08:50 28 Sentyabr 2016
Çap versiyası
Reyhan Mirzəzadə
Publisist-politoloq

1 oktyabr – Çin Xalq Respublikasının milli bayramıdır

“Çinin çox zəngin və qədim tarixi var. Bunların hamısı bütün dünyaya, o cümlədən bizə, azərbaycanlılara yaxşı məlumdur. Amma 1949-cu ildə baş vermiş hadisə hər şeyi köklü surətdə dəyişdirmiş və Çin xalqı özünün seçdiyi yol ilə, yəni müstəqil, qeyri-asılı siyasət yeritmək, öz ölkəsinin inkişafı ilə məşğul olmaq, öz xalqı üçün daha yaxşı şəraiti təmin etmək yolu ilə getmişdir. Çin xalqının seçdiyi yol Çinin milli maraqlarına və ənənələrinə tam uyğundur və təbii ki, bütün dünyada, o cümlədən Azərbaycanda hörmət və təqdirə malikdir”.

HEYDƏR ƏLİYEV

Azərbaycanın Ümummilli Lideri

Dünyanın müasir siyasi tarixində özünəməxsus yeri olan Çin bəşəriyyətin həm də qədim mədəniyyət ocaqlarından biri olan məmləkətdir. İstər Şərqdə, istərsə də Qərbdə bir çox xalqların mədəni yüksəliş və inkişafinda Çin xalqının zəkası və səyi nəticəsində əldə edilmiş maddi və mənəvi sərvətlər mühüm rol oynamışdır. Çin torpağında böyük mütəfəkkirlər, alimlər, ixtiraçılar, siyasi xadimlər, sərkərdələr, habelə yazıçılar və şairlər yetişmiş, öz kökləri etibarı ilə çox qədim əsrlərə bağlanan olduqca geniş, əhatəli bir mədəniyyət və tarix yaranmışdır.

Qədim zamanlarda çinlilər öz ölkələrinə “Çjun Qo” (yəni “Orta dövlət”) deyirdilər. Tarix elminin verdiyi məlumata görə bu ad əvvəlcə, hələ quldarlıq zamanındakı ilk Çin sülalələrindən birinin dövründə Lo-i şəhərinə (indi bu şəhər Henan əyalətindədir və Loyan şəhəri adlanır) və onun ətrafındakı yerlərə - Qərbi Çjou ərazisinə verilmişdi. O zaman belə hesab edirdilər ki, Lo-i guya Yer kürəsinin mərkəzində, günəş ilə yerin birləşdiyi nöqtədə, canlı və cansızlar aləminin, sükunət və hərəkətin qovuşduğu yerdə yerləşir. Çinlilərin özlərinə verdikləri ən çox yayılmış adlardan biri - “Orta dövlət adamları”, yaxud “Çjun Qo Jen” adı da buradan əmələ gəlmişdir.

Rusların bu ölkəyə verdikləri “Çin” adı Orta Asiya xalqlarından götürülmüşdür. Orta Asiya xalqları Orta dövləti, uzun zaman ölkənin şimal hissəsində yaşamış çinlilərin adı ilə adlandırmışlar. Qədim romalılar və yunanlar Çini “Sin” və ya “Sina” adı ilə tanımışlar. Çox güman ki, bu da “Tsin” sözünün ( eramızdan əvvəl IV-III əsrlərdə Çindəki ilk sülalələrdən birinin adıdır) başqa şəkildə işlədilməsindən əmələ gəlmişdir. Güman

edildiyinə görə, Çin adı romalıların və yunanların işlətdiyi “Sina” sözündən əmələ gəlmişdir ki, buna da Qərbdə oxşar adlarla, məsələn, İngiltərədə “Çayna”, Fransada “Şin”, Almaniyada “Xina” deyirdilər.

Qədim Çinin iqtisadiyyatı və mədəniyyəti indi də heyrət doğurur. Kağızın, barıtın, kompasın kəşfi, kitab nəşri, tibb elminə aid ən qədim “Neytszin” və “Farmakologiya” kitablarının çapı, XVI-XVIII əsrə qədər təbabətə dair 62 mindən çox dərmanın tapılması dünya sivilizasiyasının təşəkkülündə əvəzsiz rol oynamışdır.

Qədim Çin ədəbiyyatının ən məhşur abidəsi poetik antologiya olan “Şitszin” (“Nəğmələr kitabı”) hesab edilir. Antologiyada 305 sayda şeir toplanıb.

