11:17 25 Noyabr 2016
7964 dəfə oxunub
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

Demokratik quruluşlu dövlətin vacib elementlərindən biri onun başlıca qanunlarını özündə birləşdirən konstitusiyasının olmasıdır. Müasir demokratik dövlət quruculuğu yolunu tutmuş hər bir dövlət bu mərhələdən keçir və özünün konstitusiyasına malik olur. Həmin dövlətin xarakteri, siyasi strukturu, mükəmməllik dərəcəsi, suverenliyi və digər vacib cəhətləri həmin konstitusiyada öz əksini tapır. Hər bir Dövlətin konstitusiyasını analiz edərək onun çox xüsusiyyətləri haqqında adekvat təsəvvür yaratmaq mümkündür.
Azərbaycanda demokratik dövlət quruculuğu 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulması ilə başlamışdır. Azərbaycanın dövlətçilik tarixi qədimdir. Demokratik dövlətçilik dedikdə isə burada XX əsrin əvvəllərində uzun bir təkamül prosesi nəticəsində təşəkkül tapmış, qabaqcıl dünya standartlarına uyğun müasir dövlətçilkdən söhbət gedir. Hələ XIX əsrdən Qərb ictimai-iqtisadi münasibətlər sistemi mühitinə düşmüş Azərbaycanda gərgin inkişaf və doğulma prosesində müasir dövlətçilik düşüncəsi təşəkkül tapmış, 1918-ci ildə isə Rusiya imperiyasının dağılması məqamında onun dövlətçilik iradəsi praktikada reallaşmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddət ərzində öz konstitusiyasını hazırlayıb qəbul edə bilmədi. Lakin onun demokratik mahiyyətini müəyyənləşdirən başlıca prinsiplər onun ilk gündən qəbul etdiyi sənədlərdə öz əksini tapmışdır. (1, 2) Hər şeydən öncə AXC-nin yaranmasını bəyan edən İstiqlal Bəyannaməsində yaranan dövlətin təməl prinsipləri tam dolğunluğu ilə ifadə olunmuşdu. Bütövlükdə geniş konstitusiyanı əvəz edə bilməsə də, orada irəli sürülmüş demokratik prinsiplər dövlətin tam demokratik ruhda qurulmasına və fəaliyyətinə zəmin yaradırdı. Sənəddə hakimiyyətin xalqa mənsub olması, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq vətəndaşların ən geniş hüquqlarının təmin edilməsi suveren, demokratik, hüquqi dövlət yaradılması iradəsini nümayiş etdirirdi. İstiqlal Bəyannaməsinin 4-cü bəndində deyilirdi: "Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən (kursiv bizimdir – İ.Ə.) asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir”.(1)
Yeri gəlmişkən, qeyd etmək istərdik ki, bu sənəddə cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi bəyan edilirdi ki, bu da dünyada ilk dəfə olaraq Azərbaycan Cümhuriyyətində qadınlara seçki hüququnun verilməsini təmin edirdi.
Lakın bu sənəd Konstitusiyanı tam əvəz edə bilməzdi və Azərbaycan Xalq Cümhuriyyətinin əsas qanunlarının Müəssislər Məclisi tərəfindən qəbul edilməsi nəzərdə tutulurdu. Müəssislər Məclisinə seçkilərə hazırlıq işləri 1920-ci il aprelin 20-dək aparıldı və həmin gün seçkilərin keçirilməsi planlaşdırıldı. Lakin Xalq Cümhuriyyətinin süqutu həmin seçkilərin keçirilməsinə mane oldu.
Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 2 ilə yaxın bir dövr ərzində konstitusiyanı hazırlayıb qəbul edə bilməsə da, özünün əsaslandığı prinsiplərdə və praktik həyatında ölkə qanunvericiliyində ciddi bir baza yaradılmışdı. Sadəcə olaraq onları bir yerə toplayıb əsas qanunlar şəklində qəbul etmək mümkün olmadı. Lakin Azərbaycan Cümhuriyyətinin bu sahədə gördüyü işlər və qurduğu təməl sovet rejiminin gəlişi ilə tarixi səhnədən izsiz olaraq yoxa çıxmadı. Azərbaycan SSR tarixi dövründə dövlət quruculuğunda, qanunvericiliyin formalaşdırılması və təkmilləşdirilməsində öz təsirini göstərməkdə davam edirdi. AXC-nin bu sahədə gördüyü işlər və əldə etdiyi nailiyyətlər artıq fəth olunmuş bir səviyyə kimi inkarolunmaz idi. Bu mənada Azərbaycanda qanunyardıcılığında, xüsusən də konstitusiyaların bir birinin davamı olmasına və irsiliyi şübhəsizdir.
1921-ci ilin mayında Azərbaycan SSR-in I Konstitusiyası qəbul edildi. Hakimiyyətə gəlmiş bolşehiklər özündən əvvəlki siyasi hakimiyyətə nə qədər düşməncəsinə yanaşsa da, onun yaratdığı siyasi reallıqların xeyli hissəsini bu Konstitusiyada təsbit etməyə məcbur oldu.(3)
Konstitusiyada Azərbaycanın tam hakimiyyətliliyi, müstəqilliyi və aliliyi təsbit edilir, Azərbaycanın özünün ali dövlət hakimiyyəti və idarəçilik orqanları simasında istisnasız olaraq bütün daxili həyat və xarici siyasət məsələlərini həll etməsi qeyd olunurdu.
Lakin sovet hakimiyyətinin ilk günündən təkcə Azərbaycanın deyil, Rusiya imperiyası dağıldıqdan sonra qopub ayrılmış bütün milli ərazilərin birləşdirilməsi nəzərdə tutulurdu. Lakin o vaxt bunun haqqında hələ danışılmirdı. Konstitusiyada dövlətin müstəqilliyindən, suveren dövlət kimi dünyaya təqdim olunmasından danışılsa da, tezliklə həmin hüquqların məhdudlaşması prosei başlayırdı. 1921-ci il Konstitusiyasının 32-ci maddəsində Azərbaycan hakimiyyətinin tam səlahiyyətləri sadalanaraq təsdiq edilir. Onların sırasna hər bir müstəqil dövlət üçün vacib olan hüquqlar da öz əksini tapır. Dövlətin daxili və xarici siyasəti, ölkədə ölçü, çəki və pul sistemlərinin müəyyənləşdirilməsi, sərhədlərin dəyişdirilməsi, xarici ölkələrlə əlaqələr, orduya rəhbərlik və müstəqil dövlət üçün vacib olan bütün məsələlərddə müstəsna olaraq Azərbaycan dövlətinin ali orqanı elan edilmiş Sovetlər Qurultayına və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə məxsusluğu rəsmi olaraq təsbit olunurdu.
Lakin sonradan bu məsələlər kölgəyə salındı, müstəqil dövlətin müstəsna səlahiyyətləri müxtəlif bəhanələrlə onun əlindən alındı. SSRİ yaranarkən isə onun nəinki müstəqillik statusunun saxlaması ilə barışmadılar, hətta müttəfiq respublika hüququnda bu ittifaqa daxil olmasını əngəlləmək üçün Zaqafqaziya Federasiyası yaradılması oyununu ortalığa atdılar. Görünür müsəlman-türk respublikasının RSFSR, Ukrayna SSR və Belarusiya SSR-lə eyni hüquqda ittifaqa girməsi SSRİ rəhbərliyinə sərf eləmirdi.
Azərbaycanın ZSFSR-in və SSRİ-nin tərkibinə daxil olduqdan və respublikanın səlahiyyətləri ilə bağlı müvafiq dəyişiklikdən sonra, təbii ki, AzMİK-in komissiyalarının tərkibi də dəyişildi. Xarici siyasət, müdafiə və xarici ticarət məsələləri SSRİ-nin müstəsna səlahiyyətinə aid edildiyi üçün xarici işlər və hərbi dəniz işləri üzrə komissiyalar ləğv edildi, xarici və daxili ticarət üzrə komissiyanın adı dəyişdirilərək ticarət üzrə komissiya oldu. Hakimiyyət quruluşunda baş verən bu dəyişikliklər 1921-ci il Konstitusiyasına əlavələrin edilməsi yolu ilə rəsmiləşdirilirməyə çalışırdılar. 