11:37 03 May 2016
Çap versiyası
Əli Həsənov
Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor

Əlverişli coğrafi məkanda yerləşən Azərbaycan Respublikası dünyada zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə malik olan və müxtəlif dinlərin yanaşı mövcud olduğu çoxmillətli dövlət kimi tanınır. Azərbaycanın qədim dövlətçilik tarixində multikulturalizmin özünə mühüm yer tutması onun ərazisində yaşayan əhalinin milli-etnik dəyərlərinin zənginləşməsinə təsir göstərir və mədəniyyətlərarası dialoq üçün əlverişli şərait yaradır. Müxtəlif tarixi dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və bir çox digər dini cərəyanların Azərbaycan ərazisində yayılması ölkənin multikultural mənzərəsinin formalaşmasında xüsusi rol oynamışdır. Azsaylı xalqlar və etnik qrupların öz adət-ənənələrini, dini dəyərlərini qoruyub saxlaması Azərbaycanda polietnik birliyi möhkəmləndirən mühüm amillərdən biridir.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi siyasi və iqtisadi münasibətlərin yeni prinsiplər üzərində bərqərar olmasına səbəb olmaqla yanaşı, eyni zamanda ölkəmizdə multikulturalizmin inkişafı üçün geniş imkanlar yaratdı. Keçmiş hakim ideologiyanın aradan qalxması adət-ənənələrə, milli və dini münasibətlərə siyasi-ideoloji qadağalardan kənar yeni yanaşmaların meydana gəlməsini şərtləndirdi. Dövrün tələblərinə uyğun olaraq multikultural münasibətləri tənzimləmək, müxtəlif dini inancların, mənəvi-mədəni dəyərlərin daşıyıcısı olan azsaylı xalqların müstəqil dövlətçilik ideyaları ətrafında sıx birləşməsini təmin etmək dövlətin qarşısında duran əsas vəzifələrdən biri idi. Təəssüf ki, həmin dövrdə hakimiyyətdə olan qüvvələr yaranmış şəraitin əhəmiyyətini obyektiv şəkildə qiymətləndirə bilmədilər və siyasi idarəçiliyin yarıtmazlığı müstəqil dövlətçiliyə qarşı etnik-separatizm hallarının baş verməsinə, multikultural dəyərlərə təhdidlərin yaranmasına gətirib çıxardı. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəldikdən sonra azərbaycançılıq ideologiyasına əsaslanmaqla ölkəmizdə yaşayan bütün azsaylı xalqların maraqlarına cavab verən, mədəni müxtəlifliyi təmin edən, onu zənginləşdirən dövlət siyasətinin həyata keçirilməsinə başlanıldı.
Əsası Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası özünüidentifikasiyanın etnik, dini, sosiomədəni, siyasi və digər formalarından çıxış edərək, ölkəmizdə yaşayan bütün azsaylı xalqları öz ətrafında birləşdirdi. Bu ideologiya milli münasibətlərin inkişafı, müxtəlif dini konfessiyaların eyni məkanda yanaşı mövcud olması, etnik mənsubiyyətindən asılı olmayaraq ölkə vətəndaşları arasında milli həmrəyliyin möhkəmlənməsi, onların müstəqil dövlət quruculuğu proseslərində fəal iştirakı üçün hərtərəfli və əlverişli imkanlar yaratdı.
Azərbaycanın milli-etnik tərkibinə nəzər salsaq görərik ki, əhalinin əsas hissəsi azərbaycanlılardan və ölkənin müxtəlif regionlarında yaşayan 30-dan çox millət və etnik qruplardan ibarətdir. Heydər Əliyev ölkə ərazisində yaşayan azsaylı xalqlara həmişə hörmətlə yanaşmış, ictimai həyatın bütün sahələrində onların azad və sərbəst fəaliyyət göstərmələri üçün dövlət səviyyəsində lazımi şərait yaratmışdır. Ümummilli lider demişdir: “Azərbaycanın varı, dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır”. Heydər Əliyevin apardığı siyasət Azərbaycanda yaşayan hər bir xalqın öz etnik xüsusiyyətini qoruyub saxlamaqla yanaşı, başqa xalqların və etnik qrupların həyat tərzi, məişəti, adət- ənənəsi və mədəniyyətindəki bir çox mütərəqqi amilləri əxz edərək, onların qarşılıqlı surətdə inkişaf etməsinə təminat yaratdı. Ümumi birgə yaşayış qaydaları əsasında bu xalqlar bir-birinə yaxınlaşmaqla yanaşı, eyni zamanda özlərinin mədəni-mənəvi dəyərlərini və etnoqrafik xüsusiyyətlərini qoruyub saxladılar.
