14:26 08 Dekabr 2016
7765 dəfə oxunub
Çap versiyası

 

-          Bəxtəvər müəllim, mən Sizi ürəkdən təbrik edirəm.

-          Məni?

-          Bəli, bəli, Sizi.

-          Çox sağ olun, amma...

-          Açığını deyim ki, bir az həyəcanlıyam. Çünki, əvvəla çox sevinirəm ki, Sizi şəxsən görürəm, düzü heç inanmırdım ki, bu gün görə biləcəyəm Sizi.

-          Doğrudan?

-          Bəli. Bəli, Bəxtəvər müəllim. Bilirəm ki, çox məşğul adamsınız və bizim rəhbərlik deyəndə ki, məhz mən Sizi görməliyəm, əvvəl istədim...

-          Oğul, vallah mən başa düşə bilmirəm söhbət nədən gedir?

-          Başa düşə bilmirsiniz?

-          Yox.

-          Onda Sizə deməyiblər?

-          Nəyi deməyiblər?

-          Bir dəqiqə, bir dəqiqə, mən indi zəng edib dəqiqləşdirərəm ki, nəyə görə...

-          Ay oğul, bir dəqiqə dayan görüm. Nəyi deməliydilər ki, mənə?

-          Yəni Sizin bizim nominantların siyahısında yer alanda deməliydilər axı...

-          Harda yer alanda mənim adım?

-          Bizim nominantların siyahısında.

-          Sizin... Siz məni kiminləsə səhv salmısınız yəqin.

-          Sizi?

-          Hə, ay oğul, olur belə işlər.

-          Elə şey ola bilməz, Bəxtəvər müəllim.

-          Ya da nəsə anlaşılmazlıq var...

-          Yox. Bəxtəvər müəllim, anlaşılmazlıq yoxdur. Siz bizim nominantların siyahısında yer almısınız, indi deyim, bəli,  noyabrın 4-də. Burada yazılıb.

-          Harada? Bağışla, ay oğul, siz kimsiniz?

-          Siz Allah, üzürlü hesab edin...

-          Edirəm, kimsiniz siz?

-          Bayaqdan özümü təqdim eləməmişəm.

-          Elə özünü təqdim.

-          Edirəm. Mən “Şadlığına Şitlik Edənlərə Qahmar Çıxanlar Birliyi”nin regional nümayəndəsiyəm. Adım...

-          Haranın, haranın?

-           ŞŞEQÇB-nin.

-          Şşş... Necə, necə?

-          ŞŞEQÇB! Nə əcəb eşitməmisiniz?

-          Nə təhərdi sizin təşkilatın adı?

-          Tam adı yəni?

-          Hə, hə. Tam adı.. Şadlığına Şitlik?

-           Şadlığına Şitlik Edənlərə Qahmar Çıxanlar Birliyi.

-          Doğrudan belədi təşkilatın adı?

-          Bəli, əlbəttə.

-          Hm. Qəribədir. Hə, nə istəyirsiniz məndən?

-          Bizim təşkilat, Bəxtəvər müəllim, bizim ekspertlər qrupu Sizin adınızı bizim nominatların siyahısına daxil edib, noyabrın 4-də.

-          Heç nə başa düşmürəm.

-          Nominant bilirsiniz də nədi?

-          Ay oğul, mən... A kişi, mən 40 ilin yazıçısıyam, bilirəm nədir nominant.

-          İnciməyin, Siz Allah, Bəxtəvər müəllim.

-          Prostu başa düşə bilmirəm ki, mənim adım nə gəzir Sizin şadlığına şitlik edənlərin siyahısında.

-          Şadlığına Şitlik Edənlərə Qahmar Çıxanlar Birliyinin.

-          Hə, hə, oranın. Nə edir mənim adım.. Necə düşüb ora axı?

-          İcazə verin izah edim Bəxtəvər müəllim.

-          Edin, edin.

-          Bizim ekspertlər şurasının üzvləri mətbuatı izləyirlər...

-          Hə, sonra?!

