10:00 19 Noyabr 2015
Çap versiyası
Reyhan Mirzəzadə
Publisist-politoloq

2015-ci il Rusiyada rəsmi olaraq Ədəbiyyat ili elan olunub.

  “Məlumdur ki, realist bədii nəsr Azərbaycanda son əsrlərdə yaranmışdır. Bu yaranışda böyük rus ədəbiyyatı, xüsusən rus realist nəsri həmişə qayğıkeş müəllim olmuşdur. Bizim ədəbiyyatımızda elə görkəmli realist nasir tapmaq çətindir ki, keçən əsrin böyük rus ədiblərini bu və ya başqa dərəcədə izləməsin, onları sevməsin, onların yaradıcılığından öyrənməsin. Bu yalnız bizim ədiblərə aid bir xüsusiyyət deyildir. Qoqol, Tolstoy, Çexov, Qorki kimi yazıçılardan bütün dünya ədəbiyyatında böyük sənət  ustaları  kimi, bədii nəsrdə həqiqi müəllim kimi bəhs olunur”.

MİR CƏLAL PAŞAYEV

 

 

 

 

 “Ötüb keçən hər bir il daha istedadlı adamları aşkara çıxarır. Bax, bu fərəhli haldır. Vallah, Rusiya çox istedadlıdır”.

 MAKSİM  QORKİ 

Bəşəriyyətin bədii təfəkkür tarixində elə dahilər yetişmişdir ki, onlar öz xalqlarının şan və şöhrətini artırmış, öz istedad və dühasını bütün dünyaya təsdiq  etdirmiş, öz millətlərinin yaradıcılıq qüdrətini hamıya bildirmişlər. Rus realizminin atası  və banisi, rus milli dilinin yaradıcısı olan Puşkin, rus ədəbiyyatının inkişaf yolunu tam bir əsr, hətta zəmanəmizə qədər müəyyən etmişdir.

XIX əsrdə və XX əsrin birinci yarısında yaşayıb - yaratmış olan  dahi rus yazıçılarının hamısı müəyyən dərəcədə Puşkin əsərlərinin, onun füsunkar və doğru sözlərinin təsiri altında olmuşlar. Hətta Lev Tolstoy kimi nəhəng dünya yazıçısı özünün məşhur "Anna Karenina” romanını Puşkinin əsərlərini dönə - dönə oxuduqdan sonra yazmağa ruhlandığını etiraf etmişdi. Puşkin isə özünün böyük vəzifəsini iftixarla tərənnüm edib yazmışdı:

 Yayılıb səsim tutar bu böyük Rusiyyəni,

Hər tayfa öz dilində oxuyacaqdır məni.

 Aleksandr Sergeyeviç Puşkinin yaşadığı dövrdə Rusiya ictimai – siyasi hadisələrlə zəngin idi. Oyanan  rus  xalqının   mədəniyyət   və   mənəviyyatında   həmin   illərdə   olduqca   böyük  dəyişikliklər   meydana   gəlmişdi.  Bu   hadisələr   Rusiyanın hüdudundan kənara çıxmış,  beynəlxalq aləmə də səs  salmışdı.  O  zaman Rusiya   bütün Avropaya  Napoleon   işğalından   nicat  vermişdi. 1812-ci  il  müharibəsi   Rusiyada   həmin  dövrə  qədər   görünməmiş   milli   iftixar   hissi oyatmış,  rus   vətənpərvərliyini  qüvvətləndirmiş və Avropanı zülm altında inlədən  Napoleon üzərində  cahanşümul   tarixi   qələbə  ilə  nəticələnmişdi.  Burada   kiçicik  bir   haşiyə  ilə  Puşkindən   az  qala   əsr  yarım  sonra,  İkinci  Dünya və  Böyük  Vətən müharibəsində keçmiş   sovet  ölkəsinin    xalqları  ilə  bərabər,  yenə   elə  Avropanın   özündə  yaranmış   və   Avropanın   özünü  də  darmadağın   etmiş   alman   faşizminə   qarşı  mübarizə   və   qələbədə   Rusiyanın danılmaz  mövqeyini   yada salmaq   istəyirəm. Yada  salınası   faktların  az  olmasına  baxmayaraq, yenidən  Puşkin  dövrünə  qayıdıram.

Puşkinin   özü   bunu   aydın  ifadə  edərək   demişdi:  ” Ruslar  öz qanları  ilə  Avropa üçün  azadlıq,  şərəf  və  dinclik   qazandılar  ”. Puşkin  bunu  da  demişdi: ” Avropa  Rusiya  barəsində  həmişə  nadan  olduğu  qədər  də  nankor  olmuşdur “.

1812 – ci  il  müharibəsi  Puşkinin  qəlbində   böyük   vətənpərvərlik   duyğusu,  öz vətəni,  onun  gələcəyi  üçün  iftixar   hissi  alovlandırmışdı.  Aleksandr  Sergeyeviç  hələ  14  yaşlı  uşaq   ikən  böyük   rus  sərkərdəsi  Kutuzovun   vəfatını   eşitdikdə, qəmli  duyğuları  ilə   yazmşdı: 

 

Qələbəylə,  şöhrətlə   bəzənsə   də  həyatı,

Vətənini   ağlatdı   Kutuzovun   vəfatı.

Əbəs   ümid  bəsləyib,  əbəs  sevinir  cani

Zənn  edir  yoxdur   artıq  qarşısında  bir  mane.

Sıralar   üzərində   gəzəcək   ruhu   onun

Xalqın   içindən  çıxan   böyük   vətən   oğlunun.

Belə   oğul   verən   xalq  zənn  etmə  ki,  xar  olar,

Yeni   bir   rəhbər   çıxar,  Allah   bizə   yar   olar.

 

Şair   rus   torpağı  tarixinin   bu   şanlı   dövrünü   öz   əsərlərində   dəfələrlə  tərənnüm  etmişdi.  O, məşhur   “ Yevgeni  Onegin ”  romanında   qədim   və   möhtəşəm  Moskvanın   simasında  öz  xalqının  qüdrət  və  qüvvətini  qürur   hissi   ilə   tərənnüm  edib   yazırdı:

 

Artıq, Pyotr  qəsri görünür,  budur!

Ağaclıq   içində  qaranlıq   və  tək

Yaxın   keçmişilə   fəxr  edib  durur.

Bir   son  səadətlə  nəşələnərək,

Napoleon   elə   zənn  etdi  ki,  təkdir...

Önündə   Moskva  diz  çökəcəkdir,

Ona   veriləcək  Kremlin   açarı;

Xeyr !  Moskvanın  qəhrəmanları

Başını   əymədi   onun   önündə.

Ona   bac  vermədi  mənim  Moskvam,

Onun  şərəfinə   qurmadı   bayram,

Yanğın   hazırladı  ona  o  gündə !

O  da fikirlərə  daldı  heyrətlə,

Qorxunc  alovlara  baxdı  heybətlə.

 

Rus   xalqının  daxili   düşmənlərinə   qarşı  sonsuz   nifrətini   gizlətməyən   Puşkin,  onun   xarici   düşmənlərini   də   ifşa  edirdi. “ Rusiyaya   böhtan   atanlara ”  şeirində Puşkin   üzünü    müharibə   qızışdıran  ölkələrə  tutaraq  deyirdi : ” Siz  sözdə  müdhişsiniz.  Özünüzü   işdə   göstərin.  Ruslar   qalib   gəlməyi   yadırğamamışlar. Yatağında   dinc   uzanan   cəngavər   İzmayıl   uğrunda   döyüşdə   qələbəyə   yol  açmış   süngüsünü    yenidən   taxa   bilər.  Qəzəbdən   titrəyən   Kremldən   başlamış  Çin   səddinədək   rus   torpağı   polad   süngülərlə   parlayıb   ayağa  qalxar.  Əgər  tarixin   dərsləri   sizə   bəs  deyilsə,  öz   qudurmuş   oğullarıınızı   üstümüzə  göndərin. Rusiyanın   çöllərində   sizə  tanış   olan  qəbirlər   arasında   onlara  da   yer   tapılar! ”

“ Rusiyanın   gözləri   sənə   dikilmişdir.  Səni   sevirlər,  sənə   inanırlar,   səndən  nümunə   götürürlər ”.  Bu   sözləri  1825 – ci  ildə  dekabrist    şair  K. Rıleyev   Puşkinə  yazmışdı.  Bu   sözlər   Puşkin   sənətinin   yüksək   qayə   və   əzəmətinə   işarə  idi. Dekabrist   A. Bestujev  1833 – cü  ildə   öz  dostu   N. Polevoya    məktubunda    Puşkin   haqqında    yazmışdı : ” Mənim   adımdan   ona   deyin  ki,  sən   Rusiyanın  ümidisən ”.  Böyük   sənətkar   haqqında   deyilmiş   bu   sözlər   tarixi  bir   həqiqət  idi. Əgər   dekabrist   Bestujev   Puşkini   Rusiyanın   ümidi    hesab   etmişdisə,   Puşkin  isə  gələcək   nəsli   Rusiyanın    ümidi   adlandırmışdı. 

Puşkin  rus   poeziyasının   ən   yaxşı  milli   ənənələrini   davam   və   inkişaf  etdirməklə   bərabər,  bu   poeziyanı   dünya   səhnəsinə   çıxarmış   və   yeni   tipli  poeziya   yaratmışdı.  Puşkinin   poeziyası   dünya   poeziyası   tarixində   realizmin  qələbəsi  idi.  Real   varlıqdakı,  xalqın   gündəlik   mübarizə   və   həyatındakı  şairanəliyi,  gözəlliyi  görmək,   duymaq   bacarığı  Puşkinin   ən   gözəl  xüsusiyyətlərindən   idi.  Şairin   realizminə   qüvvət   verən  bu  xüsusiyyət  ən  yaxşı  bir   ənənə   kimi   rus  ədəbiyyatının   inkişafında   böyük   rol  oynamışdı. Bu  cəhətinə  görə   Puşkin   bütün   dünya   yazıçıları  və  şairləri  içərisində   fərqlənirdi. Heç  bir  yazıçı   və   şair  öz   xalqının   mənəvi   saflığını,   gözəlliyini    Puşkin   kimi   məharətli  bir   şəkildə   təsvir   edə  bilməmişdi.

