09:00 20 Dekabr 2016
1777 dəfə oxunub
Çap versiyası
...

Müasir dövrdə elmi ədəbiyyatda sivilizasiya, mədəniyyət və kültür terminləri müxtəlif aspektlərdən dəyərləndirilir. Sivilizasiya məfhumu daha qlobal məzmun və mahiyyət daşıyır. Bu baxımdan dünya sivilizasiyasının tərkib hissələri olaraq qədim Misir, Hind, Çin, İslam, Orta əsr Xristian, Yunan, Roma, İngilis, Fransız, Osmanlı mədəniyyətlərini qeyd etmək olar (12, 12).

Sivilizasiya sözü latın dilində şəhər mənasına gələn “civitas” və bir şəhərin sakini mənasında “civis”dən düzəldilmişdir. Sivilizasiya məfhumu ilk dəfə Qərbdə Fransızca olaraq (civilisation) Volter(1694-1778) və Marquis de Mirabeau(1749-1791) tərəfindən işlədilmişdir (5, 32). İngiltərədə isə 1770-ci illərə doğru bu məfhumdan istifadə etmişlər (7, 41). Bu dövrdə Fransa və İngiltərədə elit təbəqənin həyat tərzini ifadə edən bu terminin əsas müəyyən edici mənası mədəniləşdirmək (civiliser) olaraq normativ məzmun daşımışdır. Hazırda sivilizasiya məfhumu müxtəlif dəyişikliklərə rağmən qismən bu mənanı da özündə ehtiva edir (5, 43-46). Bu məfhumla son iki və ya üç yüz il içərisində Qərb özünü daha əvvəlki dövrlərdən və çağdaşı olan cəmiyyətlərdən fərqli və inkişaf etmiş olaraq təqdim etmişdir (12, 33). Bu cəhətdən termini inkişaf etmə (progress) məfhumundan ayrı olaraq düşünmək qeyri mümkündür. Bu prosesin mahiyətinə müvafiq olaraq XIX əsrin bütün mütəfəkkirləri sivilizasiyanın daha yüksək səviyyəyə doğru davam etdiyi görüşünü mənimsəmişdir. O cümlədən sonrakı dövrlərdə Qərb əldə etdiyi texniki uğurlar, son iki əsrdə meydana gətirdiyi qurumlar və dəyərlər sayəsində üstün bir sivilizasiyanı yaratdığını iddia etməkdədir (9, I,1-2).

Sivilizasiya termininin Avro mərkəziyyətçi ( evrosentik) məzmun və mahiyyət daşıyaraq digər cəmiyyətləri də sözdə mədəniləşdirmək kimi bir funksiyaya malik olduğu ifad edilmişdir. Bu mənada Toynbinin də haqli olaraq vurğuladığ kimi bu mədəniləşdirmə eyni zamanda istila etmə, müstəmləkə halına salma prosesləırini də özü ilə bərabər gətirmişdir (12,97-122). Sivilizasiya sözü XX əsrin ortalarına qədər təqribən iki yüz il imperialist, müstəmləkəçi, avro-sentrik bir baxış tərzilə insan cəmiyyətlərinin inkişaf etmiş durumu və ya mərhələsi kimi qəbul edildi. Məhz barbar olan cəmiyyətlərin mədəniləşdirilməsi Qərbin ən ali vəzifəsi olaraq qəbul edilirdi. Taylor sivilizasiyanı daxilində incəsənətin, elmlərin və siyasi həyatın çox yaxşı şəkildə inkişaf etdiyi yüksək mədəniyyət səviyyəsi olaraq tərif edir.

Yeri gəlmişkən vurğulamaq lazımdır ki, Alman düşüncə sistemində sivilizasiya termini “kultur” terimini ilə müqayisə ediləcək şəkildə əhəmiyyət qazanmamışdır. Bu mənada kultur termini Alman ruhunu ifadə edir. Məhz İngilis və Fransız dillərindən Alman dilinə olan tərcümələrdə “sivilisation” “kultur” terminilə əvəz edilmişdir. Bu mənada sivilizasiya sözünün bugünkü konseptual və kontekst mənası keçmişə nəzərən tamamilə fərqlidir.

