20:56 07 Avqust 2017
881 dəfə oxunub
Çap versiyası
...

XX əsrin ilk illərində fransız arxeoloqları qədim Elam dövlətinin paytaxtı Suz şəhərində bazalt sütun aşkar etdilər. Sütunun üstündəki yazılar vardı. Yazılara keçməzdən əvvəl istəyirəm hafizəmizi təzələyim və qeyd edim ki, qədim Suz şəhərinin izləri  müasir İranın cənub-qərbində qalıb.  Zaqros dağlarının ətəklərində, Tiqr çayından 250 km. şərqdə.

Və fransızların tapdıqları sütun Elama Mesopotamiyadan gətirilib. Bu tarixi-coğrafi bölgə indiki İraq ərazisini, Suriyanın çimal-şərqini, Türkiyənin və İranın sərhəd bölgələrini əhatə edir.

Mesopotamiyanın cənubunda vaxtilə Babil  çarlığı olub.

Suzda tapılmış sütunun üzərində Babilin çarı, e.ə. 1750-ci ildə dünyasını dəyişmiş Hammurapinin qanunları həkk olunub.

Hammurapi tarixdə mahir siyasətçi və sərkərdə  kimi qalıb. Düz  43 il çarlıq edib. Bu azmış kimi qanunlar da yazıb.  Elə sözügedən sütunun üzərində həkk olunmuş 282 yazı da onun qanunlarıdır.

Istəyirəm bu qanunlardan ikisinə diqqətinizi cəlb edəm.

Hammurapinin 196-cı qanununda deyilir ki, bir adam digərinin oğlunun gözünü çıxarsa, həmin adamın da bir gözü çıxarılmalıdır.

200-cü qanunda dişlərdən bəhs edilir. Bu qanuna əsasən biri digərinin dişini vurub qırıbsa, onun da dişini qırmaq lazımdır.

Bax belə.

Əlbəttə, maraqlananlar Hammurapinin bütün qanunlarını oxuya bilərlər. Amma, elə yuxarıdakı qanunlar da kifayət edir ki, bir neçə minillik bundan əvvəl ölmüş çarın vaxtilə nə qədər ədalətli olduğunu bilək.

Hammurapi həm ədalətli olub, həm də xeyli torpaq tuta bilib. Və bu lazım ola biləcəyindən xeyli iddialı olan Səddam Hüseynin diqqətini cəlb etməyə bilməzdi. Vaxtilə Bağdadı Hammurapinin Hüseynlə profildən çəkilmiş şəkilləri bəzəyirmiş. Eynilə Karl Marksın, Fridrix Engelsin və  Vladimir Leninin bütün Sovet İttifaqını bəzəmiş məşhur “üçlük”ləri kimi.

Və Hammurapi-Hüseyn “cütlük”lərinin də aqibəti elə məşhur “üçlük”lərin aqibəti kimi olduğu hamıya məlumdur…

Az qala 10 il bundan əvvəl, 2006-cı ilin 30 dekabrında  Səddam Hüseyn edam edilib.

Onun edamından 9 il 10 ay sonra, 2016-cı ilin 30 oktyabrında, təkcə bir gün ərzində Bağdadın şiə rayonlarında 5 terror aktı törədilib. Ən azı 17 nəfər həlak olub…

Bağdad Hammurapinin Babilindən 90 km. şimalda yerləşir.

 

Fuad Babayev

Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.318 san