12:45 18 Sentyabr 2017
396 dəfə oxunub
Çap versiyası
...

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun növbəti illik toplantısında iştirak edib. Polşanın Varşava şəhərində sentyabrın 11-də işinə başlayan toplantı ayın 22-də başa çatacaq. Toplantıya ATƏT üzvü olan 57 dövlətin rəsmi təmsilçilərilə yanaşı bir sıra QHT nümayəndələri, o cümlədən Azərbaycanlı təmsilçilər də qatılıb.

Azər Həsrət Varşavada

Toplantının ilk günü ifadə azadlığı mövzusunda plenar iclasda çıxış edən Azər Həsrət Azərbaycanda media azadlığı, “Turan” Agentliyinin direktoru Mehman Əliyevin və blogger Aleksandr Lapşinin məsələləri haqqında danışıb. Eyni zamanda o, saxta xəbər yayılması, Lapşin məsələsindən ermənilərin sui-istifadə cəhdləri barədə fikirlərini qeyd edib.

Toplantının ikinci günündə təməl hüquqlar müzakirə edilib. Günün birinci yarısındakı plenar iclasda çıxış edən Azər Həsrət QHT-lərin Azərbaycanda fəaliyyəti barədə fikirlərini dilə gətirib. O, ABŞ rəsmi təmsilçisinin Azərbaycanda guya QHT-lərin bank hesablarının həbs edilməsi barədə iddiasına cavab verib. CASCFEN sədri qeyd edib ki, “ABŞ rəsmisi bir il öncə də eyni əsassız fikirləri səsləndirmişdi. İndi də təkrarlayır. Halbuki Azərbaycanda heç bir QHT-nin bank hesabıyla bağlı problem yoxdur”.

Günün ikinci yarısında isə Azər Həsrət seçkilərlə bağlı fikirlərini dilə gətirib. O qeyd edib ki, ATƏT seçki müşahidə missiyasına cəlb etdiyi insanlarla bağlı diqqətli olmalıdır. Azər Həsrət deyib ki, 2015-ci ilin aprelində Qazaxıstanda prezident seçkisini məhz bu missiya çərçivəsində şəxsən müşahidə edib və orada əmin olub ki, Almaniyadan olan tərəfdaşı sadəcə bu ölkənin adətlərini bilmədiyi üçün seçki prosesini mənfi qiymətləndirməyə çalışıb. “Əgər o, Qazaxıstanın adətlərini bilsəydi belə davranmazdı”, – deyə CASCFEN sədri bildirib.

Sentyabrın 13-də keçirilən plenar sessiyada siyasi həyatda bərabər iştirak imkanları müzakirə edilib. CASCFEN sədri burada milli azlıqlar, ATƏT bölgəsində qaradərili insanlara qarşı ayrıseçkilik, Yunanıstanın 150 minlik türk azlığını açıq şəkildə inkar etməsi məsələlərindən danışıb. O, etnik rəngarəngliyin yaxşı örnəyi kimi Qazaxıstan və Qırğızıstanı misal çəkib. Eyni zamanda monoetnik dövlət olan Ermənistanın yaxşı örnək olmadığını, Yunanıstanın da Avropanın ikinci monoetnik dövlətinə çevrilmə cəhdləri etdiyini deyib.

Günün ikinci yarısında keçirilən sessiyada da çıxış edən Azər Həsrət Ermənistanın işğalçılıq siyasəti nəticəsində didərgin düşmüş bir milyonadək Azərbaycanlının öz siyasi hüquqlarından tam istifadə edə bilməməsinə diqqət çəkib. O qeyd edib ki, işğal altındakı bölgələrin insanları pərən-pərən düşdüyü üçün siyasi proseslərdə arzu etdikləri səviyyədə iştirak edə bilmirlər.

ATƏT-in Varşava toplantısının ilk üç günündə iştirak edən Azər Həsrət eyni zamanda ayrı-ayrı ölkələrin rəsmi və QHT nümayəndələrilə görüşlər keçirib, fikir mübadiləsi aparıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-10-2017
19.10.2017 Şəkidə yanğın
18-10-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.464 san