Ümumdünya tarixi təcrübələrindən məlumdur ki, multikulturalizm hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır, müxtəlif mədəniyyətlərin bir-birinə qarşılıqlı təsirinə şərait yaratmaqla, ictimai-siyasi sabitliyin və dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynayır. Buna görə Azərbaycanda yaşayan azsaylı xalqların hüquqlarının təmin olunması və onların mədəni dəyərlərinin qorunub saxlanılması məsələsi həmişə Heydər Əliyevin apardığı siyasətin əsas məqsədlərindən birini təşkil etmişdir. Ümummilli lider qeyd etmişdir ki, “Dinindən, dilindən, irqindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır!”. Mədəni müxtəlifliyin qorunub saxlanılması və inkişaf etməsi sahəsində qazanılmış uğurlar Heydər Əliyevin apardığı siyasətin səmərəliliyindən və ictimai-siyasi proseslərə realist yanaşmasından irəli gəlirdi.
Müstəqil dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi milli və dini münasibətlərin inkişaf etdirilməsi sahəsində Heydər Əliyevin apardığı siyasət etnik mənsubiyyəti, dini baxışları, mədəni dəyərləri və adət-ənənələrindən asılı olmayaraq bütün ölkə vətəndaşları tərəfindən dəstəkləndi. Müxtəlif dini dəyərlərin bir-biri ilə yanaşı mövcud olması üçün yaradılmış şərait cəmiyyətin mənəvi sərvətləri sırasında vicdan azadlığı və dini etiqad sərbəstliyinin mühüm yer tutmasını təmin etdi. Azərbaycandakı bütün dini konfessiyalar, azsaylı xalqlar və etnik qruplar multikultural dəyərlərin inkişafında, dostluq və humanizm prinsiplərinin öz təsdiqini tapmasında, ictimai-siyasi sabitliyin təmin olunması və vətəndaş həmrəyliyinin möhkəmlənməsində yaxından iştirak etməyə başladılar. Respublikamızda yaşayan bütün azsaylı xalqların, dini konfessiyaların nümayəndələri müxtəlif tarixi dövrlərdə daxili və xarici siyasi dairələrin Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönəlmiş cinayətkar əməllərinə kəskin etirazlarını bildirdilər.


Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi multikulturalizmin inkişafı, milli və dini münasibətlərin tənzimlənməsi üçün böyük hüquqi təminat yaratdı. Konstitusiyada müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşamasının hüquqi prinsipləri öz əksini tapdı. Konstitusiyada göstərilir ki, “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. Bu sənəddə bütün dini etiqadların qanun qarşısında bərabərliyi, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququna malik olduğu bildirilir.
Qeyd edək ki, 1995-ci ildə YUNESKO-nun yaranmasının 50 illik yubileyi münasibətilə Beynəlxalq Tolerantlıq günü təsis edilmiş və burada əsas məqsəd dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək dinc yanaşı yaşamağa çağırışdan ibarətdir. Bundan irəli gələrək Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildən etibarən noyabrın 16-nın Azərbaycanda tolerantlıq günü kimi qeyd olunması ümummilli liderinmultikultural dəyərlərə, tolerant ənənələrə verdiyi yüksək qiymətin göstəricisidir.
Azərbaycanda dini azlıqların hüquqlarının qorunması və təminatı Heydər Əliyevin apardığı siyasətin əsas istiqamətlərindən birini təşkil etmişdir. Dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, müxtəlif dini etiqadları təmsil edən dini qurumlar arasında qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsinə kömək edilməsi, dini radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarınınqarşısının alınması məqsədilə Azərbaycan Prezidenti Heydər Əliyevin 2001-ci il 21 iyun tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Heydər Əliyevin hakimiyyəti dövründə çoxsaylı qədim dini ocaqlar və müqəddəs yerlər bərpa edilmiş, yaxud onların yenidən qurulmasına başlanılmışdır.