1925-ci il martında Azərbaycan Konstitusiyasına çoxsaylı dəyişiklik və əlavələr edilməsi, apreldə isə ZSFSR-in yeni Konstitusiyasının qəbul edilməsi barədə ittifaqın mərkəzi orqanları tərəfindən qərarlar verilmişdi. Nəticədə 1927-ci ildə Azərbaycan SSR-in ikinci Konstitusiyası qəbul edildi ki, orada da bütün dəyişikliklər real vəziyyətə uyğunlaşdırıldı. Yeni konstitusiyada Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) və SSRİ-nin yaranması, Azərbaycanın bu dövlət qurumlarının tərkibinə daxil olması, habelə onun ərazisində Naxçıvan MSSR və DQMV-nin təşkil edilməsi, bir sıra dövlət orqanlarının, xüsusi hüquq mühafizə fəaliyyətini həyata keçirən orqanların struktur və fəaliyyətinin yeniləşdirilməsi, respublikanın həm inzibati-ərazi bölgüsündə, həm də dövlət aparatının strukturu və fəaliyyətində dəyişikliklər oz yerini tutdu. Azərbaycan Sovetlər qurultayı və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (AzMİK) səlahiyyət dairəsi, Azərbaycanda ZSFSR-in ali orqanlarının qərarlarının məcburi qüvvəyə malik olması qeyd edilmişdir. Burada Azərbaycanın ZSFSR və SSRİ-nin tərkibində hüquqi vəziyyəti, ali hakimiyyət orqanları, vətəndaşlarının hüquqları haqqında 17 maddədə əks etdirilmişdir. (4)
Azərbaycan SSR-in növbəti Konstitusiyası 1937-ci ildə qəbul edilmişdir. Bu təkcə Azərbaycanın özündə gedən proseslərlə izah olunmurdu. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilmişdir. Bu dəyişiklik bütövlükdə Sovet dövlətinin həyatında baş vermiş köklü dəyişikliklər, əldə edilmiş yeni inkişaf səviyyəsi, sovet cəmiyyətinin ictimai həyatının bütün sahələrində epoxal dönüş ilə bağlı idi. Bu vaxta qədər ölkə iqtisadiyyatında, siyasi durumunda, ideologiyada və mədəniyyətdə, dövlətin beynəlxalq aləmdə əldə etdiyi durumunda yeni bir həddə çıxılması göz qabağında idi. 1936-cı il sovet Konstitusiyası da bu reallığı özündə əks etdirərək təsbit etmişdi. Buna görə də SSRİ Konstitusiyasının ardınca müttəfiq respublikaların hər birində qəbul olunan konstitusiyalarin yeni konstitusiyaya uyğunlaşdırılmasına xidmət edirdi.
Lakin respublika konstitusiyalarında edilən dəyişikliklər sadə redaktə deyildi. 1936-cı il SSRİ Konstitusiyasında edilən dəyişikliklər kifayət qədər ciddi və köklü idi. Bu da respublika konstitusiyalarında edilən yeniliklərin ciddiliyini şərtləndirirdi.
1936-cı il SSRİ Konstitusiyasına görə sovetlər İttifaqının subyektlərinin sırası genişlənir. O cümlədən, ZSFSR ləğv edildi və ona daxil olmuş respublikalar – Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR müttəfik respublika hüququnda SSRİ-yə daxil edildilər. SSRİ-nin respublikalarının sayı 11-ə çatdırıldı. Azərbaycan SSR-in statusunun dəyişməsi onun bir respublika kimi hüquqlarında xeyli genişlənməsinə səbəb oldu. (5)
