12:00 29 İyul 2017
4958 dəfə oxunub
Çap versiyası
...

Kütləvi informasiya vasitələrinin dövlət və insanların hərtərəfli inkişafında rolu əvəzsizdir. Media həm də dövlətin sabitliyi və təhlükəsiziliyi baxımından əhəmiyyətli olan, eləcə də zəmin yaradan vasitədir. Tədqiqat işində müasir dövrdə informasiya təhlükəsizliyinin təmin olunmasında KİV-in fəaliyyəti, cəmiyyətin maariflənməsində əhəmiyyəti və onun üzərinə düşən vəzifələr, eyni zamanda bu sahədə qanunvericilik bazasının yaradılmasında görülmüş işlər təhlil olunur və dəyərləndirilir. Tədqiqatda əsaslandırılır ki, ölkəmizdə qəbul olunan qanunlar və bu sahədə atılan addımlar, eləcə də medianın inkişafı təhlükəsiz cəmiyyətin yaranmasına, demokratik dəyərlərin qorunmasına xidmət edir.
Mütərəqqi jurnalistika öz məqsədinə müvafiq olaraq həmişə cəmiyyətin inkişafına xidmət edib, onun məlumatlandırılması və maariflənməsinə öz töhfəsini verib. Maarifçi ideyaların təbliği və qarşıya qoyulmuş məqsədə çatmaq üçün jurnalistika öz imkanları daxilində səylərini əsirgəməyib. Jurnalistikanın ilk nümunəsi olan qəzet və sonradan bu missiyaya qoşulan jurnal, radio və televiziya KİV sistemində birləşərək zamanın diktəsi ilə bir toplum halında xalqa, millətə, dövlətə xidmət edib və bu gün də öz fəaliyyətini bu yöndə qurur. Lakin indi əvvəlki dövrlərdən fərqli olaraq KİV-in üzərinə yeni-yeni vəzifələr qoyulub, onun məsuliyyəti bir qədər də artıb. Bu məsuliyyət isə dövlətin milli maraqları, onun hər bir sahədə təhlükəsizliyi, o cümlədən informasiya təhlükəsizliyi ilə əlaqədardır. Belə ki, informasiya toplayan, onu işləyən və təqdim edən KİV aparıcı vasitə kimi həmişə diqqət mərkəzində olan qurumlardır. KİV hər hansı bir ideyanın təbliği, onun ictimaiyyətə açıqlanması və kütlənin hər hansı bir fikrin həyata keçirilməsinə səfərbər edilməsi və istiqamətlənməsi baxımından mühüm rola malikdir. Hələ vaxtilə yeganə informasiya vasitəsi olan qəzetin əhəmiyyəti yüksək qiymətləndirilir və bildirilirdi ki, qəzet kollektiv təbliğatçı, təşviqatçı və təşkilatçıdır. İndi bu missiyanı bütövlükdə informasiya sistemi daşıyır. Akademik Ramiz Mehdiyev yazır ki, “mətbuatın azad və sərbəst fəaliyyəti üçün bütün lazımı şərtləri təmin etməklə biz onu qarşımıza məqsəd qoyuruq ki, ölkəmizdə çıxan qəzetlər, fəaliyyət göstərən kütləvi informasiya vasitələri hər şeydən əvvəl Azərbaycan həqiqətlərinə xidmət etsin, xalqımızın keçdiyi yolu, qarşılaşdıqları çətinlikləri, onun uğur və problemlərini doğru-düzgün, obyektiv işıqlandırsın, cəmiyyətimizin demokratikləşməsinə və tərəqqisinə xidmət göstərsin”[7].
Geniş media şəbəkəsinin mövcud olduğu indiki dövrdə, virtual aləmin inkişaf etdiyi, informasiya texnologiyalarının geniş vüsət aldığı hazırkı mühitdə təhlükəsizlik sahəsinə daha bir element əhatə olunub. Bu element informasiya təhlükəsizliyi amilidir. Bu gün cəmiyyətin idarə olunmasında zəruri olan qanunların bir çoxunda təhlükəsizlik məsələləri ilə bağlı amillər xüsusi yer tutur. Buraya milli, ideoloji, hərbi, siyasi, iqtisadi, ekoloji və digər sahələrlə bağlı problemlər daxildir. Bu qanunların mahiyyətinin geniş ictimaiyyətə çatdırılması və onların tələblərinin yerinə yetirilməsi, eləcə də hər kəsin üzərinə düşən məsuliyyətin müəyyənləşdirilməsində KİV-in xüsusi rolu var. Belə ki, istənilən qanunda fəaliyyətin istiqamətləri, əhatə dairəsi və hüdudları mövcuddur. Bu tələblərin pozulması hər hansı bir sahədə təhlükəsizliyin təminatına xələl gətirə və cəmiyyətə ziyan vura bilər. Dövlətin mövcudluğunu təmin edən, onun təhlükəsiziliyinə zəmanət verən əsas qanunlar isə aşağıdakılardır:
a) Milli Təhlükəszilik haqqında Azərbaycan Respublikasının Qanunu
b) Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu
c) Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu
ç) Terrorçuluğa qarşı mübrizə haqqında Azərbaycan Respublikasının Qanunu
