11:23 09 Dekabr 2016
2122 dəfə oxunub
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illik yubileyi qeyd olundu. Ötən bu illər ərzində ağır, keşməkeşli inkişaf yolu keçən Azərbaycan özünü müasir standartlar əsasında qurulan demokratik dövlət kimi təsdiq etdi. Dünyanın hazırkı durumunda özünəməxsus yerini tutdu. Ölkənin müstəqil dövlət kimi formalaşması və müasir dünya durumunda möhkəmlənməsi üçün ictimai həyatın bütün sahələrində nəhəng problemlər aradan qaldırılmış, ardıcıl, məqsədyönlü quruculuq işi həyata keçirilmişdir. Azərbaycan dövlətinin apardığı düzgün siyasət təkcə bu günün nailiyyəti deyildir. Bu quruculuq hər şeydən öncə tarixi reallıq üzərində mümkün olmuş, Azərbaycanın tarixi keçmişinə köklənmişdir. Bu mənada minilliklərlə ölçülən tarixi ilə yanaşı müasir Azərbaycan dövlətinin təşəkkülü, inkişafı və möhkəmləsində son yüzilliklər dövründə burada gedən dirçəliş mühüm rol oynamışdır.

Azərbaycan Respublikası özünün ictimai-iqtisadi inkişaf səviyyəsi, siyasi strukturu, mədəni-mənəvi keyfiyyətlərinə görə müasir dünya dövlətləri sırasında unikallığı ilə diqqəti cəlb edir. Ərazisinin ölçüləri, əhalisinin sayına görə o qədər də böyük olmayan bu ölkənin və onun dövlətinin qısa müddətdə diqqəti cəkən bir subyektə çevrilməsi, sırf özünə məxsus olan mədəni dəyərləri ilə seçilməsi təsadüfi deyildir. Bu özünəməxsusluğun formalaşmasında onun tarixi ənənələrinin müstəsna rolu vardır.

Əvvəla, qeyd olunduğu kimi, Azərbaycan dövləti möhkəm dövlətçilik ənənəsi üzərində təşəkkül tapmışdır. Hələ XIX əsrin əvvəllərindən taleyin hökmü və tarixi inkişafın məntiqi nəticəsi olaraq Avropa ictimai-iqtisadi məkanına düşmüş Şimali Azərbaycan müasir demokratik düşüncənin təşəkkülü, qabaqcıl dünya demokratiyasının nüfuz etməsi üçün münbit mühitə malik olduğunu nümayiş etdirir. Azərbaycanın müsəlman əhalisinin dövlət işlərindən, müasir təhsildən təcrid olunmasına baxmayaraq qabaqcıl ictimai fikir bu əhalinin, xüsusən onun ziyalıları və zadəgan təbəqəsi icərisində özünə münbit mühit tapa bilir. Cənubi Qafqazı müstəmləkə əsarətində saxlayan hakim imperiya rejiminin iradəsinin ziddinə olaraq qabaqcıl ictimai fikir kök salaraq inkişaf edir, günbəgün daha geniş əhali kütlələrini, xüsusən də ziyalıları əhatə edir. Əgər XIX əsrin birinci yarısında Azərbaycanın milli ruhunun daşıyıcısı hələ xanlıqlar dövründə ölkənin siyasi elitasını təşkil edən xan nəslinin nümayəndələri, bəylər və ağalar idisə, yeni mühitdə həmin təbəqəyə Rusiyada və Avropada təhsil almış, bu və ya digər dərəcədə dövlət və hərbi qulluqda təmsil olunmuş ziyalılar əlavə olunur. Şərq mədəniyyəti üzərində yetişmiş bu ziyalılar özlərində şərq qabaqcıl fikri ilə Avropa və Rusiya ictimai fikrini birləşdirdilər. Bu zaman başlıca çətinlik onlar üçün yeni olan ideyaların mənimsənilməsi və dərk edilməsi deyildi, bu təbəqənin yetişməsi qarşısında yaradılmış süni maneələr idi. Buna baxmayaraq, çətinliklər və maneələri dəf edən Azərbaycan ziyalılarının qabaqcıl milli ideyanın förmalaşmasında kifayət qədər sanballı nəticələr əldə edə bildilər. Artıq XIX əsrin ikinci yarısında Azərbaycan ziyalıları müasir milli ədəbiyyatın, milli teatrın, milli mətbuatın əsasını qoymaqla, milli şüurun əsasında olan zəminin formalaşmasına öz töhfələrini verdilər. Eyni zamanda həmin dövrdə Azərbaycana kapitalist bazar münasibətləri nüfuz edir. Belə bir ictimai-iqtisadi münasibətlər şəraitində Şimali Azərbycanda milli hərəkatın ideya və məqsədləri daha konkret forma alır. Bir-birinin ardınca yaranan siyasi partiyalar bu hərəkatın müasir tələblərə uyğun şəkildə fəaliyyət göstərməsini nümayiş etdirirdi. Əgər XX əsrin əvvəllərində Azərbaycanın siyasi mübarizəyə qoşulmuş kütlələri Rüsiyanın müvafiq siyasi parrtiyaları və ictimai hərəkatları daxililində fəaliyyət göstərirdilərsə, bir qədər sonra onlar təşkilatlanaraq öz maraqları və milli tələbləri ilə çıxış etməyə başlamışdılar. 1904-cü ildə Rusiya Sosial-Demokrat Fəhlə partiyasının müsəlman qanadı kimi yaranmış “Hümmət qrupu” ilk vaxtlar milli hərəkatın ən fəal üzvlərini özünə cəlb etmişdi. Lakin tezliklə bu qrupa qoşulan ziyalıların əksəriyyəti onun Azərbaycan əhalisinin problemlərinə biganə olduğunu başa düşdüyündən ondan uzaqlaşdılar. Artıq 1906-cı ildən etibarən milli partiyalar və digər milli qurumlar tarix səhnəsinə çıxır. Məhz bu prosesin yekunu olaraq Azərbaycan milli hərəkatı 1917-ci ildə Rusiyan İmperiyasının dağılması reallığına kifayət qədər ideya və təşkilati cəhətdən hazır idi. Buna görə də 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaranması təsadüfi deyildi. Düzdür, 1920-ci ildə bu dövlət Sovet Rusiyası tərəfindən işğal edilərək süquta yetirildi. Lakin bu hadisə Azərbaycanın həmin illərdə əldə etdiyi nailiyyətlərin əhəmiyyətinin azalmasına əsas vermir. Bu tale o vaxt keçmiş Rusiya imperiyasından qopub ayrılaraq müstəqil dövlət yaratmış xalqların hamısının qisməti oldu. O vaxt bütün dünya cəlbedici “kommunizm qurmaq ideyası” ilə

