15:01 10 İyul 2017
2436 dəfə oxunub
Çap versiyası

 

 

Hər hansı yazı-pozu adamı masa arxasına oturub qələmi əlinə alanda, beynində çapdan sonrakı proseslər çiçək açmağa başlayır. Hərə bir şey fikirləşir. Əksəriyyət təmənnalıdır – nəsə umur, bəzisi quru “sağ ol”a möhtacdır. Kimsəni alacağı qonorar maraqlandırır, bəzilərini isə reket ruzusu. Kimisi qorxur – qorxur ki, məhkəməyə verərlər Ciblərini  sapla bərk-bərk tikənlər də tapılır. Bir sözlə yazı-pozu aləmi çox böyük bir dünyadır – cılızları da var, dahiləri də. Acından ölüb dahi olanlar da var, bəy kimi yaşayıb cılızlaşanlar da.

Bu yazımın başlığını qoyanda mən də bir anlıq fikrə getdim.  Özümlə,  cinayət törətməyə getməmişdən qabaq cinayət məcəlləsini varaqlayaraq, ilişəcəyi təqdirdə nə qədər iş alacağını göz önünə gətirən cinayətkarlar arasında paralellər aparmağa başladım.Yerli, yaxud yersiz olsa da... Sadəcə, son nöqtəsinə hələ çox qalan bu yazımı bitirib ictimailəşdirəndən sonra mənə olunacaq zəng və bildiriləcək fikirlərə verəcəyim cavabı dəqiqləşdirdim: “Borcumdur” ifadəsini. Amma deyəsən bu cavabım səhv idi. Daha doğrusu çox...

İyulun 9-u Təzə Pir məscidində böyük alim, professor Əkbər Bayramovla vidalaşdıq. Sonra isə son mənzilə yola saldıq. Onun ölüm xəbərini saytdan oxuyan kimi uşaqlıq illərim gəldi  keçdi göz önümdən. Bir şirin xatirə yadıma düşdü. Daha doğrusu, “Sandıq”da qalan bir-iki əhvalatı üzə çıxarmağa qərar verdim.

Əkbər Bayaramov qapıbir qonşumuz, Xalq yazıçısı Bayram Bayramovun kiçik qardaşı idi. Üzdən çox oxşayırdılar Hərdən onlara gələrdi. Pilləkanlarda və ya həyətdə görəndə çaşıb qalırdım ki, görəsən Bayram əmiyə nə oldu ki, bu gün belə arıqlayıb?! Uşaq idim də.

Bilirdim ki, alimdir, ali məktəb müəllimidir. Onu da atam demişdi. Çox ciddi adam idi.  Salam verirdim. Amma “salam”dan başqa bir kəlmə də başqa söz eşitmirdim. Yəni ki, “ay oğul necəsən? Atan necədir? Neçədə oxuyursan? Neçə qiymət alırsan? Atanı çox istəyirsən, yoxsa ananı?..”

Vaxt keçdi. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinə (indiki BDU) qəbul oldum. İkinci kursda isə Psixologiya fənnini tədris etməyə başladılar. Dərsliyimiz isə Əkbər Bayramovun “Psixologiya” kitabı. Qardaşı oğlu, professor Qurban Bayramovun təbirincə desək – neçə nəslə bu elmi öyrədən “Psixologiya” dərsliyi. Boynuma alım ki, qorxurdum Əkbər müəllimdən. Mühazirələrində cınqırımı da çıxartmırdım. Yox, bu hörmət əlaməti deyildi. Dar məqamda qonşum Bayram əmiyə, atam Qabilə  arxalanacağım da ikinci plana keçmişdi. Sadəcə, qorxurdum. Çünki yuxarı kurslarda oxuyanlar bizi xəbərdar etmişdilər ki, bəs Əkbər müəllim mühazirə zamanı müxtəlif psixoloji testlər də həyata keçirir. Bilmirdim ki, doğrudur, ya yox. Mən də bu testlərdən hansınasa tuş gələcəyimə və ağzımdan hansısa sözün çıxacağına qorxurdum. Ona görə də hər ehtimala qarşı özümü maksimum ehtiyatlı aparırdım. Sonda bir qulağımın atamın, o biri qulağımın isə Bayram əminin əlində qalmaması üçün.

