08:45 31 İyul 2017
601 dəfə oxunub
Çap versiyası
...

Qlobal iqtisadi çağırışlar dərinləşdikcə və intensivləşdikcə özləri ilə yeni yanaşmalar, yeni şərtlər formalaşdırır, daha mürəkkəb fəaliyyət elementləri gətirir. Qlobal iqtisadi böhranlar dünyanın istənilən ölkəsində və istənilən qitəsində təsir gücünə malik olduğundan, bu çağırışlara rəğmən fəaliyyət istiqamətləri və mexanizmləri yenilənməli, təkmilləşdirilməli və kifayət qədər məhsuldar elementlərlə, daha iti alətlərlə zənginləşdirilməlidir. Müasir dünyanın iqtisadi çağırışlarında və tendensiyalarında fəal mal mübadiləsinin təşkili, alqı-satqı proseslərinin intensivliyi, beynəlxalq ticarətin səmərəli təşkili, dünyada qeyri-bərabər bölüşdürülmüş resurs və xammal potoklarından maksimumu effektiv istifadə edilməsində logistika sisteminin mühüm əhəmiyyəti vardır.
Hazırda ölkəmizdə milli iqtisadiyyatın strateji hədəflərinin müəyyənləşdirildiyi və icrasına başlanıldığı bir şəraitdə logistika sisteminin əhəmiyyəti birəbeş artmışdır. Azərbaycan Respublikası Prezdentinin 2016-ci il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsində qeyd edilir ki, logistika... sürətlə qloballaşan dünyada iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrilməklə, əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradır. Hesablamalar göstərir ki, inkişaf etmiş nəqliyyat və logistika sistemi ÜDM-də 3 %-dək birbaşa artıma imkan verir[1, s.5]. Təəssüf ki, ölkəmizdə müasir standartlara və meyarlara cavab verən logistika sistemi və logistika institutu hələlik formalaşdırılmayıb. Sovetlər birliyi dönəmində logistika sistemi arxa planda qalmışdı. Belə ki, xammal resurslarının formalaşdırılması və bölüşdürülməsi mərkəzdə-Moskvada aparıldığından logistika sisteminin inkişafına ehtiyac duyulmurdu[2] Digər tərəfdən respublikaların və müəssisələrin statusu müstəqil logistika sisteminin və logistika konsepsiyasının formalaşdırılmasına və reallaşdırılmasına imkan vermirdi. Amma indi ölkəmiz müstəqil dövlətdir və müstəqilliyin bərpasından keçən dövrdə əksər sahələrdə əhəmiyyətli inkişaf yolu keçmişdir. Son illərdə milli iqtisadiyyatımızın strateji hədəflərinin yenidən baxılması və qlobal iqtisadi çağırışlar nəzərə alınmaqla modelləşdirilməsi logistika sisteminin əhəmiyyətini önə çıxarmışdır.
Qeyd edək ki, logistika sisteminin milli iqtisadiyyatın müxtəlif sahələrinin inkişafında rolu durmadan artmaqdadır. Bu ilk növbədə, bazar iqtisadiyyatı və qlobal iqtisadi çağırışlar şəraitində təsərrüfat-kommersiya fəaliyyətinin optimallaşdırılması, məhsulların maya dəyərinə çəkilən xərclərin azaldılması, xammal potoklarının və hazır məhsulların bütün hərəkət tsikli boyunca səmərəli nəqlinin və daşınmasının təmin edilməsi, istehsal prosesi və kommersiya münasibətləri iştirakçılarının ümumi maraqlarının maksimum qorunması, məhsulların daşınması zamanı itkilərin azaldılması, mürəkkəb istehsal proseslərinin fasiləsizliyinin təmin edilməsi və s. birbaşa bağlıdır[3].
Ölkəmiz üçün kifayət qədər əhəmiyyətli milli iqtisadiyyat sektorlarından biri kimi xarakterizə olunan kimya və neftkimya sektoru da belə iqtisadiyyat sahələrindəndir. Kimya və neftkimya sektorunun güclü ixrac potensialı vardır və bu sahənin balanslaşdırılmış inkişafı ixrac təyinatlı rəqabət qabiliyyətli məhsulların istehsalını artırmağa və ölkəmizə əlavə valyuta vəsaitlərinin gətirilməsində məhsuldar rol oynaya bilər[4]. Hazırda ölkəmizdə kimya və neftkimya sektorunun müasir istehsal gücləri və yeni müəssisələri yaradılmaqdadır. Ölkə Prezdentinin təşəbbüsü və nəzarəti altında nəinki ölkəmizin, regionun əsas kimya və neft-kimya mərkəzi olan Sumqayıt şəhərində müasir infrastruktura malik Kimya Sənayesi Parkı yaradılmışdır[5]. Bu parkda bir-birinin ardınca yüksək texnologiyalar əsaslı yeni müəssisələr