09:05 19 Sentyabr 2017
691 dəfə oxunub
Çap versiyası
...

Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Avropa İttifaqı-Rusiya münasibətləri ilə bağlı sensasiya kimi qəbul edilə biləcək bəyanat verib. O, Moskva ilə Brüsselin geosiyasi əməkdaşlığa məhkum olduqlarını söyləyib. Bunun səbəbini Rusiyanın iki məqamı dərk etməsi ilə əlaqələndirib. Onlardan biri Çinin Rusiyanı supergüc kimi qəbul etməməsi, digəri isə ABŞ-ın yeni administrasiyasının Kremlin ümidlərini doğrultmamasıdır. Nəticədə, Moskva seçim etməlidir. Onun üçün ən yaxşısı isə Avropa ilə yaxınlaşmaq olardı. Məsələnin bu cür qoyuluşu qlobal geosiyasət baxımından maraqlı və düşündürücüdür. Çünki əslində burada Aİ-nin geosiyasi iddiası ortaya qoyulub. Görünür, Aİ əvvəlki kimi ABŞ-la bir yerdə olmağı artıq arzulamır. Bir qədər əvvəl kansler Angela Merkel də ifadə etmişdi ki, Avropa təhlükəsizliyini kənara etibar edə bilməz. Əgər bu xətt davam edirsə, onda alman nazir ciddi siqnal vermiş olur. Qlobal geosiyasətin hazırkı reallıqları prizmasından bu gediş nəyi dəyişə bilər?

Putinin iki səhvi: boşa çıxan ümidlər

AFR-in xarici siyasət idarəsinin başçısı Ziqmar Qabriel sensasiyalı sayıla biləcək bəyanat verib. O, "Stern" nəşrinə verdiyi müsahibədə Rusiyanın xarici siyasət kursunda düzəlişlər etməyə başladığını bildirib. Onun fikrincə, söhbət prinsipial məqamlardan gedir. Bu tezisi əsaslandırmaq üçün Z.Qabriel konkret arqumentlər gətirir. Onların nə dərəcədə reallığı əks etdirdiyni dəqiq demək çox çətindir. Lakin Almaniya kimi böyük bir dövlətin xarici işlər nazirinin fikirləri maraqlıdır. O, cəmi bir neçə tezis irəli sürüb.

Alman nazir jurnalistə deyib ki, "Rusiyanın iki şeyi anladığını hiss edirəm. Vladimir Putin Çinlə bərabərhüquqlu tərəfdaşlığa can atırdı, ancaq onun ümidləri boşa çıxdı. Çinlilər aydın dedilər: yalnız iki supergüc var – onların özləri və amerikalılar. Rusların ikinci ümidi olan ABŞ-la münasibətləri yeni administrasiya dövründə yaxşılaşdırmağa bəslədikləri ümid də... özünü doğrultmadı. Buna görə ruslar ehtiyatla üzlərini Avropaya tərəf çevirirlər" (bax: Глава МИД ФРГ: Россия вновь осторожно поворачивается лицом к Европе / "eadaily.com", 16 avqust 2017).

Sözsüz, Almaniyanın xarici işlər naziri Moskvaya qarşı ciddi fikir bildirir. Çünki o, faktiki olaraq, Kremlin uzun müddətdir yeritdiyi siyasətin reallığı əks etdirmədiyini ifadə edib. Bu, daha çox Rusiyanın özünü supergüc kimi təqdim etməsi ilə əlaqəlidir. Konkret olaraq isə Amerika deyil, Moskvanın strateji tərəfdaş hesab etdiyi Çin rusların yanıldığını göstərməyə çalışdılar. Pekinin beynəlxalq miqyasda atdığı addımlar onu nümayiş etdirdi ki, o, supergüc kimi yalnız ABŞ-ı qəbul edir.

Doğrudan da Pekin bir sıra məqamlarda Rusiyanı ciddi nəzərə almadan Vaşinqtonla münasibətlərinin çərçivəsini müəyyənləşdirməyə çalışır. Pekin bunu çox ehtiyatla və Şərq müdrikliyi ilə reallaşdırır.