İnsan   qəlbini,   xüsusilə   rus   qəlbini   çox   gözəl   bilən, rus ruhunun   sirlərinə, incəliklərinə    dərindən   bələd   olan   Puşkin,  eyni   zamanda    müqtədir   bir  dil  ustası  idi.  Onun   dili   sadə,  təmiz  və   ifadəlidir.  O,  zahiri   bəzək   və   dəbdəbə  ardınca   qaçmır,  hər   şeydən  əvvəl,  mənaya,  fikrə   və  həyat   həqiqətinə  əhəmiyyət   verirdi.  Şairin   müasiri   olan  yazıçı   N.V. Qoqol   yazırdı : ” Puşkinin  adı  çəkiləndə   dərhal   fikrimizdə   rus   milli   şairi   canlanır.  Onda   sanki   bir   lüğət  kimi dilimizin bütün zənginliyi,  qüvvəti   və   incəliyi   toplanmışdır. O,  hamıdan   artıq  dilimizin    hüdudunu   genişləndirdi,   onun    bütün   vüsətini   göstərdi.  Puşkin fövqəladə   bir   hadisədir və bəlkə də rus ruhunun yeganə bir hadisəsidir:  o,  rus adamının son inkişaf   nəticəsidir,  belə   bir   adam   bəlkə   iki   yüz   il   sonra  yarana   bilər ”.

“ Rus   şeirinin    günəşi ”   adlandırılan    Puşkin    rus   xalqında   tükənməz   yaradıcılıq  qüvvəti   olduğunu    hiss    etmişdi.  Buna  görə  də  şair  həmişə   xalq   yaradıcılığına  böyük   mənəvi   bir   sərvət  mənbəyi   kimi   baxırdı. Xalq   mahnılarını,  nağıllarını, atalar   sözlərinin   həvəslə   və  diqqətlə  toplayıb  öyrənən  şair,  buradakı  xalq  hikmətinə,  dərin   mənaya   heyran  olurdu.  Xalq  nağıllarının   hər   birini   “ bir  poema”  adlandırırdı. O,  yazırdı  ki, rus  dilinin  xüsusiyyətlərini   mükəmməl   surətdə  bilmək   üçün   qədim   mahnıları,   nağılları   və   sairəni   öyrənmək   lazımdır.

Puşkindən    sonra   yetişən   bütün   rus   sənətkarlarının,   istər   şair   və  yazıçıların, istərsə   də   bəstəkar  və   rəssamların  əsərlərində    biz   rus   ədəbiyyatının   ölməz  dahisindən   şəfəqlər   görür,  onun   mövzularının   yeni   üsulda   davamı  ilə   rastlaşır, onu    bu   gün  də  müasirimiz   hesab   edirik.  Bu  gün   Rusiyada   elə   bir   rəssam  yoxdur  ki,  Puşkin    əsərlərinə   illüstrasiyalar   çəkməsin,  elə   bir   bəstəkar   yoxdur  ki,  Puşkinin    söz   sənətini   musiqi   və   balet   dilinə   çevirməsin,  elə   bir   şair   və  yazıçı  yoxdur  ki,  onun   sənət   çeşməsindən   su   içməsin.  Çünki   Puşkin   mənsub  olduğu   xalqın   ruhunu,   mənəviyyatını   formalaşdıran   elə   bir   sənət  yaratmışdır  ki,   bu   sənət   güzgüsündə   xalq   özünü,   öz   milli   varlığını   görmüş,   özünü   dərk  edib    tanımışdır.  Belinskinin    “  Yevgeni  Onegin ”    mənzum    romanını    “ Rus həyatının  namusu ”    adlandırması   da   məhz    bununla    izah   olunurdu.

Puşkini    yalnız   rus   xalqı   üçün   deyil,   bütün   zəhmətkeş    xalqlar    üçün   sevimli  edən   hər   şeydən   əvvəl,  onun   böyük   insanpərvərliyi,   dərin   humanizmi  idi.  O, doğrudan   da   böyük    vətənpərvər,   azadlıq   və   sülh sevən   bir   şair  idi.  Rus  xalqının   qabaqcıl   fikirlərini    ifadə    edən   Puşkin,   hər   cür   sinfi    və   milli  əsarətə,   köhnəliyə    düşmən   idi. O,  insanları    hansı    millətdən    olursa – olsun,  azad,    rahat    görmək   istəyirdi.  O,   başqa  xalqları   əzən  çar  mütləqiyyətinə,  onun  zülmkar   siyasətinə   düşmən  idi.  Şair   süngülər    və   dar    ağacları   üzərində  qurulmuş    çar    mütləqiyyətini    “ çürümüş  bənd ”   adlandırırdı.  “ Abidə ”    adlı  şeirində    şair   öz   yaradıcılığının   beynəlmiləl,  demokratik    bir   ruhda   olmasını  fəxrlə   qeyd   edirdi: 

Mənim  qəddar  əsrdə nəğməm  hürriyyət  oldu,

Rübabımla  oyatdım  incə-incə  duyğular.

İstəyim  məzlumlara  yalnız  mərhəmət  oldu,

Onunçun  da  xalq  məni  hər  zaman  əziz  tutar...

 

Puşkin   həqiqətən   rus  ədəbiyyatı  üçün   bir   günəş  idi.  Bu   ürfan   günəşinin   nuru  təkcə   rus   xalqına    və   rus   ədəbiyyatına  deyil,  başqa  xalqların   mədəniyyətinə  də    ruh   verirdi.  Azərbaycan    xalqının   mütərəqqi   düşüncəli   övladları,   ziyalı   və  sadə    insanları   nəinki   Puşkini    yaxşı   tanıyır,  hətta   onu   dərin  bir   məhəbbətlə  sevirdilər.  Sənətini   və   dühasını   yüksək   qiymətləndirirdilər.  Böyük   şairin   Qafqaz  haqqındakı,   azərbaycanlıların   qoçaqlığı   barədəki   şeirlərini   də    sevə - sevə oxuyurdular.

Rus    ədəbiyyatını   maraqla   öyrənən    Mirzə   Fətəli   Axundov   Puşkini    “ şairlər  ordusunun   başçısı ”   adlandırmışdı.  Təsadüfi   deyildir   ki,  Puşkinin   ölüm   xəbərinə  Lermontovdan    sonra    Axundov    həyəcanlı    bir   poema   ilə   münasibət  bildirmişdi.   “ Səbuhi ” nin   kədərli,  eyni   zamanda    qəzəbli   şeirləri   ilə   ağsaçlı   Qafqazın    Puşkinə    yas  tutduğunu   bildirmişdi.  Hadisəni    sevimli   oxucularımın   bir   daha   yaddaşında  canlandırmaq   istəyirəm.

Puşkinin   son   illərdəki   ədəbi   və   mühərrirlik    fəaliyyəti   mürtəce   dairələrdə   və  sarayda   böyük   narazılıqla   qarşılanırdı.  Xüsusilə  I  Nikolay   şairin   özünü   müstəqil  aparmasından,   açıqfikirli  sözləri  və  şeirləri   heç   kəslə   hesablaşmaq  istəməməsindən   çox   narazı  idi.  Bu   narazılıq   böyük   şairlə   hökmdar   arasındakı  vəziyyətin   getdikcə   kəskinləşməsinə   səbəb   olurdu.  Nəhayət,   bu  gərgin  vəziyyət  son   həddinə   çatdı. Çarın   satqın   nökərləri  gizli,   təhqiramiz    məktublar  vasitəsilə   şairi   kübar   məclislərində    tüfeyli    həyat   keçirən   Dantes   adlı   bir   gənc   ilə   duelə   çıxmağa  məcbur   etdilər. Bu   dueldə   Dantes   Puşkini   ölümcül  yaraladı. Üç   gün   sonra,  1837- ci  il   fevralın  10 – da  Puşkin   vəfat   etdi.

Şairin   dörd   uşağı  var  idi : iki  oğlu,  iki  qızı.  Aleksandr    Sergeyeviç   namərd  gülləsindən   öləndə   onun   böyük   qızı   Mariyanın   hələ   beş   yaşı   tamam  olmamışdı,  kiçik   qızı  Natalya  isə  doqquz  aylığında  idi.

Rus   yazıçısı  və  filosofu   Aleksandr   İvanoviç   Gertsenin   sözləri  ilə  desək :” Puşkinə   açılan   tapançanın   səsi   Lermontovun   ruhunu   ayıltdı “.  22  yaşlı  gənc  Lermontov   böyük   şairin   ölümü  münasibətilə   yazdığı   məşhur   “ Puşkinin  ölümünə ”   şeirində   çarın   ətrafında   toplanmış   “ azadlıq,   şərəf   və   düha  cəlladlarını ”   qəzəb   və   nifrətlə  lənətlədi.

Puşkinin    ölüm   xəbərini   eşidən   Qafqaz   isə  o  zaman  öz  kədərini  25  yaşlı  bayaq  qeyd  etdiyim  kimi,  gənc  Səbuhinin  ( Axundovun)   məşhur   “ Şərq  poeması ” ilə   izhar  etdi. Şairin   ölümünə   həsr   edilmiş   poeziya   nümunələri   içərisində   ürək  ağrısı   ilə   yazılmış   bu   iki   əsər  Puşkinə   olan   ümumxalq   məhəbbətinin   ən  gözəl   ifadəsi  idi.  M.F. Axundovun   poeması   rus   dilinə   tərcümə   edildikdən   sonra  1837 – ci   ilin   mart   ayında   “ Moskovski  nablyudatel ”   jurnalında   dərc   edilmiş   və   rus   mətbuatında   “ Böyük   rus   şairinin   məzarına   qoyulmuş   gözəl   bir   çiçək ”  kimi  qiymətləndirilmişdi.

Əgər   nəzərə   alsaq  ki,  Mixail  Yuryeviç   Lermontovun    “ Puşkinin  ölümünə ”   şeiri  müəyyən  səbəblərə   görə   hələ   o   zaman   mətbuata   yol   tapa  bilməmişdi,  şeir   əlyazması  halında   qorxulu   əsər   kimi    əldən - ələ    gəzirdi,  deməliyəm   ki,  Axundovun    poeması    dahi    rus   şairinin   ölümü   haqqında   dərc   olunan   ilk   əsər  idi.

