15:22 07 Avqust 2015
6084 dəfə oxunub
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

Müasir dövrdə müstəqiliyini bərpa etmiş, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunu həyata keçirən Azərbaycanda vaxtaşırı diqqət mərkəzinə gətirilən və müzakirə edilən məsələləırdən biri bu quruculuğun qanunauyğunluqları, onun tarixin özünün obyektiv inkişafından irəli gəlməsi məsələsidir. Nə qədər acı olsa da, bu bir həqiqətdir ki,biz hər addımda beynəlxalq münasibətlər müstəvisində qərəzli münasibətlə üzləşməli oluruq. Suveren dövlət üçün təbii olan haqlarmızı müəyyən çətinliklə sübut etməyə məcbur oluruq.Xüsusən son dövrlərdə Azərbaycan dünyada həyatın bütün sahələrində öz yerini möhkəmləndirdikcə onun uğurları dünya dövlətlərinin bir çoxunda qısqanclıqla qarşılanır, ona qarşı ən müxtəlif xarakterli təzyiqlər, şər-böhtan kampaniyaları bir-birini əvəz edir.
Ümumiyyətlə, tarixin müxtəlif dövrlərində, xüsusən də, son yüzillik ərzində gənc dövlətlərin dünyanın hegemon dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları tərəfindən tanınması, onların hüquq və maraqları ilə hesablaşılması məsələsində daim problemlər ortaya çıxır. Bu problemlər hansı səbəblərdən qaynaqlanır? Doğrudanmı yeni dövlətlərin çətinliklərinin və zəifliklərinin kökündə onları yaradan xalqların dövlətə malik olmaq qabiliyyətinin zəifliyi, dövlətçilik ənənəsinin kasadlığı dayanır. Şübhəsiz, müxtəlif konkret hallarda sadalanan səbəblərin hər biri tutarlı təsirə malik amil ola bilər. Lakin bütün hallarda bu konkret situasiyanın və halların hər birinə fərdi yanaşma tələb olunur. Bizim burada araşdırmaq istədiyimiz məsələ Azərbaycanın müasir demokratik dövlət yaratmaq tarixi, onun tarixi kökləri və ənənələri ilə bağlıdır.
Son vaxtlar Azərbaycanın saxtalaşdırmalara məruz qaldığı məsələlərdən biri onun dövlətçilik ənənələrinin olması, bu xalqın idarəetmə mədəniyyətinin səviyyəsidir. Müasir zamanda onun dövlət quruculuğu haqqında irəli sürülən əsassız iradlar, siyasi ənənələrinə və dövlətçilik tarixinə yonələn inamsızlıq reallıqlardan daha çox qərəzli maraqlara söykənir. Daha düzgünü odur ki, Azərbaycanda dövlət quruculuğu ilə bağlı reallıqlar onların planlarına, maraqlarına və iddialarına uyğun gəlmir.
Beynəlxalq aləmdə gedən qlobal geosiyasi mübarizə, rəqabət şəraitində maraqlar həqiqətlərdən daha çox təsir edir, dövlətlərin bu və ya digər prosesə, reallığa münasibətini müəyyənləşdirir. Demokratik dəyərlər isə onların çoxu üçün bu hallarda öz qərəzli münasibətlərini ört-basdır etmək üçün vasitə kimi istifadə olunur. Buna görə də hər bir dövlətin haqqının dünya müqyasında təsdiqinə, tanınmasına asanlıqla nail olmağa ümid etmək sadəlövhlük olardı. Müstəqil dövlət kimi formalaşmağın, dünyada öz layiqli yüksək yerini tutmağın, öz sözünə malik olmağın vacib şərtlərindən biri bu hüququ və haqqı sübut etmək gücünə, iradəsinə və qabiliyyətinə malik olmaqdır. Bu isə gərgin əmək, məqsədyönlü fəaliyyət, möhkəm mövqe və güclü iradə tələb edir.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın həyatında bu an təsadüfi deyildi. Öz müstəqilliyinə yenidən qovuşması və demokratik dövlət quruculuğunda uğurlu addımlar atması onun çoxminillik ictimai-iqtisadi, siyasi və mədəni inkişaf tarixindən qaynaqlanır. SSRİ-nin dağılması anında müstəqil Azərbaycan dövlətinin yaranması həmin tarixi dövlətçilik ənənəsinə köklənmişdi.(1) Təsadüfi deyildi ki, hələ 1918-ci ildə müstəqillik şansı əldə edərkən Azərbaycanın birmənalı şəkildə mühafizəkar - monarxist quruluşlardan imtina edərək, müasir demokratik dövlət quruluşu yolunu seçməsi və bundan sonra da bu ənənəyə sadiq qalması onun zəngin dövlətcilik ənənəsindən, demokratik ruhundan, müasir siyasi düşüncəsindən xəbər verirdi
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə diqqət yetirəndə bu meylin təsadüfi olmadığını, demokratik dövlətçiliyin Azərbaycanda dirçəlməsinin və inkişafının qanunauyğunluğunu görməmək mümkün deyildir.
