09:00 18 Dekabr 2016
5435 dəfə oxunub
Çap versiyası
...

Tədqiq olunan dövrdə Azərbaycan Səfəvilər dövlətinin Moğol imperiyası ilə siyasi münasibətləri ABŞ, Böyük Britaniya, Hindistan, Pakistan və bir sıra ölkələrin tarixşünaslıq məktəblərini təmsil edən ingilisdilli tədqiqatçılardan Klara Edvards, Riazul İslam, Con Riçards, Rudi Mətyu, B. Robinson, Klement Bosvort, Ferqyus Nikol, Naymur Faruqi, Sancay Subrahmanyam, Endryu Nyuman və digərlərinin əsərlərində araşdırılmışdır.

 

“Qəndahar məsələsi”

Moğol imperiyasının şimal-qərb sərhəddində yerləşən və hərbi və ticarət əhəmiyyətinə malik Qəndəhar uzun müddət Moğollar və Səfəvilər arasında narazılıq mənbəyi olmuşdu. Römer qeyd edir ki, Səfəvi İmperiyasının Qəndahar kimi bir sıra sərhəd əraziləri var idi. Onlardan bəziləri bir sıra hallarda vali titulu daşıyan yerli hakimlər tərəfindən idarə olunurdu. Bu ucqar ərazilər dil, mədəniyyət və əhalisinin dini inancı baxımından Səfəvilərdən fərqlənirdi. Bəzən bu ərazilər Səfəvilərlə güclü qonşu dövlətlər arasında bufer dövlət rolunu oynayırdı. Müəyyən dövrdə bu ərazilər əyalət şəklində Səfəvilər dövlətinə qatılmaqla öz xüsusi statuslarını itirirdilər [1, 244].

Qəndahar bir neçə dəfə əldən-ələ keçmişdi. 1522-ci ildə Moğol hökmdarı Babur Qəndaharı tutmuşdu [2, 536]. 1556-cı ildə Humayunun ölümündən sonra Qəndahar və Zamindəvarın Moğol hakimləri arasındakı münaqişədən yararlanan I Şah Təhmasib Qəndəharı ələ keçirdi və qohumu Sultan Hüseyn Mirzəni ora vali təyin etdi [3]. Lazımi qədər möhkəmləndirilməmiş Qəndahar 1594-cü ildə (H.1003-cü il) Moğol imperatoru Əkbər tərəfindən ələ keçirilmişdi[1, 267].

Azərbaycan tarixçisi Mübariz Ağalarov göstərir ki, bu dövrdə Səfəvi dövlətinin Moğol dövləti ilə siyasi münasibətlərində üç əsas amil mühüm rol oynayırdı. Birincisi, osmanlılara qarşı Moğol dövlətindən hərbi yardım almaq; ikincisi, özbəklərə qaşı birgə mübarizə aparmaq, üçüncüsü isə Qəndahar məsələsini sülh yolu ilə həll etmək [4].

1599-cu ildə I Şah Abbas Əkbərdən Qəndaharı geri qaytarmaq xahişini etsə də, Moğol hökmdarı Əkbər buna müsbət cavab verməmişdir. Rizaul İslam göstərir ki, I Şah Abbas Əkbər tərəfindən yazıçı Mir Məsumun baçılığı ilə 1604-cü ildə göndərilmiş Moğol səfirliyini bir müddət gözlətdi və gec qəbul etdi, sonra isə öz səfirliyini Moğol sarayına göndərmədi. Şübhəsiz, bununla I Şah Abbas Qəndaharın Moğollar tərəfindən işğalının davam etməsinə öz narazılığını bildirmək istəyirdi [5, 317].

Azərbaycan tarixçiləri A.Fərzəliyev və R.Məmmədova bununla bağlı qeyd edirlər ki, Səfəvi şahının Moğol səfirini gec qəbul etməsini I Şah Abbasın qüdrətinin əvvəlki illərlə müqayisədə artması, bundan əlavə şahın onun səfirlərinin Moğol sarayında uzun müddət saxlanılmasından və Qəndaharın Moğol tabeçiliyində olmasından narazı olması ilə izah etmək olar [6, 86].

