09:34 19 Sentyabr 2017
722 dəfə oxunub
Çap versiyası
...

 

 

“Hər bir şəhid bizim üçün böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim yaşayacaqdır”.

 

Heydər Əliyev, Azərbaycan xalqının Milli Lideri

 

Azərbaycan tarixinin şanlı səhifələrindən biri də Vətənimizin şəhidlik zirvəsinə yüksələn qeyrətli oğul və qızlarının müqəddəs torpaqlarımız uğrunda savaş meydanlarında göstərdikləri qəhrəmanlıq nümunələridir.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda keçdiyi döyüş yolu məhz belə nümunələrlə zəngindir. Gələcəyimiz olan gənc nəslə örnək olan belə qəhrəmanlarımızdan biri də Daxili Qoşunların şəhid hərbi qulluqçusu əsgər Xalid Quliyevdir.

 

Xalid Hüseynxan oğlu Quliyev 1962-cı il sentyabr ayının 9-da Bakı şəhərində anadan olub. Atası Hüseynxan kişinin və Aynişan ananın halal zəhmətlə böyüdüb tərbiyə etdiyi 4 övladdan (Xalid, Faiq, Vaqif və Elxan) biri, eyni zamanda ailənin ilk nübarı və sevimlisi idi Xalid. Orta təhsilini Bakı şəhəri, Nizami rayonunda yerləşən 62 saylı orta məktəbdə (hazırda məktəb-lisey - A.Ə.) alıb.

Orta təhsilini başa vurduqdan sonra Xalid Nizami Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılb. Sovet Sosialist Respublikaları İttifaqının Almaniyada dislokasiya olunmuş hərbi hissələrinin birində iki il müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini bitirdikdən sonra, doğma Vətənə qayıdan Xalid, sənədlərini Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti - A.Ə.) verir və qəbul olunur. Hələ institutun sonuncu kursunda oxuyarkən, bilik və bacarığına görə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təcrübə-sınaq zavodunda əvvəlcə baş mühəndis, ali təhsilini başa vurduqdan sonra isə baş direktor vəzifəsinə irəli çəkilir.

Torpaqlarımız erməni daşnakları tərəfindən işğala məruz qaldığı bir dövrdə isə X.Quliyev doğma Vətəninin müdafiəsində iştirak etmək və düşmənə layiq olduğu dərsi vermək üçün könüllü olaraq ordu sıralarına yazılır. Əvvəlcə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin, bir müddət sonra isə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının tərkibində Ağdam və Ağdərə rayonları ərazisində, xüsusən də Aranzəminli, Pircamal, Naxçıvanik (indiki Naxçıvanlı - A.Ə.), Şelli və Manikli kəndlərinin erməni faşistlərindən azad olunması, eləcə də müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında fəal iştirak edərək, düşmənin başına od-alov yağdırır.

10 iyul 1992-ci il. Ağdərə rayonunun Manikli kəndi ətrafında döyüş tapşırığını yerinə yetirib qayıdarkən əsgər Xalid Quliyevin idarə etdiyi BRDM (zirehli kəşfiyyat desant maşını - A.Ə.) düşmənin basdırdığı tank əleyhinə minaya toxunur. Nəticədə Xalid Quliyev, eləcə də BRDM-də olan digər şəxsi heyətdən - gizir İltifat Hacıyev, əsgərlərdən isə Çingiz Namazov, Eyvaz Məmmədov (2001-ci ildə vəfat edib - A.Ə.) və Volodya adlı döyüşçü ağır yaralanır. Yaralı döyüşçüləri Ağdamda yerləşən hərbi hospitala çatdırırlar. Lakin Xalidin yarası ağır olduğundan, bir müddət sonra gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəlir... İyulun 17-də isə qəhrəman döyüşçünün

yaxın silahdaşı gizir İ.Hacıyev də həkimlərin cəhdlərinə baxmayaraq, aldığı ağır yaradan əbədiyyətə qovuşur...

Vətənin qəhrəman oğlu X.Quliyev Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Ailəli idi. Bir qız övladı yadigar qalıb. Xalid görkəmli müğənni, Azərbaycan Respublikasının əməkdar artisti Aybəniz Haşımovanın həyat yoldaşı idi. Ali təhsilli iqtisadçı olan qızı Aynişan Quliyeva isə Türkiyə Respublikası Bahçeşehr Universitetinin məzunudur.

