11:23 14 Sentyabr 2015
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

XX əsrin axırlarında Azərbaycanın müstəqilliyinin bərpa edilməsi şərəfli və qürur mənbəyi olmaqla yanaşı, onun qarşısında nəhəng vəzifələr qoyan çətin və məsuliyyətli bir dövrün başlanması demək idi. Xalqın müstəqilliyi ilə barışa bilməyən qüvvələrin müqavimətini qısa bir müddətdə qırmaq, erməni təcavüzünün qarşısını
almaq, ölkə daxilində sabitliyi bərqərar etmək, beynəlxalq aləmdə təklənmiş Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq və digər problemlərin həlli ilə yanaşı, işlək mexanizmlərə malik demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğuna başlamaq kimi vəzifələrin yerinə yetirilməsi tələb olunurdu. Müstəqillik qazanmış Azərbaycanın milli və ümumbəşəri dəyərlərə əsaslanan demokratik cəmiyyət quruculuğu yolunu tutması təsadüfi deyildi.
Azərbaycanda milli demokratik hərəkatın yüz ildən artıq bir tarixi vardır. Onun demokratik ənənələrinin əsası hələ XIX əsrin ikinci yarısında Rusiyanın müstəmləkə rejiminə qarşı milli demokratik hərəkatın formalaşdığı zaman qoyulmuş və daim yüksələn xətlə inkişaf etmişdi. Bu mübarizənin gedişində, xüsusən də 1918-20-ci illərdə Xalq Cümhuriyyəti dövründə Azərbaycan xalqı demokratiyaya sadiqliyini və onun ölkədə bərqərar edilməsinə olan iradəsini praktik şəkildə sübut etmişdi. Azərbaycan Sovet İttifaqının tərkibində olduğu dövrdə bu ideallar nəinki itirilməmişdi, əksinə, daha da möhkəmlənərək öz məqamını gözləmişdir.
Azərbaycan xalqının Sovet imperiyasının iflasa uğradığı dövrdə ədalətli demokratik quruluşa can atması, onun bu siyasətə təbii reaksiyası idi. O, yeganə çıxış yolunu yalançı və avantürist kommunist rejimindən imtina etməkdə, müstəqilliyini əldə edərək demokratik dəyərlərə söykənən bir cəmiyyət qurmaqda görürdü. Bu seçim xalqın siyasi iradəsi olmaqla yanaşı, dünyada gedən demokratikləşmə meyilləri ilə də sıx şəkildə bağlı idi. Bütövlükdə dünyada demokratikləşmə istiqamətində gedən proseslərin genişlənməsi, daha çox ölkələri əhatə etməsi bu seçimdə əhəmiyyətli rol oynamışdı.
İmperiya əsarətindən azad olaraq müstəqillik əldə etmiş yeni dövlətlər üçün demokratiya daha çox şey vəd edir, daha çox cəzbedici idi. İkinci dəfə müstəqillik qazanmış Azərbaycanda da demokratiyanın alternativi yox idi. Ulu öndər Heydər Əliyevin sözlərində Azərbaycan xalqının arzusu və onu həyata keçirmək əzmi ifadə olunmuşdu: ”Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”(1,s. 204)
Lakin ölkə əhalisinin dövlət müstəqilliyi qazanılması və müasir tipli müstəqil dövlətçiliyin formalaşdırılması məqamında demokratiyaya can atması onun problemlərinin həlli üçün kifayət deyildi. Bunun üçün mövcud maneələri dəf etmək, demokratik dövlət quruculuğunu ardıcıl və məqsədyönlü şəkildə, elmi və praktik cəhətdən sınaqdan çıxmış proqram əsasında həyata keçirmək və həyati əhəmiyyət kəsb edən digər çoxsaylı problemləri həll etmək lazım idi. Azərbaycan bir neçə qlobal vəzifəni eyni vaxtda yerinə yetirmək məcburiyyətində idi. Bir tərəfdən, imperiya asılılığından qurtarmış Azərbaycanda müstəqil dövlətçiliyin əsasları bərpa olunmalı, ölkənin təhlükəsizliyi təmin edilməli idi. Digər tərəfdən, Azərbaycan keçmiş ictimai-iqtisadi sistemdən imtina edərək, bazar iqtisadiyyatına əsaslanan demokratik
quruluşlu vətəndaş cəmiyyətinə istiqamət götürmüşdü. Hər biri ayrılıqda nəhəng olan bu məsələlərin mürəkkəb beynəlxalq və daxili vəziyyət şəraitində eyni vaxtda həll olunması zərurəti bunun son dərəcə mürəkkəb olduğunu bir daha sübut edir.