Qeyd olunduğu kimi, Azərbaycan dövləti özünün qədim dövlətçilik ənənələri üzərində dayanır. Öz başlanğıcını eradan neçə min il əvvəl təşəkkül tapmış qədim dövlətlərdən götürən Azərbaycan elə o vaxtlarda bir-birini zaman-zaman əvəz etmiş çoxsaylı dövlətlərin təşəkkül tapdığı ərazi olmuşdur. Bu ərazidə ən qədim insanların məskən salması, tarixin ənqədin mərhələlərinə aid dərin iz qoyması tarixdən xəbəri olan hər kəsə məlumdur, Düşünürəm ki, bu məsələlərin üzərində çox dayanmağa ehtiyac olmasa da, həmin amillərin zəngin siyasi idarəçilik mədəniyyətinin formalaşmasında böyük rolunu bir daha diqqətə çatdırmaq vacibdir. (2; 3)
Məlum olduğu kimi, Azərbaycan dövlət müstəqilliyini XIX əsrin əvvəllərində itirmişdi. Hələ XVIII əsrin ortalarından dərin siyasi böhran keçirən Azərbaycan dövləti xırda dövlətlərə parçalanmışdır.Tarixin müxtəlif dövrlərində əksər dövlətlərin məruz qaldığı feodal pərakəndəliyi bəlası Azərbaycana XVIII əsrin ortalarında gəlib çıxmışdır. Nəticədə ölkə özünün müqavimət gücünü itirmiş, XIX əsrin əvvəllərində güclü qonşuları tərəfindən işğal olunaraq bölüşdürülmüş, dövlət suverenliyindən məhrum edilmişdi. Yaşanan ictimai-iqtisadi və siyasi böhran ölkəyə ağır başa gəlmiş, yüzilliklərlə qazandığı nailiyyətlərinin itirilməsinə, dövlətçilik dəyərlərinin zəiflədilməsinə, siyasi iradəsinin buxovlanmasına gətirib çıxarmışdır. Bu tarixi faktlardan çıxış edən müasir opponentlər Azərbaycan xalqının siyasi iradəsinin zəifliyi fikrini təlqin edir, onun dövlət yaratmaq qabiliyyətini şübhə altına almağa çalışırlar. Əslində isə onlar Azərbaycanda bu keyfiyyətlərin yoxluğuna nəinki heç vaxt inanmamışlar, əksinə, həm tarixin əvvəlki dövrlərində, həm də müasir dövrdə bu keyfiyyətlərin parlaq şəkildə üzə çıxmasına və təzahürünə mane olmağa çalışmış, buna mane olmaq üçün çoxlu qüvvə və vəsait sərf etmişdilər.
İki yerə parçalanaraq Rusiya və İran dövlətləri tərkibinə qatılan Azərbaycanda hakim dövlətlərin hər ikisinin səyləri onun siyasi iradəsini məhv etməyə, əhalini itaətkar kütləyə çevirməyə, elitar təbəqəni nüfuzdan salaraq hüquqlarını məhdudlaşdırmağa istiqamətlənmişdi. Bu iki dövlətin hər birində Azərbaycanın inkişafı, mübarizəsi, öz ənənələrini yaşatması və zaman-zaman büruzə verməsi özünəməxsus xüsusiyyətlərə malikdir və başqa bir geniş tədqiqatın mövzusudur. Bu məqalədə isə diqqət obyekti Rusiya tərkibinə qatılmış, buna görə də Qərb dəyərləri və düşüncəsinə yaxın bir mühitdə inkişafını davam etdirən Şimali Azərbaycanın keçdiyi yoldur.