Tarixi təcrübələr göstərir ki, cəmiyyətdə mədəni müxtəlifliyin yaranması prosesi kor-təbii şəkildə deyil, müəyyən qanunauyğunluq əsasında reallaşır. Xalqların və millətlərin bir-birinin mədəniyyət nümunələrini əxz etməsi və qoruyub saxlayaraq gələcək nəsillərə ötürməsi mədəni müxtəlifliyi zənginləşdirir. Heydər Əliyevin siyasi kursunda bu amil nəzərə alınaraq, kütləvi informasiya vasitələrində multikultural dəyərlər təbliğ olunmuş, orta və ali məktəb dərsliklərində Azərbaycanda mədəniyyətlərarası dialoqun əhəmiyyətini göstərən materiallar öz əksini tapmış, azsaylı xalqların və etnik qrupların dini bayram və mərasimlərini keçirmələri üçün dövlət orqanları tərəfindən lazımi şərait yaradılmışdır və s.
Məlumdur ki, təhsil özünün müxtəlif formaları və səviyyələrində insanlara ictimai dəyişikliklərə pozitiv şəkildə uyğunlaşmağa imkan verən sosial adaptasiyanın mühüm mexanizmi kimi çıxış edir. Buna görə də Heydər Əliyevin siyasətində mədəni dəyərlər və normaların formalaşmasında təhsilin oynadığı rola böyük əhəmiyyət verilmişdir. Təhsil mədəni müxtəlifliyin və mədəniyyətlərarası dialoqun təşviqinin ən vacib elementlərindən biri kimi qiymətləndirilmişdir. Bu məqsədlə respublikamızın təhsil müəssisələrində multikultural dəyərlərin, mədəniyyətlərarası dialoqun təbliği və təşviqi istiqamətində mühüm işlər görülmüşdür.
XX əsrin 1990-cı illərinin sonlarından etibarən dünyada gedən qloballaşma prosesinin dinamik xarakter alması dünya dövlətlərinin başçıları, tanınmış siyasətçilər, alimlər tərəfindən geniş müzakirə olunmağa başladı və bu məsələyə iki mövqedən yanaşıldı. Birinci mövqeyə görə, qloballaşma mədəniyyətlərarası dialoqla yanaşı, mədəniyyətlərin bir-biri ilə toqquşmasına gətirib çıxarır. Qloballaşma bir tərəfdən sosiomədəni qarşılıqlı təsiri sürətləndirir, digər tərəfdən isə bəşəriyyəti təhdid edən yeni təhlükələr yaradır, mədəni identikliyin və ənənəvi dəyərlərin sıradan çıxmasına səbəb olur.
İkinci mövqenin tərəfdarları isə hesab edir ki, bəşəriyyətin mütərəqqi inkişafı qloballaşma prosesinin mühüm tərəflərindən birini təşkil edən mədəniyyətlərarası dialoqdan çox asılıdır. Heydər Əliyevin mədəniyyətlərarası dialoqla bağlı həyata keçirdiyi siyasi kurs göstərdiyimiz ikinci mövqedən çıxış edir və bunun ciddi elmi-tarixi əsasları vardır. Çünki, bəşər mədəniyyətinin inkişafını və zənginləşməsini mədəniyyətlərarası dialoqdan kənar təsəvvür etmək mümkün deyildir.
Heydər Əliyevin siyasi kursuna görə, dünyada mədəniyyətlərarası dialoqun mövcudluğu həm də ona görə vacibdir ki, bəşəriyyət qlobal problem və çağırışların qarşısında özünün təhlükəsizliyini təmin edə bilsin. Dünyada gedən qloballaşma prosesi, sivilizasiyalar və mədəniyyətlərarası dialoq müxtəlif dinlərin və mədəniyyətlərin bir-birinə yaxınlaşmasını və qarşılıqlı təsir göstərməsini tələb edir. Tarixi təcrübələr sübut edir ki, hansı coğrafi məkanda yerləşməsindən asılı olmayaraq, hər bir multikultural cəmiyyət özündə müxtəlif mədəni, dini dünyagörüşü formaları arasında qarşılıqlı təsir prosesinin getməsini təmin etməklə, dözümsüzlüyün istənilən təzahürlərinin meydana gəlməsinin qarşısını alır, multikultural dəyərlər sosial münaqişələrin sivil yolla aradan qaldırılmasında böyük rol oynayır.