1936-cı il SSRİ Konstitusiyası dövlətin ictimai həyatında baş vermiş köklü dəyişikliklərin üzərində formalaşmış reallığı özündə öks etdirirdi. 1921-ci ildə sovetlər dövlətində tətbiq edilmiş Yeni İqtisadi Siyasətdən (NEP) imtina edilməsi sayəsində ölkədə xüsusi mülkiyyətdən tam imtina edilmiş, ictimai mülkiyyət adı altında dövlət mülkiyyətinin şəriksiz hökmranlığı təmin edilmişdi. Sənaye sahəsində “sənayeləşdirmə”, kənd təsərrüfatında “kollektivləşdirmə” siyasətinin ucdantutma şəkildə həyata keçirilməsi ölkədə köhnə ictimai-iqtisadi və siyasi sistemi məhv etmiş, yeni totalitar iqtisadi sistemin və proletar diktaturası rejiminin şəriksiz hökmranlığını təmin etmişdi. Qeyd olunan siyasəti müşaiyyət edən repressiyalarda köhnə iqtisadi münasibətlərin, siyasi iradənin, fərqli ideyanın və “qeyri proletar mədəniyyətinin” daşıyıcıları məhv edilmişdi. 1936-cı il Konstitusiyası həmin reallıqlar təməlində formalaşmış ictimai-iqtisadi, siyasi-mənəvi mühiti təsbit edir, ölkə həyatında keyfiyyətcə yeni bir mərhələnin başlandığını ifadə edirdi. (5)
Bütün bu sərt cəhətləri və neqativ nəticələri ilə yanaşı yeni konstitusiya ictimai inkişafın öz diktəsi ilə yaranmış reallıqları da ifadə etməyə, onu özündə əks etdirməyə məcbur idi. Sovet hakimiyyətinin bərqərar olmasından ötən dövr ərzində özünü təsdiq etmiş reallıqlar – müsəlman-türk respublikalarının müttəfiq respublika olmaq haqqı konstitusiyada təsbit olundu.
Azərbaycan SSR-in 1937-ci il Konstitusiyasının 13-cü maddəsində deyilir: “İqtisadi və siyasi cəhətdən, habelə müdafiə cəhətindən qarşılıqlı yardımı həyata keçirmək məqsədi ilə Azərbaycan Sovet Sosialist Respubliqası, könüllü olaraq, bərabər hüquqlu Sovet Sosialist Respubliqaları ilə: Rusiya SFSR, Ukrayna SSR, Belorusiya SSR, Gürcüstan SSR, Ermənistan SSR, Türkmənistan SSR, Özbəkistan SSR, Tacikistan SSR, Qazaxıstan SSR, Qırğızıstan SSR ilə ittifaq dövləti olan Sovet Sosialist Respublikaları İttifaqında birləşmişdir”(6)
Göründüyü kimi, Sosialist federasiyasının tamhüquqlu üzvü kimi Azərbaycan SSR-in "dövlət suverenliyi" formal da olsa onun konstitusiyasının müddəalarında ifadə olunmuşdu.
Yeni konstitusiyanın mühüm yeniliklərindən 15-ci maddəsini xüsusi qeyd etmək lazımdır. 15-ci maddədə qeyd olunur: “Azərbaycan Sovet Sosialist Respublikası Sovet Sosialist Respublikaları İttifaqından azad surətdə çıxmaq hüququnu saxlayır”. Bu maddə Azərbaycanın əvvəlki konstitusiyasında yox idi. 1927-ci il Konstitusiyasında onun yalnız Zaqafqaziya SFSR-dən çıxması barəsində maddə mövcud idi. Yeni konstitusiyada bu hüquq onun SSRİ-dən çıxa bilməsi hüququnu təsbit edirdi.
16-cı maddədə isə söhbət Azərbaycanın ərazisinin toxunulmazlığından gedir: “Azərbaycan SSR-in ərazisi Azərbaycan SSR-in razılığı olmadan dəyişdirilə bilməz”.
Düzdür, siyasi cəhətdən son dərəcə mühüm əhəmiyyət taşıyan bu müddəaların konstitusiyada yer almasına baxmayaraq, onlar formal xarakter daşıyırdı. Sonrakı hadisələr əyani şəkildə sübut etdi ki, bu maddələrin həyata keçirilməsi mexanizmi yoxdur. Lakin bütün çatışmayan cəhətlərinə baxmayaraq, bu maddələrin olmasını artıq nailiyyət saymaq olardı.
Azərbaycan SSR-in növbəti konstitusiyası 1978-ci ildə qəbul edilmişdir. Bu dəfə də yeni konstitusiyanın qəbulu ümumittifaq miqyasında gedən proseslərin və onların nəticəsi olaraq 1977-ci ildə yeni SSRİ Konstitusiyasının qəbulu ilə bağlı idi. (7) Sonuncu – inkişaf etmiş sosializmin Konstitusiyası adlanırdı. Zaman yeni reallıqlar ortaya qoymuşdu. 1936-cı ildə qəbul olunmuş konstitusiya və hakin Kommunist partiyasının proqram sənədləri günün reallıqları ilə ziddiyyət təşkil edirdi. İctimai həyatın bütün sahələrində böhranın əlaməttləri artıq göz qabağında idi. Buna görə də ölkə qanunvericiliyini mövcud reallıqlarla uzlaşdırmaq, dərinləşməkdə olan ziddiyyətlərin qarşısını almaq üçün 1977-ci ildə yeni konstitusiya qəbul edilir. Bir il sonra isə bütün sover pespublikaları kimi Azərbaycanın da yeni konstitusiyası qəbul edilir.
