13:13 16 Dekabr 2016
2963 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi



Kürdəmirin təhsil tarixi Rus imperiyasının burada açdığı məktəblə başlamır. Kürdəmirin ilk məktəb və mədrəsələrinin tarixi qədim əsrlərə gedib çıxır. Zəngin biliyi, yüksək intellektual səviyyəsi olan kürdəmirli müəllimlərin adına orta əsr mənbələrində rast gəlinir. Bu da təbiidir. Kürdəmirdə dövlətçilik ənənələrinin nişanəlləri çoxdur. Qədim şəhər yaşayış abidələrin qalıqları, islam dinini yayan ərəblərin burada məskunlaşması, yeni qohumluq əlaqələrinin yaranması, ərəblərin adı ilə bağlı yaşayış məntəqələrinin salınması, Şərq ölkələri ilə ticarət əlaqələrinin güclənməsi bunun tutarlı sübutudur. Kürdəmir bir vaxtlar Kaspi vilayətinin, 1846-cı illən--2 dekabr 1859-cu ulədək Şamaxı quberniyasının tərkibində olmuşdur. Zəlzələdən sonra paytaxt Bakıya köçürüldüyünə görə quberniyanın adı dəyişdirimiş, əvvəllər Şamaxıya aid olan bütün qəryələr yeni inzibati -ərazı qurumuna daxil edilmişdir. Kürdəmirin Bakı quberniyasının tərkibində olması bu torpağın məktəbçilik tatixində müəyyən yaddaqalan izlər buraxmışdır.

Kürdəmirdə dövlət tərfindən məktəb açılacağı haqqında türk dünyasına ilk xəbəri “Ziya” qəzetinin Şamaxı müxbiri S.Ə.Şirvani vermişdir. Onun müxbir məktubu Tiflisdə Azərbaycan dilində nəşr olunan “Ziya” qəzetinin 29 may 1880-ci il tatixli 26-cı nömrəsində çap olunmuşdur.Məktubda müxtəlif məsələləri özünəməxsus şəkildə, ezop manerası ilə oxucuların diqqətinə çatdıran müxbir may ayının 15-də Dağıstan ( əslində Bakı- Dağıstan olmalıdır- N.N.) Vilayəti Xalq Məktəbləri İdarəsinin direktoru S.İ. Rıjovun müavini Bekler Martıniç Stepanovun Şamaxıya gəlişindən də söz açır.
Dövlət məmuru ilə şəxsən tanış olan Şamaxı şəhərindəki rus məktəbinin və məşhur “Məclis məktəbi”nin müəllimi (müdiri yox-N.N.) müxbir S.Ə.Şirvani- B.M.Stepanovun sözlərinə əsaslanaraq yazır :

”Dövlət bu fikirdədir ki, bir parə qəryələrdə (kəndlərdə ) xəlaiqin təlim və tərbiyətindən ötəri məktəbxanələr açsın...Bu il Şamaxının qəryələrindən iki qəryədə uşkola güşad olacaq: biri qəryeyi-Kürdəmirdə, biri də qəryeyi-Kərkəncdə”. (Kərkənc kəndi Şamaxının Mədrəsə kəndinin yaxınlığında yerləşən dağ kəndidir- N.N.)


S.Ə.Şirvani məktubunun sonunda Kürdəmirdə açılacaq məktəblə əlaqədar, Bekler Martıniçin oraya- Kürdəmirə gedəcəyini yazır , məktəbin xərc və məsarifindən ötrü əhalini əlbirliyə çağırır.

“Qafqaz” qəzetinin 1881-ci il martın 11-də çıxan 55-ci nömrəsində verilən yazıya görə Kürdəmirdə dövlət tərəfindən ilk məktəb 1881-ci il fevralın 9-da açılmışdır.Qəzet ilk dərs günü burada 18 şagirdin oxuduğunu xəbər verirdi.

Kürdəmirin ilk dövləti məktəbi haqqında 1977-ci il fevralın 2-də “İrəli ” qəzetində çap olunmuş “Kürdəmir haqqında qeydlər” adlı yazım Kürdəmirin öz torpagının və maarifçilik tarixinin təəssübünü çəkən ziyalılarının marağına səbəb oldu. ”İrəli” qəzetində müzakirə təriqi ilə bir neçə yazı dərc olundu . Ən çox qabardılan məsələ ilk məktəbin Kürdəmirin hansı kəndində açılması barədə idi. Müzakirədə iştirak edənlərin bir neçəsi məktəbin indi Köhnəbazar adlanan kənddə açıldığıını israr edirdi. Bu fikir tarixi faktlarla sübut olunur. Belə ki Bakı-Tiflis dəmir yolu çəkilənədək Kürdəmir adlanan qəryə-yaşayış məntəqəsi dəmir yolundan bir neçə kilometr aralıda - Şamaxıya doğru uzanan yolun kənarında idi.

