12:09 16 Aprel 2014
7360 dəfə oxunub
Çap versiyası

 

 

 

-         Mamed, ay Mamed! Gəl dərsini oxu. Bəsdir damda quş uçurtdun. Kitab oxu. Quşlar sənə heç nə verməyəcək. Göyərçinlərə çörək verməkdən evimizin də bərəkətini göyə uçurmusan.

-         Oxuyaram da, ay məmə. Qaçaqaç deyil ki? Gəlirəm.

-         Ay Məsmə, uşaqda işin olmasın. Mənim oğlum sənətkar olacaq – kafelşik. Ya da maşın çilingəri, rəngsazı. Neynir oxuyub alim olsun. Elə biri mən. Oxuyub neyləmişəm ki? O boyda institutun dosenti – filologoya  elmləri namizədiyəm. Amma maşınım xarab olanda gedib səkkiz  sinif təhsil görmüş qıçım boyda uşağa yalvarıram ki, “sən Allah, mənim maşınımı tez düzəlt”. O da mənə saymazyana nə desə yaxşıdır: “Gözlə!”. Çıxardacağam səkkizinci sinifdən qoyacağam peşə məktəbinə. Əskərlikdə də əlindən tutacaq. Stroybatda  keyfə baxacaq.

-         Bu da ata. Mənim sözlərimi müdafiə etməkdən, oğlunun başına ağıl qoymaqdan deyir ki, “oxuma”. Bərəkallah, Bəkir. Fəhlə olsun e... Sözüm yox.  Savadlı fəhlə olsun da...

Bu bizim evdə gedən gündəlik söhbətlər idi. Valideynlərimin hər ikisi  savadlı, ali təhsilli olsa da, mən dayılarıma çəkmişdim. Biri sürücü, o biri isə  kafel vuran idi. Usta dayım hərdən bizə gələndə sənətinin sirlərini də  açıqlayırdı. Deyirdi ki, ”“xaltura” götürəndə birinci zəhmət haqqının yarısını  əvvəlcədən almalısan ki, sən ev sahibindən yox, o səndən  asılı vəziyyətə düşsün. Ən vacibi isə ustanın  üç komplekt aləti olmalıdır. Hərəsini də yarımçıq vəziyyətə saldığı  evlərdə qoymalıdır.  Evin xanımı  “usta qaçıb, pulumuzu da alıb aradan çıxıb” sözlərini dilinə gətirəndə kişi  “ay arvad, görmürsən alətləri burdadır? Hara qaçacaq ki... Əvvəl-axır qayıdacaq” desin”.

Beləcə dayım mənə sənətinin sirlərini öyrədirdi. Anam isə mənim oxumamağımı özünə dərd edərdi. Atam da hər dəfə çalışıb könlünü alırdı.  Bunu bacarmayanda  iki misralıq bir şeirləri vardı. Atam beytin birinci misrasın deyirdi, anam da göz-qaşın oynada-oynada ikinci misrasını gətirərdi, çöhrəsinə gülüş qonardı.

-         Ay qız, adın Məsmədü?

-         Məsmə deyil, bəs nədü?

 Sovet vaxtı santexnik, parket, kafel, ştukatur vuran, bənna,  rəngsazlar səhərdən axşamadək  dövlətin  inşaat sektorunda çalışırdılar. Dayım da evlərdə iş,  yəni sovetin  diliylə desək “xaltura” götürəndə ora axşam saat altıya gedib güclə çıxırdı.  Yanında da fəhlə gəzdirirdi.  Axı, o ustaydı. Palçığı qarışdırmaq, köhnə kafelləri sökmək, torbalara yığıb həyətə düşürmək - bu işlərin hamısını fəhlə görürdü. Materialları isə ev yiyəsi alırdı. Bir şey tapılmayanda dayım dövlətin stroykasından oğurluyub gətirirdi. Prorabın xəbəri də olmurdu.  Gecə gedirdi. Qarovulçu işləyən tələbəyə iki qutu siqaret alıb verirdi. Sonra da iş vaxtı qənaət etdiyi sementi, yapışqanı  götürürdü. Tutsaydılar vay halına. Gecə saat onacan onun-bunun evində işləyər, divara vurduğu kafelləri döyəcləyərək qonşuların da istirahətini burnundan gətirərdi.