Prinsipcə Azərbaycanın yeni konstitusiyasında elə bir ciddi dəyişiklik edilməmişdi. Dövlət quruluşunda, vətəndaşların hüquq və vəzifələrində və s. məsələlərdə dəqiqləşdirmələr və əlavələr olunsa da, mahiyyətcə elə bir dəyişiklik nəzərə çarpmırdı. Qeyd olunduğu kimi, əsas yenilik ittifaq konstitusiyasında mövcud ziddiyyətləri, nəzəri problemləri ört basdır etmək üçün edilən dəyişikliklər idi, o da respublika konstitusiyasında təkrar olunurdu. O vaxtın ən yadda qalan məsələsi isə Cənubi Qafqaz respubliklalarının köhnə variantında respublikalarda dövlət dili maddəsinin çıxarılması üstündə baş verən münaqişə oldu. O da həmin müddəanın bərpası ilə aradan qaldırıldı. (8)
Diqqəti cəlb edən başlıca məqam isə konstitusiyada olan maddələrin daha mükkəmməl formada ifadə olunması, dövlət quruculuğu, hüquq və vəzifələr, səlahiyyətlərin bölüşdürülməsi və digər məsələlərdə daha təkmil formanın tətbiq edilməsi idi. Düzdür bu müddəaların əksəriyyəti formal xarakter daşıyırdı. Əslində dövlət bütün hakimiyyət orqanlarının üzərində dayanan Sov.İKP və onun yerlərdəki orqanları tərəfindən idarə edilıirdi. Bunun barəsində isə yalnız 1977-ci il SSRİ konstitusiyasının 7-ci maddəsində bir cümlə ilə qeyd olunurdu. Lakin bütün formal cəhətlərə baxmayaraq, konstitusiyada hakimiyyət strukturunun təkmilləşdirilməsi, sılahiyyətlərin, ümumi prinsiplərin dəqiqləşdirilməsi istər-istəməz öz dərin izini qoyurdu. Xüsusən də xeyli sonra, SSRİ-nin dağılması, kommunist diktatının aradan qalxması məqamında həmin prinsiplər daha real gücə və təsirə malık oldular. Müstəqillik bərpa edildikdən sonra xeyli müddət bu prinsip və qayadalar işləməkdə davam edirdi.
Azərbaycanın dövlətçilik tarixində 1991-ci ildə yeni mərhələ başlanır. Sovetlər ittifaqının dağılması nəticəsində əldə olunmuş şansı reallaşdıraraq Azərbaycan öz müstəqilliyini bərpa edir. Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli iclasında qəbul edilmiş Konstitusiya aktında Azərbaycan Respublikasının yaranmasından deyil, bərpasından söhbət gedir. Bu faktın özü Azərbaycan dövlətçiliyinin Azərbaycan Xalq Cümhuriyyəti ilə irsi əlaqəsini bir daha vurğulayır və fakt kimi təsdiq edir. (9)
Bu sənəd 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının dünya dövlətləri tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olduğunu elan edir. Bəyannamə 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında qəbul edilmişdir. Bəyannamədə deyilir: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir”
1991-ci il 18 oktyabrda qəbul edilmiş Konstitusiya aktının 4-cü maddəsinə görə 1978-ci il Konstitusiyasının müstəqil dövlətin suvernliyinə və ərazi bütövlüyünə zidd olmayan müddəaları müvəqqəti olaraq qüvvədə saxlanılır.
