12:00 29 May 2015
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

Müasir dövrdə son dərəcə aktuallıq kəsb edən məsələlərdən biri XX əsrin 80-90-cı illərində SSRİ-nin dağılması, dünya sosializm düşərgəsinin kapitalizm sistemi ilə qarşıdurmada məğlub olaraq iflasa uğraması, uyğun olaraq dünya nizamında baş vermiş qlobal dəyişikliklərin nə dərəcədə qanunauyğun olması, onun labüdlüyü məsələsidir. Son illərdə bu məsələlərə kifayət qədər tədqiqatlar həsr olunsa da, həmin suala birmənalı cavab yoxdur. Onların içərisində diqqəti cəlb edən məqamlardan biri çoxmillətli sosialist dövlətlərinin tərkibindən qopub ayrılmış müstəqil dövlətlərin bu müstəqilliyə aparan yolda üzləşdiyi maneələr, onların yenidən qurulmaqda olan dünya durumunda yeri və inkişaf perspektivləridir.(1,2,3,4)
Yeni dünya nizamının formalaşması ilə əlaqədar qarşıduran tərəflər dəyişir, qüvvələrin yerdəyişməsi, qüvvələr nisbətinin bu və ya digər istiqamətdə dəyişmə meylləri müşahidə olunur. Köhnə durum öz yerini yenisinə verməsini yer kürəsinin müxtəlif yerlərində dramatik kataklizmlər müşayiət edir. Onilliklər boyu hər beynəlxalq durumu təmin edən münasibətlər sistemi dəyişikliklərə məruz qalır. Əvvəllər pozulması mümkün hesab edilməyən norma və prinsiplər qlobal proseslərin təsiri altında deformasiyaya uğrayır. Ümumdünya dəyərlər sistemi təftiş edilərək yeni məna kəsb edir. Hansı dəyərlərsə ucuzlaşır, hansılarısa dəyişən maraqlara uyğun olaraq fərqli məzmunda təlqin edilir. Bir sözlə, dünyada ikili standartlar reallığı geniş vüsət alır. Dəyişməyən isə dünyada hegemonluq iddiasında və imkanında olan dünya güclərinin maraqlarıdır.(5,6)
Obyektiv səbəblər üzündən bu məsələ müasir dövrdə kifayət qədər aktualdır. Bir birinin ardınca dünyanın ən müxtəlif yerlərində baş verən dramatik hadisələr ötən əsrin son onilliklərində özünün aktiv fazasına daxil olmuş köklü dəyişikliklər prosesinin yekunlaşmaqdan hələ çox uzaq olduğunu göstərir. Yeni dünya nizamının formalaşması prosesi güclənən xətlə davam edir, hər gün yeni-yeni ölkələri və bütöv regionları bu zəmində baş verən münaqişələr dairəsinə cəlb edir. Belə bir mürəkkəb şəraitdə hər bir dövlət, xüsusən də müstəqilliyini bərpa edərək bu yolda ilk onilliklərini yaşayan dövlətlər üçün müasir hadisə və proseslər reallığında öz yerini görmək, öz imkanlarını və perspektivlərini qiymətləndirmək son dərəcə zəruridir.
Dünya hegemonluğu uğrunda mübarizədə yeni müstəqil dövlətlərin taleyində və inkişaf perspektivində qaranlıq məqamlar çoxdur. Dünyanın müxtəlif yerlərində, xüsusən də postsovet məkanında qurtarmaq bilməyən etnik münaqişələr, qlobal qütbləşmələr və onun qarşıdurmasının günbəgün daha kəskinləşməsi prosesin dərinləşməsinin əlamətləridir.(7)
Belə bir şəraitdə müstəqil dövlətlərin müxtəlif məsələlərdə tutduğu mövqe və yeritdiyi siyasətdən cox şey asılıdır. Konkret olaraq, Azərbaycan Respublikası həmin dövlətlərdən biri olmaqla müasir dövrdə gedən proseslərin ağırlığını, dünya dövlətlərinin heç də həmişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olmayan, qərəzli münasibətini öz üzərində hiss etmiş və bu gün də hiss etməkdədir.
