22:34 10 Aprel 2017
4411 dəfə oxunub
Çap versiyası
...

Ağcəbədi rayonunda keçirilən “Sirlər xəzinəsi” layihəsinin üçüncü tədbiri görkəmli muğam ustası, Xalq artisti Yaqub Məmmədovun xatirəsinə həsr edilib.

Mədəniyyət və Turizm Nazirliyinin, Ağcəbədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə, Beynəlxalq Muğam Mərkəzinin, Azərbaycan Milli Konservatoriyasının və M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə layihəsi olan "Sirlər xəzinəsi"nin növbəti tədbiri Ağcəbədi rayonundakı Yaqub Məmmədov adına mədəniyyət sarayında keçirilib.

Tədbir görkəmli muğam ustası, Xalq artisti Yaqub Məmmədovun həyat və yaradıcılığına həsr olunub.

Məmmədov Yaqub Məhəmməd oğlu 5 may 1930-cu ildə Ağcabədi rayonunda dünyaya gəlib. Qarabağ xanəndəlik məktəbinin XX əsrin ikinci yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndələrindəndir. Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov professional musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb.

Görkəmli xanəndə Seyid Şuşinskidən muğam dəstgahlarının, xanəndəlik sənətinin sirlərini öyrənmiş, həmçinin musiqi və poeziya sahəsində dərin biliklər qazanıb. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb edib.

O, bütün muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bilirdi. Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olmuş, konsertlərdə çıxış edib. Onun ifasında qrammafon vallarına yazılmış muğam dəstgahları bütün Yaxın və Orta Şərqdə yayılıb.

Ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov sənətdə öz ənənələrini yaradıb. Öz dövrünün bir çox xanəndələri, eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələniblər.

Tədbiri giriş sözü ilə Ağcəbədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov açaraq sözü tədbirin aparıcısı M.F. Axundov adına Azərbaycan Milli Kitabxananın direktoru Kərim Tahirova verib. Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölgəsinin katibi şair Ənvər Əhməd, fəlsəfə doktoru Gülhüseyn Kazımlı xanəndənin həyat və yaradıcılığı haqqında məlumat verib. Xalq artisti Arif Babayev Yaqub Məmmədov haqqında xatirələrini zala toplaşmış muğamsevərlərlə bölüşüb. Tədbirdə görkəmli muğam ifaçılarımız – Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Zabit Nəbizadə, əməkdar artist Sevinc Sarıyeva və xanəndə İlkin Əhmədov bu ustad sənətkarın repertuarından muğamlar və təsniflər səsləndirib. Muğam ustalarıni əməkdar artistlər tarzən Elşin Həşimov və kaman ustası Elnur Əhmədov müşaiyət edirdi. Tədbirdə yerli muğam həvəskarları da çıxış ediblər.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin və Milli Kitabxanın birgə layihəsi olan "Sirrlər xəzinəsi" nin ilk iki tədbiri dünya şöhrətli Azərbaycan şairi Məhəmməd Füzuliyə və XIX əsrin görkəmli şairəsi Xurşidbanu Natəvana həsr edilmişdi və tədbirlər Beynəlxalq Muğam Mərkəzində və Milli Kitabxanada keçirilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Qızıl fond - Niyazi
09:33 03.08/2017
 
Xəbər başlıqları
22-08-2017
21-08-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3571 san