Əslində Konstitusiya aktında konstitusiyanın əsaslandığı başlıca təməl prinsipləri öz əksini qısa və konkret şəkildə tapmışdı. Təsadüfi deyildi ki, həmin sənədin sonuncu – 32-ci maddəsində bu fakt rəsmi olaraq təsdiq edilirdi: “Bu Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsasdır.” (9)
Nəhayət, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi onun müasir dövlətçilik tarixində müstəsna yer tutur. Bu konstitusiya ölkədə müstəqil dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ilkin yekunu idi. Müstəqil Azərbaycan dövlətinin Konstitusiyası 1995-ci il 12 noyabr tarixli referendumda qəbul olunmuş və 1995 il noyabrın 27-dən qüvvəyə minmişdir. (10) Bu konstitusiya təkcə qəbul oldunduğu dövlətin reallıqlarını özündə əks etdirmirdi. O, 1918-ci ildə bəri demokratik dövlət quruculuğunda əldə edilmiş, keçilmiş çətin yolda addım-addım qazanılmış zəngin irs üzərində təzahür etmişdir. Azərbaycan Konstitusiyası qabaqcıl dünya dövlətləri ilə bir sırada dayana biləcək bir zəmin yaradırdı. Konstitusiyada demokratik, hüquqi, dünyəvi dövlət olmaq iradəsini ifadə edən Azərbaycan bu yola sadiq olduğunu artıq sübut etmişdir.
Konstitusya qəbul edildiyi dövrün xüsusiyyətlərini özündə əks etdirir. Azərbaycanın 1995-ci ildə qəbul olunmuş Konstitusiyası da tarix səhnəsinə çıxdığı dövrün reallıqlarını özündə əks etdirir, insanların maraqlarını, onların arzu və məqsədlərini, dəyərlər sistemini, siyasi iradəsini, münasibətlər sistemini ifadə edirdi. Buna görə də cəmiyyət inkişaf etdikcə onu norma və prinsiplərində də bu inkişafa uyğun dəyişikliklər baş verir və zaman-zaman bəzi məqamlara yenidən baxılmasına, düzəlişlər edilməsinə ehtiyac olur. Cəmiyyət inkişaf etdikcə onun norma və prinsipləri də inkişaf edir. Bu mənada qanunlar da, onlasrın əsas toplusu olan Konstitusiya da ehkam deyildir və zaman-zaman onda dəyişikliklər edilməsi cəmiyyətin inkişaf ehtiyaclarından, dəyişən mövcud ümumdünya və regional çağırışların diktəsindən irəli gəlir. 2002-ci və 2009-cu illərdə Azərbaycan Konstitusiyasında edilən dəyişikliklər də həmin məntiqdən irəli gəlmişdi və onun dövrün reallıqlarına uyğunlaşdırılması baxımda çox əhəmiyyətli idi.
Bu gün Azərbaycan cəmiyyəti Konstitusiyada yeni dəyişikliklər edilməsi üçün keçiriləcək referendum ərəfəsindədir. Bu dəyişikliklər yenə də günün tələblərini özündə əks etdirir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının mükəmməlliyi təkcə onun standartlara uyğunluğunda, əhatəliliyində, dəqiq ifadə tərzində deyildir. Bu sənəd müstəqillik dövründə Ulu Öndərin rəhbərliyi altında həyata keçirilən dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin istiqamətverici sənədi olmaqla zamanın sınağından çıxmışdır. Bu Konstitusiya gözəl yazılmış bir sənədlər toplusu deyildir, qəbul olduğu gündən reallığı özündə əks etdirən, dövrün çətin məqamlarında ölkənin mövqeyini hüquqi cəhətdən təmin edə bilən amil kimi çıxış etmişdir. Müstəqillik dövründə Ulu Öndərin hakimiyyəti dovründə zərrə-zərrə qurulan Azərbaycan dövləti və vətəndaş cəmiyyəti bu canlı, real fəaliyyət göstərən sənəd üzərində təşəkkül tapmışdır. Buna görə də onun zamanın dəyişikliklərinə real reaksiyası, daim mükəmməlləşməsi təbiidir. Bu mənada Azərbaycan Respublikasının Konstitusiyası özündən əvvəlki Konstitusiyalarından əsaslı şəkildə fərqlənir.