Əsasən dövrün Avropa müəlliflərinə, xüsusilə Antoni Şerli və Pyetro Della Valleyə əsaslanaraq Səfəvi Şahı I Abbasın Moğol imperatorları Əkbər və Cahangirlə münasibətlərini tədqiq etmiş Klara Edvards Əkbərin qohumluq yartamaq və bahalı hədiyyələr vermək vasitəsilə Səfəvilərlə münasibətləri yaxşılaşdırmaq niyyətində olduğunu bildirir. O, bunu Əkbərin ənənəvi siyasətinin mahiyyətini təşkil etdiyini qeyd edir. Belə ki, Əkbər ələ keçirdiyi ərazilər müqabilində həmin ərazilərin hakimlərini barışdıqmaq üçün belə elçiliklərdən istifadə edirdi [7, 249].

Cahangirin (1605-1627) Moğol taxtına çıxması və oğlu Xosrovun qiyamı ilə Heratın Səfəvi hakimi Hüseyn Xan 1606-cı ildə Qəndəharı mühasirəyə aldı. Qalanın hakimi Şah Bəy Xanın güclü müqaviməti və onun köməyinə yeni dəstələrin gəlməsi nəticəsində Səfəvilər geri çəkilməyə məcbur oldular [3].

Con Riçards qeyd edir ki, I Şah Abbas Cahangirlə yaxşı şəxsi və diplomatik münasibətlər qurmaq naminə bu hadisəyə fikir vermədi [7, 112]. Riazul İslam qeyd edir ki, bu uğursuzluqdan sonra Şah Abbas öz strategiyasını dəyişdi. [5, 317]. Şah Abbas H.1018/1609-10-cu ildə Moğollarla dostluq münasibətində olduğunu təsdiq etmək üçün Cahangirin yanına öz elçisini göndərdi. Bu elçilik sonrakı on il ərzində Moğol İmperatorunun yanına göndərdiyi bir neçə missiyaların ilki idi [5, 317]. Cahangirin memuarına əsaslanan K.Edvards qeyd edir ki, Şah Abas elçisi ilə göndərdiyi məktubunda “Türklərlə müharibə səbəbindən təbrikləri daha əvvəl çatdıra bilmədiyi üçün üzrxahlıq edirdi. Cahangir məktubu qəbul etdi və onu gətirənə xələt və 30 min rupi verdi” [7, 254].

Riazul İslam bu missiyaların əsas məqsədinin Qəndəharla bağlı Səfəvilərin maraqlarının Moğollarda doğura biləcəyi narahatlığı azaltmaq və Cahangirin inam və etibarını qazanmaq idi [5, 317]. Faruqi qeyd edir ki, I Şah

Abbas dostluq ismarıcları və vaxtaşırı elçiliklər və hədiyyələr göndərməklə Səfəvilərin Qəndahar barəsində planları ilə bağlı Moğol İmperatorunda şübhələrin yaranmasının qarşısnı ala bilmişdi [9, 43].

Maraqlıdır ki, I Abbasın səfirlərindən biri Səfəvilərə 30 il qulluq eləmiş ingilis Robert Şerli idi. O, 1614-cü ildə Avropa saraylarına səfər edəndən sonra Cahangirin sarayına gəldi. Cahangir onu yaxşı qarşıladı və onu Şah Abbasa hədiyyə kimi 2 fil və səkkiz antilop ilə yola saldı. Şahın göndərdiyi digər elçilik 1618-ci ilin payızında Moğol sarayına çatmışdı və Məhəmməd Rza bəyin başçılıq etdiyi bu səfirlik ingilis Ser Tomas Roi tərəfindən təsvir olunmuşdur [7, 255]. Elə həmin dövrdə Della Vallenin təsvir etdiyi Moğol səfriliyi Səfəvi sarayına təşrif buyurmuşdu [7, 255]. Tomas Roiyə əsaslanan Edvards qeyd edir ki, Məhəmməd Rza bəy Cahangirin sarayında 6 ay qaldı və Moğol hökmdarı ona bir dəfə 20 min rupi dəyərində, başqa vaxt isə 1 fildən ibarət hədiyyə verdi[7, 257].

