15:08 09 Dekabr 2015
8855 dəfə oxunub
Çap versiyası
Rəna Mirzəzadə
Fəlsəfə elmləri doktoru

Müasir Azərbaycanda geosiyasət elmi yeni formalaşır. Bu formalaşma mərhələsində problemin elmi metodikasının xarakterik xüsusiyyətlərini təhlil edən elmi araşdırmalar da hələ kifayət qədər deyildir. Bu mənada da geosiyasət problemləri ilə bağlı elmi materiallar içərisində Professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” monumental monoqrafiyasının milli siyasətşünaslıq elmində vacib əhəmiyyət daşıdığını xüsusi qeyd etməliyik. Bununla bahəm Professor Əli Həsənov bu aspektdə yeni bir baxış müstəvisindən problemə bir daha diqqət yönəltmişdir.

Yeni dünya nizamı, dəyişən siyasi düzənlər, ənənəvilikdən modernliyə gedən sosial nizam,  qloballaşan problemlər müstəvisində Azərbaycanın geosiyasi məkanda vəzifə, əlaqə və qarşılıqlı münasibətləri Professor Əli Həsənovun silsiləli olaraq daim bir tədqiqat obyekti kimi əsərləri və məqalələrində nəinki geosiyasət, həmçinin beynəlxalq münasibətlər və politoloji kontekstdə də milli siyasətşünaslıq elmində yeni baxışlar məcmusudur. Bu aspektdən Professor Əli Həsənovun “Azərbaycanın müasir geosiyasi fəaliyyətinin bəzi məsələləri” adlı əhatəli təhlilə söykənən məqaləsi də geosiyasi, beynəlxalq münasibətlər, politoloji nöqteyi nəzərdən müasir Azərbaycan ictimaiyyətşünaslıq elmi üçün bir yeni  istiqamətdir.

Məqalədə ölkələrin geosiyasət fəaliyyət kodeksinin qrupları göstərilməklə, Azərbaycanın da bu qruplar çərçivəsində vəzifələrinin müəyyənləşdirilməsi, hazırlanması və “uzaq xarici aktorlarla geosiyasi əlaqələrinin yaradılması” məsələləri yeni elmi təhlilə söykənən kontekstdən araşdırılır.

Bu yeni kontekst nədir? Professor Əli Həsənov müasir Azərbaycan ictimai elmində geosiyasət elminin kateqorial aparatını nəzəri, qneseoloji və metodoloji baxımdan daim yenilənmiş, təkmilləşmiş məzmunda təhlil edir. Müəllif Azərbaycan geosiyasətinin xarakterik xüsusiyyətləri, təsnifatı, prinsipləri və s. kimi məsələlərin bu istiqamətdə elmi təhlilini verməklə, həm geosiyasi elmə,  həm tədrisə, həm də ictimai müstəvidə informativ elmi məlumatlandırma mexanizminin də təşviq və təbliğinə zəmin yaradır.

Professor Azərbaycan geosiyasi məkanını belə açıqlayır: “Azərbaycanın geosiyasi ərazisi Şərqlə Qərbin, Avropa ilə Asiyanın birləşdiyi, islam sivilizasiyasının sərhədlərinin bitdiyi və xristianlığın sərhədlərinin başlandığı mədəni-mənəvi təmas məkandır”.Yazıda məhz diqqət çəkən məqam da bu baxışda ölkə Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubileyində çıxışı zamanı elm qarşısında qoyduğu prioritet vəzifələrdən biri kimi məhz bu problemlərin elmdə öyrənilməsi zərurətindən doğur. Belə ki, Prezident İlham Əliyev həmin çıxışında dünyada, regionda baş verən proseslərə siyasi münasibət bildirərək, “yeni təhlükələrin, təhdidlərin risklər, qarşıdurmalar, müharibələrin yaranmasını” açıqladı. Bizim ölkəmizin “müstəqil siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq münasibətlər sahəsində müstəqil fəaliyyət göstərməsini” nəzərə yetirdi. Məhz bu baxımından Prezident İlham Əliyev məntiqi ilə desək: “elmi araşdırmalar sadəcə olaraq araşdırmalar üçün deyil, ölkə iqtisadiyyatının təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir”. Professor Əli Həsənov da Ölkə Rəhbərinin elmdə Hədəf kimi göstərdiyi problemlərdən birini məhz elmi araşdırma apararaq, Prezident İlham Əliyev fikri ilə desək: “Elmin də potensialının güclənməsinə yönəltmişdir”. Prezident İlham Əliyev elmi araşdırmalarda həm də multikulturalizm siyasəti məsələlərinin də öyrənilməsi zərurətini göstərmişdir. Əli Həsənovun yazdığı kimi “islam sivilizasiyasının sərhədlərinin bitdiyi və xristianlığın sərhədlərinin başladığı mədəni-mənəvi təmas məkanı” olan Azərbaycan məhz bu dinlərin qovuşduğu, qohumlaşdığı hətta dostcasına mehriban qonşuluq mühitində yaşadığı ərazidir. Məqalədə vurğulanır ki, “Azərbaycan dünyanın ən əhəmiyyətli geoməkanlarından biri hesab olunur, mühüm nəqliyyat – kommunikativ dəhlizlərin kəsişmə nöqtəsində yerləşir... əsasən müsəlman əhalisinə malik olan, Şərq və Qərb dəyərlərini birləşdirən ölkə dünyəvi həyat tərzinə malikdir”. Bu dünyəvi həyat tərzi isə məhz öz geosiyasi sabitliyini Prezident İlham Əliyev fikri ilə desək: “müstəqil siyasət apararaq” mümkün qədər öz balanslaşdırılmış siyasəti  ilə qoruyan Azərbaycanın möhkəm daxili və xarici siyasət kursundan irəli gəlir. Məhz bu nöqteyi – nəzərdən də Professor Əli Həsənov bu yeni araşdırmasında yazır ki: “Azərbaycanın geosiyasi kodunun müəyyən olunması, onun ərazisinin geosiyasi xarakteristikası, yerləşmə coğrafiyası və əhatəsi ilə bilavasitə  bağlıdır”. Və bu kontekstdə Professor çox maraqlı bir baxış ilə problemə yanaşaraq göstərir ki: “Geosiyasi anlamda dövlətin ərazisi və əhalisi onun bədəni hesab olunursa, geosiyasi kodu bədənin xarici mühafizəsinin, təhlükəsizliyinin və ətraf aləmlə təmaslarının məqsədyönlü geyimi (qoruma və təhlükəsizliyi planlama proqramı) sayılır