-          Üzr istəyirəm, izləyirlər mətbuatı və fəal insanları, hansılar ki,  öz sahələrinin aparıcı adamlarıdır, onları müəyyənləşdirib...

-          Hə, sonra?

-          Onların siyahısını tuturlar.

-          Elə bu?

-          Yox, yox, Bəxtəvər müəllim. Siyahı bizim əməkdaşlar tərəfindən tutulur...

-          A kişi, bildim onu. Tutulur siyahı. Sonra nə olur? 

-          Sonra gizli səsvermə yolu ilə...

-          Nə yolu ilə?

-          Açıq səsvermə yolu ilə...

-          Bayaqdan gizli idi, indi açıq oldu?

-          Bizdə şəffafdı bütün proseslər Bəxtəvər müəllim.

-          Hə, bilirəm, bilirəm. Sonra səs verib neyləyir sizin ekspertlər? 

-          Qalibləri müəyyənləşdirlər.

-          Nəyin qaliblərini?

-          Bəs, dedim axı, Bəxtəvər müəllim, nominantlar, bilirsiniz də necə olur?

-          Vay dədə vay. A bala, mənim davleniyam var, təzyiqim...

-          Allah şəfa versin!

-          Şəkərim tez-tez...

-          Allah şəfa versin!

-          Sözünü de!

-          Sözüm budur ki, Siz, Bəxtəvər müəllim, bizim Şadlığına Şitlik Edənlər...

-          Yenə?!

-          Qısa deyim?  Yaxşı. Sizi “İlin Şadlığına Şitlik Eləyəni” seçiblər.

-          Məni?

-          “Ələkçinin yazar dostu” nominasiyasında.

-          Nə nominasiyasında?

-          “Ələkçinin yazar dostu”...

-          Hə, çox sağ ol, çox sağ olun.

-          Buyurun, Bəxtəvər müəllim!

-          Gedə bilərəm də indi mən?

-          Əlbəttə! Yox. Bir dəqiqə, Bəxtəvər müəllim, bir dəqiqə.

-          Nədir?

-          Sizə diplom veriləcək. “Çal, oxu, oyna” restoranında “Şən nəqmə, şad mahnı”  müsabiqəsinin qaliblərindən iki, yox üç nəfərin iştirakı ilə tədbir keçiriləcək və Siz cəmi 450 manat ödəməklə...

-          Neyləməklə?

-          Gəlib iştirak edəcəksiniz. 12 cür qəlyanaltı və Rusiya spirtli içkiləri...

-          Bir dayan görüm. Mən nə etməliyəm?

-          Gəlib iştirak...

-          Onu yox!

-          Hə, siz 450 manat ödəməlisiniz.

-          Mən?

-          Siz?

-          A bala, mən şair adamam...

-          Bəxtəvər müəllim!

-          Nədi, ay oğul? Adresi səhv salıb sizin ekspertlər?

-          Yox, xeyir,  Bəxtəvər müəllim.

-          Bir də ay oğul, cavansan sən hələ. Mənə de görüm harada görünüb ki, mükafat alan adam pul versin?

-          Siz  “Saxsı Karandaş”  mükafatını almısınız da, düzdür Bəxtəvər müəllim?

-          Bəli.

-          Pulsuz vermişdilər onu sizə, Bəxtəvər müəllim?

-          Mənə! Onu? Kim?

-           Sizə “Saxsı Karandaş”ı pulsuz vermişdilər?

-          Ay oğul, bir az yavaş. Sən nə interesnı oğlansan?

-          Bizdə də elədir də mükafat. Bəs bizim ekspertlər...

-          Yaxşı, yaxşı. De görüm, tədbirdə araq doğrudan da rossiyski olacaq?

-          Bəs necə, Bəxtəvər müəllim?

-          Hə, lap yaxşı. Danışdıq! Oldum sizin nominant!   


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Hacı Zakir Bayramov -70
12:22 22.10/2017
 
Xəbər başlıqları
23-10-2017
22-10-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4701 san