Con F.Riçards bildirir ki, Səfəvi və Moğol hökmdarları arasında davamlı şəkildə məktublaşma, elçiliklərin mübadiləsi, hədiyyələşmə bu iki imperatorlar arasında şəxsən görüşmədən belə xüsusi şəxsi münasibətlərin yaranmasına dəlalət edirdi. Hər iki hökmdar arasında mübarizə Qəndahar qalası, şəhəri və vilayəti uğrunda münaqişədə öz əksini daha yaxşı tapmışdı [7, 111].

Rudi Mətyu qeyd edir ki, diplomatiya dili dostluq ismarıcları versə də, “Qəndahar məsələsi” hər iki dövlət arasında daimi gərginlik yaratmışdı [3].

1613-cü ildə Moğol İmperatoru Cahangir Səfəvilər dövlətinə Xan Əlam adı ilə daha yaxşı tanınmış Mirzə Bərxudarın başçılıq etdiyi səfirlik göndərdi. Mənbələrə əsaslanan Blou qeyd edir ki, Xan Əlamı 800 nəfərlik heyət müşayiət edirdi. Moğol elçiliyinin məqsədi Səfəvilərlə dostluq əlaqələrinin genişləndirilməsi və eyni zamanda Şah Abbası Qəndaharı onlardan geri almaq fikirlərindən daşındırmaq idi [10, 109]. Şah Abbasın Moğol elçisi Xan Əlamla görüşünün Hind Bişan Das və Səfəvi saray rəssamı Rza tərəfindən rəsmi çəkilşmişdir [11, 59].

David Blou qeyd edir ki, I Şah Abbas Xan Əlamla olan görüşdə Qəndahar məsələsinə toxunaraq bildirmişdi ki, Qəndahar Xorasanın bir hissəsi olmaqla onların irsi torpaqlarıdır. Şah Abbasın bu sözlərini 1619-cu ildə Xan Əlamı Hindistana geri qayıdarkən müşayiət etmiş Səfəvi elçisi Zeynal bəy Moğol hökmdarı Cahangirə çatdırmışdı [10, 110].

Həmin dövrdə Şiə Dekkan sultanlıqları olan Qolkonda, Əhmədnağar və Bicapurdan olan elçilər Şah Abbasın sarayına səfər etmişdilər. Onların məqsədi Moğolların həmin sultanlıqları ilhaq etməsinin qarşısını almaq üçün Şah Abbasdan kömək əldə etmək idi [10, 110].

1620-ci ildə Cahangirin xəstələnməsi ilə Moğol sarayında başlayan çəkişmələrdən istifadə edən Şah Abbas 1622-ci ilin qışında Qəndahar üzərinə yürüş etdi. Qalanın 300 nəfərlik hazırlıqsız Moğol döyüşçüləri qalanı Səfəvilərə təslim etdilər [8, 112]. 6 aylıq mühasirədən sonra Qəndaharı ələ keçirərək oranı yenidən Səfəvi torpaqlarına qatdı [3].

Faruqiyə görə, Qəndaharın süqutu Cahangirin xarici siyasətinin zəif dayaqlara malik olduğunu biruzə verdi və onu məcbur etdi ki, yeni müttəfiq axtarışına çıxsın. O, Səfəvilərə qarşı Sünni hökmdarların ittifaqını təşkil etməyi nəzərdən keçirdi. Bu ittifaqı yaratmaq üçün danışıqlara özbəklərlə diplomatik əlaqələri bərpa etmək cəhdləri ilə başladı [9, 43].

Cahangirin varisi Şah Cahanın (1627-1658) xarici siyasətinin iki başlıca məqsədi var idi: 1) Qəndahar üzərində Moğol hakimiyyətini bərpa etmək 2) Mərkəzi Asiyadakı irsi mülklərin geri alınması.

