09:35 08 May 2014
9346 dəfə oxunub
Çap versiyası

Mən tez-tez 88 saylı marşrutun xidmətlərindən istifadə edirəm. Hər dəfə də xüsusi həzz alıram. Xüsusilə də PİK vaxtı mənzil başına tələsəndə.  Özü də ən başlıcası sağ-salamat gedib çıxıram. Sürücüləri sürücü deyil, elə bil ki, Bill Qeytsdir. Başları kompüterdən, ən başlıcası isə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən də yaxşı işləyir.

Məsələn: Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi xəbərdarlıq edir ki, bəs Rəşid Behbudov küçəsində,  Bakıxanov küçəsinin kəsişməsinəcən tıxacdır. Azərbaycanca desək probka var. Belə gözümüz aydın. Bunu deməsəydilər guya bilmirdik ki? Bütün Bakı bilir ki, Bakıxanov küçəsi boyu sfetaforlar 5-6 dəqiqə yaşıl yanır. DYP işə qarışsa 10 dəqiqə də çəkə bilər. Ay mərkəz, hünərin var çıxış yolunu göstər e... Amma 88 saylı marşrutun sürücüləri bu xəbərdən ani olaraq  nəticə çıxarırlar. Dillər Universitetinin yanındakı küçədən sağa dönüb bir tin yuxarı gedirlər, ordan da  hərəkətin əks istiqamətiylə, Azadlıq prospektini də kəsmək şərtiylə  iki tin protiv gedərək çıxırlar Mirəli Qaşqay küçəsinə. Sola dönüb ildırım sürətiylə sərnişini çatdırırlar Bakıxanov küçəsinə. El diliylə desək Drujba kinoteatrının arxasına. Sonra bir az cızılan qanuni marşrut üzrə irəliləyərək gəlib çatırlar Nəsimi bazarının yanına. Bu zaman sürücü bərkdən “mən düz getmirəm. Sağa dönəcəyəm. Kim qan instituna, travmatalogiyaya gedir burda düşsün” deyir. Xəbərdarlıq etməyə də bilər. Amma edir. Çünki yüksək mədəniyyət sahibləridir.  Avropa standartlarına uyğun xidmət bax buna deyərəm. Özü də dildə yox, əməldə. Sərnişinlərdən də  bir-ikisi bu hörmətə qarşılıq vermək əvəzinə nə etsələr yaxşıdır? Başlayırlar narazılığa. El diliylə desək banlamağa. Deyən lazım ki, ay balam, nə hoppanıb düşürsünüz? İndi bir-iki nəfərə görə bu boyda avtobus, avtobus yox e, 88 kimi adlı-sanlı marşrut probkada yatmalıdır? Marşrutdan çıxır, lap belə əcəb edir. Bir az da irəli gedirik. Bu dəfə sürücü görür ki, sürücü yox e bütün avtobus görür ki, İnqilab – Həsən Əliyev küçəsi  ilə kəsişmə də bütün maşınlar dayanıb. İrəliləməkdən söhbət gedə bilməz. Yazıq sürücü neyləsin? Fırladır sola, çıxır Azadlıq prospektinə və hərəkətin əksinə, yəni ki, protiv gedir çıxır İnqilaba. Pis edir? Özü üçün edir? Biz sərnişinlər üçün çalışır da. İstəyir ki, evimizə, eşiyimizə vaxtında gedib çataq. Radarlardan qorxmayaraq öz pravasını, sürücülük vəsiqəsini yox e, çörək ağacını təhlükəyə ataraq xüsusi qəhrəmanlıq və şücaət göstərir. Əvəzində alqış qazanmaq yerinə sərnişinlərin tənəsiylə, bəzən söyüşləriylə üz-üzə qalır. Mən olsaydım bu tənəli sözlərdən, qiymətləndirilməməyimdən çoxdan qanadlarım sınıb yanıma düşmüşdü.  Amma sağ olsun,  ruhdan düşmür. Əksinə qızışır. Neftçinin bazasının  və Milyonerlər məhləsinin yanındakı svetoforlardan da – yaşıl, ya qırmızı, fərqi yoxdur – quş kimi keçir. Bilmirəm Karl Marksdakı tunelə girməlidir, ya yox? Amma bəzən girir, bəzən girmir. Ona görə də tunelin üstündəki dayanacaq uzun müddətdir ki, 88-in üzünə həsrətdir. O gün dayanacağın yanından keçirəm. Divarına vurulan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin monitoru reklam yerinə, ağlaya-ağlaya nə oxusa yaxşıdır? Süleyman Rüstəmin “Ana və poçtalyon” şeirini.