“Qoç igid dayısına oxşayar” deyirlər. Mən də dayıma oxşamışdım. Onun kimi kafelşik olmaq istəyirdim. Amma bununçun da oxumaq lazım idi, attestatın, diplomun olmalıydı. Ona görə də 8-ci sinfi bitirən kimi texniki-peşə məktəbinə keçdim. Atama başa saldılar ki, uşaq  nəzəri biliklərlə çox da irəli gedə bilməyəcək. “Stroyka”lardan birinə şagird  düzəltmək lazımdır ki, nəsə öyrənə bilsin. Məktəbi qurtaranda  artıq usta kimi sərbəst işləsin.

Atamın bir tələbəsi vardı.  Həm də diplom rəhbəriydi. Müdafiəyə hazırlaşdırırdı onu. Atası da böyük bir tikintinin rəisi idi. Atama da demişdi ki, nə sözün, qulluğun olsa hazıram. Lap evi başdan-ayağa təmir elətdirməyi də boynuna götürmüşdü. Amma atam razılıq verməmişdi. Pul da götürməmişdi. Təmiz adamıydı atam. Halal zəhmətiylə dolanırdı. 270 rubl maaş alırdı.  Aldığı da bizi görürdü.  Atam istədi ki, birinci ona ağız aça. Amma özünə sığışdırmadı.

Dayıma dedi ki, götür  bacıoğlunu yanına, öyrət. Amma dayım “mən kiməm ki, tikintinin  rəisinə adam tapmaq lazımdır”deyə  başından elədi.   Atam da məni yanına salıb tikinti rəisinin yanına xahişə  getdi. Qəbul otağında yarım saat gözləyəndən sonra növbəmiz çatdı. Qapını döyüb içəri girdik.

-         Salam.

-         Bıy, bıy,  professor. Siz hara, bura hara. Bəs adam gələndə zəng eləməz? Maşın göndərərdim dalınızca.

Təsadüfdən tikintinin rəisi atamın diplom rəhbəri olduğu tələbəsinin atası çıxdı..

-         Mən professor yox, dosentəm.

-         Nə olar ki... deyilsiz? Olarsınız inşallah. Müdafiədən sonrakı qonaqlıq da mənim boynuma.

-          İnşallah. Mamed müəllim, bilmirdim ki, siz burda işləyirsiniz . Nə gözəl təsadüf. Allah sizinkiləri də saxlasın. Bu mənim oğlum Mameddir.

-         Pah, adaşıq ki... Neçənci sinifdə oxuyur?

-         Peşə məktəbindədir. Kafelşik olmaq istəyir.

-         Hə, buna hökmən təcrübə lazımdır. Dərsdə bir şey öyrətmirlər. İnandırım sizi,  qapımda düzülüblər ki, işə girsinlər. Götürmürəm. Başa da sala  bilmirəm ki, diplom öz yerində, mənə  işi bacaran adam lazımdır.

-         Biz də elə ona görə gəlmişik. İstəyirəm ki...

-         Bu nə sözdür, professor.  Sizin  bizim ailəmizin üstündə haqqınız böyükdür. Qızıma elm öyrədirsiniz. Mən də adaşımı işə götürəcəyəm. Bəlkə xəcalətinizdən bir az da olsa çıxa bilim.

-         Ay çox sağ olun.

-         Amma, adaş, bu olmadı da. Mən  bütün günü toz-torpağın içində eşələnən fəhlə baba,  istəyirəm ki,  övladlarım alim olsun. Sən alim oğlu isə gəlmisən tozun-torpağın içinə ki, bəs mənə kafel vurmağı öyrədin. Mən uşaqlarıma demişəm ki, bax, professor olmasanız, çörəyimi halal eləmərəm sizə. Arxalarında da durmuşam.

-         Mamed müəllim, oxumur, bütün günü quş uçurdur. Məhlədə Quşbaz Mamed çağırırlar bunu. Dayılarına çəkib.  Siz Allah, alın qanadınızın altına, bir sənət öyrənsin. Həvəsi də var. Dayısının yoluyla getmək istəyir. Özü də sizin stroykada işləyir.  İstəyirik ki,  elə onun  yanında da işləyib öyrənsin. Adı da Akifdir.