Bu kontekstdə qeyd etməliyəm ki, sosiallaşma instinktinin genetik olduğunu söyləyən Aristotel bunu belə izah edir: “Bir cəmiyyətdə yaşamayan yaxud özü-özünə yetərli olduğu üçün başqasına ehtiyac hiss etməyən şəxs ya bir heyvan, ya da bir tanrı olmalıdır. Belə bir şəxsin şəhər-dövlətində yeri yoxdur “ (1).

Mədəniyyət-sivilizasiya dilemması

Mədəniyyət məfhumu Qərbdə XVIII əsrdə meydana gəlməsinə baxmayaraq insanlıq tarixində ən qədim dövrlərdən etibarən real və aktual olmuşdur. Mədəniyyət sözü ərəbcə kökü etibarilə “şəhərə aid olma” deməkdir. Bu mənada mədəniyyətin şəhər ilə əlaqəsinin qurulması geniş şəkildə qəbul olunur. Şəhər rasionallığın və rasional idarə etmənin məkanı olaraq qiymətləndirilir.

Bir tərifə görə mədəniyyət, insanın təbiət üzərində hakimiyyət qurma əməliyyatıdır ( 6). Toynbi mədəniyyəti ətraf mühitin şərtlərinin insanları deyil, insanların ətraf mühitləri öz arzularına görə tənzimləmə prosesi olaraq tərif edir(8, 96).

Müasir dövrdə sivilizasiya və mədəniyyət məfhumları bəzən biri digərinin yerinə işlənsə də, məfhum olaraq bir-birlərindən fərqlidirlər. Sosioloqlar və sosial fəlsəfəçilər sivilizasiya terminidən fərqli olaraq konkret mahiyyət daşıdığına görə mədəniyyət terminindən daha çox istifadə edirlər. Çünki mədəniyyət termini ictimai münasibətlərdən yaranan konkret “bəşəri sahə” şəklində də tərif olunur. XIX əsrdən etibarən sivilizasiya rasionallığın, elmin, texnikanın və texnoloji inkişafın uzun tarixi təcrübəsinin nəticəsində meydana gələn universal bir məcmu olaraq qəbul edildi. Bu mənada sivilizasiya mədəniyyət və dini fərqliliklərdən asılı olmadan və onların fövqündə duran bir dəyər olaraq nəzərdə tutuldu. Mədəniyyət isə hər hansı bir cəmiyyətin milli-mənəvi dəyərlərinin konkret formada tərif olunması və lokal məzmun və mahiyyət daşıması mənasına gəlir. XX əsrin ikinci yarısından etibarən isə “böyük hekayələrdən (grand narratives) uzaqlaşma ilə, o cümlədən postmodernizmin təsiriylə tarixi və cəmiyyəti istiqamətləndirən modellərin və çərçivələrdən etiraz etmə geniş şəkildə yayılmışdı. Bu mənada mədəniyyət müəyyən bir cəmiyyətə, ənənəyə və coğrafiyaya aid ikən sivilizasiya mədəniyyətlər-üstü ünsürlərin məcmusuna işarə edir.

Məşhur ingilis mədəniyyət tarixçisi Arnold Toynbi dünya tarixini bir-birini izləyən mədədniyyətlər sislsiləsi olaraq qiymətləndirir. İbtidai cəmiyyətlər ilə mədəniyyətlər arasındakı fərqin ibtidai cəmiyyətlərin ömrünün daha qısa olmasında ifadə edir. Sivilizasiyaların meydana gəlməsi, inkişafı və çökmələrinin bir çox səbəbləri mövcuddur. Bunlar arasında xüsusilə coğrafi vəziyyət, iqlim şərtləri, iqtisadi və siyasi amillər, müxtəlif mədəniyytlər ilə təmaslar və müharibə kimi xarici faktorlar da daxildir. Toynbyə görə tarixin, o cümlədən mədəniyyətin qiymətləndirilməsi avropa mərkəzçi görüşə istinad edir. Belə ki, mədəniyyətin sadəcə bizim daxil olduğumuz şəkildə bir axışı vardır. Digər mədəniyyətlər ona bağlıdır yaxud çöl qumları arasında məhvə məhkumdur. Bu düşüncə tərzinin üç qaynağı vardır. mən mərkəzli düşüncə, dəyişməyən Şərq düşüncəsi və düz xətlə inkişaf edən inkişaf yanılsaması (12, 55).

