17:10 13 Sentyabr 2017
340 dəfə oxunub
Çap versiyası
...

Yeni tədris ilinin başlamasına bir neçə gün qalıb. Artıq şagirdlər və valideynlər məktəblə bağlı son hazırlıqlarını edirlər. Amma bu il ilk dəfə məktəbə gedəcək uşaqlar daha həyəcanlıdır. Çünki onlar bu proseslərlə tanış deyillər. Onların həyatında tamamilə yeni bir səhifə açılır və tanış olmadıqları bir mühitin içərisinə qədəm qoyurlar.

Bəzən bu mərhələdə valideynlər uşaqların psixologiyasına uyğun olmayan davranış göstərir, onları lazım olduğundan artıq dərslərlə məşğul etməyə çalışırlar. Hansısa səhvlərini qabardaraq, mütləq düz etmələri barədə danlayırlar. Bəs birinci sinfə gedən uşaqlarla necə davranmaq lazımdır? Onların psixologiyası ilə bağlı hansı məsələlərə diqqət etmək lazımdır?
 
Strategiya.az lent.az-a istinadən xəbər verir ki, bunlarla bağlı danışan pediatr Vaqif Qarayev deyir ki, məktəb açılan kimi uşağı dərslə yükləmək doğru deyil.: "Dərs ili başlayan kimi uşaqdan akademik düzəltməyə çalışmayın. Bir neçə ay məktəbə, mühitə, sinfə, müəllimə, kitab-dəftərə adaptasiya olmağına imkan verin. Yadda saxlamaq lazımdır ki, bütün uşaqların qavrama qabiliyyəti, dərsə həvəsi, diqqət konsentrasiyası eyni cür olmur. Ona görə nə qədər oxuya bilirsə, o qədər oxuyacaq. Dərsə hazırlıq zamanı hər irili-xırdalı səhvə görə uşağın psixikasını zədələmək düzgün deyil. Əksinə, həmişə onları ruhlandırmaq lazımdır".

Həkim bildirir ki, mövsümlə bağlı havalar tez-tez dəyişəcək, ona görə də uşağın çantasında nisbətən qalın geyim olsa yaxşıdır: "Yağışlı, çiskinli hava uşağın ovqatına da pis təsir edir. Ona görə həmin günlər uşaqla daha mehriban davranmaq məsləhətdir.  Əgər uşaq uzun müddət dərsdə olursa, dərsdən sonra mütləq onun istirahətinə fikir verilməlidir. Evə gələn kimi dərs oxutmaq mənasızdır. Hər gün gündüz 2-2,5 saat yatmalı, axşamlar isə saat 21.30-dan gec olmayaraq yatağa girməlidirlər".
 
V.Qarayevin fikrincə, dərsdən sonra uşağı müxtəlif dərnəklərə aparmaq düzgün deyil. Çünki uşaq yorulacaq: "Uşaqların hansısa bir sahəyə real həvəsi hələ 5-6 il sonra yaranacaq. Amma fitri istedadı olan uşaqları mütəxəssisin köməyi ilə uyğun dərnəklərə yönləndirmək olar".
 
Həmçinin uşağın qidalanmasına xüsusi fikir vermək lazımdır. Uşağın məktəbin bufetində satılanları yox, valideynlərin evdə hazırladığı buterbrod və s. kimi yeməkləri yesə, daha məqsədəuyğundur. Qida rasionunda meyvə - tərəvəz bol olmalıdır. Yaxşı olar ki, meyvəni təbii şəkildə (şirə kimi yox) qəbul etsin. O cümlədən gündəlik menyuda ət yeməkləri də olmalıdır.
 
"Çanta problemi dəyişilməz olaraq qalır. Əgər özü daşıyacaqsa, çantanın ağırlığı bədən çəkisinin 9 faizi qədər olmalıdır. Yəni altı yaşlı uşaq üçün çantanın ağırlığı 2-2,5 kiloqram olmalıdır. İlk günlərdən uşağa düzgün oturma vərdişləri aşılanmalı, uşağın gözü ilə dəftər-kitab arasında məsafə təqribən 30 sm olmalıdır. Yoxsa qamətində deformasiya yaranacaq. Bütün bunlara əməl edə bilsək, uşağın həm psixikasını, həm də xəstəliklərə müqavimətini qorumuş olarıq", -deyə V. Qarayev diqqətə çatdırır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5059 san