Sorurdu: -“88 hanı?”- Hər şəhərdən gələndən

Ondan xəbər gəlməyir, xəbər gəlir öləndən.

Başqa sərnişinləri bilmirəm, amma mən çox razıyam bu sürücülərdən. NİİM-in radarlarının, nəzarət kameralarının da onlardan xoşu gəlir. Heç qeydə alıb eləmirlər də. Nəzarətçilər də onları görəndə üzlərini yana çevirirlər. İstəmirlər ki, bu şərəfli peşələrində onlara bir əngəl olsunlar. Bir sözlə halaldır.

Yox elə bilməyin ki, bu sürücülər robot-zaddırlar. Bircə bu naruşeniya marşrutuyla gedirlər. Yox, yeni yollar axtarırlar. Daim inkişafdadırlar. O gün baxıram ki, Mirəli Qaşqaya çıxmayıblar. Nəsə ABŞ səfirliyinin arxasındakı küçələrdən də istifadə edib məhlə içi Drujba kinoteatrının yanına çatdırıblar özlərini. İndi deyəcəksiniz ki, bəs İntellektual İdarəetmə Mərkəzi hara baxır? Avtobusda quraşdırılan monitor, kameralar bunu qeydə almırmı? Bunun da yolu var. Yolu dəyişəndə avtobusdakı monitoru söndürürsən, vəssalam. Deyirsən ki, dalğa tutmur da, neyləyim. Lap cib telefonundakı kimi.  İkincisi də ki, mərkəz nəyə lazımdır e... Zəng edirsən qabaqdakı sürücü dostuna, yolda nə baş verir, nə probka var hamısından səni xəbərdar edir. Sən də bu məlumatları alıb “çox sağ ol” demək yerinə, bütün sərnişinlərin şahidliyi ilə “cındır, mənim vaxtıma niyə girisən” deyib telefonu qoyursan yerinə. Yox, heyrətlənməyin. Avtobus sürücülərinə maşın sürə-sürə telefonla danışmağa da icazə verilir, radioya qulaq asmaq da.

Onu da qeyd edim ki, çox təmizkardırlar. Salona girirsən adamın ürəyi açılır. Oturacaqlar par-par parıldayır. Əlbəttə ki, illər boyu üst-üstə yığılan qartmaqdan. Düz edirlər. Tez-tez təmizləsələr oturacaqların örtüyü fiziki təsirə məruz qalaraq tiftiklənə, cırıla bilər axı? İndi özünüz deyin. Harda görmüsünüz mülkiyyətə işçi tərəfdən bu qədər hörmət? Heç yanda, axtarmayın.

Yox elə bilməyin ki, 88 saylı marşrutun sürücülərinin fədakarlığı bununla bitir. Əsla! Belə olsaydı heç qələmi əlimə də almazdım, bəy tərifi etməzdim. Onlar öz hərəkətləriylə 88-in  adını  göylərə qaldırırlar. Xata olar ki, qabaqlarına onların yolunun bir hissəsinə şərik olan 85, 133 saylı marşrut avtobusu çıxa. Vsyo! Batdılar. Avtobusu səkiyə də çıxardarlar, amma onları ötməsələr, onlar prav ola-ola neprav çıxarmasalar sakitləşməzlər. Axı, bu təkcə onların yox, bütövlükdə mübariz 88 saylı  avtobusun adı, şərəfidir.

88 saylı abtobusun sürücüləri bir-birilərinə də böyük hörmət və ehtiramla yanaşırlar. Dəfələrlə şahidi olmuşam. 8-ci mikrorayonda, samsunq mağazasının qabağındakı  dayanacaqda duranda bir də görürsən gəlir. Amma əyləmir, vıy edib qabağından keçir. Avtobus gözləyənlər də başlayırlar arxalarıyca danışmağa. Deyirəm “ay insanlar, mədəniyyətiniz olsun. Dayanmır, deməli nəsə bilir ki, dayanmır da... Bu o deməkdir ki, sonuncu dayanacaqda nəyi var yüklənib. Bizim dayanacaqdakıları da götürsə bəs arxadakı avtobusa nə qalacaq? Həmkarı da evə çörək aparmalıdır, ya yox?”Elə bunu deməyimi görürəm. O saat dalıyca bir 88-də özünü çatdırır. İndi deyin – 88-dən başqa daha hansı sahələrdə iş yoldaşına qarşı belə humanist münasibət görmüsünüz?

