10:37 08 May 2015
4612 dəfə oxunub
Çap versiyası
Elçin Əhmədov
Siyasi elmlər doktoru, professor, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri

     “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir 

  guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar,

Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar

və Qarabağda Azərbaycan torpağının daim qorunması,

                                                                                                   saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar.

Bu, Azərbaycan xalqının, əjdadlarımızın yaratdığı böyük abidədir,

təkcə şəhər deyil, böyük bir tarixi abidədir”

 

Heydər Əliyev

Ümummilli lider

 

Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Qarabağ tarixçilərinin verdikləri məlumata görə, 1750-ci ildəki Şuşakənddən bir qədər aralı, hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Pənah Əli xan Şuşanı özünə paytaxt edib, oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır.

Azərbaycanın görkəmli maarifçiləri A.A. Bakıxanov və F.B. Köçərli öz əsərlərində Şuşa şəhərinin Pənah xan tərəfindən “təmir və binasının vaqe olmasından” söhbət açmışlar. Deməli, Şuşa XVIII əsrdə, həm də boş yerdə yox, daha qədim tikililərin özülü üstündə yenidən bərpa edilmişdir. Şuşanın bir çox köhnə bina və küçələri Pənahəli xanın dövründə təmir olunmuşdur.

Bununla yanaşı, ingilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli  mülahizələr söyləmişlər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R. Burter  isə yazır ki, “Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır”. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir. Qədim Şuşa haqqında Azərbaycan SSR Elmlər Akademiyasının 1981-ci ildə nəşr olunmuş “məruzələri”nin 7-ci sayında dərc olunmuş Ə.B.Şükürzadənin “Qarabağ xanlığının şəcərə cədvəli” məqaləsində deyilir: “Pənah xan monqollar tərəfindən dağıdılmış qədim Şuşanın yerində 1751-ci ildə yeni şəhər saldı”. Deməli, Şuşa hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən olmuşdur.

Şuşa XVIII əsrin ikinci yarısında  Azərbaycanın qədim şəhərləri sırasında yenidən öz yerini tutmuş, eləcə də Yaxın Şərqə, Türküstana və Avropaya gedən karvan yolları ayrıcında yerləşən bu şəhər yunu, xalçası, ipəyi, dərisi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış, istehsal etdiyi sənaye və kənd təsərrüfatı məhsullarını Tehran, Təbriz, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Həştərxan kimi böyük şəhərlərdə sataraq regionda kifayət qədər tanınmış və bununla da böyük şöhrət qazanmışdı. Göründüyü kimi, istehsal prosesinin sürətlə inkişafı şəhərin iqtisadiyyatının möhkəmlənməsinə kömək etmiş, əhalinin sosial vəziyyətinə müsbət təsir göstərmişdi. Bu dövrdə Şuşada bir sıra əzəmətli məscid, mədrəsə və karvansaranın tikilməsi də, məhz onun xarici bazarlardan götürdüyü qazanc sayəsində mümkün olmuşdu.

Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. XVIII əsrin ikinci yarısından başlayaraq, şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm şəhərlərindən birinə çevrilmişdi. Hələ Pənahəli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılırdı. Günbəgün abadlaşan Şuşa get-gedə gözəlləşirdi. XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə  möhtəşəm qala divarları çəkildi. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə  möhtəşəm qala divarları çəkildi. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, Moskva və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırdı. Şəhərdə “Pənahabadi” adlı gümüş sikkələr zərb edilirdi. Şuşanın gözəl mənzərəsi və uca dağlar qoynunda yerləşməsi səyyahları heyran etmiş, onları vəcdə gətirmişdi.

