12:13 13 Fevral 2014
11444 dəfə oxunub
Çap versiyası
Azər Şükürov
Moskva Dağ-Mədən İnstitutunun məzunu, "Azinterpartlayış-X" MMC-nin baş direktoru

Professor Əli Həsənov “Azərbaycanın enerji təminatı və təhlükəsizliyi siyasəti” məqaləsində qeyd edir: Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin  əsas təminatlarından birini yaradır”.

  Əminliklə demək olar ki, 2013 – cü il Azərbaycan üçün istər iqtisadi, istərsə də siyasi sahədəki nailiyyətləri ilə yaddaqalan il olmuşdur. 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmiş, böyük layihələr icra edilmiş, paytaxda və regionlarda islahatlar daha da dərinləşmişdir. 2009-2013-cü il regionların inkişafı ilə bağlı dövlət proqramı uğurla həyata keçirilmiş və regionların inkişafı ilə bağlı yeni  dövlət proqramına start verilmişdir. 2013 – cü ilin yekunları ilə bağlı Professor Əli Həsənov haqlı olaraq qeyd edir ki, “Azərbaycanın strateji prioritetlərinin reallaşdırılması, ölkəmizin dinamik inkişafının təmin edilməsi, cəmiyyətimizin qarşısında duran vəzifələrin həyata keçirilməsi baxımından 2013-cü ildə baş verən hadisələrin əhəmiyyəti olduqca böyükdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edən, demokratik, sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanmış, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilmişdir”.

2013-cü ildə iqtisadiyyatımız inkişafını davam etdirmişdir. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Bu, çox böyük göstəricidir. Nəzərə alsaq ki, bu gün dünyanın əksər ölkələrində ümumi daxili məhsul yarım faiz, 1 faiz, 1,5 faiz artır, təxminən 6 faiz səviyyəsində artan ümumi daxili məhsul böyük nəticədir. Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektoru 9,8 faiz artmışdır. Bu da son illərdə aparılan islahatların nəticəsidir. Qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün indi ciddi proqramlar icra edilir və növbəti illərdə icra ediləcəkdir.

İl ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu, rekord göstəricidir. Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatmışdır. Bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir.

Qeyri – neft sektorunun əsas sahələrindən biri kimi dağ – mədən sənayesinin inkişafını xüsusi vurğulamaq lazımdır.

Hələ 20 avqust 1997-ci ildə “Azərqızıl” Dövlət Şirkəti ilə Amerikanın “P.V.İnvestment” Qrup Servisis LLS” Şirkəti arasında sazişin imzalanması mərasimində ümummilli lider Heydər Əliyev “Biz bir çox başqa yeraltı sərvətlərə də malikik. Məlumdur ki, Azərbaycanın zəngin dəmir filizi, alunit, Filizçayda qurğuşun və sink yataqları, eyni zamanda zəngin qızıl, mis və gümüş yataqları var. Biz bu sərvətdən də səmərəli istifadə etməliyik”  deməklə müstəqil Azərbaycanda dağ – mədən sənayesinin inkişafına alternativin olmadığını qəti şəkildə bildirmişdir.

Qeyri – neft sektorunun əsas perspektivli istiqaməti kimi bu sahə ciddi diqqət tələb edir. Birmənalı şəkildə qeyd etmək olar ki, lazımi strukturları yaratmaqla, tələb olunan investisiyanı yatırmaqla bu sahəni respublikanın büdcəsinin formalaşmasında, insanların maddi – rifah halının daha da yaxşılaşmasında ciddi rol oynayan strukturlardan birinə çevirmək olar. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında imzaladığı Sərəncam yeni hədəfləri müəyyən etdi. Sərəncamda qeyd olunur ki, Səhmləri dövlətə məxsus olan Azərbaycan Polad İstehsalı Kompleksi yaradılsın. Bu, Azərbaycanda dağ – mədən sənayesinin inkişafının qarşısıalınmaz bir proses olduğunu və 2014 – cü ildə də bu istiqamətə xüsusi diqqət ayrılacağını təsdiq edir.

Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident cənab İlham Əliyev yekun nitqində bildirdi ki, “2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bu, çox perspektivli bir sahədir. Xüsusilə nəzərə alsaq ki, metallurgiya sənayesinin inkişafı üçün bizdə kifayət qədər yerli xammal, təbii resurslar vardır. Müasir metallurgiya kombinatının tikintisi əlbəttə ki, çox böyük bir nailiyyət olacaqdır. Hesab edirəm ki, bu il bu sahəyə xüsusi diqqət göstərilməlidir”.

Qeyd etmək lazımdır ki, 2013 – cü il dağ – mədən sənayesinin inkişafı ilə də yaddaqalan olub. Qeyd olunan sənaye sahəsinə yeni texnika və texnologiyaların tətbiqi, mədən kəşfiyyat işlərinin sürətlənməsi, yeni ehtiyatların kəşf olunması ilə uğurlu olub. 2013 – cü ildə növbəti qızıl zavodunun fəaliyyətə başlaması, Gəncə alüminium zavodunun müasir texnologiyalarla təmin edilərək dünya standartlarına uyğun şəkildə yenidən işə düşməsi bu sənaye sahəsinin digər sahələrinin də inkişaf edəcəyini qəti şəkildə təsdiq edir.