Hər cəmiyyətin özünəməxsus adət-ənənəsi olar ancaq sivilizasiyası omaz. Sivilizasiya adət-ənənin yuxarı səviyyədə inkişaf etmiş səviyyəsidir. Məhz Qızıl dərili adət-ənənəsindən, Eskimos adət ənənəsindən bəhs olunur ancaq sivilizasiyasından deyil.

Əhatəli şəkildə tək bir mədəniyyətin olduğunu və tarixi formalaşdırdığını qəbul etmək digər mədəniyyətləri yox saymaqdır. Bunun ən bariz nümunəsi Huntiqtonun West-Rest (Qərb-Digərləri) şəklindəki kateqorik fərqləndirməsidir (7, 39). Bu mənada qərb mütləq dəyərləri, digərləri

isə dəyişkənliyi ifadə edir. Bu mənada digər mədəniyyətlər öz varolmalarını davam etdirmə təşəbbüsündən əl çəkməli və Qərb mədəniyyətinin əsas parametrlərinə müvafiq hərəkət etməlidir.

Sivilizasiya-mədəniyyət əsilli izahlardan hərəkətlə məfhumun üç fərqli kontekstdə məqsədyönlü anlaşıla biləcəyi məlum olur. İlkində sivilizasiya elm və texnologiya sahəsində inkişafla açıqlandığını, ikincisində müəyyən ictimai birlik, qrup və millətlərin yaratdığı bir mədəniyyət sistemi olaraq qavranıldığını, üçüncüsündə isə məcmu olaraq inkişaf edən üst sistemlər olaraq şərh olunduğuna şahid oluruq.

Digər tərəfdən Levis Morqanın “Ancient Society” (qədim cəmiyyət) kitabında insanın inkaşfının üç mərhələdə baş verdiyini qeyd edir; vəhşi dövr, barbarlıq və sivilizasiya.

Postmodern etikanın qurucu filosofu olan Ziqmunt Bauman mədəniyyəti ruh və maddiyyat arasında daima aşma təşəbbüsü olaraq tərif edir: “Mədəniyyət davamiyyətə məhkumdur və mədəniyyət içərisində olan hər bir fərd kəşf etməyə, içində olduğu dünyayla inteqrativ şəkildə əlaqəsi olub yaratmağa məcburdur“ (2, 57).

Müasir dövrdə bir tərəfdən millət-üstü kimliklərin inşası, qloballaşma və multikulturalizmin bu ideologiyanın əsasını təşkil etməsi digər tərəfdən isə lokallaşma, ənənə və etnik kimliklərin yenidən inşa prosesləri təzadlı məqamların ortaya çıxmasına səbəb olur. Məhz məşhur filosof Jak Derrida bu kontekstdə bütün kimliklərin ancaq öz müxtəliflikləri ilə var olduğunu qeyd edir. Bu mənada kimlik başqasına görə tanınır və müəyyən olunur (4,129).

Soyuq müharibə dövründən etibarən lokal mədəniyyətlərdə canlanma hakim mədəniyyət qarşısında eyni zamanda dilemma da yaradırdı.