Vətəndaş cəmiyyətinin qurulması müstəqilliyin ilk illərində bir məqsəd kimi qarşıya qoyulsa da, onun barəsində təsəvvürlər kifayət qədər aydın deyildi. Belə bir cəmiyyətin qurulmasına ehtiyac bütün Azərbaycan cəmiyyəti tərəfindən dərk edilsə də, onu professional şəkildə həyata keçirən siyasi qüvvə və ən başlıcası, bu vəzifələrin məsuliyyətini və ağırlığını dərindən dərk edərək, onu elmi və praktik cəhətdən əlaqələndirən, bütün cəmiyyəti öz ətrafında səfərbər edərək bu məqsədlər yolunda birləşdirən lider çatışmırdı. O dövrdə Azərbaycanın qarşısında duran müstəqil dövlət quruculuğu vəzifəsini yerinə yetirmək üçün bütün məsələlərə peşəkar yanaşma və möhkəm iradə tələb olunurdu. Demokratik vətəndaş cəmiyyətinin modelini hər hansı bir qabaqcıl ölkədən götürərək tətbiq etmək onun düzgün işləyəcəyinə və səmərəli fəaliyyət göstərəcəyinə heç də təminat vermir. Bu işdə qabaqcıl ölkələrin nümunəsinin böyük əhəmiyyəti olsa da, demokratik cəmiyyətin təsisatlarının normal işləməsi üçün onun tətbiq edildiyi cəmiyyətə üzvi şəkildə bağlanmasına, ictimai mühitlə vəhdətinə böyük ehtiyac duyulur. Əks halda, bu model həmin cəmiyyətin tələblərinə cavab vermir. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin oktyabrında Milli Məclisin payız sessiyasının açılışında dediyi bir fikri xatırlatmaq yerinə düşür: “...Vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir”. (2)
Müasir dünyada demokratik dövlətlərin çoxunda ictimai-iqtisadi və siyasi məqsəd kimi qarşıya qoyulmuş və bir sıra ölkələrdə konturları müşahidə edilən hüquqi dövlətin bərqərar olması şəraitində mövcud vətəndaş cəmiyyəti və dövlət bir-biri ilə əməkdaşlıq edən, cəmiyyətin problemlərinin həll edilməsində səylərini birləşdirən subyektlər kimi çıxış edir. Azərbaycanın qurmaq əzmində olduğu məhz bu cür cəmiyyətdir. Azərbaycanda da vətəndaş cəmiyyətinin vacib elementlərindən biri olan qeyri-hökumət təşkilatlarına münasibət müstəqilliyin ilk illərində heç də birmənalı deyildi. Həm qeyri-hökumət təşkilatlarının cəmiyyətdə tutduğu yer və oynaya biləcəyi rolun cəmiyyətdə düzgün dərk olunmasında, həm də bu təşkilatlarla bəzi hakimiyyət strukturları arasında münasibətlərdə problemlər olmuşdur.
Bunların aradan qaldırılması isə müəyyən vaxt tələb edirdi. Vətəndaş cəmiyyətinin başlıca prinsiplərindən biri ictimai həyatın bütün sahələrində vətəndaş təşəbbüskarlığının olmasıdır. Dövlətin gördüyü işlər cəmiyyət tərəfindən qəbul edilərək dərk olunmalı və dəstəklənməlidir. Bunun üçün isə ictimai şüurun səviyyəsi, onun ölkədə gedən ictimai-iqtisadi, siyasi və mənəvi prosesləri dərk edərək fəal münasibət bildirməsi, mövcud problemlərin həllində iştirakı vacibdir. Digər tərəfdən, demokratiya cəmiyyətin hər bir üzvünün öz hüquq və vəzifələrini dərindən bilərək onların reallaşmasında təşəbbüskarlıqla çıxış etməsini tələb edir. Yalnız bu yolla Azərbaycanın öz Əsas Qanununda ifadə olunmuş məqsədini - demokratik hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti qurmaq məqsədini reallaşdırmaq mümkündür.(3, s.3)
Vətəndaş cəmiyyətinin mühüm elementlərindən biri müasir dünyada qeyri-hökumət təşkilatları ilə təmsil olunan üçüncü sektordur. Bu sektor dövlət-cəmiyyət-şəxsiyyət münasibətləri sistemində özünəməxsus yer tutur və bir sıra mürəkkəb funksiyaları yerinə yetirir.
Yeni yaranmaqda olan demokratik cəmiyyətdə ictimai sektorun uğurla formalaşdırılmasına nail olmaq, cəmiyyətin rifahı naminə sərbəst fəaliyyətinə dəstək vermək, onun zərərli təsirlər altına düşməsinin qarşısını almaq və mənfi meyillərdən azad olmasına kömək etmək, cəmiyyətdə gördüyü işlərin səmərəliliyinin artırılmasına təkan vermək üçün bu sektorun mahiyyətinin, fəaliyyətinin nəzəri və praktik cəhətlərinin araşdırılması və dərk edilməsi, ölkənin xüsusiyyətləri nəzərə alınaraq onun milli modelinin konseptual şəkildə işlənib hazırlanması dövlətin və Azərbaycan cəmiyyətinin mühüm vəzifələrindən idi.
Öz tarixi missiyasına görə, QHT-lər ölkənin ictimai-iqtisadi, siyasi və mənəvi həyatında geniş kütlələrin iradəsinin reallaşması, onların cəmiyyətin bütün problemlərinin həllində bilavasitə iştirakının təmin edilməsi, vətəndaş təşəbbüskarlığının artırılması, ictimai şüurun yüksəldilməsi, hakimiyyət orqanları üzərində ictimai nəzarətin təmin olunması, ictimai məsuliyyətin dərk edilməsi vasitələrindən biridir. Cəmiyyətdə bu mürəkkəb və vacib funksiyaları yerinə yetirən QHT-lər birdən-birə yarana və mükəmməl ola bilməzdi.