“ Qafqaz “ qəzetinin 28 avqust 1882-ci il tarixli 227-ci nömrəsindəki bir xəbərdən məlum olur ki, Kürdəmirin həftə bazarı buradan (Kürdəmir kəndindən -N.N.) Bakı -Tiflis dəmir yoluna köçürülür”. Deməli, dəmir yolu stansiyası yerləşən məkan inzibati ərazi mərkəzi seçilir.

Kürdəmir məktəbinin tarixini öyrənmək üçün “Ziya” qəzetinin 1 fevral 1881-ci il tarixli 5-ci nömrəsində dərc edilmiş maraqlı bir yazı—yol qeydləri diqqəti cəlb edir. Qəzetin iki səhifəsində “M.B.” imzası ilə yerləşdirilmiş bu məqalənin dili, ələlxüsus maarifçilik terminləri ilə zəngin olan leksikası, çevik sintaksisi “Ziya “ qəzetinin sahibi-imtiyazı, XIX əsr Azərbaycan pedaqoji fikrinin görkəmli nümayəndəsi Səid Əfəndi Ünsizadənin yazı üslubunu xatırladır. Məqalənin rus dilindən o dövrün özünəməxsus ənənələri əsasında Azərbaycan dilinə tərcümə olunduğu hiss olunur. Yazının məzmunundan məlum olur ki, ”M.B.” əslən avropalıdır, Şərq dillərini, o cümlədən ərəb dilini gözəl bilir, bu dildə yazılmış ədəbi əsərlər haqqında müsahibini inandıra biləcək dərəcədə fikirlər söyləməyə qadirdir. “M.B.” məktəb və mədrəsələrin işinə nəzarət edən, qayğı göstərən səlahiyət və vəzifə sahibidir. 

Uzun müddət “M.B.”-nin kimliyi haqqında heç nə demək mümkün olmasa da, sonralar, onun Tiflisdə mühüm dövlət işində çalışan Adolf Petroviç Berje (Qafqazda onu “Müsjö Berje” kimi daha çox tanıyırdılar) olduğunu müəyyənləşdirdik.

A.P.Berje milliyyətcə fransızdır. Onun atası Pyotr Berje 1805-ci ildə Fransadan Rusiyaya köçmüş, Peterburqda kübar ailələrdən olan uşaqlara dərs demişdir. Professor Pyotr Berje 1820-ci ildə əsli Meklenburqdan olan varlı bir alman qızlı ilə evlənmiş, onun bu izdivacdan dörd oğlu və bir qızı dünyaya gəlmişdir. Gərgin zehni əmək, böyük bir ailənin qayğıları P.Berjenin sağlamlığına ciddi təsir göstərmiş və o, dörd övladını xeyirxah adamların ümidinə buraxmış,1838-ci ildə ruhi xəstəliklər xəstəxanasında dünyasını dəyişmişdir. Adolf- Berjelər ailəsinin ikinci oğludur.O, 1828-ci il iyul ayının 28-də Peterburqda anadan olmuş , əvvəlcə pansionatda, sonra isə reformat məktəbində oxumuşdur. Ata Berje vəfat edəndən sonra qardaşlar Fransanın Rusiyadakı səfirinin xanımı Barantın köməyi ilə Peterburq yaxınlığındakı Qatçina Yetimlər İnstitutuna daxil olmuşlar.

A.Berje 1847-ci ildə Sankt- Peterburq Universitetinin şərq dilləri fakültəsinə daxil

olmuş, burada - universitetdə Mirzə Cəfər Topçubaşovdan dərs almış , dilimizin ilk elmi qrammatikasımın müəllifi Mirzə Kazım bəyin rus, fars , türk və s. dillərdə yazdığı əsərlərini mükəmməl öyrənmişdir.
Rusiya Dövlət Şurasının üzvü C.C.Lanski A.P.Berjenin Şərqi Asiya ölkələrinin birində işləmək arzusunu universitet məzunlarının işlə təminatına ciddi nəzarət edən çar I Nikolaya çatdıranda çar şöx soyuqqanlıqla demişdir:

”Xaricə - Şərqə getmək A.P.Berjenin nəyinə lazımdır? Rusiyanın öz Şərqi var. Bura, Qafqazdır. Qoy elə ora yola düşsün”.