Şimali Azərbaycanın işğalının ilk addımlarından müstəmləkə rejiminin gücünün yönəldildiyi məqsədlərdən biri yerli dövlətçiliyin məhvi, onun bütün əlamətlərinin sıxışdırılaraq, aradan qaldırılması idi. Hələ torpaqların bir-birinin ardınca, hissə-hissə Rusiyaya birləşdirildiyi zaman xanlıqların hakim təbəqəsi, xanın özü də daxil olmaqla müxtəlif bəhanələrlə hakimiyyəttdən uzaqlaşdırılır, səlahiyyətləri tədricən əllərindən alınırdı. Rusiya hərbi hakimiyyətinə müqavimət göstərənlər dərhal məhv edilir, hakimiyyətdən və mülkiyyətdən, zadəgan statuslarından məhrum edilirdilər. Rusiyanın iradəsinə tabe olanların da taleyi onlarınkından yaxşı olmurdu. Sadəcə olaraq onlar tədricən nüfuzlarını, mülkiyyətlərini, mənsəblərini itirirdilər, Təsadüfi deyildir ki, kobud hərbi-müstəmləkə xarakterli komendant üsul-idarəsi 1803-cü ildən başlayaraq 1840-cı ildə ləğv olunduğu günə qədər hakim rejim kimi bütün Cənubi Qafqazda oturuşmuş, müstəmləkəçi dövlətin buradakı əhaliyə münasibətdə istəklərini və səylərini reallaşdırmışdır. Müsəlman zadəgan təbəqəsinin hakimiyyətdən və mülkiyyətdən məhrum edilməsi, hərbi-işğal rejiminin yaradılması, müsəlman əhalisi içərisində xristian əhalinin yerləşdirilməsi yolu ilə hakimiyyətin etnik-dini dayaqlarının yaradılması, yerli əhaliyə divan tutulması bu siyasətin istiqamətləri idi. Lakin bu siyasət asanlıqla həyata keçmirdi. Əhali onu güclü müqavimətlə qarşılayır, hətta üsyanlara qalxırdı. Bu üsyanlar və müqavimət hərəkatlarının qarşısı amansızlıqla alınsa da, hən imperiya hakimiyyəti, həm də üsyançıların özü üçün əhalinin möhkəm iradəsini və müstəqillik əzmini nümayiş etdirir, onlara münasibətdə aparılan kobud müstəmləkə siyasətinin iflasının labüdlüyünü nümayiş etdirirdi. Məhz bu reallığın ortalığa qoyulması sayəsində hakimiyyət onunla hesablaşmağa məcbur olur, öz siyasətində müəyyən yumşaldıcı dəyişikliklərə gedirdi.
Azərbaycanın yüksək ictimai-iqtisadi və mədəni inkişaf səviyyəsi onun həmin dövr üçün potensialının göstəricisi idi. Düzdür, məhz XIX əsrdə Şimali Azərbaycanın Rusiyaya qatılması onun qabaqcıl Avropa-Qərb məkanına inteqrasiyası üçün imkan yaratdı. Onun ərazisini öz tərkibinə qatmış Rusiyanın hakim dairələrinin istəyindən asılı olmayaraq, yeni şəraitdə Azərbaycanın inkişafı onun özünün ictimai-iqtisadi və mədəni potensialından daha çox asılı idi. Rusiya dövlətinin özünün və onun işgüzar hakim təbəqəsinin iqtisadi maraqları çox zaman imperiyanın siyasi maraqlarının ziddinə olaraq regionda iqtisadi inkişafın genişlənməsinə kömək edirdi. İqtisadiyyatın müxtəlif sahələrində mövcud səviyyə gec-tez öz yerini tuturdu. Yenilənən isə Rusiyanın özü ilə yanaşı Azərbaycanın da Qərb ictimai- iqtisadi, siyasi və mədəni məkanına cəlb olunması, o məkanın dəyərlərinin, münasibətlər sisteminin və düşüncə tərzinin burada kök salmasında idi. Belə bir şəraitdə Azərbaycanın tarix boyu qazandığı dövlətçilik ənənəsi, ictimai-iqtisadi, mədəni inkişaf səviyyəsi yeni mühitin oturuşması üçün möhkəm zəmin olurdu. Bu anda obyektiv reallıqlar və cəmiyyətin subyektiv imkanları bu cəmiyyətin həmin məqam üçün yetişməsini təmin edirdi.