Hələ sovet hakimiyyətinə qədər Azərbaycanda bu kateqoriyaya aid ola biləcək təşkilatlar – yaradıcılıq birlikləri, həmkarlar təşkilatları, ictimai birliklər, xeyriyyə cəmiyyətləri olmuş və ölkə tarixində özünəməxsus iz qoymuşdurlar. Lakin sovet hakimiyyətinin qurulması ilə bu ənənə qırılmış, az-çox saxlanılmış təşkilatlar isə öz mahiyyətindən uzaqlaşdırılaraq, sovet imperiyasının maraqlarına xidmət edən qurumlara çevrilmişdilər. Bu tipli təşkilatların yaranmasının yeni dalğası 1980-ci illərin axırı - 90-cı illərin əvvəllərinə təsadüf edir. Əhalinin ən müxtəlif qruplarının konkret problemlər və məqsədlər ətrafında birləşməsinin yeni mərhələsi 1988-ci ildə Qarabağ probleminin açıq şəkildə ortaya çıxması ilə bağlı oldu. Lakin o vaxt əhalinin fəallığı yüksək olsa da təcrübəsizlik, kortəbiilik, qeyri-mütəşəkkillik öz mənfi təsirini göstərmişdir.
Müstəqilliyin ilk illərində bu və ya digər formada fəaliyyət göstərmiş qeyri- hökumət təşkilatı hesab edilə biləcək təşkilat az idi. Bunlara müxtəlif yaradıcılıq təşkilatlarını, müharibə veteranları birliyini və bu tipli digər təşkilatları göstərmək olar. Rəsmi olaraq ilk qeyri-hökumət təşkilatları, əsasən, 1992-ci ildə “İctimai təşkilatlar haqqında” qanun qəbul edildikdən sonra yaranmağa başladı. Həmin qanunun ictimai təşkilatları hüquqi cəhətdən dəqiq xarakterizə etməsi və onun fəaliyyət çərçivələrini müəyyənləşdirməsi əhəmiyyətli hadisə idi. Lakin bu qanunda müəyyən boşluqların olması, xüsusən bu təşkilatların fəaliyyətinə ictimai və dövlət nəzarəti mexanizmlərinin zəifliyi praktikada çoxsaylı problemlərin üzə çıxmasına səbəb olurdu.Həmin dövrdə cəmiyyətin problemlərinin kifayət qədər çox olması və müstəqil dövlətçiliyin yeni formalaşdığı bir şəraitdə dövlətin bu sahəyə diqqət ayırmaq imkanının məhdudluğu pərakəndəlik və qarışıqlıq üçün zəmin yaradırdı.
Həmin illərin ən böyük problemlərindən biri Azərbaycanın müxtəlif dövlətlərin təsir dairəsi uğrunda mübarizə mərkəzlərindən birinə çevrilməsi idi. Bu proses güclü təsir vasitəsi olan QHT-lərdən də yan keçmirdi. Bu vəziyyət Azərbaycanda müxtəlif maraqları olan qüvvələrə vəziyyətdən istifadə etməyə, formalaşmaqda olan QHT-lərin fəaliyyətini özlərinə sərf edən məcraya yönəltməyə və onlardan öz məqsədlərinə çatmaq üçün istifadə etməyə imkan verirdi. O vaxt sağlam məqsədli təşkilatlarla yanaşı, ölkənin milli maraqlarının əleyhinə fəaliyyət göstərən təşkilatlar da yaranmışdı. Onlar xeyriyyəçilik və digər ictimai əhəmiyyətli fəaliyyət pərdəsi altında əhalinin müxtəlif kateqoriyalarını öz tərəflərinə çəkmək, onlardan sabitliyi pozmaq, təxribatlar törətmək, ölkədə gedən quruculuq işini pozmaq kimi məqsədlərə xidmət edirdilər. Müstəqilliyin ilk illərində ölkə əleyhinə xaricdən və daxildən törədilmiş təxribatlarda bu istiqamətdə aparılan işin təsiri müşahidə edilirdi. Ölkədə fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr, separatçı qüvvələr, təxribatçı qurumlar çox vaxt yaratdıqları ictimai birliklərin arxasında pərdələnir, həmin qurumlar vasitəsilə xaricdən və daxildən maliyyə yardımları alırdılar. Həmin illərdə Azərbaycanda törədilmiş təxribatlarda, terror hadisələrində, separatçı qiyamlarda bir sıra yerli
və xarici təşkilatların yaxından iştirakı aşkar edilmişdi. Ümumiyyətlə, 1991 - 1995-ci illərdə öz missiyasından uzaqlaşaraq, təsir altına düşmüş ictimai təşkilatları iki tipə bölmək mümkündür. Bu təşkilatların bir qismi məqsədyönlü şəkildə siyasi qruplaşmaların aləti kimi yaradılırdısa, onların xeyli hissəsi mövcud vəziyyətin qarışıqlığı şəraitində səriştəsizlikdən və sadəlöhvlükdən bu və ya digər siyasi qüvvənin təsiri altına düşürdü.