XIX əsrin ikinci yarısında tikinti işləri Şuşada daha geniş vüsət almışdı. Xurşudbanu Natəvanın, Gövhər ağanın, Cəfərqulu xanın, Uğurlubəyin, Fərzəlibəyin, Nəcəfqulu ağanın, Hacı qulunun, Səfibəyin tikdirdiyi yeni tipli saray və imarətlər şəhərə xüsusi gözəllik verirdi. Dövlət tərəfindən əsası qoyulan bir sıra məktəb binaları, Qarabağın imkanlı adamlarının sayəsində ucaldılan məscid və hamamlar o zamankı memarlıq abidələrinin ən gözəl nümunələrindən sayılırdı. Şuşada “Bazarbaşı” deyilən yerdən “Şeytanbazara” qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi “Rastabazar” adlandırılırdı. “Rastabazar”ın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət olan və qalereyanı xatırladan səkiləri başdan-başa örtülü olduğundan bütün fəsillərdə quru və təmiz qalırdı. Küçənin ortası ilə nəqliyyat vasitələri hərəkət edirdi. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar, həm də şəhərə xüsusi yaraşıq verirdi. Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərin “Meydan” deyilən əsas meydanı Rastabazar küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı cümə məscidindən ibarət idi. Şəhərdə 17 məhəllə var idi ki, onların hər birinin məscidi, bulağı və hamamı mövcud idi.

Məşhur rəssam V.Vreşşagin Şuşanı görəndən sonra yazmışdı: «Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş pilitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir».

Şuşanı kurort şəhərinə çevirmək ideyası da o illərə təsadüf edir. Məşhur klimatoloqlar dəniz səthindən 1403 metr hündürlükdə yerləşən bu mənzərəli şəhərin iqlim şəraitini, fauna və florasını dəqiq yoxladıqdan sonra mülayim təbiətli Şuşanın böyük müalicəvi əhəmiyyətli bir şəhər olduğunu söyləmişdilər. 1854-cü ildə şəhərdən cənubda, 18 kilometr aralı Turşsu deyilən səfalı guşədə mədən suyunun çıxması da alimlərin mülahizəsini doğrultdu. Ürək-damar sisteminin, mədə və bağırsaqların fəaliyyətini tənzim edən bu suyun müxtəlif növlərindən istifadə olunmaq məqsədi ilə həmin yerdə müalicə otaqlarından, su vannalarından ibarət hamam da tikilmişdi. Şuşa sovet dövründə də ümumittifaq kurortu kimi tanınmış, bu cür müalicəvi suyun olduğunu eşidənlər yay aylarında Şuşaya gələrək müalicə olunurdular.

  XIX əsrin birinci yarısında şəhər əhalisinin sayı ətraf regionlardan ora gələn peşə sahibləri, alim və sənətkarların hesabına 20 minə çatmışdı.  1809-cu ilin məlumatına görə, odövrdə Şuşada 1500 toxucu dəzgahı fəaliyyət göstərirdi. Bu da ən azı 1500 sənətkar demək idi. Tarixi mənbələrdə XVIII əsrin sonu-XIX əsrin  əvvəllərində artıq Şuşada çoxlu sayda manufakturaların  və 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi bildirilir. 1832-ci ildə Şuşa qəzasında fəaliyyət göstərən sənaye obyektlərinin sayı belə idi: 42 ipək parça istehsal edən müəssisə; 28 pambıq parça toxuyan karxana; 20 gön-dəri zavodu; 1 kərpic və 1 sabun zavodu; 3 boyaqxana sexi. XX əsrin əvvəllərində şəhərdə 1464 dükan qeydə alınmışdı ki, bunların da bazarlarla birlikdə illik ticarət dövriyyəsi 6 milyon rubla çatmışdı. XIX əsrin  60-cı illərində Şuşada illik ticarət gücü 78 milyon rubla bərabər olan ipəksarıma fabriklərinin fəaliyyət göstərirdi ki, çox keçmədən həmin müəssisələrin illik istehsal gücü 117 milyon rubla çatmışdı.