A.P.Berje 1851-ci il dekabrın 24-də Tiflisə gəlir. O, Qafqaz canişinliyində müxtəlif vəzifələrdə çalışır, bir müddətdən sonra Təbriz, Qəzvin və Tehrana gedir, İranı öyrənməyə başlayır, qafqazşünas alim kimi geniş fəaliyyət göstərir.

A.P.Berje məşhur tarixçi Mirzə Camal Cavanşirin “Qarabağnamə” əsərini fars dilindən rus dilinə tərcümə edərək çap etdirir.O, Tiflis Mərkəzi Kitabxanasının və Rusiya Coğrafiya Cəiyyətinin Qafqaz şöbəsinin müdiri vəzifələrində çalışır, elmi ekspedisiyalar zamanı topladığı dil, folklor və ölkəşünaslıq materiallarını rus və xarici dillərdə çap etdirirdi.
Hərtərəfli biliyə,ensklopedik savada malik olan A.P.Berje 1864-cü ildə Qafqaz Arxeologiya Komissiyasının sədri vəzifəsinə təyin olunur.Qafqazın öyrənilməsində çox qiymətli məşhur elmi mənbə olan “Qafqaz Arxeologiya Komissiyasının Aktları”nın 10 cildi A.Berjenin rəhbərliyi altında çap edilmişdir.Ona bu əzəmətli yaradıcılıq fəaliyyətində qələminə və savadına inandığı və güvəndiyi əqidə dostları—tarixçi N.Q.Berzenov, görkəmli filosof və dramaturq M.F.Axundov , canişinliyin məmuru Nırkov daha çox kömək edirdilər . Təkcə bu faktı xatırladaq ki, “Aktlar”ın ilk beş cildi üçün hazırlanan materialların 700 səhifəyə qədərini A.P.Berjenin köməyi ilə müxtəlif Şərq dillərindən rus dilinə M.F.Axundov tərcümə etmişdir. A.P.Berje tutduğu vəzifə çərçivəsində Zaqafqaziya dini idarələrinə və müsəlman məktəblərinə himayədarlıq edirdi. Zaqafqaziyada məktəb və maarifçilik işlərinin tərəqqisi, Azərbaycan ədəbiyyatının Avropada yayılması, Qori şəhərində Müəllimlər Seminariyasının açılması, Azərbaycan mətbuatının təşəkkülü və inkişafı yolunda A.P.Berjenin xidmətləri xüsusi tədqiqat tələb edir.
Zaqafqaziyanın nüfuzlu fikir adamları-- şeyxülislam Əhməd Hüseynzadə, müfti Əbdülhəmid Mustafa Əfəndizadə, görkəmli söz ustası Mirzə Fətəli Axundov, cəfakeş maarif xadimi Səid Ünsizadə - A.P.Berjenin dostluq və əməkdaşlıq etdiyi ziyalılar idi. A.P.Berjenin bu ziyalılarla dövlət işləri çərçivəsində yaratdığı işgüzar münasibətlərini əks etdirən arxiv materiallarının hərtərəfli öyrənilməsi XIX əsr ictimai-siyasi fikir tariximizin bir çox qaranlıq səhifələrini işıqlandıra bilər.

A.P.Berje həmişə səfərdə idi. İran, Zaqafqaziya, Dağıstan , Şimali Qafqaz onun dövlət məmuru kimi gəzib-dolaşdığı, geniş elmi tədqiqatlar üçün material topladığı regionlar idi
A.P.Berjenin Kürdəmirə gəlişi də bu məqsədlə əlaqədar idi. ”Ziya” qəzetinin 1 fevral 1881-ci il tarixli 5-ci nömrəindəki yol qeydlərindən məlum olur ki, o , burada yanvarın 15-də olmuşdur. Kürdəmirin adlı – sanlı, mötəbər adamlarından biri olan X...əfəndinin (çox güman ki, bu, Xəlil əfəndidir-N.N.) qonağı olan A.P.Berje bu yerlərin təbiəti, əhalisi və onların məşğuliyyəti, qonaqpərvərliyi haqqında oxuculara maraqlı məlumatlar verir.

