15:49 24 Oktyabr 2016
3656 dəfə oxunub
Çap versiyası

 

AzTV-nin “Xəbərlər” proqramına təzə işə düzəlmişdim. Bu redaksiyanın da “qara fəhləliyi” deyilən işləri vardı. Müxbirlər çox da bu işlərə həvəsli deyildilər. Candərdi eləyirdilər. Bunlardan birincisi üç gündən bir növbətçi qalmaq idi. İnternetin olmadığı bir məkanda xəbər toplamaq, papkanı yığmaq, axşam mədəniyyət tədbirlərinə çəkilişə getmək. Deyinə-deyinə elədiyimiz işlərdən biri də rayon və xarici ölkələrdə olan əməkdaşların polufabrikat şəkildə göndərdikləri çəkilişləri efirə hazırlamaq idi. Kassetlərin dalıyca avtobusun qabağına maşın göndərmək, telefonla ötürdükləri səsləri yazmaq və ya əyriş-üyrüş əlyazma ilə göndərdikləri kadrarxası mətni makinada yazdırmaq, redaktə etmək, baş redaktora yoxlatdırmaq, sonda da səsi diktora oxutdurmaq, daha sonra montaj prosesinə nəzarət edib, məsul olmaq. İllah da ki, bayram günlərində zinhara gəlirdik. Bilmirdik ki, öz materialımızın dərdinə qalaq, yoxsa bunların. Düzdür, bu zəhmətimizin müqabilində qonaqlıq verəni də olurdu, Gürcüstan caxırı gətirəni də... Amma ürəkdən etmirdik bu işləri. Bir də görürdün ki, 20.00 “Xəbərlər”i qurtarıb. Amma gecə növbətçisi gəlməyib. Gecə növbətçisi də kim olsa yaxşıdır? Rayon müxbirlərindən biri. Zəng eləyirdik ki, “hardasan?” Bakıdan 300 kilometr uzaqlıqda olan bir kəndin adını eşidəndə, gecəni də işdə yatmalı olurduq. Amma bir istisna vardı. Mülatif müəllim otağına çağırırdı. Balaca betekam kasseti verib:

* Mahir, İbrahim Nəbioğlu göndərib bu kasseti. Üstündə xronometrajı, çıxış edəcək adamın subtitri yazılıb. Efir kassetinə köçürüb, efir jurnalına qeyd elə.

Vəssalam-şüttəmam. Süjetlər də ki, necə süjetlər. Maraqla baxırdın. Sonda da heyfslənirdin ki, bəs niyə tez qurtardı. Özü də ki, hər şeyə mız qoyan mən və ya biz bu video materiallarda nəyəsə qulp qoya bilmirdik. “Aaa... bu ki, məşhur şirkətdir?” Vəya “aaa... bu bankın müdirindən görəsən İbrahim nə qədər pul alıb?” Göndərilən süjet və reportajlarda bir dənə də “məna çıxarılacaq”neqativ obyekt, nöqtə də yox idi. Bu nə demək idi? Bu o demək idi ki, İbrahim Nəbioğlu nəinki AzTV-ni, Azərbaycanı layiqincə təmsil edir. Rusiya müxbiri kimi varlı diaspora rəhbərlərindən, bazarlardan süjet hazırlamır. Özü də ki, onun familiyasını bilmirdim. İllər keçəndən sonra bir xoş təsadüf nəticəsində bildim.

Günlərin bir günü yenə növbətçiydim. Sədrin otağından zəng etdilər ki, bəs faksla prezident sərəncamı gəlib. Onu da xatırladım ki, o vaxtlar prezident sərəncamları birinci AzTV-yə verilirdi. Özü də ki, 20.00 “Xəbərlər”inin başlanmasına 20-10 dəqiqə qalmış. Bəziləri efir gedə-gedə gəlirdi. Kimi işdən çıxardıblar, kimi işə

qoyublar. Kimə fəxri ad, orden veriblər. O qədər adam muştuluqlamışam ki... Tez getdim götürdüm. Heç köməkçi də demədi ki, kimin sərəncamıdır. Mən də oxuyub tanımadım. “İbrahim Nəbi oğlu Yaqubov İstanbul Baş konsulu təyin edilsin”. Atasının adına da fikir vermədim. Sərəncamı gətirib baş redaktorun müavini Mülatif Adurova verdim.

* Mülatif müəllim, İbrahim Yaqubovu İstanbula Baş konsul təyin ediblər. Tanımırsan?

Mülatif müəllim gülümsündü.

* Mahir, bizim İbrahimdir də... İbrahim Nəbioğlu. Zəng edək təbrik edək.

Mülatif müəllim Türkiyəni yığdı. Və adətincə mövzuya birbaşa keçmədi. Başladı “ürək çəkməyə”. Ki, görəsən İbrahimin xəbəri var, ya yox?

* İbrahim, salam. Necəsən?

* ........

* Şükür Allaha, salamatçılıqdır. Nə vaxt material göndərəcəksən?

* .........

* Mahir, – deyə Mülatif müəllim dəstəyi ağzından uzaqlaşdırıb astaca, – İbrahim deyir ki, sabah filan beynəlxalq tədbir var, həftəsonu da filan. Vaxtında çatdıracağam. Deyəsən bunun xəbəri yoxdur. – deyib dəstəyi yenidən qulağına yaşışdırdı. – İbrahim təbrik edirəm. Səni İstanbula Baş konsul təyin ediblər.

