13:49 17 Noyabr 2016
3098 dəfə oxunub
Çap versiyası

 

-          Salam, ay ağsaqqal. Hər vaxtın xeyir olsun. Necəsən?

-          Salam ay oğul. Sağ ol, yaxşı olasan.

-          Oturmusan bu mənzərəli yerdə, hava alırsan, eləmi?

-          Elədi. Qadan alım, elədi.

-          Lap yaxşı eləyirsən.

-          Kimlərdəsən, ay oğul? Tanıya bilmədim.

-          Mən? Ha-ha, məni tanımadın ay ağsaqqal?

-          Yox, oğul, belə... Tanış gəlirsən,  amma...

-          “Səsin Gəlsin” kanalından gəlmişəm ay kişi.

-          Nə deyirəm,  oğul. Qoy o da gəlsin...

-          A kişi, deyirəm ki... Eşidirsən? Bahooo...

-          Eşidirəm, ay oğul.

-          “Səsin gəlsin” kanalından gəlmişik biz.Televiziyadan. İndi bildin?

-          Hə, başına dönüm, bildim. Xoş gəlmisiz, belə səfa gətirmisiniz... Həmişə də elə siz gələsiniz.

-          Çox sağ ol, çox sağ ol, ağsaqqal. Biz gəlmişik ki, səndən müsahibə alaq, ağsaqqal.

-          Nə alasınız?

-          Mü-sa-hi-bə!

-          Hə, nə deyirəm, ay oğul, necə məsləhətdi, elə də eləyin.

-          Ay sağ ol. Biz istəyirik ki. bax bu təzə tikilən körpü var ha,  onun haqqında bir az danışasan, biz də yazaq bu aparata...

-          Vidioya eləmi?

-          Ay sağ ol. Ha-ha. Videoya, bəli videoya. Çəkəcəyik bax bu aparata. Aparıb göstərəcəyik şəhərdə. Oğul-uşaq da baxsın. Nə deyirsən, ağsaqqal?

-          Nə deyirəm, ay oğul. Çəkin, məsləhət sizindir.

-          Sağ ol. Ağsaqqal. Amma elə otur ki, arxada körpü görünsün.

-          Belə otursam olar?

-          Niyə olmur, lap yaxşı olar. Ay sağ ol, ağsaqqal.

-          Sən sağ ol, ay oğul. İndi mən nə deməliyəm?

-          Ağsaqqal, denən ki... Bax bura baxa-baxa denən ki, bu körpü çox yaxşı körpüdür. Bu körpü salınana qədər, nə idi bu kəndin adı? Axtarantapar?

-          Hə, ağrın alım, Axtarantapardı bu kəndin adı, qədimdən...

-          Onun sonra ağsaqqal. Kəndin qədimliyindən sonra biz danışarıq. İndi, bax bu təzə körpüdən danışmaq lazımdır.

-          Bu körpüdən?

-          Hə də,  başqa körpü var?   

-          Yoxdu, ay oğul.

-          Ay sağ ol. Bax bu körpü salınana qədər, axtatantaparlılar o taya, ordakı kəndin adı nədir ay baba?

-          O taydakı kəndin, eləmi?

-          Hə, hə. O taydakı kəndin adı nədi?

-          Sürüşənkənd deyərdilər ora ay oğul qədimdən.

-          Hə, hə, Sürüşənkənd. Demək deyirsən ki, bax bura baxa-baxa, kameradır da bu, burdan yazılır, hə, deyirsən ki,  bəs bu körpü tikilənə qədər Axtarantapardan Sürüşənkəndə keçib getmək olmurdu,  indi olur... özü də çox rahat körpüdür.

-          Deyim də. Amma...

-          Amması-filanı yoxdur, ağsaqqal. Tez deyirsən bu sözləri, vəssalam.

-          Hə, yaxşı ay oğul, amma bu körpü...

-          Sonra, sonra ağsaqqal. İndi , qulaq as, biz gərək o biri tərəfə keçib o kənddən də bir nəfəri tapıb müsahibə alaq.

-          O taydakı kənddən?

-          Hə, də, bəs səhərdən nədən danışırıq ay kişi?

-          Oğul, o kənddən... Mən nə deyirsiniz deyim, siz də yazın. Amma...

-          Nə amma?

-          Amma o kənddən adam çətin tapaq.

-          Niyə? Nə olub o kəndə ki?

-          O kənd, ay oğul, Sürüşənkənddi qədimdən oranın adı...

-          Yenə başladı. Hə, Sürüşənkənddi oranın adı. Nə olsun?

-          O olsun ki, ay oğul, bir xeyli vaxt olar, o kənd tamam sürüşdü...

-          Neylədi?

-          Sürüşdü getdi. Batdı evlər. Camaatı da köçürdülər başqa yerə.

-          Necə yəni camaatı köçürdülər?

-          Hə, oğul, yekə “bortovoy” maşınlar vermişdilrə rayondan... Bu körpü də yox idi onda. O maşınlara yığıb camaatın ayın-oyunun  apardılar.

-          Bəs kənd necə oldu?

-          Kənd olmadı da daha. Sürüşdü.

-          Hara apardılar bəs camaatı?

-          Bu taya apardılar, oğul. Aşağı tərəflərdə yer var, orda qəşəng evlər tikiblər onlar üçün.

-          Bəs... İşə düşmədik... O tayda nə əcəb  tikmədilər?

-          O tayda? O tayda yer yoxdu ay oğul. Bir o Sürüşənkənd idi, qalan qayalıqdı.

-          Bəs onda bu körpü?

-          Körpünün də ay oğul, o taydakı dayağı da sürüşüb elə bil. Bilmirəm, gözün seçir, yoxsa yox...

-          Bəs onda bu körpü?

-          Hə, oğul, hara baxım danışım?

-          Nə?

-          Deyirəm, sən dediyin sözləri hara baxım deyim?

-           Hansı sözləri?

-          Çəkmirsiniz bəs? 


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Alın yazım - 2
11:32 16.07/2018
Çəhrayı qərənfillər
14:55 25.05/2018
BAŞA DÜŞMƏDİ
09:19 17.05/2018
"Orada bir evim var"
13:01 08.05/2018
Bizim Bərdə torpağı
13:58 12.03/2018
Sizi deyib gəlmişəm
09:28 22.02/2018
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6325 san