d) Dini ekstremizmə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu
e) Hərbi vəziyyət haqqında Azərbaycan Respublikasının Qanunu
Qeyd olunduğu kimi, bu qanunların hər biri əsas məqsədə, ölkənin həm daxili, həm də xarici təhdidlərdən qorunmasına, onun inkişafına və gələcəyinin təmin olunmasına xidmət edir. Bu istiqamətdə hər hansı məqsəd isə milli ideologiyadan, bu yöndə təbliğatdan başlayır, onun üçün zəruri zəmin hazırlayır. Tədqiqatçı Rəsmiyyə Mahmudova yazır ki, “bu gün informasiya ayrı-ayrı şəxslərin, qrupların və ya təşkilatların üzvlərinin şəxsi maraqları üçün aşkar və gizli məqsədlərlə fərdi və sosial subyektlərin fəaliyyətinə ziyan vurmaq üçün həyata keçirdikləri psixoloji təzyiq vasitəsidir. Nəzərə alsaq ki, informasiya psixoemosional və sosial gərginliyin yaranmasına, mənəvi norma və kriteriyaların təhrif olunmasına, sosial stereotiplərin və davranışların qeyri-adekvatlığına, yanlış dəyərlərə və istiqamətlərə, eləcə də digər arzuolunmaz nəticələrə gətirib çıxara bilər, o zaman insanların informasiya immunitetini artırmaq məsələsi gündəmə gəlir” [9].
Göründüyü kimi, KİV ideyanın təbliği üçün əsas vasitə olmaqla yanaşı, cəmiyyət və fərdlərin qarşısında duran vəzifələrin qabardılması, reallıqların nəzərə alınması nöqteyi-nəzərindən də vacib atribut, amildir. KİV həm də müəyyən qədər nəzarətçilik funksiyasını həyata keçirən media orqanları məcmusudur. Heç də təsadüfi deyil ki, hazırda media ”dördüncü hakimiyyət”, bəzən də “ikinci hakimiyyət “adlandırılır və o, bu statusu alıb. Belə ki, cəmiyyətin və fərdlərin üzləşdiyi problemlər, qarşıya çıxan çətinliklər çox zaman KİV tərəfindən işıqlandırılır və öz həllini tapır.
Dövlətin mövcudluğunu təmin edən siyasətin əsas aktorlarından biri suverenlikdir. Ölkələrin coğrafi ərazisi ilə bərabər onların müstəqilliyi və suverenliyi də idarəçilik üçün əsas verir. Bu kontekstdə dövlətlərin BMT səviyyəsində qəbul olunan ərazilərini tanımaq, ona hörmət etməklə yanaşı, beynəlxalq hüququn “bir-birinin daxili işlərinə qarışmamaq” prinsipinə əməl etmək də subyektlərin öhdəlik və vəzifələrinə daxildir. Lakin dünyanın inkişaf etmiş və aparıcı dövlətlərinin hegemonluğunun hələ də mövcud olduğu indiki zamanda heç də bütün ölkələrin suverenliyinə hörmətlə yanaşılmır. Tarix elmləri doktoru professor Əli Həsənov qeyd edir ki, “suverenlik beynəlxalq hüququn “daxili işlərə qarışmamaq “anlayışı ilə müəyyən edilən konsepsiyada öz ifadəsini tapmışdır. Bu konsepsiyaya görə, heç bir dövlət başqasının daxili işlərinə qarışmaq hüququna malik deyil. Lakin müasir şəraitdə bu prinsipin mütləq şəkildə gözlənilməsi müşahidə olunmur. Güclü dövlətlər və başqa geosiyasi aktorlar (dini təsisatlar, beynəlxalq təşkilatlar, KİV, transmilli korporasiyalar, hökumətlərarası və qeyri-hökumət təşkilatları, sərhədsiz ekoloji, səhiyyə və s. qurumlar) dövlətin daxili siyasətinə təsir, hətta, əks-təsir edirlər” [4].
Hazırda internet jurnalistikasının da uzərinə ciddi, mühüm vəzifələr düşür. Ənənəvi qəzetlərin internet versiyası, internet radiosu və televiziyalarının, xəbər portallarının, digər internet şəbəkələrinin fəailyyəti günumuzün reallıqlarıdır. Nəzərə almaq lazımdır ki, hər bir fəaliyyət sahəsinin inkişafının həm müsbət, həm də mənfi cəhətləri var. Bu inkişafa humanist məqsədlə yanaşdıqda, ondan bəşəri dəyərlər üçün istifadə etdikdə bu, beynəlxalq aləmə, dovlətə, xalqa fayda verəcək. Elmin, texnikanın, informasiya texnologiyalarının imkanlarından, inkişafından naqis məqsədlər üçün istifadə edildiyi zaman isə bu, mənfəət deyil, bəla, məhrumiyyət, təhlükəyə səbəb olacaq. Yəni əksliklərin mübarizəsi, xeyirlə şərin qarşıdurması bu gün həm də qlobal səviyyədə özünü göstərir. İnformasiya təhlükəsziliyi üçün bu yöndə də xüsusi mexanizm işlənib hazırlanır və bu fəaliyyət həm də qanunvericilik müstəvisində tənzimlənir. Bu gün demək olar ki, bütün sahələr informasiya sayəsində fəaliyyət gostərir, informasiyanın ən təkmil versiyası olan elektron informasiya geniş tətbiq edilir. Buna görə də informasiya təhlükəsizliyi problemi yalnız KİV-lə məhdudlaşmır, o daha geniş sahələri əhatə edir, təhlükəsizlik baxımından ciddi tədbirlərin görülməsi tələb olunur. 