08:45 30 İyul 2017
1242 dəfə oxunub
Çap versiyası
...

Bir dövlətə, bir millətə başçılıq etmək, lider olmaq, ümumən sözün geniş mənasında liderlik hər insana bəxş olunmur. Sözsüz ki, belə insanlar seçilmiş olurlar, onların hər adi insandan başqa öhdəlikləri olur. Tarix boyu hər dövlətə hər millətə müxtəlif liderlər gəlmişdir, lakin, onlar içərisində tarixi kökündən dəyişən, millətin yolunu aydınlatan, dövləti uçurumun kənarından qaytaran sözün əsl mənasında dahi olan liderlər çox az olmuşdur. Dünya tarixində iz qoyan belə bir dahi lider xoşbəxtlikdən Azərbaycan xalqına nəsib olmuşdur. Azərbaycan torpağının dahi oğlu Ulu Öndər Heydər Əlirza oğlu Əliyev tarixdə bir daha əvəzlənməyəcək şəxsiyyətdir. Əlbəttə ki, ölkənin çətin siyasi məqamında, keşməkeşli günlərində onun taleyi ölkəyə rəhbərlik edən şəxsdən asılı olur. Bütün bu dediklərimizi əsaslandıran akademik Ramiz Mehdiyev yazmışdır: “Kəskin ziddiyyətlər, faciəli proseslər, dərin kataklizmlər içərisində çapalayan ölkənin taleyüklü anında ona hansı şəxsiyyətin rəhbərlik etməsi isə onun tarixi-siyasi taleyində həlledici rol oynayır. Müstəqillik yoluna yenicə qədəm qoymuş, xarici və daxili siyasətinin əsas prinsipləri hələ müəyyən edilməmiş, ziddiyyətlərin kəskinləşdiyi bir zamanda acınacaqlı vəziyyətə düşmüş Azərbaycan üçün bu, xüsusilə böyük əhəmiyyət kəsb edirdi. ... Ən mürəkkəb vəziyyətlərdə düzgün qərar çıxarmaq, ağır və çətin problemlər içərisindən ən vacib və təxirəsalınmaz olanları müəyyənləşdirib həll etmək, qarşıya ümdə vəzifələr qoyaraq onların yerinə yetirməsi üçün iradə və əzmkarlıq göstərmək, öz kəsərli sözü, dəmir məntiqi ilə hamını bu yolda səfərbər etmək qabiliyyətinə bu qədər yüksək səviyyədə sahib olan şəxsiyyətə tarixdə nadir hallarda rast gəlmək mümkündür” [9, səh 104]
Ulu öndər Heydər Əliyev məhz respublikamızın müasir tarixinin ən ağır günlərində - 1993-cü ildə xalqın təkidi ilə Azərbaycanda ikinci dəfə siyasi rəhbərliyə qayıtdı və ölkəni dünyanın siyasi xəritəsindən silinməkdən – Azərbaycanı bir dövlət olaraq parçalanmaqdan xilas etdi. Bu, o demək idi ki, Azərbaycanın siyasi inkişaf mərhələsində yeni era – Heydər Əliyev erası başlayır. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev hələ 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki nitqində Azərbaycanın ağır iqtisadi böhran vəziyyətindən çıxarılması üçün sosial-iqtisadi sahədə qarşıda duran təxirəsalınmaz vəzifələri irəli sürmüş və onların həyata keçirilməsi uğrunda həyatının sonuna qədər biliyini, bacarığını, təcrübəsini həsr edəcəyinə and içmişdi. [7, səh 251]
Qafqazda sülhün, əmin-amanlığın, siyasi sabitliyin, iqtisadi və mədəni inteqrasiyanın əsas təminatçısı və alovlu təbliğatçısı, “Qafqazda sülh”, “Ümumi Qafqaz evi” ideyasının və konsepsiyasının banisi və bu konsepsiyanı həyata keçirən Heydər Əliyev olmuşdur. Bu, tarixi həqiqətdir ki, Heydər Əliyev bütün Qafqaz bölgəsində sülhün yaradılması təşəbbüsü ilə çıxış etmiş, onun təklifi ilə imzalanmış “Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizlik haqqında” Tbilisi Bəyannaməsində (1996) “Ümumi Qafqaz evi” ideyasını dəstəkləmişdir. [6]