Sivilizasiyanın tənqidi məqamları

XX əsrdə meydana gələn iki dünya müharibəsindən sonra Qərb sivilizasiyasının tək xəttli (linear) bir inkişaf mərhələsi çərçivəsində insanlığın çata biləcəyi yeganə ən inkişaf etmiş həyat tərzinə dair tezis artıq şübhə ilə qarşılanmağa başlandı. Russonun XVIII əsrdə sivilizasiyanın “insanlığın özünə yadlaşmasını” iddia etməsi, Gustave Flaubert və Arthur Rimbaud kimi XIX əsrin ikinci yarısında əsərlər qələmə almış ədəbiyyatçı və şairlərin sivilizasiyaların əslində öz daxilində xəstəlikləri də ehtiva etdiyini vurğulamaları artıq Qərb sivilizasiyasının bütün dünyanı bürüdüyü bir dövrə təsadüf edirdi. Osvald Şpenglerin “qərbin çöküşü”, Maks Veberin modernizm ilə bağlı tənqidləri, Clive Bellin “Civilization an essay” adlı əsəri, Rene Qenonun “Modernizmin krizi” adlı əsərləri xüsusilə birinci dünya müharibəsindən sonra Qərb sivilizasiyasının insanlığa verdiyi təhlükəli töhfələrdən bəhs edir.

Məhz Chandler artıq XX əsrin ortalarından etibarən sivilizasiya anlayışında dəyişikliyin olduğunu, avro-sentrik avropa mədəniyyətinin “ideal” olmaqdan çıxıb, digər mədəniyyətlərlə bərabər yaşayan bir mədəniyyət olaraq qəbul edildiyini vurğulayır. Nəticədə mədəniyyət iki səviyyədə artıq başa düşülməyə başlandı; bu tək olaraq istifadə olunduğunda insanlığınn ümumi, universla çərçivəsini və tarixin başlanğıcından etibarən tarixi mərhələlərin prosesini, çoxluq olaraq ifadə edildiyində isə müxtəlif cəmiyyət və mədəniyyətlərin identikliyini ifadə edir (3).

XX əsrin ikinci yarısından sonra Qərb sivilizasiyasında meydana gələn kriz və təlatümlər nəticəsində bu çərçivədə tək bir sivilizasiyanın deyil, dünyada bir çox sivilizasiyanın olduğu fikri daha da güclənmişdir. Təsadüfi deyil ki, Toynbee və Kollinqvud kimi kimi məşhur tarix filosofları öz əsərlərində zaman-zaman müxtəlif silvilizasiyaların yüksəlişlə bərabər çöküş yaşadıqlarını, qərb və digər mədəniyyətlərin də bundan xali qalmayacaqlarını ifadə etmişlərdir.

Sovet İttifaqının dağılmasından sonra sivilizasiyalar arasında toqquşmaların labüd olacağı tezisi daha çox yayılmışdır. Ancaq bu düşüncə elmi və fəlsəfi məzmundan daha çox siyasi bir proqram olması yönündə tənqidlərə məruz qalmışdır. Buna qarşı müxtəlif sivilizasiyaların olması məcburi bir toqquşmanın deyil, bunlar arasında dialoqun və əməkdaşlığın insanlıq üçün həm faydalı, həm də zəruri olduğuna dair ortaq məxrəcə gəlinməsi istiqamətində görüş daha güclənməkdədir.

Toynbidən fərqli olaraq Sorokin sivilizasiyanı hissi, fikri və idealist növlərə ayırır. Ona görə teologiyadan və dindən ayrılmayan bütün Orta əsr Avropa mədəniyyətində VI əsrdən XII əsrə qədər fikri sistem hakim olmuşdur. XVI əsrdən XX əsrə qədər avropa mədəniyyəti din və teologiyadan uzaqlaşaraq empirik sistemə daxil olur. Daha əvəllər vəhylə açıqlanan əxlaq və hüququn yerini praqmatik, relyativist və hedonist əxlaq və hüquq anlayışı alır. Sorokin ideal mədəniyyət sistemini isə m.ə. V əsrin Yunan mədəniyyəti ilə XIII əsrin Avropa mədəniyyətində olduğunu ifadə edir. Çünki burada mütləq həqiqət və dəyərin çox mərtəbəli, qismən empirik qismən də rasional və fövqəlhissi olaraq hakim olduğunu iddia edir (11, 174-176).

Qərb mədəniyyəti antik kökü olaraq gördüyü Yunan və Ari tarixi ilə başlayan, Roma və feodalizm ilə davam edən Renessans və reform hərəkətləri ilə modern dövrdə tarix anlayışı, bütün fəlsəfi, iqtisadi və siyasi düşüncə tarixi kitablarının avrosentrik zaman idrakına müvafiq qələmə alınmalarına səbəb olmuşdur.