1993 - 1994-cü illərdən etibarən Azərbaycanın ictimai həyatının bütün sahələrində olduğu kimi, QHT-lərin həyatında da yeni bir mərhələ başlanır. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi həyatında baş vermiş köklü dəyişiklik, onun rəhbərliyi altında məqsədyönlü və ardıcıl dövlət quruculuğu işinin başlanması, dağıdıcı qüvvələrin qarşısının alınması sayəsində vətəndaş cəmiyyətinin də əsaslarının qurulması üçün zəmin yarandı. Bütövlükdə, dövlət quruculuğu işinin, ayrılıqda isə cəmiyyətin xarakterinin, ideallarının, prioritetlərinin dəqiqləşdirilməsi, münasibətlər sisteminin formalaşdırılmasının zirvəsi Azərbaycan Respublikasının 1995-ci ildə Konstitusiyasının qəbul edilməsi oldu. Konstitusiya Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi dövlət xarakterini, onun vətəndaş cəmiyyəti və hüquqi dövlət qurmaq əzmini bəyan edərək təsbit etdi. Mükəmməlliyi ilə dünyanın ən demokratik ölkələrinin konstitusiyaları ilə müqayisə oluna bilən belə bir konstitusiyanın qəbul edilməsi ictimai sektorun da maksimum inkişaf etməsi, öz missiyasını yüksək səviyyədə həyata keçirməsi üçün möhkəm hüquqi baza yaradırdı.(3)
Konstitusiyanın qəbul edilməsi ilə bir sıra prinsipial məsələlərə aydınlıq gətirilməsi QHT-lərin formalaşması və cəmiyyətdə öz hüquqi yerini tutması, onların normal fəaliyyət göstərməsi üçün fundamental hüquqi bazanın yaradılması və o vaxta qədər mövcud olan qeyri-müəyyənliklərin aradan qaldırılması baxımından ciddi irəliləyişə təkan vermişdi. Lakin bu prosesin özü də obyektiv səbəblər üzündən çox da sürətlə getmirdi. Belə bir fundamental hüquqi əsasın olması da bu sahədə bütün problemlərin həll olunması demək deyildi. Şübhəsiz, keçid dövrünü yaşayan bir cəmiyyətin konstitusiyada nəzərdə tutulan ideal vəziyyətə gəlib çıxması üçün uzun illərin gərgin əməyi, cəmiyyətdə, onun münasibətlər sistemində, ictimai şüurda köklü irəliləyişlərin olması tələb edilirdi.
Azərbaycanda müstəqilliyin bütün tarixi boyu QHT-lərin inkişaf məntiqini və dövlətin bu sahədə müəyyənləşdirdiyi və yeritdiyi xəttin əsil mahiyyətini daha dərindən dərk etmək üçün onların xarakterik cəhətlərinə diqqət yetirmək lazım idi. Bu reallıqlardan çıxış edən Azərbaycan dövləti üçüncü sektorun təşəkkülünə və möhkəmləndirilməsinə nail olmaq üçün bu sahədə öz strategiyasını konkret
istiqamətlərdə həyata keçirirdi. Onların sırasına aşağıdakılar daxildir:
• bu sahənin normal fəaliyyətini təmin edə biləcək mükəmməl hüquqi bazanın yaradılması;
• QHT-lərin mövcud vəziyyətinə və fəaliyyətinə milli dövlətçilik baxımından qiymət verərək, onların zərərli təsirlərdən qorunmasına dəstək verilməsi;
• onların iş təcrübəsinin artırılması və kadr təminatına kömək edilməsi;
• onların fəaliyyət istiqamətlərinin müəyyənləşməsinə və əhatə dairəsinin genişlənməsinə dəstək verilməsi;
• onlara metodik, texniki və təşkilati köməyin təşkil edilməsi;
• dövlət – QHT münasibətlərinin nəzəri və praktik əsaslarının işlənib hazırlanması;
• QHT-lərin üzləşdiyi problemlərin və çətinliklərin aradan qaldırılmasına davamlı şəkildə dəstək verilməsi;
• onların xaricdən maliyyə asılılığının aradan qaldırılması üçün daxili maliyyə mənbələrinin formalaşmasına dəstək verilməsi;
• QHT sektorunun genişlənməsi və gücləndirilməsi üçün əhali arasında geniş maarifləndirmə işlərinə dəstək verilməsi;
• üçüncü sektorun təkcə paytaxtda deyil, ölkənin bütün ərazilərində, xüsusilə də regionlarda təşəkkül tapmasına və inkişafına nail olunması;
• QHT-lərin də Azərbaycanın bütövlükdə üz tutduğu Qərbə inteqrasiyasına dəstək verilməsi;
• QHT-lərin fəaliyyətinin daha çox ictimai əhəmiyyət kəsb edən prioritet sahələrə yönəldilməsinə nail olunması və sair.
İctimai sektor sahəsində nəzərdə tutulan bu məqsəd və vəzifələr dövlətin qəbul edilmiş bütün sənədlərdə öz əksini tapmışdır. Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasında deyilir: “Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin məqsədləri cəmiyyətimizdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsidir.”(4, s.4)
QHT-lərin inkişafında onun qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Dövlət quruculuğu prosesində bir-birinin ardınca ayrı-ayrı sahələr üzrə hakimiyyət strukturlarının yaradılması və onların arasında səlahiyyət və məsuliyyət bölgüsünün dəqiqləşdirilməsi dövlət idarəçiliyini tənzimləməklə yanaşı, ictimai sektorun da müvafiq strukturlarla işbirliyinə şərait yaradırdı.Müstəqil Azərbaycan Respublikasında QHT-lərin inkişaf dinamikasına diqqət yetirdikdə artıq 1994-95-ci illərdən etibarən ictimai sektorun problemlərinə diqqət yetirilməsini və onların dövlət nəzarətinə götürülməsini müşahidə etmək olar. Həmin vaxt Heydər Əliyevin müdrik rəhbərliyi altında ölkədə sabitliyin təmin edilməsi, ictimai həyatın bütün sahələrində quruculuq işlərinin nizama salınması və sürətləndirilməsi sayəsində beynəlxalq humanitar təşkilatlar Azərbaycanda fəaliyyətlərini genişləndirməyə və öz dayaq nöqtələrini yaratmağa başladılar. Ümumilikdə isə, bu beynəlxalq təşkilatlarin ölkədə fəaliyyət göstərməsi milli QHT-lərin bundan bəhrələnməsi üçün əlverişli şərait yaradırdı. Azərbaycanda QHT-lərin yaradılması və dəstəklənməsi ilə bir sıra beynəlxalq təşkilatlar məşğul olurdular. Milli QHT-lərin gücləndirilməsi istiqamətində aparılan işin nəticələri də artıq 1994-cü ildə özünü göstərməyə başlayırdı.(5)
Beynəlxalq təşkilatlardan Açıq Cəmiyyət İnstitutu Yardım Fondu (Soros fondu), TASİS Fondu, Avrasiya Fondu, İSAR –Azərbaycan, BMT-nin İnkişaf Proqramı (UNDP), Dünya Bankı, Kanada Kooperasiya Fondu və digərləri müxtəlif proqramların maliyyələşdirilməsində yaxından iştirak edirdilər.