Ulu Öndər Heydər Əliyev ATƏT-in İstanbul zirvə görüşündə (1999) “Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq paktı”nın yaradılması təklifi ilə çıxış etmiş və öz nitqində söyləmişdir: “Cənubi Qafqaz regionu Avropanın ayrılmaz hissəsidir. Mən Amerika Birləşmiş Ştatlarının, Avropa Birliyi ölkələrinin, Rusiyanın, Türkiyənin, Gürcüstanın, Ermənistanın və ATƏT-in marağı olan bütün digər üzvlərinin dövlət və hökumət başçılarına müraciət edərək onları regionumuzun problemlərinin həlli üçün qətiyyətli fəaliyyət göstərməyə çağırıram. Mən Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktının təsis olunmasını təklif edirəm. Belə bir pakt dövlətlərarası münasibətlərin və münaqişələri aradan qaldırmağın prinsipial əsaslarını təsbit etməlidir. Onun əsasında regiondan xarici hərbi qüvvələr çıxarılmalıdır. Regionu bölən ayırıcı xətlər aradan qaldırılmalıdır. Təcavüzə, etnik təmizləmələrə, separatçılığa və terrorizmə son qoyulmalıdır. Baş vermiş faktlar əsasında hərəkətlərə və ikili standartlara yol verilməməlidir. Belə bir pakt regionda sülh, sabitlik və təhlükəsizlik yaranmasına, Cənubi Qafqazın suveren, müstəqil demokratik dövlətlərinin iqtisadi tərəqqisinə və əməkdaşlığına gətirib çıxarardı. XXI əsrin astanasında beynəlxalq birliyin Cənubi Qafqazda uğurlu fəaliyyəti azad, bölünməz və təhlükəsiz Avropanın yaradılmasına mühüm töhfə olardı.” Bu təklif bir çox region dövlətləri tərəfindən müdafiə olunmuşdur. [1]
Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusudur. Ulu öndərin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının və sülhün qorunub saxlanılmasının nəinki ideya mənbəyidir, həmçinin möhtəşəm səfərbəredici amildir. Ümummilli liderin təlatümlərdən, təhlükələrdən çıxararaq qurub-yaratdığı Azərbaycan indi onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Ulu öndərin yaratdığı quruculuq şəraiti indi Azərbaycanın real siyasi və iqtisadi həyatında təzahür edir. Heydər Əliyev irsi yaşayır və qalib gələrək öz bəhrəsini müstəqil Azərbaycan Respublikasının inkişafında göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Konstitusiyaya və Qurani-Kərimə əl basaraq dövlətə və millətə sədaqətlə xidmət edəcəyinə and içərək, bəyan etmişdi: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır.
Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasətinin davam etdirilməsidir. Bu gün bu yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm. Heydər Əliyevin siyasətini davam etdirəcəyəm…” [12]
Heydər Əliyev ideyaları, siyasi xətti bu gün də yaşayır, qalib gəlir və bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan son on ildə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir. Hazırda ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr isə respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmaqdadır. [9]
Müstəqil dövlətçiliyimizin və Azərbaycanın ən yeni tarixinin yaradıcısı olan ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasına uyğun olaraq, dövlətçilik siyasətinin ən layiqli davamçısı, yüksək intellektə, əhatəli dünyagörüşünə, prinsipial mövqeyə, şəxsi nüfuza, fikirlərinin reallığa uyğunluğunu inandırıcı dəlillərdən istifadə yolu ilə sübut etmək bacarığına malik olan, beynəlxalq aləmdə kifayət qədər tanınmış siyasi xadim Cənab İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizdə sabitliyin axarı, müstəqilliyin möhkəmləndirilməsi, dövlətçiliyin gücləndirilməsi və qüdrətləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, beynəlxalq nüfuzunun yüksəlməsi və sülhün qorunub saxlanması istiqamətində yeni-yeni uğurlar qazanılmaqdadır. Bu gün Azərbaycan xalqı, vətəndaşlarının Milli Konstitusiya və mütərəqqi qanunlarla tənzimlənən hüquq və azadlıqlarına real təminatlar yaradan, hüquqi məkanda və vətəndaş cəmiyyətdə yaşadığına, mütərəqqi islahatlar nəticəsində formalaşmış demokratik, sivil və hüquqi dövlətdə fəaliyyət göstərdiyinə, “Əsrin müqaviləsi” və bu kimi digər böyük layihələri həyata keçirdiyinə, özəlləşdirmə aparilmaqla bazar iqtisadiyyatı şəraitinin formalaşması nəticəsində əldə etdiyi iqtisadi müstəqilliyinə, beynəlxalq aləmin tamhüquqlu üzvü olmaqla, dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiya etdiyinə, ərazi bütövlüyünün bərpası istiqamətində aparilan və son nəticədə erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması ilə nəticələnəcək siyasətə görə dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən dövlətçilik siyasətinə borcludur. Dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın dinamik şəkildə və yüksələn xətlə sosial-iqtisadi inkişafı, əhalinin həyat şəraitinin qabaqcıl ölkələr səviyyəsinə qaldırılması, müxtəlif sahələr üzrə, o cümlədən idmanla əlaqədar əhəmiyyətli nailiyyətlərə müvəffəq olunması, demokratik dəyərlərin tam şəkildə reallaşması və dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiyası, doğma torpaqlarımızın erməni işğalından azad edilməsi istiqamətində müəyyənləşdirılmış uzaqgörən strateji xəttə uyğun olaraq, məqsədyönlü tədbirlər həyata keçirilir.[8, səh 101-102]
Dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi üçün heç bir xarici təsirə yol verilmədən aparılan siyasət, Azərbaycanın regionda və dünyada nüfuzunun yüksəldilməsi XXI əsrin əvvəlində müstəqil Azərbaycan dövlətinin siyasətini xarakterizə edir. Bu xətt mühüm beynəlxalq məsələlərə dair ölkəmizin mövqeyində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə yanaşmada, mürəkkəb siyasi problemlər yaşayan qonşu dövlətlərlə münasibətlərdə, enerji resurslarından istifadədə, xarici şirkətlərlə bağlanan müqavilələrdə və sair məsələlərdə aydın təzahür edir. Dağlıq Qarabağ münaqişəsinin həlli yolları haqqında danışarkən Prezident həmişə vurğulayır ki, biz ölkənin ərazi bütövlüyünü şübhə altına alan, onun suverenliyini pozan hər hansı nizamlama modelini qəbul etməyəcəyik. Bir-biri ilə gərgin münasibətləri olan, regionda maraqları kəsişən əksər dövlətlərin hər biri ilə (ABŞ-İran, Rusiya-Gürcüstan) Azərbaycan dostluq və konstruktiv əməkdaşlıq münasibətlərindədir və bir dövlətin siyasi, strateji, iqtisadi və sair maraqlarına görə digəri ilə əlaqələrə yenidən baxmaq niyyətində olmadığını bildirir. ABŞ Konqresinin Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsini maliyyələşdirməkdən imtina etməsinə rəğmən Azərbaycan Türkiyə və Gürcüstanla birlikdə onun tikintisində israrlı olduğunu bildirir, yeni maliyyələşmə mənbələri axtarıb tapır. Yaxud Azərbaycanda işləyən hər hansı xarici şirkət öhdəliklərini pozursa, Azərbaycan hökuməti ölkənin iqtisadi mənafelərini əsas götürərək və digər mülahizələri rədd edərək yeni investorlarla danışıqlar aparır. Bu qəbildən çox misallar gətirmək olar. Prezident bildirir ki, “Azərbaycan öz müstəqilliyini çox qiymətləndirir. Müstəqillik hansısa rəsmi atributlarla ölçülmür. Dünyada bir çox ölkə var ki, onun atributları mövcuddur, amma müstəqil siyasət apara bilmir. Azərbaycan xoşbəxtliyi ondadır ki, biz bundan azadıq”. Bu baxımdan özünü fəxrlə başqa dövlətin “forpostu” adlandıran işğalçı Ermənistanın vəziyyəti doğrudan da acınacaqlıdır. İqtisadi, siyası və kommunikasiyalar cəhətdən qonşu dövlətlərdən tamamilə asılı olan bu ölkə öz təcavüzkar siyasətinin girovuna çevrilmişdir. Bu məsələyə Azərbaycan Prezidentinin münasibəti də maraqlıdır: “Bizim qonşuluğumuzda başqa ölkələr var ki, adı müstəqildir, özü müstəqil deyil, başqa qüvvələrin, dairələrin, ölkələrin iradəsi ilə oturub-durur. Bizdə əsl müstəqillik var, öz siyasətimizi yalnız və yalnız xalqın iradəsinə, istəyinə əsaslanaraq həyata keçiririk. Heç kim bizə təsir edə bilməz.” [3, səh 64-67]