Faruqiyə görə, Cahangir və onun varisi Şah Cahan Səfəvi təhlükəsinə qarşı Sünni birliyi ideyasını nəzərdən keçirirdilər. Moğollar bu siyasətə yalnız öz maraqlarına xidmət etdikdə sadiq qalırdılar, lakin öz məqsədlərinə çatdıqda bu siyasətdən vaz keçirdilər. Misal üçün, Şah Cahan Qəndəharı ələ keçirdikdən sonra osmanlılarla diplomatik əlaqələri birtərəfli qaydada kəsmişdi[9, 67].

I Şah Səfinin Moğollarla gərgin münasibətləri 1636-cı ildə Səfəvi-Moğol bağlarının qopmasına səbəb oldu. Römer qeyd edir ki, 1638-ci ildə I Şah Səfinin vəziri Mirzə Məhəmməd Tağının (Mirzə Tağı və ya Sarı Tağı) Qəndəharın yerli hakimi Əli Mərdan Xandan Ali Divana ödənilən illik vergidən bəzi güzəştləri götürməkdə israrlı olması Qəndəharın itirilməsinə gətirib çıxardı. Əli Mərdan Xan Səfəvi saray toplantısına gəlmək əvəzinə, Qəndəhar vilayətini Moğol imperatoru Şah Cahanın tabeçiliyinə keçirdi [1, 283].

Rudi Mətyu qeyd edir ki, Qəndəharın itirilməsi 1638-ci ildə Bağdadın itirilməsindən daha çox Şah Səfinin qəzəbinə səbəb olduğundan o, 1641-ci ildə Moğollara qarşı yürüşə çıxmağa hazır idi, lakin şah Zöhab (Qəsri-Şirin) sülhünün Osmanlılar tərəfindən təsdiq olunub-olunmayacağını gözləyirdi [3] Həmin ilin sentyabrında Osmanlıların süh müqaviləsini təsdiq etmələri xəbəri gəldikdən sonra Hisdistanda Moğollar əleyhinə üsyanlardan istifadə edən Səfəvilər dərhal yürüş hazırlıqlarına başladılar. Römer qeyd edir ki, 1639-cu il razılaşması Osmanlılarla sülh münasibətlərinin qorunub-saxlanılması üçün etibarlı əsas rolunu oynadı [1, 298]. Lakin, Şah Səfinin 1642-ci ildə vəfat etməsi və hakimiyyət dəyişikliyi nəticəsində Qəndəhar yürüşü yarımçıq qaldı.

Teymurilərdən olan Böyük Moğollar dövlətin əsasını qoymuş Zahirəddin Baburun mirası hesab etdikləri Mərkəzi Asiyanın fəthi ideyasını nəsildən-nəsilə ötürürdülər [1, 299]. Rudi Mətyu qeyd edir ki, Moğollar Mərkəzi Asiyadakı

ata-baba torpaqlarının ələ keçirilməsi üçün Səfəvilərin neytrallığını əldə etmək istəyirdilər. II Şah Abbas bu məslədə bitərəf qalacağını bildirdi və bununla belə, Qəndəhar üzərinə yürüş hazırlıqlarına qərar verdi [3].

Endryu Nyuman Qəndəharın ticarət və iqtisadi əhəmiyyətindən söz açaraq, qeyd edir ki, Qəndəhar Səfəvilərin əsas ticarət tərəfdaşı Hindistanla ticarət yolunun üzərində mühüm şəhər idi və onun yenidən ələ keçirilməsi Səfəvilər üçün gömrük gəlirlərini artırmaq və Şərqə doğru hərəkət edən karvanlara nəzarət etmək imkanı yaradacaqdı [12, 83].

Moğolların Mərkəzi Asiyaya hərbi yürüşünün böyük uğursuzluqla başa çatması Səfəvi sarayında Şah Səfinin vəfatı səbəbi ilə təxirə salınmış Qəndəharın yenidən ələ keçirilməsi planının bərpasına səbəb oldu. Şah Cahanın Bədəxşandakı ağır məğlubiyyətindən istifadə edən Səfəvilər Qəndəhar üzərinə yürüşə çıxdılar [14, 107-110; 13, I, 297-98]. Səfəvi qoşunu 1649-cı ilin fevralın 22-də qısa müddətli mühasirdən sonra qalanı ələ keçirdilər [3].