Xeyli müddət keçməsinə baxmayaraq, Xalidin döyüşçü dostları onun qəhrəmanlığını bu gün də böyük iftixar hissi ilə qeyd edirlər.

Vaxtilə igid döyüşçü ilə birgə xidmət etmiş polkovnik-leytenant İlqar Yusifovun (Daxili Qoşunların Baş İdarəsinin mənəvi-psixoloji hazırlıq şöbəsində baş zabit), həmçinin, hazırda Daxili Qoşunların veteranları olan Yavər Orucov (ehtiyatda olan polkovnik-leytenant) və Bərdə rayonu, Nəcəfqulubəyli kənd sakini Çingiz Namazovun (Xalidlə birgə BRDM-də olan və ağır yaralanmış hərbi qulluqçu kimi yuxarıda adı qeyd olunub – A.Ə.) onun haqqında qürur hissi ilə söylədikləri fikirlər bunu bir daha təsdiq edir:

“...Xalid Vətənini qəlbən sevən, el-obasına son dərəcə bağlı olan əsl döyüşçü idi... Fikri, xəyalı Vətən idi. Gözündə qorxu hissi qətiyyən yox idi. Xarakter baxımından mərd, cəsarətli və olduqca iradəli bir insan idi. Bununla yanaşı, çox mehriban və xoş xasiyyəti vardı. Bu müsbət xüsusiyyətlərinə görə Xalid bütün kollektiv arasında böyük nüfuz və hörmət qazanmışdı...”.

Aybəniz xanımın mərhum həyat yoldaşının Vətənin ağır günlərində könüllü cəbhəyə yollanması barədə söylədiyi fikirləri bunu bir daha sübut edir: “...O zamanlar ölkəmizdə baş verən hadisələr Vətənimizin hər bir qeyrətli oğlu kimi, Xalidi də bərk narahat edirdi...

Bir gün qapımız döyüldü. Xalid bu vaxt işdə idi. Bir hərbçi gəlmişdi qapıya. Hərbi komissarlıqdan gəldiyini və Xalid Quliyevin bu evdə yaşadığını soruşdu. Qapını açdım. Əlində bir siyahı vardı. Binada yaşayan kişilərin ehtiyat siyahısını tutduqlarını və məndən bu siyahıya imza atmağımı istədi. Səbəbini soruşduqda, Qarabağda vəziyyətin ağır olduğunu və ola bilsin səfərbərlik elan olunaraq hamının cəbhə bölgəsinə göndəriləcəyini bildirdi. Siyahını imzaladım və getdi. Bu xəbərdən sanki yer-göy başıma fırlandı, az qala ürəyim partlasın. Dözə bilməyib xeyli ağladım. Bu vaxt Xalid zəng etmişdi. Səsimdən vəziyyətimin yaxşı olmadığını hiss etdi. Əvvəl bildirmək istəmədim, dedim evə gələrsən danışarıq. Xalid təkid edincə, hadisəni danışdım, o isə: “... mən də deyirəm nə olub” - deyib güldü. Sonra “burada nə var ki? biz də gedərik müharibəyə” - dedi. Mən etiraz etdim və hara gedirsən soruşduqda, Xalidin qətiyyətlə: “Bəyəm biz müharibəyə gedənlərdən artığıq?” – deməsi ilə fikrində qəti olduğunu gördüm...

Bir müddət sonra böyük fərəh hissi ilə hərbi formada evə gəldi. Könüllü olaraq Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinə yazıldığını, sabah Qarabağa gedəcəklərini bildirdi. Beləliklə, Xalid canından çox sevdiyi Vətənin müdafiəsinə yollandı...”.

