08:50 19 Dekabr 2016
2696 dəfə oxunub
Çap versiyası
...

XIX əsrin əvvəllərində Avropada tüğyan edən müharibələr, siyasi çəkişmələr Avropa dövlətlərinin iqtisadiyyatına və kənd təsərrüfatına ciddi zərbə vurmuşdu. Avropa böhran şəraitində idi. Aclıq baş alıb gedirdi. Hər an kəndli çıxışları gözlənilirdi. Belə bir şəraitdə 1815-ci ilin sentyabrında çar I Alekasandr , Avstriya imperatoruI Frans və Prussiya kralı III Fridrix-Vilhelm arasında Müqəddəs İttifaqın başlanğıcını qoyan sənəd imzalandı. Sonralar bu ittifaqa Avropanın bir sıra monarxları da qoşulmuşdular (1, s. 380-384).

Müqəddəs İttifaq Avropa monarxlarının milli-azadlıq hərəkatlarına qarşı yaradılmış birləşmiş ittifaq idi. Həmin ittifaqı erkən yaranmış beynəlxalq təşkilatlardan ən irticaçısı hesab etmək olar. Onun yeganə məqsədi hər yerdə “ inqilabı qiyamı”n qarşısını almaq, onu dağıtmaq və məhv etməkdən ibarət olmuşdur.

Ayrı-ayrı knyazlıqlara və hersoqluqlara parçalanmış alman dövlətçiliyi feodal özbaşınalığı və istibadının ən qaba formalarından biri idi. XIX əsrin əvvəllərində Almanya üçün feodalizmin inkişafının böhranı xarakterik idi. Feodal rejiminə vurulan birinci zərbə 1801-1811-ci illərdə kəndlilərin torpaqsızlaşması prosesini dərinləşdirən bir –birinin ardınca qəbul edilmiş islahatlar oldu. 1816-cı ildə verilmiş islahata görə pay torpaqlarının irsi icarədarları istifadələrində olan torpaq sahəsinin 13 hissəsini, varislik hüququ olmayan icarədarların isə yarısını sahibkarlarına güzəştə getməsi müəyyənləşdirildi ( 2, s. 67).

Torpaqsızlaşmadan əziyyət çəkən və XIX əsrin əvvəllərində bir –birinin ardınca baş verən qıtlıq, kəndliləri şəhərə qovurdu. Lakin zəif inkişaf etmiş sənayə sahələrinə onların ehtiyacı yox idi. Ölkədə sənaye istehsalı manufaktura müəssisələrinə və sənətkarlıq emalatxanalrına əsaslanırdı. Belə olan vəziyyətdə də kəndlilər mühacirət etməyə məcbur olurdular ( 3, s. 213).

Onları mühacirətə vadar edən səbəblərdən biri də lüteranlarla katolik kilsəsi arasındakı qarşıdurma idi.

XIX əsrin əvvəllərində Almaniyanı minlərlə alman tərk etmişdi. Onlar əsasən Amerikaya və Rusiyaya köçməyə üstünlük verirdilər.

Özünü alman xalqının dostu kimi qələmə verməyə çalışmış çar I Aleksandr I Pyotrun “ Avropa ölkəri arasında fitnə-fəsad törətmək, ziddiyət salmaq və bu işdə onların biri ilə əlbir olmaq lazımdır. Xüsusilə alman xalqı arasındakı ictimailəşmələrdə fəal mövqe tutmağa çalışmalı, çünki, onlar bizimlə həmsərhəd və bitişikdir “ (4, s. 16). vəsiyyətini müəyyən mənada yerinə yetirə bilmişdi.

Digər tərəfdən vürtemberqlilər üçün Bibliya əfsanələrinə görə Qafqaz bəşəriyyətin yenidən doğulduğu, Allahın zühur etdiyi əhd yeri hesab edilirdi. Bu dövrdə Almaniyada Qafqazı İsa peyğembərin zühur yeri kimi təsvir edilən bir sıra fəlsəfi əsərlər meydana çıxmağa başlayırdı.

1818-ci ilin baharında 500 ailə Qafqaza doğru istiqamət götürmüşdü. Artıq 1818-ci ildə Cənubi Qafqazda 8 alman koloniyası yaradılmışdı (5, c VI, s. 248-249).

