalisinə qarşı törətdiyi xəyanət, dinc əhaliyə qarşı törətdikləri terror olmuşdur. Bu hadisələrin gedişində həlak olanları soyqırımı qurbanı kimi təqdim etmək, ona siyasi rəng vermək isə, qeyd olunduğu kimi, konkret məqsədə xidmət edirdi və heç də erməni xalqının haqqının təsdiqinə yönəlməmişdi. (10, 11)
1917-ci ildə Rusiyada
hakimiyyətə gəlmiş bolşeviklər də varisi olduqları imperiyanın milli münasibətlər sahəsində qərəzli siyasətini davam etdirirdi. Bu siyasət ideoloji təbliğatla ört-basdır edilsə də, onun aşkar təzahürlərini gizlətmək mümkün deyildir. 1917-18-ci illərdə Sovet Rusiyası Cənubi Qafqazın müsəlman əhalisinə qarşı qanlı siyasətini ermənilərin vasitəsilə törədirdi. 1918-ci il mart soyqırımının, ondan sonra vaxtaşırı davam etdirilən milli terrorun icraçısı ermənilər, sifarişçisi və idarə edəni Sovet hakimiyyəti olmuşdur. (12)
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta yetirilməsi zamanı də ona bolşeviklərin sifarişi ilə arxadan zərbəni Azərbaycanın müxtəlif yerlərində qiyam
qaldırmış ermənilər vurmuşdular.
Sovet hakimiyyəti illərində Azərbaycan xalqına qarşı törədilən bütün cinayətlərdə erməni dəst-xətti müşahidə olunur. Bunun mükafatı isə ermənilərin Azərbaycanda yüksək mənsəbə qaldırılması, Ermənistandan azərbaycanlı əhalisinin vaxtaşırı deportasiyasının həyata keçirilməsi, zaman-zaman Azərbaycan torpaqlarından ermənilərə pay verilməsi olmuşdur.(13)
Beynəlxalq aləmdə isə xalqlar dostluğunu və beynəlmiləlçiliyi təbliğ edən Sovet hakimiyyət orqanları və kommunist partiyası bütövlükdə türk-müsəlman dünyasına qarşı çevrilmiş “erməni soyqırımı” ideyasını nəinki dəstəkləyirdi, hətta onun daha geniş yayılmasına və təbliğinə güclü təkan verirdi. 1967-ci ildə Ermənistanda millətlərarası düşmənçiliyin rəmzi olan “erməni soyqırımı” abidəsi sovet xalqının gücü və vəsaiti hesabına qurulmuş, orada geniş antitürk, antimüsəlman təbliğatı aparılması üçün münbit şərait yaradılmışdı.
Sovet dövləti və hakim kommunist partiyası təkcə dövlət daxilində erməni şovinizmini dəstəkləməklə kifayətlənmirdi. O həm də erməni amilinin gücləndirilməsi və erməni əhalisinin sayının xaricdən köçüb gələnlər hesabına artırılması qayğısına qalır, xaricdə müxtəlif ölkələrdə müxtəlif adlar altında maskalanmış erməni təşkilatlarına maddi və mənəvi yardım göstərirdi. 1986-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosu ermənilərin 50 ildən artıq bir dövrdə SSRİ-yə köçürülməsinin vaxtının bir qədər də uzadılması və xaricdə fəaliyyət göstərən erməni qurumlarına yardım edilməsi haqqında qərar qəbul etmişdi.
Bu gün Sovet dövləti yoxdur, lakin onun dövründə yeridilən siyasət davam edir. Ermənistan regionda təcavüzkar siyasətini davam etdirir. Onun ideoloji əsaslarında vacib yer tutan “erməni soyqırımı” ideyası təlqin edilir. Onun 100 illik tarixinin qeyd olunmasına qızğın hazırlıq gedir. Lakin Ermənistan dövlətinin uğursuz daxili və xarici siyasəti nəticəsində dilənçi vəziyyətinə düşmüş Ermənistan əhalisinə bunun lazım olmadığı göz qabağındaır. Onlara bu gün qondarma bir ideyanın diktəsi altında düşmənçilik etmək deyil, qonşuları ilə nörmal münasibətlər qurmaq, işğaldan imtina edib öz əhalisinin rifahı haqqında düşünmək vacibdir. Onların xilası və tərəqqisi də məhz bu sualların cavabından asılıdır. Onun ziddinə olaraq isə Ermənistan qondarma “erməni soyqırımını” qeyd etməyə hazırlaşır.

 


ƏDƏBİYYAT

1. http://www.hrono.ru/libris/lib_n/karabah038.php
2. http://www.rg.ru/2003/10/07/armjane.html;
3. Elvin Abasov “Fransa və qondarma erməni soyqrimi” Тarix və onun problemləri, 2014, № 1 s 230-237;
4. Гурко-Кряжин В.: Армянский вопрос (БСЭ. Изд. 1, т. 3. — М.: 1926, С.437—440.)], Баку : Коммунист, 1990. – 16 с.
5. http://musavat.com/news/gundem//qondarma-ermeni-soyqirimi-tarixi-saxtalasdirmaq-cehdidir_126962.html
6. http://modern.az/articles/19754/1/
7. Н.Шавров. Новая угроза русскому делу в Закавказье. СПб, 1911, с.59-61
8. В.Л.Величко. Кавказ. Русское дело и междуплеменные вопросы, «Элм», 1990;
9. http://azertag.az/xeber/Qondarma_ermenisoyqirimi_boyuk_siyasetde_hem_alet_hem_deişğalçılıqideyası_
10. http://gulustan.ws/2011/05/«Телеграммы Талаат паши» как «доказательство» геноцида армян
11. http://gulustan.ws/2011/04//геноцид-армян-факты-и-мифы/
12. Anar İskəndərov. 1918-ci il Mart qırğınının tarixşünaslığı. Bakı, 1997.
13. http://www.kaspiy.az/news.php?id=22526Попытки армян по созданию государства на азербайджанских землях (XVIII-XIX вв.


Müəllifin digər yazıları

  1. YENİDƏNQURMA DÖVRÜNDƏ SSRİ-də ALKOQOLİZMƏ QARŞI MÜBARİZƏ VƏ ONUN NƏTİCƏLƏRİ HAQQINDA
  2. Qarabağ münaqişəsinin nizamlanmasının başlıca maneələrindən biri mövcud status-kvodur
  3. AZƏRBAYCANLI “ZİYALININ” ERMƏNİSAYAĞI GEDİŞLƏRİ
  4. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik tarixində
  5. Ermənistanda dəyişikliklər nə vəd edir?
  6. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən
  7. 2017-ci il: gözləntilər və nəticələr
  8. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  9. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  10. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  11. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  12. AZƏRBAYCAN RESPUBLİKASI 25
  13. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  14. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  15. Qarabağ problemi son hadisələr işığında
  16. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  17. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  18. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  19. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  20. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  21. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  22. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  23. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  24. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  25. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  26. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  27. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  28. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  29. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  30. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  31. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  32. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7158 san