12:36 03 İyun 2017
909 dəfə oxunub
Çap versiyası
...

Bu günlərdə İrəvanda keçmiş SSRİ məkanında yaradılmış qanunsuz rejimlərin təsisatlarının inkişaf etdirilməsi ilə bağlı tədbir keçirilib. Nə yazıq ki, həmin tədbirdə MDB ölkələri İnstitutunun direktorunun müavini Vladimir Yevseyev də iştirak edib. Yəni postsovet məkanında qanuni inteqrasiyanı təmin etməli olan bir təşkilatın adını daşıyan institutun vəzifəli şəxsi, qanunsuz, separatçı rejimləri inkişaf etdirməklə bağlı müzakirələrə qatılıb. Bu cənab hətta irəli gedərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqəli "obyektiv, ədalətli və dahiyanə" tezislər irəli sürüb. Məsələn, "Stepanakert danışıqlara qatılmalıdır", yaxud "Torpaq güzəştindən danışmaq olmaz" və s. Təbii ki, bunların real siyasi proseslərə təsiri minimumdur, ancaq əsas məsələ münaqişəni həll etmək üçün yaradılan beynəlxalq quruma həmsədr olan ölkələrdən birinin təmsilçisinin nə dediyi ilə bağlıdır. Təcrübə göstərir ki, həmsədr dövləti təmsil edənlər mütəmadi olaraq belə "səhvlər buraxırlar". Proseslərin bu cür inkişafı regionu hara apara bilər?

Böhtanların davamı: İrəvan dəyişə bilmir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ətrafında proseslər yeni dinamika ilə davam edir. İrəvanın təcavüzkar siyasətindən əl çəkməməsi fonunda həmsədr dövlətlərin hansı mövqe tutması məsələsi daha da aktuallaşır. Çünki Ermənistan rəhbərliyi onlardan tam surətdə asılıdır və əmrlərlə oturub-durur. Bu baxımdan aparılan müşahidələr və baş verənlərin analizi bir sıra qənaətlər əldə etməyə imkan yaradır.

Öncə qeyd edək ki, həmsədr ölkələr gözlənilən obyektivliyi, fəallığı və ədaləti nümayiş etdirmirlər. Nə qədər acı olsa da, bu həqiqəti etiraf etmək gərəkdir. Son zamanlar isə onların təcavüzkara dəstəyinin daha da artırıldığını hiss etməkdəyik. Bu halda nəinki münaqişənin həllindən danışmaq, hətta daha gərgin vəziyyətin meydana gəlməkdə olduğunu demək lazım gəlir.

Xüsusilə dost Rusiya tərəfdən atılan addımlar başadüşülən deyil. Azərbaycan ərazisində qondarılmış qanunsuz erməni rejiminin bez parçasını 9 may qələbə günü münasibəti ilə meydana daşıyan erməniləri Rusiya hüquq-mühafizə orqanları dəstəklədilər. Buna etiraz edən azərbaycanlılara qarşı erməni vəhşiliyinin qarşısını nəinki aldılar, hətta sonra Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyətini dayandırdılar.

Bu kimi addımların təsadüfi olmadığını başqa bir tədbir təsdiq etdi. İrəvanda "Tanınmayan dövlətlərin institutlarının inkişafı işığında Cənubi Qafqazda təhlükəsizlik" adı altında keçirilən tədbirdə MDB ölkələri İnstitutunun (bu institut MDB-nin rəsmi orqanı deyil, lakin fəaliyyətində bir sıra qurumların rəyini nəzərə alır – Newtimes.az) direktorunun müavini Vladimir Yevseyev iştirak edib (bax: Разрешение карабахского конфликта без участия Степанакерта невозможно – замглавы института СНГ / "Newsarmenia.am", 20 may 2017).