Yol qeydləri belə başlayır:

”15 yanvar.(Şamaxı uyezdində). Kürdəmir qəryəsindən (kəndindən-N.N.) . (Təhrirati-“Ziya”). Bu ayın əvvəllərində Kürdəmirə müvasilət elədik (qovuşduq –N.N. ) . Şamaxıdan məzkur qəryəyə 70 verst məsafə edir. Küdrü düzünün aran zəmin yer olduğu aşkardır.Amma bu gözəl və vəsi (geniş-N.N.) səhrada məkaniyyətə və abadanlığa müstəid bir nöqtə var isə, o da Kürdəmir dedikləri qəryə olacaqdır.Ərazisi münbit və məhsulavər olmağını hər kəs nəql etməkdədir...Tut və üzüm bağçalarını ki burada gördüm , cümləsi şəhadət edir ki, kürdəmirlilər əbrişim və ənkur (üzüm) məhsulatından dəxi məhrum qalmayurlar. Əhalinin saf bə təndürüstlüyü (sağlam vücudlu olması- N.N.) burada təravə və etidal ( mülayim-N.N. ) hava olmağına ümdə dəlil tutula bilər”.
Müəllif daha sonra yerli əhalinin mehribanlığından və qonaqpərvərliyindən söz açır :
”Hər bir daxma və xanə əcnəbidən ötrü bəlaqeyd (bəlasız), biacir (icarəsiz, havayı), bikirayə mehmanxaneyi- ümumi kibidir ki, kim mehman gəlirsə, özü və məpkəbi ( minik heyvanı ) hər xüsusda rahət və asudə tutulmağını mehmanı olduğum X... əfəndi nəql və təsdiq edir”. 
Yazıda X... əfəndi öz elinin, yurdunun təəssübünü çəkən , igidliyi və qoçaqlığı qiymətləndirməyi bacaran kənd ağsaqqalı kimi tənqim olunur. Müəllif yazır:

" Onun fikrincə, canında hərəkət və cünbüş (qımıldanma,tərpəniş ) olmayan qövmdən bir ac qövm yaxşıraqd
Əfəndi əcnəbi qonağa bu torpağın zehinli və zəkavətli adamlarından söz açsa da, hiss olunur ki, qonaq daha çox onu qiymətləndirir. Əcnəbi qonaq Kürdəmirdə olduğu bir neçə gündə ev sahibinin alimliyindən, nəsrlə və nəzmlə yazdığı mühərriratından, ruhani və təsəvvüfdən (sufilik məsləki təriqətindən -N.N.) etdiyi söhbətlərdən çox məmnun qalır: ” Mən onun danişmənd və hünərvərliginə təəccüb etməkdə ikən o dəxi bənim əlsəneyi-şərqiyyəyə, xüsusən ərəb lisanına aşina olmağımdan heyrətdə qalmışdı. Avropalı(nın) əlsəneyi-şərqiyyəyə (şərq dillərinə -N.N.) hərif ( həmməslək ) olmağı əfəndiyə görə qəraibdən imiş” . 

Əcnəbi qonaq kürdəmirli əfəndinin ərəb ədəbiyyatına bələdliyini, ərəb dilini şeir yazmaq səviyyəsində bildiyini vurğulamaq üçün onun oxuduğu şeirin bir beytini məmurə dəftərinə yazır:
“M.B.” Kürdəmir bazarını izdiham və qələbəliyinə görə ” Tiflisin “Soldat bazarı” adı ilə tanınan gürcü bazarı ilə müqayisə edir: “Bu növ təcəmmö (toplanma, cəmləşmə -N.N.) və ticarət burada həftədə bir dəfə olduğu üçün buna “Kürdəmir bazarı” və ya ”Həftə bazarı” adı veriblər...Müskiratdan (spirtli içkilərdən) başqa, hər növ zərurəti burada satırlar”. “M.B.” yazısının sonunda təəssüf edir ki, 

“min evdən ibarət olan bu kibi böyük qəryədə ki əhalisi cümlən sahibi - ovza və baistedaddır, nə millət və nə dövlət tərəfindən bir mübtədi məktəbi olsa da açılmayıbdır”.