Bir daha vurğulamaq lazımdır ki, XX əsrin son onilliklərində sosializm dünyasının həyatında baş vermiş qlobal dəyişmə tartixi inkişafın özündən irəli gəlmişdi və zamanın hökmü idi. Bu səbəbdən də həmin dövrü birmənalı şəkildə müsbət və ya mənfi çalarlarla təqdim etmək düzgün deyildir. Lakin hakim kommunist partiyasının və sovet hakimiyyət orqanlarının milli respublikalara münasibətində ayrı-seçkilik mövqeyi zamanından və konkret yerindən asılı olaraq həmişə müşahidə olunmuşdur. Onların milli ucqarlara münasibətində yeritdiyi siyasətdə qərəzli yanaşmalar, əyintilər, bəyan edilmiş ədalət prinsiplərindən uzaqlaşmalar kifayət qədər çox idi. Sovet tarixinin bütün dövrlərində bu, ictimai həyatın bütün sahələrində özünü az və ya çox dərəcədə göstərmişdir. Qəbul olunmuş partiya və dövlət sənədlərində sovet dövləti və cəmiyyətinin beynəlmiləlçi xarakteri vurğulansa da, milli məsələnin qəti olaraq həll olunmasından danışılsa da, reallıqda fərqli millətlərə fərqli münasibət dəyişməz olaraq qalırdı. Sovet cəmiyyətində böhranların dərinləşdiyi mərhələlərdə isə milli ayrı-seçkilik üzərində qurulan sovet dövlət siyasətinin eybəcərlikləri daha qabarıq şəkildə üzə çıxır. Sovet rejiminin təməlini təşkil edən totalitar əsaslı iqtisadiyyatı gerilədikcə, digər sahələrdə olan ziddiyyətlər tam kəskinliyi ilə ortaya çıxır. İdeoloji pərdə aradan qalxdıqca həyatın bütün sahələrində olan ziddiyyətlər milli münasibətlər sahəsində daha qabarıq şəkildə nəzərə çarpır. Uzun illər boyu həll olunmuş məsələ kimi təlqin edilən problemlər qısa müddətdə çox kəskin formada yenidən təzahür edir. Sosializm dünyasının ideoloji dayaqlarından biri kimi formalaşdırılmış və ideoloji aparat vasitəsilə çoxmillətli cəmiyyətin hər bir millətinə və vətəndaşına təlqin edilən vahid sosialist millətinin yaranması təsəvvürü problemlərin və onun zəminində qalxmış qarşıdurmaların fonunda bir anda əhəmiyyətini itirir. (9)
Buna görədə tam əminliklə demək lazımdır ki, SSRİ-nin dağılması təsadüfi bir proses deyildi. Onun iflası mövcud olduğu tarix ərzində nəzəri əsaslarında olan ziddiyyətlər, praktik həyatında baş verən neqativ reallıqlar, zaman-zaman təkrarlanan volyuntarist siyasət, ictimai-iqtisadi inkişafın qanunauyğunluqlarına zidd olan xəttin yeridilməsi son anda öz işini görmüşdü. XX əsrin 70-80-ci illərində ölkənin və bütövlükdə, sosializm dünyasının böhranı 70 illik bir yolun sonuna gətirib çıxarmışdı.
1982-ci ildə L.Brejnevin ölümündən sonra Sovet dövlətinin və sosializm dünyasının böhranı açıq şəkildə etiraf olunur. Bundan sonra bu dövləti xilas etməyə edilən cəhdlər nəinki geriləmə prosesinin qarşısını almadı, əksinə hər atılan addım onun sonunu daha da yaxınlaşdırdı. Belə bir vaxtda günün reallığı kimi ortaya çıxan məsələlərdən biri də çoxmillətli sosialist dövlətlərinin tərkibinə daxil olan milli respublikaların taleyi məsələsi idi. Bir sözlə, çoxmillətli Sovet dövlətinin, onun ardınca isə anoloji təməl üzərində qurulmuş digər sosialist dövlətlərinin iflası tarixi inkişafın öz inkişafının məntiqi yekunu idi. Lakin məsələ yalnız lokal xarakter daşımırdı. Sosializm dünyasında baş verən bu dəyişiliklər bütov dünyada mövcud durumun qlobal dəyişməsinin tərkib hissəsi idi. Bu dəyişikliklər yeni dünya nizamının yaranması demək idi. Buna görə də postsovet və post sosialist məkanında baş verən dəyişikliklər qlobal ümumdünya prosesinin bir hissəsi idi və yeni dünya nizamında yeni statusda çıxış edən çoxsaylı dövlətlər öz statusunu almaqda və yerini tapmaqda idilər. Buna görə də, müasir zamanda dünyada baş verən çaxnaşmaların toxunduğu və müəyyənləşdirdiyi məsələlərin sırasına yeni dövlətlərin dünya durumunda yeri, təsir dairələri uğrunda gedən ümumdünya mübarizəsində onların üzləşdiyi və bundan sonra üzləşə biləcəyi problemlər daxildir.
