13:59 24 Noyabr 2015
4755 dəfə oxunub
Çap versiyası
Əli Həsənov
Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor

Hər bir müstəqil dövlətin əsas geosiyasi vəzifəsi öz milli ərazisi (dövlətin məxsusi coğrafi məkanı) çərçivəsində vahid milli-dövlət strukturunu, mərkəzləşmiş dövlət idarəçilik sistemini və suveren dövlət hakimiyyətini yaratmaq, möhkəmlətmək və daimiliyini təmin etməkdən ibarətdir. Bundan başqa, dövlətin geosiyasi vəzifələri sırasına həm də cəmiyyətin artan sosial-iqtisadi, mənəvi və s. tələbatının, ölkənin xarici və daxili təhlükəsizliyinin dolğun şəkildə təmin edilməsi, əhalinin təbii fəlakətlərdən qorunması, ölkədə milli-vətəndaş həmrəyliyinin yaradılması, tolerantlığın qorunması və s. daxildir. Bütün bu vəzifələri həyata keçirmək üçün dövlət onunla həmsərhəd olan qonşu ölkələrlə, qarşılıqlı münasibətlərdə fərqli mövqeyi ilə seçilən ayrı-ayrı beynəlxalq və regional aktorlarla təmasa girməli olur. Dövlətin geosiyasi maraqları həmin aktorlarla toqquşa, kəsişə, yaxud üst-üstə düşə bilər. Lakin heç nədən asılı olmayaraq dövlətin rəsmi və qeyri-rəsmi strukturları tarixən formalaşmış beynəlxalq normalara, regional ənənələrə və praktikaya, dərk olunmuş milli və ümumi maraqların qarşılıqlı tarazlığına əsaslanaraq xarici aktorlarla bu və ya digər geosiyasi münasibətlər qurmağa borcludur. Belə münasibətlər sistemi səviyyəsinə görə beynəlxalq, regional və yerli (lokal) olmaqla dövlətin müəyyən geosiyasi kodunu1 (statusunu) müəyyənləşdirir və müvafiq fəaliyyət kodeksinin (məcəlləsinin) yaradılmasını tələb edir.
Geosiyasi kod hər bir ölkənin siyasi fəaliyyətindən, ölkə rəhbərlərinin və əksər əhalinin ətraf aləmə münasibətindən, geoməkan təsəvvüründən, dərk olunmuş və yaxud iddia olunan milli maraq, milli mənafe dairəsi və onun təmin olunması vasitələrindən, xarici aləmlə ünsiyyət zamanı ölkənin kəsb etdiyi maddi, mənəvi, hərbi, insani dəyərlərdən, xarici aləmdən yarana biləcək geosiyasi təhlükələrə reaksiyasından, müqavimət gücündən, malik olduğu hərbi-texniki vasitələrdən və s. keyfiyyət göstəricilərindən asılı olaraq müəyyənləşir. Böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, hər bir dövlətin ya tarixən formalaşmış, zaman-zaman ətraf aləmin təsiri ilə dəyişikliklərə məruz qalmış, ya da ki, yeni yaradılmış geosiyasi kodu və buna müvafiq olaraq, xarici aləmlə geosiyasi davranış kodeksi mövcud olur.
Tədqiqatçılar fəaliyyət səviyyəsinə görə, ölkələrin geosiyasi fəaliyyət kodeksini- yerli, regional və planetar olmaqla, üç qrupa ayırırlar:
• Yerli səviyyəli kodekslər - qonşu həmsərhəd ölkələrin geosiyasi statusu, davranışı, bəyan etdiyi, yaxud fəaliyyətindən yaranan, müşahidə olunan geosiyasi məqsəd və vəzifələrinin qiymətləndirilməsi və ona müvafiq addımların atılması haqqında dövlətlərin hazırladığı ümumi xarakterli geosiyasi tövsiyələr toplusudur. Belə kodekslər hər bir ölkənin dövlət və hökumət, müvafiq xarici siyasət, hərbi, təhlükəsizlik, sərhəd və digər strukturlarının rəhbər fəaliyyətlərinin əsasını təşkil edir.
• Regional fəaliyyət kodeksləri - öz geosiyasi təsirini təkcə həmsərhəd qonşu dövlətlərin deyil, həm də regionun digər ölkələrinin ərazisində yaymaq istəyən regional lider və yaxud belə statusa can atan digər dövlətlərin geosiyasi istəyinə uyğun olaraq yaradılan tövsiyələr toplusudur.