1903-cu ildə Tiflisdə nəşr olunmuş “Vestnik Kavkaza” jurnalının 43-cü səhifəsində göstərildi ki, “Şuşanın görünüşü orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri ipək-barama alverində üstün mövqeyə malik olub, Tiflis, Moskva və Marsel şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırlar”.  Bundan əlavə, “Qafqaz” qəzetinin icmalçısı 24 may 1868-ci il tarixli şərhində göstərirdi: “Şuşa gündən-günə yox, saatdan-saata böyüyür, onun ticarəti inkişaf edir, şəhər əhalisi varlanır. Bura hər tərəfdən dəstə-dəstə adam axışıb gəlməkdədir. Beləliklə şəhərdə 25 min əhali yaşadığını cəsarətlə söyləmək olar”. Bu illərdə Qafqazın siyasi-inzibati mərkəzi olan Tiflisdə əhalinin sayı 60776-a, Yelizavetpolda (Gəncə) 36485-ə, Şamaxıda 29525-ə, Bakıda isə 14897-ə çatırdı. 1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də iştirak etmiş və onların sərgidə nümayiş etdirdikləri eksponatlar xaricilərdə dərin maraq oyatmışdı. 1882-ci ildə İ.Drozdov, “Kavkazski sbornik” kitabının II cild, 457-ci səhifəsində yazırdı: “Şuşa Yelizavetpol quberniyasının qabaqcıl şəhərlərindəndir. O, ticarətdə və gözəllikdə Tiflislə rəqabət aparır. Yelizavetpol əyalətində yaşayan 625 min 599 adamın 24 min 522 nəfəri Şuşanın payına düşür”.

 1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay müqaviləsinə ("Andlı öhdəlik") görə Şuşa qalasında rus qoşun dəstələri yerləşdirildikdən sonra, 1822-ci ildə Qarabağ xanlığı ləğv edilib əvəzində eyni adlı əyalət yaradıldı və 1840-cı il islahatı ilə "Qarabağ əyaləti" yerində yaradılmış və Kaspi ( Xəzər) vilayətinə daxil edilən "Şuşa qəzası" 1868-ci ildən Yelizavetpol (Gəncə) quberniyasına verilmişdir. Bu vəziyyət 1920-ci il Azərbaycan sovetləşənə qədər davam etmişdir. 1917-ci ildə Şuşa qəzası Müvəqqəti hökumət vaxtında Xüsusi Zaqafqaziya komitəsinə tabe olan Yelizavetpol quberniyasına, 1918-1920-ci illərdə isə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində Gəncə quberniyasına daxil olmuşdu.

 

Şuşa sovet hakimiyyəti illərində

 

Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan ermənilərə 1923-cü il iyunun 7-də muxtar vilayət statusu verildi ki, bu da məhz sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə həyata keçirildi. Azərbaycan tərkibində DQMV-nin yaradılması ermənilərin Dağlıq Qarabağa dair gələcək ərazi iddiaları üçün bir vasitə oldu. DQMV yaradılarkən Azərbaycanın inzibati ərazi bölgüsü kobudcasına pozulmuşdu. Çünki DQMV yaradılana qədər Azərbaycanda Stepanakert, Martuni, Mardakert, Hadrut adında nə şəhər, nə də rayon olmuşdur. 1923-cü ildə qəbul edilən bir qərarla Şuşa, Cavanşir və Qubadlı qəzalarının əraziləri bölünüb DQMV yaradıldı. DQMV yaradılan gündən Azərbaycanın iqtisadi potensialı Xankəndinin inkişafına yönəldildi. 10-15 evdən ibarət Xankəndi tarixi şəhər olan Şuşanı geridə qoyub böyük iqtisadi gücə malik qurumun mərkəzi olan “Stepanakert”ə çevrildi. Vilayətin tərkibinə daxil olan Şuşa şəhəri bir çox məsələlərdə Xankəndindən asılı vəziyyətə salındı. Ağdam-Şuşa magistral avtomobil yolu Əskəran və Xankəndindəki erməni evlərinin əhatəsinə salınmışdı.