Müxtəlif xalqların və millətlərin mənəvi-mədəni dəyərlərinə qarşılıqlı hörmət edilməsi, etnomədəni qruplar arasında həmrəyliyə nail olunması multikultural cəmiyyətin əsas xüsusiyyətlərindən biridir. Heydər Əliyevin siyasi kursunda bu faktorun əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan vətəndaşlarına belə bir ideya aşılanır ki, qloballaşan sosiumda multikultural dəyərlərin qarşılıqlı təsiri milli mənsubiyyətindən və dini dünyagörüşündən asılı olmayaraq insanlardan mədəniyyətlərarası dialoqu dəstəkləməyi və başqalarının mədəni identikliyinə hörmət olunmasını tələb edir.
Multikulturalizmlə bağlı Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurshazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə yaşayan müxtəlif millətlər və xalqlar arasında qarşılıqlı inam və hörmət hissinin, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan dövləti multikulturalizm sahəsində əldə edilmiş nailiyyətlərin beynəlxalq aləmdə geniş şəkildə təbliğ olunması yönündə məqsədyönlü siyasət həyata keçirir.Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan əsrlər boyu burada yaşayan bütün millətlərin, bütün dinlərin nümayəndələri üçün Vətən olmuşdur. Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir”.
Bu gün Azərbaycanda xeyli sayda müsəlman və qeyri-islam dini icmaları mövcuddur və onların fəaliyyətinin gücləndirilməsi, ölkədə dini maarifləndirmə, milli-mənəvi dəyərlərin təbliği işinin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən 2014-cü il noyabrın 27-də “Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında” Sərəncam imzalanmışdır. Sərəncama əsasən, Azərbaycan Prezidentinin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat həcmində vəsait ayrılması nəzərdə tutulmuşdur.
Azərbaycanda multikulturalizmin inkişaf etməsi dünyanın sülhsevər dövlətləri və beynəlxalq təşkilatları tərəfindən daim yüksək qiymətləndirilir. Ölkəmizin multikulturalizmin inkişafı sahəsində əldə etdiyi uğurlar ötən illər ərzində Bakı şəhərində keçirilən mədəniyyətlərarası, humanitar beynəlxalq forumlarda bir daha sübut olundu. Bu tədbirlər bir daha göstərir ki, müxtəlif ölkələrdə millətçilik, separatizm və etnomədəni terrorizm hallarının baş verməsi hansı dövlətdə yaşamasından asılı olmayaraq, bütün insanlardan milli mədəniyyətlərin yanaşı mövcud olması perspektivləri haqqında daha dərindən fikirləşməyi tələb edir. Tədbirlərdə müxtəlif ölkələri təmsil edən dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış alimlər və b. Azərbaycanın sivilizasiyalararası alyansın və mədəniyyətlərarası dialoqun təşviqinə daim siyasi sadiqlik nümayiş etdirdiyini bildirdilər. Forumlardakı çıxışlar zamanı bəşəriyyətin gələcək inkişafının mədəniyyətlərarası dialoqla bağlı olduğu aşağıdakı fikirlərdə öz ifadəsini tapır:
• mədəniyyətlərarası dialoq universal xarakter daşıdığına görə, bu proses sülh, mədəni anlaşma və yoxsulluğun aradan qaldırılmasının hərəkətverici amilidir;
• mədəniyyətlərarası dialoq qlobal gündəlikdə hər zaman yüksək yerdə olmalıdır ki, insanlar arasında həmrəylik pozulmasın;
• qlobal sivilizasiyalarla bağlı məlumatlar daha geniş arealda yayılmalı, qarşıya qoyulan məqsədlərə nail olunması üçün hər bir fərd əlindən gələni etməlidir;
• XXI əsrdə qarşıda duran çağırışlar nəzərə alınmaqla mədəniyyətlərarası dialoqun qurulma formaları barədə daim müzakirələr aparılmalıdır;
• gənc nəsli hədəf seçən radikalizm, ekstremizm və münaqişələrə səbəb olan digər halların qarşısını almaq üçün dialoqların, məsləhətləşmələrin aparılması, kollektiv tədbirlərin keçirilməsi vacibdir və s.