21 yanvar 2014-cü ildə Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində “DET-AL Alüminium” MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının açılışında iştirak etmişdir.

Gəncədə poladəritmə kompleksinin tikintisi layihəsi çərçivəsində də bir sıra işlər görülüb. Belə ki, poladəritmə kompleksinin inşa ediləcəyi sahədə  qazma işləri həyata keçirilib və ərazi tikinti prosesinin başlanması üçün hazır vəziyyətə gətirilib.

 Gəncədə poladtökmə zavodunun layihələndirmə işləri həyata keçirilib, dəmir filizini zənginləşdirmə, pelet və ardıcıl reduksiya zavodlarından ibarət olan "DET AL" inteqrallaşdırılmış polad layihəsinin inkişaf etdirilməsi istiqamətində layihələndirmə işləri yerinə yetirilib. Burada pelet zavodunun tikintisi işləri davam etdiriləcək, martda istehsal gücü 850 min ton olan yeni "DRI" zavodunun tikintisinə başlanacaq. Bundan başqa, martda istehsal gücü 750 min ton olan yeni polad zavodunun tikintisinə başlanacaq. 2014-cü ildə yeni "DRI" zavodunun tikintisi başa çatdırılacaq, polad zavodunun tikintisi davam etdiriləcək. 2016-cı ildə isə Gəncədə yeni polad zavodunun tikintisi başa çatdırılacaq. İstehsal olunan məhsullara beynəlxalq sertifikatlar alınacaq. 2012-2016-cı illərdə həyata keçirilən layihəyə 630 milyon dollar investisiya qoyulacaq, işçilərin sayı 3 min 800 nəfərə çatdırılacaq.

Məlum olduğu kimi, Prezident İlham Əliyev 2014 – cü ili Sənaye ili elan etdi. Qeyd etdiyimiz faktlar bu Sərəncamın cənab prezident tərəfindən çox düşünülərək atılan bir addım olduğunu sübut edir.   

Prezident İlham Əliyevin 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi” haqqında Sərəncamına əsasən bu zavodların fəaliyyəti ölkə iqtisadiyyatının sənayeləşdirilməsinin sürətləndirilməsi, yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi, rəqabətqabiliyyətli müasir və prioritet istehsal sahələrinin yaradılması sənayenin innovasiyalar əsasında inkişafının və yeni iş yerlərinin açılmasının təmin olunmasına xidmət edəcək.

“Azərbaycanda qızıl hasilatı ilə məşğul olan «Anglo-Asian Mining plc.» şirkəti (Böyük Britaniya) ölkənin qərbində «Gədəbəy» qızıl mədənində apardığı qazma işləri proqramının ilkin nəticələrini açıqlayıb.

Britaniya şirkəti Gədəbəy rayonunda yerləşən bu yataqda yüksək əyarlı qızıl sahəsinin aşkar edildiyini bildirib. Şirkətin icraçı direktoru Rza Vəziri bununla bağlı bildirib ki, aşkar edilmiş ehtiyatlar «Gədəbəy»in daha geniş minerallaşma sisteminin bir parçası olduğu nəzəriyyəsini təsdiqləyir”.

Qeyd etmək lazımdır ki, hazırda respublikada biri tam gücü ilə olmaqla, digərində isə tamamlama işləri aparılmaqla iki sement zavodu fəaliyyət göstərir və birinin də işə düşməsi planlaşdırılır. Müasir texnologiyalarla tikinti materialları istehsal edən zavod işə düşüb və gələcəkdə belə zavodlardan bir neçəsinin də tikilməsi nəzərdə tutulur.

Bütün bu faktlar Azərbaycan Respublikasında dağ mədən sənayesinin inkişafını qaçılmaz edir. Hazırda fəaliyyət göstərən və gələcəkdə işə düşməsi nəzərdə tutulan zavodların tam gücü ilə fəaliyyət göstərməsi üçün müstəqil Azərbaycan dağ – mədən sənayesinin dünya standartları səviyyəsində inkişafı qaçılmazdır. Çünki bu zavodları lazımi xammalla təmin etmək məhz dağ – mədən sənayesinin həll edəcəyi məsələdir. Bundan əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, Azərbaycanın təbii sərvətləri buna tam imkan verir və Azərbaycanın yaxın gələcəkdə dağ – mədən sənayesi məhsullarının aktiv ixracatcısına çevrilməsi artıq günün tələbinə çevrilməkdədir.

Professor Əli Həsənov “Azərbaycanın enerji təminatı və təhlükəsizliyi siyasəti” məqaləsində qeyd edir: “Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin  əsas təminatlarından birini yaradır”.

Heç bir mübaliğəyə yol vermədən demək olar ki, Azərbaycanın iqtisadi potensialı buna tam imkan verir./Kaspi.az/ 


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.4956 san