08:55 21 Oktyabr 2015
Çap versiyası
Vüqar Rəhimzadə
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Biliklərin, fikirlərin,  dinlərin və mədəniyyətlərin yolu kimi dəyərləndirilən İpək Yolunun yenidən canlandırılması bundan sonra da  onun birləşdirici funksiyasını uğurla həyata keçirməsinə, yeni baxışların fonunda daha da möhkəmlənməsinə stimul olacaq

 Məlum olduğu kimi, oktyabrın 14-dən 16-dək Çinin paytaxtı  Pekində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) İpək Yolu üzrə «İpək Yoluna yeni baxış, ümumi inkişaf naminə addımlar” mövzusunda xüsusi konfrans  keçirilmişdir. Konfransın məqsədi tarixi İpək Yolu üzərində yerləşən dövlətlər və xalqlar arasında qarşılıqlı faydalı siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi, sivilizasiyalararası dialoqun təşviq edilməsi idi. Konfrans «Siyasi liderlik: siyasi partiyalar üçün yeni konsensus”, «İnsanlararası əlaqələr: sivilizasiyalar arasında yeni dialoq” və «İqtisadi inteqrasiya: inkişaf üçün yeni təkan”, həmçinin regional əməkdaşlıq müzakirələri də daxil olmaqla 3 paneldən ibarət olmuşdur.  30-dan çox ölkədən 60-dan artıq  partiyanın qatıldığı tədbirdə İCAPP Daimi Komitəsinin üzvləri və köməkçiləri, Afrika və Latın Amerikası siyasi partiyaları  və təşkilatlarından  müşahidəçilər iştirak etmişlər.

Tədbirə qatılan nümayəndələrin təmsil etdikləri ölkələrin  cografiyasına diqqət yetirdikdə genişliyi aydın görünür. Belə ki,  Azərbaycan, Banqladeş, Komboca, Kipr, Gürcüstan, Hindistan, İndoneziya, İran, Yaponiya, Qazaxıstan, Cənubi Koreya Qırğızıstan, Malayziya,  Meksika,  Monqolustan,  Nepal, Yeni Zelandiya, Pakistan, Flippin, Sinqapur, Şri-Lanka, Sudan, Tacikistan və digər ölkələrdən təmsilçilərin qatılması təbii ki, tədbirin əhatə etdiyi mövzulara uyğun olaraq təcrübə mübadiləsinin bölüşülməsində, fikir mübadiləsinin aparılmasında əhəmiyyətli rol oynadı. Nəzərə alsaq ki, Asiya Siyasi Partiyaları  Beynəlxalq Konfransı dünyanın müxtəlif ölkələrindən müxtəlif,  yəni iqtidarda,  yaxud müxalifətdə  olmasından asılı olmayaraq bütün partiyaları bir araya gətirir, bu halda tədbirin   mahiyyəti daha aydın  dərk edilər.   

Azərbaycanı tədbirdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və «İki sahil»” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə təmsil etmişlər.

Nümayəndə heyətimizin üzvləri iştirak etdikləri iclaslarda müzakirə olunan mövzularla bağlı Azərbaycanın mövqeyini bildirmiş, ölkəmizin tarixi İpək Yolunun bərpası istiqamətində gördüyü işlərdən söz açmışlar.  Qeyd olunmuşdur ki,  Azərbaycan Avropa və Asiya arasındakı əlverişli coğrafi mövqeyi sayəsində beynəlxalq ticarət daşımalarında önəmli mövqeyə malikdir.

Azərbaycan nümayəndə heyəti tərəfindən bu reallıq diqqətə çatdırılmışdır ki, ölkəmiz əsrlər boyu sivilizasiyaların bir araya gəldiyi məkan olub. Azərbaycan Avropa ilə Asiya arasında təbii coğrafi körpüdür. Ölkəmizin yerləşdiyi coğrafi məkan, malik olduğu təbii resurslar daim dünyanın diqqətini özünə yönəldib. Bu gün Azərbaycanda sabitliyin, normal iqtisadi mühitin mövcudluğu ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının günbəgün artmasına geniş imkanlar yaradır. Bu gün dünyanın inkişafın Azərbaycan modelindən bəhs etməsi, təbii ki, həyata keçirilən siyasətin  möhkəm təmələ əsaslandığını təsdiqləyir.

Ölkələr arasında əlaqələrin inkişafında siyasi partiyaların rolu inkaredilməzdir.  Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının İpək Yoluna dair xüsusi konfransı çərçivəsində keçirilən plenar iclaslarda siyasi partiyaların bu missiyasına bir daha işıq salınmış, digər sahələrdə olduğu kimi, bu istiqamətdə də Azərbaycanın təcrübəsinə müraciət olunmuşdur. Ölkəmizin  ictimai-siyasi həyatında aparıcı rol oynayan  Yeni Azərbaycan Partiyasının beynəlxalq əməkdaşlığa verdiyi önəm  və bu istiqamətdə atdığı addımların uğurlu nəticələri göz önündədir.    O da məlumdur ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı ilə Yeni Azərbaycan Partiyası arasında sıx əməkdaşlıq ələqaləri mövcuddur. YAP Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin 18 nəfərdən ibarət İdarə Heyətinin üzvlərindən biridir. Qurumun Qadınlar və Gənclər  qolunun ilk iclaslarının, eyni zamanda, VII Baş Assambleyasının Azərbaycanda keçirilməsi də əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsinə  işıq salır.