Çin mədəniyyətində bir çox adət-ənənələr buddizmlə əlaqədardır. Məsələn, çay və çayiçmənin təşəkkülü haqqındakı əfsanə buna misaldır. Bu əfsanəyə görə buddaçılar etiqad zamanı gümrah olmalı, bir neçə saat ərzində hərəkətsiz qalmalıdırlar. Bu zaman mürgüləmək və ya yuxuya getmək böyük günah hesab edilirdi.

Bir dəfə görkəmli patriarx Bodxidxarma etiqad prosesində özü də bimədən yatır. Oyandıqdan sonra hiddətlənən patriarx öz kipriyini kəsir. Bu zaman yerə düşən qan damlalarından çay kolunun yarpaqları yaranır. Ondan hazırlanan içki isə insana gümrahlıq bəxş edir. Bu, bir əfsanə olsa da, onun mahiyyətində böyük hikmət vardır.

Lao -Tszı və Konfutsi kimi qədim Çin mütəfəkkirlərinin fəlsəfi təlimləri, XIII əsr Çin ədəbiyyatının istedadlı nümayəndələrindən biri Quan Xantsin və digər ədiblərin yaradıcılığı dünya mədəniyyətinə böyük töhfədir.

Qədim Çin fəlsəfəsinin ən qüdrətli nümayəndəsi Lao Tszıdır. Filosof eramızdan əvvəl VI əsrdə yaşamışdır. Rəvayətlərin birində deyilir ki, guya anası onu bətnində 81 il gəzdirmişdir. Guya doğulanda onun qızıl üzü, ağappaq saçları varmış. Buna görə də ona Lao Tszı, yəni “qoca uşaq” adını qoymuşlar.

Guya o, bir dəfə Konfutsi ilə görüşmüş və öz müdrikliyi ilə məşhur filosofu heyrətə gətirmişdir. Rəvayətə görə, Lao Tszı 200 ilə qədər yaşamış, ömrünün axırında tərki - dünya olub Qərbə tərəf getmişdir. Lao Tszının fəlsəfəsinə görə, xeyirsiz şər yoxdur, çirkinlik olmasa gözəllik, alçaqlıq olmasa yüksəklik yoxdur. Filosofa görə, ziddiyyətlər bir-birinə “qayıdır” və ya çevrilir. “Ey bədbəxtlik, xoşbəxtliyin əsası sənsən. Ey

xoşbəxtlik, bədbəxtliyin əsası sənsən”. “ Kim adamları tanıyırsa - arifdir, özünü tanıyırsa - ağıllıdır, adamlara qalib gəlirsə - güclüdür, özünə qalib gəlirsə - qüdrətlidir, biliyi çoxsa - dövlətlidir, inadkarsa - iradəsi var, təbiətini dəyişmirsə - uzunömürlüdür, ölüb unudulmayıbsa - ölməzdir”. “Doğru sözlər gözəl olmur, gözəl sözlərə etibar etmək olmaz. Xeyirxah - yaxşı danışa bilməz. Yaxşı danışan xeyirxah ola bilməz. Bilən sübut eləməz” və s.

Konfutsinin adamlardan ən çox tələb etdiyi keyfiyyət humanizmdir. Filosofa görə, humanizm bütün yaxşı cəhətlərin məcmusudur. Oğulun ataya hörməti, qardaşın qardaşa məhəbbəti humanizmin köküdür. Oğullar ataya qulaq asmalı, valideynlər də övladlarla iltifatlı olmalıdır.