Xalqımızın   parlaq   məfkurə  sahibləri   olan   ziyalılarından    A. Bakıxanov,   Mirzə  Kazımbəy,   Həsənbəy   Zərdabi,  Seyid   Əzim  Şirvani,  Nəcəfbəy   Vəzirov,   Abbas  Səhhət,   Cəlil   Məmmədquluzadə,  Əbdürrəhimbəy   Haqverdiyev   rus    ədəbiyyyatının    mütərəqqi   rolunu   başa   düşüb,   Azərbaycan   ədəbiyyatını   da   bu  yol   ilə   inkişaf   etdirməyə   çalışırdılar.

Ədəbiyyatımızda   və   ədəbiyyatşünaslıq   elmində   öz   sözünü   demiş   və  imzasını  təsdiqləmiş   simalarımızdan   biri   də   görkəmli   yazıçı,   pedaqoq,   filologiya    elmləri  doktoru,  professor,   böyük   insan   və   şəxsiyyət   Mir   Cəlal   Paşayevdir.  Tanınmış  ədibin    yaradıcılığı   rus   ədəbiyyatı   ilə   sıx   bağlı  idi.

    Rus   xalqının    dahi  şairi   kimi   qiymət    verdiyi    A.S. Puşkinin   150   illik  yubileyinə    həsr   etdiyi “Puşkin və Azərbaycan ədəbiyyatı” məqaləsində (“Azərbaycan gəncləri” qəzeti, 5 iyun, 1949 – cu il) Mir Cəlal yazırdı: ”Azərbaycanda    Mirzə  Fətəli  ilə   başlayan   yeni   demokratik   ədəbiyyat    böyük    rus    klassiklərinə,  onların    zəngin    sənətinə   arxalanırdı... Mirzə   Fətəli  Axundovdan    sonra    rus    ədəbiyyatının    böyük   tərəqqipərvər   əhəmiyyətini   dərk  edən   və  o  yola  meyl  göstərən  şairlərdən  biri  də  Seyid  Əzim  Şirvanidir.  Seyid  Əzimin   yeni   ədəbiyyata   doğru  meylinin  ən  qüvvətli  nümunəsini   “ Puşkinə   heykəl   qoyulması   münasibətilə ”  ( 1880)  yazdığı  şeirdə  görmək  olar. Həcmcə  kiçik  olan   bu  şeirdə   Seyid   Əzim   Puşkin  şeirinin   “ fərasətindən,   kamillik   və  şirinliyindən ”    və   şairin   məclisləri    zinətləndirən   şeir   və   nəsrindən   bəhs  edir... Məlumdur  ki,   Seyid    Əzim   rus  dilini   və  ədəbiyyatını  yaxşı  bilmirdi.  Buna  baxmayaraq,  o,  böyük   rus   şairinin   əsərlərini,   romanlarını   öyrənməyə,  onlar  haqqında   ətraflı   məlumat   almağa   çalışırdı. Çünki   Seyid   Əzim   də  Puşkin  yolunu   yeni,   həqiqi   ədəbiyyat   yolu   sayırdı.

Mir Cəlal Paşayev daha sonra yazır ki, yalnız mərkəzdə, böyük şəhərlərdə  deyil, Azərbaycanın rayon mərkəzlərində də Puşkini tanıyır və sevirdilər, onun    xatirəsini    əziz    tuturdular.  1899 -  cu    ildə   Puşkinin   anadan   olmasının 100  illik   yubileyi mədəniyyət bayramına çevrilmişdi.  Ədib  yazırdı: ”1899 – cu  ildə mayın  26 – da Naxçıvanda “Məktəbi – tərbiyə” adlı məktəbdə    Puşkinin  yubileyinə    həsr   edilmiş   xüsusi   təntənəli   yığıncaq   keçirilmişdi.  Burada  ziyalılardan,   məktəblilərdən başqa,  şəhər   əhalisinin başqa təbəqələri də  iştirak  etmişdi. Yığıncaqda qabaqcıl maarifpərvər müəllimlərdən    şair    Məmməd  Tağı  Sidqi    şairin    həyat və yaradıcılığı haqqında   məruzə etmişdi. Bu məruzə  sonradan “Puşkin” adı ilə kitabça halında çap olunmuşdur ”.

Məqaləsində    rus   ədəbiyyatından,   xüsusilə    Puşkin    yaradıcılığından    Azərbaycan    dilinə   edilən    tərcümələrdən   bəhs   edən   Mir   Cəlal,   Abbas  Səhhətin   adını   önə   çəkir. Yazır  ki, bədii  tərcümə   sahəsində    çox  müvəffəqiyyətlə    çalışan   şair   Abbas   Səhhət   dahi   rus   şairinin    əsərlərindən  gözəl,  orijinal    tərcümələr   etmişdir.  A. Səhhətin   Puşkindən   etdiyi   tərcümələr  içərisində  ( “ Uçqun  və  ya uçurum ”,  “ Qış  yolu ”, “ Qaraçılar ”  ( bir  parça), “ Suda  boğulmuş ”,  “ Gəzərəmsə” və s.) “ Qafqaz ”  şeirinin  xüsusi   əhəmiyyəti  vardır. Puşkinin    bu   şeiri   o   zamandan   bəri   dərs   kitablarında   təkrar   nəşr   olunur.

Mir   Cəlal   məqaləsini    bu   fikirlərlə   bitirir: ” Puşkin   özünün   dahiyanə   əsərlərilə  yalnıız    rus    xalqının   deyil,   Azərbaycan    xalqının  da  mədəniyyətinə,  ədəbiyyatına    böyük    xidmət   etmişdir   və  indi  də   etməkdədir. Puşkinin  mədəniyyət    və   ədəbiyyat   adamlarının,  Azərbaycan   oxucularının   və   bütün  zəhmətkeşlərin   qəlbində   doğurduğu  məhəbbət,  iftixar   hissi   təbii  və  qanunidir. Puşkin    böyük    qardaşımız   rus   xalqına   olduğu   qədər   bizə  də  doğma  və  əzizdir.  Puşkin  bizim  də  iftixarımızdır ”.

Sevindirici   hal   kimi   yada  salmaq  istərdim  ki,  Mir  Cəlalın  dediyi  kimi,  bizim  də  iftixarımız   olan   unudulmaz   Puşkinin   doğum  günü,  yeni   təqvimlə   6 iyun  tarixi   2011-ci  ildən   etibarən   Rusiyada    dövlət   səviyyəsində    Rus  dili   günü    kimi   qeyd   olunur. Şairin   vəfatı  – 10  fevral   tarixi isə  ölkədə   hər  il  Puşkinin   anım   günüdür.

Tanınmış   rus  tənqidçisi   Vissarion   Qriqoryeviç   Belinski   hələ  “ Ədəbi  düşüncələr”  məqaləsindən  sonra ,  1835 – ci   ildə   yazdığı    “ Rus  povesti  və   c. Qoqolun  povestləri  haqqında ”   ikinci   məşhur   məqaləsində    “Xalq   yazıçısı   kimdir? ” sualuna   cavab   olaraq,  yalnız   N.V.Qoqolu   bu   böyük   ada  layiq  görürdü.  Onun povestlərinin   əsasında   həyat   həqiqətlərinin   durduğunu,   onların   orijinallığını   və  xəlqiliyini   qeyd   edirdi.  Belinski  Qoqolun  simasında   heç  kəsi  təkrar  etməyən  son  dərəcə  orijinal,  realist   bir   yazıçı  görür  və   onun   Rusiya   üçün   çox   qiymətli  şəxsiyyət    olduğunu   göstərirdi.  Daha  sonra, 1842 – ci  ildə   Belinski  yazırdı : ” Qoqolun  ümumiyyət   tərəfindən   ləyaqətlə   qiymətləndirilməsi   və   anlaşılması  üçün  hələ   çox   zaman   keçəcək   və   çox  yeni   nəsillər   həyat   səhnəsinə    gəlib – gedəcəklər ”.

Görkəmli  şair, yazıçı, dramaturq,  tənqidçi,  publisist  Nikolay  Vasilyeviç  Qoqolun  bəşəriyyət  qarşısında  xidmətləri  böyükdür.  O, rus  ədəbiyyatının   ən   böyük  dühalarından,  klassiklərindən   biridir.  Sənət  aləmində   Puşkinlə   yanaşı   olan   böyük   yazıçı,  rus  ədəbiyyatının  qüdrətini  qat – qat artırmış, onun  şöhrətini  bütün  dünyaya  yaymışdır.

Qoqol   vətənpərvər   bir   yazıçı,  öz   zəmanəsinin   açıqfikirli   adamlarının   mənəvi  silahdaşı,  rus   xalqının   həqiqi   oğlu  idi.  Qoqol   üçün   rus  torpağı,  Rusiya   hər  şeydən   əziz   idi.  O,  deyirdi  ki,  ürəyimdə   yalnız   Rusiya,   təkcə   gözəl   Rusiya  yaşayır...

Qoqol   rus   xalqının   qüdrətinə,   Rusiyanın   məğlubedilməz   olduğuna   böyük   inam  bəsləyirdi.  Yazıçının   sənətinin   gücü   onun   dərin   realizmində  idi.  Əlbəttə,  bu  realizm   öz – özünə   təşəkkül   tapmamışdı. Bu  realizmi   təmin   edən,  sənətkarın  yorulmaq   bilməyən   həyat   müşahidələri   və   malik   olduğu   zəngin   həyat  təcrübəsi   idi. Xalqın   həyatı   ilə  dərindən,  daimi   və  ardıcıl  surətdə  tanış  olmağa  can   atmaq   həmişə    Qoqolu   düşündürən    əsas   vəzifələrdən  biri  idi. Hələ  kamil  bir  sənətkar   olduğu   zamanlarda   belə,   Qoqol   xalq   həyatı   haqqında   bildikləri  ilə   kifayətlənmirdi.  Qoqol   belə   hesab   edirdi  ki,  xalqın   həyatı   ilə   müvəqqəti  bir  zaman  üçün  belə,  əlaqəsini  kəsən   yazıçı   böyük   sənət  əsərləri  yarada   bilməz. 1847 – ci  ildə   Qoqol   tanışlarının   birinə   yazırdı: ” Mənə   hələ  çoxlu   bilik  toplamaq   lazımdır,  mənə  Rusiyanı   yaxşı  bilmək  lazımdır...  Mənim  əzizim, incəsənət    böyük  işdir... Yaradıcılıq  qabiliyyəti  böyük qabiliyyətdir... Bu  qabiliyyətdən  bir   hissə   də  məndə  var.  Mən  yaxşı  bilirəm ki,  bu  qabiliyyəti  lazım   olan  yerə  və  tələb  olunan  qədər  işə  sərf  etməsəm, xilas  ola  bilmərəm,  rahat  ola  bilmərəm. Lakin   bunu   da  bilirəm  ki,  mən  bu  qabiliyyəti  düzgün  bir  yolda  işlətmək  üçün  ancaq  o  zaman  özümdə  qüvvət  hiss  edə  bilərəm  ki,  mənim  ağlım  iş  haqqında  tam   aydınıq   əldə  edə  bilsin... Mənim   obrazlarım  canlı  çıxmaz,  əgər  mən  onları  bizim   materialdan,  bizim  torpaqdan  qurmasam.  Mən  elə  obrazlar  yaratmalıyam  ki, bizlərdən   hər  kəs  dərindən  hiss  etsin  ki,  bu,  onun ətindən,  qanından   götürülmüşdür;  ancaq   belə  olduğu  halda  o,  yuxudan  ayılar,  ancaq   bu  zaman  o,  başqa   adam  ola   bilər ”.