 


Ədəbİyyat

1. 1918-ci il İstiqlal Bəyannaməsi https://adr90.wordpress.com/2008/05/27/istiqlal-beyannamesi/4
2. Адрес-календарь Азербайджанской республики на 1920-й год. Под ред. А.И. Ставровского. Издание Мин-ва Призрения, Баку, 1919,https://www.ourbaku.com/index.php/Файл: ADR_1920_cal.JPG
3. Azərbaycan SSR-in 1921-ci ilKonstitusiyası. www.preslib.az
4. AzərbaycanSSR-in 1927-ci il Konstitusiyası. www.preslib.az
5. Конституция (Основной Закон) Союза Советских Социалистических Республик 1936 года http://www.hist.msu.ru/ER/Etext/cnst1936.htm
6. AzərbaycanSSR-in 1937-ci il Konstitusiyası. www.preslib.az
7. Конституция (Основной Закон) Союза Советских Социалистических Республик 1977 г.http://www.hist.msu.ru/ER/Etext/cnst1977.htm
8. AzərbaycanRespublikasının 1978-ci ilKonstitusiyası. Bakı, 1980.
9. 1991-ci il Konstitusiya Akti Azərbaycan Respublikasinin Dövlət Müstəqilliyi Haqqinda Konstitusiya Akti www.preslib.az
10. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2009.

Açar sözlər: Konstitusiya; dövlətçilik; Azərbaycan Respublikası; SSRİ; müstəqillik

Ключевые слова: Конституция; государственность; Азербайджанская Республика; СССР, независимость

Keywords: Constitution; statehood; The Republic of Azerbaijan; USSR, independence

Резюме

Конституции в современной Aзербайджанской государственности


История основанной в начале двадцатого века демократической государственности Азербайджана имеет большое значение в современную эпоху. Одним из наиболее важных элементов демократического государства является его конституция. Принятые в различные этапы исторического развития конституции Азербайджана менялись в соотвествии с характером времени и прошли процесс эволюции. В статье прослеживается ход становления конституционной традиции и его закономерности.


Summaty

Constitution in the modern Azerbaijani statehood

The history of the democratic state of Azerbaijan that was founded in the early twentieth century is a matter of great concern in present period. One of the most important elements of a democratic state is its constitution. Constitutions of Azerbaijan adopted at different stages of historical development changed in accordance with time behavior and elapsed through the process of evolution. The course of formation of the constitutional traditions and its regularities are reflected in the article.

"Geostrategiya" jurnalı № 04 (34) İYUL-AVQUST 2016


Müəllifin digər yazıları

  1. YENİDƏNQURMA DÖVRÜNDƏ SSRİ-də ALKOQOLİZMƏ QARŞI MÜBARİZƏ VƏ ONUN NƏTİCƏLƏRİ HAQQINDA
  2. Qarabağ münaqişəsinin nizamlanmasının başlıca maneələrindən biri mövcud status-kvodur
  3. AZƏRBAYCANLI “ZİYALININ” ERMƏNİSAYAĞI GEDİŞLƏRİ
  4. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik tarixində
  5. Ermənistanda dəyişikliklər nə vəd edir?
  6. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən
  7. 2017-ci il: gözləntilər və nəticələr
  8. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  9. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  10. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  11. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  12. AZƏRBAYCAN RESPUBLİKASI 25
  13. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  14. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  15. Qarabağ problemi son hadisələr işığında
  16. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  17. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  18. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  19. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  20. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  21. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  22. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  23. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  24. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  25. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  26. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  27. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  28. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  29. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  30. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  31. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  32. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0592 san