Böyük dramaturq Quan Xantsinin hələ səkkiz əsr bundan əvvəl yazdığı əsərlər bugünkü müasir dövrlə də çox səsləşir. Ədib yaradıcılığında Çin xalqının mənəvi qüvvəsini, onun istiqlaliyyətə olan meylini, azadlıq uğrunda hər növ mürtəce qüvvələrə qarşı mübarizə əzmini, həm Çin xalqının özünün, həm də digər sülhsevər xalqların yüksək və nəcib dostluq hisslərini, beynəlmiləlçilik ənənələrini böyük bir məhəbbətlə tərənnüm etmişdir. Çin filoloqları və bir sıra xarici ölkə alimləri Quan Xantsinin Çin dramaturgiyasındakı rolunu qədim yunan dramaturqu Esxilin antik dramda tutduğu mövqe ilə müqayisə edirlər. Onlar qeyd edirlər ki, Esxil yunan faciəsini yaratdığı kimi, Quan Xantsin də XIII əsrdə Çində yeni formalı dramı yaratmışdır. O, çox məhsuldar bir yazıçı olmuşdur. Ədib 66 pyes, deməli, Şekspirdən iki dəfə artıq əsər yazmışdır. Təəssüf ki, böyük Çin dramaturqunun bu əsərlərinin hamısı qalmamışdır. Onlarının çoxunun yalnız adı məlumdur. Quan Xantsinin pyeslərindən on səkkizi, deməli, bütün əsərlərinin yalnız dörddə biri bizə gəlib çatmışdır. “Yayın ortasında qar”, “Arvadları oğurlayan”, “Pərvanənin yuxusu”, “Ayın duası”, “Ölmüş əsgərlər kralın yuxusuna girir”, “Hiyləgər qız” və başqaları Quan Xantsinin pyesləri arasında ən çox məşhur olanlalrıdır.

Quan Xantsinin yaradıcılığına Azərbaycanda da məhəbbətlə yanaşılmış və yanaşılır. Belə ki, ötən əsrin 50-ci illərində böyük yazıçı və dramaturqun ədəbi fəaliyyətə başlamasının 700 illiyi respublikamızda geniş miqyasda qeyd edildi. Həmin illərdə Çində qastrolda olan Rəşid Behbudovu çinlilər hərarətlə qarşıladılar. Bu barədə “Suntıyan Jinbao” qəzeti yazırdı: “Çinlilər Behbudovu hələ “Arşın mal alan” filmindən tanıyırlar. Bu dəfə də o, öz zəngin repertuarı ilə Çin xalqının böyük məhəbbətini qazandı. Elə bir konsert olmamışdır ki, Behbudov “Arşın mal alan”dan Azərbaycan, çin

dillərində ariyalar oxumasın. Qeyri-adi istedada malik olan Azərbaycan müğənnisi çin mahnılarını da bir çinli kimi ifadə etdi”.

Çin xalqının əsrlər boyu arzuladığı istiqlaliyyətə gedən yolu mübarizələrlə zəngin olub. Eramızdan əvvəl 221-ci ildə hökmdar Sin Şixuan xırda şahlıqları birləşdirərək Çin tarixində ilk mərkəzləşdirilmiş çoxmillətli dövlət – Sin imperiyasını yaradıb və imperiya təqribən iki min il yaşaıb.

1911-ci ildə böyük ictimai - siyasi xadim, Qomindan Partiyasının yaradıcısı, Sun Yatsenin rəhbərliyi altında burjua-demokratik inqilabı baş verib ki, bu inqilab nəticəsində imperatorluğa son qoyularaq tarixdə ilk dəfə Çin Respublikası elan olunub.

Mütləqiyyət devrildikdən sonra Çin rəsmi olaraq “Da Çjun Xua Min Qo”, yəni “Çiçəklənən Böyük Orta Respublika” adlanırdı. Xalqın qələbəsinə qədər Çin yalnız sözdə respublika idi. Mülkədar - komprador blokunun hökmranlığı və xarici imperialistlərin ağalığı Çini özünə layiq olan böyük ölkə adından məhrum etmişdi. Keçmiş hökumətlərin rəsmi sənədlərində Çin həm “Böyük”, həm də “Çiçəklənən” ölkə adlandırılırdı. Lakin əsarət altında yaşayan xalq kütlələri üçün bu adlar istehzadan başqa bir şey deyildi.

1919-cu ilin 4 may hərəkatı Çin inqilabının köhnə demokratik mərhələdən yeni demokratik mərhələyə keçidini göstərirdi. 1925-ci ildə Sun Yatsenin vəfatından sonra ölkəyə marşal - Prezident Çan Kayşin rəhbərlik etdi.

1949-cu il oktyabrında böyük bir hadisə baş verdi. On illərdən bəri davam edən ağır mübarizələrdən sonra xalq həm daxili, həm də xarici düşmənlər üzərində qələbə çaldı. Ayın 1-də Pekinin Tiananmen meydanında keçirilən izdihamlı mitinqdə Mərkəzi Xalq Hökumətinin sədri Mao Tze-dun təntənəli surətdə Çin Xalq Respublikasının yaradılmasını bildirdi. Çin Xalq Respublikası - “Çjun Xua Jen Min Qun Xe Qo” elan edildi.

