19:00 17 Aprel 2014
5642 dəfə oxunub
Çap versiyası

Nə isə, başladı qabdakını çubuqla qarışdırmağa. Sonra da fırçanı götürüb stol-stulu  hazırladığı bu məhlulla  rəngləməyə başladı.  Taxta solğun qəhveyi bi rəngə düşdü. Elə bil kakao sürtmüşdün.  Quruyandan sonra da qarajdan lak gətirib üstünə çəkdi. Mən mebel mağazasında belə stol-stul görməmişdim. Par-par parıldayırdı. Pardaxlanmışdı. Sonra da günün altında qurumağa qoyub qayıtdı işinin başına.   

Mən isə  avara-avara bu mənzərəni seyr edirdim. Hərdən bağa girib şaftalı dərir, ağzımı marçıldada-marçıldada yeyirdim.  Bütün günü gözüm nazirin qızındaydı. Ayıra bilmirdim nəzərlərimi ondan. Armen isə ondan bir metr hündürlükdə dayanan qıza heç gözünün ucuyla da baxmadı.

Ey fələk,

Eylə külək,

Qaldır onu,

Biz də görək

şeirini də demədi. Amma altdan yuxarı bomba panarama idi ya... Nə isə axşam biz gedənə yaxın nazir gəldi. Stol-stulu görüb təəccübləndi. Heyrətləndi desəm yanılmaram.  Arvadı və  qızı  barmağıyla Armeni göstərdi. Yaxınlaşıb çəhrayı 25-liyi basdı debilin cibinə. O da hamının gözü qabağında pulu cibindən çıxarıb verdi Martiros dayıya. Evə  qayıdanda  gördüm ki,  Martiros dayı cibimə nəsə dürtür.

-         Bu nədir?

-         Bayaqkı 25-likdir. Üç yerə böldüm. 8 rubl 30 kopeek də sənə düşür. Halal xoşun.

-         Bu Armenin haqqıdır axı?

-         Dəxli yoxdur. Çörəyə birlikdə çıxmışıq. Ona görə də bərabər  bölünməlidir.

Səhəri gün yenə bağa gəldik. Gözümü nazirin qızından çəkə bilmirdim. Eləcə zilliyib durmuşdum. Vyetnamka çəkələklərinə, sarafan paltarına, yel əsdikcə dalğalanan ətəyin altından görünən əndamına baxmaqdan doymurdum. O isə mənim baxışlarımı heç vecinə də almırdı.  Armenin lakladığı stol-stilu da  düz hovuzun kənarına qoymuşdular. Özləri otururdular.  Axşam evə gedəndə qulluqçu bizə yaxınlaşıb, barmağını mənə tərəf uzadaraq.

-         Usta, nazirin xanımı dedi ki, sabahdan bu oğlanı özünüzlə gətirməyəsiniz. Yaxşımı?

-             Baş üstə. – deyə Martiros dayı cavab verdi. Adətincə yenə  gülümsədi.

Mən isə pərt olmuşdum. Amma heç nə deyə bilmirdim. Martiros dayı isə:

-         Mamedcan, lap yaxşı oldu. “Stroyka”da o qədər işimiz tökülüb qalıb ki... Sən orda işlə, biz də burda. Allaha şükür hər şeyi bacarırsan. Biz də işlərimizi tez görüb qayıdarıq.

Səhəri işə çıxdım.  Mamed müəllim yanına çağırtdırdı:

-         Əhsən bacıoğlu. Öz aramızda bir söz soruşum səndən. Nazirin qızı doğurdan  qəşəngdir?

-         Hə. Siz hardan tanıyırsız?

-         Materialları aparanda uzaqdan görmüşdüm. Arvadı da bombadır, hə? Armyankalar belə olurlar da...  Candılar e, can. Bəxtəvər nazirimizin başına. Mənə zəng eləyib dedilər ki, bir də o uşaq bağa gəlməsin. Soruşdum niyə? Dedilər ki, bəs nazirin qızına şorgöz-şorgöz baxır. Dedim ki, kişidir də... bağışlamaq olar. Get işlə. Burda pulunu qazan.