“M.B "- nin Kürdəmirə gəlişindən cəmi bir ay sonra- 1881-ci il fevralin 9-da- burada-- Şamaxıya gedən yolun üstündə qədim Şirvanın ilk dövləti ibtidai məktəbi açılır. Bundan bir neçə gün sonra isə Şamaxının Kərkənc kəndində ibtidai məktəbin açılışı olur.
Görünür, ölkəni səyahət edəndən sonra Tiflisə qayıdan “M.B.” (A.P.Berje-N.N.) öz hesabatı ilə Zaqafqaziya rəhbərliyinə mərkəzdən uzaq yaşayış yerlərində kənd ibtidai təhsil məktəblərinin açılmasnın vacibliyini inandıra bilmişdir.
1883-cü ildə Bakı - Tiflis dəmir yolu istifadə veriləndən sonra Kürdəmir kəndi ərazi mərkəzi rolunu və mövqeyini itirir. Şamaxı uyezd məhkəməsinin kənddəki şöbəsi və bir neçə inzibati idarə stansiya ətrafına köçürülür, məktəb isə öz yerində--sonralar Köhnəbazar adı ilə tanınan inzibati ərazidə qalır.
XIX əsr Azərbaycan məktəblərinin ən yaxşı tədqiqatçılarından biri professor Hüseyn Əhmədov özünün ən sanballı tədqiqat əsərində--“ XIX əsr Azərbaycan məktəbi” monoqrafiyasında Şamaxı qəzasında açılan, yazıda adı çəkilən kənd məktəblərinin xronoloji cədvəlində Kürdəmir məktəbinin tarixi “1885 –ci il” kimi göstərir. 
Sonrakı araşdırmalar bu tarixi dəqiqləşdiməyə , Kürdəmir məktəbinin tarixini 9 fevral 1881-ci ildən hesablamağa imkan vermişdir.


***
Kürdəmir məktəbinin ilk müəllimi –rus dili müəllimi Nəcəf bəy Nəzərov, şəriət müəllimi isə əvvəllər Cəbrayıl Əfəndi Hacı Əbdürrəhim Əfəndi oğlu olmuşdur. Bir neçə ildən sonra şəriət müəllimli vəzifəsinə Molla Xəlil Əfəndi Hacı Əhməd Əfəndi oğlu təyin olunmuşdur. Onların haqqında arxivlərdən heç bir məlumat toplaya bilmədik. Kürdəmirin zəngin ailə arxivi olan ziyalılarına müraciətimiz də heç bir nəticə vermədi. Amma Nəcəf bəy Nəzərov , Cəbrayıl Əfəndi Hacı Əbdürrəhim Əfəndi oflu və Molla Xəlil Əfəndi Əhməd Əfəndi oğlu haqqında sənəd və foto –şəkillərin tapılacağına inanırıq.
Kürdəmir məktəbinin ilk müəllimlərinin sırasında Əsədulla bəy Muradxanov, B.İ.Çixvalidze, Aleksandr İvanoviç Durkin, Ağaəli Cavad oğlu Qasımov və başqalarının adı çəkilir.
1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra Kürdəmirdə yaşayan qohumlarının yanına köçməyə məcbur olan 23 yaşlı Məhəmməd Hadi də bir müddət burada dərs demişdir. Məhəmməd Hadinin Kürdəmirdə işləməsini eşidən Q.Doluxanov “Molodeжь Азербайджана” qəzetinin 15 mart 1980-ci il tarixli 33-cü nömrəsində “Kürd Əmir və yaxud 2 №-li fərziyyə” adlı məqaləsində 1879-cu ildə anadan olan Məhəmməd Hadinin 1881-ci ildə ( iki yaşında ikən--?) Kürdəmirdə məktəb açmasından şövqlə danışır.
Jürnalist Rəşid Fərəcov “İrəli” qəzetinin 16 oktyabr 1991-ci il tarixli 79-cu nömrəsindəki “Kürdəmirdə ilk məktəb” adlı məqaləsində bir sıra maraqlı faktları sadalayır, sovet dövrünün ilk illərində burada dərs deyən qabaqcıl müəllimlərin adını çəkir. Müəllif indi Köhnəbazar kənd məktəbi kimi tanınan məktəbin məşhur məzunlarını da oxuculara tanıdır: coğrafiya elmləri doktoru Osman Osmanov, biologiya elmləri doktoru Qara Mustafayev, filologiya elmləri doktoru Fəxrəddin Veysəlov, texnika elmləri namizədi Ağaməhəmməd Kərimov, kimya elmləri namizədi Abdulla Abdullayev, iqtisad elmləri namizədi Akif Məmmədov, filologiya elmləri namizədi Vaqif Verdiyev və başqaları.