Xalqın qələbəsi haqqında Mao –Tsze - dunun sözləri yeni Çinin həyatını təcəssüm etdirirdi: “Biz hamımız dərk edirik ki, bizim işimiz bəşəriyyət tarixinə daxil olacaqdır. Tarix göstərəcəkdir ki, bəşəriyyətin dörddə bir hissəsini təşkil edən çinlilər bu gündən etibarən xoşbəxt bir həyata qədəm qoymuşlar. Çinlilər həmişə böyük, cəsur və əməksevən millət olmuşlar, onlar yalnız ən yeni dövrdə geridə qalmışlar. Bu gerilik

ancaq xarici imperialistlərin və mürtəce Çin hökumətinin zülm və istismarının nəticəsidir.Yüz ildən artıq bir müddətdə, o cümlədən Çin inqilabının böyük müjdəçisi olan doktor Sun Yatsenin başçılıq etdiyi 1911-ci il inqilabı dövründə sələflərimiz xarici və daxili zülmkarlara qarşı mübarizəni fədakarlıqla davam etdirmişlər. Bizim sələflərimiz, onların ən səmimi arzularını həyata keçirməyi bizə vəsiyyət etmişlər. Biz də bunu həyata keçirmişik. Biz birləşdik, Xalq - Azadlıq müharibəsinin və böyük xalq inqilabının gedişində xarici və daxili zülmkarları yıxdıq... Bizim millətimiz daha heç bir zaman alçalmayacaqdır... Biz artıq qanad açmışıq...”

Asiyanın Şərqində yerləşən Çin Xalq Respublikasının ərazisi 9,6 milyon kvadratkilometrdir. Çinə məxsus olan böyük dəniz akvatoriyasında beş minə yaxın irili - xırdalı ada var. Onların ən böyükləri Tayvan və Xaynandır. Bu adaların hər biri Çinin əyaləti sayılır.

Əhalisinin sayına görə Çin dünyada birinci yeri tutur. Ölkədə bir milyard dörd yüz milyon nəfərə yaxın əhali var ki, bu da Yer kürəsi əhalisinin 21-22 faizinə bərabərdir. Ölkədə altmışa yaxın millət və xalqın nümayəndəsi yaşayır.

Çinin Konstitusiyasında xarici siyasətə, başqa ölkələrə münasibətə dair beş məşhur prinsip əsas götürülür. Bunlar - bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək; təcavüz etməmək; daxili işlərinə qarışmamaq; bərabərlik; qarşılıqlı fayda və dinc yanaşı yaşamaq prinsipləridir.

Ölkənin paytaxtı Pekin şəhərini “Böyük Çin kəndi” adlandırırlar. Pekin sözü “Şimal paytaxtı” mənasıını daşıyır. Bu, Cənub paytaxtı olan Nankin şəhərinin mövcud olduğu vaxtdan qalmışdır.

Şəhər iki hissəyə bölünür: daxili şəhər və xarici şəhər. Daxili şəhər də öz növbəsində ustalıqla salınmış daha iki şəhərdən ibarətdir - imperator şəhəri və “qadağan edilən şəhər” sayılan Ququn.

Pekin ölkənin əsas siyasi – iqtisadi və mədəni mərkəzidir. Təqribən 800 yaşı olan bu şəhərdə xeyli tarixi abidə, memarlıq kompleksləri, misilsiz sənət inciləri vardır.

Şanxay - Çinin dəniz qapısıdır, ölkənin ən iri şəhəri və limanıdır. Bu liman vasitəsilə Çin dünyanın yüzdən çox ölkəsi ilə ticarət əlaqələri saxlayır. “Paytaxt olmasa da, ikinci şəhər deyil” – bu, çinlilərin sözüdür.

Qədim Çin məsəlində deyilir: “Allah göydə cənnət, yerdə isə Xançjou yaratmışdır”. Bəzi səyahətçilər Xançjounu Çinin ən ecazkar və füsunkar şəhəri hesab edirlər.

Azərbaycanla Çin arasındakı əlaqələrin iki min ildən çox tarixi var. Bu tarixin kökləri “İpək yolu” dövrlərinə gedib çıxır. Böyük İpək yolu eramızdan əvvəl 138-126-cı illərdə Çinin qərbindəki ölkələrlə genişlənən ticarət əlaqələri sayəsində yaranmışdır.