tarix səhnəsinə çıxmış Sovetlər dövlətinin öhdəsindən gələ bilməmişdi. Bu bəladan ilk baxışda xilas olmuş baltikyanı ölkələr, Şərqi Avropa ölkələri sonradan SSRİ-nin ya tərkibinə qatılmış, ya da onun təsir dairəsinə daxil olmuşdular. Bu mənada Cənubi Qafqazın kiçik dövlətlərinin də müstəqilliyini itirməsi labüd idi. Lakin bu itkilərə baxmayaraq, Azərbaycan öz dövlətinə malik olmaq iradəsini sübut etmiş, bunun da sayəsində uzun Sovetlər ittifaqı dövründə formal da olsa, öz dövlətçiliyini qoruyub saxlaya bilmişdi. Buna görə də haqlı olaraq Azərbaycan Respublikasının tarixi 1918-ci ildən hesablanır. Müasir demokratik Azərbaycan dövlətinin əsası həmin dövrdə qoyulmuşdur. 1991-ci ilin oktyabrın 18-də isə qəbul edilmiş Konstitusiya Aktında Azərbaycan Respublikasının müstəqilliyinin bərpası faktı təsdiq edilir.

Artıq həmin tarixdən 25 il keçir. Bu illər ərzində Azərbaycan Respublikası öz döğulma, qurulma və inkişaf prosesində mürəkkəb bir tarix yaşamış, xalqın dəyanəti və dözümü, mübarizliyi və qətiyyəti sayəsində təhlükələri aradan qaldıraraq, öz suveren dövlətçilik arzularını reallaşdıra bilmişdir. Müstəqilliyin ilk illərində xaricdən hərbi təcavüzə və müxtəlif xarakterli təziyiqlərə məruz qalan, daxildə qarışıqlıq və təxribatlarla üzləşərək parçalanmaq və müstəqilliyini itirmə həddinə gəlib çıxır.

1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu təhlükələrin qarşısı alınmış, ölkədə quruculuq işləri başlamışdı. İlk əvvəl dövlət quruculuğu sahəsində məqsədyönlü işlər həyata keçirildi. Müstəqil dövlətin strukturları formalaşdırılmış, ölkə qanunvericiliyi nizama salınmışdır. Tezliklə bu sahədə qarışıqlığa və pərakəndəliyə son qoyuldu. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi Azərbaycan Respublikasında müstəqil idarəçilik sisteminin yaradılmasında, dövlət hakimiyyətin istiqamətlərinin formalaşması və iş prinsiplərinin təsdiq edilməsində kuliminasiya nöqtəsi oldu. Zərrə-zərrə qurulan Azərbaycan dövləti mövcud olduğu dövrdə özünün mükəmməlliyini və yüksək standartlara cavab verdiyini dəfələrlə sübut etmişdir. Azərbaycanın qanunvericilik bazası, hakimiyyət strukturu dinamik olmuş, zamanın çağırışlarına uyğun təkmilləşmə prosesi keçmişdir. Konstitusiyada edilən dəyişikliklər onun daha da möhkəmlənməsinə səbəb olmuşdur.