Hörmətli 88 nömrəli marşrutun sürücüləri, mən sizinlə fəxr edirəm. O gün xətrinizə dəydim, düz eləmədim. Gec də olsa üzr istəyirəm. Şəhərə qayıdanda, Drujba kinoteatrının qabağında ki, probka olur e, siz də Vaqif prospektindən sağa dönüb, sonra Süleyman Rüstəm küşəsinə qıvrılıb, ildırım sürətiylə Bakıxanov küçəsinə çatıb sola dönüb özünüzü Azadlıq prospektindəki qanuni dayanacağına çatdırırsınız e, mənim də ürəyim yerindən oynayır, tıp-tıp edir, az qalıram ki, sevincimdən uçum. O gün də marşrutdan çıxanda sizə bir söz dedim, abrımı büküb verdiniz ətəyimə. Xəcalətimdən yerə girdim. Söz verirəm bir də belə qanunsuz təkliflərlə sizə müraciət etməyəcəyəm. Siz Azadlıq küçəsini nezakonnı obxod edəndə, Süleyman Rüstəm küçəsinə çatanda, bilmədim, qələt elədim dedim ki, “qaqaş, bəlkə qapını açasan düşüm?” Düzdür, söymədiniz. Amma söysəydiniz bundan yaxşıydı. Mədəni surətdə üzünüzü mənə tutdunuz ki, “müəllim, axı burda dayanacaq yoxdur. Necə saxlayım? Müdiriyyət də ora yazıb yapışdırıb ki, dayanacaqdan kənarda saxlatdırmaq olmaz. Çıxaram təzədən Azadlığa, Drujbanın qabağındakı qanuni ostanovkada düşərsən”. Görürsünüz də. İndi özünüz deyin marşrut rəhbərliyinə, qanunlarımıza belə böyük hörmət, ehtiram, ən nəhayət sərnişinə qarşı yüksək mədəni davranış  hansı marşrutda var?

İndi deyəcəksiniz ki, axı bu qədər qanun pozuntusu sadaladın. Bunlar nədir, alqış deməyin nə? Şər-şər danışmayın, diliniz quruyar. Mən nə vaxt qanunların pozulmasından danışdım ki?  Eşitməmiş olmazsınız. Aqil insanlardan biri deyib: “Qanunları pozmaq olmaz, amma ondan yan keçmək olar”. İndi 88 saylı avtobus da qanuni marşrutundan bir tin, uzağı iki tin yan keçir. Nə olsun ki? Amma nəticədə yenə də öz yoluna qayıdır. Əhsən o şəxslərə ki, öz yolunu aza və heç bir cəza verilmədən  yenidən haqq yoluna qayıda. Yəqin siz də mənimlə razılaşarsınız.

Ey mənim doğma 88 saylı avtobus marşrutumun sürücüləri! Sizi çox sevirəm. Sizə halal olsun deyirəm. Sizin sənətiniz ağır və şərəflidir. Bilirəm ki, jurnalistlərdən gileylisiniz. Aynar Məmmədovun rəhbərliyi ilə aftoş dəstəsinin fəaliyyətinin mediada geniş işıqlandırılması sizi çox incik salıb. İnciməyə haqqınız da var.  Gecə saat 12-də, probka olmayan düpbədüz beton yolda, qəttəzə full avtomobildə 240 – 300-lə sürməyə nə var ki? Hünərləri var gəlib şəhərin mərkəzində, basbasabas, darısqal küçələrdə, on BMV, porşe boyüklüyündə , içində yüz sərnişin olan avtobusda, yüz dənə kameranın, min dənə gözün qabağında  Master-klas göstərsinlər. Onlar aftoş yox e, aftoş adına ləkədirlər. Eybi yox, nə vaxtsa sizin də xalqımız qarşısındakı xidmətləriniz cavabsız qalmayacaq. Hami biləcək ki, papaq altında neçə-neçə milli aftoşumuz varmış.  Eşq olsun xalqımın sizin kimi qəhrəman sürücülərinə. Əgər bu məqaləylə sizin incik ürəyinizi azca da ovundurdumsa, çox şad olaram. Yazımı “Əhməd haradadır?” filmindən bir fraqmentlə bitirirəm. “88, sükanı belə saxla”.


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0117 san