Aybəniz xanımın həyat yoldaşı şəhid olduqdan sonra yaşadığı ağrılı-acılı günlər barədə yazaraq sosial şəbəkələrdə paylaşdığı və müasir həyatımızda yeni ailə qurmuş gənc analara nümunə olacaq fikirlərini də qeyd etmək istərdim: “...Xalid şəhid olanda mənim cəmi 24 yaşım var idi. Övladımız da bir yaş, səkkiz aylıq idi... Təsəvvür də etməyin nə çəkdiyimi. Əsəblərim pozuldu ağlamaqdan, amma heç kim bilmədi. Evdə satılası heç nəyim qalmamışdı, amma yenə dözürdüm. Heç dərd də etmirdim

bunları. Elə olurdu ki, cörək almağa günlərlə bir manatım olmurdu, amma yenə dözürdüm və heç kimə bir kəlmə belə demirdim. Düşünürdüm ki, her şey yaxşı olacaq. İllər xəstəsi oldum. Yenə dərd etmədim bunu. Günün birində yeganə ümüd yerim - “səsim” də batdı ağlamaqdan. Yenə susdum. Şükür etdim...”.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli Sərəncamı ilə əsgər Quliyev Xalid Hüseynxan oğlu respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə cəsarət və igidlik göstərdiyinə görə “Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif edilmişdir.

Bundan əlavə, ölümündən sonra dövrü mətbuatda Daxili Qoşunların igid döyüşçüsü əsgər Xalid Quliyevin qəhrəmanlığını tərənnüm edən məqalə və şeirlər dərc edilib. Bir vaxtlar təhsil aldığı 62 saylı məktəb-liseyə, həmçinin yaşadığı küçəyə Xalidin adı verilib.

“Xəzər” televiziyasının və “Oskar” Kino Şirkətinin birgə layihəsi olan “Ölümsüzlər” rubrikasında şəhid Xalid Quliyevin həyat və döyüş yoluna həsr olunmuş film çəkilib. Sain Qəhrəmanoğlunun quruluşçu rejissoru olduğu bu filmdə cəsur döyüşçünün anası Aynişan Quliyeva, həyat yoldaşı - əməkdar artist Aybəniz Haşımova, həmçinin silahdaşı olmuş Yavər Orucov qəhrəmanla bağlı təəssüratlarını bölüşüblər. Real faktlar əsasında çəkilən filmdə ən maraqlı məqamlardan biri də ekran əsərində igid döyüşçünün həyat yoldaşı Aybəniz Haşımovanın obrazını məhz Xalid Quliyevin öz qızı Aynişan Quliyevanın canlandırmasıdır. Şəhid silahdaşımızın obrazını isə gənc şair və musiqiçi Tərlan Növrəsli yaradıb.

Bundan əlavə, müxtəlif illərdə dövlət sifarişi əsasında çəkilmiş və şəhid X.Quliyevin doğum günü, eləcə də vəfatının ildönümü ilə əlaqədar Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) tərəfindən, həmçinin, “İctimai”, “Azad Azərbaycan”, “Lider”, “Space” və digər televiziya kanallarında real faktlara əsaslanan, qəhrəmanlıqlarla zəngin döyüş yoluna həsr olunmuş geniş materiallar nümayiş olunmuşdur.

Onu da qeyd edək ki, Daxili Qoşunlar üzrə “1992-1994-сü illərdə gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı”nda X.Quliyevin adı 134-cü sıra nömrəsi ilə 10 iyul 1992-ci il tarixdə gedən döyüşlər zamanı həlak olmuş hərbi qulluqçu kimi qeydə alınmışdır.

Vətənimizin keşiyində mətin dayanaraq, canlarını müqəddəs torpaqlarımız uğrunda qurban verən Xalid Quliyev kimi igid, qəhrəman oğullarımızın şərəfli ömür yolu bugünkü gənc və yeniyetmələrimiz üçün əsl örnəkdir. Onun ömür yolu qısa olsa da, döyüş yolu qəhrəmanlıq nümunələrilə zəngin olmuşdur. Xalid yurdumuza göz dikən neçə-neçə düşmən yaraqlısını məhv etməklə mənfur niyyətlərini gözlərində qoymuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, şəhid olmuş qəhrəmanlarımızın qanı yerdə qalmayacaq: “Biz müharibə və atəşkəs vaxtı itki vermişik, şəhidlərimiz olub. Vətən, torpaq uğrunda həlak olmuş şəhidlərin qarşısında baş əyirik. Onların qanı yerdə qalmayacaq və qalmır, şəhidlər ölmür. Onlar bizim qəlbimizdə əbədi yaşayır!”.

 

Allah şəhidlərimizə rəhmət eləsin!

 

kapitan Anar Əhmədov,

Daxili İşlər Nazirliyinin

Daxili Qoşunlarının zabiti


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-12-2017
18.12.2017 Neft bahalaşıb
17-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3673 san