Qoqol  haqqında   Mir  Cəlalın yazdıqları ilə  tanış  olaq: ( “  Böyük  realist ” məqaləsi,  “ Kommunist ”  qəzeti,  4 mart, 1952 – ci il)  “ Hələ  15 – 16  yaşlarında  məktəbli  olduğum   zaman  həyat   və  məişətdən,  həqiqi   ictimai   münasibətlərdən,  canlı  insanlardan   danışan   hekayələri   maraqla   oxuyardım. Nədənsə  o  zaman  bu  hekayələrin   müəllifi   ilə  heç  də  maraqlanmazdım.  “ Şinel ”   hekayəsini   məhz   bu  illərdə   ( 1924 – 1925)  yazıçılıq   ilə  heç   bir   əlaqəm   olmadığı,  yazmağı  heç  fikrimə   də  gətirmədiyim    zamanlar   oxumuşam. Hekayənin    qəhrəmanı,  ömrü  boyu   kağızları   köçürməkdən   nəinki   təngə  gəlməyən,  hətta  bu   işdən  qəribə  bir  həzz   duyan    Akaki    Akakiyeviç    Başmaçkin    indi   də  yadımdadır. O  zaman   bu  tipi   mən   qəribə,  bəlkə  də  əyləncəli,  ələsalmalı   adam   kimi   təsəvvür   edirdim. Onun   “ inşallah   sabah  da   üzünü   köçürməyə   kağız   tapılar ” – deyə,  gecələr  də  keçirdiyi   “ həsrətə ”   təəccüb   edirdim.

Sonralar,  məndə   yazmaq  həvəsi  doğandan,  əlimə   qələm   alandan   sonra,  məhz  öyrənmək   üçün  böyük   rus   ədəbiyyatının   A. Puşkin,   A. Çexov,  M. Qorki  kimi  nümayəndələrilə   yanaşı,  Qoqol  yaradıcılığına  da  müraciət  edəndə,  bu  hekayəni  təkrar  oxuyanda ,  gördüm  ki,  burada  mətləb  yalnız  bir  kargüzarın  məsələsi   deyil. Yazıçı   çox   böyük   bir   məsələni  –  insanda   qeyri – insanilik   törədən,  insan  ləyaqətini  alçaldan,  adi  adamları  möhtac,  ağır  vəziyyətə  salan,  təhqir  edən  bir  mühiti  və  münasibəti,  əslində   isə   ictimai   bir   faciəni   göstərmiş,  haqsızlıq,  zülm   və    istismar  dünyasını   satira  atəşinə  tutmuşdur ”.

Mir  Cəlal  yazıçıya  böyük  dəyər  verərək yazır  ki,  Qoqolun   təsvirindəki   həqiqilik, əyanilik,   tipiklik,   adamları,  hadisələri   müstəsna   həssaslıqla   müşahidə  edib  qələmə  almaq,   hər  bir  epizodda   böyük  bir  aləm  canlandırmaq   qüdrəti  məni  heyran  edirdi. Onun   bədii   xarakteristika  üsulları   çox   müxtəlif   və  zəngindir.  Akaki  Akakiyeviç   şikayət   və   xahiş   etməyə  “ əhəmiyyətli  adam ”   axtarır.  “ Əhəmiyyətli  adam”,  vəzifə   sahibi   isə   onu   qapısında  çox  gözləməyə   məcbur  edir.  Ona  görə yox  ki,  məşğuldur, yox!  O, çoxdan  görüşmədiyi  uşaqlıq   yoldaşı  ilə  doyunca  söhbət   edib   yorulmuşdur,   divana   söykənib   papiros  çəkir,  söz  axtarırdı. Buna  baxmayaraq,  “əhəmiyyətli  adam ”  Başmaçkini  qəbul  etmir,  o,  bununla  yoldaşına  göstərmək  istəyir  ki,   “ gör  mənim  qapımda  çinovniklər  nə  qədər  gözləməli olurlar ”.  Qapıda  isə  Başmaçkin  böyük  ümid   və  intizarla  həyəcan  keçirməkdədir. ..

Qoqolun    yaradıcılığının   inkişafında  təbii  ki,  Puşkinin  rolunu  da  etiraf  etmək  yerinə   düşərdi.  Onlar  1831 – ci  ildə  tanış  olmuşdular.  Puşkin   Qoqolun   əvvəlki  əsərlərini  oxuyub   bəyəndiyini   etiraf   edir,  yazıçıya  məsləhətlər  verir,  gələcəkdə  onun  böyük   bir  ədib  olduğuna  inandığını  bildirir,  bunula  da  Qoqolun  ruhuna  ilham,  qələminə  qüvvət   aşılayırdı.  Məşhur   “Müfəttiş ”   və   “ Ölü  canlar ”  əsərlərinin  mövzusunu  da   Qoqola   Puşkin  vermişdi. Rus  xalqının   milli  ədəbiyyatının   özülünü   qoyan  da   bu  iki  parlaq  sima  –  Puşkin  və  Qoqol  olmuşdu.

Rus   ədəbiyyatını   dərindən   bilən   Mir  Cəlal,  Belinskinin   sözlərini   bir  daha  təsdiq edərək  yazırdı: ” Puşkinin   şeirdə   etdiyi  çevrilişi   Qoqol  nəsrdə  etmişdir ”. Bu  hökmü   əlbəttə ki,  yalnız   rus  ədəbiyyatı  çərçivəsində  düşünməməliyik.  Çünki  Rusiyada   realizm   ədəbi   məktəbinin   yüksək   mərhələyə   qaldıran  Puşkin,  Qoqol, Tolstoy   və   başqa  bu  kimi  böyük  yazıçılar  keçən  əsrdə  ümumən   dünya  ədəbiyyatının   parlaq   realist   nümunələrini   yaratmışlar... M. Qorki  böyük  rus  ədəbiyyatının  ümumdünya   tarixi  əhəmiyyətindən  danışanda,   bu  ədəbiyyatda  realizm   və   romantizmin   bir   növ   birləşdiyini   göstərir.  Bu   xüsusiyyəti   Qoqol  yaradıcılığında   da   görürük.  Onun   ölməz   əsərlərində   lirika  ilə  təhkiyə,  kəskin  sarkazm   ilə   mülayim   yumor,  qəhrəmanlıq    təntənəsi   və  romantika  ilə  öldürücü  satira   orijinal   bir  surətdə  verilmişdir. Bir  tərəfdən    “ Şinel ”,  “ Köhnə  dünya  mülkədarları ”,   “ Müfəttiş ”   və   sairə   kimi  xalis  realist  – satirik  planda  yazılmış  əsərlər,  digər  tərəfdən   romantik – qəhrəmanlıq   planında,  yüksək  cəngavərlik  xüsusiyyətlərilə   yazılmış   “ Taras  Bulba ”    Qoqol   yaradıcılığının   zənginliyinin, çoxcəhətliliyinin,  mürəkkəbliyinin,  öz  doğma  xalqının  həyatı,  taleyi   ilə  möhkəm  bağlı   olduğunu   göstərir.

XX  əsr  Azərbaycan ədəbi  tənqidinin  ən  çox  diqqət  yetirdiyi, yaradıcılığına dərin  maraq  göstərdiyi   rus yazıçılarından  biri  də  Lev Nikolayeviç   Tolstoy  idi. Rus cəmiyyətinin   misilsiz    bədii   təsvirini  verən   bu  dahi  söz   ustasının   əsərləri,  ictimai – siyasi  və  fəlsəfi   baxışları  ən  müxtəlif   yazıçıların   fikrini  özünə  cəlb  edirdi.  Tolstoy   haqqında   fikir   söyləyənlərdən   biri  də  Mir  Cəlal  idi.

Mir Cəlalın Tolstoy haqqındakı çoxsaylı  məqalələri  özünəməxsus   əhəmiyyətə  malik  olduğuna   görə,   bu  barədə   bir  müddət  əvvəl  Tolstoyun  vəfatının  105  illiyi  münasibəti   ilə  yazdığım   “ Mir  Cəlal   və  Lev Tolstoy ” adlı   məqaləni    ( “Həftə  içi ” qəzeti,  4  noyabr 2015 – ci il )    oxuculara   təqdim   etmişəm.

Ədəbiyyatşünas   alim,   müəllim    və   yazıçı  kimi   Mir  Cəlal   rus   ədəbiyyatının görkəmli   nümayəndələrindən   biri   Anton   Pavloviç   Çexovun   da   yaradıcılığına diqqət   və  maraqla  yanaşmışdır.