İş başına qayıtdım. Birinci  palçıq tutmaq istədim. Amma necə?  Axı, bu işləri debil Armen görürdü, mən yox. Axı mən ustayam, fəhlə deyiləm.  Tez dayımın üstünə qaçdım. O da “dörd lapatka qum tök, bir lapatka da sement. Sonra da qarışdır” dedi.  Dayım deyən kimi də elədim.  Hərdən gəlib işimi də baxırdı. “Bacıoğlu, bu kafeli niyə sıx-sıx vurusan. Ac qalmaq istəyirsən? Aralı-aralı vur ki, kafeldən xalturaya da daşıya biləsən” deyə məsləhətlərin də verirdi. Beləcə bir-iki gün tək işlədim. Proraba da dedim ki, bax a... bu günlərin pulun təkcə mənə yazarsan.  Mən burda hamballıq edirəm, onlar isə  nazirin bağında keyf çəkiirlər.

İki gündən sonra Martiros dayıgil də işə çıxdılar. Mənə də çıxarıb 15 rubl verdi. Üç gün bağda işlədiyimə görə.  “Elə bu?” ağzımı büzərək aldım, qatlayıb  qoydum cibimə.

Atam isə Mamed müəllimin qızına debil deyə-deyə diplom işini başa çatdırırdı. Ölkədə də təzə-təzə yenidənqurma prosesləri gedirdi. Başa düşməsəm də deyirdilər ki, perestroyka yaxşı şeydir. Günlərin bir günü Martiros dayı və Armen gəldilər ki:

-          Mamed sağ ol. Biz tikinti kooperativi yaratmışıq. İşdən çıxırıq. Bundan sonra orda çalışacağıq.

-         Martiros dayı, bəs mən?

-         Sən isə burda mənim  yerimə qalırsan. Baş usta. Armeni isə özümlə aparıram.

-         Məni yox, bu debili özünlə aparırsan?

-         Debil özünsən.

Bu Armenin səsiydi. Sanki ilk dəfəydiki eşidirdim. Cavab qaytardığına görə ayağa durub əlimi qaldırdım ki, dərsin verim. Martiros dayı araya girdi. Armensə:

-         Mamed, mən sən deyən  debillərdən deyiləm. Sadəcə özümü axmaqlığa vurmuşdum ki, diplomsuz olduğumu görüb Mamed müəllim tikintidən qovmasın.   Sən isə həqiqətən başa düşürdün ki, başım çatmır? Usta bir məsələni başa salanda sən o saat “başa düşdüm” deyirdin. Mən isə başa düşə-düşə, özümü avamlığa qoyurdum. Usta bir də, bir daha başa salırdı. Bu da mənim yaddaşıma həkk olunurdu. Sən heç nə bilməyə-bilməyə divara kafel vuranda, mən Bakinski malın qıraqlarını sürtürdüm. Onu çeşski kafelin səviyyəsinə çatdırırdım. Palçıq tuturdum. Bilirdim ki, tikintiyə sarı Şıxlar qumu verməzlər. Çünki tərkibində duz var. Qara rəngli, duzsuz Minçevir qumu isə baha başa gəldiyindən onu ancaq betona işlədirlər. Pirşağı qumu yağlı olduğundan ona sementi az qatırlar, Şıxlar qumu isə quru olduğuna görə  sementi çox aparır. Bircə gün səni tək qoyduq... sementi kəsdin, iki gündən sonra isə bütün kafel yerə töküldü.

Nazirin bağında divara cızıq çəkmək əvəzinə, laqa taxta vuranda, heç yaxınlaşıb demədin ki, bu nədir? Özünü çoxbilmiş kimi göstərdin.  Bilirsənmi, laqanı xarrat sexində dəzgahdan çıxarıb, düzlüyün alırdıq ki, kafellərin də ilk sırası  düz alınsın. Taxtayla  həm də neçə sıra istəyirsən üst-üstə düzə bilərsən. Ağırlığa tab gətirdiyinə görə işini də tez başa çatdırırsan. İsti havalarda kafeli vurmamışdan qabaq suya qoyurdum ki, canına hopsun. Sement qarışığınının nəmini özünə tez çəkib vaxtından əvvəl  quruyub, atmasın.  Lap çex kafelinin də qıraqlarını sumbata kağızıyla sürtürdüm ki, bir-birinə sıx otursun, arası  görünməsin. Ev yiyəsi də razı qalıb pulumuzu  artıq eləyirdi. Qohum-qonşuya da məsləhət bilirdi. Üstəlik də  “Yoxdur e bu erməni ustalarından. Azərbaycanlı usta  olsaydı anadan əmdiyim südü gətirəcəkdi burnumdan” deyirdi.