XIX əsrin 40-cı illərində keçirilən inzibati-məhkəmə islahatları, aqrar-kəndli islahatları Azərbaycan cəmiyyətinin hüquqlarında cüzi dəyişikliklər etsə də, onun iqtisadi, ictimai, siyasi haqqının qismən tanınması, bir sıra fundamental haqlarının tanınması və cüzi də olsa, təsdiq edilməsi idi. Bu proses Şimali Azərbaycanın Rusiya imperiyası tərkibində olduğu bütün müddət ərzində müşahidə edilir. Lakin yerli müsəlman əhalisinin haqqının təsdiqi prosesi həmişə böyük problemlər, çətinliklər, qısqanclıqlarla müşaiyət olunmuş, əksər hallarda yarımçıqlığı ilə seçilmişdir. Müsəlman əhalisi üçün məktəblərin açılmasına, yüksək səviyyəli təhsil almaq imkanlarına ciddi məhdudiyyətlərin qoyulması, müsəlmanların dövlət qulluğuna yaxın buraxılmaması, müsəlman zadəganlarının hüquqlarının həddən artıq məhdudlaşdırılması, müsəlman əhalinin hərbi xidmətə buraxılmaması, seçkili orqanlara seçilmək hüququnun məhdudlaşdırılması həmin məqsədlə edilirdi. Hələ 1840-cı ildə dövlət idarələrində çalışan xırda müsəlman məmurları işdən uzaqlaşdırılır və onların yerinə xristianlar qəbul edilir, 1846-cı il reskripti ilə müsəlman bəy və ağalarının hüquqları qismən bərpa olunsa da, çox zaman formal xarakter daşıyır və axıra kimi təmin olunmurdu.
1860-70-ci illərdə Rusiyada keçirilmiş mütərəqqi burjua islahatları ilk əvvəl müsəlman ucqarlarına şamil edilmir. Şamil edildikdən sonra isə kənd cəmiyyətlərinin idarə olunmasında , məhkəmələrə və şəhər dumalarında seçkilərdə müsəlmanların fəaliyyətinə ciddi əngəllər və qadağalar tətbiq olunur. Bütün bu qadağalar, ayrı seçkiliklər sadəcə yerli əhaliyə yuxarıdan-aşağı baxmaq, onlarla hakim millət arasında fərq qoymaq istəyindən irəli gəlmirdi. Bu həm də yerli müsəlman əhalinin dəyərincə qiymətləndirilərək onun ictimai-siyasi iradəsinin qarşısını almaq , fəallığına mane olmaq səylərinin göstəricisi idi.
Cənubi Qafqazın müsəlman əhalisinin hərbi xidmətdən təcrid edilməsində o məqsəd daha qabarıq şəkildə özünü göstərir. 1887-ci ildə Rusiya imperatorunun fərmanı ilə Rusiyanın müsəlman əhalisi, o cümlədən Cənubi Qafqazın müsəlman əhalisi üzərinə hərbi vergi qoyulur: onlar hərbi xidmət əvəzində vergi ödəyir, əsgəri xidmətə getmirdilər. Müsəlman balalarının hərbi xidmətdən imtina etməsi bəhanəsi ilə qoyulan bu qayda əslində onlara silah verməkdən qorxan müstəmləkə hakimiyyətinin ehtiyatlanmasından irəli gəlirdi. (4).
Azərbaycan ziyalılarına qoyulan məhdudiyyətlər bu əhali içərisində maarifin, elmin inkişafına əngəl törətməklə qabaqcıl ictimai fikirdən uzaq saxlamaq məqsədinə xidmət edirdi. Yerli əhali müasir tipli məktəblərə buraxılmır. Çox böyük çətinliklə həmin məktəblərə düşmüş və onları bitirmiş azərbaycanlıların isə öz biliklərini tətbiq etmək imkanları çox məhdud idi. Onların əksəriyyəti təhsilin növbəti mərhələlərinə düşə bilmirdilər.
Azərbaycanlılar XIX əsrin ikinci yarısından etibarən yaranmaqda olan seçkili idarəetmə orqanlarına buraxılmırdılar. Yeni məhkəmələrdə müsəlmanlar yox idi, şəhər dumalarına müsəlmanların seçilməsi qadağan edilmişdi.