Azərbaycanda alman koloniyalarının yaranması tarixi XIX əsrin əvvəllərindən başlayır. XVIII əsrin sonu XIX əsrin əvvələrində Rusiya imperiyası Qafqaz uğrunda açıq mübarizəyə başlayır və bölgədə dominantlığı ələ keçirmək məqsədi ilə, XIX əsrin birinci otuzilliyində Azərbaycan torpaqlarına təcavüz edir. İşğal prosesi boyu müsəlman ölkəsində özünün siyasi hakimiyyətinin dayaqlarını möhkəmlətmək və xristian elementini Azərbaycan əhalisinin etnokonfessional nomenklaturasına gətirmək məqsədini əsas götürən Rusiya imperiyası xristian etnosları ölkədə yerləşdirməyə başlayır. Birinci olaraq Azərbaycan torpaqlarına almanlar köçürülürlər. Məhs bu dövrdə almanların Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürülməsi nəticəsində ilk alman koloniyaların təməli qoyulur. Bu faktlar Arxivin müxtəlif fondlarında saxlanılan sənədlərdə öz əksini tapır.

XIX əsrin əvvələrindən etibarən Azərbaycan torpaqlarının işğalına başlamış Rusiya imperiyası 1804-cü ilin əvvələrində Gəncə xanlığını ləğv etmiş və yeni inzibati qurum - Yelizavetpol dairəsi yaratmışdı. 1819-cu ilin yazında Yelizavetpol dairəsində iki alman koloniyası yaradılmışdı: Yelenendorf və Annenfeld. Yelenenodorfda 127 ailə sakin olmuşdur. Bu koloniya ilə eyni vaxtda ondan 40 verst aralıqda köçkünlər Yelizavetpol quberniyasında ikinci alman koloniyasının –Annenfeldin əsasını qoydular. Annenfelddə 67 ailə yaşayırdı. Borçalı distansiyasında isə Yekaterinfeld yaşayış məskəni salınmışdı ki, əhalisi 116 aildən ibarət idi (6, s. 86).Arxivdə Gəncə dairəsində alman koloniyalarının yaradılması və inkişafı haqqında müxtəlif sənədlər saxlanılır.

XIX əsrin ortalarına qədər Şimali Qafqazda almanların məskunlaşmasının ləng getməsinin səbəblərinə, şübhəsiz, bu işdə dəqiq təşkilatçılığın olmaması, kolonistlərin yeni miqrasiyası ilə bağlı zəif maarifləndirilməsi, Şimali Qafqazın mülki və hərbi dövlət orqanlarının bu regiona almanların köçürülməsinə mənfi münasibəti və sair kimi amilləri aid etmək olar. Ancaq bütün bu

sadaladıqlarımız ikinci dərəcəli məsələlər idi. Qeyd etdiyimiz kimi, Qafqaz müharibəsi dövründə çar hökuməti Şimali Qafqaza, əsasən slavyanların kütləvi şəkildə yerləşdirilməsi xəttini həyata keçirirdi (7, s.39).

XIX əsrin ikinci yarısında Azərbaycanda alman koloniyalarının inkişafının ikinci mərhələsi başlayır: iqtisadi inkişaf və çiçəklənmə. Artıq alman kolonistləri buraya uygunlaşıb, yerli əhali ilə də qaynayıb qarışmışlar. (8, s. 51) Alman kolonistləri əsasən kənd təsərrufatı ilə məşqul olub. Koloniyalarda gedən iqtisadi inkişaf kolonistlərin say dinamikasını yüksələn xəttə aparır və yeni koloniyalar meydana gəlir. Nətıcədə XX əsrin əvvəllərində Azərbaycanda alman koloniyalarının artması müşahidə olunur və onların sayı səkkizə çatır. 1928-ci ilin 1 yanvar məlumatına görə, Yelenendorfda 2115 (520 ailə), Georgiyevskidə 903 (241 ailə), Annenfelddə 110 ( 20 ailə), Grinfilddə 400, Traubenfelddə 400, Alekseyevkada 380, Yelizavetində 156, Eygenfelddə 175 nəfər alman yaşayırdı ( 9, s. 60-61) .

Arxivdə alman koloniyalarını müxtəlif istiqamətlərdə inkişafı ilə yanaşı, kənd təsərrufatı sahəsində inkişafı haqqında da bir çox sənədlər mövcuddur. Dövlət ekspedisiyası tərəfindən almanların Cənubi Qafqazda məskunlaşdırılmasına 697428 rubl xərclənmişdi. Bundan əlavə hər ailəyə 3000 rubl məbləğdə uzunmüddətli ssuda verilmişdi. Alman köçkünləri 1818-1819-cu illərdə Cənubi Qafqazda məskunlaşdırılarkən, onlara xeyli miqdarda torpaq payı verilmişdi. Hər köçkün ailəsinə təsərrüfat aparmaq üçün meşələrdən və otlaq yerlərindən təmannasız istifadə hüququ verilməklə 35 desyatin yararlı torpaq sahəsi ayrılmışdı. Bununla belə onlara bir sıra müxtəlif güzəştlər də verilmişdi (10, s. 25).