İxtisasca   həkim   olan,  dünyanın   məşhur   yazıçı,  dramaturqlarından  biri  kimi  şöhrət   qazanan  Çexov,  25  illik  yaradıcılıq   dövründə   900 – dən  çox əsər  yaratmışdır. Yeniyetmə    yaşlarından   çətin   həyat  yolu   keçmış  Çexovun  daxili  aləmində  insanlıq   vüqarı,  ədalətlilik,  vicdan   və   həqiqət   meyli   getdikcə  güclənirdi.  Bəzən  ailə  içərisində   də   Çexovun  “ Yalan  danışma ”,  “ Bu, düz  deyil ”, “ İnsaflı  olmalıdır ” və   s. sözlərini   eşitmək   mümkün  olurdu.  Onun  yaradıcılığına   xas  olan   əsas  xüsusiyyət   namuslu   insan   olmaq   azusu  idi. Namuslu   insan   isə   heç  bir   zaman  yalan,   haqsızlıq   və  zülm   ilə  razılaşa  bilməz.  Hələ  16  yaşında  ikən  kiçik  qardaşına   yazdığı  bir  məktubda   Çexov  deyirdi: ” Sənin   yaxşı   xəttin  var   və  bütün   məktubda   bir  dənə  belə   qrammatik   səhvə  rast  gəlmədim.  Ancaq   bir   şey   mənim   xoşuma   gəlmir:  sən  nə  üçün  öz  şəxsiyyətini   “ heç olan  və  görkəmsiz   qardaşın ”  deyə   adlandırırsan?  Öz  heçliyini  etiraf  edirsən?..Bilirsənmi  heçliyini  harada   etiraf  et?  Tanrı  qarşısında,  bəlkə   də  ağıl,  gözəllik,  təbiət  qarşısında   etiraf  et, lakin  insanlar   qarşısında   deyil. İnsanlar   qarşısında   öz  ləyaqətini   etiraf  etməlisən.  Sən  ki, fırıldaqçı  deyilsən,  sən ki,  namuslu  adamsan? Elə   isə,  namuslu   adam   olduğun   üçün  özünə  hörmət  et   və  bunu  bil  ki,  namuslu   adam   heç   demək  deyildir ”.

Bu  sözlər  sonradan  daha  da  qüvvətlənib   Çexovun   həyat   məramnaməsi  oldu. O,  artıq  öz  qarşısında  böyük   bir   məqsəd   qoymuşdu:  insan  özü  –  özünü   tərbiyə  etməli,   öz  təbiətini   pislikdən,  köləlik   ruhundan,   meşşanlıqdan,  yalandan  təmizləməli,  namuslu   insan  olmalı !  Çexov  özü  üçün  istədiyini  bütün  həyat,  cəmiyyət,  bəşəriyyət  üçün  arzu  edirdi. Odur  ki,  bütün  varlığını,  bütün  hünər  və  qabiliyyətini,  bütün  yaradıcılığını  meşşanlıqla  mübarizəyə   həsr  etdi. 1888 – ci  ildə  yazdığı  bir  məktubunda   bildiirirdi: ” Mən  yalan  və  təcavüzün  hər  bir   növünə  nifrət  bəsləyirəm.  Riyakarlıq,  kütbaşlıq   və  istibdad   yalnız  tacir  evlərində  və  həbsxanalarda   deyil;  bunu   mən   elmdə,  ədəbiyyatda,  gənclik  içərisində  də  görürəm...  Mənim   üçün  ən  müqəddəs   şey  –  insan   vücudu,  can   sağlığı,  ağıl, istedad,   ilham,   məhəbbət   və  mütləq   bir  azadlıqdır,  qüvvətdir,  yalandan   azad  olmaqdır.  Əgər   böyük   bir   sənətkar  olsaydım,   tətbiq   edəcəyim   məramnamə   bu  olardı ”...

Çexovun  novellası   dünya   və   rus   ədəbiyyatının   ən  gözəl  zinətlərindən   biri  sayılır.  Novella   aləmində   Çexov   həqiqətən    xarüqələr   yaratmışdır. Tolstoy  Çexovu   bu  xüsusda  fransız   ədibi  Qi – de   Mopassanla   müqayisə  edərək  yazırdı: ” Fransızların   üç   yazıçısı  var: Stendal,  Balzak,  Flober,  bir  də  Mopassan. Lakin  Çexov  ondan   yaxşıdır ”.

“ Mopassandan  yaxşı  olan ”  Çexov  haqqında  Mir  Cəlalın  yazdıqlarından: ( “ Böyük  ustad”  məqaləsi,  “Kommunist ”  qəzeti, 28  yanvar,  1960 – cı  il)  “ Mənim   Çexovdan  oxuduğum   və   möhkəm   yadımda   qalan   ilk  hekayələrdən   biri  “ Vanka”   olmuşdur.  Bu  kiçik  hekayəni  oxuduğum  gün,  həmin   kitab,  səhifələr,  hətta  ayrı – ayrı   cümlələr   belə  yadmdadır.  O  zaman   mən   Vanka  Jukovun ,  böyük   bir  həsrət   və  azu  ilə  babasına   məktub  yazan   yazıq uşağın  həyatını   oxuyub   çox  mütəəssir   olmuşam.  Gəncliyimin   ilk   illərində   mənə   “ Vanka ”  qədər   təsir  bağışlayan   ikinci   bir   hekayə   xatırlamıram,   heç   vaxt   güman   etməzdim  ki, balaca   bir   hekayədə   insan   taleyini   belə   dürüst   və   təsirli   vermək, oxucunu   bu   qədər   heyran   qoymaq   mümkün  olar. Vanka   nə   qədər   məhrum,  kimsəsiz, ümidsiz   bir   uşaqdır !  Onun   acı  həyatı  bizi  yandırır,  qəlbimizin   bütün    riqqətli   tellərini   dilləndirir,   köhnə  dünyaya   qəzəbimizi  coşdurur...”

Çexov   özünə   qarşı   son   dərəcə   tələbkar   bir  sənətkar  idi.  Antoşa   Çexonte  imzası  ilə   nəşr   etdrdiyi   kiçik   parlaq   əsərlərinə   qarşı  son  dərəcə  tənqidi  yanaşardı.  O,  əvvəlki   əsərlərini   bəyənməyərək,  “ Çexonte   çox   şey   yaza   bilərdi,  fəqət,  Çexovun  buna   haqqı   yoxdur ” – deyərdi.

Çexovun   yaradıcılığı   rus   həyatının   əzəmətli   bir  simfoniysı   idi.  Yazıçı   ayrı – ayrı  insanların   deyil,  bütün   xalqın,   bütün  Rusiyanın   səadətini   arzulayırdı.  Onun  istedadının   əzəmətli   qüvvəsi  bunda   idi  ki,  o,  heç   bir  zaman  heç   bir  şeyi  uydurmaz,  dünyada   olmayan   şeyi   təsvir  etməzdi.  Yazıçı   “ 6  nömrəli   palata ” nı  1892 – ci  ildə  yazmşdı. Yazıçının   bir – birinin   ardınca   ərsəyə   gəlmiş   “Naməlum  şəxsin  hekayəsi ”,   “ Mənim həyatım”,  “ Kəndlilər”,  ” Qılaflı  adam ”,  “ İonıç ”, “ Dərədə ”, “Gəlin”,  “ Cansıxıcı  hadisə ”  və  s.   kimi   əsərləri  dünyanın   müxtəlif   dillərinə  tərcümə   olunmuşdur.

Mir   Cəlal   deyirdi  ki,  Çexovu  milyon – milllyon  oxuculara,  o  cümlədən  Azərbaycan  oxucularına   sevdirən   hər   şeydən   əvvəl   onun   sadə   insanların   taleyinə   həssas,  səmimi   və  dost  münasibəti,  köhnə  dünyanın  acınacaqlı,  ibrətli   mənzərələrini   canlı   və  əyani   surətdə   ifadə   etməsidir. ” Biz  Çexovun  nəsrindəki   bu   qüdrətindən   daim   öyrənməliyik.  Böyük   rus   ədibinin  bir   və   ya  bir   neçə  hekayəsində     deyil,  onun  ümumən   yaradıcılıq   istiqamətində,  yazı  manerasında,  həyata   münasibətində,   gülüşündə,  bir sözlə,  realizmində   Azərbaycanın    klassik   nasirləri  ilə   səsləşən ,  həmahəng   olan  cəhətlər   çoxdur ”  – deyə  Mir  Cəlal  bildirirdi.

Çexov   Qafqaza   dəfələrlə   ziyarət  etmiş,  Azərbaycana   da gəlmişdi.  Qafqaza  ilk səyahəti   onda   dərin  izlər  qoymuşdu.  O,  bu  barədə  şair  Pleşşeyeve  yazırdı : ” Qafqaz   mənə  o  qədər  yeni  və  çox ciddi  təsir  bağışlamışdır  ki,  bütün   gördüklərim indi   mənə   yuxu  kimi  gəlir ”.  Çexov   Qafqazdan   aldığı  təəssürat  haqqında   daha  sonra  bir  daha  etiraf  edirdi : ” Mənə   elə   gəlir  ki,  mən  bütün  dünyanı  gəzmişəm ”.

Bu   ilin   yanvarın   29  –  da  bir  çox  ölkə  və  şəhərlərdə  dünya  xalqlarının,  o  cümlədən   Azərbaycan   xalqının   sevimlisi  olan   A.P. Çexovun   anadan  olmasının  155  illiyi    təntənə   ilə  qeyd   olundu.  Bir  hadisəni  də  yada  salmağı  özümə  borc  bilirəm :  Böyük   rus   ədibinin   adı  xalqımız  üçün   bir  də  ona  görə  əzizdir  ki, Böyük   Vətən  müharibəsi   dövründə   Azərbaycanda   yaradlmış   və  əksəriyyəti  azərbaycanlılardan   ibarət  olan   məşhur   416- cı  diviziyasının   döyüşçüləri       Ordunun   başqa   hərbçiləri    ilə   birlikdə   1943 – cü  il  avqustun  30 - da  Çexovun  Vətənini - Taqanroq   şəhərini   alman   faşist   işğalçılarından   qəhrəmanlıqla  azad  etmiş,  buna   görə   də  diviziyaya   Taqanroq   atıcı   diviziyası  adı  verilmişdi.

Mir   Cəlalın   rus   yazıçı  və  şairlərinin  yaradıcılığına  həsr  etdiyi  çoxsaylı  məqalələri onun   zəngin   rus    ədəbiyyatı   tarixinə   dərindən   bələd   olduğu,   bu  barədə  xeyli  əsaslı   tədqiqatlar  apardığını  göstərir.  Unudulmaz   yazıçımızın  nəsillərə  yadigar  qalan  və  sevə - sevə   bəhs   etdiyi  növbəti  rus  ədibi   Maksim  Qorkidir.