İki ildən sonra Şah Cahanın başçılıq etdiyi Moğol ordusu Qəndəhar qalasını 10 həftə mühasirədə saxlasa da, qalanı ələ keçirə bilməmişdi. Faruqi göstərir ki, bu hadisə Moğol ordusunun məğlubedilməzliyi mifini bir daha puça çıxardı[9, 58]. 1653-cü ildə Moğol şahzadəsi Dara Şükuhun da qalanı fəth etmək cəhdi uğursuzqla nəticələndi [8, 134; 12, 111-113].

Con Riçards qeyd edir ki, Bəlx və Bədəxşanı ələ keçirmık cəhdləri və Qəndəharın bir-birinə yaxın zaman kəsiyində üç dəfə mühasirəsi Moğolların resurslarını tükəndirdi. Nəticədə, Şah Cahan tamamilə uğursuzluğa düçar oldu. O, nəinki Səmərqəndi ələ keçirə bilmədi, hətta Qəndəharı da itirdi [8, 135].

Römer qeyd edir ki, Moğolların bütün cəhdlərinə baxmayaraq, Qəndəhar Səfəvi sülaləsinin süqutuna kimi Qızılbaşların, 17-ci əsrin ortalarına kimi isə Əfşarlar imperiyasının tərkibində qalmışdı [1, 300].

Ingilisdilli tarixşünaslıqda Moğollarla müqayisədə nisbətən zəif Səfəvi ordusunun Qəndəharı yenidən ələ keçirə bilmələrinin səbəbləri barəsində müxtəlif fikirlər mövcuddur. Holland mənbələrinə əsaslanan R.Mətyu bu fəthdə Avropalı artilleriya mütəxəssislərinin köməyi ilə təkmilləşdirilmiş Səfəvi artilleriyasının xüsusi rolunu vurğulayır [3]. İngilis müəllifi Ferqyus Nikol göstərir ki, Şah Cahanın oğulları Dara Şükuh və Arangəzib arasında gedən mübarizə nəticəsində Moğol hərbi sisteminin zəifləməsi Səfəvilərin qələbəsinin başlıca səbəbi idi [15, 225]. Con F.Riçards Moğolların uğursuzluqlarının səbəbləri kimi 1) Kabuldan Qəndəhara olan təchizat xəttinin olması, 2) Səfəvilərin Qəndəharı geri almaqda qətiyyətli olmalarını və 3) Moğolların mühasirə artilleriyasının qarşıya qoyulan vəzifənin öhdəsindən gəlmək üçün yararlı olmamasını göstərir. Bu əsnada Rişards Səfəvi topçularının mühasirədə olan Moğolları davamlı şəkildə itkiyə məruz qoyduqlarını qeyd edir[8, 134].

“Dekkan məsələsi”

Dövrün mənbələrinə əsaslanan Müzəffər Əlam və Sancay Subrahmanyam qeyd edirdilər ki, 16-cı əsrin əvvələrindən etibarən Bicapur və Qolkonda ilə Səfəvilər arasında bağlılıq var idi və onların hər ikisi müəyyən dövrlərdə Səfəvilərin “süzerenliyini” tanıyır və tez-tez Səfəvi hökmdarlarının adlarını paytaxt şəhərlərində keçirilən Cümə xütbələrində çəkirdilər. 16-cı əsrin son rübündə Dekkana Səfəvilər dövlətindən gəlimiş mühacirlər Bicapur və Qolkondada ali təbəqənin mühüm hissəsini təşkil etməyə başladılar və Səfəvilərlə həmin dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edirdilər[16, 368].

Sancay Subrahmanyam göstərir ki, Şah Abbasın hakimiyyətinin ilk on ilində Dekkan Səfəvi-Moğol əlaqlərində xüsusilə önəmli rol oynayırdı [17, 126].