Müstəqillik dövrünün ən çətin problemi ictimai həyatın bütün sahələrində təhlükəsizliyin təmin edilməsi ilə bağlı olmuşdur. İlk vaxtlardan Azərbaycanın müstəqilliyi ilə barışmayan, onu öz təsiri altında saxlamaq istəyən xarici dövlətlər və transmilli qüvvələr müxtəlif vasitələrdən istifadə etmişlər. Bu vasitələrin sırasına regional hərbi münaqişələrin alovlandırılması, erməni təcavüzünün dəstəklənməsindən tutmuş, beynəlxalq aləmdə Azərbaycan maraqlarının pozulması, problemlərinə qərəzli münasibət, daxildə təxribatçı qüvvələrin çıxışlarının dəstəklənməsi, beynəlxalq aləmdə onun hüquqlarının pozulmasına biganəlik, geniş qarayaxma kampaniyalarının təşkili və s. daxildir. Azərbaycan dövləti Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında bu təzyiqləri dəf edə bilmiş, Azərbaycan Respublikasının dünyada düzgün imicinin formalaşmasına, onun maraqları ilə hesablaşılmasına, haqq səsinin eşidilməsinə nail ola bilmişdir.

Dövlətinin gərgin fəaliyyəti nəticəsində Azərbaycan bu gün regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Dünyanın qabaqcıl humanist ideyalarının burada münbit şəraitə düşməsi, Şərq və Qərb mədəniyyətlərinin, fərqli sivilizasiyaların qovuşduğu məkan olması, ən başlıcası isə bu xalqların dostluğuna, dinc-yanaşı yaşamasına və geniş miqyaslı əməkdaşlı kimi insanpərvər ideyaların Azərbaycan dövləti və cəmiyyəti tərəfindən dəstəklənməsi və təbliği öz təsirini göstərir. Son illərdə dünyanı həyatın bütün sahələrində müşahidə edilən böhran şəraitində Azərbaycan belə humanist dəyərlərin oçağı kimi çıxış edir. Keçirilən beynəlxalq tədbirlər, müxtəlif yarış və konfranslar mürəkkəb beynəlxalq münasibətlər zamanında sülhü, əmin-amanlığı, dinc-yanaşı yaşam dəyərlərini təlqin edir. Bu gün Azərbaycan multikulturalizmin təlqin edildiyi ocaq kimi bütün dünya üçün örnəkdir.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyası Azərbaycanı nəinki böhrandan çıxaraq öz daxili problemlərini həll etməyə imkan vermişdir. Bu strateği xəttin həyata keçirilməsi sayəsində o, inkişaf etmiş ölkələrdən birinə çevrilmiş, Avropanın və dünyanın digər regionlarının enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamağa başlamışdır. Onun sosial-iqtisadi, mədəni inkişafı dünyada tutduğu yerin daimiliyinin və daha da möhkəmlənməsinin təminatçisidir.

Azərbaycan Respublikası gücləndikcə onun qayğıları və problemləri azalmır. Onun güclənməsini istəməyən beynəlxalq güclər yenə də kohnə siyasətlərini davam etdirir, vaxtaşırı qarayaxma kampaniyasına rəvac verirlər. Dağlıq Qarabağ müharibəsi, erməni işğalınin davam etməsi yenə də ölkənin daha sürətli inkişafının qarşısını alır. Azərbaycanın öz hərbi gücünü günbəgün artırması, dünyada aparılan diplomatik işin uğurları bu problemin də ədalətli həllinə əminlik yaradır.

Gərgin diplomatik fəaliyyəti nəticəsində Ermənistanın işğalçı dövlət kimi əksər dünya dövlətləri və nüfuzlu beynəlxalq təşklatlar tərəfindən tanınmasını qeyd etmək lazımdır. Azərbaycan Respublikasının ictimai həyatın bütün sahələrində həlledici uğurlar qazanması, dünyada özünəməxsus yerini tutması, bütün beynəlxalq məsələlərdə özünün sözünə və mövqeyinə malik olması, ölkədəki iqtisadi yüksəliş, sosial problemlərin maksimum həlli müstəqilliyinin bərpasının 25 illiyini qeyd edən bir dövlətin üçün kifayət qədər samballı nəticələrdir.

 

"Geostrategiya" jurnalı № 05 (35) SENTYABR-OKTYABR 2016


Müəllifin digər yazıları

  1. YENİDƏNQURMA DÖVRÜNDƏ SSRİ-də ALKOQOLİZMƏ QARŞI MÜBARİZƏ VƏ ONUN NƏTİCƏLƏRİ HAQQINDA
  2. Qarabağ münaqişəsinin nizamlanmasının başlıca maneələrindən biri mövcud status-kvodur
  3. AZƏRBAYCANLI “ZİYALININ” ERMƏNİSAYAĞI GEDİŞLƏRİ
  4. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik tarixində
  5. Ermənistanda dəyişikliklər nə vəd edir?
  6. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən
  7. 2017-ci il: gözləntilər və nəticələr
  8. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  9. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  10. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  11. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  12. AZƏRBAYCAN RESPUBLİKASI 25
  13. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  14. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  15. Qarabağ problemi son hadisələr işığında
  16. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  17. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  18. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  19. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  20. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  21. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  22. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  23. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  24. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  25. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  26. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  27. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  28. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  29. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  30. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  31. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  32. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7178 san