HAŞİYƏ: Ay uşaqlar, Əkbər müəllim imtahanda bilirsiniz neyləyir? Bax girirsən imtahana. Bilet çəkirsən. Hazırlaşırsan. Sonra çıxıb cavab verirsən. Suallara da  cavab verirsən. Özü də ki, əla cavab verirsən. O da beş yazmaq əvəzinə tələbəyə dönüb deyir ki, “çıx, “qeyri-kafi” alırsan. Sabah gələrsən kafedraya”. Səhəri gün gəlirsən kafedraya. Soruşur ki, “ay bala niyə gəlmisən?” Sən də qorxa-qorxa cavab verirsən ki, bəs dünən “iki” almışam – təkrar imtahana. O da cavab verir ki, bəs sən iki yox, beş almısan, zaçot kitabçan da assisentdə.

Demə, Əkbər müəllim tələbəni yoxlayırmış ki, görüm bu halda o cavab qaytaracaq və ya reaksiyası necə olacaq? (SON)

O vaxt Psixologiya bir elm sahəsi kimi çox da dəbdə deyildi. (Elə indi də... Psixiatrlar psixoloqları yavaş-yavaş üstələyirlər.) İndi anlayıram ki, bu kitabı açıb, oxuyub və dərindən başa düşmədən qapatmağımla nə qədər uduzmuşam. Bir müddətdən sonra həm də kafedra müdiri olan Əkbər müəllimi mühazirələrdə Rövşən müəllim – Rövşən Cavadov əvəz elədi.  Amma bilirdik ki, sonda imtahanı özü götürəcək. Amma...

1985-ci ilin mayında 2-ci kursdan əsgəri xidmətə getməliydim. Qanunla da sessiya imtahanlarını vaxtından əvvəl verməyə ixtiyarım var idi. Bununla bağlı tədris işləri üzrə prorektora ərizəylə müraciət etdim. O da razılıq dərkənarı qoydu. Ərizəni dekanlığa təqdim etdim. Müəllimlərin yazığı gəlsin deyə başımı tez keçəl qırxdırdım. Axı onlar da valideyndirlər. Əsgər atası, anası olublar, ya da ki,  nəvaxtsa olacaqdılar. Psixologiyanın bu sahəsini bir köhnə azərbaycanlı kimi yaxşı bilirdim. Beləcə boynuma düşən beş zaçotu və dörd imtahandan üçünü şıppıltıyla verdim. İki dənə “beş”, bir dənə “dörd” aldım. Çünki iki ildən sonra əsgərlikdən qayıdanda zərbəçi kimi 45 rubl stipendiya almağımı indidən təmin etməliydim. Qaldı bircə Psixologiyadan imtahan. Kafedraya girməyə cürət etmədim.

HAŞİYƏ:  Əsgərliyə gedən tələbələrdən vaxtsız imtahan götürən müəllimlərdən daşürəkliləri də tapılırdı. Əlbəttə ki, başqa fakültələrdə. Yazığı gəlib, hətta quruca “üç” yazmağın əvəzinə,  “iki il boş vaxtın olacaq. Əsgərlikdə öyrənib, qayıdanda imtahan verərsən” deyirdilər. Biz nə biləydik ki, universitetdə evlənməyən kişilər və ya “staraya deva”lar da işləyirmiş. (SON)

Axı, Əkbər müəllimdən qorxurdum. Bayram Bayramov, Qabil kimi “dayday”larım olduğu halda. Vaxt isə gedirdi. Beləcəri toplanış məntəqəsinə yollanmağıma az qalırdı. Qərara aldım ki, Bayram əmiyə yaxınlaşım. Səhər-səhər qapılarını döydüm. Zümrüd xala açdı qapını. Bayram əmini səslədi. O da demə evdən çıxırmış. Biryerdə pilləkənləri düşdük. Elə düşə-düşə də sözümü dedim. O da “gedərsən Əkbərə deyərsən ki, sən mənim qonşumsan” dedi. Başqa heç nə demədi. Mən də gözləyirdim ki, telefonla zəng edər və ya xırda bir “zapiska” yazar. Heç nə demədim. Yol boyu ürəyimdə deyinə-deyinə gəldim universitetə. Başladım fikirləşməyə ki, bəs tutaq ki,  girdin kafedraya, yaxınlaşdın Əkbər müəllimə. O biri müəllimlərin yanında da dedin ki, bəs “mən Bayram əminin qonşusuyam”. Guya Əkbər müəllim bilmir ki, mən Bayram Bayramovun qonşusuyam?  Həm də çox hörmət bəslədiyi Qabilin oğluyam? Birdən ağır cavab versə... Məsəlçün, desə ki, “gözüm aydın” və ya “slujba slujba, drujba drujba”.

