14:57 27 May 2014
7471 dəfə oxunub
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

Sovetlər imperiyasının məngənəsindən qopub ayrılmış postsovet dövlətləri mövcud olduqları dövr ərzində müxtəlif mərhələlərdən keçmiş, çoxsaylı maneələrlə üzləşmişlər. Hər bir dövlət beynəlxalq aləmdə özünün tutduğu yola və yeritdiyi siyasətə müvafiq yerini qazanmışdır. Həmin məkanda XX əsrin 80-ci illərindən SSRİ-nin dağılması ilə başlanmış dramatik proseslər təhlükəli məqamlarından birinə daxil olmuşdur. Əgər XX əsrin 80-90-cı illərində parçalanma prosesləri üstünlük təşkil edirdisə, yeni əsrin əvvəllərindən etibarən itirilmişlərin bir yerə toplanması cəhdləri daha çox müşahidə edilməkdədir. Parçalanma dövrünün böhranından çıxmağa başlayan və keçid dövrünün problemlərini dəf edən Rusiyanın bir sıra qüvvələri keçmiş məkanda itirilmiş nüfuzunu bərpa etmək məqsədi ilə yeni iddialarla çıxış edir. Zaman sübut edir ki, əslində bu iddialardan heç vaxt imtina edilməmişdi, hələ qarışıqlıq dövründə yaradılmış münaqişə ocaqları, süni problemlər hazırkı dövrün məqsədlərinə hədəflənmişdi. O münaqişələrin və ziddiyyətlərin həll edilməməsinin səbəblərini də bu məsələlərdə axtarmaq lazımdır.
Müasir dövrdə Azərbaycanın ən böyük problemi olan Qarabağın işğalı və onun aradan qaldırılmasında qarşıya çlxan problemlərin həlli daim diqqət mərkəzində olmasına baxmayaraq, hələ də ciddi irəliləyişə nail olmaq mümkün olmamışdır. Məsələnin mürəkkəbliyi və belə müşkülə düşməsi onun gözə görünən və ilk baxışda əsas səbəb hesab edilən cəhətlərinin çətinliyində deyildir, baxmayaraq ki, onlar heç də az əhəmiyyət kəsb etmir və onların həlli problemlərin bütövlükdə həlli üçün zəruridir.(1)
Məsələ ondadır ki, region dövlətlərinin həyatında ciddi problemlər mənbəyi olan Qarabağ münaqişəsi törədildiyi gündən konkret məqsədlərlə bağlı olmuşdur. Bu gün o problemlər nəinki həll edilməmiş, hətta bir qədər də dərinləşmiş və mürəkkəbləşmişdir. Əvvəlcədən qeyd etmək lazımdır ki, problemin başlıca hərəkətverici qüvvəsi münaqişə tərəflərinin bilavasitə mənafeyinə zidd məsələlərlə bağlılığı az-çox siyasətdən başı çıxanlar üçün çoxdan sirr deyildir. Eyni zamanda Qarabağ problemi region dövlətlərinin, xüsusən Azərbaycanın ümumi problemlərinin ayrılmaz tərkib hissəsidir. Onun dərk edilməsi yalnız həmin problemə ümumi kontekstdən yanaşılması nəticəsində mümkündür.