Təsəvvür edin, Azərbaycan da MDB-nin üzvüdür və deməli, bu təşkilatın adını formal da olsa daşıyan institutun bizim ölkəyə də aidiyyəti var. Ayrıca, cənab V.Yevseyev hansısa dairələrin maraqlarını deyil, elmi həqiqəti müdafiə etməlidir. Lakin bu adam İrəvanda tamamilə erməni tərəfinin dəstəkçisi kimi danışıb. Jurnalistlərə bildirib ki, "ərazi güzəşti barədə söhbətləri yığışdırmaq lazımdır" və "Stepanakert (xatırladaq ki, həmin şəhərin adı Xankəndidir, ancaq V.Yevseyev erməni dili ilə danışır – Newtimes.az) danışıqlara qatılmalıdır, çünki xəyali də olsa, ərazi verilməsindən söhbət gedirsə, onun yiyəsi ilə danışmaq gərəkdir" (bax: əvvəlki mənbəyə).

Doğrudan da, bunlar MDB-də müəyyən problemlərin olduğunu göstərir. Formal da olsa, bu təşkilatın adını daşıyan elmi-tədqiqat institutunun rəhbər şəxslərindən biri ədalətdən, obyektivlikdən, münaqişəni həll etməkdən deyil, erməni təcavüzünü qanuniləşdirmək cəhdindən bəhs edir. Onun tanınmamış "dövlətlər"in sistemlərinin inkişaf etdirilməsinə həsr edilmiş bir tədbirdə iştirakı nonsensdir. Çünki belə çıxır ki, MDB ölkələri institutu, qeyri-hökumət təşkilatı olsa da, qanunsuz rejimlərin təsisatlarının inkişaf etdirilməsində maraqlıdır. Bunun hansı mənanı ifadə etdiyini müəyyənləşdirmək çətin deyil.

Təcavüzkara dəstək: ikili standartların sonu varmı?

Bunlardan əlavə, Vladimir Yevseyev açıqca erməni təcavüzünə haqq qazandırır. O, separatçı-terrorçuları danışıqlar masasına dəvət edir. Buna imkan verməməyi demokratik hərəkət saymır. Əgər kimsə qanuni olaraq Rusiya Federasiyasına daxil olan respublikaları müstəqil olmaq mövzusunda Kremllə danışıqlara dəvət etsə, cənab V.Yevseyev buna nə deyərdi? Biz hələ qanuni mövcud olan respublikalardan danışırıq. Dağlıq Qarabağ isə başqa dövlət tərəfindən işğal edilmiş Azərbaycan ərazisidir. Belə çıxır ki, V.Yevseyev kimiləri digər məqsədlərlə yanaşı, Rusiyanın da parçalanması üçün çalışırlar. Yaxud "sizə olar, bizə olmaz" məntiqi ilə hərəkət edirlər ki, bu da XXI əsrdə boş sözdən başqa bir şey deyil.

Ancaq böhtançı erməni təbliğat maşınını idarə edənlər geninə-boluna V.Yevseyevin əsassız fikirlərindən istifadə edirlər. Onlar Azərbaycana qarşı yeni qarayaxma kampaniyası aparırlar. Münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə mane olmaq üçün növbəti yeni yalanlar uydururlar. Onların sırasında mövcud status-kvonun saxlanması ilə bağlı deyilənlər xüsusi yer tutur. Məlumdur ki, erməni tərəfi üçün status-kvonun dəyişməsi ciddi zərbədir. Çünki bu, faktiki olaraq, işğala son qoymaq deməkdir. Ancaq söz həmsədr dövlətlərin başçılarının ağzından çıxıb. İndi onların qulbeçələri çalışırlar ki, bu fikrə qondarma məzmun versinlər.

Məsələn, ermənilər qoşunların təmas xətti boyunca insidentlərin araşdırılması mexanizmləri ilə əlaqəli hay-küy qaldırırlar. Məqsədləri işğal etdikləri ərazilərin perimetri üzrə hərbi əməliyyatların baş verməsi halında onu Azərbaycanın təcavüzü kimi qələmə verməkdən ibarətdir. Yəni beynəlxalq təşkilatlar bu variantda Azərbaycanın hər bir addımını ermənilərə qarşı təcavüz kimi qəbul edə bilərlər. Belə olan halda isə Azərbaycanın öz ərazisində işğalçı kimi görünməsindən danışacaqlar. Yəni bizim qanuni torpaqlarımızın qaytarılmasından söhbət getməz. Ancaq sülh naminə ermənilərin hansısa rayonları "güzəşt etməsi" müzakirə mövzusu ola bilər.