SSRİ-nin süqutu göz qabağında idi. Lakin onun tərkibində olan millətlərin müstəqilliyə aparan yollarında ciddi maneələr mövcud idi. İlk növbədə bu, özünü böyük Sovet dövlətiniun varisi hesab edən Rusiyanın imperiya əhvali-ruhiyyəli hakim dairələrinin keçmiş imperiyanı köhnə sərhədləri çərçivəsində qoruyub saxlamaq üçün apardıqları avantürist siyasət idi. Bu qüvvələr böyük imperiyanın əsrlər boyu zəbt olunmuş əraziləri itirməklə barışmaması ilə bağlı idi. Buna görə də, imperiyanın öz ictimai-iqtisadi, siyasi ideoloji mahiyyətini dəyişdirməsi, sosializmdən imtina edilərək ümumdünya ictimai-iqtisadi və siyasi sistemə qayıtması məqamında milli ərazilərin ondan qopub ayrılmasına əngəl törədilməsi üçün münaqişə ocaqlarının yaradılması, millətlərin üz-üzə qoyulması, onların yaxınlaşması və səylərinin birləşdirilməsinə imkan verilməməsi xəttini seçmişdi. Həmin dövrdə müstəqilliyinə qovuşmuş xalqların keçdiyi yol, üzləşdiyi maneələr və problemlər, reallaşdırdıqları siyasi xətt kifayət qədər müxtəlifdir. Demokratik dünyanın yeni dövlətlərə münasibətdə yeritdikləri siyasət də bir-birindən ciddi şəkildə fərqlənir. (10)
Baltikyanı ölkələrin müstəqilliyinin bərpası həm mərkəzi sovet hakimiyyəti, həm də Qərb dövlətləri tərəfindən loyal qəbul edilirdisə, digər müttəfiq respublikaların müstəqilləşməsi prosesi daha qısqanclıqla qarşılanır, ciddi əngəllər törədilirdi. Bu tarixi reallığa əsaslanaraq demək olar ki, SSRİ tərkibindən çıxmış müstəqil dövlətlərin hər birinə münasibətdə fərqli yanaşma müşahidə edilmişdir. Bu münasibətin xarakterini bir sıra amillər – onların əhalisinin milli və dini mənsubiyyətindən tutmuş, iqtisadi göstəricilərinə, geosiyasi mövqeyinə qədər geniş diapazonlu amillər müəyyənləşdirirdi.
Müasir dövrdə XX əsrin 80-90-cı illərində dünya durumunda baş vermiş qlobal dönüş nəticəsində tarix səhnəsinə çıxmış yeni dövlətlərə münasibətin birmənalı olmaması bir sıra amillərlə şərtlənirdi. Bir tərəfdən bu, “soyuq müharibənin” başa çatması, qərb dünyasının qələbəsi nəticəsində mövcud Şərq-Qərb qarşıdurmasının başa çatması uzun illərdən bəri davam edən və dünyanı gərginlikdə saxlayan problemin başa çatması idisə, digər tərəfdən yeni qarşıdurmalara təkan verən mübarizənin başlanğıcı idi. Həmin dövrdə baş verən və yeni dünya durumunun formalaşmasına gətirib çıxaran bu dəyişikliklərin hər bir hadisəsi ümumi gedən proseslərin elementlərii idi.
Yeni dünya durumunda köhnə dövlətlər öz yerlərini qoruyub saxlamaq və gücləndirməklə məşğul idilərsə, yeni yaranmış, öz müstəqilliyini tapmış dövlətlərin başlıca qayğısı mövcud dünya durumunda öz yerini tapmaq, özünü müstəqil dövlət kimi təsdiq etmək, öz yaşamaq və inkişaf etmək hüququnu təmin etmək idi. Onlar üçün dövrün vacib problemlərindən biri də məhz öz haqqını təsdiq etmək və bu haqqın hər bir dünya dövləti tərəfindən tanınmasına nail olmaq idi. Bu proses xeyli zaman tələb edən bir prosesdir və indi də davam etməkdədir.