istismara verilir və şübhəsiz həmin müəssisələrin xammal təminatının və hazır məhsul göndərişinin fasiləsiz təşkili əsas etibarı ilə logistika sisteminin maksimum səmərəli fəaliyyətindən asılıdır. Bu parkda iri məhsuldarlığa malik kimya və neftkimya qurğuları ilə yanaşı, müasir logistika sisteminin yaradılması da nəzərdə tutulmuşdur[6]. Digər tərəfdən, keçmiş SSRİ-də və Şərqi Avropada ən məhsuldar və səmərəli neftkimya qurğularından biri olan “EP-300” SOCAR-ın “Azərikimya” İB-də- Sumqayıtda fəaliyyət göstərir. “EP-300” qurğusunun əsas təyinatı ilkin emal və ya müxtəlif karbohidrogen məhsullarının priolizi nəticəsində alınan piroqazı rektifikasiya etməklə əsas məhsul kimi-etilen, propilen, əlavə məhsullar-butilen butadien fraksiyası, yüngül piroliz qətranı, ağır qətran və s. qiymətli yarımfabrikatlar, xammal resursları almaqdan ibarətdir. Qurğunun layihə gücü ildə 300 min ton etilen və 136 min ton propilen istehsal etməyə imkan verir[7, s. 26]. Göründüyü kimi, hələ hazırda mövcud qurğularda belə əlavə dəyər yarada biləcək məhsulların istehsalının artırılması üçün kimya və neftkimya sektorunda kifayət qədər ehtiyat mənbələri vardır və onlardan səmərəli istifadə səviyyəsi aşağıdır. Logistika sisteminin bu sektorda güclü inkişafı qurğunun tam istehsal potensialına uyğun yüklənməsinə, məhsul istehsalının əhəmiyyətli səviyyədə artırılmasına imkan verər. Digər tərəfdən, mövcud xammal və hazır məhsul potokları və yaxın perspektivdə istifadəyə veriləcək iri kimya və neftkimya müəssisələrinin istehsal gücü və xammal tələbatı nəzərə alınmaqla, logistika sisteminin əhatə edə biləcəyi xammal və yük potokunun 3 mln. tonadək artacağı gözlənilir. Bu baxımdan kimya müəssisələrinin logistika sisteminin iqtisadi səmərəliliyinin və daha məhsuldar fəaliyyətinin təşkili mühüm əhəmiyyət kəsb edir. Milli iqtisadiyyatın gəlirli sahələrindən olan kimya və neftkimya sektoruna daxil olan müəssisələrdə logistika sisteminin inkişaf etdirilməsinin əhəmiyyətini aşagıdakı amillərlə əsaslandırmaq mümkündür:
-logistika sisteminin səmərəli təşkili ilə kimya və neftkimya müəssisələrinin fasiləsiz olaraq xammal və materillarla təmin edilməsində etibarlı fəaliyyət sistemi formalaşdırılır;
-kimya və neftkimya müəssisələrində uzunmüddətli fasiləsiz fəaliyyət və istehsal, satış hədəfləri nəzərə alınmaqla xammal və materiallara, yükdaşımalara olan tələbatların sistemli və kompleks baxılması, öyrənilməsi, texniki-iqtisadi əsaslandırılması, hüquqi-təşkilati tədbirlərin görülməsi, kommersiya münasibətlərinin formalaşdırılması və fəaliyyətinin təşkili mümkünləşir;
-istehsal proseslərinin və kimya müəssisələrinin bütövlükdə fəaliyyətinin effektivliyinin artırılmasına imkan verən tədbirlərin görülməsi, məsələn maya dəyəri xərclərinin və əlavə xərclərin, o cümlədən nəqliyyat və bunlarla bağlı əlavə xdmət xərclərinin optimallaşdırılmasına əlverişli şərait yaranır;
-kimya və neftkimya müəssisələrinin sərəncamında olan və əlavə cəlb edilmiş nəqliyyat vasitələrindən, icarəyə götürülmüş dəmiryolu vaqonlarından, digər texniki vasitələrdən istifadənin səmərəliliyinin yüksəldilməsi tədbirlərinin genişləndirilməsinə əlavə imkanlar formalaşır;
-qlobal təsirlərin gücləndiyi və təhlükələrin artdığı bir şəraitdə kimya və neftkimya müəssisələrinin ixrac potensialının artırılmasına, dünya bazarlarına daha sərfəli şərtlərlə çıxışın təmin edilməsinə, rəqabət mühitində müəssisələrin manevrlilik imkanlarının yüksəldilməsinə, boş dayanmalara və itkilərə yol verilməməsinə, satış konsepsiyası üzrə hazır məhsul hərəkətinin alıcılara çatdırılması proseslərinin maksimum səmərəli təşkilinə, müəssisənin fasiləsiz iş rejiminin təmin edilməsi üçün xammal və material ehtiyatlarının daha effektiv idarə edilməsinə münbit şərait yaradır və s.