Sovet dövründə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş,  eləcə də  erməni iddiaları hər zaman iflasa uğramışdı. Bu dövrdə erməni milllətçiləri imkan düşdükcə Azərbaycan torpaqlarına olan əsassız iddialar irəli sürürdülər. Ancaq Heydər Əliyev Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bilirdi. Hələ Azərbaycan SSR DTK-nın sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı qətiyyətlə alınmışdı. Ümummilli lider Heydər Əliyev hələ Azərbaycan rəhbəri seçilməmişdən əvvəl ilk dəfə Şuşada hələ 1967-ci ildə olmuşdu. O vaxt Xankəndində azərbaycanlılarla ermənilər arasında münaqişə olmuş və qan tökülmüşdü. Dağlıq Qarabağda olan bəzi millətçilər 3 nəfər azərbaycanlını vəhşicəsinə öldürmüşdülər. Həmin məsələni dərindən araşdırmaq üçün Heydər Əliyev 15 gün Dağlıq Qarabağda olmuş, eləcə də, Şuşaya getmişdi. Şuşada olarkən 1905-1907, 1918-1920-ci illərdə ermənilərin təcavüzü nəticəsində dağıdılmış və yandırılmış evlərin hələ də bərpa edilmədiyini görmüşdü. O, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa etdirilməsinin zəruriliyi qənaətinə gəlmiş və Bakıya qayıtdıqdan sonra şəhərin belə vəziyyətdə saxlanılmasının mümkünsüzlüyü barədə mülahizələrini Azərbaycan rəhbərlərinə söyləmişdi.

Lakin 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra ulu öndər Şuşanı abadlaşdırmaq, şəhərin başına gətirilən müsibətlərin izlərini ləğv etmək, dağıdılmış, yandırılmış evləri bərpa etmək, eyni zamanda tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər görmüşdür. 1970-ci illərdə ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu istəklərinin qarşısı qətiyyətlə alınmışdı. Bu dövrdə Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri Dağlıq Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli lider bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fəaliyyət göstərirdi. Hər şeydən əvvəl, Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən ulu öndər bu məsələyə çox həssaslıqla yanaşırdı. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşa şəhərinin tarixi keçmişini yaxşı bilən Heydər Əliyev şəhərə çox böyük qayğı göstərərək onun  inkişafına çalışırdı. Eyni zamanda, ümummilli lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı.

1970-ci illərin ikinci yarısında Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar qəbul edilmişdi. Qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikilmişdi. Eyni zamanda, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Heç şübhəsiz ki, həmin qərarların yerinə yetirilməsinin çox böyük tarixi əhəmiyyəti var idi. Şəhərdə azərbaycanlılar üçün əlavə iş yerləri açılmış, həyat səviyyəsi yaxşılaşdı. Eyni zamanda, ölkənin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular. Qeyd etmək lazımdır ki, 1920-ci ildən 1970-ci ilə qədər Şuşada heç vaxt belə geniş miqyaslı tikinti işləri aparılmamışdı. Şəhərdəki “Qala divarları”nın və “Gəncə qapısı”nın bərpasına təkcə 1975-ci ildə 25 min manat vəsait xərclənmişdi. Azərbaycanın mədəniyyət, incəsənət və elm xadimlərinin, o cümlədən XIX əsrin görkəmli ədibi Qasım bəy Zakirin məzarı qaydaya salındı.

1979-cu il yanvarın 12-də “Ağdam-Xankəndi” dəmiryolunu çəkildi  və ümummilli liderin özünün iştirakı ilə istifadəyə verildi. Nəticədə, dəmiryol xəttinin işə düşməsi ilə muxtar vilayətin iqtisadi cəhətdən respublikanın digər rayonları ilə daha sıx əlaqəsi yaradıldı. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi. Dəmiryolu xəttinin açıldığı gün Şuşaya gedən ümummilli lider şəhərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə xüsusi göstəriş verdi. Ulu öndər eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri M.P.Vaqifin və Xurşudbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə tanış olmuşdu.  Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi görüşdə ümummilli lider tövsiyə edərək demişdi: “Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”. Heydər Əliyevin bilavasitə səyləri nəticəsində, az sonra Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu.