Beynəlxalq donor təşkilatlarının maliyyə dəstəyi ilə 1995-1999-cu illərdə milli QHT-lər tərəfindən həyata keçirilən layihələrin əsas istiqamətləri (6, s.4)

Bunlardan əlavə böyük dövlətlərin səfirlikləri qrantlar ayırmaqla QHT-lərin həyata keçirdikləri layihələri maliyyələşdirmişlər. Təbiidir ki, bu dövlətlər həmin bu işdə öz konkret maraqlarından çıxış etmişlər. Şübhəsiz, onların məqsədlərində Azərbaycanın maraqları ilə uyğun gələn məqamlar çoxdur. Lakin bu fəaliyyətin saf-çürük edilməsinin böyük əhəmiyyəti vardır. Buna görə də Azərbaycan hökumətinin həmin münasibətləri tənzimləmək istiqamətində qanunvericiliyi təkmilləşdirməsi vacib idi.İctimai sektorun inkişaf etdirilməsində müəyyən nailiyyətlər olsa da, QHT-lərin üzləşdiyi müxtəlif xarakterli çətinliklər kifayət qədər çox idi.
Bu çətinliklər onların gündəlik fəaliyyətində və gördükləri işin həcmində və keyfiyyətində özünü qabarıq şəkildə göstərirdi. Azərbaycan hökuməti milli QHT-lərə hərtərəfli yardım etmək üçün daim yollar axtarır və bu istiqamətdə görülən işlərin miqyasını genişləndirirdi.Onun ictimai sektorun formalaşdırılması və inkişaf etdirilməsi sahəsində siyasəti mövcud reallıqlara söykənirdi. Eyni zamanda, dövlətin həyata keçirdiyi zəruri, lakin qeyri-populyar tədbirlərin bəziləri, bu və ya digər konkret məsələdə mövqeyi heç də həmişə cəmiyyətdə, xüsusən də QHT-lərin bir qismi tərəfindən birmənalı qarşılanmır, bəzən isə müqavimətlərlə müşahidə olunurdu.Azərbaycanın milli qeyri-hökumət təşkilatlarının inkişafına güclü təkan verən addımlardan biri 1997-ci ildə Azərbaycan hökumətinin BMT-nin İnkişaf Proqramı ilə “Azərbaycanda qeyri-hökumət təşkilatlarının institusional inkişafı və vətəndaş cəmiyyəti quruculuğuna kömək” adlı birgə layihə çərçivəsində “QHT-lərin Resurs və Təlim Mərkəzi”nin yaradılması oldu. Fəaliyyət göstərdiyi dövrdə bu mərkəz QHT-lərin təcrübə qazanması, onların kadr potensialının gücləndirilməsi, fəaliyyət istiqamətlərinin formalaşdırılması, əhali arasında QHT-lərin cəmiyyətdə yeri, rolu və əhəmiyyəti barədə geniş maarifləndirmə işlərinin aparılması, QHT-lərin şəbəkələşməsi, daxili və xarici əlaqələrinin nizama salınması baxımından kifayət qədər işlər gördü. (7, s. 217)
Bu mərkəzin dövlətlə birgə əməkdaşlığı sayəsində QHT-lərin fəaliyyət dairəsi və coğrafiyası genişləndi. Onların ayrı-ayrı fəaliyyət sahələri üzrə ixtisaslaşması daha məqsədyönlu və səmərəli işləmələrinə kömək edirdi. Bu məqsədyönlü işin nəticəsində artıq 1999-cu ildə QHT-lərin əksəriyyətinin yönümü daha dəqiq və qəti idi. Təkcə paytaxtda deyil ölkənin regionlarında da QHT-lər yaranırdı. Mərkəzin ayrı-ayrı regionlarda fəaliyyət göstərən yerli resurs mərkəzləri ictimai sektorun təşəkkülünə və möhkəmlənməsinə nail olurdu. Mərkəzinin məqsədyönlü işi ictimai sektorda QHT-lərin kooperasiyanın güclənməsində əhəmiyyətli nəticələr verməyə başladı. İlk QHT birliklərinin yaranması, bir tərəfdən, məşğul olduqları problemlərin həllində onların güclərinin birləşdirilməsinə xidmət edirdisə, digər tərəfdən, ictimai sektorun bütövləşərək daha da güclənməsinə kömək edirdi. Mərkəzin fəaliyyəti məhdud bir dövr üçün nəzərdə tutulmuşdu. Bu müddət başa çatdıqdan sonra onun funksiyasını milli QHT assosasiyaları yerinə yetirməyə başladı.