Təqdirəlayiq haldır ki, dövlət rəhbəri İlham Əliyevin müvəffəqiyyətlə həyata keçirdiyi məqsədyönlü siyasətlə ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın nəcib fəaliyyəti həmahəngdir. Prezidentimiz və onun xanımı Azərbaycanın nəinki Qafqaz regionunda, eləcə də bütün dünyada aparıcı mövqeyə sahib durması, dünya birliyində layiqli yerini tutması, qüdrətli, inkişaf etmiş dövlətə çevrilməsi üçün yorulmadan çalışırlar. Mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qorunması, ümumbəşəri dəyərlərə sadiq qalması, təhsilimizin, elmimizin inkişafı istiqamətində bu xeyirxah xanımın göstərdiyi xidmətlər, gördüyü dəyərli işlər xalqımız üçün, millətimiz üçün, vətənimiz üçün müstəsna əhəmiyyətə malikdir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti olaraq dövlətçilik tariximizdə misilsiz tarixi xidmətlər göstərmiş qüdrətli bir şəxsiyyətin – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin qorunması və təbliği kimi ali bir missiyanı da layiqincə yerinə yetirir. Ulu öndər Heydər Əliyev zəngin dövlətçilik və siyasi irsinin qorunması, təbliğ edilməsi və gələcək nəsillərə ötürülməsi Azərbaycan xalqının milli dövlətçilik şüurunun inkişafının və yetişməkdə olan gənc nəslin dövlətçilik ənənələrinə sədaqət, azərbaycançılıq ideologiyası, Azərbaycan məfkurəsi ruhunda tərbiyə olunmasının ən vacib şərtlərindən biridir. [2, səh 20]
2003-cü ildən etibarən cənab İlham Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siması, atributu kimi qəbul edilir. Ulu öndərin zəngin və tükənməz siyasi irsinə, xalqımızın iradəsinə söykənən Prezident İlham Əliyev peşəkar dövlət xadimi, görkəmli siyasətçi, nüfuzlu bir lider kimi ölkədə və xaricdə özünü təsdiq etdi. Dövlətin inkişafında о qədər də böyük hesab edilməyən zaman ərzində, 2003-cü ildən bəri davam edən dövrdə Prezident İlham Əliyevin başçılığı ilə əldə edilən uğurlar nəticəsində Azərbaycan dünyanın siyasi məkanında sanballı yer tutub.
Cənab Prezident İlham Əliyev respublika nazirlər kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında öz nitqində söyləmişdir: “Bizim gələcək illər üçün əsas məqsədimiz neft-qaz amilindən asılılığımızı azaltmaqdır. Əlbəttə, biz realist olmalıyıq və bilməliyik ki, hələ uzun illər ərzində neft-qaz, enerji sahəsi bizim iqtisadiyyatımız üçün aparıcı sahə olacaqdır və bu, normal bir prosesdir. Amma bilirsiniz ki, qeyri-neft sektorunun inkişafı üçün lazımi tədbirlər görülür və deyə bilərəm ki, son illər ərzində kənd təsərrüfatında ən yüksək nəticələr əldə edilibdir. Bu ilin altı ayında kənd təsərrüfatı istehsalı 10 faizdən çox artmışdır. Əvvəlki illərdə bu artım daha da aşağı rəqəmlərlə ölçülürdü. Ancaq görülən tədbirlər nəticəsində – biz bu gün bu barədə danışacağıq – bir il ərzində böyük artıma nail ola bildik. Bu tədbirlər kompleks xarakter daşıyırdı və təkcə bir ilin tədbirləri deyildir. Biz bunu son bir neçə il ərzində etmişdik və indi nəticələrini görürük. Mən şübhə etmirəm ki, artıq görülmüş və gələcəkdə görüləcək tədbirlər nəticəsində kənd təsərrüfatında daha da böyük inkişaf olacaqdır.” [5]
Bu gün Azərbaycanın sürətli inkişafı yeni-yeni istiqamətləri əhatə edir və ölkəmizin regionda lider dövlət olduğunu bir daha təsdiqləyir. Fərəhləndirici haldır ki, 2013-cü ildə Azərbaycanda kosmik sənayenin yaranmasının əsası qoyulmuşdur. Həmin il “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmuşdur. Ötən ilin əvvəllərində ilk Azərbaycan peyki - “Azərspace-1” fəzaya qaldırılmışdır. Bu, xalqımızın, dövlətimizin böyük tarixi nailiyyətidir.