2016-cı il noyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxışında bildirib ki, “Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 75 faizindən çoxu fəal internet istifadəçisidir. Ölkə əhalisinin sayı təqribən 10 milyon nəfərdir və Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyondur. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı çox uğurlu olub. Biz məqsədimizə nail olmuşuq və bu 25 il ərzində siyasi və iqtisadi islahatlarla yanaşı, transformasiya keçmiş sahələrdən biri demokratik inkişaf istiqamətindəki islahatlar olub” [1].
Hazırda kiber-təhlükəsizlik məsələsi də mütəxəssisləri daha çox narahat edən problemlər sırasındadır. Elektron sistem əsasında qurulmuş fəaliyyət sahələrinə edilən müdaxilələr, haker hücumları günümüzün reallıqlarına çevrilib. Akademik Rasim Əliquliyev bildirir ki, “cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunmasında internet provayderləri də əhəmiyyətli rol oynayır. Ölkəmizdə interet xidmətləri təxminən 40-a yaxın provayder tərəfindən göstərilir. Cəmiyyətin informasiya təhlükəsizliyi, əsasən provayderlərdən və onların administratorlarından asılıdır” [2]. Bu cür təhlükə, eləcə də digər təhdidlərə qarşı mübarizə və informasiya təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2012-ci il sentyabr ayının 26-da “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri” haqqında fərman imzalayıb. Bu sənəd “ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması,bu sahədə təhdidlərin qarşısının alınması,təhlili və qabaqlanması üçün dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin əlaqələndirilməsi, kiber-təhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, ümummilli hazırlığın və maarifləndirmənin təmin edilməsi” məqsədi daşıyır [5].
Ölkə başçısının bu fərmanının tələblərinə əsasən Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, eləcə də Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında əlaqələndirici qurum olan Elektron Təhlükəsizlik Mərkəzi yaradılıb. ETM isə öz növbəsində kiber-təhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin əlaqələndirilməsini, ölkə səviyyəsində mövcud və yarana biləcək elektron təhlükələrə dair məlumatlandırmanı, əhalinin, eləcə də özəl və digər qurumların kiber-təhlükəsizliklə bağlı maarifləndirilməsini, həmçinin onlara metodiki yardımı həyata keçirir. Bu qurum ölkədə fəaliyyət göstərən digər aidiyyətı təşkilat və müəssisələrlə əlaqəli surətdə işləyir.
Hazırda dövrün tələbləri ilə ayaqlaşmaq üçün hər bir sahədəki yeniliklərlə əlaqədar müvafiq tədbirlər görülür və sahəvi qanunvericilik bazası təkmilləşdirilir. Hər bir sahənin qanunlarında isə müəyyən qabaqlayıcı addımlar-maddələr, bəndlər, o cümlədən təhlükəsizlik tələbləri mövcuddur. Tədqiqatçı Xalid Niyazov haqlı olaraq bildirir ki, ”media bir tərəfdən cəmiyyətin siyasi sistemini möhkəmləndirə, inkişaf etdirə, digər tərəfdən onu deformasiyaya uğrada, cəmiyyətə mənfi təsir edə bilər. Domokratik cəmiyyətlərdə media hakimiyyət və xalq arasında münasibətlərin ahəngdarlığının əsas vasitəsinə çevrilmişdir. KİV müxtəlif təsisatları təmsil etdiyindən, bəzən onun dövlətin və cəmiyyət maraqlarını ifadə etməməsi hallarına da rast gəlmək mümkündür” [8].