-         Nə?! Allah eləməsin ki, onun yoluyla getsin.  O kafel vura bilir ki. Bu gün vurur sabah tökülür. Axırda yanıma çağırıb danlamışam ki, ay bala, düz işlə. Nə desə yaxşıdır? Deyir ki, sement köhnədir. Ay professor, rastvora üçdə bir sement qatmaq lazımdır ki, kafel divara yapışsın. Bu isə sementi kəsir. Axşam da gəlir harasa daşıyır. Elə bilir ki, xəbərim yoxdur. Pislik eləmək istəmirəm. Burda işləyən ermənilərdən utanıram. Necə olsa öz azərbaycanlımdır. Xəcalət çəkirəm. Adaşımı erməni usta Martirosa tapşıracağam. Əlləri qızıldır. Nazirlərin, yüksək vəzifəli adamların evinin təmirinə  ancaq onu  göndərirəm.  Həmişə də üzümü ağ edir.

Düyməni basır. Katibəyə:

-         Martiros kişini, dəvət eləyin yanıma.

Bir anlıq öz-özümə fikirləşirəm. Gör Mamed müəllim nə böyük mədəniyyət sahibidir ki,  “çağırın Martirosu yanıma” yox,  “dəvət eləyin” dedi. Özü də “Martiros kişini”... Otağa uzun şeşə bığları olan, orta boylu kişi daxil oldu. Ədəb-ərkanla salamlaşdı.

-         Martiros kişi,  professor  mənim ən yaxın adamımdır. Oğlu da kafelşiklik oxuyur. Mənim də adaşımdır. İstəyirəm ki, sənin yanına köməkçi götürüm. Öyrədəsən uşağı. Nə deyirsən?

-         Baş üstə, müdir. Əgər həvəsi varsa canla-başla. 

-         Var. Gözün də həmişə üstündə olsun. Proraba da tapşıracağam ki, pulun kəsməsin. Sənə də öyrətməyinə görə “premiyalnı” yazsın.

Otaqdan çıxdıq. Atamın uçmağa qanadı yox idi. Məni avaraçılıqdan qurtarmışdı. Həm də 17 yaşında əlim çörəyə çatmışdı. Azı-azı 90 rubl alacaqdım.  Yaxşı işləsəydim daha çox. Martiros dayı  özüylə “xaltura”ya   aparsaydı çaq-çuxum  da olacaqdı. Çox  sevinirdim.

Səhəri gün işə gəldim.  Yeni məktəb binası tikirdik. . Biz isə  tualetinə, mətbəxinə kafel vurmalıydıq. Mənə xüsusi forma da verdilər. Martiros dayının yanında mənim kimi cavan bir uşaq da vardı. Adı Armen idi.  Fağır, yazığın biriydi.

-         Martiros dayı, bu oğlan kimdir?

-         Qonşu uşaqdır, Mamedcan. Həyətdə boş-bekar gəzirdi. Gətirdim ki, yanımda işləsin. Bizim santexnik Neftonun oğludur.

-         Nə əcəb  öz yanına  götürməyib?

-         Əvəz-əvəzdir, Mamedcan. O da  mənim oğluma santexnikliyi öyrədir. Nə isə... nə qədər isti düşməyib başlayaq. Mamedcan, əsas kafelin birinci sırasını vurmaqdır. Ona görə də divarda hər iki küncündə  tarazla işarə qoyub, mıxla cızıq çəkirsən. Sonra da kafelin arxasına palçıq qoyub cızıq boyu başlayırsan yanbayan yapışdırmağa. Üstündən də döyəcləyirsən. Sonra da...

-         Elə bu?

-         Başqa nə olmalıydı ki?