Bir əsr ərzində Azərbaycan iki dəfə müstəqillik əldə etmək şansı qazanmışdır. Birinci halda cəmi 23 ay yaşayan müstəqil Azərbaycan dövləti sonda işğal olunaraq həqiqi müstəqililiyini itirsə də, bu hadisə sonrakı dövrdə onun dövlətçilik ənənəsini formal da olsa qoruyub saxlamasına imkan vermişdir. Tarixən Azərbaycan xalqının zəngin dövlətçilik tarixinin və dövlətçilik ənənəsinin olması yeni əsrdə yeni imkanlar şəraitində Şərqdə yaranmaqda olan müasir demokratik dövlətçilik formalaşdırılması işində öz sözünü demişdir. Azərbaycanda demokratik cümhuriyyətin təşəkkülünün müasir dövlətçilik tarixində kifayət qədər yadda qalan dərin iz qoyması təsadüfi deyildi. Bu məsələ təkcə bir xalqın xarakteri və ənənələri ilə bağlı deyildi. Onlara ümumdünya tarixi inkişaf kontekstindən yanaşmaq və bu mövqedən dəyərləndirmək hadisə və proseslər, nailiyyətlər və itkilər haqqında düzgün təsəvvür yaratmağa imkan verir.
Diqqəti bir daha XX əsrin axırlarında Azərbaycanın müstəqilliyinin bərpasının qanunauyğunluqları, onun ilkin şərtlərinin müasir reallıqlar baxımından araşdırılmasına yönəltmək istərdik. Ötən əsrin son olilliklərində başlamış qlobal proseslərin əvvəlində baş vermiş hadisə və proseslər haqqında çox yazılsa da, onlara qəti yekun qiymətinin verilməsindən hələ ki söhbət gedə bilməz. Onlardan daha çox zaman keçdikcə yeni-yeni faktlar, təfərrüatlar üzə çıxır, mövcud tendensiyalar aydınlaşaraq daha dəqiq görüntülər yaradır. Çox güman ki, aparılan tədqiqatlar dünyanın yeniləşən geosiyasi durumunda vacib mərhələlərdən biri olan dövr haqqında daha adekvat nəticələr çıxarmağa imkan verəcək. (10)
Postsovet məkanında baş verən hadisələr və gedən proseslər şəraitində Azərbaycanın əldə etdiyi nailiyyətlərin reallıq kimi qəbul edilməsi, mövqeyi ilə hesablaşılması ilə yanaşı onun maraqlarına və haqqına zidd münasibət də vaxtaşırı özünü büruzə verir. Demək olar ki, bütün həyati əhəmiyyətli məsələlərdə qərəzli münasibət, ikili yanaşma standartları Azərbaycanın üzləşdiyi reallıqlardır. Ona qarşı ermənilərin hərbi təcavüzünün açıq və ya gizli şəkildə dəstəklənməsi, Qarabağ münaqişəsinin ədalətli həlli probleminə sürüşkən mövqe nümayiş edilməsi, onun iqtisadi maraqlarına yaradılan süni maneələr çox mətləblərdən xəbər verir.
Azərbaycanın mədəniyyət, idman sahələrində böyük layihələrə ev sahibliyi etməsi bir sıra dövlətlərin və beynəlxalq təşkilatların qəzəbi ilə üzləşir. Bütövlükdə, Qərb dövlətlərində islam və türk dünyasına münasibətdə aparılan düşmənçilik, Şərqbə yaradılmış münaqişə ocaqlarının dəstəklənməsi fonunda vəziyyətin nə qədər ciddi olmasını təsdiq edir. Həm ümumdünya miqyasında, həm də regional səviyyədə gedən proseslər təhlükəsizlik məsələsində ciddi problemlərin mövcudluğunun göstəricisidir. Belə bir məqamda düzgün siyasət kursunun yeridilməsi strateji əhəmiyyət kəsb edir. Belə bir mürəkkəb şəraitdə müstəqil milli dövlətlərin yaranmasının qanunauyğunluqları, daxili və xarici amillərin bu işdə proporsiyası, gedən proseslərin alternativinin olub olmaması və sair bu tipli xeyli suallara cavab verilməsi faydalıdır. Onlara müxtəlif məkanlarda və müxtəlif şəraitlərdə, xüsusən müxtəlif maraqlar bucağından verilən cavablar birmənalı deyildir. Bu məsələ bu gün tarixilik baxımından aktual olmaqla yanaşı, hələ bitməmiş, buna görə də müxtəlif maraqlara bilavasitə toxunan məqamlarla zəngin olduğundan, ictimai-siyasi əhəmiyyətə malkdir. Çox hallarda bu məsələlərin hər birinin fərqli maraqlardan subyektiv qiymətləndirilməsi hadisələrin gedişinə neqativ təsirini göstərir. Azərbaycan dövlətinin bu gün yeritdiyi siyasi xətt bu reallıqların üzərində qurulmuşdur və onun müstəqillik yolunda inkişafını və möhkəmləndirilməsini təmin edir. Lakin yeni yaranmış dövlətlərə münasibətin əsasənda onların müəyyən çərçivədə saxlamaq cəhdi dayanır. (8)Azərbaycana qarşı son illərdə gücləndirilmiş qara piar kampaniyası da həmin səbəblərdən qaynaqlanır. Azərbaycanın müstəqil olduğu illər ərzində ictimai həyatın