Çin xalqının coşqun və mənalı həyatı, bu ölkənin zəngin və füsunkar təbiəti, insanı valeh edən mədəniyyəti Azərbaycan şairlərini ta qədimdən düşündürməyə başlamışdı. Hələ doqquz əsr bundan əvvəl yaşayıb-yaratmış dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvi ilk böyük poeması olan “Xosrov və Şirin”lə yanaşı, bir çox əsərlərində Çindən, Çin xalqının mədəniyyətindən, sənətindən, sənətkarlığından dönə - dönə bəhs etmişdir. Onun Xosrova qarşı qoyduğu Fərhad, mahir bir rəssam kimi göstərdiyi Şapur sənətkarlığı Çində öyrənmişlər. Bəhramın tərəf müqabili Fitnə də çinlidir.

“İsgəndərnamə”də Çin xalqının qəhrəmanlığından, vətənpərvərliyindən daha geniş danışılır. Şair İsgəndərin at oynatdığı yamyaşıl düzənliklərin, xoş iqlimi, xoş havası olan meşələrin tablosunu ölməz sənətkarlıqla yaradıb oxucuların gözü qarşısında canlandırır. Burada o, eyni zamanda çinli qadınların bacarıqlı, işgüzar olduqlarını tərənnüm edir. Çin rəssamları ilə Rum rəssamlarının müsabiqəsi təsvir olunan yerdə şair Çində rəssamlığın çox inkişaf etdiyini göstərir.

Bütün bunlar Nizami Gəncəvinin Çin xalqına, onun qədim tarixinə, incəsənətinə və mədəniyyətinə yaxından bələd olduğunu və hələ XII əsrdə Çinlə Azərbaycan arasında mədəni əlaqələr olduğunu təsdiq edir. Əsrlər ötdükcə bu əlaqələr genişlənir, hər iki xalqın ürəyində özünəməxsus layiqli yer tutur.

Çin qızlarının gözəlliyi XVIII əsr Azərbaycan şairi Vaqifin də müqayisə və təsvir vasitələrinə çevrilir. Şair “Kür qırağı” nın oynağan, çalıb-şağıran qızlarını təsvir edərək yazır:

Elə gözəl vardır bunlar içində,

Ələ düşməz hərgiz Çinü- Maçində.

XIX əsr Azərbaycan şairlərinin Çin haqqında çox təbii və qiymətli misralarına rast gəlirik. Sonralar Səməd Vurğun, Süleyman Rüstəm,

Mikayıl Müşfiq, Məmməd Rahim, Osman Sarıvəlli, Əhməd Cəmilin və daha çox Rəsul Rzanın yaradıcılığı bu cəhətdən xüsusilə diqqətəlayiqdir. R.Rzanın “Çapey” və “Su-Au” kimi əsərləri İkinci Dünya müharibəsi ərəfəsində Çinə müdaxilə edən imperialistlərin azğın siyasətindən və onlara qarşı mübarizə aparan Çin xalqının möhkəm iradəsindən bəhs edir. Çinin bu savaşlarında həlak olmuş Çapeyin, balaca istedadlı aktyor Su - Aunun taleyindən şair dərin bir kədərlə danışır. Çin xalqını bu qanlı fəlakətləri törədən düşmənlərə qarşı mübarizəyə çağıraraq:

Silah başına!

Ey y y...

Çinin mərd oğulları!

Qaldırın qan rəngli

Bayrağı yuxarı!

Bağırın gur səslə:

“Çindən əlini çək!

Çin öz tarlasını

Özü biçəcək!” - deyir.

Şairin hələ 1932-ci ildə dediyi bu sözlər böyük Çin xalqının rahatlığını pozmaq istəyən imperialistlərə qarşı Azərbaycan xalqının bu gün də əzəmətli marşı kimi səslənir.

Çinli qardaş! Unutma ki,

Dərdin mənim dərdim oldu.

Yaralandın - yaralandım,

Gözün doldu - gözüm doldu

deyən S. Rüstəmin “Çinli qardaş” şeiri haqqında da eyni sözləri demək olar. Bu şeirində şair xoş günlər uğrunda mübarizəyə qalxan Çin xalqının tarixi nailiyyətlərini böyük ruh yüksəkliyi ilə tərənnüm edib deyir: “Artıq sənin ixtiyarın, səadətin öz əlində”.