İqtisadiyyat bütün dövrlərdə hər bir ölkənin yüksəlişini təmin edən dayaqlardan biri olmuşdur. Müasir qloballaşma dövründə iqtisadi maraqlar dünyanın simasmı kökündən dəyişən ciddi amilə çevrilmişdir. Azərbaycanm gələcəyi iqtisadi amillərlə birbaşa bağlıdır. 2003-2006-cı illər ölkəmizin sosial-iqtisadi inkişafınm sürətləndirilməsi ilə səciyyələnir və Azərbaycan iqtisadiyyatı üçün olduqca uğurlu olmuşdur. Əldə olunan bu uğurları isə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, islahatların ardıcıl həyata keçirilməsi, iqtisadi inkişafda yeni hədəflərin müəyyən edilməsi və cəmiyyətin real ehtiyaclarınm ödənilməsinə yönəldilmiş dövlət proqramlarmm reallaşdırılması, sosial siyasətə vaxtında korrektivlər edilməsi, dövlətin maliyyə imkanlarınm artması, regional və beynəlxalq əməkdaşlığm genişləndirilməsi təmin etmişdir. Yüksək və davamlı iqtisadi artım tempinin təmin edilməsi iqtisadi inkişafda yeni mərhələnin əsas xüsusiyyətlərindən biri kimi qiymətləndirilməlidir. 2003- 2006-cı illərdə ÜDM-in həcmi 2,5 dəfə artmışdır. Beynəlxalq iqtisadi təşkilatlar tərəfindən hazırlanan hesabatlarda Azərbaycanda iqtisadi artım tempinin dünyada rekord səviyyəyə çatdığı qeyd edilir. İlbəil artmaqda olan dövlət büdcəsi ölkə iqtisadiyyatında müşahidə olunan mütərəqqi dəyişiklikləri çox aydın şəkildə özündə əks etdirir.
Ölkə iqtisadiyyatında neft sektoru həlledici rol oynasa da, son illər qeyri-neft sektorunun da fəaliyyətində canlanma hiss olunur. İqtisadiyyatın neft sektorundan asılılığının azaldılması və sənayenin hərtərəfli inkişafının təmin edilməsi iqtisadi siyasətin öncül istiqamətlərindən biri kimi müəyyən edilib. Ölkə başçısının təşəbbüsü ilə Dövlət İnvestisiya Şirkətinin yaradılması da qeyri-neft sektorunun inkişaf etdirilməsinə xidmət edir. Prezident İlham Əliyev əvvəlcə ölkəmizin inkişaf prioritetlərini müəyyən edən “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanı imzaladı, az sonra isə davamlı və tarazlı inkişafın təmin edilməsinə yönəldilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramını (2004-2008-ci illər) təsdiq etdi. Sosial-iqtisadi və institusional bloklar üzrə genişmiqyaslı konkret tədbirləri nəzərdə tutan regional inkişaf proqramı hazırda uğurla icra edilir. [10]
Prezident İlham Əliyevin Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda nitqində söyləmişdir: “Birinci beşillik Proqramın icrası nəticəsində iş yerlərinin açılması ilə bağlı əvvəldən verilmiş proqnozlar daha da nikbin olmuşdur, 600 mindən çox iş yerləri açılmışdır ki, biz 2004-cü ildə bəyan etdiyimiz hədəflərə çata bildik. Ancaq bu proses ondan sonrakı dövrdə də davam etmişdir. 2009-cu ildə ikinci Dövlət Proqramı qəbul edilmişdir. Bu ilin sonunda bu Proqram başa çatacaqdır. Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Ölkəmiz bu baxımdan bütün mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Hazırda Azərbaycanda müxtəlif layihələrdə iştirak edən yerli şirkətlərin sayı böyük dərəcədə artmışdır. Son 9 il ərzində on minlərlə yeni müəssisə yaradılmışdır ki, 2500-ə yaxın məktəb, 500-dən çox tibb müəssisəsi, 35 Olimpiya idman Kompleksi və digər sosialyönümlü obyektlər istifadəyə verilmişdir. İnfrastruktur layihələrinin icrası məsələləri daim diqqət mərkəzində olmuşdur. Ölkəmizdə demoqrafik vəziyyət müsbətdir. Birinci Proqram qəbul olunandan bu günə qədər əhalimizin sayı 1 milyon 86 min nəfər artıbdır. 2003-cü ildə əhalimiz 8 milyon 270 min, 2012-ci ildə 9 milyon 356 min olmuşdur. ” [4]
Bu gün İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və siyasi sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər ölkəmizin hərtərəfli inkişafı üçün əlverişli imkanlar və yeni-yeni perspektivlər açır. Heç şübhəsiz, Heydər Əliyevin miras qoyduğu və İlham Əliyev tərəfindən uğurla yerinə yetirilən siyasət nəticəsində Azərbaycanın bugünkü dinamik inkişaf tempi onu ortamüddətli perspektivdə yüksək həyat səviyyəsinə, güclü iqtisadiyyata malik ölkələr siyahısına daxil edəcək və qafqazda öz liderliyini qoruyub saxlayacaqdır.