Maksim   Qorki  Azərbaycan   xalqının  ən  çox  sevdiyi   rus  yazıçılarındandır. Azərbaycan,  Azərbaycan  xalqı,  xüsusilə   Bakı  şəhəri   Qorkinin   həmişə  diqqətini  özünə  cəlb  etmişdi.  Ədib  Bakıya  ilk  dəfə   1892 – ci  ildə   24   yaşında  ikən,  ikinci  dəfə   1897 – ci  ildə  gəlmiş,  Azərbaycan  zəhmətkeşlərinin   həyatı  ilə  yaxından  tanış  olmuşdu.  Yazıçı   eyni   zamanda   Azərbaycan  xalqının   şifahi   ədəbiyyatı, xalqın  içindən  çıxmış  qəhrəmanların   həyatı  ilə  dərindən  maraqlanmış,  Qaçaq  Nəbi  və  Qaçaq  Kərəm  haqqında   məlumat   toplamış,  bu məlumatları   rus   dilinə  tərcümə  etmiş   və  hazırladığı  kitabçada  nəşr  etdirmişdi.

Qorki  Bakıya  üçüncü  dəfə  1928 – ci ildə   oğlu  ilə  birlikdə  gəlmişdi.  Bu  dəfə  o, Bakıda   cəmisi   üç  gün  qalmışdı.  Bu  müddətdə   ədib  neft   mədənlərinə,  bir  sıra  zavodlara,   Mərdəkana  getmiş, alimlər,  yazıçılar,  ictimai  xadimlərlə  görüşmüşdü.

Qorki  Bakıya  şəhərimizi  gördüyü  ilk  gündən  bağlanmışdı.  Xalq   şairi  Səməd  Vurğun   Qorkinin  Bakiya   bəslədiyi  məhəbbəti  xatirələrinin  birində  belə  təsvir  edirdi : ”... Arada  bir  o  məndən  Bakını  soruşdu.  Mən  ona  Bakının  bu  son  illərdə   nə  qədər  dəyişdiyindən,  gözəlliyindən   danışdığım   zaman  onun  arıq  üzündə  təbəssümlər   oynayır,  gözləri  gülür   və  “ Çox  gözəl! ” – deyirdi.  O, bizim  Bakını  çox  sevirdi ”.( “ Ədəbiyyat ” qəzeti, 30 mart, 1938 – ci il.)

Qorki   həmin   vaxtlar   təzə   yaranmaqda   olan   Dağüstü   parkdan   Bakı gecələrini  təsvir   edərək  deyirdi: ” Gecə   mən  Bakıya  dağ   üzərindən  baxırdım.  Burada  nəbatat   bağı  salmaq  ehtimalı  vardır. Buradan   baxarkən  şəhərdə,  mədənlərdə, gecə  işin   davam  etdiyi   Bibiheybətdə   işıqların   çoxluğu  və   gözəlliyi  məni   heyrətə  salmışdı. Gecələr   Vezuvi   dağından  baxdıqda,  Neapol  çox   gözəl  görünür. Bu  qədim  şəhərdə  və  onun  limanında  yanan işıqlar  körfəzin  sularına  əks  edərək,  zəngin   bir  rəng  oynağı  əmələ  gətirir. O gecəyədək  mən  bundan   gözəl  mənzərə  təsəvvür  etmirdim. Lakin  Bakı  daha  zəngin,  daha   bol  işıqlandırılır. Neapol  körfəzində    olduğu   kimi,  burada  da  sahilin  minlərlə  işığı   Xəzərin  qara  güzgüsündə   əks  edir ”.

Sonuncu   dəfə  Bakıya  gəldiyi  zaman  Qorkinin   sevinc  və  fərəhinin  səbəbi  burada  tamamilə  yeni  bir  aləmlə,  əvvəl  gördüklərindən   xeyli  seçilən  yeni   bir  həyatla  qarşılaşması  idi.  Yazıçı  sonralar   çıxışlarının  birində   bu  barədə  demişdi : ” Mən  artıq  çoxları  ilə  söhbət  etmişəm,  çoxlarını  görmüşəm,  çoxlarına  diqqət  yetirmişəm. Bu,  başqa  xalqdır. Bu,  o  xalq  deyildir... O, istədiyi  hər  şeyi yaratmalıdır  və  bunu  o  bacarır,  bunu  o  edəcək  də ”.( “Pravda” qəzeti,  29 may, 1928 – ci il)

1928 – ci  ildə   Bakıda  olduğu  zaman   Qorkinin   Azərbaycan   xalqını   “ qədim  istedadlı  xalq ”   adlandırması   ( “ Bakinskiy  raboçiy ” qəzeti, 22 iyul, 1928 – ci il ) onun  mütəmadi   müşahidələri   və   qənaətləri  ilə  bağlı  idi.

Azərbaycan  xalqı  Qorki  kimi   böyük   bir  insana,  böyük   bir  yazıçıya  biganə  qala bilməzdi.  Xalqın  sevgisini  qələmləri  ilə  yaddaşlara   köçürən  yazıçılarımıza  Allah qəni-qəni  rəhmət  eləsin  ki,  onlar  bu  məhəbbəti  mədəni  tariximizin  səhifələrində əbədi   olaraq  yaşatdılar. Mir  Cəlal  Paşayev  kimi.

Mir  Cəlala   görə,  Maksim  Qorki  ölməz,  əbədi  yaşayan,  qəlblərə  nüfuz  edən  dahi  bir  ədib,  yeni   mədəniyyətin  böyük  ustası  idi. Böyük  ədib  bədii  yaradıcılığa  böyük  ictimai – siyasi  iş,  böyük   mədəniyyət  işi, xalq  işi  kimi baxırdı. “ Yazıçı  insan  qəlbinin  mühəndisidir ! ”  Bu  sözləri  Qorki  hər  zaman  iftixarla  təkrar  edirdi.

Qorkinin  həyat   yolu  son  dərəcə  çətin  və  mürəkkəb  olmuşdur.  O, bədii  ədəbiyyata məktəb,  institut   skamyalarından  deyil,  kənardan,  təsadüfdən – təsadüfə   əlinə  düşən  kitablardan,  rus   xalqının  rəngarəng  və  zəngin  folklorundan   aldlığı   qüvvətli  bədii  təsirlə  gəlmişdir. Qorkinin   ilk  müəllimi  xalq  ədəbiyyatı  olmuşdur.  Məhz   buna  görə  də  bu  ədəbiyyatın  təsir  qüvvəsini  bir  yazıçı  kimi  öz  təcrübəsində   sınaqdan  keçirən  ədib, folklorun  yazılı  ədəbiyyatın  inkişafında  tutduğu  mövqeyi  əsaslı  və  inandırıcı  misallarla   izah  edə  bilmişdir.

Mir   Cəlalın   Qorki  haqqıda   biri – birindən   dəyərli  və  maraqlı  xeyli  məqalələri  vardır. Lakin  yazıçının   təkcə 1968 – ci  ildə  rus  ədibinin  100  illik  yubileyi  münasibəti  ilə  qələmə  aldığı  “ Bədii  söz  ustalarının  böyük  müəllimi ”    məqaləsi  qalın – qalın  kitabların  mahiyyətinə    bərabərdir.

Həmin   məqalədə   Mir  Cəlal  yazır :”  Mən  realist  ədəbiyyatın,  zəhmət   adamlarına, onların   ağır   həyat , məişətinə   dair  əsərlərin  məftunu   kimi,  hələ  ilk  gənclik  illərindən   böyük   ədibin  əsərlərinə   müraciət   edirdim. “ Uşaq”,  “ Ana”,  “ Çelkaş ”, “ İnsanın  doğulması ”  kimi  sırf   realist,  canlı  həyat  lövhələri   verən   hekayələri  dönə - dönə  oxuyur,  hər  dəfə  onların  sətir  və  epizodlarında   parlaq  ictimai  mənzərələr  görürdüm. Görürdüm   ki,  bu  yazılar   yalnız  ayıq  təxəyyül   və  iti   təsəvvürün  məhsulu   olmaqdan   başqa,  canlı  həyat  lövhələrini   şəxsən   yaşamış  həssas  bir qəlbin  həyəcanlı  çırpıntılarıdır.

Maksim   Qorkinin   əsərlərində  sadə  insanın  nə  qədər  qürur,  nə  qədər qüdrət  və  vüsətlə   təsvir  olunması   məni  heyran   etməkdən   başqa,  məndə   iftixar   hissi  doğururdu.  Mən  görür, dərk  etməyə  başlayırdım  ki,  dünyanın   bu  əzəmətli  kaşanələrini,   ecazkar  şəhər,  kənd  mənzərələrini  yaradanlar  məhz  sıravi,  sadə insanlardır.

Mir  Cəlal  daha  sonra  qeyd  edir  ki,  XX  əsrdə  xalq  içində   Maksim  Qorki  qədər  oxunan,  sevilən,  məşhur  olan  ikinci  bir  yazıçı  təsəvvür  etmək  çətindir.  Adamlar  Qorkinin  əsərlərindən  qüvvət,  mətanət,  böyük  gələcək  uğrunda  mübarizə  ilhamı  alırdılar  və  alırlar...

“ Böyük  ədibin  əsərləri  oxucuda   həmişə  ruh  yüksəkliyi,  həyat,  mübarizə  eşqi  və  həvəsi,  gələcəyə  doğru  bir  çırpınış  oyatmışdır. “ İnsanlar  və  həyat  haqqında  elə yazmaq   lazımdır  ki,  hər  söz  mahnı  kimi  səslənsin  və  işıq  saçsın!  Ədəbiyyatın  işi  daha  çox   enerji  oyatmaqdır! ”  Bu,  böyük  söz  ustasının  yazıçılara  verdiyi  sadəcə məsləhət  deyil,  möhkəm  inam  və  etiqad  idi. ..

Elə   bu  möhkəm   inam  və  etiqadın  nəticəsiydi  ki,  “ M. Qorki  eyni  zamanda  alovlu  bir  publisist,  yeni  dünya,  yeni  həyat,  yeni  mədəniyyət   uğrunda  yorulmaz   bir  döyüşçü  idi.  O, ömrünün  axırına   qədər  faşizmə  qarşı  mübarizənin  bayraqdarlarından  idi.  O, faşizmi   “ məhv  edilməli  olan  vəhşi  heyvan ”  adlandırırdı. O,  hələ  30 – cu  illərin  əvvəllərində  “ faşist  canavarlar ” ın   milyonlarla   ən  sağlam  adamları   mənasız  qırğına, əsrlər  boyu  yaranmış  mədəniyyət   abidələrini  məhv  etməyə  hazırlaşdıqlarını  görür  və  bunu  uca,  nüfuzlu  səsilə   bütün dünyaya   elan  edirdi ” – deyə, Mir  Cəlal  Paşayev  yazırdı.