Yerli idarəetmə srtukturlarında azərbaycanlı ziyalı ən yaxşı halda tərcüməci qismində işləyə bilərdi. Məhdudiyyətlər və qadağalar Azərbaycanın Rusiya imperiyası tərkibində olduğu bütün müddət ərzində mövcud olmuşdur. Qeyd olunduğu kimi Azərbaycanın işğalından və Rusiya imperiyası tərkibinə qatılmasından bu dövlətin iflasına qədərki dövrdə azərbaycanlı əhaliyə münasibətdə hakimiyyətin yeritdiyi ayrı-seçkilik siyasətinə, onun dirçəlməsinə mane olmaq istiqamətində ardıcıl, məqsədyönlü siyasətinin bir an belə zəiflədilməməsinə baxmayaraq Azərbaycan cəmiyyətində daim yüksələn, vaxtaşırı özünü göstərərək müstəmləkə hakimiyyətini özünün mövcudluğu ilə hesablaşmağa məcbur edən tendensiyası müşahidə edilirdi. Əksər hallarda ictimai həyatın bu və ya digər sahəsində qoyulmuş qadağalar yumşaldılır. Azərbaycan ziyalılarına, müsəlman zadəganlarına münasibətdə qəbul edilmiş sərt qərarlardan imtina edilir. Düzdür, bu düzəlişlər və yumşalmalar yarımçıq, deklorativ, formal xarakter daşıyırdı. Lakin əksər hallarda sərt siyasətdə geriyə atılmış addımlar hakimiyyətin görmək istəmədiyi reallığı etiraf etməsi demək idi.
İlk əvvəl, dövlət quruculuğu və idarəetmə sisteminin təkamülünü izləmək olar. XIX əsrin əvvəllərində əksər əhalisi müsəlman azərbaycanlılardan ibarət olan Cənubi Qafqazda kobud müstəmləkə üsul-idarəsi – komendant idarə sistemi tətbiq edilir. Rusiyaya birləşdirilən anda vassal asılılığını nisbətən müqavimətsiz qəbul edən xanlıqların hakim təbəqəsi üçün saxlanılan güzəştlər, xüsusən də, daxili idarəetmədə sərbəstlik hüququ çox tezliklə unudulur. Xanlara, bəylərə, ağalara verilmiş güzəştlər müxtəlif bəhanələrlə günbəgün daraldılaraq minimuma çatdırılır. Xanlıqların yerində yaradılmış əyalətlərin başında duran hərbçilərə - komendantlara hədsiz səlahiyyətlər verilir. Onları xanlardan fərqləndirən cəhət ölüm hökmü vermək hüququnun olmaması idi ki, onu da komendantlar qeyri-rəsmi qaydada asanlıqla poza bilirdilər.
Azərbaycan cəmiyyətinin müqaviməti imperiya hakimiyyətini bu üsul-idarədən imtina etməyə məcbur etdi. 1840-cı ildə keçirilən məhkəmə-inzibati islahatı ilə komendant üsul-idarəsi mülkü idarəçiliklə əvəz edildi. Növbəti islahatlarla azərbaycanlı müsəlman zadəganlarının hüquqları qismən geri qaytarılır. Düzdür, bu dəyişikliklər müstəmləkə asılılığı sisteminin mahiyyətini, eləcə də işğalçı hakimiyyətin əsl maraqlarını dəyişmir. İdarəetmə sistemində və ictimai həyatın digər sahələrində edilən bu manevrlər Rusiya imperiyasının buradakı hökmranlığını əbədiləşdirməyə xidmət edirdi. Lakin regionun əhalisinin malik olduğu ictimai-iqtisadi, siyasi və mədəni potensialı onu tamamilə məhv etməyə, milli dövlətçilik potensialının yenidən dirçəlməsinə və yetkinləşməsinə mane ola bilmir. Bu məsələyə bilavasitə təsir edən bir sıra amilləri qeyd etmək vacibdir.(5)
Çoxsaylı xalqları öz sərhədlərində birləşdirən Rusiya imperiyasının özündə gedən proseslər də deyilən məsələlərə təsir edirdi. XIX əsrin ikinci yarısında təhkimçilik hüququnun ləğvi, idarəçiliyin müxtəlif sahələrində mütərəqqi islahatların keçirilməsi, rus ictimai fikrində və ictimai-siyasi həyatında gedən mütərəqqi proseslər Azərbaycan cəmiyyətindən də yan keçmirdi. Bu məsələlər Azərbaycan cəmiyyətində demokratik düşüncənin formalaşmasına, azadlığa və dövlət müstəqilliyinə yönəlmiş hərəkatın təşəkkülünə əlverişli mühit formalaşmasına kömək edirdi.