  “Xaltura”ya axşam getmirdik. Briqada şəklində bir ailə podratı yaratmışdıq. Bu briqadada usta-fəhlə yoxdur. Biz işimizin həm ağasıyıq, həm də hambalı. Birimiz dövlət tikintisində işləyəndə o birimiz “xaltura”ya qaçırdıq. Mənim atam Nefton santexnikdir. Mənə də ata-baba sənətin öyrətmişdi. Amma mən buna qane olmadım. Kafel vurmağı da öyrəndim ki, evdə iş götürəndə həm turbasın çəkim, həm də kafelin vurum. Martiros kişinin oğlu da yaxşı kafel vuran idi. Getdi atamın yanına şagird düzəldi. Santexnikliyin sirlərini öyrəndi.  Gələcək övladlarımıza isə çalışacağıq üç sənət öyrədək. Biz sadə ermənilər inkişafı bunda görürük. Çörəyimizi də bölüşməyi bacarırıq. Yox bunu bölünsək kimi başa düşmə. Babam mənə həmişə nəsihət verirdi ki,  “Armen, yadından çıxarma. Bölünsək batarıq, bölüşsək artarıq”. Mamedcan, biz hara getsək də, istər Amerika olsun, istər Moskva – sənətimizlə özümüzü dolandıra biləcəyik.  Qazandığımız da  professor, akademikin bir aylıq maaşından qat-qat artıq olacaq.

 

Mamedcan, nazirin qızı qəşəng idi. Bunu mən də görürdüm. Amma çörəyin çıxan yerdə gərək başını yuxarı qaldırmayasan. İstəyir erməni olsun, istərsə də müsəlman. Heç bir kişinin  belə şeylərdən xoşu gəlməz. Gəlmisən,  işini gör, vəssalam. Bacarsan digər xırda təmir işlərində də kömək etməlisən. Təmənnasız-filansız.  O cibimdən çıxarıb pivəylə qarışdırdığım toz var idi ya.... adı oxradır. Təzə bazarda  30 qəpiyə satılır. Üstündən də lak vuranda mebel təzə kimi görsənir. Mən azərbaycanlı nazirin evində 30 qəpiyimi 25 rubl elədim. Ən əsası isə adımı qaldırdım. Sən isə çörəyindən oldun. Mamedcan, yadında saxla əgər yaxşı usta olmaq istəyirsənsə, birinci fəhləlikdən keçməlisən.

Donub qalmışdım. Debil Armen dil-dil ötürdü. Lap alim kimi danışırdı. Cavab da  verə bilmirdim. Martiros dayı isə sadəcə gülümsüyürdü.  

-         Martiros dayı, bəlkə Mamedi də götürək  kooperativimizə, işimizə yarayar. Palçıq tutar, kafel sürtər, su daşıyar, həm də öyrənə bilmədiklərini öyrənər. Nə deyirsən, götürək?

-         Nə deyim ki, kooperativin sədri sənsən.

Yerimdəcə quruyub qalmışdım. Demə Martiros dayı Armenə debil, əqli cəhətdən zəif deyirmiş ki, Mamed müəllimin ona yazığı gəlsin, tikintidən  qovalamasın? Demə ustam Armenə kafel vurmağı öyrədəndə, Nefton  da Martirosun oğluna santexniklik öyrədirmiş. Bundan əvvəl isə onlar ata-baba sənətlərinə də yiyələniblərmiş. Yəni ki, Armen həm santexnik, həm də kafel vuran idi. Xaltura götürəndə də ata-bala birgə gedirlərmiş. Biri santexnik, o biri isə kafelşik. Armen də arada işə gəlmədiyi iki-üç günü xəstə yatmırmış. Atasının əvəzinə “xaltura”ya  gedirmiş. Biri işdə pul qazanırmış, o biri də   “xaltura” da. Məni isə nazirin evinə Mamed müəllim dediyinə görə aparıblarmış.