Ölkəmizdəki mədəni-etnoqrafik müxtəlifliyin azərbaycançılıq məfkurəsinə göstərdiyi təsirin öyrənilməsi, multikultural dəyərlərin elmi-nəzəri baxımdan təhlil edilməsi, onların müasir dövrdə ahəngdar inkişafının təmin olunması və s. zərurətindən irəli gələrək Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 15 may tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Bu təşkilatın qarşısında duran vəzifələr tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasının təmin olunması, xüsusilə, Azərbaycanın beynəlxalq aləmdə multikulturalizm mərkəzi kimi nüfuzunun daha da artması, dünyada mövcud olan multikultural modellərin tədqiq və təşviq edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarının müəyyən olunması, bununla bağlı olaraq dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrinin təsbit edilməsi məqsədilə 2015-ci il dekabrın 4-də Azərbaycan Prezidenti tərəfindən “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanun təsdiq olunmuşdur. Azərbaycan Prezidentinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilmişdir. Bütün bunlar müasir dövrdə ölkəmizdə aparılan dövlət siyasətinin tolerantlıq prinsiplərinə əsaslandığının bariz ifadəsidir.
Mədəniyyətlərarası dialoq və tolerantlıq ənənələrinin inkişaf etdirilməsi ilə bağlı Heydər Əliyevin siyasi baxış və ideyalarının həyata keçməsində Heydər Əliyev Fondunun göstərdiyi fəaliyyət mühüm əhəmiyyət daşıyır. Ötən illər ərzində Fond tərəfindən dünya əhəmiyyətli tarixi abidələrin bərpa edilməsi, yeni mədəniyyət ocaqlarının yaradılması məqsədilə çoxsaylı layihələr həyata keçirilmişdir. Layihələr çərçivəsində Fransa, Vatikan, İtaliya, Bolqarıstan və s. dövlətlərdə qədim dini, mədəni abidələr təmir və bərpa edilmişdir. Fondun xətti ilə Azərbaycanda müxtəlif dinlərə sitayiş edən insanların getdikləri ziyarətgahlarda təmir-bərpa işləri aparılmış, azsaylı xalqların nümayəndələri üçün təhsil, mədəniyyət mərkəzləri yaradılmışdır. Azərbaycanın rayonlarında tədrisin azsaylı xalqların dilində aparıldığı məktəblər Fond tərəfindən mütəmadi olaraq dərslik və tədris ləvazimatları ilə təmin edilir.
Müasir dövrdə dünyada multikulturalizmə təhdid yaradan bir sıra ciddi məqamlara da diqqət yetirməyi məqsədəuyğun hesab edirik. Dünya xalqlarının sülh və əmin-amanlıq şəraitində yaşaması üçün multikultural dəyərlərin vacib əhəmiyyət daşıdığına baxmayaraq, təəssüf ki, hazırda bəzi Qərb ölkələrinin multikulturalizm siyasətində yanlışlıqlara yol verməsi ksenofobiya hallarının artmasına gətirib çıxarmışdır. Tolerantlığa əks olan, “yad mənəvi-mədəni dəyərlər”ə dözümsüzlük nümayiş etdirərək, onlara qarşı nifrət hissi aşılayan ksenofobiya ekstremizmə və irqi, dini ayrı-seçkilikdən irəli gələn radikal davranışlara yol açır. Multikulturalizmin tənqidçiləri “yad mədəniyyətlər”ə milli identikliyə xələl gətirən təhlükə kimi baxırlar. Onlar özlərinin qeyri-sağlam, qərəzli mövqelərini ört-basdır etmək üçün belə bir tezis irəli sürürlər ki, guya multikulturalizm ölkənin vahid mədəni məkanını parçalayan, təfriqə yaradan dağıdıcı hadisə və proseslərə rəvac verir. Eyni zamanda, ölkədə etnik qrupların çoxluğu, yaxud miqrantların mövcudluğu sosial-siyasi və kulturoloji problemlər yaratmaqla guya milli harmoniya və bütövlüyə qarşı təhdid doğurur.