XIX əsrdə Şimali Azərbaycanda ziyalıların həyat və düşüncəsində baş verən dəyişikliklərdə bu xalqın elmi-mədəni və ictimai-siyasi potensialı özünü qabarıq şəkildə büruzə verir. Təhsil sahəsində mövcud olan boşluqlara və məhdudiyyətlərə baxmayaraq elmin, ədəbiyyatın və mədəniyyətin müxtəlif sahələrində özünün sözünə və sanbalına malik şəxsiyyətlərin yetişməsi də onun yüksək potensialından, zəngin ənənəsindən xəbər verirdi. Qərb standartlarına uyğun elmi əsərlərin, bədii ədəbiyyat əsəsrlərinin yaranması, bu sahələrdə Qərb standartlarına münasib nəticələrin ortalığa qoyulması təsadüfi hal ola bilməzdi. Azərbaycanın elmi və ədəbi inkişafı kifayət qədər zəngin bir mədəni irsin təməlində dayanır və unikal nəticələr göstərirdi. Artıq XIX əsrin ortalarında yetişən, elmin, ədəbiyyatın və mədəniyyətin müxtəlif sahələrində söz sahibi olan ziyalılar Azərbaycanda yeni ictimai-siyasi hərəkatın daşıyıcıları oldular.
XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Azərbaycanda güclü ictimai fikir cərəyanı təşəkkül tapır. Qoyulan qadağalara və məhdudiyyətlərə baxmayaraq Azərbaycanin ictimai-siyasi elitası təşəkkül tapır. Onlar artıq XX əsrin əvvəllərində siyasi hərəkatda öz sözlərini deməyə başlayır, təşkilatlanaraq əhalini öz arxalarınca aparmağa başlayırlar. Əgər XIX əsrin ikinci yarısında onlar əsasən ədəbiyyatda, mədəniyyətdə, maarifçilikdə addımlarını atır, ictimai fikrin formalaşmasında işlər görürdülərsə, artıq yeni əstin əvvəlində ictimai-siyasi həyatın güclü subyektinə çevrilirlər. Bu zaman onlar təkcə Azərbaycanın deyil bütün türk və müsəlman dünyasının qabaqcıl aparıcılarına çevrilirlər. (6)
Ümumiyyətlə, hazırda ictimai elmlərdə dərin kök salmış metodologiya tarixin müxtəlif dövrlərində baş vermiş hadisə və proseslərin araşdırılması və dəyərləndirilməsinə öz mənfi təsirini göstərməkdədir. Çox hallarda köhnə yanaşmadan uzaqlaşmaq istəsək də, ondan çox da uzaqlaşmaq mümkün olmur. Görünür köhnə və özünü doğrultmamış stereotiplərdən azad olmağın özü də müəyyən zaman tələb edir.
Bu sterotiplər təkcə köhnəlmiş, özünü doğrultmamış metodologiyalardan və fəlsəfi platformalardan irəli gəlmir. Burada hegemon ideologiyaların və qlobal maraqların təsiri altında formalaşdırılmış miflərin, yanlış təsəvvürlərin də təsiri kifayət qədər böyükdür. Elə bu günün özündə də, müstəqilliyini bərpa və təsdiq etmiş dövlətlərin suverenlik haqları şübhə altına alınırsa, onların halal haqlarını təsdiq etməyə çoxlu güc və enerji sərf etməyə ehtiyac olursa, deməli köhnə taktika,yeridilən siyasətin mahiyyəti dəyişməz qalır.
Azərbaycan dövlətçilik potensialının yeni dövrdə birinci təzahürü Rusiya imperiyasının süqutu məqamında baş verir. Hələ o vaxta qədər Azərbaycanda ictimai-ciyasi fikir cərəyanının yüksəlişi praktik həyatda da ifadə olunmağa başlayırdı. Həmin ideyalar kiçik qruplar çərçivəsindən çıxaraq kütləviləşir və ətrafında cəmiyyətin ən geniş təbəqələrini birləşdirir. Bir birinin ardınca demokratik ruhlu mətbu orqanların fəaliyyətə başlaması, onların güclü ideya tribunasına çevrilməsi Azərbaycanda demokratik hərəkatın yetkinləşməsinə təkan verir. Bu hərəkatın ruhuna və məqsədlərinə uyğun siyasi partiyalar, ictimai birliklər formalaşır. XX əsrin əvvəllərində ictimai-siyasi hərəkat sferasında gedən proseslər inqilabi çevrilişlər anına milli hərəkatı demək olar ki, tamamilə yetişdirmişdi. Azərbaycanın formalaşdırdığı bu hərəkat ölkə çərçivəsində məhdudlaşmır, bütün müsəlman və türk dünyası üçün hərəkətverici mərkəz rolunu oynayırdı. (7)