Məlum olduğu kimi, dövlətin və vətəndaşın əsas hüquq və azadlıqları ilk növbədə ana qanunda-Konstitusiyada təsbit olunub. Konstitusiya demokratik dövlətin əsas göstəricisidir. Sonra isə sahə qanunları gəlir. Ölkəmizdə KİV-in fəaliyyətini tənzimləyən əsas qanun Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikasının Qanunudur. 1999-cu ildə yenidən işlənərək qəbul olunan və sonradan bəzi əlavələr və düzəlişlər edilən bu sənəddə vətəndaşın informasiya azadlığı, məlumatın qanuni yolla və azad surətdə əldə olunması, yayılması, senzuranın, kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi, informasiya azadlığının və jurnalist hüququnun pozulmasına görə məsuliyyət nəzərdə tutulub. Bu hüquq və azadlıqlar və məsuliyyət KİV-lə bağlı digər qanunlarda da öz əksini tapıb. Bu qurumların hər biri həm də informasiya təhlükəsiziliyinin təmin olunmasına yönəlib[6].
Sivilizasiyaların yarandığı vaxtlardan indiyədək cəmiyyətlərdə bu və digər şəkildə informasiya mübadiləsi, eyni zamanda informasiya mübarizəsi aparılıb. İnformasiyadan bəzən silah kimi istifadə olunub və o, informasiya müharibəsinin əsas alətinə çevrilib. Bu gün də həm ayrı-ayrı ölkələr, həm də beynəlxalq aləmdə bəzi dairələr, qüvvələr arasında siyasi, hərbi və iqtisadi mövqe uğrunda açıq və gizli mübarizə gedir. “Gizli deyil ki, informasiyaya malik olanlar vəziyyətə nəzarət edirlər. Amma çox az adam bilir ki, dünyanın xüsusi xidmət idarələri özlərinin ehtimal olunan rəqibləri haqqında məlumatın 80%-ni ənənəvi olaraq açıq mənbələrdən, sorğu kitablarından, monoqrafiyalardan, məqalələrdən, kataloqlardan, icmallardan və digər nəşrlərdən alırlar. Nəhəng açıq informasiya mənbəyi olan internet isə bu “xəzinə”ni ağlagəlməz imkanlar meydanına çevirib” [3]. Çox vaxt iqtisadi məənfət uğrunda aparılan mübarizə hərbi qarşıdurmalara çevrilir. Bunu biz hazırda şərqdə-İraq, Suriya, Əfqanıstan, Liviya və bir sıra başqa ölkələrin timsalında görürük. Bu münaqişələrin hərəkətverici qüvvələri isə Qərbdə yerləşib və hər şey informasiya mübarizəsindən başlayıb. Çox zaman “demokratikləşmə” pərdəsi arxasında gizlədilən siyasət sonda insanların məhrumiyyətinə, qaçqın axınına, iqtisadiyyatın zəifləməsinə, devalvasiyaya gətirib çıxarır.
Ölkəmizə gəldikdə isə, hazırda bizi narahat edən əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Dünyada mövcud olan ikili standartlar, beynəlxalq ədalətsizlik və hüquqi normalara hörmətsizlik, eləcə də bu problemlə bağlı informasiya təbliğatının qeyri-obyektiv aparılması hələ ki, münaqişənin həllinə xidmət etmir. Bununla belə, Azərbaycanın haqlı mövqeyi, ölkədəki tolerant mühit, tarazlaşdırılmış daxili və xarici siyasət, eləcə də KİV-in xidməti sayəsində vəziyyət dəyişməkdədir. İşğalçı Ermənistanın yürütdüyü mənfur siyasət, özünütəcrid mövqeyi bu ölkənin monoetnik quruluşu, yaranmış iqtisadi və demoqrafik tənəzzül onun özünün daha çox ziyan çəkməsinıə gətirib çıxarır. Digər tərəfdən, bu ilin aprel ayında qoşunların təmas xəttində yaranmış gərginlik və Azərbaycanın hərbi əməliyyatlar zamanı əldə etdiyi üstünlük ölkəmizin öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu göstərir. Baş verən hadisələrə hərbi və psixoloji yöndən düzgün qiymət verən dövlət rəhbərliyi, ordu və mülki şəxslər, ölkə vətəndaşları mütəşəkkil surətdə atılan addımların real nəticəsinin şahidi oldu. Milli ruhun təntənəsi, hərbi-psixoloji, media-ordu, media-vətəndaş həmrəyliyi özünün müsbət nəticəsini göstərdi.
Bu gün düşmənlə müqayisədə hərtərəfli, o cümlədən informasiya üstünlüyü olan Azərbaycan yaranmış istənilən vəziyyəti öz xeyrinə dəyişmək, çevik addımlar atmaq və problemləri həll etmək üçün bütün vasitələrdən istifadə etmək haqqına, hüququna malikdir və ondan yararlanmaq əzmindədir. Azərbaycan dövlətinin düzgün siyasətini 2016-cı ilin noyabrında Bakıya səfər etmiş erməni vətənpərvərlər, hüquq müdafiəçiləri-Vahe Avetyan, Vahan Martirosyan və Suzzana Caqinyanın hərəkətləri də təsdiq edir. Onlar Bakıda Xocalı Soyqırımı qurbanlarına ucaldlmış “Ana harayı” abidəsini ziyarət edib üzr istədilər. Erməni jurnalsit, yazıçı və hüquq müdafiəçilərinin erməni xalqı adından etdikləri üzrxahlıq Ermənistan hakimiyyətinin apardığı siyasətin fiaskoya uğradığını göstərir və ölkəmizin düzgün yolda olduğunu bir daha sübut edir.