Kooperativdə işə razılaşdım.  Mühasib Martiros dayının qızıydı. Qəşəng, başıaşağı cuvanəzən idi. Adı da Haykanuş idi. Onların arasında azərbaycanlı bircə mən idim. Artıq debil Armenin dediklərindən ayılmışdım. Ayılmamışdım, sadəcə özümü təhqirolunmuş hiss edirdim. Qarşıma məqsəd qoymuşdum ki,  sənətlərinin bütün sirlərini, incəliklərini öyrənəcəyəm. Amma nə qədər sual verirdimsə nə Martiros dayı, nə də Armen məni öyrətmək istəmirdilər. Sözü kəlbətinlə çəkirdim onlardan. Eləcə “palçıq ver, su daşı, kafel sürt” deyirdilər. Martiros dayı məni də debil çağırmağa başlamışdı. Hər dəfə “debil Mamed” deyəndə elə bil ki, bir vedrə qaynar suyu tökürdülər təpəmə. Amma cavab qaytara bilmirdim. Məqsədimə çatmalıydım.  Çox qəribə olsa da Martiros dayı oğlunu, Armeni də debil çağırmaqda davam edirdi. Mükəmməl usta olsalar belə.   Mən də, Armen kimi  üzünə qayıtmırdım, özümə bunu təhqir bilsəm belə. Beləcə aylar, illər keçirdi.

Bir evdə iş götürmüşdük. Yiyəsi də azərbaycanlı idi. Tez-tez gəlirdi ki, Martiros kişi, çay içirsiniz? O da deyirdi ki, yox. Bir “yox” deyirdi, iki “yox” deyirdi, üç “yox” deyirdi. Sonra isə özü durub ev yiyəsini haylayırdı ki, bəs çay ver, boğazım quruyub. Mən də əsəbləşirdim ki:

-         Ay Martiros dayı, səhərdən kişi sənə üç dəfə çay rəklif edib, deyirsən ki “yox”. Sonra isə özün gedib çay istəyirsən.

-         Mamed, mən üç sıra kafel düzməsəm çay içmərəm. Vaxt qızıldır. Şahsuvara demişəm ki, biri gün sənin işini başlayacağam. Ona görə burdakı işləri sabaha tam yekunlaşdırmalıyam.

-         Yarımçıq qoysan, ya da bir yox, iki günə yekunlaşdırsan nə olacaq ki? Məsəlçün, dayım üç yerdə birdən iş götürür. Hamısını da yarımçıq qoyur. Heç nə də olmur.

-         Mamed, ona görə də dayın ayda üç iş tapır, mənim isə o biri ayıma da növbədir. Hələ oğlumu, Neftonu demirəm.

İşlədiyimiz evin yiyəsi imkanlıydı.  Bir gün dilxor halda gəlib:

-         Martiros dayı, maşınımı arxadan vurublar. Dəmirçi işini bir günə başa çatdırdı. İndi də  qalacağam rəngsazların əlində. Şpaklyovkanı vuracaqlar, sonra da deyəcəklər ki, get sabah gəl. Sabahısı gələcəyəm, sabunlu suyla sürtüb, bir də şpaklyovka vuracağlar. Maşını da kölgə yerdə qoyacağam ki,  yavaş-yavaş qurusun. Səhəri yenə də gedəcəyəm . Yenə də sürtəcəklər, astar şpaklyovka vuracaqlar ki, get yenə sabah gəl. Bu dəfə  də sürtüb astar vuracaqlar. Sonra da rəngləyib peçə salmaq üçün gün təyin edəcəklər. Axırda da elektrik, oboyşik işığın-zadın yerinə quraşdıracaq. Mən də hövsələsiz adam, özü də iş adamı. Maşınsız lap həlak olaram. Qalmışam belə.

-         Niyə ki... istəyirsən sənin maşınını bir günə rənglədib verim özünə.

-         Ola bilməz.

-         Niyə olmur ki... Gedərsən Papanin küçəsindəki profloktoriyaya. Valeranı taparsan. Deyərsən ki, qardaşın Martiros göndərib. Nə lazımdır edəcək. Səhər maşını ver, axşam da get götür. Mənə görə də pul-zad almayacaq.

-         Nə pul, o bir günə maşını mənə versin a, nə istəsə artıqlamasıyla ödəyəcəyəm.

Ertəsi gün axşam ev yiyəsi sevinc içində gəldi.

-         Martiros kişi, qardaşının əlləri qızıldır e qızıl. Zülmdən qurtardı məni. Yoxsa ki, get, gəl. Get, gəl. Amma nə qədər elədim, sirrini açmadı.Nə qədər eləsəm də pul götürmürdü. Deyirdi ki, səni Martiros göndərib. Onun sözü mənimçün qanundur. Güclə cibinə basdım pulu.