1917-ci ildə Rusiyada baş verən müxtəlif xarakterli inqilablar və siyasi çevrilişlər şəraitində fəaliyyət göstərən milli ictimai hərəkat, milli partiyalar və ictimai təşkilatlar həmin məqamda daha yetkin bir inkişaf yolu keçir. Məqsəd və məramlar dəqiqləşdirilir, milli hərəkatın liderlərinintəhlillərində və hazırladıqları fəaliyyət proqramlarında ciddi düzəlişlər edilir. 1917-ci il ərzində Azərbaycan üçün muxtariyyət qazanmaq iddiası ilə çıxış edən milli partiyalar son nəticədə mövcud vəziyyətdən çıxış edərək müstəqillik tələbini qoyurlar. Artıq 1918-ci ilin mayında müstəqilliyin elan edilməsi onlar üçün gözlənilməz deyildi. Müsəlman Şərqində ilk demokratik dövlər olan xalq cumhuriyyətinin əsası Azərbaycanda qoyulur. Bəzi tədqiqatçıların qərəzli fikirlərinin ziddinə olaraq bu dövlətin yaranması tarixi inkişafın öz məntiqindən doğan bir reallıq idi. Lakin hazırkı dövrdə Azərbaycanıistəməyən qüvvələr onun uğurlarına kölgə salmağa çalışırlar. Məsələnin kökündə isə, göründüyü kimi, həmin dövlətlərin və siyasi qüvvələrin siyasi ambisiyaları, geosiyasi maraqları dayanır. (8)
Dövlətcilik iradəsinin ciddiliyini və yetkinliyini sübut edən amillər Azərbaycan Xalq Cumhuriyyətinin mövcud olduğu dövrdə dövlət quruculuğu, mükəmməl vətəndaş cəmiyyətini formalaşdırmasısahəsində həyata keçirdiyi işlər, tarixdə qoyduğu izlərdir. Düzdür, bir sıra mühüm obyektiv və subyektiv səbəblər üzündən Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay yaşadı. Lakin bu dövlətin süqutunun əsas səbəbi onun yaşamağa qadir olmaması deyildi. Həmin dövrün reallığı şəraitində bundan artığını etmək mümkün deyildi. Azərbaycandan qat-qat güclü olan, daha artıq imkana və dəstəyə malik olan dövlətlər də əvvəl-ağır məğlub edilərək köhnə imperiyanı yeni təzahürü olan sovetlər dövlətinin hüdudlarına qaytarıldılar. O zamanki tarixin hökmü bu idi, Həmin xalqların yenidən müstəqilliyə qayıtması və suverenliyini qazanaraq təsdiq etməsi üçün, görünür, zaman tələb olunurdu.(9; 10;)
Dövlətçilik potensialının mühüm göstəricilərindən biri də Azərbaycanın dövlət müstəqilliyini faktik olaraq itirməsibnə baxmayaraq, onun formal da olsa, saxlanması idi. Qeyd edək ki, bu təkcə Azərbaycana aid keyfiyyət deyildi. Sovet dövləti hər vasitə ilə Sovetlər çərçivəsində yaşayan xalqların müstəqil dövlət qurumu kimi təmsil olmaq imkanını kölgələsələr də, onu tam itirmək mümkün olmur. Bu siyasət müsəlman –türk xalqlarına münasibətdə özünü daha qabarıq şəkildə büruzə verirdi. Azərbaycanın hətta müttəfiq respublika hüququnda SSRİ tərkibinə daxil olmasını əngəlləmək üçün Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası yaradılması oyunu düşünülmüşdü. Azərbaycan sosial, iqtisadi potensialına görə qat-qat aşağı olan Gürcüstan və Ermənistanla bir fedarasiyaya salınaraq SSRİ-yə daxil edilmişdi. Bunula da, SSRİ-nin subyektlərində biri olmaq şansı da müsəlman-türk respublikası olan Azərbaycanın əlindən alınmışdı. Orta Asiyanın Müsəlman-türk xalqları isə bundan da aşağı səviyyədə dovlətçilikdə təmsil edilmişdilər. Onlar Türküstan muxtar ərazisi olaraq RSFSR tərkibində birləşdirilmişdilər.
