17:10 05 Aprel 2017
816 dəfə oxunub
Çap versiyası
...

Siqaret, enerji içkisi, duz istifadəsi, oturaq həyat tərzi, stress, fiziki aktivliyin aşağı olması – ürək-damar problemlərini yaradan başlıca faktorlardır.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının kardioloqu Fuad Səmədov AzVision.az–a müsahibəsində ürək-damar sistemində yarana biləcək problemlərdən qorunmaq üçün insanların qeyd edilən faktorlara qarşı diqqətli olmalarını tövsiyə edib. 

Stress ürək problemlərinin yaranmasında başlıca amillərdən biridir... 

Onun sözlərinə görə, Azərbaycanda ürək-damar problemləri əsasən şəkərli diabet, piylənmə, təzyiq, böyrək çatışmazlığı və s. kimi xəstəliklərin nəticəsində yaranır: "Təəssüf ki, ölkəmizdə fərqli səbəblərdən yaranan stress faktoru var ki, bundan da insanlar çox əziyyət çəkirlər. Bu gün ürək problemlərinin yaranmasında stress amili sadaladığım amillərin önünə keçir. İnsanların özlərini fərd olaraq tanımamaları və özlərinə qarşı laqeyd münasibətləri tək ürəklə bağlı deyil, digər problemlərin də ortaya çıxmasına səbəb olur.

Şəkər ürək xəstəliyinin bir ekvivalentidir və bu, bütün dünyada belə qəbul edilir. Şəkər vaxtlı-vaxtında tənzimlənərsə ciddi risk amili olmaqdan çıxır. İndi şəkər xəstələrinin bir problemi də insulinin qəbulunu gecikdirmələri və bunu qəbul etməkdən yayınmalarıdır. Təzyiq bu gün cəmiyyətimizdə insanlar arasında kütləvi hal alıb, hətta gənclər belə bundan əziyyət çəkirlər. Hər kəsi düşündürən bir məsələ də tam sağlam bir insanda təzyiqin oynamasıdır. Bu, normaldır və sizin robot olmadığınızın göstəricisidir”. 

O, qeyd edib ki, cəmiyyətimizdə işçi təzyiqi anlayışı var. Bu qəbul edilən təzyiq normasıdır, bəzi insanlar yalnız sırf şikayəti olduğu halda təzyiqlərini tez-tez ölçdürürlər. Bu gün insult xəstələrinin 90%-i tənzimlənməmiş təzyiqi olan xəstələrdir. Belə insanlar özləri-özlərinə həkim olmaq istəyirlər, amma başa düşmürlər ki, sonradan yaranacaq problemlərin qarşısını almaqda çətinlik çəkəcəklər. 

"Təzyiq, şəkərli diabet, siqaret istifadəsi, piylənmə, oturaq həyat tərzi ürək-damar problemlərini yaradan başlıca səbəblərdir. Əgər təzyiqi olan insanın bir risk amili varsa, bu problemlərdən üçü bir insanda cəmlənərsə, bu, daha ciddi risk amili deməkdir. Bu problemlərə zamanında müdaxilə olunarsa, belə halda yarana biləcək ən ciddi xəstəliklərin qarşısını almış olarıq. Məsələn, 50 yaşında təzyiqi yüksək olan bir şəxs iki həblə təzyiqini normasında saxlaya bilər. Bununla da insult riskini çox kəskin şəkildə azaltmış olar. Bu gün ölkəmizdə insanlar arasında fiziki aktivlik çox aşağı səviyyədədir. Xarici ölkələrlə müqayisədə, çox nadir hallarda insanların idmanla məşğul olduğunu görərik”. 



Gənclər enerji içkilərinin mənfi təsirlərindən xəbərsizdir

Həkim əlavə edib ki, keçən əsrin 80-ci illəri ilə müqayisədə bu gün ürək problemləri istər cavan, istərsə də yaşlı insanlar arasında geniş yayılıb. Ürək problemləri ən çox 50-60 yaşlı insanlar arasında üstünlük təşkil edir. Xüsusilə də, qadınlar arasında menapauzadan sonrakı dövrdə bu problem daha çox özünü göstərir. 

"Gənclər arasında bu xəstəliyin geniş yayılma səbəbinə gəlincə, bu, bir çox problemlərdən qaynaqlana bilər. Məsələn, cavan bir insana daşıya biləcəyi məsuliyyətdən əlavə məsuliyyət, çiyinlərinə daha çox yük qoyularsa, bu şəxsdə ürək –damar xəstəliklərinin yaranmasında risk amili daha böyükdür. Bu zaman o insanın sağlamlıq göstəriciləri aşağı düşəcəkdir. Və ən böyük problemlərdən biri də gənclər arasında oturaq həyat tərzi, normal qidanlanmamaq, gec saatlarda yemək yemək ürək xəstəliklərində ölüm riskini daha da artırır. Əgər siz yemək yeyib birbaşa yatağa gedirsinizsə, bu zaman problemlər ortaya çıxacaqdır. 

Ürək xəstəlikləri irsi olaraq da insana ötürülür. Əgər bir şəxsin atası 40 yaşında həyatını bu səbəbdən itirirsə, bu zaman onun övladı olan həmin şəxsin öz həyatına daha diqqətlə yanaşması lazımdır. 

Bu gün gənclər arasında enerji içkilərindən həddindən çox istifadə edilir. Mən həkim olaraq gənclərin buna nə qədər meyilli olduğunun şahidi olmuşam. İstehsalçı belə bu kimi enerji içkilərinin gündə bir dəfə istifadəsinə icazə verdiyi halda, bəzi gənclər 8-10 dəfəyə qədər bu içkilərdən istifadə edirlər. Çünki, onlar bu kimi içkilərin mənfi təsirlərindən xəbərsizdirlər. Elə cavan xəstələrimiz olub ki, hətta bu enerji içkilərinin qəbulundan sonra onlarda bir sıra problemlərin yarandığını deyiblər”. 

Yeniyetmələr üçün enerji içkiləri böyük təhlükə mənbəyidir

Fuad Səmədov deyib ki, gənclər arasında enerji içkilərinə qarşı mübarizəyə dair layihəyə start verilib: "Enerji içkiləri ilə mübarizə - maarifləndirmə işlərinin aparılması əsas məqsədimizdir. 12-13 yaşlı uşaqların belə enerji içkilərini qəbul etməsi onların həyatı üçün böyük təhlükə mənbəyidir. Valideynlər də bu baxımdan diqqətli olmalıdırlar. Çünki, bu içkilərin enerji verməsi, əhvalı yaxşılaşdırması kimi söyləntilər qətiyyən məntiqli yanaşma deyil. 

Əsas problemlərdən biri də cəmiyyətimizdə duz istifadəsinin həddindən artıq çox olmasıdır. Duz məhdudiyyəti tətbiq etdikdən sonra bir çox xəstələrimizin təzyiqinin normallaşmasını müşahidə etmişik. Orqanizmə heç bir xeyri olmayan duzdan istifadənin azaldılması insult, ürək çatışmazlığı riskini azaldacaq, təzyiqi normallaşdıracaqdır. Amma bunları nəzərə almayıb, nəfsinə qalib gələ bilməmək çox ciddi fəsadların ortaya çıxmasına səbəb olur”.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-09-2018
20-09-2018
19-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7171 san