• Nəhayət, planetar geosiyasi fəaliyyət kodeksləri o ölkələrdə (məsələn, bu sıraya dünyanın atom silahına malik olan ölkələrini aid etmək olar) yaradılır ki, onlar bütün dünyada geosiyasi maraqlarını təmin etmək gücünə malikdir, beynəlxalq aləmin əksər hadisələrinə fəal müdaxilə edə bilir və planetin istənilən guşəsində geosiyasi fəaliyyətlərini təmin etməyə çalışırlar.
Əlbəttə, hər bir ölkə özünün iqtisadi, siyasi və sosial vəziyyətindən, dövləti idarə edənlərin dünyagörüşü və xarakterindən, əhalinin ətraf aləmə baxışları və münasibətindən çıxış edərək, yerli, regional və beynəlxalq geosiyasi münasibətlərdən, qonşu ölkələrin geosiyasətindən və mövcud məkanda nümayiş etdirdiyi davranışlardan və s. asılı olaraq, özünün məxsusi geosiyasi vəzifələrini müəyyənləşdirir, fəaliyyət kodeksini hazırlayır və onun əsasında da yaxın və uzaq xarici aktorlarla geosiyasi əlaqələr yaradır. 
Xəzər hövzəsi və Cənubi Qafqaz regionunda mövcud olan irili-xırdalı bütün milli dövlətlərlə və dünyanın qarşılıqlı maraq kəsb edən digər ölkələri ilə tarazlaşdırılmış, xüsusi ölçülüb-biçilmiş geosiyasi, geoiqtisadi və geostrateji əlaqələrin qurulması, kəsişən və üst-üstə düşən regional və beynəlxalq maraqlar sisteminin təhlil olunaraq gündəlik xarici siyasət fəaliyyətində nəzərə alınması ehtiyacı müstəqil Azərbaycan Respublikasının da məxsusi geosiyasi kodunun müəyyənləşdirilməsi və müvafiq olaraq ölkənin ətraf aləmlə geosiyasi münasibətlərinin, fəaliyyət proqramının hazırlanması vəzifəsini ortaya qoymuşdur.2 
Azərbaycanın geosiyasi ərazisi Şərqlə Qərbin, Avropa ilə Asiyanın birləşdiyi, islam sivilizasiyasının sərhədlərinin bitdiyi və xristianlığın sərhədlərinin başlandığı mədəni-mənəvi təmas məkanıdır. Bundan başqa, onun ərazisi dünyanın ən əhəmiyyətli geoməkanlarından biri hesab olunur, mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişmə nöqtəsində yerləşir və zəngin karbohidrogen ehtiyatlarına malikdir. Əsasən müsəlman əhalisinə malik olan, Şərq və Qərb dəyərlərini özündə birləşdirən ölkə dünyəvi həyat tərzinə malikdir. Hər bir digər ölkə kimi, geosiyasi statusuna müvafiq olaraq yerli, regional, beynəlxalq maraq çərçivəsini və dairələrini, geosiyasətinin məqsəd və vəzifələrini müəyyənləşdirmək, qonşu həmsərhəd ölkələrlə münasibətlərinin xarakterinə uyğun olaraq taktikasını, məxsusi geosiyasi fəaliyyət kodeksini hazırlamaq Azərbaycanın da xarici siyasət, milli təhlükəsizlik və müdafiə qurumlarının vacib vəzifələri sırasına daxildir. 
Azərbaycanın geosiyasi kodunun müəyyən olunması onun ərazisinin geosiyasi xarakteristikası, yerləşmə coğrafiyası və əhatəsi (onu əhatə edən xarici aləm) ilə bilavasitə bağlıdır. Geosiyasi anlamda dövlətin ərazisi və əhalisi onun bədəni hesab olunursa, geosiyasi kodu bədənin xarici mühafizəsinin, təhlükəsizliyinin və ətraf aləmlə təmaslarının məqsədyönlü şəkildə hazırlanmış geyimi (qorunma və təhlükəsizliyi planlama proqramı) sayılır.