Çin xalqı öz azadlıq səadətinə qovuşduqdan sonra bütün dünya xalqları, o cümlədən Azərbaycan xalqı ilə daha geniş əlaqələri

yarandı. Şairlərimiz Çin haqqında bir – birindən gözəl əsərlər yaratmağa başladılar. R.Rzanın “Dostumuz, qardaşımız”, O. Sarıvəllinin “Körpülər”, M. Dilbazinin “Çin qızı” kimi şeirləri xalqımızın mədəni ruhuna yeni qüvvət gətirdi. Sülh və azadlıq nəğməkarı S.Vurğun “Qatsın nəfəsimə öz nəfəsini Siyao Çindən” dedi, şair Ə. Cəmil “Qəhrəman Çin xalqının əzmi titrədir səsi” – deyə dünyaya səs saldı. N. Həsənzadə “Şıx düzündə görüş” şeirində vaxtilə bir yerdə qoşa şəkil çəkdirdiyi çinli şair dostuna iftixarla: “Sinəmə sığmayan sevinc hissilə indi şəklimizə baxıram hərdən, elə bilirəm Çin ölkəsiylə yanaşı durmuşam Şıx düzündə mən” – deyə iki ölkə şairlərinin dostluğundan həvəslə söhbət açdı.

Şair İ.Tapdıq “Çin” şeirində qardaş xalqın yaratdığı xarüqələri tərənnüm etdi. Digər şairlərimiz iki respublikanın məktəblilərinin belə bir - biri ilə sıx dostluq əlaqələri saxlamasından, Çin xalq əfsanələrindən, onun qədim adət - ənənələrindən dönə-dönə bəhs etdilər.

Bütün bunlarla yanaşı, Azərbaycan şairləri məşhur Çin şairlərinin əsərlərini dilimizə tərcümə edib xalqımıza tanıtdılar. Çin şairlərindən Qo Mo - Jon, Yan - Çen, Lyu - Bon, Soy Şu - Jen, Van Yan, U. Yan - Xen, Den Ujin və başqalarının onlarca əsəri bu gün də ədəbiyyatsevərlərimizin həvəslə oxuduğu mədəniyyət nümunələridir.

Yuymın – Çin dilində Bakı demək deyildir. Ancaq bu şəhəri “Çin Bakısı” adlandırırlar. Yuymın Çinin neft sənayesi mərkəzıdır. Bizim Bakı kimi o da ölkədə yeni neft rayonlarının yaradılmasında böyük rol oynayır. Bütün dünyada şöhrət qazanmış Bakı neftçiləri Yuymın mədənlərinə tez - tez qonaq gedirdilər. Onlar öz təcrübələri ilə çinlilərə dayaq olurdular.

Neft Bakısı da öz növbəsində çinli dostları səmimiyyətlə, qardaş kimi qəbul edirdi. Yuymın mədənlərinin bir çox mühəndis və ustaları qürur hissi ilə özlərini Bakı neftçilərinin şagirdləri və ardıcılları adlandırırdı. Şair Li - Di “Anırıq Bakını” şeirində bu mehriban dostluğun ürəklərə yol tapan sevincindən danışır

:

... Bağçalı Bakıda, bağlı Bakıda

Güllə qarşılandı çinli qonaqlar.

Yuymın şəhərindən gələn hər qonaq,

Min-min çaylar keçmiş, aşmışdır dağlar.

 

Gəldilər Yuymına bakılılar da,

Alovlu bir istək, odlu ürəklə,

Bu uzun yollarda üz – üzə gəldi

Onlar min boranla, qarla, küləklə.

 

... Bakılı ayrılıb doğma evindən,

Xoş niyyətlə gəlib bizim ölkəyə,

Yeni neftçıxarma texnikasını

Gəlib ki, öyrətsin çinli fəhləyə.

 

Oxşasın Bakıya bizim Yuymın da,

Ən dərin qatların olaq hakimi,

Xoşbəxtlik gətirən bu neft selləri

Axsın Yan – Tszı kimi, Sarı çay kimi...

İngilis generalı Vilson XIX əsrin ikinci yarısında demişdir: “O, istehkam elmin qanunlarına sonsuz etinasızlıq hissi ilə tikilməsinə baxmayaraq, o qədər möhkəm və alınmazdır ki, onun bürcləri və darvazaları elə səmərəli yerləşdirilmişdir ki, hətta qalalara hücum etmək üçün əla silahlandırılmış müasir ordu belə onun qarşısında dayanmağa məcbur olar. Ancaq bir şərtlə ki, onun müdafiəsi üçün heç olmazsa kiçik bir cəhd göstərilsin”.

