17:38 05 Dekabr 2016
2341 dəfə oxunub
Çap versiyası

 

-          Qardaş, istəyirəm kitabımın imza gününü keçirəm.

-          Hə? Nə gözəl? Lap yaxşı. Allah xeyir versin. O gün olsun...

-          A kişi, bir dayan görək. Nə oldu sənə? Avtomat kimi üyüdüb tökürsən...

-          Hə? Dedin tədbir olacaq, sevindiyimdən...

-          Çox sağ ol, çox sağ ol. Mən bilirəm ki,  sən mənim uğuruma sevinən adamlardansan.

-          Bəs necə, bəs necə. Borcumuzdur. 

-          Hə, bax indi gəldin əsas məsələyə.

-          Mən gəldim?

-          Hə, demədin borcumuzdur?

-          Dedim, hə...

-          Ay sağ ol, bax indi, mən bu imza günün keçirəcəyəm ha, görüm mənə borcu olanlar nə edəcəklər?

-          Borcu olanlar var sənə?

-          Bəli, var.

-          Nə qədər vermisən soruşmaq ayıb olmasın?

-          Mən... A kişi, söhbət puldan getmir...

-          Dedin borc, mən də dedim yəqin...

-          Borc  verməmişəm, amma kitablarının, heç kitab deməyə də dilim gəlmir, amma nə edək, belədir də... Hə, kitablarının təqdimatlarına getmişəm. İndi onların da...

-          Borclarıdır ki, gəlsinlər sənin kitabının... Nə təhər dedin?

-          Nəyi?

-          Kitabın nə günü olur?

-          İmza günü! İmza günü!

-          Hə, onlar da gələrlər... Gələrlər, mən bilirəm ki, gələrlər.

-          Gələcəklər! Ağızları nədir gəlməsinlər?

-          Hə, hə. Nə vaxtdı tədbir?

-          Bax elə istəyirəm onu məsləhətləşək səninlə.

-          Buyur, buyur.

-          Hə, əvvəla istəyirəm bu imza günü belə samballı bir yerdə olsun.

-          Əlbəttə, elə olmalıdır da.

-          Hə, o samballı yer də “Antanana... zəhirmar, restoranın adını da elə qoyub ki.. Dilimə də yatmır...

-          “Anta,  iki dənə na, sonra da rivunu deyirsən?

-          Necə oldu?  Anta-nana- rivu?

-          Hə...

-          Hə, bax o restoran çox döşümə yatır, imza günümü orda keçirsəm necə olar sən bilən?

-          Əla olar. Ora yaxşıdır. Olmuşam bir-iki dəfə. Amma...

-          Nə, amma?

-          Bahalı yerdi də ora?

-          Bahalı  yerdi, bəli. Amma, mən havayı yerə yazmamışam ki, o şeiri?

-          Hə? Şeir yazmısan o restorandan?

-          Bəs necə? “Atlana –atlana Antananaya”. Oxumuşdum ki, sənin üçün?

-          Hə,nə olsun?

-          Necə yəni nə olsun? Özünə də oxumuşam, müdiri var e oranın.

-          Hə?

-          Hə! Xoşuna da gəlib. Güzəşt eləyəcək 100 faiz.

-          Nə deyirəm, amma...

-          Uverennı danış! Həmişə uverennı danış!

-          Yaxşı, raz ki, sən deyirsən....

-          Hə, bu belə. İndi gərək öyrənim görüm oranın boş vaxtı nə vaxtdı.

-          Ora elə boş olur da son vaxtlar.

-          Elə olsa yaxşıdır... Vəssalam da,  əsas yerdi. Bir də...

-          Qonaqlar?

-          Hə, qonaqlar da dedim də,  kitablarının imza günlərinə getdiyim, ondan sonra, məclislərində çıxış elədiyim adamlardı, gələcəklər...

-          Hə, qələm dostlarındı da yəni sənin?

-          Dostlarımdı, hə. Mənim kimi, belə pis çıxmasın, tanınan olmasalar da, onlar da qələm sahibləridir. Ondan sonra, nə isə,  var da bir-iki sözə qoymət qoyan adam, onlar da gələcək imza günümə. Rayonun saytı da yazacaq, şəkilləri-filanları da yerləşdirəcək. Qurtardı, getdi.

-          Çox əla. Xeyirli olsun.

-          Hə, olar,  xeyirli olar.

-          Kitabdan var yanında?

-          Nədən?

-          Demirsən ki, təqdimat eləyəcəksən...

-          Hə...

-          O kitabdan deyirəm də, təzə çıxandan, bir dənə varsa...

-          Təzə çıxmayıb, altı il əvvəl çıxmışdı ha, vermişdim ki, ondan sənə?

-          Altı il əvvəl?

-          A kişi,  “Şadlığıma şitliyim”i deyirəm də.

-          “Şadlığıma şitliyim”? O balaca kitabı deyirsən?

-          Balaca kitabı?! Poeziyanın balacası olmur.

-          O çoxdan çıxıb axı?

-          Nə olsun?

-          Bəs bu təqdimat, imza günü təzə kitab üçün olmur?

-          Kitabın köhnəsi olmur heç zaman,

Qoru, saxla onu, sanki bir saman!

Nə təhər dedim?   

-          Nəyi dedin?

-          Bədahətən dedim indi sənə bir beyt.

-          Hə, amma...

-          Amması-filanı yoxdur.

-          Nə deyim?

-          Heç nə, heç nə demə. O vaxt ağlım olmayıb, keçirməmişəm. İndi keçirirəm imza günümü. Olmaz?

-          Olar, niyə olmasın.

-          Sən mənim uğurlarıma sevinən adamlardansan. Ona görə dedim ha bunları sənə.

-          Sağ ol, çox sağ ol.

  


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6376 san