Məqalədə demoqrafik məsələlərə də geosiyasi mətndə yeni baxış verilmişdir. Təbii ki, geosiyasi kontekstdə ölkənin geosiyasi kodu öyrənilərkən, onun demoqrafik strukturu da özəllik kəsb edir. Belə ki məqalədə: “Azərbaycanın həm də üstün əhali xarakteristikasını - əhalinin təbii artımı, işgüzarlığı, məşğuliyyəti, sıxlığı, bölgələrdə məskunlaşma xüsusiyyətlərini, milli – etnik tərkibi, vətəndaşların dövlətçilik mövqeyini, ölkənin demoqrafik göstəricilərini, miqrasiya, yerdəyişmə prosesləri və onun idarə edilməsi məsələləri də” təhlil olunur. Bu isə ölkənin təhlükəsizlik problemlərinin elmdə də araşdırılmasının önəmli əhəmiyyət daşıması amilidir. Məhz Professorun da yazdığı kimi “Milli –etnik tərkib və vətəndaşların dövlətçilik mövqeyi” ölkədə Prezident İlham Əliyev strategiyasının əsas taktikasını təşkil edən “Multikulturalizm həyat tərzidir” siyasətinin göstəricisidir. Araşdırmada həm də göstərilir ki, ölkəmiz dünyada gedən əksər “qlobal çağırışlara operativ və adekvat münasibət göstərməli, yerləşdiyi məkanda öz geosiyasi statusunu və müvafiq fəaliyyət taktikasını düzgün müəyyənləşdirməlidir”.

Məqalədə “Yaxın qonşuluq” Proqramı nöqteyi-nəzərindən ölkənin geosiyasi kodunun müəyyənləşməsində yaxın və uzaq qonşu ölkələrin də qarşılıqlı əlaqələrinin nəzərə alınması ilə bahəm “əsas regional və yerli amillərin də” səkkiz istiqamətdə mühüm tərəflərinə yeni elmi siyasi baxış bucağından münasibət bildirilir. Professor bu elmi yazıda vurğulayır ki, ölkə “açar məkan”dır və “tranzit – keçid xarakteristikasına” malik olmaqla, həm də transmilli aktorların da diqqəti mərkəzindədir.

Müasir Azərbaycan siyasətşünaslıq və beynəlxalq münasibətlər elmində Professor Əli Həsənovun son illər bu sahədə apardığı geniş spektrlı araşdırmalar respublikanın geosiyasi, geoiqtisadi, hərbi – geostarteji, demoqrafik, milli – mədəni, milli –mənəvi, ekosiyasi, geoinformatik və s. bu kimi sahələri əhatə edir. Bu müasir ictimaiyyətşünaslıq elmlərinə də bir Açar olur. Professor Geosiyasət elminin maraq nöqtələrinin, spesifik axtarış istiqamətlərinin həm lokal, həm regional, həm də qlobal problemlərinin yeni baxış kontekstindən öyrənilməsini diqqət edir.