müxtəlif sahələrində əldə etdiyi naailiyyətlər, böyük təzyiqlərə məruz qalsa da dünyada nüfuzlu və söz sahibi olan bir dövlət səviyyəsinə yüksəlməsi, dünyada güclü region liderinə şevrilməsi, Avropanın və bütövlükdə dünyanın enerji təhlükəsizliyi sistemində böyük rol oynaması, mədəniyyətlərin qovuşduğu bir məkan kimi çıxış etməsi və digər uğurları ilə, görünür, dünya gücləri barışa bilmirlər. Onu da unutmaq olmaz ki, Azərbaycan dövlətinin yeritdiyi ardıcıl siyasət sayəsində Dünyanın bütün dövlətlərində, o cümlədən hakim dairələrində Azərbaycana rəğbətlə yanaşan və onu dəstəkləyənlərin sayi az deyildir. Buna görə də Azərbaycanın uğuru onun prinsipial ardıcıl, məqsədyönlü daxili və xarici siyasət xəttindən, bütün qüvvələrin vahid məqsəd ətrafında səfərbər edilməsindən asılıdır. Azərbayaca Respublikasının yeritdiyi xətt və bütün prinsipial məqamlarda tutduğu möhkəm mövqe bu uğura zəmin yaradır.

 

QEYDLƏR:

1. Əli Həsənov. Geosiyasət, B, 2010
2. https://ru.wikipedia.org/wiki/Содружество_Независимых_Государств
3. Стивен Коэн. «Вопрос вопросов»: почему не стало Советского Союза? — М., 2007
4. Нефёдов С. А., Алексеев В. В. Гибель Советского Союза в контексте истории мирового социализма // Общественные науки и современность. № 6, 2002, С. 66-77
5. Бжезинский З. Великая шахматная доска. Господство Америки и его геостратегические императивы. — М.: Международные отношения, 2010.
6. Джордж Фридман. Следующие 100 лет: прогноз событий ХХI века, М,Эксмо,2010, 336 стр
7. http://geopolitics.by/analytics/ustanovlenie-novogo-mirovogo-poryadka-na-sovremennom-etape-blizhnevostochnyy-vektor
8. Əli Həsənov. Azərbaycanın müasir geosiyasi inkişaf xarakteristikası və perspektivləriGeostrategiya 2014№ 04 (24)səh. 3 – 15
9. İbrahim Əliyev. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində Geostrategiya 2014 № 05 (23)səh.8-11
10. İbrahim Əliyev. Müasir dünya durumunda Azərbaycanın aktual problemləri Geostrategiya 2014 № 06 (24) səh 10-12


Müəllifin digər yazıları

  1. YENİDƏNQURMA DÖVRÜNDƏ SSRİ-də ALKOQOLİZMƏ QARŞI MÜBARİZƏ VƏ ONUN NƏTİCƏLƏRİ HAQQINDA
  2. Qarabağ münaqişəsinin nizamlanmasının başlıca maneələrindən biri mövcud status-kvodur
  3. AZƏRBAYCANLI “ZİYALININ” ERMƏNİSAYAĞI GEDİŞLƏRİ
  4. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik tarixində
  5. Ermənistanda dəyişikliklər nə vəd edir?
  6. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən
  7. 2017-ci il: gözləntilər və nəticələr
  8. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  9. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  10. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  11. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  12. AZƏRBAYCAN RESPUBLİKASI 25
  13. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  14. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  15. Qarabağ problemi son hadisələr işığında
  16. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  17. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  18. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  19. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  20. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  21. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  22. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  23. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  24. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  25. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  26. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  27. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  28. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  29. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  30. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  31. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  32. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
24.09.2018 Neft bahalaşıb
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.8737 san