Mir  Cəlalın  obyektiv   yanaşmasına  görə,  M. Qorkinin  gənc  yazıçılarla  nə qədər  ciddi   işləməsi,  onlara  müəllim,  usta   köməyi,  verdiyi  məsləhətlər,  onları  gündəlik qayğı  ilə  yetişdirməsi  ədəbiyyat  tarixində  nadir  nümunədir.  M. Qorki   işinin  çoxluğuna,  mühüm  ictimai  dövlət  vəzifələrinə   baxmayaraq,  qocalığına,  səhhətinin  pozulmasına  baxmayaraq,  gənc  yazıçıların  əlyazmalarına  ən  həssas,  ən  diqqətli  bir  müəllim   kimi  baxır, ən  sıravi  müəlliflərin  ümidverən  yazılarını  şəxsən  düzəldir, çapa  verir, müəlliflərə  məktub  yazır,  bəzən  onları  yanına  çağırıb  məsləhətlər  verirdi.

Qorkinin  “ Əgər  çörək  bişirən  xəmiri   pis  yoğurur,  xəmirə  zibil  və  çör – çöp  düşməyə   imkan  verirsə,  o,  bu çörəyi  yeyənlərə  hörmət  etmir. Eləcə  də  pis  əsər  yazan  yazıçı  oxuculara  hörmət  etmir ” kimi  fikrini   məqaləsində   əks  etdirən   Mir  Cəlal   bildirir  ki, yazıçı   işlərkən  eyni  zamanda   işi  sözə,  sözü  işə  çevirir. Yəni  sənətkar   ictimai  varlığımızı  doğru – düzgün,  canlı   və  parlaq  əks  etdirməklə,  eyni  zamanda   bu   varlıqda  fəal  iştirak  edir,  quruculuq  işi  görür. Ədəbiyyatşünas  alim  davam  edir :

“Qorki  təsvirində  zahiri  təntənə,   dəbdəbə,  təmtəraq  yox,  insan  həyatı,  mənəviyyatının   daxili,  mənəvi  gücü  ilk   plana  çəkilir,  qabarıq  verilir ”.

“ Qorkinin  əsərlərini  diqqətlə  nəzərdən  keçirəndə  möhkəm  inanırsan ki, ədəbiyyat doğrudan  da  insanşünaslıqdır,  həyat  dərsliyidir,  böyük  bir  məfkurə  silahıdır! Böyük  ədibin  əsərləri  bir  neçə  nəslin  tərbiyə  edilib  kamilləşməsində  dərin  təsir  göstərdiyi  kimi,  bir  çox  əsrlər  boyu  təravətini  saxlayan  həyat  dərsliyi  olaraq  qalacaqdır ” – deyə  Mir  Cəlal  müəllim   məqaləsinin  son   fikirlərində  bildirir.

Ədəbiyyat  üzrə  beynəlxalq   Nobel  mükafatı   laureatı,  görkəmli  ictimai  və  dövlət  xadimi,  keçmiş  SSRİ  Elmlər  Akademiyasının  həqiqi   üzvü   Mixail   Aleksandroviç  Şoloxov    1905 – ci  ildə  Don  vilayətindəki  Veşenski  stanitsasının  ( kazaklar  yaşayan kənd)   Krujilina  xutorunda   anadan  olmuşdur.  Yazıçının   anası   Anastasiya  Danilovna   təhkimçi   kəndli  qızı  olmuş,  ata – anasını  tez  itirmiş,  12  yaşında  ərə  gedənə   kimi   bir  mülkədar  qadının  qulluqçusu  olmusdur.  Şoloxovun  anasını  yaxşı  tanıyan  A. S.Serafimoviçin   dediklərinə  görə,  Anastasiya   Danilovna   tamam  savadsız  olsa  da, canlı,  obrazlı  nitqə  malik,  anadangəlmə  istedadlı,  qabiliyyətli  bir qadın  idi. Bəlkə  də  böyük sənətkara  bu  irs  anasından  keçmişdi.

Yeddi   yaşında  ikən  kənd  müəllimi  Timofey  Mrıxindən   evdə  dərs  alan,  öz  fərasəti,  bacarığı,  istedadı  ilə  müəllimini  heyran  qoyan   Mixail,  cəmi  üç  aya  birinci  sinfin   proqramını   mənimsəmişdi.  1914 -  1918-  ci   illərdə   müxtəlif  gimnaziyalarda   oxuyan   Mixail   Aleksandroviç   böyük   həvəslə   rus  və  dünya   klassik   yazıçılarının  əsərlərini  mütaliə  edir,   tarix  və  ədəbiyyat  dərslərinə   xüsusi  həvəs  göstərirdi.

1923 – cü  il sentyabrın  19 - da  “ Yunoşeskaya  pravda ”  qəzetində   “ İmtahan ”  adlı  maraqlı  bir  felyeton  çıxmışdı. Felyetonun  axırında   “ M. Şolox ”  imzası  qoyulmuşdu. Bu  tarixdən  etibarən  ədəbiyyat  və  mətbuat  aləmində  yeni   bir   şəxsiyyət,  yeni  bir  soyad  meydana  çıxmışdı. Bu,  Şoloxov  idi.

Mir  Cəlal  özü  istedadı  və  zəhməti,  yaratdığı  əsərləri,  kitabları  ilə  böyük  xalq  məhəbbəti, oxucu  sevgisi  qazanmış  nüfuzlu  qələm  sahibi  idi.  Pedaqoqluq  fəaliyəti ilə  bərabər, zəngin  təcrübəsinə  istinadən  haqlı  olaraq  yazırdı ki, ( “ Ədəbiyyat ” qəzeti, 1955 – ci il, 21 may ) yazıçı  üçün  qəlbləri   fəth  etməkdən,  oxucu   kütlələrinin   məhəbbətini   qazanmaqdan,  ümumxalq   şöhrətinə  nail  olmaqdan  böyük  hünər   və   səadət  yoxdur. Bunun  ardınca,  Mir Cəlal  müəllim  Mixail  Aleksandroviç  Şoloxovu  belə  səadətə  nail  olan   ədiblərdən   biri,  zəmanəmizin   böyük  yazıçısı kimi  təqdim  edir:

“ 1923 – cü  ildə, hələ  18  yaşında  mətbuatda  çıxış  edən,  20  yaşında  isə  “ Don  hekayələri ”  adlı  ilk  kitabını  nəşr  etdirən  M.Şoloxovun  ədəbiyyata  gəlişi  mühüm  bir  hadisə  olmuşdur.

Şoloxovun  ilk  hekayələri  böyük  bir  sənətkarın   dərin  bədii  təfəkkürə  malik  olduğunu   göstərirdi. Kitabın  müqəddiməsində  göstərildiyi  kimi,  Şoloxovun   yaratdığı xarakerlərin   hərəsinin  öz  siması,  öz  ləhcəsi,  öz  gülüşü,  duruşu,  baxışı,  hərəkəti, özünəməxsus  sevgisi,  nifrəti   ilk  baxışda  oxucunu  cəlb  edir. Həyat  həqiqətinə  sədaqəti,  mövzularının   aktuallığı, dilinin  əlvanlığı,  müşahidəsinin   zənginliyi,  incə  bədii  zövqü,  qələm  qüdrəti,  yüksək  sənət  məharəti  Şoloxovu   ilk  gündən  rus  ədəbiyyatının  ən  qabaq  cərgələrinə  gətirmişdir. “ Gənc  qartal  kimi  qanad  açıb gələn ”  bu  istedad  haqqında  ədəbi  mühitdə  hələ  o  zaman  sevinclə  danışırdılar ”.

Doğrudan  da  Mixail  Şoloxov  heç  kimə  bənzəmir.  Əsərlərini  oxumağa  başlayan  kimi  blirsən  ki,  bu,  Şoloxovun  qələmindən   çıxıb. Koloritli  dil  ilə  sadə  yazmaq, dərin  psixoloji   təhlil   ilə  yanaşı,  lirik  ricətlərə  vurğunluq,  kütləvi   səhnələrə   xüsusi   rövnəq   verib  xalqın  əzəmətini  epik   lövhələrdə   göstərmək,  nəsrdə  şairanəlik  Şoloxova   məxsus  keyfiyyətlərdir.

Rusiyanın   məhsuldar   torpağı,  əvəzsiz  gözəlliyi,  çalışqan  və  fədakar  əmək  adamları  olan  Rostov  vilayəti  Mixail  Şoloxovun  əsərlərində  o  qədər  təbii,  o qədər canlı  təsvir  olunub  ki,  insanlar  o  qədər  coşqun  ilhamla  qələmə  alınıb  ki, bu  əsərləri  oxuyan,  sanki  yazıçının  qəhrəmanları  ilə  bərabər  yaşayır və  duyur, görür  və  düşünür.

“ Don  hekayələri ” ndən  sonra  Şoloxov  “ Sakit  don ”  romanının  birinci  və  ikinci  kitablarını  yazdı. Böyük  və  gərgin  əmək,  bədii  və  psixoloji  axtarışlar  nəticəsində  o, 1933 – cü  ildə  romanın  üçüncü,  1940  -  cı  ildə  isə  dördüncü   kitabını   yaratdı. 1932 –  ci  ildə  “ Oyanmış  torpaq ”  romanının  birinci   hissəsini   tamamladı. Bu  əsərlər  23  yaşlı  Şoloxova   ümumdünya   şöhrəti,  sənət  şöhrəti  qazandırdı. 27  il  sonra  keçmiş  hadisələri   bir  daha  bədii  təfəkkür  süzgəcindən  keçirən  sənətkar,  “ Oyanmış  torpağ ” ın  ikinci  kitabını  tamamladı.

“ Sakit  don”  keçmiş  sovet  dövründə   kazakların  yeni   həyat   uğrunda   apardıqları  mübarizədən  bəhs  edən  ilk  roman  idi. Əsər  təkcə  bir ailənin,  bir  şəxsin  apardığı  mübarizənin   bədii  təsdiqi  olmayıb, qədim  Don  torpağında  aparılan  azadlıq  mübarizələrinin   obrazlı   tarixidir.