Professor həm də Avrasiya məkanının vacib xüsusiyyət daşıyan hadisə və proseslərini “ölkənin geosiyasi kodu və fəaliyyət kodeksi üzərindəki analitik və praktiki işin” aparılması mətnində zəruriliyi göstərir.

 Azərbaycanın geosiyasi kodunun yaradılmasında müəllif haqlı olaraq göstərir ki, bu məhz daha çox geniş elmi-siyasi təhlillərə əsaslanmalıdır. Belə ki: geosiyasi maraqların kəsişmə nöqtəsində yerləşən Azərbaycanın həm sərhəd ölkələri, həm qarşılıqlı münasibətlərdə olduğu dövlətlər, bölgədəki və dünyadakı potensial tərəfdaşlar və rəqiblərin də qlobal problemlər kontekstində” obyektiv dəyərləndirilməsi və “geosiyasi fəaliyyət konsepsiyasının və proqramının yaradılması” da həm dövlət qurumları, həm də elm ictimaiyyəti qarşısında mühüm vəzifələr qoyur.

Bütün deyilənlərə nəzərə yetirməklə diqqətə yetirək ki, Professor Əli Həsənov geosiyasət elmində problemin əsas anlamını – geosiyasi kod – terminini elmə gətirən ilk müəllifdir. Belə ki: “Dövlətlərin geosiyasi kodu - ilk növbədə beynəlxalq aləmdə və regionda qazandığı qeyri-rəsmi status və imicdir” deyə vurğulanır və bu mətndə Azərbaycan reallıqları açıqlanır. Dünyada müxtəlif geosiyasi kod daşıyıcıları – fövqəldövlət, aparıcı ölkə, regional lider, adi dövlət, geosiyasi cəhətdən əhəmiyyətli dövlət, militarist, demokratik, millətçi – şovinist, kosmopolit, işğalçı, sülhsevər və s. statuslu ölkələr mövcuddur.

 Professor Əli Həsənovun “Azərbaycanın müasir goesiyasi fəaliyyətinin bəzi məsələləri” məqaləsi məzmun və məna tutumu ilə geosiyasət elmi üçün yeni bir Siyasi nəzəri fəlsəfi baxışdır.

Yığcamaçar kəlmələri ilə nəzəri təhlilə söykənən Professor Əli Həsənovun bu araşdırması məhz respublikada elmin yeni Hədəfləridir.

Fikrimizi Ulu Öndər Heydər Əliyevin bir kəlamı ilə bitirək: “Bizim indiyə qədər yaranmış intellektual potensialımız, iqtisadi potensialımız, insanlarımızda indiyə qədər yaranmış olan qüdrət cəsarət müstəqil Azərbaycanı yaşadacaq, nəsillərdən nəsillərə veriləcəkdir”.  [1]

Ədəbiyyat:

  1. Heydər Əliyev “Müstəqillik yolu” B, 1997, s. 14
  2. Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyində çıxışı, Azərtac. 10 noyabr 2015.
  3. Əli Həsənov “Azərbaycanın müasir geosiyasi fəaliyyətinin bəzi məsələləri” strategiya.az. 2015. 24 noyabr.

          

 



 

 


Müəllifin digər yazıları

  1. Mədəniyyət qitəsində yeni “Avromədənisizlik”
  2. Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” əsəri siyasi-fəlsəfi paradiqmadır
  3. “İşıqlı yol”un İşıq Yolçusu
  4. Professor Əli Həsənov təhlilində “Azərbaycanın geosiyasi kodu” milli siyasətşünaslıq elmində yeni nəzəri baxışdır
  5. Azərbaycan Elminin Yeni Konseptual Hədəfləri: Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyində məruzəsi Elmdə yeni siyasi fəlsəfi baxışdır
  6. Antalya sammiti – G20-də Prezident İlham Əliyevin Yeni Çağırışları
  7. Seçkilər... və ya QADIN SİYASƏTDƏ
  8. İctimai nəzarət: sosial-hüquqi baxış
  9. AVROPA OYUNLARI - ilin idman hadisəsi: hədəflər, məqsəd və nəticə
  10. Soyqırım və Genosid cinayətinə beynəlxalq hüquqi və siyasi baxış
  11. Azərbaycan Dövlətçilik İnstitutunun Siyasi –Hüquqi Abidəsi
  12. Modern İnqilab, Qlobalizm və Milli İdeya
  13. Heydər Əliyev strateqiyasında vətəndaş cəmiyyəti
  14. ZORAKILIQ... QANUNLAR... CİNAYƏTLƏR...
  15. Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” əsəri - siyasətşünaslıq elminə yeni töhfədir
  16. Aida İmanquliyeva fəlsəfəsində qadın hüquqları və gender multikulturallığı
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.641 san