Müəllif nədənsə bu məktəbin məzunlarından biri olan Mustafa Hacı Musa oğlu Mahmudovun adını çəkmir.

M.Mahmudov (1878-1937) Zaqafqaziya Müəllimlər Seminariyasının məzunudur. Seminariyanı qurtarandan sonra indiki Qəbələnin Vəndam kənd məktəbinə təyinat alsa da, pedaqoji fəaliyyətinə Bakıdakı 3 nömrəli rus-tatar məktəbində başlamış, ibtidai siniflərdə müəllim vəzifəsində işləmişdir. Zaqafqaziya Müəllimlər Seminariyasının bütün məzunları kimi, kənd məktəbində işləməli olan M.Mahmudova şəhər məktəbində işləmək üçün Bakı Şəhər Dumasının üzvləri-Həsən bəy Məlikzadə (Zərdabi ) və Əlimərdan bəy Topçubaşov zəmanət vermişlər.
M.Mahmudov sonralar 1 nömrəli rus-tatar məktəbinin müdiri vəzifəsinə təyin olunmuş,
1907-ci ilin fevralında II Dövlət Dumasına deputat seçilmişdir. O, Zaqafqaziya Seyminin və ADR parlamentinin üzvü seçilmiş, 1920-ci il hadisələrindən sonra, repressiyaya məruz qalana qədər, Bakıdakı 132 nömrəli orta məktəbdə müəllim işləmişdir.
Zəngin məktəbçilik ənənələri, şərəfli tarixi, nadir istedadlı yetirmələri olan Kürdəmir məktəbinin yaranmasından düz 135 il keçir.
Qocaman məktəbin şərəfli yubileyini keçirmək pedaqoji fikir tariximizə göstərilən qayğı kimi dəyərləndirilə bilər.

Kürdəmirin ilk dövləti məktəbinin dünyaya tanıdılmasında   bu torpağın yetişdirdiyi nüfuzlu  elm  və sənət mütəxəssislərinin, sözə, sənətə, maarifə qiymət verməyi bacaran  ziyalıların,işıqlı fikir adamlarının--   Qara Mustafayev, Fəxrəddin Veysəlov, Mehman Musayev,Vaqif Sultanlı kimi alimlərğn təəssübkeşliyi   çox önəmli görünür.
İnanıram ki,  135 yaşlı  bir kənd məktəbinin dövlət səviyyəsində təmtəraqlı yubileyini keçirməsi hamının--böyüyün də, kiçiyin də ürəyindən olacaqdır.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının
Azərbaycan dili və ədəbiyyatı bölməsinin üzvü,
TQDK-nın Azərbaycan dili üzrə eksperti,
Avropa Azərbaycan Məktəbinin sabiq 
 kafedra müdiri və  müəllimi,
türkoloq. 




Ədəbiyyat
1. Hacı Seyyid Əzim Şirvani. Şamaxıdan məktub- “Ziya qəzeti,“29 may,1880 –ci il .
2.” M.B.”. 15 yanvar. (Şamaxı uyezdində) Kürdəmir qəryəsindən-
" Ziya” qəzeti, N 26 , 1 fevral 1881-ci il 
3. “Qafqaz” qəzeti,11 mart 1881-ci il,N 55. 
4. Hüseyn Əhmədov.XIX əsr Azərbaycan məktəbi- Bakı,1985 
5. Nazim Nəsrəddinov. Kürdəmir haqqında qeydlər- “İrəli” qəzeti,3 fevral 1977-ci il
6. Nazim Nəsrəddinov. Xalq müəllimi, millət vəkili- “Xalq” qəzeti, 
18 dekabr 1992-ci il.
7 . Nazim Nəsrəddinov. Siz kimsiniz, Müsyö Berje?-“Ana sözü “ jurnalı,1995- ci il , 
N 1-6, səhifə 47-48. 
8. Rəşid Fərəcov. Kürdəmirdə ilk məktəb- “İrəli” qəzeti,16 oktyabr 1991-ci il .
9. Nazim Nəsrəddinov. Bir daha Kürdəmir məktəbi haqqında. “İrəli” qəzeti . 
10. Məhəmməd Məhəmmədcəlil,Fariz Xəlilli. Mövlanə İsmayıl Siracəddin Şirvani -
Bakı, 2003. 
11. Nazim Nəsrəddinov. Qədim Şirvanın iki məktəbi haqqında
“Təhsil problemləri” qəzeti, 21-31 mart 2009-cu il, N 17-18.
12.Назим Насреддинов. Почему забыт Мустафа Махмудов?
Отзовитесь родственники друга и соратникa M.Э.Расулзаде.—Газет «Ваку» oт 6 апреля 1993 г.
13. Назим Насреддинов.Гриф «Совершенно секретно»снят.(О М.Махмудове )-
Газета «Баку» от 26 июня 1993 г. 30 oktyabr 1991-ci il.
14.Nazim Nəsrəddinov.Kürdəmirin 132 yaşlı ilk dövlət məktəbi və yaxud gecikmiş yubiley çağırışı.
"Kaspi" qəzeti, 13.02.2013, 14.02.2014 (davamı )