90-cı illərin axırlarında qeyri-hökumət təşkilatlarının yaradılması, istiqamətləndirilməsi və möhkəmləndirilməsi sahəsində əldə olunmuş müsbət nəticələr uzun illər bu sahənin başlıca problemlərindən olan dövlət qeydiyyatı məsələsində əhəmiyyətli dəyişikliklərə şərait yaratdı. 1998-ci ildə “Qrant haqqında” qanunun qəbul edilməsini isə QHT-lərin əsas maliyyə mənbəyinin qanun çərçivəsində tənzimlənməsi baxımından müstəsna əhəmiyyəti oldu. Bu qanunun qəbulu həmin məsələni hüquqi məcraya salmağa, dövləti və cəmiyyəti narahat edən bir sıra məsələləri tənzimləməyə imkan verdi.(8, s.1232-1235)
Qrant alınmasının və sərfinin dəqiq çərçivələrinin müəyyənləşdirilməsi ictimai sektorun hüquqi bazasının mükəmməlləşməsində növbəti vacib bir tədbir idi. Onun bəzi müddəaları birmənalı qarşılanmasa da, onlar QHT-lərin fəaliyyətinin Azərbaycan cəmiyyətinin ictimai maraqlarının təmin edilməsinə yönəldilməsi və bu sahədəki mənfi meyllərin qarşısının alınması üçün böyük əhəmiyyət daşıyırdı. Çünki həmin vaxta qədər Azərbaycan əleyhinə açıq şəkildə fəaliyyət göstərən qüvvələr ifşa edilərək neytrallaşdırılmışdılarsa da, ictimai sektorda üstüörtülü şəkildə bu işi davam etdirən və maliyyə yardımları aldıqları bəzi xarici təşkilatların sifarişi ilə ölkəmizə qara yaxan, onun nailiyyətlərinə kölgə salmaq istəyən qüvvələr qalmaqda idi. Adını hüquq müdafiəçiləri qoyaraq, Azərbaycanda qondarma siyasi məhbus siyahıları tərtib edərək, hüquqların boğulması haqqında dünyaya car çəkən, ölkənin xarici düşmənləri, o cümlədən erməni separatçıları ilə işbirliyi qurmağa cəhd edən qüvvələr qanunda olan boşluqlardan istifadə edərək istədikləri kimi fəaliyyət göstərirdilər. Haqqında danışılan qanunlar qəbul edildikcə onların təsir imkanları da zəifləyirdi.
Hələ 1995-ci ildən QHT-lər müəyyən fəaliyyət istiqamətləri üzrə öz birliklərini yaratmağa cəhdlər edirdi. Lakin, adətən, bu birliklər uzunömürlü olmurdu. 1999-cu ildə onların da fəaliyyətində müsbət irəliləyişlər müşahidə olunmağa başladı. Həmin dövrdə üçüncü sektorda daha cox diqqəti cəlb edən QHT birlikləri Milli QHT Forumu, QHT Konqresi, Azərbaycanın Gənclər Təşkilatlarının Milli Şurası, Miqrasiya məsələləri ilə məşğul olan QHT-lərin Forumu və Qadın təşkilatları birlikləri və s. idi.

QHT birliklərinin üzvlərinin sayı (9, s.3)
QHT-lərin özləri kimi, onların birlikləri də da çoxsaylı çətinliklər və problemlərlə üzləşirdi. Lakin onların birləşməsi bu çətinliklərin öhdəsindən daha uğurla gəlməyə imkanı verirdi. Bu birliklərin ən parlaq nümunələrindən biri 1999-cu ildə yaradılmış Milli Qeyri-Hökumət Təşkilatları Forumu idi. Onun gərgin işi sayəsində QHT-lərin fəaliyyətini cəmiyyətin daha çox ehtiyac hiss etdiyi istiqamətə yönəltmək, regionlarda QHT təbliği və onun dayaqlarının yaradılması, ictimai sektorunun gücünün və təsirinin artırılması və digər vacib məsələlərdə əhəmiyyətli nəticələr əldə edildi.
QHT Forumunun Azərbaycanın regionlarındakı geniş maarifləndirmə və təşkilatlandırma işi diqqəti xüsusilə cəlb edir. Onun səyi ilə 2002-ci ildə forumun 5 region mərkəzində - Əli Bayramlı (indiki Şirvan), Şəmkir, Mingəçevir, Qəbələ və Quba şəhərlərində QHT-lərin regional təlim və resurs mərkəzləri yaradılmışdı ki, bu da üçüncü sektorun bütün ölkə ərazisində inkişafına əhəmiyyətli kömək etmişdir.