1929 – cu ildə “Sakit don” ilk dəfə alman dilinə  tərcümə olunandan sonra, yazıçı və dramaturq Frans Karl Vayskopf “Sola dönüş” jurnalında yazırdı: ”Sakit Don” öz konsepsiyasının böyüklüyünə, öz həyatının rəngarəngliyinə, öz  formasının  səmimiliyinə   görə   Lev  Tolstoyun  “ Hərb  və Sülh ” ünü  xatırladır ”.

Bu   barədə  Mir Cəlal  Paşayevin  yanaşmaları  da  olduqca  maraqlıdır : ” Bu  romanı haqlı  olaraq  kazaklar   həyatının   epopeyası   adlandırırlar. Burada   xalq  həyat  və  məişəti,  siniflər   mübarizəsi  geniş,  ətraflı  və  qabarıq  bir  şəkildə,  yüksək  bədii  formada  göstərilmişdir  ki, oxucu  heç  bir zaman  bu  lövhələri   unutmur.  Romanın   baş  qəhrəmanı   güclü,  cəsur,  zəngin  insani  ehtiraslar   sahibi  Qriqori  Melexovdur. Melexovun   taleyi   bütün  əsər  boyu  təsvirin  mərkəzində  durur.  Melexovun  faciəsi  ondan  ibarətdir  ki, xalqından,  onun  taleyindən  və  ideallarından  ayrı  düşmüşdür. Uzun  tərəddüdlər,  mənəvi   iztirablar  çəkən, “ çöldə  boran  kimi ”  dolaşan   Melexov,  vətəndaş   müharibəsi   cəbhələrində gah  bu  tərəfə,  gah  o  tərəfə  keçir. Heç  bir  arzu   və   məqsəd  üzərində   möhkəm   dayana,  qüvvələrini   bu   yolda  axıracan  sərf edə   bilmir. İradə,  mərdlik,   cəsarət,  döyüş  məharəti  və   bu  kimi  təbii,  insani  qabiliyyətləri onun xeyrinə  sərf olunmur,  ona  nicat  verə  bilmir. Bitib - tükənməyən  şübhələr  və   tərəddüdlərindən  sonra  o,  nəhayət,   düşmən   cəbhəsinə   keçir,  mənsub  olduğu,  içərisindən   çıxdığı  xalqa xəyanət  edir  və  bunun  nəticəsində  də  həyatda  özünə  yer  tapa  bilmir. Öz  günahlarına  görə  məsuliyyətə   çəkiləcəyindən  qorxaraq,  axırıncı  düşmən   dəstələrindən   birinə  qoşulur,  böyük  ictimai   hərəkat  dövründə  olsa  da,  tək  qalır,  şəxsi  faciə  keçirir. Romanda   əhvalat   Don  kazaklarının  10  illik   həyatını  ( 1912 – 1922 ) əhatə  edir. Ancaq   bu  on  il  məzmun  etibarilə   bütün  dünyada   olduğu  kimi,  burada da  əsrlərə  bərabərdir ”.

Şoloxovun öz  sevimli əsəri haqqında  təəssüflə yazdığı isə bu olur:”Sakit Don” u 15 ilə yazmışam, buna heyfsilənmirəm, yalnız romanı 20 ilə yazmamağıma çox heyfsilənirəm”. Romanın taleyi uzun illərin sınağından keçsə  də, xoşbəxt əsər kimi tarixin ikiqat yaddaşına həkk olundu: “Sakit Don” qüdrətinə görə 1965–ci ildə Şoloxova Nobel mükafatı qazandırdı.

Rusiyada Ədəbiyyat ili elan olunmuş 2015-ci il zəngin ədəbi hadisələri ilə bitməyə doğru istiqamətlənib. Ədəbiyyat ilinin biri - birindən maraqlı və dəyərli tədbirləri arasında mayın 24-də Mixail Şoloxovun 110 illik yubileyinin keçirilməsi olub. Həmin Şoloxovun ki, dünyanın parlaq zəkaları yaradıcılığına böyük dəyər veribdir.

Azərbaycanda da belə nurlu zəkalar vardı. Mir Cəlal belə zəkalardan həm də onunla fərqlənirdi ki, ailə üzvləri arasında onun qədər rus ədəbiyyatı və rus dili mütəxəssisləri yetişən ikinci yazıçı və alim ailəsi yox idi.

 O, bütün  rus  yazıçı  və  şairlərinin  yaradıcılığına bütün incəliklərinə qədər dəyər verirdi. Şoloxov da onlardan biri idi. Oxucuların diqqətini nəinki onun irihəcmli əsərlərinə, hətta hekayələrinə də cəlb edib “Bədii nəsrimiz yeni mərhələdə ”məqaləsində“ Şoloxovun “İnsanın taleyi” hekayəsinin cazibəsi və üstünlüyü hər şeydən əvvəl, həyat həqiqətini dürüst, qabarıq əks etdirməsində deyilmi? – deyə sual verirdi.

 Mir Cəlal digər yazılarında Şoloxovu Qorki ənələrinin davamçısı kimi qiymətləndirirdi. Qorkininsə bu kəlmələri yadımdan heç bir zaman çıxmayacaq:”Həyat uzundur – yaxşı da, yaman da olacaq, hər bir şey olacaq! Ana Rusiya böyük ölkədir. Bu ölkədə istedadlar olacaq, bu ölkədə  saf, dərin, ürəklər var! Yaxşı şeyin  yalnız çox olduğuna deyil, daha çox olacağına inanaq ”.

 


Müəllifin digər yazıları

  1. Uşinskinin, Çernyayevskinin, Suxomlinskinin əziz xatirəsinə
  2. Uşinskinin, Çernyayevskinin, Suxomlinskinin əziz xatirəsinə
  3. Millətin zəkası ilə düşünən şair-diplomat; Qriboyedov rus xalqının nadir şəxsiyyətlərindən idi
  4. A.P.Çexov: “Xalqın gücü və nicatı namusla fikirləşən, duymağı və işləməyi bacaran ziyalılarındadı”
  5. QAFQAZ OĞLU, RUS ÖVLADI – QÜDRƏTLİ MAYAKOVSKİ
  6. Publisist Reyhan Mirzəzadənin “Rus ədəbiyyatı qəlbimin işığında” kitabı çapdan çıxıb
  7. Maksim Qorki – 150
  8. Pedaqogikada misli görünməmiş təcrübə
  9. Bir ailənin üç dahisi - onlar əfsavəvi şəxsiyyət idi
  10. Rusiyada təhsilin, teatrın və maarifin inkişafına böyük təsir göstərən qüdrətli sənətkar
  11. Azərbaycanı Rusiyaya və Avropaya tanıdan ilk rus yazıçısı
  12. Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır
  13. “Avropada rus yazıçılarından Turgenev qədər çox oxunan ikinci bir yazıçı yox idi”
  14. “Böyük şairlər xalqın vicdanıdır”
  15. “Nə qədər ki, rus sözü qulaqlarda səslənir, sən yaşayacaq və ölməyəcəksən!”
  16. Mir Cəlal Paşayev: “Yazıçının ən böyük arzusu insanların səadətidir”
  17. “...Onlar Rusiyanı necə bir ölkəyə çevirmişlərsə, Rusiya eləcə də olacaqdır...”
  18. "Qoqolun yaratdığı surətlər rus həyatı qədər ölməzdir”
  19. “...Şeiriylə dolaşdı Yer kürəsini, Puşkin- Rusiyanın şair balası...”
  20. PARLAQ MƏFKURƏLİ İNSAN
  21. RUS ƏDƏBİYYATININ BÖYÜK KLASSİKİ - NEKRASOV
  22. QARDAŞ XALQIN ZƏFƏR BAYRAMI
  23. AZADLIQ CARÇISI
  24. BÖYÜK XALQIN PARLAQ QƏLƏBƏSİ
  25. ZƏNGİN MƏDƏNİYYƏTİ OLAN XALQ
  26. ......27 iyul.....Dan Ulduzu-tale ulduzu....
  27. Ərəb xalqının böyük oğlu
  28. MOABİTDƏ - FAŞİST ZİNDANINDA UCALAN HAQQIN SƏSİ
  29. BƏŞƏRİN ÖLMƏZ DÜHASI, HƏQİQİ İNSAN AŞİQİ
  30. Vurğunam Bakıya ona görə ki, qoynunda Yesenin inci yaratdı
  31. MİR CƏLAL VƏ RUS ƏDƏBİYYATI
  32. MİR CƏLAL VƏ LEV TOLSTOY
  33. İstedadlı yazıçı, böyük alim, sevimli ata
  34. Müsaid bin İbrahim əs-Süleym: "Hər bir Səudiyyə insanının ürəyində Azərbaycanın xüsusi yeri var."
  35. Qanlı döyüşlərdə Dağıstanın və Azərbaycanın mərdliklə müdafiəsi Əziz Əliyev gücünün təzahürü idi - Foto
  36. Ailəsinə və xalqına bağışlanan zəngin irs - Eksklüziv fotolar
  37. Babaların vətənpərvərlik məfkurəsi - FOTO
  38. 2 aprel - Beynəlxalq Uşaq Kitabı günüdür
  39. DÜNYANI MAARİFLƏNDİRƏN DİN - İslam aləmi Qurban bayramına hazırlaşır
  40. Böyük ədibə məhəbbətlə
  41. "Yapon xalqı əsrimizin tapmacasıdır"- FOTOLAR
  42. Polşa Konstitusiyası Avropanın ən qədim konstitusiyasıdır-FOTOLAR
  43. Ürəklərdə əbədi məhəbbət məşəli yandıran insan - FOTOLAR
  44. Mehriban Əliyeva: “Mən kitab adamıyam”
  45. "Uşaqlar valideynlərindən daha çox zəmanələrinin övladlarıdır"- Foto
  46. Dühalar diyarı - Fotolar
  47. "Poeziya hər şeydən əvvəl həyat, sonra isə incəsənətdir"
  48. Dünyanın ən sirli və maraqlı xalqı-FOTOLAR
  49. HƏYATIN MÜQƏDDƏS AMALI
  50. MERDEKA-İNDONEZİYA DİLİNDƏ AZADLIQ DEMƏKDİR
  51. Dost və qardaş Mərakeşdə taxt-tac günü qeyd ediləcək - Fotolar
  52. İslam- paklıq, ədalət, namus, bərabərlik, doğruluq dinidir
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Azərbaycandan dünyaya...
08:24 28.09/2018
 
Xəbər başlıqları
16-10-2018
15-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.2895 san