 

Həvəslə işə başladım. Armen həm Martiros dayını, həm də məni palçıqla təmin edirdi. Əsasən isə ustanın yanında oturub ermənicə nəsə qırıldadırdılar. Martiros dayı bir sözü Armenə yüz dəfə başa salırdı. Hərdən hirslənib az qalırdı ki, kafeli çırpsın Armenin təpəsinə. Amma “debil, debil” deməklə hirsini soyudurdu. Dillərin başa düşməsəm də, anlayırdım ki, Armen sənəti çətin qavrayır. Martiros dayı da buna görə əsəbiləşir. Hərdən mənə yaxınlaşar, məsləhətlərini verərdi.

-         Martiros dayı, birinci sıranı düzdüm. Amma yenə də əyri alınır e...

-         Mamedcan, səndə taqsır yoxdur. Çexski kafel deyil a...Bakinskidir.  Ala başına, kül başına buraxırlar. Həm küncləri 90 dərəcə deyil, həm də səthi əyri-üyrüdür. Sən vur. Belə şeylərə fikir vermə.  Dövlətin “stroyka”sıdır da... Sənə heç kim heç nə deməyəcək. Planı doldur. Vəssalam. Əsas odur ki, hökumətin başında ustalığı öyrənəsən ki, sabah evlərdə iş götürəndə yarıdasan. Ev yiyəsi döyüb qovmasın. Ya da ki, milis çağırıb, “zəhmətsiz gəlir” üstündə dama basdırmasın. Bildin? Yaxşı öyrən. Nəyi də başa düşməsən, soruş. Sən yaxşı qavrayırsan.  Yoxsa ki, bu  Armen.

-         Çox sağ ol, usta, çox sağ ol.

Fərəhlənirdim.  Tikintinin rəisi Mamed müəllim də ərazini gəzəndə bizə baş çəkirdi. İşimə baxaraq bir anlıq duruxsa da, sonra  “əla, əla. Kim anasının qarnında dahi olub ki. Öyrənəcəksən. Martiros kişi yaxşı sənətkardır. Əlləri də qızıldır. Yaxşı öyrən. Professora da mənim salamlarımı çatdır” deyərək çıxıb gedirdi. Məvacibimi də yüksək alırdım. Hətta dosent atam da “mən otuz  ilin alimi, dosent  270 rubl alıram. Bu isə dünənki uşaq, şagird 190 rubl qazanır” deyə paxıllığını gizlətmirdi. Hər dəfə Mamed müəllim gələndə Armen qaçıb gizlənirdi. Amma başa düşmürdüm ki, niyə.

Günortalar yemək də verirdilər. Birinciyə şorba, ikinciyə ətlə qulyaş, üçüncü isə ya kompot, ya da  kisel. Biz yeməyə gedəndə Armen gəlmirdi. Evdən gətirdiyi pendir çörəyi çıxarıb ortaya qoyur, termosdan çay süzüb içinə üç dənə qənd atıb qarışdırır, buterbrodu şirinçayla  yeməyə başlayırdı. Bir gün Mamed müəllim tikintini gəzəndə Armeni də yanımızda gördü:

-         Martiros kişi, bu kimdir?

-         Armendir.  Qonşu uşaqdır. Santexnik Neftonun oğlu.

-         Burda neyləyir?

-         Heç. Əqli zəif uşaqdır. Götürmüşəm yanıma. Palçıq tutur, su gətirir. İşimizə yarıyır.

-         Nefton gözəl sənətkardır. Nə əcəb uşağı belə çıxıb. Öz sənətini niyə öyrətmir ki? Səni üzüyumşaq görüb deyəsən. Eybi yox, qoy çalışsın. Amma yuxarıdan yoxlama gəlsə mənim xəbərim yoxdur a... Adaşım necədir e? Bir şey öyrənə bilir?

-         Çalışqandır. Öyrənir.

 Mən də bu sözlərdən fərəhlənirdim. Armenə isə lap yazığım gəlirdi. Martiros dayı ona lap işgəncə verirdi. Armençün  taxtadan kafel ölçüsündə  xüsusi qəlib hazırlatdırmışdı. O da kafellərin qırağını bülöv daşı, ya da sumbata  kağızıyla  sürtərdi. Ta o vaxtacan ki,  qəlibin ölçülərinə uyğun gəlsin.  Sonra bir vedrə su gətirib kafelləri ora salardı. Divara mayak qoyub  ştukatur eləyərdi.  Nəyisə səhv edəndə də  Martiros dayı az qalırdı əlindəkiləri çırpsın təpəsinə. Mən də başa düşməyim deyə ermənicə söyürdü. Yalnız bir cümləsin   anlayırdım– “debil”. Mənimlə işi yox idi. Bütün qara işləri Armenə gördürərdi.  Məni isə tərifləyərdi. “Malades, Mamedcan” deməyi xüsusilə xoşuma gələrdi.