Manifestlər, fərmanlar və danışıqlar əsasında verilmiş güzəştlər, mükəlləfiyyətlər və imtiyazlar 1842-ci ildən başlayaraq, nəşr edilmiş qanunlar külliyatında, koloniyalar haqqında xüsusi nizamnamədə göstərilir ( 11 ). Həmin nizamnaməyə görə bütün imperiya daxilində yaşayan kolonistlərə və onların nəsillərinə təkcə koloniya daxilində deyil, həmçinin bütün imperiyanın istənilən yerində vətəndaşlıq hüququ verilirdi. Onlar habelə dövlət daxilində özlərinin şəxsi mülklərini dolandırmaq səlahiyyətlərindən tam müstəqil istifadə edə bilər, “istədikləri kimi” maneəsiz ticarət edə bilər, gildiyaya və sexlərə daxil ola bilər, kəndlərdə “şəxsi təşəbbüsü ilə” yarmarka və ticarət obyektləri aça bilərlər ( 124, 125,373, 376 maddələr).

Bütün bu güzəştlər sonralar Azərbaycanda imkanlı alman kapitalistlərin meydana çıxmasına əlverişli şərait yaratmışdı. Yeizavetpol quberniyasının təbii şəraiti üzümün yetişdirilməsi üçün daha əlverişli olduğundan üzümçülük ilk vaxtlardan Yelenendorf koloniyasının təsərüffat həyatında mühüm rol oynamışdı.Kolonistlər Gəncə çayı boyu uzanan yaşıl dərənin döşündə və yaxınlığındakı yamaclarda yerli üzüm sortlarını becərməyə başlamışdılar. Azərbaycanda üzümçülüyün və şərab sənayesinin inkişafında alman koloniyaçılarının müstəsna xidmətləri olub. Üzümün şərabçılıq məqsədilə becərilməsində böyük işlər görən almanlar Yelenendorfda (indiki Göygöl şəhəri) 1828-ci ildən məşhurlaşmağa başlayıblar. O vaxta qədər yerli əhali tərəfindən üzümün bir neçə sortu əkilib becərilsə də, ondan daha çox yemək üçün istifadə edilib. Demək olar ki, alman Xristofer Forer və Xristian Hummelin xidmətləri sayəsində Azərbaycan şərabları dünyada geniş şöhrət qazanıb, özünə layiqli yer tutub.

1856-cı ildə fransız ipəkçiləri Şəkidən barama toxumu alıb qayıdarkən Gəncədə bir neçə günlük qonaq olurlar. Onlar Azərbaycan xörəklərindən yedikdən sonra şərab da dadmaq istəyirlər. Lakin müsəlman etiqadlı şəhər sakinlərindən şərab tapmaq mümkün olmadığından gəncəlilər fransızlara yaxınlıqda yerləşən Yelenendorfa getməyi məsləhət bilirlər. Fransızlar Forerin evinə gələrək şərabın dadına baxdıqdan sonra “sizin şərabınız bizim Burqund şərabına bənzəyir” deyərək, özlərinə bütün yol boyu kifayət edəcək qədər şərab alırlar. Fransızların bu sözü Forerdə öz işinə inam yaradır, gələcək fəaliyyətini müəyyənləşdirməyə kömək edir. Qeyd etmək lazımdır ki, Forerlər Azərbaycanda ilk dəfə pivə istehsalı ilə də məşğul olublar. Həmçinin XIX əsrin sonlarında Avropada çoxdan tanınan, Azərbaycanda isə məlum olmayan bir içkinin – konyakın istehsalı ilə məşğul olmağa başlayıblar. 1892-ci ildə “Forer qardaşları” Yelenendorfda Azərbaycanda ilk dəfə iki spirtçəkmə aparatı olan konyak zavodu tikiblər. Ağıllı, işgüzar və qənaətcil olan Forerlər daha sonra 1905-ci ildə Azərbaycanda ilk dəfə cecədən spirt çəkmək üçün rektifikasiya zavodu inşa ediblər. O vaxtdan 100 il keçməsinə baxmayaraq, həmin avadanlıqlar bu gün də işləyir.

Azərbaycanın qida sənayesi və kənd təsərrüfatı sahəsinə özlərinin ye-nilikləri ilə silinməz iz qoyan “Forer qardaşları”nın istehsal etdikləri şərablar və konyaklar fəaliyyətə başladıqları dövrdən 1914-cü ilədək dünyanın 81 ölkəsində keçirilən beynəlxalq sərgi və dequstasiyalarda 39 dəfə qızıl, gümüş medallara, diplom və fərmanlara layiq görülüb.