Lakin, bu bir danılmaz həqiqətdir ki, hansı coğrafi məkanda yerləşməsindən asılı olmayaraq istənilən cəmiyyətin inkişafını müxtəlif mədəniyyətlərin yanaşı mövcud olmasından və onların bir-birinə qarşılıqlı təsir göstərməsindən kənar təsəvvür etmək qeyri-mümkündür. Buna görə də ünvanına geniş tənqidi fikirlər söylənilməsinə baxmayaraq, multikulturalizm və yaxud mədəniyyətlərarası dialoq müasir dövrdə də cəmiyyətin sabit və dayanıqlı inkişafını, mədəni müxtəlifliyini təmin edən faktorlardan biri olaraq qalır.
Yuxarıda qeyd olunanları ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, dünyada multikulturalizmin inkişaf etməsi, sivilizasiyalar və mədəniyyətlərarası münasibətlərin sağlam zəmində qurulması,bu sahədə əməkdaşlıq meyllərinin güclənməsi, xoşagəlməz halların qarşısının alınması Azərbaycan dövlətinin maraqlarına cavab verir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs multikulturalizmin inkişafını, azsaylı xalqların və etnik qrupların, müxtəlif dini inancların nümayəndələrinin müstəqil Azərbaycan dövləti ərafında birləşməsini təmin edir. Azərbaycanın beynəlxalq aləmdə multikulturalizmin inkişaf etdiyi məkan kimi tanıması digər dövlətlər üçün böyük nümunədir.

Geostrategiya" jurnalı № 01 (31)  YANVAR-FEVRAL 2015


Müəllifin digər yazıları

  1. Heydər Əliyev və milli dövlətçilik təlimi – azərbaycançılıq
  2. AŞPA-da yeni anti-Azərbaycan kampaniyası haqqında
  3. Azərbaycan dünyada mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir
  4. Əli Həsənov: "Azərbaycan dünyada mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir"
  5. Əbədiyaşarlıq rəmzi
  6. 31 mart soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir
  7. Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması
  8. AZƏRBAYCANIN MİLLİ DÖVLƏT QURUCULUĞU VƏ GEOSİYASİ İNKİŞAF XARAKTERİSTİKASI: KEÇİLMİŞ YOL, MÖVCUD İMKANLAR VƏ PERSPEKTİVLƏR
  9. Xəzər hövzəsinin geosiyasi xarakteristikası və müasir dünya siyasətindəki rolu (II)
  10. Xəzər hövzəsinin geosiyasi xarakteristikası və müasir dünya siyasətindəki rolu
  11. Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda mübarizə dövründəki fəaliyyəti-(yanvar 1990 - iyun 1993-cü il)
  12. Heydər Əliyevin siyasi kursunda multikulturalizmə baxış və yanaşmalar
  13. Azərbaycanlılara qarşı həyata keçirilən Xocalı soyqırımı və onun beynəlxalq əks-sədası
  14. Azərbaycanın müasir geosiyasi fəaliyyətinin bəzi məsələləri
  15. Müstəqilliyimizin memarı
  16. Ermənistanın Azərbaycana təcavüzü, saxta “erməni soyqırımı” və Qərbin ikili standartlar siyasəti
  17. Əli Həsənov Azərbaycanın müasir geosiyasi inkişaf xarakteristikası və perspektivlərindən yazdı - EKSKLÜZİV
  18. Əli Həsənov ekoloji təhlükəsizlik siyasətindən yazdı - EKSKLÜZİV
  19. Əli Həsənov informasiya təhlükəsizliyi siyasətindən yazdı
  20. Əli Həsənov enerji təhlükəsizliyindən yazdı - Geosiyasət
  21. İranın Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın təhlükəsizliyinə yanaşması, Azərbaycanın geostrateji təhlükəsizlik maraqları
  22. İranın Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın təhlükəsizliyinə yanaşması, Azərbaycanın geostrateji təhlükəsizlik maraqları
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
24.09.2018 Neft bahalaşıb
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.9727 san