Hərdən Armenin əlindən mən də əsəbiləşirdim. Usta adi bir şeyi izah edəndən sonra, ondan da məndən də  soruşurdu ki, bəs “başa düşdünüz?”. Mən o saat “hə” deyirdim. Armen isə qoyun kimi başını aşağı salıb “yox” cavabı verirdi. Ustam başdan bir də izah edirdi.  Yenə də çatmırdı bu bədbəxtə. Martiros dayı hirsindən partlayırdı. Amma təmkinlə bir də izah etməli olurdu.

Artıq kafel vurmağa əlim öyrəşmişdi. Bəzən say baxımdan ustamı da keçirdim. Düzdür,  əyri-üyrü  alınırdı. Amma taqsır məndə deyildi. Bakı  malıydı da, neyləyim. Martiros dayının kafelləri isə düpbədüz alınırdı.  Orasın-burasın yonan, qəlibə salan debil Armenin hesabına.   Hərdən Armen  yoxa çıxırdı. Martiros dayı deyirdi ki, uşaq xəstələnib. İki-üç gündən sonra isə yenidən tikintiyə  qayıdırdı.

Evə gedəndə işimdən ağızdolusu danışırdım. Mamed müəllim zəng edib məni texniki-peşə məktəbinin direktoruna da tapşırmışdı. Dərsə getmirdim. Qiymətlərim isə yazılırdı. Direktora da tapşırmışdı ki, məktəbi bitirən kimi, təyinatımı onun tikintisinə versin.  Hətta xüsusi olaraq “tələbnamə məktubu” da göndərmişdi.

 Bütün günü tikintidəydim. Atam isə bunlara sevinmək əvəzinə qırışığı açılmırdı. Yazı makinasını qabağına qoyub yazırdı. Bilirdim nə tıqqıldadır.  Müdirim Mamed müəllimin qızı Pərvin  üçün  diplom işini yazırdı. Hərdən də anama “bu zalımın qızı lap debildir e. Heç nə anlamır. Hövsələm çatmır day izah eləməyə.  Məcburam özüm yazım”.

***

Günlərin bir günü  Mamed müəllim gəldi ki, bəs Martiros kişi, nazirimizin  bağında kafel işləri var. Ancaq sən yarıda bilərsən bu işi. Şagirdlərini də götür get. 

Mamed müəllim ayrıca maşın da  ayırdı. Alətlərimizi  yığıb Pirşağıya yollandıq. Ətrafda tikanlı məftillər, kol-kosla hasarlanmış bağlar idi. Bu mühitdə uzaqdan göz deşən daş hasarlı bir evin darvazasına çatdıq. İçəri girəndə heyrətimi gizlədə bilmədim.

-         Martiros dayı, nə gözəl bağdır. Birinci dəfədir ki, belə ev görürəm. Görəsən  nə qədər pul qoyub bura?

Martiros kişi isə mənim sualıma cavab vermədi. Sadəcə gülümsədi. Bağ iki mərtəbəli idi. İkinci mərtəbənin pilləkanı böyürdən qurulmuşdu. Qabağında da hovuz.  Dibində iri qırmızı balıqlar üzürdü. İçinə yemiş, qarpız atmışdılar. Araq, pivə şüşləri də görünürdü. Hasarın dibində quyu vardı. Başına nasos qoymuşdular. Qulluqçu arabir nasosu işə salar, hovuz ləbaləb dolduqca daşan su arxla bağça-bağa axırdı. Bu yolla hovuzun suyun dəyişdirər, illətlənməkdən qoruyardılar.  Bağ demək olar ki, əncir ağacı, üzümlükdən ibarət idi. Ortada isə ətrafa kölgəlik salan iri ağ tut ağacı vardı. Şanı üzümlər sarı qumun üstündə qıvrıla-qıvrıla gedirdi. Üzüm artıq qoraya düşmüşdü. Şaftalı ağacları isə gəl-gəl deyirdi. Dözməyib birini budağından üzdüm. Dişimə vurdum. Suyu üstümə axdı. Bal kimiydi. Bu zaman  ikinci mərtəbədə bir qız göründü. Deyəsən nazirin qızıydı.  Sarafan paltar geyinmişdi. Meh əsdikcə paltarının ətəkləri dalğalanır, ayaqları aydın görsənirdi. Yenə də heyrətimi gizlədə bilmədim:

-         Martiros dayı, nə bomba şeydir bu?

Martiros dayı yenə heç nə demədi. Sadəcə gülümsədi.  Armen isə heç nə danışmır,  debil kimi ətrafa tamaşa edirdi.

Bağban bizi qaraja gətirdi. Materialları , kafel vuracağımız yeri göstərdi. Sonra da öz işinin dalıyca getdi. Martiros dayı,  Armen və mən paltarımızı dəyişdik.  Mən yenə də dözmədim:

-         Martiros dayı, bunların eşşəkliyinə bax e... bu boyda yol gəlmişik bir stəkan çay da vermirlər bizə.

Martiros dayı, bu dəfə də heç nə demədi. Sadəcə gülümsündü. Hamam otağına gəldik. Hamam yox e, saray idi. Demə adına sauna deyirlərmiş. Böyük hovuzu, duş kabinaları vardı. Mən ilk dəfəydi ki, belə şey görürdüm.

-         Armen, bax. Atan gör necə gözəllik yaradıb. Bura kafel vurmağa nə var ki? Laqaları gətir.

Laqa nədir? Birinci dəfədir ki, eşidirdim. Demə, hər üzü 5 santimetr olan qalın taxta imiş. Ustam taraz qoyub, laqanı  beton mıxıyla divara vurdu. Sonra da mənə “sən əlini vurma, sakitcə otur bax” dedi.  Məəttəl qalmışdım. Tikintidə divarda çızıq çəkirdik. Laqa bəs hardan meydana gəldi. Utandığımdan isə sual vermədim. Axı,  Armen kimi mənə də “debil” deyərdi. Sonra Armen kafelləri gətirdi. Üstündə “Made in ÇSSR” yazılmışdı. Bizim kafellərdən çox fərqlənirdi. Göz oxşayırdı. Üstündə gülləri, naxışları vardı. Tinləri də düpbədüz idi. Amma  ustam və Armen yenə də sumbata kağızını əllərinə götürüb başladılar  kafelin kənarlarını sürtməyə. Mənə də sumbata verib dedi ki, sürt. Birin sürtdüm, ikisin sürtdüm. Axır bezdim.

-         Martiros dayı, bu düpbədüzdür də... Harasın sürtürüy e... Lap bezdirdi məni.

-         Mamedcan, onda qum, sement gətir yavaş-yavaş palçıq tut.

-         Martiros dayı, mən usta şagirdiyəm. Gələcəyin diplomlu ustasıyam. Fəhlə deyiləm a... Palçıq tutmaq debil Armenin işidir.

-         Yaxşı, onda dincəl.

 