 

Ədəbiyyat

1. Heydər Əliyev “Müstəqilliyimiz əbədidir”, XXIII cild, Bakı, 2008, 217 səh
2. Xoşməramlı səfir, I kitab, Bakı, Şəms, 2005, 192 səh
3. İlham Əliyev “İqtibaslar və təhlil”, Bakı, “Azərbaycan” nəşriyyatı, 2006, 328 səh
4. İlham Əliyev “Azərbaycan 2013-2003: əsrə bərabər illər: Regional inkişaf: modernləşmə və sahəvi ənənələrin qorunması”, Bakı, Şərq-Qərb, 2013, 492 səh
5. İlham Əliyev “İnkişaf - məqsədimizdir: XXXI kitab: iyun 2008-avqust 2008”, Bakı, Azərnəşr, 2016, 392 səh
6. İradə Hüseynova “Heydər Əliyev və Qafqazda sülh prosesi”, Bakı, Çaşıoğlu, 2008, 672 səh
7. İradə Hüseynova “Müstəqil Azərbaycan dövlətinin qurucusu”, Bakı, Təhsil, 2004, 472 səh
8. Məhərrəm Məmmədov “III Respublika: Milli inkişaf modeli və strategiyasi”, Bakı, 2008, 216 səh
9. Ramiz Mehdiyev “Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi”, Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001, 276 səh
10. Ramiz Mehdiyev “Yeni siyasət: inkişafa doğru” I cild, Bakı, Oskar NPM, 2008, 581 səh
11. http://customs.gov.az/az/news-1609.html Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir
12. “Azərbaycan” qəzeti, 01.11.2003


Açar sözlər: Heydər Əliyev, İlham Əliyev, prezident, sülh, siyasət, davamçı.

Ключевые слова: Гейдар Алиев, Ильхам Алиев, президент, мир, политика, преемник.

Keywords: Haydar Aliyev, Ilham Aliyev, president, peace, policy, successor.

 

Summary
Heydar Aliyev’s policy and continuation of this policy by Ilham Aliyev
Ilham Aliyev as a successful successor of the policy of Heydar Aliyev has taken important steps in developing and flourishing of the Republic of Azerbaijan.

Резюме
Политика Гейдарa Алиевa и в продолжение этой политики Ильхама Алиева
Ильхам Алиев как успешной преемника политики Гейдара Алиева предпринял важные шаги в развития и процветания Азербайджанской Республики.

 

"GEOSTRATEGİYA" jurnalı №03 (39) May-İyun 2017

 

Ülkər Məmmədzadə
Bakı Dövlət Universiteti


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-09-2017
19-09-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2271 san