Geosiyasi, geoiqtisadi və hərbi-geostrateji xarakteristikasına görə, Azərbaycan Gürcüstanla birgə dünyanın mühüm geostrateji məkanlarından biri hesab olunan Qara və Xəzər dənizləri arasındakı beynəlxalq əhəmiyyətli kontinental tranzit-keçid ərazidə yerləşir. Hazırda təxminən 20% ərazisi Ermənistanın silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın əsas geosiyasi vəzifəsi öz ərazi bütövlüyünü və bu ərazilər üzərində suveren dövlət idarəçiliyini bərpa etməkdən ibarətdir. 
Azərbaycan ərazisi, əhalisi və inkişaf perspektivlərinə görə Cənubi Qafqazın ən böyük potensiala malik ölkəsi hesab olunur. Geosiyasi kodunun yaradılması zamanı onun daxili coğrafi və əhali xarakteristikasına söykənən bir çox üstünlükləri mütləq şəkildə nəzərə alınmalıdır. Ölkənin üstün coğrafi və ərazi xarakteristikasına ilk növbədə təbii və əmək ehtiyatlarının vəziyyətini, zəngin enerji qaynaqlarına malik olmasını, torpaqlarının məhsuldarlığını, sərvətlərdən istifadə olunması vəziyyətini, habelə ölkənin iqlim xüsusiyyətlərini, flora-faunasını və ekoloji ehtiyaclarını aid etmək olar.
Bundan başqa, Azərbaycanın həm də üstün əhali xarakteristikasını- əhalinin təbii artımı, işgüzarlığı, məşğuliyyəti, sıxlığı, bölgələrdə məskunlaşma xüsusiyyətlərini, milli-etnik tərkibini, vətəndaşların dövlətçilik mövqeyini, ölkənin demoqrafik göstəricilərini, miqrasiya, yerdəyişmə prosesləri və onun idarə edilməsi kimi məsələləri də nəzərdən qaçırmaq olmaz. 
Geosiyasi təhlükəsizliyin təmin olunmasında məkanların hərbi təhlükəsizliyi ilə yanaşı, hər bir ölkənin iqtisadi-siyasi qüdrətinə, enerji, əmək, texnologiya, innovasiya, informasiya və insan ehtiyatlarının potensialına və inkişafına xüsusi önəm verildiyi müasir dünyada, Azərbaycan kimi ölkələr əksər qlobal çağırışlara operativ və adekvat münasibət göstərməli, yerləşdiyi məkanda öz geosiyasi statusunu və müvafiq fəaliyyət taktikasını düzgün müəyyənləşdirməlidir.
Bütün qeyd edilən geosiyasi ölçü meyarları ilə yanaşı, hər bir dövlətin, o cümlədən Azərbaycanın geosiyasi vəziyyətinin müəyyənləşdirilməsində və kodunun hazırlanmasında ən önəmli və həlledici amillərdən biri də ölkənin geosiyasi əhatəsi hesab olunur. Azərbaycanın geosiyasi əhatəsində yerləşən və fərqli geosiyasi maraqları, xarakterləri, vəzifələri və fəaliyyətləri ilə seçilən bölgə ölkələrinin sayı yeddidir. Ölkənin onlarla geosiyasi, geoiqtisadi və hərbi-geostrateji təmas nöqtəsi hesab olunan quru və dəniz sərhədləri mövcuddur. Bunlardan, Rusiya, İran, Türkiyə, Gürcüstan və Ermənistan ilə Azərbaycanı quru, Türkmənistan, Qazaxıstan, Rusiya və İranla isə dəniz sərhədləri birləşdirir.3 Ölkənin geosiyasi kodunun əsasını da məhz bu dövlətlərlə sərhəd və sərhədboyu ərazilərin xarakteristikası, ərazidaxili əhali göstəriciləri, eyni zamanda ətraf ölkələrin geosiyasi fəaliyyətinin xüsusiyyətləri təşkil edir. Bu mənada, Azərbaycanın geosiyasi kodunun müəyyənləşməsində təsir göstərən əsas regional və yerli amillər aşağıdakılar hesab oluna bilər:
• Rusiya, Türkiyə və İran kimi iddialı regional lider statuslu ölkələrlə quru və dəniz sərhədlərinə malik olması və ondan irəli gələn geosiyasi, geoiqtisadi və hərbi-geostrateji, sərhəd-keçid təhlükəsizliyi məsələləri, həmin dövlətlərin sərhədboyu yaşayış məskənlərində yaşayan əhaliyə siyasi, informasiya, dini və s. təsirindən yaranan problemlər; 
