13:43 20 Sentyabr 2017
347 dəfə oxunub
Çap versiyası
...

Bu gün Qəbələ şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 16-cı iclası keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, tədbirdə MDB üzv dövlətlərin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətlərinin nümayəndələri iştirak ediblər.

İclas iştirakçıları tədbirdən öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

Tədbirin açılış mərasimində çıxış edən DGK sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev iştirakçıları salamlayaraq MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclasının 3-cü dəfə Azərbaycanda keçirilməsinə görə şura rəhbərliyinə təşəkkürünü bildirib. A.Əliyev Azərbaycan gömrük orqanlarının yaradılmasının 5-ci ildönümü münasibətilə keçirilən mərasimdə ulu öndər Heydər Əliyevin gömrük orqanlarının əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirən proqram xarakterli çıxışına toxunaraq bu istiqamətlərdən birinin də qaçaqmalçılığa qarşı mübarizə olduğunu diqqətə çatdırıb.

A.Əliyev tətbiq olunan yeniliklər hesabına gömrük işinin bütün sahələrində olduğu kimi, qaçaqmalçılığa qarşı mübarizə istiqamətində də mühüm nailiyyətlər əldə olunduğunu bildirib.

Komitə sədri gömrük orqanlarının fəaliyyətində hüquq-mühafizə işinin yüksək əhəmiyyətini qeyd edib, həmçinin hüquq-mühafizə sahəsində beynəlxalq əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb. MDB üzv dövlətlərin gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin fəaliyyətini, qarşılıqlı əməkdaşlıq əsasında atılan addımları yüksək qiymətləndirən A.Əliyev səmərəli əməkdaşlığın qaçaqmalçılığa qarşı mübarizə, sərhədlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm nailiyyətlər əldə edilməsinə şərait yaratdığını ifadə edib.

İclasda çıxış edən Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini Anatoliy Serışev iclasın səmərəli keçirilməsi məqsədilə yaradılan şəraitə, diqqət və qayğıya görə Azərbaycan hökumətinə, eləcə də DGK rəhbərliyinə təşəkkürünü bildirib və tədbirin iştirakçı dövlətlərin gömrük xidmətləri arasındakı əlaqələrin daha da gücləndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini A.Serışevin sədrliyi ilə keçirilən iclasin gündəliyinə əsasən, öncə Azərbaycan DGK-nın "Gömrük hüquqpozmaları və qaçaqmalçılığa qarşı mübarizə sahəsində Azərbaycan Gömrük Xidmətinin işinin təşkili" mövzusunda təqdimatı keçirilib.

Sonra iclasda gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə idarələri rəislərinin Qərargah rəhbəri vəzifəsinə namizədin təsdiqlənməsi məsələsinə baxılıb, eləcə də MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 15-ci iclasının qərarlarının və 2017-cü il üçün iş planının icrası barədə Katibliyin məlumatı dinlənilib.

İclasda Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 2020-ci ilədək fəaliyyət strategiyasının işlənməsi, terrorizm və ekstremizmin maliyyələşdirilməsinə qarşı mübarizə məsələsinə Komitənin regional yanaşmasının formalaşdırılması, həmçinin Ümumdünya Gömrük Təşkilatının himayəsi altında Rusiya Federal Gömrük Xidmətinin "Qolkiper" qlobal xüsusi gömrük əməliyyatının keçirilməsi və 2018-ci ildə MDB üzv dövlətlərin gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin qarşılıqlı əlaqələndirilməsinin təşkili məsələləri barədə məlumat verilib.

Bundan başqa, iclasda Qafqaz istiqamətində "şimal marşrutu" üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, gömrük sahəsində hüquqpozmaların aşkar edilməsi, aradan qaldırılması və istintaqının aktual məsələləri, MDB üzv dövlətlərin gömrük xidmətlərinin hüquq-mühafizə orqanlarının əməkdaşları üçün ixtisasın artırılması tədbirlərinin təşkili üzrə planın icrasının ilkin nəticələri və kinoloji xidmət məsələləri üzrə işçi qrupun fəaliyyəti barədə hesabatlar təqdim olunub.

İclasın sonunda Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 2018-ci il üçün iş planının layihəsinin, eləcə də Komitənin gömrük sahəsində iqtisadi cinayətlər və hüquqpozmalara qarşı mübarizə üzrə 2018-2019-cu illər üçün və Ümumdünya Gömrük Təşkilatının hüquq-mühafizə fəaliyyəti ilə bağlı MDB üzv dövlətləri üzrə RILO-Moskva regional əlaqələndirmə qovşağının 2018-ci il üçün iş planlarının qəbul edilməsi barədə məsələlər nəzərdən keçirilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-12-2017
18.12.2017 Neft bahalaşıb
17-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6545 san