QHT-lər dövlət əhəmiyyətli işlərin, yeni qanunların müzakirələrinə daha fəal şəkildə cəlb olundular. Onlar ictimai sektora aid olan bir sıra qanun layihələrinin hazırlanmasında yaxından iştirak etmiş və qanunvericilik təşəbbüsü ilə Milli Məclisə müraciət etmişdilər.(10, s.14-15)
Qəbul edilmiş yeni qanunlar QHT-lərin normal fəaliyyəti üçün yaradılmış hüquqi bazanı gücləndirdi. 2000-ci ildə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun qəbul edilməsinin ictimai sektorun inkişafında böyük əhəmiyyəti var idı. QHT-lərin qanunvericilik bazasında mühüm yer tutan bu qanun 1992-ci ildə qəbul edilmiş qanunla müqayisədə daha mükəmməl və mütərəqqi bir sənəd idi. İlk dəfə olaraq qeyri-hökumət təşkilatları kimi təqdim edilən bu təşkilatların cəmiyyətdə yeri daha dəqiq şəkildə ifadə olunmuş, onların hüquqi müstəvidə fəaliyyəti və məsuliyyətinin çərçivələri yeni şəraitə və ictimai-siyasi reallıqlara uyğun olaraq müəyyənləşdirilmişdir. Bu qanun həm də QHT-lərin yeni bir səviyyəyə yüksəlməsini və yeni şəraitdə dövlətin strateji xəttini özündə əks etdirirdi. Qanunda QHT-lərin fəaliyyətinə bir sıra məhdudiyyətlərin qoyulması bu sahədəki xeyli problemlərin dərinliyindən xəbər verirdi. Konkret olaraq, qanunun 2.4-cü maddəsində QHT-lərin seçkilərdə müşahidəçi qismində iştirakı qaydaları müəyyənləşdirilərkən xarici fiziki və hüquqi şəxslərlə yanaşı, nizamnamə kapitalında xarici fiziki və hüquqi şəxslərin payı 30 faizdən artıq olan Azərbaycan Respublikasının QHT-lərinə də məhdudiyyət tətbiq edilmişdi. 2005-ci ildə həmin məhdudiyyətin ləğv edilməsi Azərbarcan QHT-lərinin mahiyyətində bu cəhətdən müsbət irəliləyişlərin göstəricisi kimi qiymətləndirilə bilər.(11)
2004-cü ildə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun qəbul edilməsindən sonra QHT-lərin dövlət qeydiyyatı məsələsinin həllində əsaslı irəliləyiş müşahidə edilmiş, bir sıra bürokratik əngəllər aradan qalxmışdır.(12)Bu vaxta qədər QHT-lərin üzləşdiyi çoxsaylı problemlər və maneələrin, o cümlədən dövlət qeydiyyatı problemlərinin kökündə dayanan amillər müxtəlif xarakterli idi. Onların xeyli hissəsi isə QHT-lərin özlərinin mükəmməl olmaması, təcrübə bazalarının zəifliyi, cəmiyyətdə öz yerlərini tutmamaları, təşkilatlanma, fəaliyyət sahəsində qeyri-müəyyənliklər, daxili maliyyələşmə məsələlərində olan çətinliklər və sair ilə bağlı idi. Yeni qanunun qəbul edilməsi həmin problemlərin qismən aradan qalxmasına və bu sahədə işlərin keyfiyyətinin yüksəlməsinə dəlalət edirdi.
2003-ci ildə Azərbaycanda QHT-lərin sayı 2000-i keçmiş, onlardan 1605-i dövlət qeydiyyatına alınmışdılar. Lakin o vaxt ölkədə real fəaliyyət göstərən QHT-lərin sayı 400-450–dən artıq deyildi.(10, s.174)
Verilən rəqəmlərdən göründüyü kimi, QHT-lərin bir hissəsinin dövlət qeydiyyatı məsələsi həll edilməmişdi. Araşdırmalar göstərir ki, hələ əvvəlki illərdə də real fəaliyyət göstərən təşkilatların böyük əksəriyyəti dövlət qeydiyyatına alınmamışdı. Fəaliyyəti bu və ya digər dərəcədə hiss olunan, lakin qeydiyyatdan keçə bilməyən təşkilatların isə problemləri daha çox fəaliyyətlərinin cəmiyyətin maraqları ilə ziddiyyət təşkil etməsi, siyasiləşmə və sair bu tipli məsələlərlə bağlı idi. Dövlətin ictimai sektora münasibətdə Heydər Əliyev xəttinin diqqəti cəlb edən və böyük əhəmiyyət kəsb edən cəhətlərindən biri QHT-lərin müstəqilliyinə, onların fərqli mövqeyinə diqqətlə yanaşılması və hörmət edilməsi olmuşdur. QHT-lərə kömək edilsə də, onların işlərinə qarışmamaq, onların sərbəst fəaliyyətinə müdaxilə etməmək Heydər Əliyev siyasətinin xarakterik cəhətlərindəndir. Dövlətin QHT-lərlə iş prinsipi direktivlər, diktələr metoduna deyil, əməkdaşlıq, tövsiyələr vermək, stimullaşdırmaq metodlarına əsaslanırdı. Dövlət-QHT münasibətləri
ciddi olaraq qanun çərçivəsində qurulurdu.
Vətəndaş cəmiyyətinin vacib tərkib hissələrindən biri olan QHT-lərin fəaliyyətinə müstəqil Azərbaycanın bütün tarixi kontekstindən baxdıqda bu sahədə olan dinamikanı daha qabarıq şəkildə müşahidə etmək mümkündür. Həmin dövrün başlanğıcında pərakəndə şəkildə yaranmağa başlayan QHT-lər mürəkkəb bir inkişaf yolu keçmişdir. Dövlətin bu sahədə həyata keçirdiyi quruculuq işləri zaman keçdikcə daha güclü şəkildə hiss olunmuş və öz səmərəsini vermişdir. Heydər Əliyevin rəhbərliyi altında aparılan dövlət quruculuğu işləri, ictimai-siyasi həyatda, iqtisadiyyatda sabitliyin təmin edilməsi, müharibədə atəşkəsin əldə edilməsi, daxildəki təxribatçı qruplaşmaların müqavimətinin qırılması QHT-lərin də keyfiyyətcə yeni bir səviyyəyə yüksəlməsinə gətirib çıxarmışdır. İlk baxışdan nəticəsi o qədər də tez gözə çarpmayan bu proses əslində gələcək hüquqi dövlətin və vətəndaş cəmiyyətinin konturlarını müəyyənləşdirir, onun möhkəm bünövrəsini qoyurdu.