Məsələn, Şimali Koreya, kibertəhlükəsizlik, Cənubi Çin dənizi, Mərkəzi Asiya, yeni beynəlxalq bankların yaradılması kimi məsələlərdə Pekin Rusiyanı özünə bərabərhüquqlu tərəfdaş kimi təqdim etmir. O cümlədən "Yeni İpək Yolu" layihəsinin reallaşmasında Çin üçün Rusiya bərabərhüquqlu tərəfdaş deyil. Hətta nəqliyyat xəttinin Rusiyanın ərazisindən keçməsində belə Moskvaya üstünlük verilmir.

Bunlarla yanaşı, Pekin strateji qüvvələrin balanslaşdırılmasında, qlobal təhlükəsizliyin təminində Moskva ilə yaxından əməkdaşlıq edir. Bir sıra mühüm məqamlarda bu əməkdaşlıq Qərbin üstünlüyünü neytrallaşdırmağa yönəlib. Maraqlıdır ki, Rusiya Çinin bu təşəbbüslərinə qarşı demək olar ki, heç nə ortaya qoymur və ya bunu istəmir.

Bunların fonunda ABŞ-ın da Rusiyanı supergüc kimi qəbul etməməsi xüsusi mənzərə yaradır. Belə çıxır ki, Şərqi Avropa və Yaxın Şərqdə əldə etdiyi hərbi-geosiyasi uğurlara baxmayaraq, Amerika və Çin Rusiyanı özlərinə tay hesab etmirlər. Hansı əsaslarla? Bu sualı Z.Qabriel geniş şərh etməyib, onu daha çox təsdiq olunmuş fakt kimi qəbul edir.

Həm də artıq tarixin təkrar olunmayacağına işarə edir. Biz keçən əsrin 70-80-ci illərində amerikan diplomatiyasının SSRİ ilə Çinin arasına girərək, Moskvanı özünə yaxınlaşdıra bilməsini nəzərdə tuturuq. Almaniyanın xarici işlər naziri indi bəyan edir ki, Rusiya ABŞ-la deyil, Avropa ilə yaxınlaşmağa üstünlük verir. Və bunu bir neçə arqumentlə izah etməyə çalışır.

Doğrudur, "Rheinische Post" qəzetinə yazdığı məqalədə alman nazir Avropa-Rusiya münasibətlərinin bir sıra gərgin məqamlarından da bəhs edib. O cümlədən Krımın zəbti və Donbasdakı müharibə Rusiya ilə Avropa arasındakı etimadı dağıtdı (bax: əvvəlki mənbəyə). Buna baxmayaraq, Avropa Rusiyanın addımlarına reaksiya verərkən yalnız qorxuducu üsullardan istifadə etməməlidir.

Həmin məqalədə Z.Qabriel yazır: "XXI əsrdə hərbi münaqişələr Almaniyaya yaxınlaşıb. Beynəlxalq hüquqa zidd olan Krımın zəbti və Ukraynanın şərqindəki vəziyyət etimadı çox güclü zədələdi. Və NATO-nun buna reaksiya verməsi düzgün idi" (bax: əvvəlki mənbəyə).

Taktiki və strateji dəyişiklik: Aİ-Rusiya əməkdaşlığının gələcəyi

Buna baxmayaraq, əgər Avropa qorxutmaq üsulunda davam etsə, gərginlik artacaq. Silahlanmaya nəzarət üzrə birgə səylər lazımdır. Bu həm Avropanın, həm də Rusiyanın xeyrinədir (bax: əvvəlki mənbəyə). Deməli, alman nazirə görə, əsas problem silahlanma ilə bağlıdır. Bu prosesin qarşısını almaq mümkün olsa, müsbətə doğru dəyişiklik etmək olar. Yəni Avropa Rusiyanı qorxutmaq, silahla çəkindirmək, güc tətbiqi ilə hədələmək əvəzinə, gərginliyi və qarşıdurmanı azalda biləcək silahsızlaşmanı həyata keçirməlidir.