• Xəzər dənizi vasitəsilə Rusiya, İran və Orta Asiya ölkələri ilə, quru məkanda isə tamamilə fərqli geosiyasi statusa, davranışa, geoiqtisadi, hərbi-geostrateji maraq və mənafeyə malik, Azərbaycana və onun bölgədə reallaşdırdığı transmilli layihələrə fərqli münasibəti və yanaşması ilə seçilən Türkiyə, Cənubi Qafqazın Gürcüstan və Ermənistan kimi ölkələri ilə həmsərhəd olması; 
• əhəmiyyətli geosiyasi əraziyə - geosiyasi anlamda “acar məkan” və tranzit-keçid xarakteristikasına malik olması və əksər transmilli aktorların diqqət mərkəzinə çıxması; 
• fərqli hərbi-geostrateji blokların sərhədlərində, təhlükəsizlik baxımından həssas regionda yerləşməsi və əhəmiyyətli strateji ərazi xarakteristikasına - xüsusi hərbi-strateji və coğrafi məkana malik olması; 
• zəngin geoiqtisadi, hərbi-geostrateji potensiala (karbohidrogen ehtiyatlarına və İran, Orta Asiya, Rusiya və Cənubi Qafqazın hərbi-geostrateji təhlükəsizliyinə təsir gücünə) malik olan Xəzər dənizi hövzəsində əhəmiyyətli coğrafi mövqedə yerləşməsi; 
• regionun və dünyanın geoiqtisadi əlaqələrində istifadə olunan enerji və nəqliyyat dəhlizlərinin mərkəzi hissəsində yerləşməsi və üstün nəqliyyat-infrastrukturlarına, inkişaf etmiş kommunikasiyalara malik olması,
• onun torpaqlarını işğal edən və bundan sonra da ona daim ərazi ekspansiyası təhlükəsi törədən Ermənistan kimi işğalçı dövlətlə həmsərhəd olması,
• ölkənin ərazi bütövlüyünü, geosiyasi uğurlarını, milli inkişafını, demokratik dövlət quruculuğu və ondan irəli gələn bütün rəsmi fəaliyyətini açıq və yaxud gizli şəkildə təhdid edən digər geosiyasi aktorlarla qonşuluğu və s.
Bu amillərin hər biri müəyyən məqamlarda Azərbaycana geosiyasi üstünlüklər qazandırsa da, əksər hallarda ciddi problemlər yaradır və milli təhlükəsizlik sahəsində ona əlavə qayğılar gətirir. Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da ölkənin geosiyasi vəziyyəti və statusu ilə bağlı məsələlər, yaxın, uzaq geosiyasi ortam, yaxın ətraf və s. davamlı şəkildə öyrənilməli, gündəlik fəaliyyətdə nəzərə alınmalı, yürüdülən rəsmi xarici və daxili siyasət, həyata keçirilən geosiyasi fəaliyyət səbatlı olmalıdır.
Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda dünyanın və region ölkələrinin geosiyasi, geoiqtisadi, milli-mənəvi, ekoloji, informasiya və s. maraqlar sisteminin öyrənilməsi və təmin olunması, xarici dövlətlərlə, geosiyasi aktorlarla münasibətlərinin strategiya və taktikasının müəyyənləşdirilməsi və həyata keçirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Lakin yerləşdiyi Avrasiya məkanının yerli, regional və beynəlxalq əhəmiyyətli hadisələrinin dinamik xarakteri ölkənin geosiyasi kodu və fəaliyyət kodeksi üzərindəki analitik və praktiki işin mütəmadi şəkildə aparılmasını tələb edir. Çünki bu iş ölkənin geosiyasi vəziyyəti və geosiyasi təhlükəsizliyi ilə bilavasitə bağlıdır və dövlətin əsas milli vəzifələrindən hesab olunur. Mütəxəssislər hesab edir ki, geosiyasi kodun yaradılması və fəaliyyət kodeksinin hazırlanması ilə bağlı həyata keçirilən milli siyasətin uğuru, ilk növbədə geniş elmi-siyasi təhlil əsasında bütün həmsərhəd ölkələrin, dünya güclərinin Cənubi Qafqaz və Xəzər hövzəsində üst-üstə düşən, kəsişən və müvafiq ölkənin nöqteyi-nəzərindən dəyərləndirilən geosiyasi, geoiqtisadi və geostrateji maraqlar sisteminin təhlil olunması və qiymətləndirilməsindən asılıdır. 