Ədəbiyyat
[1] Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimində nitqi. http://www.president.az/articles/21714
[2] Əliquliyev R. İnformasiya cəmiyyətinin formalaşmasının multidissiplinar elmi-nəzəri problemləri və onların ölkəmizdə araşdırılmasi vəziyyəti. AMEA-nın “Xəbərlər” məcmuəsi, cild 1, №1, mart, Bakı, 2014,s,33
[3] Əsgərbəyov Y. İnternetdə informasiya müharibələri. İnformasiya müharibələri və kompüter cinayətkarlığı, “Elm və təhsil”, Bakı, 2011,118 s
[4] Həsənov Ə. “Geosiyasət”, “Aypara-3”, Bakı, 2010,604 s
[5] “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri” haqqında Azərbaycan Respublikası prezidentinin fərmanı. http://www.president.az/articles/6298)
[6] ”Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının qanunu. “Azərbaycan” qəzeti, 3 fevral, №34, Bakı, 2000
[7] Mehdiyev R. Azərbaycanın inkişaf dialektikası. Bakı, Azərbaycan Milli Ensiklopediyası, 2000, 288 s
[8] Niyazov X. Dövlət informasiya siyasəti,”Elm və təhsil”, Bakı, 2016, 324 s
[9] R. Mahmudova. İnformasiyanın neqativ təsiri və onun aradan qaldırılması yolları. Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş İnformasiya təhlükəsziliyinin multidissiplinar problemləri üzrə 2-ci Respublika elmi-praktiki konfransının Əsərləri, Bakı,14 may 2015,s, 74