Xülasə, özümdə güc tapıb, girdim kafedraya. Bəxtimdən ikisi idi kafedrada – Əkbər Bayramov və Rövşən Cavadov. Əlimdəki göndərişi Əkbər müəllimə uzatdım. “Əsgərliyə gedirəm” deyə izahını verdim. Sonra da “Bayram əmi dedi ki...” “tapşırığ”ını yavaş-yavaş söylədim. Üzündə ani təbəssüm yarandı. Sonra yenə ciddi görkəm aldı. Göndərişi Rövşən müəllimə uzatdı. Heç nə demədi. Monoloqumu Rövşən müəllim də eşitmişdi. O da kağızı imzalayıb özümə qaytardı. Sağollaşıb çıxdım. “Psixologiya – yaxşı” sözlərini oxuyanda həm sevindim, həm də xəcalət çəkdim. Üçüncü kursa keçməyimə sevindim, imtahansız yox (çünki imtahan biletləri iyunda olacaqdı), sorğu-sualsız qiymət almağıma isə xəcalət çəkdim. Bu “4” qiymət Əkbər müəllimin böyük qardaşına, o cümlədən Qabilə ehtiramının nəticəsi idi.

HAŞİYƏ: 1981-ci il. Axşam vaxtı idi. Qapı döyüldü. Bayram əmi idi. Çox əsəbi görünürdü.

–       Ay Bayram, nə olub?

–       Yaman əsəbləşdiriblər məni, Qabil. Bu gün böyük yığıncaq idi. Bir nəfər çıxıb tribunaya dedi ki, bəs bu fəxri ad, medal alanların heç biri layiq deyil. Nədi-nədi buna heç nə çatmayıb. Heç olmasa “bəzi” sözünü işlətsəydi məni yandırmazdı. Axı, bizim Əkbərə də “Əməkdar elm xadimi” fəxri adı veriblər. Sən də, mən də bilirik ki, layiqdir.

–       Deyib deyib də day niyə əsəbləşirsən ki? Öz qanmazlığını göstərib də... – deyə atam Bayram əmini sakitləşdirməyə çalışdı.

–       Yox e... məni yandıran o deyil. İclasdan sonra dəhlizdə mənə yaxınlaşıb nə desə yaxşıdır? Deyir ki, “Bayram müəllim, təbrik edirəm. Qardaşınıza fəxri ad veriblər. Layiqdir”.

–       Bəs sən nə cavab verdin?

–       Heç nə. Dedim ki, “eşşəy özünsən”. (SON)

Əsgərliyimi çəkdim, qayıdıb Universiteti də bitirdim. Sonralar rastlaşmadıq Əkbər müəllimlə. Bir də 1992-ci ildə qəzetdə adına rast gəldim. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 tanınmış ziyalının arasında professor Əkbər Bayramovun da adı vardı. Daha sonra həmin şəxslər Yeni Azərbaycan Partiyasının “Qızıl Fondu” elan olundular. Prezident Heydər Əliyevin 2002-ci ildə dediyi “91-lər, onlar artıq dillərdə əzbər olublar. Mən 91-lərin hamısına böyük hörmət və ehtiram bəsləmişəm” qiymətindən siyasətçi Əkbər Bayramova da xüsusi pay düşürdü.

Bu qiymət və ehtiram 2000-ci ildə, Ümummilli liderimizin sərəncamıyla bir daha təsdiqini tapdı. Əkbər müəllim “Şöhrət” ordeniylə təltif olundu. 1976-cı ildə təltif edildiyi “Şərəf nişanı” ordeni, 1977-ci ildə layiq görüldüyü “SSRİ Maarif əlaçısı”, 1981-ci ildə aldığı “Əməkdar elm xadimi” kimi təltiflərin siyahısına daha bir QİYMƏT də əlavə olundu.