Asiyada fəaliyyət göstərən  iqtidar və müxalifət partiyalarını bir araya gətirib, müəyyən mövzular ərafında fikir mübadiləsi apararaq, gələcək inkişaf üçün istiqamətləri müəyyənləşdirən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı qarşıya qoyduğu məqsədə uyğun olaraq müxtəlif tədbirlərin keçirilməsində təşəbbüsçü kimi çıxış etməklə gələcəyinə böyük inam formalaşdırır. Dövlətimizin başçısı İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının iştirakçılarına təbrikində də bu fikir öz əksini tapmışdır ki, Asiya və Okeaniyanın 300-dən çox siyasi partiyasını birləşdirən bu mötəbər qurum ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün uğurlu platformadır. Bu baxımdan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının müasir dünyamızı düşündürən aktual çağırışlara xüsusi diqqət yetirməsi təqdirəlayiq hal  kimi dəyərləndirilir.

Tədbirdə, həmçinin münaqişəli məsələlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədə iqtisadi inkişafa böyük maneə olduğu xüsusi qeyd edilmişdir. Bu inam ifadə edilmişdir ki,  dünyanın müxtəlif ölkələrindən siyasi liderlərin qatıldıqları konfransda  beynəlxalq aləmdə təhlükəsizlik, sülh və əməkdaşlığın təmin olunması və möhkəmlənməsi üçün səmərəli fikir mübadiləsi aparılacaq.  İştirakçı ölkələrin bir-birinin təcrübəsindən faydalanması, bu kontekstdə  beynəlxalq və regional əməkdaşlıq sahəsində yeni imkanları lazımınca dəyərləndirməsi və dövrümüzün  aktual problemlərinin həllinə layiqli töhfələrini verməsi əsasdır. 

Nəzərə alsaq ki, bu gün dünyanın ən qarışıq,  ən çox münaqişə ocaqlarının mövcud olduğu region Asiyadır, bu regionda siyasi partiyaların bir araya gəlməsi və  qarşıda dayanan hədəflərə nail olması  üçün yollar axtarması  çox vacibdir. Qeyd etdiyimiz kimi, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı yarandığı gündən indiyədək çox ciddi məsələlər  ətrafında  müzakirələr aparıb və çox geniş bir məkanı əhatə edən bu təşkilatın imkanlarını səfərbər edərək mövcud problemlərin həlli, əlaqələrin inkişafı istiqamətində  çox ciddi səylər göstərir, bu yolda maneə olan bir çox məsələləri müzakirəyə çıxarıb.

Konfransın yekununda bu əminlik ifadə olunub ki,  aparılan müzakirələr gündəmə gətirilən  mövzuya uyğun olaraq  ümumi  inkişafa  töhfə verəcək. Biliklərin, fikirlərin,  dinlərin və mədəniyyətlərin yolu kimi dəyərləndirilən İpək Yolunun yenidən canlandırılması onun birləşdirici funksiyasını uğurla həyata keçirməsinə, yeni baxışların fonunda daha da möhkəmlənməsinə stimul olacaq. Bu kimi tədbirlər bir daha belə bir reallığın təsdiqidir ki, sürətlə inkişaf edən, dəyişən dünyada  xalqlar və dövlətlər yaxınlaşır, insanlar və talelər birləşir.  Müasir dövrdə  qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında münasibətlərin inkişafı, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Sivilizasiyaların dialoqunun təşkilində, inkişafında  müxtəlif ölkələrin hökumət və siyasi partiya nümayəndələrinin,  elm  xadimlərinin öz  düşüncələrini ortaya qoyub ümumi mövqe nümayiş  etdirmələri müsbət haldır. Gələcək planlardan bəhs edərkən, konfrans iştirakçıları bildirmişlər ki, bütün dünyanı «Böyük İpək Yolu» ruhunda  sülhə, əməkdaşlığa, birlikdə daha gözəl gələcək qurmağa səsləyirlər.  İpək Yolu üzərində ölkələr tarix və mədəniyyət baxımından  biri-birindən fərqlidirlər.  Bu mənada İpək Yolunun  yenidən canlandırılması heç də asan iş deyil.  Buna görə də  ölkələr «yol planını» birlikdə hazırlamalı  və birgə reallaşdırmalıdırlar. Müzakirələr, səsləndirilən fikirlər bir daha bu reallığı təsdiqləmişdir ki, qarşıya qoyulan hər bir məqsəd  birgə səylərin göstərilməsi fonunda reallığa çevrilir.

Azərbaycan nümayəndə heyətinin üzvləri eyni zamanda Pekin şəhərində ucaldılmış Nizami Gəncəvi büstünü ziyarət ediblər. 


Müəllifin digər yazıları

  1. Azərbaycan mətbuatında varislik prinsipi cümhuriyyət dövrünün mediasının milli təfəkkürün inkişafındakı rolu kontekstində
  2. Vüqar Rəhimzadə: “Qoca qitə”nin İslam dünyasına baxışı ədalətsiz və qərəzlidir
  3. Forum sivilizasiyalararası dialoqa mühüm töhfələr verəcək
  4. Azərbaycanın KİV və İKT sahəsindəki uğurları ABŞ-da nəşr olunan beynəlxalq jurnalda
  5. Xalq öz Prezidentinə, Prezident isə öz xalqına arxalanır
  6. Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik tarixi milli sərvətimizdir
  7. Sürətlə inkişaf edən, dəyişən dünyada xalqlar və dövlətlər yaxınlaşır, insanlar və talelər birləşir
  8. Müasir Azərbaycan mətbuatının inkişafı Heydər Əliyevin adı ilə bağlıdır
  9. Sosial transformasiya prosesində KİV-in funksiyaları
  10. YENİ ƏSRİN LİDERİ
  11. Əbədiyaşar lider
  12. KİV-İn İNFORMASİYA CƏMİYYƏTİNDƏ YERİ VƏ ROLU
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-09-2018
24-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.6399 san