Açar sözlər: milli təhlükəsizlik; informasiya təhlükəsizliyi; kiber-təhlükəsizlik; informasiya sistemləri; ideologiya; kütləvi informasiya vasitələri; jurnalistika; demokratiya.

Ключевые слова: национальная безопасность, информационная безопасность, кибер-безопасность, информационные системы, идеология, средства массовой информации, журналистика, демократия.

Key words: national security, information security, cyber-security, information systems, ideology, mass media, journalism, democracy.

РЕЗЮМЕ
Роль СМИ во всестороннем развитии государства и людей незаменима. Медиа – это средство, которое имеет значимость с точки зрения стабильности и безопасности государства и создающее для этого почву. В исследовательской работе анализируются и оцениваются деятельность СМИ в обеспечении информационной безопасности в современный период, значимость для просвещения общества и обязанности, возлагаемые на них, в то же время, работы, проводимые в создании законодательной базы в этой сфере. В исследовании утверждается, что законы, принятые в нашей стране, шаги, предпринимаемые в этой сфере, а также развитие медии – всё это служит созданию безопасного общества, сохранению демократических ценностей.

SUMMARY
The role of mass media in the all-round development of state and people is irreplaceable. Besides, media is a tool that has significance in terms of stability and security of the state and to create for this soil. The research analyzed and evaluated the activities of media in providing information security in modern times, the importance of education for society and the duties assigned to them, at the same time, the work carried out in the establishment of the legal framework in this area. According to the study, laws adopted in our country and the steps taken in this sphere, as well as the development of the media - all this serves to create safe society and the preservation of democratic values.

 

"GEOSTRATEGİYA" jurnalı №03 (39) May-İyun 2017

 

Elşad Həsənli
Siyasi elmlər üzrə fəlsəfə doktoru


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2017
23-09-2017
23.09.2017 Payız gəldi...
22-09-2017
22.09.2017 Sabahın havası

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2845 san