Hə... Yazımı bitirdim. Əvvəldə yarımçıq bir fikrim qalmışdı. Onu tamamlamaq istəyirəm. İndi bu yazını oxuyub mənə zəng etsəniz və xoş sözlər söyləsəniz “Borcumdur” cavabı verməyim  çox bəsit görsənər. Çünki mənim yazdıqlarımın çoxu ödəmək istədiyim mənəvi borclardır. Düzdür. Bir cızma-qarayla bu mümkün deyil. Bəlkə də buna qədirbilənlik kimi qiymət verəcəksiniz. Bəlkə də mən bunları yazıb, borcumu qaytarmış kimi təsəlli tapdığımı zənn edirəm. Çünki “Professor Əkbər Bayramova vida sözü” yazısını yazmaq mənim onqat borcumdur.

Borcumdur ona görə ki, Əkbər Bayaramov mənim qonşum Bayram əminin qardaşıdır.

Borcumdur ona görə ki, Əkbər Bayramov mənim müəllimim olub.

Borcumdur ona görə ki, Əkbər müəllimin atam Qabilə böyük ehtiramı olub.

Borcumdur ona görə ki, Əkbər Bayramov “91-lər”-in siyahısında öndə gedənlərdən olub.

Borcumdur ona görə ki, Əkbər Bayramov xalqımın böyük alim övladlarındandır. O alimlərdəndir ki, onun “mürəkkəbi şəhid qanından ağırdır”.

Borcumdur ona görə ki...

 

SON

Yasamal qəbiristanlığındayıq. Əkbər müəllimi torpağa tapşırdıq. Molla dua oxudu. Sonda isə orda olanlara üzünü tutub “Halal edin” söylədi. Hamı da dəfələrlə “halal” söylədi. Mən də qeyri iradi söylədim – hamı kimi. Sonra isə dodağımı dişlədim.  Gör e... halallığı mən almaqdan... Amma gecikmişdim. Gec də olsa dilləndim: “Əkbər müəllim, 1985-ci ildə verdiyiniz, layiq olmadığım “4” qiymətini halal edin”.

Allah rəhmət eləsin.


Müəllifin digər yazıları

  1. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  2. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  3. "Arvad, qadın və sekskukla"
  4. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  5. Mahir Qabiloğlu - "Arvad və maşın"
  6. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  7. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  8. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  9. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  10. LUSİNE NERSESYAN, CAN, CAN...
  11. BULUDXAN XƏLİLOV VƏ MƏN
  12. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  13. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  14. AzTV nədir?
  15. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  16. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  17. TÖHMƏT
  18. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  19. JURNALİST VƏ XORUZ
  20. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  21. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  22. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  23. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  24. QAN
  25. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  26. Atam Qabilin “dərs”i
  27. “QATİLƏ”
  28. Hidayət Zeynalov nəvə toyu görmədi
  29. Öl deyəndə öl, qal deyəndə qal
  30. Arvada işim düşür...
  31. QURD YAĞI
  32. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  33. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  34. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  35. GÖZƏL İBRAHİM
  36. Zaur, bizi yetim qoyma!
  37. Mahir Qabiloğlunun köhnə arzuları
  38. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  39. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  40. Əmir Mustafayevin toyu
  41. HİDAYƏT VƏ FATMA
  42. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  43. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  44. Arvad, Allah verəndən gətir!
  45. İsmayıl Şıxlının böyük günahı
  46. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  47. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  48. Q. idi, Mən idim, Ş. idi...
  49. Bacarırsan yaşa, Bacarmırsan öl
  50. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  51. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  52. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  53. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  54. Sona Tağıyevanın məktəbi
  55. KİTAB OĞRUSU
  56. Ağasəlim Abdullayev, bağışla!
  57. BİZİM TELLİ PƏNAHQIZI
  58. Hacıbala Abutalıbovun Kişi sözü
  59. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  60. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  61. AĞACIN QARĞIŞI
  62. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  63. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  64. Milli komandamıza qara zurna kömək olsun
  65. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  66. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  67. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  68. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  69. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  70. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  71. RADİO VƏ DEPUTAT
  72. POLİS NƏCİB PEŞƏDİRMİ?
  73. Leyla Yunus papağı polisin başından qapdı və ...
  74. BOZQIRIN YALQUZAĞI
  75. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  76. DEBİL ARMEN -2
  77. DEBİL ARMEN - I
  78. Təhsil Nazirliyi və TQDK bir olsa...
  79. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  80. Vəzifəli balasından şikayət məktubu
  81. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-10-2017
19.10.2017 Şəkidə yanğın
18-10-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3223 san