Lakin bu vəziyyəti Sovet dövləti qoruyub saxlaya bilmir. Tarixi reallıq onu əvvəlki yanaşmadan imtina etməyə məcbur edir. Azərbaycan SSR və Orta Asiyanın müsəlman respublikaları tədricən öz minimum statuslarını aılaraq sovet sosialist respublikası hüququnda SSRİ-nin subyekti statusunu alırlar. 1936-cı il konstitusiyası bu statusu təsdiq edir.(11). Sovet dövləti ölkənin milli tərkibində və quruluşunda ciddi dəyişikliklər etməyə cəhd edir. Ölkə əhalisinin “sovet xalqı” adı altında birləşdirilməsinə və xalqların onun içərisində assimilyasiyasına edilən uğursuz cəhdin məqsədlərindən biri də məhz bu nəhəng dövlətin və sovet cəmiyyətinin əbədiləşdirilməsi idi. Lakin tarixi reallıq və bu cəmiyyətin içərisində ictimai həyatın bütün sahələrini əhatə edən təbii proseslər kommunist rejimin arzularına və planlarına uyğun deyildi. SSRİ-də milli məsələnin həlli haqqında kommunist postulatının əksinə olaraq mövcud ziddiyyətlər, potensial qarşıdurmalar özünü tez-tez göstərirdi. Xüsusən Sovet dövləti özünün böhranlı mərhələsinə daxil olduğu anda onu təşkil edən xalqların fərdi keyfiyyətləri və cəhdləri qabarıq şəkildə ön plana çıxır. Məhz bu anda onların dövlətçilik potensialı vacib əlamət kimi öz rolunu oynayır.
18 oktyabr 1991-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktı” uzunəsrlik bir prosesə yekun vurur: “1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi”(12).Azərbaycanın dövlətinin müstəqilliyinin bərpası tarixi inkişafın məntiqi nəticəsi olmaqla, əzablı bir yolda özünü təsdiq etmişdir. Onun qarşısında nə qədər süni sədlər və əngəllər yaradılsa da, xalq öz dövlət müstəqilliyini əldə edərək açıq mübarizə şəraitində qoruyub saxlamışdır. Bu uğur Azərbaycanın tarix boyu qazanmış olduğu haqqının reallaşması idi. Müxtəlif xarakterli təzyiqlərə, məhrumiyyətlərə, qərəzli münasibətə, hərbi təcavüzə, daxili və xarici təxribatlara məruz qalsa da möhkəm tarixi təməl üzərində qurulan Azərbaycan dövləti yaşamaq hüququnu dəfələrlə sübut etmiş, müasir dövrdə regionun və dünyanın tam hüquqlu və mühüm dövlətlərindən biri olduğunu təsdiq etmişdir.

 

ƏDƏBİYYAT:

1. Азербайджанская Демократическая Республика. Сборник статей. М., 2008.
2. Azərbaycan tarixi. Ən qədim zamanlardan XX əsrədək. Z.M. Bünyadov və Y.V.Yusifovun redaktəsi ilə. Bakı, 1994.
3. Azərbaycan tarixi. Yeddi cilddə. Bakı, 1998-2003.
4. http://www.ngpedia.ru/id174357p1.html
5. Мильман А.Ш. Политический строй Азербайджана в XIX - начале XX века (административный аппарат и суд, формы и методы лониальногоуправления). Баку, 1976.
6. Балаев А. Азербайджанское национальное движение в 1917-1918 гг. Баку,1998.с.21-27
7. Seyidzadə D. Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar. Bakı, 2004.
8. Волхонский М. Муханов В. По следам Азербайджанской Демократической Республики. М., 2007.
9. Məmmədzadə M. B. Milli Azərbaycan hərəkatı. Bakı, 1992.
10. Rəsulzadə M. Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990.
11. Ю.С.Кукушкин, О.И.Чистяков. Очерк истории Советской Конституции. М., Политиздат, 1987. C.288
12. http://files.preslib.az/projects/republic/az/azr4_2.pdf

Geostrategiya" jurnalı № 03 (27) MAY-İYUN 2015


Müəllifin digər yazıları

  1. YENİDƏNQURMA DÖVRÜNDƏ SSRİ-də ALKOQOLİZMƏ QARŞI MÜBARİZƏ VƏ ONUN NƏTİCƏLƏRİ HAQQINDA
  2. Qarabağ münaqişəsinin nizamlanmasının başlıca maneələrindən biri mövcud status-kvodur
  3. AZƏRBAYCANLI “ZİYALININ” ERMƏNİSAYAĞI GEDİŞLƏRİ
  4. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik tarixində
  5. Ermənistanda dəyişikliklər nə vəd edir?
  6. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən
  7. 2017-ci il: gözləntilər və nəticələr
  8. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  9. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  10. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  11. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  12. AZƏRBAYCAN RESPUBLİKASI 25
  13. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  14. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  15. Qarabağ problemi son hadisələr işığında
  16. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  17. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  18. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  19. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  20. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  21. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  22. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  23. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  24. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  25. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  26. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  27. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  28. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  29. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  30. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  31. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  32. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9239 san