-          Havayı yerə adını tülkü Valera qoymayıblar ki... o sənə sirr açar? Gəl ucundan qulağından mən deyim. Valera şpaklyovkanı vuran kimi salır maşını peçə  qurudur. Sürtüb, təzədən şpaklyovka vurur. Təzədən peçə salır, az hərarətdə qurudur. Çıxarıb yenə də sürtür. Sonra da astarın, rəngin vurur. Elektrik, oboyşik də oğludur. O saat hər şeyi üstünə yığır. O da bu Armen, Mamed, oğlum ki debildir. Bilirsənmi, bu işdə vaxt aparan, zəhlə tökən iş şpaklyovkanın qurumasıdır. Onu da belə həll edir. Vəssalam. Ona görə də kliyentlərin əlindən tərpənə bilmir. Profloktoriyanın da müdiri  başına and içir, sənin kimi adamlar da.

İşlədikcə erməni ustaların sirlərinə yiyələnirdim.  Sirr deyəndə ki, bicliklərə. Artıq məni özünkü sayırdılar. Yaxşı məvacib də verirdilər.  Amma Martiros dayı bu debil adını üstümüzdən götürmürdü ki, götürmürdü. Deyirdi ki, mən, Nefton nə qədər sağdırsa Siz də debil olmalısınız.  

Beləcə illər keçirdi. 80-ci illərin axırlarında ara qarışdı. Elə mitinqlərin birinci dalğasında Martiros kişi, Nefton, Armen evlərin yaxşı qiymətə satıb Bakını tərk elədilər.  Düzdür Martiros dayı əvvəl mənə eşitdirdi ki, gəl qızımı al, nigaha gir, kooperativi də,  şəhərin mərkəzindəki evi də içi qarışıq verim sizə gedim. Ata-baba ocağım başqasına qismət olmasın. Razılaşmadım. Bircə o qalmışdı ki, erməni alam. Nə olsun ki, qəşəng və ağıllı  idi. Beləcə Martiros dayıgil çıxıb getdilər Krasnodara. Kooperativimiz də beləcə bağlandı.

 Mən isə yenidən tikintiyə qayıtdım. Mamed müəllim məni soyuq qarşılasa da, əvvəlki yerimə işə götürdü. Bu cür münasibətinin səbəbini bilirdim. Çünki, qızı Bahar artıq institutu bitirmişdi. Diplomun da müvəffəqiyyətlə müdafiə etmişdi.  Atamın çalışdığı kafedrada laborant işə düzəlmişdi. Elmlər namizədi olmaq üçün  mövzu da  götürmüşdü. Elmi rəhbəri isə atam yox, artıq kafedra müdiriydi. Ona görə də atam gündəmdən düşmüşdü. Həmişə olduğu kimi Mamed müəllim atama salam da göndərmirdi.

Zəmanə də dəyişmişdi. Azərbaycanı mitinqlər bürümüşdü.  Hərdən “stroyka”ya kənar şəxslər gəlib qışqırırdılar ki, “işi dayandırın. Tətilə çıxın, hamınız da gəlin Lenin meydanına”.  Biz isə getmirdik. Mamed müəllim də deyirdi ki, raykomdan tapşırıq gəlib. Kim mitinqə getsə işdən “statya” ilə qovacağam. Sonra da heç yanda iş tapmayıb acından öləcəksiniz.

 Beləcə o ağır günləri də adladıq. Artıq tikintidə mən ağsaqqallıq edirdim. Ermənilərdən öyrəndiyim sirlər, bicliklər karıma yaman gəlirdi. Özüm kimi debilləri ətrafıma yığıb, sənət öyrədirdim. Öz briqadamı yaratmışdım.

İllər ötürdü, Yaşlaşırdım. Artıq müstəqillik dövründə yaşayırdıq.  Hər sahədə inkişaf gedirdi.  Özümün təmir-tikinti  firmamı açmışdım. Adını da “DeBil Mamed” qoymuşdum. Soruşanda ki, ay Mamed bu nə qəribə addır qoymusan e? Yaxşı bir ad tapa bilmirdin ki? Deyirdim ki, bu debil adı mənə Martiros dayıdan  yadigar qalıb. O  məni  həmişə belə çağırırdı.  

O vaxtlar elə başa düşürdüm ki,  söyür, təhqir edir. Amma indi anlamışam ki, demə Martiros dayı oğluna da, mənə də, Armenə “de bil” deyirmiş. Yəni ki, nə qədər sağam soruşun, öyrənin. Deyin, Başa salım, Bilin. Mən də bu “De Bil məktəbi”nin yetirməsiyəm. Ömrümün axırana qədər də DeBil Mamed olaraq qalacam.

 


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8621 san