Riazul İslam qeyd edir ki, 17-ci əsrdə Dekkan sultanlıqlarının Səfəvilərlə təriqət və siyasi baxımdan bağlılıqları Moğol-Səfəvi münasibətlərində gərginliyin yaranmasına səbəb olurdu[5, 316].

Con Riçardsa görə, 17-ci əsrin əvvəlində Səfəvilərin Moğollarla diplomatik münasibətləri hər iki ölkə hökmdarlarının ideoloji-siyasi mövqeyi səbəbindən 16-cı əsrlə müqayisədə fərqli idi. Qəndəhar üzərində böyüyən ziddiyyətlər səngimək bilmirdi. Hər iki dövlət bir-birini aqresiv diplomatiya və qonşu ölkələrə müdaxilə vasitəsilə təhlükə yaradırdırlar. Əgər Səfəvilər Özbək xanlıqları tərəfindən təhlükə gözləyirdilərsə, Moğollar Qolkonda və Dekkanın şiə əmirlərindən narahat idilər [8, 111].

Dəkkandakı Qolkonda şahlığının hakimi Şiə Qaraqoyunlulardan olan Abdulla Qütbşah təriqət bağlılığına görə özünü Şah Abbasa aid edirdi və xütbələrdə Səfəvi şahının adını çəkir və sikkələrdə onun adını zərb etdirirdi. Lakin o, Moğol hökmdarı Şah Cahanın onun qonşusu Blcapur şahzadəsini məğlub etdikdən sonra Səfəvilərlə alaqəsini kəsib Moğolların hakimiyyətini qəbul etdi [18, 199].

 

Səfəvi-Moğol münasibətlərində Osmanlı amili

Faruqi qeyd edir ki, Səfəvi faktorunun Moğol-Osmanlı əlaqələrinə öz mühüm təsiri var idi. Moğollar Səfəvilərdən təhlükə gözlədikdə, Osmanlıların siyasi və mənəvi dəstəyinə üz tuturdular [9, 66].

Faruqiyə görə, Cahangirin Şah Abbasla son dərəcədə yaxşı münasibətləri onun Osmanlılara qarşı mənfi münasibətinin başlıca səbəbi idi [9, 42]. Şah Abbas hətta Osmanlılarla baş vermiş müharibə və sülh məsələləri barədə Cahangirə vaxtaşırı məlumat verirdi[14, II, 180, 189, 202, 218].

Cahangirin Səfəvi meylli siyasəti uzun sürmədi. 1622-ci ildə Şah Abbas tərəfindən Qəndəharın ələ keçirilməsi onlar arasındakı xoş münasibətlərə son qoydu. Faruqi göstərir ki, Qəndəharın Şah Abbas tərəfindən ələ keçirilməsindən sonra Özbək xanı İmamqulu xanla Moğol hökmdarı Cahangir arasında yaxınlaşma baş verdi. İmamqulu xan məktubla Moğol hökmdarının yanına elçi yolladı və həmin məktubda Cahangirdən atasının yolu ilə getməyi və Səfəvilərə qarşı “müqəddəs müharibə”də Özbklərə kömək etməyi xahiş olunurdu. İmamqulu xan Osmanlı hömdarı IV Muradı da, Səfəvilərə qarşı ittifaqa qoşulmağa dəvət etmişdi.

Osmanlı sultanı 1624-cü ildə Bağdadın Səfəvilər tərəfindən ələ keçirilməsindən sonra bu təklifi yaxşı qarşılamışdı. Sultan IV Murad Cahangirə dostluq əlaqələrini bərpa etmək məqsədilə məktub göndərdi. O, öz məktubunda Moğol imperatorundan Səfəvilər üzərinə yürüş etməyi xahiş etmişdir. Lakin 1627-ci ildə Cahangirin ölümü ilə Səfəvilərə qarşı Moğol, Özbək və Osmanlıların birgə cəbhə təşkil etmək üçün ilk cəhdləri həyata keçmədi[9, 45].

