09:28 21 Avqust 2017
611 dəfə oxunub
Çap versiyası
...

 Almaniyanın “Borsdorf Winterwork” nəşriyyatında Məmməd Səid Ordubadinin “İki çocuğun Avropa səyahəti” adlı əsəri alman dilində işıq üzü görüb.

Kitaba akademik İsa Həbibbəyli “Məmməd Səid Ordubadi və «İki çocuğun Avropa səyahəti» əsəri” adlı ön söz yazmış, Avropa oxucusuna M.S.Ordubadinin həyat və yaradıcılığı, habelə “İki çocuğun Avropa səyahəti» əsəri haqqında müfəssəl məlumat vermişdir.

«İki çocuğun Avropa səyahəti» əsəri ilk dəfə 1907-1908-ci illərdə Bakıda nəşr edilən «Tazə həyat» qəzetində əski əlifba ilə hissə-hissə çap olunmuşdur.             94 günlük səyahəti canlandıran əsər on məktubdan ibarət olub, “Şərq-Qərb müqayisəsi yolu ilə milli oyanışa və dirçəlişə çağırış motivi”ni əks etdirir. Qərb həyat tərzini təsvir edən bu əsər mövzu, süjet və kompozisiyası etibarilə məktub-romandır. «Tərəqqi yoluna çox cəsarətlə addım atmış Almaniya”dan, “ticarətdə dünyaya güzgü misalı olan Belçika”dan, «dünyamızın bir ümumi mədrəsəsi» olan Parisdən, “dünya içində bir dünya olan Avstriya”dan və “Avropa şəhərləri səviyyəsində inkişaf edən Türkiyə”dən yazılmış məktublarda adları çəkilən ölkələrin iqtisadi, siyasi mənzərəsi, həyat tərzi haqqında ümumi məlumat verilməklə yanaşı, həmin ölkələrin sırf özünəməxsus xüsusiyyətləri də qələmə alınmışdır. Akademik İ.Həbibbəylinin qeyd etdiyi kimi, “Şərq-Qərb müqayisəsinin, Avrasiya düşüncəsinin reallıqlarını da meydana qoyan, Azərbaycan ədəbiyyatına maarifçilik düşüncəsi gətirən”, XX əsrin əvvəllərində Azərbaycan oxucusunda Qərb ölkələrinin inkişaf səviyyəsi barədə gerçək təsəvvürlərin formalaşmasına imkan yaradan” bu əsər “ədəbiyyatda Şərq-Qərb baxışının ordubadnaməsi”dir.

Alman dilində nəşr olunan «İki çocuğun Avropa səyahəti» («Die Reise zweier Jungen nach Europa») kitabı artıq Alman Milli Kitabxanasının biblioqrafiyasında qeydiyyatdan keçirilib. Əsər haqqında ətraflı biblioqrafik məlumatları  http://www.d-nb.de saytında əldə etmək mümkündür.

Əsəri alman dilinə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova tərcümə edib.

Məmməd Səid Ordubadinin alman dilində nəşr olunmuş «İki çocuğun Avropa səyahəti» əsəri Azərbaycan-alman elmi-ədəbi əlaqələrinin daha bir maraqlı səhifəsidir. İnanırıq ki, bu qiymətli nəşr Avropa oxucularının böyük marağına səbəb olacaqdır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sevdiyi qadını öldürmək
14:13 19.09/2017
Sona Vəliyeva - Söz yolu
09:38 08.09/2017
Bir dəstə gül çələngi
09:01 31.08/2017
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2469 san