Müstəqilliyini əldə etdiyi vaxtda müasir dövrə kimi Azərbaycan ictimai həyatın bütün sahələrində əsaslı dəyişikliklərə nail olmuş, həm daxildə, həm də beynəlxalq aləmdə özünü təsdiq edərək, kifayət qədər nüfuzlu və sayılıb-seçilən bir dövlət imicində öz yerini tutmuşdur. Müstəqilliyin ilk illərində ciddi təhlükələrlə üzləşməli olan Azərbaycan Respublikası Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bütün maneələri dəf edərək əsaslı quruculuq işlərini reallaşdıra bilmişdir. Ölkəyə edilən təcavüzün dərinləşməsinin dayandırılmasından tutmuş, daxildə sabitliyin təmin edilməsi, stabil fəaliyyət göstərə bilən hakimiyyətin formalaşdırılması, iqtisadi inkişafın geriləməsinin qarşısının alınması, yeni şəraitdə bu inkişafın genişlənməsi üçün şəraitin təmin edilməsi, vətəndaş qarşıdurmasının aradan qaldırılması, xarici iqtisadi əlaqələrin qurulması, beynəlxalq layihələrin reallaşdırılmağa başlanmasına qədər aparılan işlər əvvəlkindən xeyli fərqli bir Azərbaycanın yaranmasına və dünyada tanınmasına səbəb oldu. Azərbaycan dünyada öz sözü, öz maraqları, öz yerı və əvəzolunmaz xidmətləri olan bir dövlətə çevrilir. Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində əvəzsiz rolu olan Azərbaycan regionun və dünyanın sayılan aktorlarından birinə çevirilir. (2)
Bütün bu məsələlər onun dünyada nüfuzunun artması, səsinin daha aydın eşidilməsi, maraqlarının tanınması ilə yanaşı rəqiblərinin də aktivləşməsinə gətirib çıxarır. Xüsusilə onun ərazilərinin bir hissəsinin işğal olunmasına münasibətdə nümayiş etdirilən qərəzli mövqe, təcavüzkarın hərəkətlərinə göz yumulması, onun açıq-aşkar və ya pərdələnmiş şəkildə müdafiə edilməsi məsələnin mürəkkəbliyindən xəbər verir.
Beynəlxalq qanunlar və hüquq normaları dünyanın müxtəlif yerlərində gedən proseslərə münasibətdə fərqli tətbiq edilir. Son dövrlərdə Ukraynada baş verən hadisələr uzun illərdən bəri daha aşağı templə davam edən təhlükəli bir tendensiyanın yüksək nöqtəsi sayıla bilər. Məsələ həlledici məqama yaxınlaşanda super güclər öz maraqlarını açıq şəkildə ortaya qoyaraq, dünyada hegemonluq iddialarını irəli sürməkdən çəkinmirlər. Dünyanın hər yerində gedən ziddiyyətli proseslərin, çevrilişlərin, hakimiyyət dəyişikliklərinin, lokal müharibələrin, beynəlxalq çəkişmələrin kökündə dünya hegemonluğu uğrunda gedən mübarizə dayanır. Məsələyə bu kontekstdən yanaşanda onun mahiyyəti əsl qiymətini alır. Bu prosesdə hər bir subyektin yeri, oynadığı rolu, missiyası aşkar olur.
Dünya proseslərində açıq şəkildə deyilməyən və gurultulu demokratiya frazeologiyası arxasında pərdələndirilən təkcə haqqında danışılan hegemonluq mübarizəsi və super dövlətlərin həqiqi maraqları deyildir. Dünyada müxtəlif xalqlara, onların qayğı və problemlərinə münasibətdə müşahidə olunan fərq müasir dünya durumunun reallığıdır. Hər şey mövcud dünya durumu və onun çərçivəsində olan real münasibətlərlə müəyyənləşir.
XX əsrin sonlarında dünyanın ən möhtəşəm imperiyalarından biri olan SSRİ-nin dağılması və dünya sosializm düşərgəsinin iflasa uğraması məqamında start götürmüş proseslərdən biri həmin imperiyanın konturlarının qorunub saxlanması, onun köhnə sərhədlərində yeni adda köhnə məzmunlu qurumun yaradılmasına hədəflənmiş proses idi. Dağılan Sovetlər İttifaqının müxtəlif yerlərində cüzi fərqlərlə eyni ssenari əsasında törədilmiş münaqişə ocaqları eyni məqsədə, konkret iradənin reallaşmasına xidmət edir.
Son bir neçə illər ərzində keçmiş sovet respublikaları ərazisində təşəkkül tapmış dövlətlərdə baş verən hadisələr, onlara qarşı edilən təzyiqlər qeyd olunan prosesin – köhnə imperiya ərazilərində yeni qurumun formalaşdırılması prosesinin növbəti mərhələlərinin başlamasından xəbər verir. Postsovet dövlətlərinin oriyentasiyasında müşahidə edilən dramatik gedişlər və onların üzləşdiyi problemlər müasir dünya durumunun başlıca məsələlərindəndir. Müstəqil dövlətlərin öz xarici siyasətlərində fərqli addım atmaq cəhdləri ciddi çaxnaşmalara səbəb olur və dünya nəhənglərinin siyasətində özünü kəskin şəkildə göstərir.(3, s. 38)
Dünyanın müxtəlif yerlərində baş verən milli münaqişələrin hər birində olduğu kimi Cənubi Qafqazdakı münaqişələr də ilk növbədə təzyiq vasitəsi olaraq zaman-zaman qabardılır, daim təsir gücünə malik olmaq üçün gərginlikdə saxlanılır. O cümlədən Azərbaycan-Ermənistan arasında açılmaz bir düyünə çevrilmiş Dağlıq Qarabağ münaqişəsi də öz kökləri ilə ümumdünya qarşıdurmasının bir elementi kimi lazım olan məqamlarda bu və ya digər cəhətdən hərəkətə gətirilir, onun barəsində qıcıqlandırıcı və avantürist ideyalar ortalığa atılır. Hələ bir neçə il bundan əvvəl Balkanlarda Kosova münaqişəsində atılan addımlar, hazırkı dövrdə Ukraynada Krım məsələsinin özünəməxsus şəkildə “həlli” müxtəlif maraqlı qüvvələrin Qarabağ problemini öz maraqlarına uyğun şəkildə həll etmək cəhdlərinin edilməsi ilə nəticələnir. Verilmiş bəyanatlar bir birindən onu edənlərin mənsubiyyətindən asılı olaraq fərqlənir və fərqli effektə hesablanmışdır. (4)
Ermənilər Qarabağı özlərinin yerinə yetirdikləri avantürist “xidmətlərinin” haqqı kimi qəbul etdiklərindən Krım ssenarisinin gedişi onlara məsələni tez müddətdə öz xeyirlərinə həll etmək ümidi verir. Onlar bu problemin onların istədikləri kimi həllinin müşküllüyünü başa düşürlər. Bunu erməni mətbuatının və onlara havadarlıq edənlərin nəşr etdikləri yazılardan da müşahidə etmək olar. Onların bu yolda itkiləri kifayət qədər böyükdür. Faktik olaraq Ermənistana öz xəstə xülyasının və özgə siyasətinin girovuna çevrilməklə ictimai-iqtisadi həyatda itirdiklərini etiraf etmək çətindir. Belə vəziyyətdə onlara öz əhalisinin boş vədlər və yalançı vətənpərvərlik şüarları ilə başını aldatmaqdan başqa bir şey qalmır. Ermənistan əhalisinin bu yalanlara nə vaxta qədər inanacağı və ümid edəcəyi zaman məsələsidir.
Rusiyanın bir sıra siyasi qüvvələri Qarabağ münaqişəsi ilə bağlı etdikləri avantürist bəyanatlar birmənalı qarşılanmır. Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovskinin ənənəvi sərsəm təklifləri ilk baxışda qeyri-ciddi səslənsə də, konkret bir məqsədə istiqamətlənmişdir və Rusiyanın son illərdə aktiv şəkildə yeritdiyi siyasətin əhvali-ruhiyyəsini özündə əks etdirir. Rusiyanın bu problemi bu və ya digər formada həll edərək münaqişəyə son qoyacağı inandırıcı deyildir. Çünki bu münaqişənin xidmət etdiyi məqsədlər hələ çatılmaq məqamından çox uzaqdır. Təsadüfi deyildir ki, konkret məqsədlərə uyğun bir məqamda dondurulmuş Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ondan deyilən məqsəd üçün maksimum istifadə etməyə imkan verir.(5)