Sonra telefon dəstəyini mənə verdi. Təbrik etdim. Xəbəri yox idi bu sərəncamdan. Ulu öndər Heydər Əliyevin bu qiymətindən. Heydər Əliyev isə hər adama elə-belə qiymət verməzdi. Beləcə, AzTV İbrahim Nəbioğlu kimi orijinal, qiymətli bir kadrını itirdi. Amma xoş səsini eşidirdik. Konsulluqdan sonra növbəti mərhələ “Palmali” Şirkətlər Qrupunda vitse-prezidentlik oldu. Hərdən Torqovıda gəzişərkən rastlaşıb, görüşürdük. Atama salam göndərirdi, sonrakı illərdə isə rəhmət. Deyirdi ki, mənim atamla, qaynatamla çox yaxın olub. Amma bu yaxınlığın nə olduğunu demirdi. Mənimçün də bu, qeyri-adi bir şey deyildi. Çünki atamın heç vaxt düşməni olmayıb. Hamıyla dost-yoldaş olub. Nəbi kişi rəhmətə gedəndə hüzr məclisində iştirak etdiyini eşidəndə, ora gedə bilməyən mən, iş yoldaşı kimi xəcalət çəkmişdim.

Aylar keçdi, illər dolandı. Mən də AzTV-dən ayrılmışdım. Nəhayət Feysbuk kimi bir məkana üzv oldum. Məsafələrin çox qısa olduğu bu virtual məkanda ilin çox vaxtını Türkiyədə olan İbrahimlə dostlaşdıq. Görmüşük ki, insanı qiyabi tanıyasan. Sonra isə əyani. Burda əyanilikdən virtuala addım atdıq. Maraqlı statuslar yazır.

Türkiyədə baş verən hadisələrə münasibətini bildirir. Bu məlumatlar içində “Palmali” Şirkətlər Qrupunun nailiyyətləri də yer alır. Əsasən də hər hansı bir gəmi suya buraxılanda. Bax burda mənim yaram təzələndi. Atam 10 ildir rəhmətə getməsinə baxmayaraq, xatirəsinin əbədiləşdirilməsi gecikir. Bu təkcə Qabilə olan subyektiv münasibət deyil. Ümumi bir problemdir. Yeni, heç kimin adı verilməyən küçə və məktəb qıtlığı var Bakıda. Dünyasını dəyişən məşhurlar isə çox.

Mən də İbrahim Nəbioğlu bölməsində Azərbaycanın görkəmli şəxsiyyətlərindən birinin adına verilmiş yeni tankerin fotosunu görəndə... Özü də ki, içkiliydim. Balaca bir iynəli şərh yazdım: “Mən də vəzifəli olsaydım, atamın adına gəmi olardı”. Gözləyirdim ki, belə bir cavab gələcək: “Mahir, yekə oğlansan. Bu nədir yazmısan?”. Amma İbrahim Nəbioğlu “Ola bilməz. Ola bilməz ki, Qabilin adına gəmi yoxdur. Sən bunu Xəzər Dəniz Gəmiçiliyi ilə araşdır” cavabı yazdı. Dedim ki, yoxdur. Olsaydı suyaburaxılma mərasiminə çağırardılar. Yazışma bununla da bitdi. Bu söhbət 2015-ci ilin fevralında baş verdi. Biz görmüşük ki, 1 apreldə adamı aldadarlar. Amma İbrahim müəllim iki aydan sonra –1 Apreldə xəbər verdi ki, bəs “Mübariz Mənsimovun əmriylə Xalq şairi Qabilin adı 7100 tonluq yeni tankerimizə verildi. Adını da ingiliscə “Poet Qabil” qoyduq ki, hamı anlasın”. Bütün bu proseslər iki ay ərzində baş verdi. Müqayisə xoşlayanam. Burda lap yerinə düşür. Bakıda yerli icra orqanları 1,5x0,5 ölçüdə bir xatirə lövhəsini Qabilin yaşadığı evin divarına vurmağa xüsusi göstəriş gözləyirlər...

İbrahim müəllimin bir xüsusiyyətindən də xoşum gəldi ki, minnət qoymağı sevmir. Yazdığı məktubda bunu bir daha sübut etdi:

“Sən çox xeyirli evladsan və sənin alicənablığın, tərbiyən və abırın, səmimi deyirəm, bir örnəkdir hamıya...

Yəni, sənə hörmətimə şübhə etmə....

Amma,

inan ki, Qabil məsləsində sən əsas deyilsən....

Əsas olan onun öz böyük adıdır.....

Allah ona qəni-qəni rəhmət eləsin.....”

 

Bu gün İbrahim Nəbioğlunun 55 yaşı tamam olur. Sağ olsun Feysbuku ki, bunu xəbər verdi. Ona hamı kimi atəşin təbriklər yaza, hətta böyük gül çələngi, odekolon, viski, hətta bahalı avtomobil də hədiyyə edə bilərdim. Əlbəttə ki, virtual. Bu baxımdan Feysin imkanları çox böyük və zəngindir. Amma “Yazılan söz yadigardır” deyimindən çox xoşum gəlir. Şirin xatirələrin ürəkdə yatmasını istəmədim. Baxmayaraq ki, mənim yaz-pozumdan çox da xoşu gəlmir İbrahim Nəbioğlunun. Dünyanın müasir və klassik ədəbiyyatını sistematik izləyib, oxuyan

İbrahim müəllim mənə “Mahir, 70-ci illər səviyyəsində yazırsan e… Çoxlu mütaliə elə” deyir. Amma hansı əsrin 70-ci illərini nəzərdə tuturdu, demədi. Yəqin 19-cu əsrin 70-ci illərini nəzərdə tuturmuş. Dostoyevski, Tolstoy əsrini.

Bu qədər. Keçmiş iş yoldaşım, həmkarım, xeyirxahım, bir yazımda qeyd etdiyim kimi, Qabilə mənəvi övladlıq eləyən İbrahim Nəbioğlu, 55 yaşın, Yubileyin mübarək!


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-02-2018
19-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4779 san