1638-ci ildə Moğol hökmdarı Şah Cahanın Mir Zərifin başçılığı ilə göndərdiyi elçilik Osmanlı dövlətinə çatdı. Avropa mənbələrinə əsaslanan Faruqi qeyd edir ki, bu missiyanın məqsədi Səfəvilərə qarşı Moğol-Osmanlı ittifaqının yaradılması idi[9, 49].

Osmanlı Sultanına ünvanlanmış məktubunda Moğol hökmdarı Şah Cahan Səfəvilərə zərbə vurmaq istiqamətində Qəndəhar və Xorasan üzərinə yürüş edəcəyi vədini verir və Osmanlı sultanına da daha çox qüvvə və sursatla İraq və Azərbaycanda Səfəvilərə təzyiq etməyi məsləhət görürdu. 1639-cu ilin fevralında Qəndəharın alınması ilə Zərifin missiyasının başlıca məqsədi həyata keçmiş oldu[9, 55].

Faruqi göstərir ki, Moğol hökmdarı Şahcahanın Özbəklərə qarşı hərbi əməliyyatları (1646-47) Osmanlıları narazı saldığından Osmanlı sultanı II İbrahim Qəndəhar üzərinə II Şah Abbasın yürüşü zamanı bitərəf qaldı və bunun nəticəsində Qəndəhar Səfəvilər tərəifndən yenidən ələ keçirilmişdi [9, 58].

Bəzi nöqsanlı cəhətlərə baxmayaraq, ingilisdilli tarixşünaslıqda XVII əsrin I yarısında Səfəvi - Moğol münasibətləri ilə bağlı, xüsusilə, hər iki ölkə arasında bir neçə dəfə hərbi münaqişələrə səbəb olmuş “Qəndəhar məsələsi”nin mahiyyəti, Qəndəhar uğrunda rəqabətin bölgənin geo-siyasi vəziyyətinə təsiri və Səfəvi-Moğol münasibətlərində müsəlman Osmanlı imperiyası və Dekkan sultanlıqlarının rolu ilə bağlı dəyərli mülahizələr yürüdülmüş və elmi nəticələr əldə edilmişdir.

 

 

ƏDƏBİYYAT:

 

1. Roemer, H. R.The Safavid Period, The Cambridge History of Iran, Vol.6, ed. Peter Jackson and Laurence Lockhart, 1986.

2. C. E. Bosworth, Kandahar, Encyclopaedia of Islam, Vol.IV, E. Van Donzel, B. Lewis and Ch. Pellat, Leiden, E. J. Brill, 1997, pp.535-538.

3. Rudi Matthee and Hiroyuki Mashita, From The Mongol Invasion Through the Safavid Era Vol. XV, Fasc. 5, pp. 478-484 http://www.iranicaonline.org/articles/kandahar-from-the-mongol-invasion-through-the-safavid-era

4. Mübariz Ağalarov, XVII əsrin əvvəllərində Azərbaycan Səfəvi imperiyası ilə Şərq ölkələri arasında diplomatik əlaqələrə dair // Strateji Tehlil Jurnalı, May 19, 2015 - 12:19 http://www.stj.sam.az/post/xvii-əsrin-əvvəllərində-azərbaycan-səfəvi-imperiyası-ilə-şərq-ölkələri-arasında-diplomatik-əlaqələrə-dair

5. Riazul Islam, Mughals. External relations, Encyclopaedia of Islam, Volume VII (Mif-Naz) Edited by C.E. Bosworth, E. Leiden — New York E.J. Brill 1993, pp. 316-320.

6. Фарзалиев А., Мамедова Р. Сефевиды и Великие Моголы в мусульманской дипломатике СПб: СПбГУ. 2004.

7. Clara Cary Edwards, Relations of Shah Abbas the Great, of Persia, with the Mogul Emperors, Akbar and Jahangir, Journal of the American Oriental Society, Vol. 35 (1915), pp. 247-268.

8. Richards, John F. The Mughal Empire, in The New Cambridge History of India, Cambridge: Cambridge University Press, 1996.