Postsovet məkanında törədilmiş regional münaqişə ocaqlarının mahiyyəti, gedişi, həlli perspektivləri, missiyası haqqında danışarkən onların ümumi məqsədə istiqamətləndiyini müşahidə etməmək mümkün deyildir. Düzdür, bu münaqişələr çoxsaylı cəhətlərinə görə, üzərində törədildiyi səbəblərin müxtəlifliyinə görə bir- birindən fərqlənir. Onları birləşdirən ümumi cəhət isə qlobal bir tendensiyanın tərkib hissələri olması və münaqişə tərəflərinin qayğı və problemlərindən daha yüksəkdə dayanan fövqəlməqsədə xidmət etmələridir. Əks halda həmin münaqişələrin qarşıduran tərəflərin özləri formatında danışıqlar əsasında sona çatdırılması çoxdan mümkün olardı.
Tarixdə hadisə və proseslərin tam başlanğıc vəziyyətə qayıtması qeyri-mümkündür. Çoxları mənimlə razılaşar ki, hegemonluq iddiaları və şansları nə qədər böyük olsa da, nə XIX –XX əsr imperiyalarına, və ya yalançı sosialist ideologiyası təsiri altında mövcud olmuş sovetlər ittifaqına qayıtmaq real deyildir. Lakin bu günün reallığı kimi irəli sürülən sosial-iqtisadi, siyasi-hərbi qruplaşmalar və birliklər də çox hallarda nisbətən kiçik dövlətlərin hüquq və maraqlarının məhdudlaşmasına hesablanır. Düzdür, müasir dövrdə inteqrasiyalardan kənarda qalmaq olmaz. Dünyada gedən qloballaşma və bütövləşmə prosesi bu və ya digər dövlətin, milli cəmiyyətin iradəsindən asılı olmayaraq onları fakt qarşısında qoyur. Bu proseslər mütləqdir və ondan özünü təcridə cəhd etmək nəinki mümkün deyildir, həm də zərərlidir. Söhbət burada dövlətlərin, konkret olaraq isə postsovet dövlətlərinin həmin inteqrasiya prosesində sərbəst, milli maraqlara uyğun seçim imkanından, onun bu məsələdə hüquqlarının təmin edilməsindən gedir. Hər hansı regional quruma daxil olunması digər bu tipli qurumlara münasibətdə çərçivələrin və məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur. Onlar isə həmişə konkret dövlətin maraqlarına uyğun gəlməyə də bilər. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi müasir dövdə regional qurumlarda siyasi maraqların iqtisadi maraqları üstələməsi reallıqdır. Belə vəziyyətdə seçim imkanının məhdudlaşdırılması dövlətin özgə maraqların girovuna çevrilməsi təhlükəsini yaradır.
Azərbaycanın bir müstəqil dövlət olaraq müasir dünyada üzləşdiyi çətinliklərdən biri də dini və milli mənsubiyyətə görə dövlətlərə qoyulan ayrı-seçkilikdən qaynaqlanır. Qərb dövlətlərində və onların təmsil olunduğu beynəlxalq təşkilatlarda müsəlman-şərq ölkələrinin problemlərinə münasibət birmənalı deyildir. İkili standartlar praktikası Qərb dövlətlərinin yeritdiyi siyasətin əsl mahiyyətini səciyyələndirən cəhətlərdən biridir.
Postsovet dövlətlərinə münasibətdə beynəlxalq güclərin yeritdiyi siyasət gurultulu şüarlar və qondarma humanist çağırışlar altında aparılan siyasət onları düşünməyə məcbur edir. Onların bu və ya digər sosial-iqtisadi, siyasi-mədəni məkana daxil olub-olmamaq məsələsi üzərində dayanmağı, seçim edərkən bütün amilləri ölçüb-biçməyə sövq edir. Çox hallarda isə belə bir seçim imkanı çox ağır başa gəlir. Müxtəlif xarakterli təzyiqlər vəziyyətin nə qədər mürəkkəb olduğunu nümayiş etdirir.
Müstəqilliyi qazanmaq çətin bir işdir. Lakin bu müstəqilliyin qorunub saxlanması, müstəqil dövlətin özünü təsdiq edərək təhlükəsizliyini təmin etməsi bundan qat-qat çətin məsələdir. Bu problemlərin uğurla həll edilməsi və bu yeni müstəqil dövlətlərdə beynəlxalq hüquq normalarına uyğun münasibətlər sistemini qurmaq, hüquqlarının təmin edilməsinə nail olmaq üçün dünyada bu normalara hər yerdə hörmət edilməsi tələb olunur. Yalnız bütün dünyanın səyi ilə hamı üçün qəbul edilə bilən ümumdünya münasibətlər sisteminin formalaşmasına nail olmaq mümkündür. Cənubi Qafqazda ədalətin bərpasının başlıca şərti təcavüzkarın cilovlanması və onun hər gün törətdiyi cinayətlərin qarşısının alınmasıdır. Nə qədər ki, dünya Ermənistanın şıltaqlıqlarına dözür, ona bu və ya digər formada dəstək verir, problemin ədalətli həllindən söhbət gedə bilməz.