Tarixi qaynaqların da məlumat verdiyi kimi, almanların Azərbaycanın Qərb bölgələrinə gəlişi ilə doğrudan da o yerlərin kənd həyatında böyük mədəni dəyişikliklər baş verdi. Onların məskunlaşmasından sonra qərb bölgəsində yaşayan yerli azərbaycanlı kəndlilər də almanlar kimi altı zirzəmili, üstü çardaqlı, damı kirəmitli evlər tikməyə başladılar. O dövrədək həmin bölgələrdə zirzəmili və çardaqlı evlər olmayıb. Bəzi məlumatlara görə, kənd təsərrüfatında işlədilən dördçarxlı at arabalarının düzəldilməsi də almanların gəlişindən sonraya təsadüf edir.

Cins inəkləri də ilk dəfə Azərbaycana almanlar gətiriblər. Sənaye üsulu ilə pendir və yağ istehsalı da məhz onlara məxsusdur. Azərbaycanda ilk yağ-pendir zavodu Ziqanter adlı alman tərəfindən Yelenendorfda tikilib.

Almanlar kənd yerlərində elektrik enerjisindən istifadənin, elektrik dəmir yolunun, indiki Şəmkirin Dəllər qəsəbəsindən Gədəbəyədək uzanan neft kəmərinin ilk yaradıcıları olublar.

Gədəbəy misəritmə zavodlarının əsasını da Azərbaycanda yaşamış Simens qardaşları qoyub. Xanlar Şampan Şərabı Müəssisəsinin əsasını da onlar qoyub. Sonralar Bakendorfun rəhbərlik etdiyi alman firmaları isə Bakıda - Balaxanıda, Suraxanıda, Ramanada, Sabunçuda sənaye üsulu ilə ilk neft çıxaran firmalardan olub.

 

 

ƏDƏBİYYAT.

 

1. Краткая всемирная история. Кн.I.Москва, Наука, 1967, 591с

2. Экономическая история СССР и зарубежных стран. Москва, Наука, 1978, 374с. Элм, 1990,222 с

3. Всемирная история. Т.5. Москва, Госполитиздат, 1958, 783 с

4. İbrahimov N.A. Azərbaycan tarixinin alman səhifələri. Bakı, Azərbaycan, 1997, 336 s

5. Акты, собранные Кавказской Археографи́ческой Коми́ссией. Архив Главн. Упр. наместника Кавказского (АКАК), тт I-XII, Тифлис, 1868-1904

6. Bakıxanov A. Gülüstani-İrəm. Bakı, Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1951, 252 s.

7. İkram Agasıyev.XVIII əsrin sonu-XX əsrin əvvəllərində almanların Qafqazda məskunlaşması,Bakı 2009, 209 s

8. Судаба Зейналова. Немцы на Кавказе. Баку 2008, с 213

9. Джафарли М. Политический террор и судьбы азербайджанских немцев. Баку, 1998, 314 с

10. Исмаил-заде Д. И. Русское крестьянство в Закавказье 30-е годы XIX в.- начало ХХ в. Москва, Наука, 1982, 311с

11. Свод законов Российской империи. Ч. VIII-XII.Санк-Петербург, 1857.

 

 

Açar sözlər: almanlar, köçkün, Azərbaycan,Qafqaz , koloniya

Ключевые слова: немцы, перемещенных, Азербайджан,

Кавказ, колония

Key words: germans, displaced, Azerbaijan, Caucasus, colony

 

Немцы в Азербайджане

 

РЕЗЮМЕ

 

Основным и начальным направлением заселения немцев стало Восточное направление, в течении 800 лет немецкое население начало распространяться начиная с Центральной Европы на широкое Евразийское пространство – Прибалтийские страны, нынешнюю Польшу, Венгрию, Чехию, Словакию, Болгарию, Турцию, Австрию, Румынию и территорию бывшего СССР. В общем, когда немцы, разместились на Южном Кавказе, царизм не достиг своих целей. Переселение немцев, являющееся составной частью колониальной политики переселения, проводимой Русским царизмом с целью христианизации Азербайджана, не оказало активного содействия в распространении христианства в местах переселения немцев.

 

Germans in Azerbaijan

 

SUMMARY

 

The main and initial direction of the settlement of the Germans was the eastward, during the 800 years German population began to spread starting from Central Europe to the wider Eurasian space - the Baltic countries, the current Poland, Hungary, Czech Republic,

Slovakia, Bulgaria, Turkey, Austria, Romania and the former USSR . In general, tsarist government did not reach its goal by settling Germans in the South Caucasus. Resettlement of the Germans, which was a part of the colonial policy of resettlement carried by Russian tsarist government for the purpose of christianization of Azerbaijan did not have an active support in the dissemination of Christianity in places of resettlement of Germans.

 

AYTAC MURADOVA,

AMEA Tarix İnstitunun doktorantı


"Geostrategiya" jurnalı № 05 (35) SENTYABR-OKTYABR 2016


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
28-06-2017
27-06-2017
27.06.2017 Neft bahalaşıb
26-06-2017
26.06.2017 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2383 san