General dünyanın ən böyük tikintilərindən və ən böyük möcüzələrindən biri olan Çin səddi barədə danışırdı.

Böyük Çin səddi şərqdə Çjili körfəzi sahilində olan Şanxayquan şəhərinin yanından başlayıb qərbə doğru altı min kilometrdən artıq uzanır və Qansu əyalətinin qumlu səhralarında bitir. Sədd təkcə barbar köçəri qəbilələrin, xüsusilə hunnların Çinə yolunu kəsmək, beləliklə də qərbə və

cənub - qərbə gedən yolların təhlükəsizliyini təmin etmək məqsədilə tikilməmişdi, Çin səddi yalnız hərbi əhəmiyyətə malik deyildi. Böyük sədd əkinçiliyə əsaslanan Çin maddi mədəniyyətinin inkişafına da bilavasitə təsir göstərə bilirdi. Çin səddi Çin tarlalarını səhraların qumlarından da qoruyurmuş. Bəs səddi kim tikdirmişdi?

Eramızdan əvvəl 246-cı ildə Sin dövlətində Çjen taxta çıxmışdı. O, gənc dövləti möhkəmləndirməyə başlayıb və Çinin son müstəqil knyazlıqlarını məğlubiyyətə uğradaraq, özünü “Sinin ilk imperatoru” elan etmişdi. Belə ki, o, tarixdə Sin Şixuandi adı ilə tanınır.

Böyük enerjiyə malik olan Şixuandinin dövründə çox böyük tikinti işləri həyata keçirilirdi. Həmin tikintilərdən əslində heç bir şey qalmasa da, məlum olmuşdur ki, imperator sarayının ikinci mərtəbəsində on min adam tuta bilən salon varmış. Həmin sarayın alt mərtəbəsi elə hündür imiş ki, orada hündürlüyü 15 qulac olan dirəklər varmış. Dirəklərin ucundan bayraqlar asılarmış.

Çin Şixuandi özünə mavzoley də tikdirmişdi. Onun hündürlüyü 500 qulac, dairəsi isə 5 min qulacdan çox olmuşdur. Mavzoleyin tavanında səma bürcləri təsvir olunmuşdu, döşəmədən isə civə dənizlərinə tökülən civə çayları axırmış. Mavzoleyin tikintisində 700 min adam işləmişdi.

Sin Şixuandi dünyada ən böyük istehkam qurğusu olan Böyük Çin səddinin təməlini tikdirməyə başladı. Tikinti zamanı hər gün minlərlə, on minlərlə adam həlak olurdu. Ölənlərin yerinə ardı-arası kəsilmədən yeniləri gəlirdi.

Səddin hündürlüyü 10 metr, bünövrəsinə yaxın eni 6 metrdir. Səddin üzərində 100-120 metrdən bir kvadratşəkilli bürclər ucalır. Çin tarixçilərinin dediyinə görə, vaxtilə burada 60 min bürc olmuşdur. Onlardan indi 20 minə yaxın bürc qalmışdır. Səddin tikintisində 700 milyon adam çalışmışdır.

Çinlilərin Vanli Çançen adlandırdığı bu heyrətamiz sədd 1987-ci ildən etibarən YUNESKO tərəfindən mühafizə edilir.

Azərbaycan və Çin xalqının dostluğundan danışandan sonra kosmosdan belə aydın görünən əzəmətli Çin səddinə keçməyim heç də təsadüfi olmadı. Arzum vardı. Bu ondan ibarətdir ki, qoy Azərbaycan və dost ölkə arasındakı bütün əlaqələr Çin səddi kimi möhkəm, Çin səddi qədər uzunömürlü, Çin səddi tək əvəzsiz və təkrarsız olsun!