9. Farooqi, Naimur Rahman, Mughal-Ottoman Relations: A Study of the Political and Diplomatic Relations between Mughal India and the Ottoman Empire, 1556-1748, PhD. Dissertation, Madison, University of Wisconsin-Madison, 1986.

10. Blow, D. Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend. New York, I.B. Tauris, 2009

11. B. W. Robinson, Shāh 'Abbās and the Mughal Ambassador Khān 'Ālam: The Pictorial Record, The Burlington Magazine, Vol. 114, No. 827 (Feb., 1972), pp. 58+60-63.

12. Newman, A.J. Safavid Iran. Rebirth of a Persian Empire. I.B.Tauris & Co Ltd . London-New York 2006.

13. Riazul Islam, Indo-Persian Relations: A Study of The Political and Diplomatic Relations between the Mughal Empire and Iran, Tehran, 1970.

14. Riazul Islam, A Calendar of Documents on Indo-Persian Relations, 1500-1750, Volume 1-2. Tehran, Iranian Culture Foundation; Karachi, Institute of Central & West Asian Studies, 1979-82.

15. Fergus Nicoll, Shah Jahan: The Rise and Fall of the Mughal Emperor, London, 2009.

16. Muzaffar Alam and Sanjay Subrahmanyam, The Deccan Frontier and Mughal Expansion, ca. 1600: Contemporary Perspectives, Journal of the Economic and Social History of the Orient, Vol. 47, No. 3, (2004), pp. 357-389.

17. Sanjay Subrahmanyam, An Infernal Triangle: The Contest between Mughals, Safavids and Portuguese, 1590–1605 in Iran and the World in the Safavid Age, London: I.B. Tauris, 2012, pp. 103-130.

18. Hardy, P., ''Adil Shahs' Encyclopaedia of Islam (new edition), edited by H. A. R. Gibb, etc., vol. 1, Leiden, E. J. Brill, 1986, p.196.

 

Açar sözlər: Səfəvilər, Moğol İmperiyası, tarixşünaslıq, I Şah Abbas, I Şah Səfi, II Şah Abbas

 

Ключевые слова: Сефевиды, Mогольская империя, историография, Шах Аббас I, Шах Сефи I, Шах Аббас II

 

Key Words: Safavids, Mughal Empire, historiography, Shah Abbas I, Shah Safi I, Shah Abbas II

 

Ahmad Guliyev

The Safavid-Mughal relations during the first half of the 17th century

in Anglophone historiography

 

RESUME

 

The present article aims to examine the level of study of Safavid-Mughal political relations during the first half of the 17th century in Anglophone historiography. Anglophone scholars representing USA, Great Britain, India, Pakistan and other countries made significant contribution of the study of Safavid state and its relation with Great Mughal Empire, especially the question of Qandahar which was the main bone of contention between these two powers, the main motives for struggle over that province, the exchanges of diplomatic missions and the role of Muslim sultanates of Deccan and Ottoman Empire in Safavid-Mughal relations.

 

Ахмед Кулиев

 

Сефевидо-Могольские отношения в первой

половине XVII века в англоязычной историографии

 

РЕЗЮМЕ

 

В данной статье анализируются степень исследований Сефевидо-Могольских отношений в первой половине XVII века в англоязычной историографии. Значительный вклад в изучение государства Сефевидов и его связи с Империей Великих Моголов внесли англоязычные историки США, Великобритании, Пакистана, Индии и некоторых других стран. Ценный фактический материал содержится в трудах этих историков особенно о “Кандагарский вопросе”, которая была главным яблоком раздора между этими двумя державами, основными мотивы борьбы за этой провинции, обмен дипломатическими миссиями и роль мусульманских султанатов Деккана и Османской империи в Сефевидо-могольских отношениях.

 

ƏHMƏD QULİYEV,

Tarix üzrə fəlsəfə doktoru


"Geostrategiya" jurnalı № 05 (35) SENTYABR-OKTYABR 2016


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017
24.11.2017 Neft ucuzlaşıb
24.11.2017 Paytaxtda yanğın
23-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5145 san