Azərbaycanın ətraf aləmlə mövcud geosiyasi əlaqələrinin, məkan təmaslarının taktikasının müəyyən olunması, bölgədəki və dünyadakı potensial tərəfdaşlar və rəqiblərin düzgün qiymətləndirilməsi, onların təsir və müdaxilə imkanlarının, bu işdə istifadə edə biləcəyi geosiyasi ehtiyatların və mexanizmlərin obyektiv dəyərləndirilməsi, bu fonda ölkənin geosiyasi fəaliyyət konsepsiyasının və proqramının yaradılması təhlükəsizlik və xarici siyasət fəaliyyəti ilə məşğul olan müvafiq dövlət qurumları qarşısında mühüm vəzifələr qoyur.


ƏDƏBİYYAT:

1. Dövlətlərin geosiyasi kodu deyəndə, ilk növbədə onun beynəlxalq aləmdə və regionda qazandığı qeyri- rəsmi status və imicdən söhbət gedir. Hazırda dünyada müxtəlif geosiyasi kod daşıyıcıları - fövqəldövlət, aparıcı ölkə, regional lider, adi dövlət, geosiyasi cəhətdən əhəmiyyətli dövlət, militarist, demokratik, millətçi-şovinist, kosmopolit, işğalçı, sülhsevər və s. statuslu ölkələr mövcuddur. 
2. Daha ətraflı bax: Həsənov Ə. Azərbaycanın müasir geosiyasi inkişafı: mövcud vəziyyət və perspektivlər 
// “Geostrategiya” jurnalı, Bakı, mart 2011, N1, s.10-20.
3. Bu haqda daha ətraflı materialla kitabın sərhəd təhlükəsizliyi bölməsində tanış olmaq olar.
Əli Həsənov: Azərbaycanın Geosiyasəti. Səh. 902-919

Geostrategiya" jurnalı № 05 (29)  SENTYABR-OKTYABR 2015


Müəllifin digər yazıları

  1. Heydər Əliyev və milli dövlətçilik təlimi – azərbaycançılıq
  2. AŞPA-da yeni anti-Azərbaycan kampaniyası haqqında
  3. Azərbaycan dünyada mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir
  4. Əli Həsənov: "Azərbaycan dünyada mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir"
  5. Əbədiyaşarlıq rəmzi
  6. 31 mart soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir
  7. Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması
  8. AZƏRBAYCANIN MİLLİ DÖVLƏT QURUCULUĞU VƏ GEOSİYASİ İNKİŞAF XARAKTERİSTİKASI: KEÇİLMİŞ YOL, MÖVCUD İMKANLAR VƏ PERSPEKTİVLƏR
  9. Xəzər hövzəsinin geosiyasi xarakteristikası və müasir dünya siyasətindəki rolu (II)
  10. Xəzər hövzəsinin geosiyasi xarakteristikası və müasir dünya siyasətindəki rolu
  11. Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda mübarizə dövründəki fəaliyyəti-(yanvar 1990 - iyun 1993-cü il)
  12. Heydər Əliyevin siyasi kursunda multikulturalizmə baxış və yanaşmalar
  13. Azərbaycanlılara qarşı həyata keçirilən Xocalı soyqırımı və onun beynəlxalq əks-sədası
  14. Azərbaycanın müasir geosiyasi fəaliyyətinin bəzi məsələləri
  15. Müstəqilliyimizin memarı
  16. Ermənistanın Azərbaycana təcavüzü, saxta “erməni soyqırımı” və Qərbin ikili standartlar siyasəti
  17. Əli Həsənov Azərbaycanın müasir geosiyasi inkişaf xarakteristikası və perspektivlərindən yazdı - EKSKLÜZİV
  18. Əli Həsənov ekoloji təhlükəsizlik siyasətindən yazdı - EKSKLÜZİV
  19. Əli Həsənov informasiya təhlükəsizliyi siyasətindən yazdı
  20. Əli Həsənov enerji təhlükəsizliyindən yazdı - Geosiyasət
  21. İranın Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın təhlükəsizliyinə yanaşması, Azərbaycanın geostrateji təhlükəsizlik maraqları
  22. İranın Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın təhlükəsizliyinə yanaşması, Azərbaycanın geostrateji təhlükəsizlik maraqları
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7303 san