Müəllifin digər yazıları

  1. Uşinskinin, Çernyayevskinin, Suxomlinskinin əziz xatirəsinə
  2. Uşinskinin, Çernyayevskinin, Suxomlinskinin əziz xatirəsinə
  3. Millətin zəkası ilə düşünən şair-diplomat; Qriboyedov rus xalqının nadir şəxsiyyətlərindən idi
  4. A.P.Çexov: “Xalqın gücü və nicatı namusla fikirləşən, duymağı və işləməyi bacaran ziyalılarındadı”
  5. QAFQAZ OĞLU, RUS ÖVLADI – QÜDRƏTLİ MAYAKOVSKİ
  6. Publisist Reyhan Mirzəzadənin “Rus ədəbiyyatı qəlbimin işığında” kitabı çapdan çıxıb
  7. Maksim Qorki – 150
  8. Pedaqogikada misli görünməmiş təcrübə
  9. Bir ailənin üç dahisi - onlar əfsavəvi şəxsiyyət idi
  10. Rusiyada təhsilin, teatrın və maarifin inkişafına böyük təsir göstərən qüdrətli sənətkar
  11. Azərbaycanı Rusiyaya və Avropaya tanıdan ilk rus yazıçısı
  12. Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır
  13. “Avropada rus yazıçılarından Turgenev qədər çox oxunan ikinci bir yazıçı yox idi”
  14. “Böyük şairlər xalqın vicdanıdır”
  15. “Nə qədər ki, rus sözü qulaqlarda səslənir, sən yaşayacaq və ölməyəcəksən!”
  16. Mir Cəlal Paşayev: “Yazıçının ən böyük arzusu insanların səadətidir”
  17. “...Onlar Rusiyanı necə bir ölkəyə çevirmişlərsə, Rusiya eləcə də olacaqdır...”
  18. "Qoqolun yaratdığı surətlər rus həyatı qədər ölməzdir”
  19. “...Şeiriylə dolaşdı Yer kürəsini, Puşkin- Rusiyanın şair balası...”
  20. PARLAQ MƏFKURƏLİ İNSAN
  21. RUS ƏDƏBİYYATININ BÖYÜK KLASSİKİ - NEKRASOV
  22. QARDAŞ XALQIN ZƏFƏR BAYRAMI
  23. AZADLIQ CARÇISI
  24. BÖYÜK XALQIN PARLAQ QƏLƏBƏSİ
  25. ZƏNGİN MƏDƏNİYYƏTİ OLAN XALQ
  26. ......27 iyul.....Dan Ulduzu-tale ulduzu....
  27. Ərəb xalqının böyük oğlu
  28. MOABİTDƏ - FAŞİST ZİNDANINDA UCALAN HAQQIN SƏSİ
  29. BƏŞƏRİN ÖLMƏZ DÜHASI, HƏQİQİ İNSAN AŞİQİ
  30. Vurğunam Bakıya ona görə ki, qoynunda Yesenin inci yaratdı
  31. MİR CƏLAL VƏ RUS ƏDƏBİYYATI
  32. MİR CƏLAL VƏ LEV TOLSTOY
  33. İstedadlı yazıçı, böyük alim, sevimli ata
  34. Müsaid bin İbrahim əs-Süleym: "Hər bir Səudiyyə insanının ürəyində Azərbaycanın xüsusi yeri var."
  35. Qanlı döyüşlərdə Dağıstanın və Azərbaycanın mərdliklə müdafiəsi Əziz Əliyev gücünün təzahürü idi - Foto
  36. Ailəsinə və xalqına bağışlanan zəngin irs - Eksklüziv fotolar
  37. Babaların vətənpərvərlik məfkurəsi - FOTO
  38. 2 aprel - Beynəlxalq Uşaq Kitabı günüdür
  39. DÜNYANI MAARİFLƏNDİRƏN DİN - İslam aləmi Qurban bayramına hazırlaşır
  40. Böyük ədibə məhəbbətlə
  41. "Yapon xalqı əsrimizin tapmacasıdır"- FOTOLAR
  42. Polşa Konstitusiyası Avropanın ən qədim konstitusiyasıdır-FOTOLAR
  43. Ürəklərdə əbədi məhəbbət məşəli yandıran insan - FOTOLAR
  44. Mehriban Əliyeva: “Mən kitab adamıyam”
  45. "Uşaqlar valideynlərindən daha çox zəmanələrinin övladlarıdır"- Foto
  46. Dühalar diyarı - Fotolar
  47. "Poeziya hər şeydən əvvəl həyat, sonra isə incəsənətdir"
  48. Dünyanın ən sirli və maraqlı xalqı-FOTOLAR
  49. HƏYATIN MÜQƏDDƏS AMALI
  50. MERDEKA-İNDONEZİYA DİLİNDƏ AZADLIQ DEMƏKDİR
  51. Dost və qardaş Mərakeşdə taxt-tac günü qeyd ediləcək - Fotolar
  52. İslam- paklıq, ədalət, namus, bərabərlik, doğruluq dinidir
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Azərbaycandan dünyaya...
08:24 28.09/2018
 
Xəbər başlıqları
16-10-2018
15-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.6643 san