Düzün palçıq tutmağı bilmirdim. Bunu da etiraf etməyə utanırdım.  Fanerka listi yerə uzadım üstündə uzandım. Külafirəngidə dayanan nazir qızına baxmağa başladım. Həyat şey idi. Göyərçin idi ye, göyərçin.  Öz göyərçinlərim kimi nə uçurdardım bunu? Martiros dayı ilə Armen əvvəlcə qumu gətirdilər. Sonra xırda toxunmuş toru taxta çərçivəyə saldılar. Qumu tor ələkdən keçirdilər. Lap anam qutab bişirəndə unu ələkdən keçirən kimi. Bunlar qəribə adam idilər. Tikintidə heç belə işlər görmürdülər. Amma burda tamam başqa cürə işləyirdilər. Martiros dayı Armendən daha çox fəhləlik edirdi. Armeni söyüb tənbeh də eləmirdi. Cınqırı da çıxmırdı. Sonra  sement gətirib   qarışığı hazırladılar. Ustam əlini “rastvor”un içinə  salıb ovcu ilə sıxmağa başladı. “Armen, bir az da sement qat. Mingəçevir qumudur” dedi.  Heç nə anlamırdım tikintidə sarı qum idi, burda qara qum. Tikintidə divara cızığ çəkirdik, burda isə hər tərəfi düpbədüz olan taxta vururduq.  Tikintidə qumu ələmirdik, burda ələdik. Utandığımdan da debil  Armenin yanında soruşa bilmirdim. Axı, Martiros dayı mənə də debil deyə bilərdi. Beləcə günortayadək işlədik. Nazir, arvadı və qızı çərhovuzun qırağlnda  nahar eləyirdilər. Mənim də bir gözüm onlardaydı.  Nazir hər dəfə soyuq pivə dolu bakalı dodaqlarına yapışdıranda, köpüyü bığlarına yapışıb qalanda, arabir də qaxac kilkənin başını və quyruğunu əvvəl dişiylə təmizləyib, sonra ağzına qoyanda  dodaqlarım çat verirdi.

-         Martiros dayı, bunlara bax e, özləri yemək yeyirlər. Biz isə burda qul kimi işləyirik. Heç çay da vermirlər.

Martiros dayı isə heç nə demir, sadəcə gülümsəyirdi.  Susayanda da bumbuz quyu suyunu başına çəkər, əl-üzünü yuyardı.  Yarım saat sonra qulluqçu bizə yaxınlaşaraq  nahara dəvət etdi. Əlimizi yuyub qaraja gəldik. Köhnə stolun üstündə süfrə açılmışdı. Ortada hər şey vardı. Bircə pivədən başqa. Stulların isə ayağı  əsirdi. Armen oturanda birinin qıçı qopdu. Yazıq özünü güclə saxladı. Bir təhər yeməyimizi yeyib iş başına qayıtdıq. Armen nahar fasiləsindən istifadə edib bağı gəzməyə başladı. Birdən nazirin xanımına yaxınlaşaraq “Siz də bint olarmı?” dedi. Onlar da həmən bint tapıb Armenə verdilər.  O da şaftalı ağaclarından birinə yaxınlaşıb, bardan ağırlıq edib qırılan budağını qaldırdı.  Düzəltdiyi haçanı budağın altına qoydu. Gövdədən ayrılan yerini bintlə sarıdı.  Sonra da işinin başına qayıtdı.

Səhəri gün yenə də  bağdaydıq. İşə başlamamışdan qabaq Armen qarajdakı köhnə stol stulu günə çıxardı. Ev yiyəsindən yenə bint istədi. Stulların laxlayan ayaqlarını çıxararaq calaq gövdəyə girən hissəsini bintlə sarıdı, PVA yapışqanı vuraraq yerinə saldı. Sonra sumbata kağızı ilə həm stolu, həm də stulu yaxşıca sürtdü. Nazirin arvadı və qızı da ona tamaşa edirdi. Məəttəl qalmışdım.  Armen gözünün ucuyla da nazirin bomba kimi qızına baxmırdı. Öz işindəydi. İstədim ki,  qıza yaxından baxmaq üçün guya Armenə nəsə kömək əlimi uzatmaq üçün onlara yaxınlaşım. Martiros dayı buraxmadı. Armen stol-stulu sumbata ilə sürtüb təmizlədi. Sonra rastvoritelli əskiylə  tozunu sildi. Birdən üzünü nazirin arvadına tutaraq “Pivə var?” deyə soruşdu. Yandım töküldüm ki, ay rəhmətliyin oğlu, dilimlə çay istəyirəm vermirlər. Bu isə pivə istəyir. Özü də çeşski.

Amma nazirin arvadı pivəni o saat gətirdi. Armen cibindən qəhveyi rəngli toz çıxardaraq, balaca bir qaba tökdü. Üstünə azca pivə əlavə etdi. Yarımçıq pivə şüşəsini  nazirin arvadına qaytardı. Kül başıva Armen,  debilsən ki, debil. Nə qaytarırsan? Çək də qalanın başına.

(Ardı var)


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1469 san