Ümummilli liderin M.P.Vaqifin məqbərəsinin açılışında söylədiyi nitq, ulu öndərin  Dağlıq Qarabağa qayğısının göstəricisi idi. Bununla yanaşı, səfər zamanı Heydər Əliyev Şuşada Poeziya evini açaraq, Vaqif poeziya günlərində iştirak etdi. Bununla yanaşı, ulu öndər Üzeyir bəy Hacıbəyovun və Bülbülün Şuşadakı ev- muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi. Bu tarixi səfər zamanı Şuşadakı abidələrin bərpa işləri ilə maraqlanan Heydər Əliyev müvafıq göstərişlər verərək işlərin davam etdirilməsinə dair bir sıra təkliflərini də söyləmişdi. Ümummilli liderin  eyni zamanda, Şuşa məscidinə getməsi bir tərəfdən, onun dini dəyərlərə olan ehtiramının və dərin bağlılığının göstəricisi idisə, digər tərəfdən, azərbaycanlı əhalinin milli və dini dəyərlərə sahib çıxmalarının vacibliyinə olan nümunə idi.

1987-ci il oktyabrın 21-də ümummilli lider Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü.

 

Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı

 

XX əsrin 80-ci illərinin sonunda SSRİ hökuməti, xüsusilə onun başında duranların qətiyyətsizliyi və Azərbaycan torpaqlarına açıq-aşkar təcavüz edən ermənilərə himayədarlıq etməsi üzündən hadisələr getdikcə daha da mürəkkəbləşdi və Ermənistan Respublikası Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı. Belə ki, 1989-cü il avqustun 13-də ermənilər Şuşaya gələn su kəmərini partlatdılar. Ayın 17-də Əskəranda Şuşa-Ağdam marşrutu üzrə işləyən avtobusa ermənilərin hücumu, avqustun 28-də isə Şuşadan Bakıya, Ağdama və respublikanın digər rayonlarına gedən 9 avtobus və 1 yük maşın karvanının ermənilər tərəfindən atəşə tutulması nəticəsində 20-yə qədər adam yaralandı. Oktyabrın axırı və noyabrın əvvəllərində isə Şuşa yaxınlığında Ağa körpüsünün ermənilər tərəfindən partladılması nəticəsində Şuşanın ətraf rayonlarla əlaqəsi kəsildi və şəhər blokada vəziyyətinə düşdü.

Nəticədə, Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu-1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxartdı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Belə ki, bu dovrdə Şuşa-Cəmilli, Şuşa-Mingəçevir, Ağdam-Xocavənd, Ağdam-Qaradağlı və Ağdam-Şuşa, Laşın-Şuşa avtobuslarının erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı.  Şuşanın Xankəndindən keçən telefon-rabitə xətləri noyabrın 24-dən kəsilmiş, şəhər və digər azərbaycanlılar yaşayan kəndlər tamamilə ətraf aləmdən təcrid olunmuşdu. Nəticədə, Xocalı və Şuşa mühasirədə qalmışdı. Eyni zamanda, Şuşa şəhəri hər gün erməni mövqelərindən intensiv top və raket atəşinə tutulurdu.

1992-ci il may ayının 7-dən 8-nə keçən gecə Şuşa dörd tərəfdən “qrad”, “kristal” tipli raketlər, top, tank, PDM, ZDM, pulemyot və avtomatlarla güclü atəşə tutulduqdan sonra ermənilər Xankəndi, Şuşikənd və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçdilər. Şəhər ayın 8-i axşama qədər müdafiə olunsa da, tank və zirehli maşınların köməyi ilə ermənilər əvvəl Şuşanı, sonra isə Kosalar və Şırlan kəndlərini ələ keçirdilər.