ƏDƏBİYYAT


1. Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.
2. Əliyev Ş.T. Azərbaycanın kimya və neft-kimya kompleksinin qiymətləndirilməsi və yenidən qurulması istiqamətləri. Bakı, “Elm və təhsil”, 2012.- 156 s.
3. Гамидова А.М., Касумова З.М. Важность ускорения повышения эффективности логистики и логистической системы в условиях углубления мирохозяйственных процессов// Журнал Научное обозрение, Москва, №24, 2016.- С. 236-241.
4. Əliyev Ş.T. Sumqayıt sənaye kompleksinin ölkəyə valyuta resursları gətirilməsində rolunun gücləndirilməsi məsələləri// Audit jurnalı, № 4, 2016.- S. 45-50.
5. Sumqayıt Kimya Sənaye Parkı. http://www.scip.az.
6. Logistika. Sumqayıt Kimya Sənaye Parkı. http://www.scip.az.
7. Əliyev Ş.T. Sumqayıt sənaye mərkəzi: mövcud potensialdan istifadə, modernləşdirmə və müasirləşdirmə prioritetləri. Bakı: “Elm və təhsil”, 2012.- 196 s.

Açar sözlər: strateji yol xəritəsi, kimya və neftkimya müəssisələri, logistika sistemi, logistika sisteminin səmərəliliyi, qlobal iqtisadi çağırışlar.
Ключевые слова: стратегическая дорожная карта, химическая и нефтехимическая предприятия, логистическая система, рациональность логистической системы, глобальные экономические вызовы.
Key words: strategic road maps, chemical and petrochemical enterprises, logistic system, rationality of logistic system, global economic challenges.


РЕЗЮМЕ
В статье исследованы важность логистической системы в осуществлении стратегических дорожных карт в условиях глобальных экономических вызовов. С этой целью анализировано роль химических и нефтехимических предприятий в развитии национальной экономики и важности развития логистической системы в них. Обосновано необходимость расширения деятельности логистической системы в химических и нефтехимических предприятиях.
В конце статьи даны предложения и рекомендации по важность логистической системы в осуществлении стратегических дорожных карт в условиях глобальных экономических вызовов.

SUMMARY
The importances of logistics system in the implementation of strategic road maps in the face of global economic challenges are explored in the article. The role of chemical and petrochemical enterprises in the development of the national economy and the importance of the development of logistics system in them are analyzed with this purpose. Justified by the need to expand the activities of the logistics system in chemical and petrochemical plants.
The suggestions and recommendations on the importance of logistics system in the implementation of strategic road maps in the face of global economic challenges are given at the end of the article.

 

"GEOSTRATEGİYA" jurnalı №03 (39) May-İyun 2017

 

ALMAZ HƏMİDOVA
Sumqayıt Dövlət Universiteti


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2017
23-09-2017
23.09.2017 Payız gəldi...
22-09-2017
22.09.2017 Sabahın havası

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6733 san