 

QEYDLƏR:

1. http://ref.rushkolnik.ru/v3276/
2. http://president.az/articles/10799
3. Александр Рондели . Южный Кавказ и Россия //.журн.«Вестник Европы» 2002, №7-8.
4. http://www.yerkramas.org/2014/04/27/belkovskij-posle-kryma-putin-priznaet-nagornyj-karabax/
5. http://ia-centr.ru/expert/18022/




Müəllifin digər yazıları

  1. YENİDƏNQURMA DÖVRÜNDƏ SSRİ-də ALKOQOLİZMƏ QARŞI MÜBARİZƏ VƏ ONUN NƏTİCƏLƏRİ HAQQINDA
  2. Qarabağ münaqişəsinin nizamlanmasının başlıca maneələrindən biri mövcud status-kvodur
  3. AZƏRBAYCANLI “ZİYALININ” ERMƏNİSAYAĞI GEDİŞLƏRİ
  4. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik tarixində
  5. Ermənistanda dəyişikliklər nə vəd edir?
  6. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən
  7. 2017-ci il: gözləntilər və nəticələr
  8. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  9. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  10. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  11. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  12. AZƏRBAYCAN RESPUBLİKASI 25
  13. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  14. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  15. Qarabağ problemi son hadisələr işığında
  16. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  17. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  18. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  19. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  20. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  21. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  22. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  23. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  24. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  25. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  26. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  27. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  28. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  29. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  30. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  31. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  32. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9041 san