Qarabağın dağlıq hissəsində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələri digər erməni terrorçu dəstələri ilə birlikdə Azərbaycan Respublikasının ərazisində növbəti cinayət törədərək, yuxarı Qarabağda azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqəsi olan Şuşa şəhərini işğal etdilər. Şuşanın belə qısa müddətdə süqut etməsinin əsas səbəbi şəhərin müdafiə qabiliyyətinin zəif olması idi. Ermənilərin öz məlumatlarına görə Şuşaya hücumda 100-ə qədər zirehli maşın və tank, 11 min nəfər canlı qüvvə iştirak etmişdi. Ermənilər tərəfində xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.

Nəticədə, 289 km² ərazisi, 24 000 nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itkin düşdü. Ermənilər tərəfindən əsir götürülmüş və Şuşa həbsxanasında saxlanılan 114 nəfər azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirildi.

Ermənistan silahlı qüvvələrinin  təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət     Rəsm   Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır. Bütün bunlarla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidələr də erməni vandalları tərəfindən dağıtdılmış, məbədgah və məscidlər təhqirlərə məruz qalmış, çox sayda nadir əlyazma nümunələri məhv edilmişdir.

Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B. Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, Realni məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilmiş və dağıdılmışdır.

Bununla yanaşı, ümummilli lider Şuşanın, Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu  bildirərək demişdir: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əjdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə mailk böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcədə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və  Qarabağın tacı olan  Şuşa şəhəri  Ermənistan silahlı qüvvələrin işğalı altındadır. Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.

Ümummili liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən cənab Prezident İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmişdir. Dövlət başçısı İlham Əliyev bu gün danışıqlar masası üzərində bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışı məsələlərinin mövcudluğunu bildirmişdir. Bununla yanaşı, Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən Azərbaycan Prezidenti İlham Əliyev nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulamışdır. Dövlət başçısı cənab İlham Əliyev bəyan etmişdir ki, “Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya, o cümlədən Şuşaya  qayıtdıqdan sonra  status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.

 

 

 

  