QHT-lərin mövcud olduğu bütün dövrdə dövlətin onlara dəstəyinin məntiqi yekunu ölkə prezidentinin “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nı imzalaması və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının” yaradılması barədə sərəncam verməsi oldu. 2007-ci il iyulun 27-də qəbul edilmiş “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nda ictimai sektorun yaradılması və möhkəmləndirilməsi sahəsində dövlətin yeritdiyi xəttə, bu vaxta qədər əldə edilmiş nəticələrə qiymət verilir və dövlətin mövqeyini bir daha təsdiqləməklə bundan sonrakı fəaliyyət proqramını və onun məqsədlərini açıqlayır. Əslində, bu sənəddə QHT-lərə münasibətdə dövlətin bəyan edilən mövqeyi, bu sahədə qoyulan məqsəd və vəzifələr, rəhbər tutulan prinsiplər, prioritetlər dəyişməmiş, sadəcə olaraq, sistemləşdirilmiş və bir daha təsdiq edilmişdir.(4, s. 4-9)Ulu öndər Heydər Əliyevin siyasətindən qaynaqlanan bu məqamlar 1993-cü ildən bəri dövlətin mövqeyi və praktik fəaliyyətinin əsasını təşkil etmiş, tarixin sınağından uğurla çıxaraq dövlətin qəbul etdiyi qanunlarda, normativ sənədlərində və fəaliyyət proqramlarında öz ifadəsini tapmışdır. Sənəddə bu vaxta qədər QHT-ləri daha çox narahat edən və onların fəaliyyətində başlıca maneə olan problemlərin qəti şəkildə qoyulması və həlli mexanizmlərinin dəqiq müəyyənləşdirilməsi, xüsusən onların daxili maliyyələşmə mənbələrinin həllinə başlanması bu sahənin güclənməsi üçün möhkəm zəmindir. Konsepsiyada dövlətin QHT-lərə dövlət dəstəyinin prinsip və formalarının, prioritet istiqamətlərinin və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi bu sahədəki boşluqları aradan qaldırmağa və problemləri həll etməyə şərait yaradır.
Azərbaycanda müstəqillik dövründə ücüncü sektorun inkişafının indiyə olan yekunlarına nəzər salarkən onun keyfiyyətcə yeni bir mərhələyə qalxması faktını vurğulamalıyıq. QHT-lər Konsepsiyada göstərildiyi kimi, vətəndaş cəmiyyəti quruculuğunun və ölkənin demokratikləşməsi prosesinin vacib təsisatlarından birinə çevrilmişdir. Ölkədə
konkret istiqamətlər üzrə sabit fəaliyyət göstərən QHT-lər təşəkkül tapmışdır.(4, s.4-9)
Azərbaycanda QHT-lərin formalaşması prosesi indi də davam edir, onlara aid olan qanunlar və digər normativ-hüquqi sənədlər daim təkmilləşdirilir. Bu sənədlərdə QHT-lərin qanunverici bazalarının yeniləşməsi və təkmilləşməsi ilə yanaşı onların özlərinin də güclənməsini, fəaliyyətlərinin genişlənməsini müşahidə etməmək mümkün deyildir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında vətəndaş cəmiyyətinin qurulması və inkişaf etdirilməsi sahəsində ümummilli lider Heydər Əliyev kursunun davam etdirilməsi üçüncü sektorun ölkənin tərəqqisi yolunda uğurlu fəaliyyətinə möhkəm təminat verir.
ƏDƏBİYYAT:

1. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir, Birinci kitab, iyun 1993-may 1994, Azərnəşr,Bakı, 1997, s. 204
2. Azərbaycan” qəzeti,3 oktyabr 2006-cı il
3. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 1995
4. Azərbaycan Respublikasınin Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası. Bakı, 2008, s. 4
5. 525-ci qəzet, 6 oktyabr 2007-ci il
6. Development of the trird sector in azerbaijan (1999). Report of Society for Humanitarian Researches. Baku.1999, p.4.
7. Azərbaycan Respublikası 1991-2001, Bakı, 2001, s.217.
8. Azərbaycan Respublikasının qanunvericilik toplusu, № 1, 30 iyun 1998-ci il, s. 1232-1235
9. Humanitar tədqiqatlar cəmiyyətinin III sektorun inkişafı haqqında hesabatı. Bakı, 1999, s.3
10. Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumu: Vətəndaş cəmiyyəti quruculuğunda 10 il. Bakı,2008,s,14-15
11. “Azərbaycan” qəzeti, 1 noyabr 2005-ci il.
12. “Azərbaycan” qəzeti, 9 yanvar 2004-cü il

 

Geostrategiya" jurnalı № 04 (28)  İYUL-AVQUST 2015


Müəllifin digər yazıları

  1. YENİDƏNQURMA DÖVRÜNDƏ SSRİ-də ALKOQOLİZMƏ QARŞI MÜBARİZƏ VƏ ONUN NƏTİCƏLƏRİ HAQQINDA
  2. Qarabağ münaqişəsinin nizamlanmasının başlıca maneələrindən biri mövcud status-kvodur
  3. AZƏRBAYCANLI “ZİYALININ” ERMƏNİSAYAĞI GEDİŞLƏRİ
  4. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik tarixində
  5. Ermənistanda dəyişikliklər nə vəd edir?
  6. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən
  7. 2017-ci il: gözləntilər və nəticələr
  8. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  9. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  10. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  11. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  12. AZƏRBAYCAN RESPUBLİKASI 25
  13. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  14. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  15. Qarabağ problemi son hadisələr işığında
  16. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  17. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  18. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  19. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  20. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  21. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  22. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  23. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  24. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  25. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  26. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  27. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  28. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  29. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  30. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  31. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  32. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
24.09.2018 Neft bahalaşıb
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.981 san