Təbii ki, bu, düşmən və onun havadarlarının uydurduqları "qaydalar"dır. Reallıq ondan ibarətdir ki, Ermənistan Azərbaycanın 20 faizini kənardan ciddi dəstəklə işğal edib. Bu "kənar qüvvə" Rusiyadır. İndi də bu işğalı qanuniləşdirməyə çalışırlar. Adını da "barış" qoyublar. Bu prosesə ABŞ və Fransa da dəstək verir, hətta Azərbaycan cəmiyyətini bu "barış"a hazırlamağa yardım edə biləcəklərini utanmadan dilə gətirirlər.

Azərbaycan rəhbərliyi Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən bütün bunları çox gözəl bilir və ona imkan verməz. Ermənilərin havadarları nə uydursalar da, rəsmi Bakı ölkənin ərazi bütövlüyünü müzakirə mövzusu etməyib və etməyəcək də. İşğal altındakı ərazilər azad edilməlidir, vəssalam! Bununla yanaşı, məsələnin qlobal geosiyasət fonunda düşündürücü tərəfləri vardır.

Məlumdur ki, böyük dövlətlərin geosiyasi qarşıdurmaları getdikcə daha gərgin məzmun almaqdadır. Amerikanın son diplomatik və hərbi addımları göstərir ki, Yaxın Şərqdə anti-İran əhval-ruhiyyəsini gücləndirməyə çalışılır. Region dövlətlərinə külli miqdarda yeni silahlar satılır. Səudiyyə Ərəbistanı 300 milyard dollara yaxın xərc çəkib silah alacaq və onu regiondakı müəyyən qüvvələrə qarşı yönəldəcək. Pulundan olan da müsəlman, silahın hədəfi olan da müsəlman! Bax, əsl faciə bundan ibarətdir!

Bu proses Cənubi Qafqaza necə təsir edə bilər? Ekspertlər hesab edirlər ki, ciddi təsir ola bilər. Bunun fonunda təcavüzkar xristian Ermənistana havadarlıq arta bilər. İran məsələsindən istifadə edib, İrəvanı daha çox silahlandıra bilərlər. İndidən, bəzi informasiyalar görə, Vaşinqton bu təcavüzkar ölkənin iqtisadiyyatına sərmayə qoymaq fikrindədir. Təsəvvür edin, İran, Şimali Koreya və başqa bir sıra ölkələr hədəf olur, ancaq işğalçı Ermənistana yadım göstərilir. Belə şəraitdə münaqişə necə həll oluna bilər? Mümkün deyildir! Deməli, Ermənistanla yanaşı, onun himayəçiləri də Cənubi Qafqazda sabitliyi riskə atmaqdadırlar.

Bunlar onu təsdiqləyir ki, Azərbaycan öz hərbi və iqtisadi gücünü sürətlə artırmaqda davam etməlidir. O, əsl dostları və müttəfiqləri ilə təhlükəsizlik məsələsini, ilk növbədə ərazi bütövlüyünün təminini reallaşdırmalıdır. Təbii ki, rəsmi Bakı bunları çox yaxşı bilir və heç bir təxribata getməz. Ancaq özünün hərbi qüdrətini daha da artırmaq kursundan çəkilməsi imkansızdır.

Beləliklə, həmsədr ölkələr münaqişələri həll etməkdən çox öz maraqlarını güdməkdə davam edirlər. Onların siyasi dairələri və diplomatları problemləri real surətdə həll etməkdən hələlik uzaqdırlar. Sözdə nəyisə deməyin vaxtı isə artıq keçib. Real addımlar atmaq lazımdır.

Newtimes.az


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-10-2017
20-10-2017
20.10.2017
19-10-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.312 san