Belə başa düşülür ki, Avropa İttifaqında artıq Amerika ilə Rusiya arasında silahlanma yarışının şiddətlənməsindən narahatdırlar. Bunun iki tərəfi var. Birincisi, Aİ onlardan geri qalmamaq üçün silahlanmaya külli miqdarda vəsait xərcləməli və müvafiq müdafiə infrastrukturu yaratmalıdır. Bu isə hazırkı maliyyə böhranı şəraitində böyük xərclər deməkdir. İkincisi, Almaniya Aİ sərhədləri yaxınlığında silahlı münaqişənin olmasını arzulamır. Bu, gec və ya tez ixtilafların onun ərazisinə keçməsinə səbəb ola bilər. Nə qədər ki, silahlı toqquşma var, onun yayılması ehtimalı da yüksək olacaq.

Həmin kontekstdə Almaniya üçün əhəmiyyətli olan məsələ – Ronald Reyqanla Mixail Qorbaçov arasında imzalanmış orta və kiçik mənzilli raketlərin ləğv edilməsi ilə bağlı müqavilənin təhlükə altına düşməsi narahatlıq doğurur. Ziqmar Qabrielin yazdığına görə, Rusiya sübut etməlidir ki, bu müqaviləni pozmur. Lakin Rusiya Avropadakı qeyri-strateji nüvə silahları ehtiyatını artırır.

Amerikalılar isə strateji sabitlik haqqında dialoqa getməli və "silahlara mövcud nəzarət arxitekturasını xilas etmək üçün mümkün olan hər bir şeyi etməlidirlər" (bax: əvvəlki mənbəyə).

Bunlardan aydın görünür ki, Almaniyanı Aİ-nin böyük dövlətlərindən biri kimi ABŞ-Rusiya qarşıdurmasında başlıca olaraq silahlanma problemi narahat edir. Bunun fonunda münaqişələrin Avropa sərhədlərinə yaxınlaşmasını təhlükəli sayır. Bəs bunların Çin-Rusiya, yaxud ABŞ-Çin münasibətlərinə nə aidiyyəti var? Görünür, burada Almaniya Rusiyaya siqnal verir ki, əsas tərəfdaş Aİ-dir. Yaranmış çətin vəziyyətdən məhz Avropa ilə birgə çıxış yolu tapmaq mümkündür. Nə Amerika, nə Çin! Ancaq Avropa!

Belə bir təklifin meydana gəlməsinin arxasında təhlükəli bir məqam dayanır. Avropa İttifaqı həm yeni silahlanma yarışının başlanmasından, həm də ABŞ-Rusiya-Çin üçbucağında gərginliyin artmasından narahatdır. Bu prosesdə çətinliyə düşən tərəflərdən biri də Rusiyadır. Bu səbəbdən Almaniyanın xarici işlər naziri Aİ-Rusiya yaxınlaşmasının bütövlükdə qlobal geosiyasətdəki əsas gərginliyi aradan qaldıracağına inanır.

Təbii ki, bütün bunlar müəyyən məntiqə dayanır. Lakin məsələnin başqa bir tərəfini də nəzərdən qaçırmaq olmaz. Məsələ ondan ibarətdir ki, hazırda dünyada qüvvələr nisbəti sürətlə dəyişir. Və bu prosesdə yalnız Rusiya, ABŞ və Çin iştirak etmir. Hindistan, Braziliya, Türkiyə, Meksika, Böyük Britaniya, Fransa və Almaniyanın hər biri özlüyündə söz sahibidirlər. Bunları nəzərə almadan çoxqütblü dünyadan bəhs etməyin mənası yoxdur.

Deməli, hansısa dövləti deyil, beynəlxalq hüququ təmin edən beynəlxalq təşkilatları, ilk növbədə BMT-ni əsas götürmək lazımdır. Təəssüfedicidir ki, bu barədə danışan yoxdur. Görünür, siyasətçilər özləri beynəlxalq təşkilatlara inanmayıb daha çox güc tətbiqindən, hədələrdən bəhs edirlər. Bunun dünya üçün müsbət nəticə verə biləcəyini düşünmək çətindir.

Newtimes.az


Şərh yaz




Enter Code*:

Son xəbərlər
NİZAMİ, QABİL BURDADI?
09:32 18.12/2017
 
Xəbər başlıqları
18-12-2017
18.12.2017 Neft bahalaşıb
17-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3326 san