Müəllifin digər yazıları

  1. Elçin Əhmədov: Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığı regional təhlükəsizliyin mühüm platformasına çevrilir
  2. Azərbaycanın daxili və xarici siyasətində multikultural və tolerant dəyərlər
  3. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik parlamentli respublika
  4. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  5. Elçin Əhmədov: AŞPA-nın Türkiyə ilə bağlı qərarı qərəzlidir, islamofobiyanın və ikili standartların daha bir nümunəsidir
  6. Elçin Əhmədov: Aprel doyüşləri Azərbaycan ordusunun gücünü göstərməklə yanaşı, Ermənistanda dərin hərbi və siyasi böhrana gətirib çıxartdı
  7. Qaradağlı soyqırımı - Xocalı soyqlrımının başlanğıcı idi
  8. Biz nəinki Cocuq Mərcanlıya, eləcə də Daglıq Qarabaga, Xankəndinə, Xocalıya və Şuşaya qayıdacagıq!
  9. QANLI 20 YANVAR – MÜSTƏQİLLİYƏ GEDƏN YOLDA XALQIMIZIN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SALNAMƏSİ
  10. Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  11. AZƏRBAYCANIN MÜSTƏQİL XARICİ SİYASƏT KURSU VƏ QƏRBİN İKİLİ STANDARTLAR SİYASƏTİ
  12. ELÇİN ƏHMƏDOV: "Boyük dövlətlərin mövqeyi təcavüzkar Ermənistanın vaxt uzatmaq siyasəti ilə üst-üstə düşür"
  13. Azərbaycan dünya miqyaslı forumların keçirildiyi mühüm məkana çevrilmişdir
  14. AZƏRBAYCAN – TÜRKİYƏ HƏMRƏYLİ VƏ STRATEJİ TƏRƏFDAŞLIĞININ MÜHÜM GÖSTƏRİCİLƏRİ
  15. AZƏRBAYCAN - İRAN - RUSİYA ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIĞI REGİONAL TƏHLÜKƏSİZLİYIN MÜHÜM PLATFORMASIDIR
  16. Ermənistanın hərbi təcavüzünün nəticələri – Ağdamın işgalından 23 il keçir
  17. HEYDƏR ƏLİYEVİN ERMƏNİLƏRİN ƏSASSIZ ƏRAZİ İDDİALARINA QARŞI MÜBARİZƏSİ (1969-1982)
  18. HEYDƏR ƏLİYEVİN SİYASİ KURSU DİNAMİK ŞƏKİLDƏ İNKIŞAF ETDİRILİR
  19. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik, parlamentli respublika
  20. AZƏRBAYCANI QARABAĞSIZ TƏSƏVVÜR ETMƏYƏN DAHİ LİDER
  21. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  22. Azərbaycan Prezidenti İlham Əliyev: “Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”
  23. Müasir geosiyasi şəraitdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı dinamik inkişaf etdirilir
  24. Qaradağlı soyqırımı Xocalı soyqırımının başlanğıcı idi
  25. Ermənistanın ərazi iddiaları və hərbi təcavüzünün başlanması: Malıbəyli və Quşçular kəndlərinin işğalından 24 il keçir
  26. ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi Ermənistanın status-kvonu qoruyub saxlamaq siyasəti ilə üst-üstə düşür
  27. QARABAĞ MÜNAQİŞƏSİ VƏ QANLI 20 YANVAR FACİƏSİNƏ APARAN YOL
  28. Azərbaycanı QARABAĞSIZ təsəvvür etməyən dahi LİDER
  29. BMT necə və nə üçun yaradıldı?
  30. Ermənistanda siyasi, sosial-iqtisadi və demoqrafik böhranı şərtləndirən amillər
  31. Heydər Əliyev Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur
  32. Heydər Əliyevin siyasi kursu yeni və dinamik inkişaf mərhələsində
  33. ŞUŞA: TARİXİ, İQTİSADİ, MƏDƏNİ VƏ STRATEJİ ƏHƏMİYYƏTƏ MALİK ŞƏHƏR
  34. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız orada tarixən yaşamış azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından sonra keçirilə bilər
  35. Türkiyənin Ermənistanla sərhəddini bağladıgı gündən 22 il keçir
  36. Böyük dövlətlər təcavüzkarın qarşısını almaq istəyirlərsə Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər
  37. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  38. Azərbaycanın siyasi kursu: Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  39. Dağlıq Qarabağa dair təkzibolunmaz mənbələrə əsaslanan fundamental elmi əsər
  40. Ermənistan beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir
  41. Azərbaycanın düşünülmüş konseptual yanaşmaya söykənən xarici siyasəti və diplomatik uğurları
  42. ATƏT-in Misnk Qrupunun həmsədrlərinin fəaliyyət(sizliy)i
  43. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  44. ŞUŞA - Tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhər
  45. Kəlbəcərin Ağdaban kəndi Dağlıq Qarabağdan əvvəl işğal edilmişdi
  46. KƏLBƏCƏRİN İŞĞAL STATİSTİKASI
  47. Ermənilərin Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım və təcavüzkar siyasətinin mərhələləri
  48. Qaradağlı soyqırımı - Xocalıya gedən yol
  49. Ermənistanın Azərbaycana təcavüzün nəticələri və XRONİKASI
  50. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  51. Yuxarı Qarabağın zəbt olunması - Analitika
  52. Elçin Əhmədov: "Ermənilərin 22 il əvvəl törətdikləti cinayət terrorizmin zirvəsi idi"
  53. Azərbaycanın dinamik inkişafının əsas göstəriciləri
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017
24.11.2017 Neft ucuzlaşıb
24.11.2017 Paytaxtda yanğın
23-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8356 san