Pol Rikor “universal mədəniyyət və milli mədəniyyətlər” adlı məqaləsində “universal” adlandırılan dəyərlərin qlobal xarakter almasının müsbət olduğunu ancaq bu dəyərlərin müxtəlif mədəniyyətləri ortadan qaldırmasını, insanlığın qarşı-qarşıya olduğu ən böyük təhlükələrdən biri olduğunu qeyd edir(10,271-284).

Məhz müxtəlif mədəniyyətlərin varlığını qəbul etdiyimiz bir dünyada, tək bir formada mədəniyyətin universal məzmun daşıdığını iddia etmək bizi yenidən etno-sentrisizmlərə məhkum etmə riskini artırır. Bu baxımdan XXI əsrin milli kimliklərin və dini anlayışların canlanma əsri olduğunu nəzərə alaraq dünya sivilizasiyalar tarixinin yenidən ciddi şəkildə qiymətləndirilməsi vacibdir. Bu məqam sivilizasiyaların özündə tənqidi məqamları ehtiva etməklə bərabər sivilizasiyalararası dialoqu da müsbət şəkildə şərtləndirəcəkdir.

 

 

 

ƏDƏBİYYAT

 

1. Aristo, Politics, tərc. T.A.Sinclair , Penguin Books, London, 1962.

2. Bauman Zygmund, Culture as Praxis, Routledge & Kegan Paul, 1973.

3. Chandler Keith, Beyond Civilization: The World`s Four Great Streams of Civilization: Their Achievements, Their Differences and Their Future, Rivendell Pub Co, 1994

4. Derrida Jaques, The Other Heading: Reflections on Today`s Europe, Indiana University Press, 1992.

5. Elias Norbert , The Civilizing Process, Oxford Blacwell, 1994.

6. Fernandez Felipe-Armesto, Civilizations: Culture, Ambition and the Transformation of Nature, The Free Press, New York, 2001.

7. Huntigton Samuel, “The Clash of Civilizations”, Foreign Affairs, Summer, 1993.

8. McNeil W, Arnold Toynbee: A Life, New York 1989.

9. Mennell Stephen, On the Process of Civilisation, Dublin UCD Press, 2012.

10. Ricouer Paul, ``Universal Civilization and National Cultures``, History and Truth içində, Nortwestern University Press, Evanston 1965.

11. Sorokin Pitirim, Bir Bunalım Çağında Toplum Felsefeleri, tərc. Mete Tunçay, Bilgi nəşr, Ankara1972.

12. Toynbee A.J, A Study of History, Oxford University Press ,1965.

 

Açar sözlər: sivilizasiya, modernizm, qloballaşma, dilemma, postmodernizm.

 

Key words: civilization, modernism, globalization, dilemma, postmodernism.

 

Ключевые слова: цивилизация, модернизм, глобализация, дилемма, постмодернизм

 

 

 

RESUME

 

The analysis of the philosophical and historical context of the concept of civilization

The concept of civilization have been analyzed from philosophical and historical aspects in the article. The dilemma of civilization and culture and critical moments against civilization are estimated in the article. The importance of dialogue among civilizations is said in this article also.

 

РЕЗЮМЕ

 

Анализ понятия "цивилизация" в философско -историческом контексте.

 

В статье анализируются философско- исторические аспекты понятия "цивилизация". В рамках статьи рассматривается цивилизация , как дилемма культуры, а также критические моменты. Также в статье подчеркивается важность межцивилизационного диалога.

 

ÜZEYİR ZEYNALOV,

AMEA-Fəlsəfə İnstitutu dinşünaslıq və mədəniyyətin

fəlsəfi problemləri şöbəsinin dissertantı


"Geostrategiya" jurnalı № 05 (35) SENTYABR-OKTYABR 2016


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-03-2017
24.03.2017 Neft bahalaşıb
23-03-2017
22-03-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.556 san