Müəllifin digər yazıları

  1. Dünya yaman dünyadır
  2. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  3. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  4. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  5. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  6. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  7. Sözgəlişi, ola bilər düzəlişi...
  8. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  9. Bu Dünya- Şirin Dünya.....
  10. Göz görür,ağıl kəsir....
  11. Tərcüməsiz başa düşülən tatar bayatıları
  12. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  13. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  14. Mənim nəğməli bibim - Foto
  15. Sən yazmasan,mən yazaram
  16. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  17. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  18. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  19. Qulam Məmmədli-120
  20. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  21. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  22. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  23. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  24. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  25. Bu tarix ki var, qəliz məsələ imiş......
  26. SÖZ KİMİNDİR?
  27. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  28. Mənim dualarım
  29. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  30. Təzadlar, ay təzadlar....
  31. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  32. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  33. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  34. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  35. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  36. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  37. Testdən qəsdən danışmırıq
  38. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  39. Dərsliklərimizin halı və vəziyyəti
  40. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  41. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  42. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  43. Hırsızın gözü əlyazmalara düşdü
  44. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  45. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  46. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  47. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  48. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  49. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  50. Hacı Səid Əfəndi Ünsizadə-191
  51. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  52. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  53. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  54. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  55. Bir daha Ünsizadələr haqqında
  56. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  57. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  58. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  59. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  60. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  61. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  62. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  63. Bizə hansı elmlər lazımdır və yaxud ...
  64. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  65. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  66. Soyqırımı günündə dostumu itirmişəm
  67. Bu yaz bir başqa yazdır
  68. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  69. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  70. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  71. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  72. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  73. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  74. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  75. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  76. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  77. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  78. Dərgahdan başlanan yol
  79. Fikrin ifadə formalarından biri
  80. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  81. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  82. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  83. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  84. Təhsil tariximizin maraqlı səhifələri
  85. Təhsil tariximizdən maraqlı səhifələri
  86. Akademiklərin cərgəsindəki müəllim
  87. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  88. Mübarizə bu gün də var,sabah da...
  89. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  90. "Əkinçi" qəzeti-140
  91. Mustafanın Çanakkala məktubu
  92. Məktəbdə elm və texnologiya həftəsi
  93. Mübarizə bu gün də var, yarın da....
  94. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  95. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  96. Yazımızın tarixi-özümüzün tarixi
  97. Fikrət Sadıq -Dədə Qorqud
  98. Tədqiqatçı öz fikrində israrlıdır
  99. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  100. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  101. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  102. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  103. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  104. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  105. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  106. "Bağçasaraydan göndərilən məktub"
  107. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  108. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  109. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  110. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  111. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  112. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  113. Abdulla Şaiqin uşaq bağçası
  114. "Ziya"nın biblioqrafiyası
  115. Kasıblığın üzü qara olsun
  116. Bu gün M.Ə.Sabirin ad günüdür
  117. Keçən günə gün çatarmı ... - Fotolar
  118. Elmə yönələn yolun başlanğıcı - FOTO
  119. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  120. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  121. Ucundadır dilimin həqiqətin böyüyü ...
  122. İlk hesab dərsliyimiz
  123. Yusif Vəzirovun kölgədə qalan yazıları
  124. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  125. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  126. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  127. Dərslik, dərslik, yenə də dərslik...
  128. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  129. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  130. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  131. "ZİYA"lı ziyalı - Foto
  132. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-08-2017
21-08-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7061 san