13:41 01 Noyabr 2016
3229 dəfə oxunub
Çap versiyası

  

-         600 səhifəlik  “Səfsəfə doktoru”, ondan bir az nazik, görmüsən də sən,  “TU-154”, bir də “Kitabbaz”, a kişi,  “Kitabbaz”ı deyirəm e...  3 yekə romanın müəllifi olasan, səni tanıyalar,  oxuyalar,  bəyənələr... Haqqında yazı yazalar... Səhərdən-axşama kimi müsahibə verəsən. Elə srağagün yekə müsahibəm getdi də qəzetdə. 2 səhifəlik. Axırda da günlərin bir günü başına belə bir iş gələ. Kimə desən, inanmaz...

-         Nə olub axı?

-         Nə olub deyəndə ki. A kişi, səhər tezdən evdən çıxıram ki, işə gedəm. Yəni dərsə. Dərs deyirəm də mən institutda.

-         Hə, sonra?

-         Elə qapıdan çıxmışdım ki, bir də gördüm məhəllədə bir gic var. Qədimşah. O gəlir düz üstümə. Elə mənə çatan kimi nə desə yaxşıdır?

-         Nə dedi?

-         Dedi  ki, yazmayım.

-         Yazmayasan?

-         Hə... Mən buna deyirəm ki, o nə deməkdir? Bu da soruşur məndən ki, yazanam mən, yoxsa yox?

-         Nə soruşur?

-         Deyirəm, məndən soruşur ki, yazanam mən?

-         Sən nə dedin?

-         Nə dedim? Elə ağzımı doldururdum deyəm ki, yazıçıyam.  Qayıdasan ki, Cavanşir deyir bəs sən yazansan.

-         Cavanşir kimdi?

-         Cavanşir bizim “uçastkovı”dır.

-         Hə...

-         Nə hə? Birində qonşuda qanqaraçılıq olmuşdu. Onda görmüşdüm ki, bizim “uçastkovı”mız budur. İnan Allaha, çəkisi olar onun 150 kilo...

-         Əsl “uçastkovı” elə olmalıdır da.

-         Hə, nə isə. Cavanşir deyib bu Qədimşaha ki, mən yazanam.

-         Deyib, deyib də. Sonra nə oldu? Yazansan da sən. Yazıçı. Bir də, dayan görüm, bu Qədimşahdı-nədi, içkili idi?

-         Yox  bir, ayıq idi. “Pyaniska”nın biridir də, bədbəxt oğlu bədbəxt.

-         Əşşi, indi bir qələtdi də eləyib. İçkili adam...

-         A kişi, sən dalısına qulaq as e.

-         Dalısı da var?

-         Bəs yoxdu? Elə dalısındadır da məsələ. Deməli, qır-saqqız olub bu Qədimşah. İnan Allaha. Üst-başından da da it iyi gəlir. İstəyirəm, başımdan eləyim,  əl çəksin məndən. Deyirəm buna ki, daha “uçastkovı” deyib də, o boyda adamdır... O deyirsə, yazanam, hə.

-         Hə...

-         Bu da qoymur gedəm. Əl çəkmir. Deyir ki, yazma.

-         Yazmayasan?

-         Hə, mənə deyir ki, yazmayım.

-         Yazma deyir, yazma da.

-         Zarafata salma, xahiş edirəm. Bu Qədimşah mənə deyir ki, yazmayım. Ömründə bir dənə kitab oxumayıb. Kitab başına dəysin. Adını yaza bilməz, bəlkə də.

-         Elə bu?

-         Hə. Sən demə, kimsə bizim binanın tinində biədəb söz yazıb. Qonşuda biri var, sən də məni bağışla, ayağı sürüşkənin biridir. Hə, onun ünvanına nəsə yazıblar divarda. Bu da Qədimşahın qeyrətinə toxunub. Gedib “uçastkovı”nın yanına ki...

-         Ha-ha. Başa düşdüm deyəsən... Ha-ha.

-         Sən gülürsən. Mənim ürəyim partlayır. Dərman içməyən adam, səhərdən ikinci “tabletka”dır ki, atıram...

-         Sən mənim canım, ay Tapdıq, bunlar elə bilirlər ki, sən yazmısan o biədəb sözü divara?

-         Hə. Təsəvvür edirsən? “Uçastkovı” bundan soruşub ki, Qədimşahdan, bəs,  kimdən şübhələnir bu? Bu dəyyus da heç nə deməyib. “Uçastkovı”  da qayıdasan ki, məhəllədə bir dənə yazan var, o da məllimdir. Mənə məllim deyir də bunlar.

-         Allah səni güldürsün...

-         Hə, vallah. O da deyib ki, get ona, mənə yəni, başa sal.Yazmasın.

-         Qədim... Nə oldu adı? Qədimşah?

-         Hə, Qədimşah da gəlib mənə deyir ki, yazmayım.   Mənə. O boyda “Səfsəfə doktoru”nun... Oxumusan da? Oxumamısan? Doğrudan oxumamısan “Səfsəfə doktoru”nu? Mən də gör dərdimi kimə danışıram e.

 

 

 


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9093 san